ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT - Super User
Super User

Super User

“Ədəbiyyat və incəsənət” portalında Uşaq saatı davam edir. Bu gün sizlərə Klassik uşaq ədəbiyyatından seçmələr sırasından İlyas Tapdığın “Evim var” şeiri təqdim ediləcək.

 

Gülə-gülə Gülnara

Belə dedi İlqara:

Budaqda bir evim var,

Tap görüm evdə kim var?

Divarı taxça-taxça,

 Taxçası boğça-boğça.

Taxçaları tağlıdır,

 Boğçaları bağlıdır,

 Bir çinidir axçası,

Yox qapısı- bacası...

Bir qədər fikirləşdi,

Tapmaq üçün əlləşdi.

İlqar dedi:-Gülnara,

 Bu ev oxşayır nara!

Taxçası boğçalıdır,

Boğçası axçalıdır.

 Taxçasını açmışam,

Boğçasını açmışam.

Baxmışam bacasından,

Yemişəm axçasından

 – Şirini var, turşu var,

Belə deyib atalar:

Ətindən kabab olmaz,

Qanından kasa dolmaz.

 

“Ədəbiyyat və incəsənət”

(21.05.2025)

 

 

Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”

 

Türk Mədəniyyəti və İrsi Fondu ilə “Ədəbiyyat və incəsənət” portalının birgə layihəsində növbəti görüşümüzdə Mövzumuz yenidən ürk dilləridir, onlarda terminoloji birlik və elmi-texniki dilin inkişafıdır.

 

Qloballaşma dövründə elmi və texniki biliklərin sürətli artımı ilə birlikdə bu biliklərin dəqiq və universal şəkildə ifadə olunması məsələsi aktuallaşır. Türk dillərində terminoloji birlik və elmi-texniki dilin inkişafı bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Türk xalqları arasında dil birliyi tarixi və etnik bağlarla möhkəmlənsə də, müasir dövrdə elmi və texniki sahədəki ünsiyyətin daha səmərəli təşkili üçün ortaq terminoloji sistemin qurulması zərurətə çevrilmişdir.

Türk dillərində terminoloji parçalanma və səbəbləri:

Türk dillərinin hər biri öz tarixi inkişaf yolu keçmiş, müxtəlif siyasi və mədəni təsirlərə məruz qalmışdır. Bu səbəbdən müxtəlif türkdilli dövlətlərdə terminoloji sahədə fərqliliklər yaranmışdır. Məsələn, Sovet dövründə Orta Asiya respublikalarında rus dilindən alınma terminlər geniş yayılmış, Türkiyədə isə qərb mənşəli (xüsusən fransız və ingilis) terminlərin adaptasiyası üstünlük təşkil etmişdir. Azərbaycanda isə həm rus, həm də türk təsiri paralel şəkildə müşahidə olunmuşdur.

Ortaq terminoloji bazanın yaradılması təşəbbüsləri:

Son onilliklərdə türkdilli dövlətlər arasında ortaq terminoloji siyasətin qurulması istiqamətində bir sıra təşəbbüslər irəli sürülmüşdür. Türk Dil Qurumu (TDK), Beynəlxalq Türk Akademiyası, TÜRKSOY kimi qurumlar bu sahədə mühüm layihələr həyata keçirmişlər. Ortaq terminoloji lüğətlərin hazırlanması, konfranslar və elmi müzakirələr vasitəsilə termin birliyinə nail olmaq üçün addımlar atılmışdır.

 Əsas çağırışlar:

  • Terminoloji sahədə milli lüğətçilik meyillərinin üstün olması;
  • Texnoloji yeniliklərin çox sürətli olması və onların dərhal terminoloji bazaya inteqrasiyasında çətinliklər;
  • Türkdilli ölkələrdə vahid elmi terminologiya üzrə hüquqi və institusional mexanizmlərin kifayət qədər işləməməsi;
  • Gənc nəslin texniki terminləri ingilis və ya rus dilli mənbələrdən öyrənməsi və yerli terminlərə marağın azalması.

Elmi-texniki dilin inkişafında təhsil və texnologiyanın rolu:

Türkdilli ölkələrdə elmi-texniki dilin inkişafı üçün ilk növbədə milli təhsil sistemlərində texniki fənlərin tədrisi ana dildə həyata keçirilməlidir. Universitetlərdə, tədqiqat institutlarında və elmi nəşrlərdə ana dilində elmi əsərlərin yazılması və dəstəklənməsi, tərcümə fəaliyyəti və lüğətçilik sahəsində layihələr bu baxımdan əhəmiyyətlidir. Eyni zamanda, rəqəmsal texnologiyaların tətbiqi ilə ortaq terminoloji platformalar – onlayn lüğətlər, korpus bazaları və süni intellekt alətləri yaradılmalıdır.

Əməkdaşlıq imkanları və tövsiyələr:

  • Ortak terminoloji bank yaradılmalı və bu bankda yeni elmi-texniki terminlərin uyğun formaları türkdilli ölkələr üzrə uyğunlaşdırılmalıdır;
  • Terminoloji konfranslar mütəmadi keçirilməli, orada alim və mütəxəssislər arasında fikir mübadiləsi təmin olunmalıdır;
  • Türkdilli ölkələrdə vahid texniki tərcümə standartları hazırlanmalı və bu standartlar çərçivəsində elektron nəşrlər, dərsliklər hazırlanmalıdır;
  • Süni intellektə əsaslanan avtomatik tərcümə və termin analizi sistemləri ortaq bazada inkişaf etdirilməlidir.

Türk dillərində terminoloji birlik və elmi-texniki dilin inkişafı yalnız elmi kommunikasiya üçün deyil, həm də mədəni və dil inteqrasiyası üçün mühüm şərtdir. Türkdilli dövlətlərin bu sahədə daha sistemli və koordinasiyalı şəkildə hərəkət etməsi, gələcəkdə texnoloji və elmi müstəqilliyin təminatı baxımından strateji əhəmiyyət daşıyır.

 

“Ədəbiyyat və incəsənət”

(21.05.2025)

 

 

 

 

İmran Verdiyev,

Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

 

Rzayev Tofiq Qafar oğlu (Tofiq Oğuz) 19 yanvar 1945-ci ildə Oğuz (keçmiş Vartaşen) rayonunun Yaqublu kəndində anadan olmuşdur. İlk təhsilini kənddəki natamam orta məktəbdə almışdır. Orta təhsilini isə Padar kənd məktəbində başa vurmuşdur. Uşaqlıqdan idmana sonsuz sevgi bəsləyirdi...

 

1962-ci ildə Sumqayıt Texnologiya Texnikumuna daxil olmuş və buranı uğurla bitirmişdir. 1965 – 1968-ci illərdə Leninqradda (Sank-Peterburqda) hərbi xidmət keçmişdir.

1963-cü ildə sambo üzrə Azərbaycan, 1965-ci ildə isə SSRİ çempionu olmuşdur. Hərbi xidməti başa vurandan sonra Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirmişdir. 1972-1974-cü illərdə Kuybışev şəhərində Politexnik İnstitutda idman müəllimi işləmişdir. Sambo üzrə SSRİ idman ustası olmuşdu.

1974-cü ldə Azərbaycana qayıtmış və Azərbaycan Dövlət Tibb İnstitutu, İnşaat Mühəndisləri İnstitutu və Sumqayıt Texnologiya İnstitutunda baş müəllim işləmişdir. Artıq sambo üzrə Respublika və Beynəlxalq dərəcəli hakim idi.

1987-ci ildə isə doğma kəndi Yaqubluya qayıtmışdı. Bir müddət buradakı Üzümün İlkin Emalı zavodunda işləmiş, 1989-cu ildə Oğuz Rayon İdman Komitəsinə sədr təyin olunmuşdur. Oğuz rayonunda idmanın inkişafında böyük əməyi olmuşdur.

Nankor ermənilərin təcavüzkar fəaliyyətlərinə biganə qala bilməyən T.Rzayev (T.Oğuz) 1989-cu ildə Oğuzdan Qubadlı rayonunun sərhəd kəndlərinin müdafiəsinə yollanan könüllülər dəstəsinə rəhbərlik etmişdi.

20 Yanvar hadisələri zamanı əsl həqiqəti “Azadlıq” radiosu ilə bütün dünyaya çatdıranlardan biri olmuşdur. Qırğından sonra baş verənlərə etiraz edərək Oğuz Rayon İdman Komitəsinin sədri vəzifəsindən istefa etmiş və qalan həyatını torpaqlarımızın erməni işğalçılarından qorunmasına həsr etmişdir.

1991-ci ildə 60 nəfər oğuzlu gənclə birlikdə Şuşanın müdafiəsinə yollanmışdır. Orada könüllülər batalyonunun komandiri təyin olunmuşdur. 1992-ci ilin may ayının 3-də isə briqada komandiri E.Orucov tərəfindən briqadanın qərargah rəisi təyin edilmişdir.

T.Rzayev 7-8 may tarixlərində Şuşada “Zapravka”, “Kolxozstroy”, “Qaraj”, “Tar sexi” ətrafında gedən qanlı döyüşlərin iştirakçılarından olub.

Döyüşçü yoldaşlarının dediyinə görə, ağır yaralı olan Tofiq onların atəş altından

çıxmasına kömək edərkən başından da ağır yara alıbmış. Dostlarını təhlükədən xilas eləsə də, onların təklif və təkidlərinə baxmayaraq özü döyüş meydanını tərk etməmişdi. Araşdırmalar göstərir ki, o, Şuşanın son döyüşçülərindən biri olub, axır nəfəsinə kimi vuruşmuşdur. 

T.Oğuzun dostu və əqidədaşı, bir müddət Oğuz Rayon İcra Hakimiyyətinin Başçısı olmuş V.Davudov sonralar öz qeydlərində yazırdı:

 

“Elə Şuşanın işğal olunması xəbərini alan kimi rəhmətlik İlkin və Qəriblə Yevlağa getdik. Burada olan R.Qazıyevlə görüşmək cəhdimiz baş tutmadı. Bildirdilər ki, əks-hücum əməliyyatı hazırlandığından görüşməyə vaxt yoxdu. Şuşa istiqamətində getmək qərarına gəldik.

Qubadlıdan keçərək Laçına qədər getdik.Yol boyu hərəkət etməkdə olan silahlı döyüşçülərlə dolu avtomaşınlarla qarşılaşırdıq. Laçında bir neçə oğuzlu döyüşçü ilə qarşılaşdıq. Aldığımız məlumat üzücü idi. Tofiq bəyin son döyüş yeri Şuşada “kolxozstroy” və “tar sexi” adlı yerlər olub. Yanında Qax rayonundan olan iki polos işçisi  və Hindarxı kəndindən Mubariz adlı döyüşçü olub. Tofiqə buranı tərk etməyi təklif etsələr də, o qalıb döyüşərək ermənilərin qarşısını kəsəcəyini bildirib. Döyüşçü yoldaşlarının uzaqlaşmasını əmr edib və onların salamat çıxmaqlarını təmin edib.  Tofiq bəyin Şuşada qaldığını dəqiqləşdirdikdən sonra geri qayıtdıq.

Elə səhəri günü Fikrət bəylə Qaxa getdik. Polisləri tapıb hadisə ilə ətraflı tanış olduq... Növbəti gün Ağcabədiyə, Hindarx kəndinə yollandıq. Mübarizlə görüşüb bir daha baş verənləri dəqiqləşdirdik... Durumla heç cür barışa, sakitləşə bilmirdim. Ən yaxın dostumun, əqidədaşımın itkisini ağlıma belə sığışdıra bilmirdim. O əsil cəngavər idi. Elə adamlar necə məhv ola bilər, deyə düşünürdüm.

Ağdama gəldik. Rəhmətlik Allahverdi Bağırovla görüşdük. Ermənilərlə əlaqə saxlayıb nəyin bahasına olursa-olsun Tofiq bəyin öldüsü-qaldısı haqqında məlumat almağını və bu iş üçün hər şeyə hazır olduğumuzu bildirdim. Təəsüf ki, bir neçə gündən sonra Allahverdi bəy bildirdi ki, bütün cəhdləri boşa çıxıb, Tofiq bəy haqqında heç bir məlumat əldə edə bilməyib...

Tofiq bəyi sonrakı dönəmdə də çox axtardım... Məlum olduğu kimi,  hadisələrə qədər Oğuzda da  ermənilər yaşayıb. Onlar oğuzlularla xeyir, şər qonşuları olublar.

Qəşəm kişi də onlarla qonşu olanlardan biri idi. Onunla görüşdüm. Xahiş etdim ki, Sadaxlıya (Gürcüstan) gedərək, keçmiş Oğuz ermənilərindən biri ilə görüşsün. Ona tapşırsın ki, Ermənistanı başdan-başa gəzərək əsirlərlə görüşsün,Tofiq bəyi axtarsın. Qəşəm kişi Sadaxlıya gedib-gəldikdən sonra bildirdi ki, o Sadaxlıda köhnə erməni qonşusuyla görüşə bilib. Fikrini açıqlayıb. Erməni bildirib ki, o, can-başla bu işi görə bilər. Lakin bunun üçün benzin və bir qədər pul lazımdı... Tələb olunanları təmin etdik. Bir neçə ay keçdikdən sonra Qəşəm kişi bizimlə bir daha görüşdü. Bildirdi ki, erməninin dediyinə görə, o hər şeyi etsə də, Tofiq bəy haqqında heç bir məlumat əldə edə bilməyib...

Sağdırsa, Allah yolunu, qapısını açsın; həlak olubsa, Allahdan rəhmət diləyək. O, əsil cəngavər və vətən fədaisi idi...”. 

 

Təəssüf ki, biz hələ də Tofiq Oğuzun son taleyi haqqında heç nə bilmirik. Amma inanırıq ki, onun ruhu şaddır, çünki uğrunda şəhid olduğu Şuşa azaddır.

Həm də oğlanları Polad və Qafar 44 günlük Vətən müharibəsində igidlik göstərərək atalarının qisasını erməni işğalçılarından artıqlaması ilə alıblar. Atalarına layiq övlad olduqlarını sübut ediblər.

T.Oğuzun böyük oğlu P.Rzayev Xüsusi Təyinatlı Qüvvələrin mayoru, Cəbrayıla ilk qələbə bayrağını sançanlardan biri olmudur. “Azərbaycan bayrağı” ordenli P.Rzayev həm də “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına” görə medalları ilə təltif olunmuşdur.

Şuşanın son müdafiəçilərindən olan Tofiq Oğuzun ikinci oğlu Qafar Rzayev isə göstərdiyi qəhrəmanlıqlara görə “Qubadlının azad olunmasına görə” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunub.

Tofiq bəyin son taleyi haqqında məlumatın olmaması bu gün də onun əzizlərinin və bütün onu tanıyanların gözünü intizarda qoymaqdadı. 

 

“Ədəbiyyat və incəsənət”

(21.05.2025)

 

 

 

Çərşənbə, 21 May 2025 08:31

Könlü Vətən arzular, Aşıq Talıbın

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Yağılarda qalmış yurd yerimiz – Qərbi Azərbaycan çox sayda el sənətkarları yetişdirib. Onlardan biri də Aşıq Talıb olub.

 

Aşıq Talıb 1877-ci ildə Ağkilsə kəndində anadan olmuş, aşıqlıq sənətini atasından öyrənmişdir. İlin yaz-yay aylarında əkinçilik etmiş, payız-qış aylarında isə xalqımızın toylarında, el şənliklərində sazlı-sözlü söhbətləri ilə şərəfli ömür yolu keçmişdir.

Klassik və müasir aşıq sənətini mükəmməl bilən Aşıq Talıb Göyçə sənətkarlarının, xüsusən atası Aşıq Ələsgərin irsinin sinədəftəri kimi aşıqlar arasında böyük nüfuza malik olmuşdur.

 

Yaşadığı, ömür sürdüyü mühitin təsiri onu ustad aşıq zirvəsinə qaldırmışdır. XX yüzillik Göyçə aşıqlığının saz-söz aləmindəki sənət uğurları birbaşa Aşıq Talıbın iştirakı və ya onun xeyir-duası ilə qazanılmışdır.

Aşıq Talıb 1979-cu ilin 21 mayında 102 yaşında Ağkilsə kəndində vəfat etmişdir.

"Könlüm Vətən arzular" kitabının müəllifidir.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(21.05.2025)

 

 

 

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi şair İstanbulda yaşayan Oğuz Məhəmmədikiyadır.

 

 

Oğuz Məhəmmədikiya

İstanbul

 

3.

Sormuşdum bir gecə dəlidən :

“Quş uça bilməzsə kim ağlar?” - deyə.

 

“Mən” - demişdi.

 

“Mən”-dən aldığım həyəcanı paylaşdım.

 

Əlimdən əlimə

Əlimdən əlimə

Əlimdən əlimə.

 

Uçdu, aldı əlimdən həyəcanı quş

Dəlinin çiyninə qondu.

 

4.

İndi bağrıma basdığım yalqızlığı

Gövdəmdə qan içirdib

Sudan keçirdib, qusduracağam ilin ilk gününə.

 

Gün sayacaqdır əynimdəki sənsizlik

Bahardan da keçəcəkdir

Biləyimə dolaşacaqdır

Kəsəcəkdir,

Biçəcəkdir də...

 

Nə isə!

Səni unutmaq üçün əlverişlidir həyat.

 

Uzun sözün enindəyəm

Maviliyi itən səmanın dərinliyində.

 

Məni qarnı tox quşlardan soruşma gözəlim

Armatur dəmirlərin betonlarda güclü duruşundan soruş

Xiyabanlardakı qanla çiçək qoxulu buruq küçələrdən...

Belində şəkər torbasıyla divlərin artığını yığan sərçələrdən soruş...

 

Apartmanın zibil qabına düşən ay,

Artıq gecə qoxumur

Mən isə hər gecə itlərin boğuşmasında

Zibil maşınından sonra

Qapının önündə ayın inxifazını izləyirəm...

 

Gecədir indi

Qapımın önündə duran

Sümükləri dərisini kəsən itə

Çörəyimi bölmək saatıdır...

 

Ağlaram bu saatlar

Boğularam bu saatlar.

 

Ancaq qayıtmalıyam evimdə yaratdığım

Yapay cənnətə

Qayıtmalıyam ay şəkilini asdığım

Divarlara dalmağa

Qonşunun sevişmə səsini

Duyduğum otağa.

 

Televizorda mikrofona tüpürən biri var

Ağzındakı qan dodağındakı gülücüyü.

Təhdid edən birisi

Ölkəmə marş ulayan

Ayımın üzlüsü.

 

Pəncərəmdə yalvaran günəş

Önümdə soyumuş çay

Böyük partlayışın reklamı keçir

Romantik filmin arasından.

 

Miladdan öncə

“Qadını neçə saatda bir qullandılar”

Bəlgəsəli.

 

“Kişilərin harasını öpsən qumabarsı

Açılar” verilişi.

 

Hə!

Səni unutmaq üçün əlverişlidir həyat...

 

Mən səni unutmadım gözəlim

Diazepama tapşırdım adını

Və bu şeir

Səni düşünmədən öncəki

Yaşanmışlıqdır.

 

Mən səni unutmadım gözəlim...

 

“Ədəbiyyat və incəsənət”

(21.05.2025)

 

 

“Ədəbiyyat və incəsənət” portalına Türk Mədəniyyəti və İrsi Fondunundan verilən məlumata görə, 17 may 2025-ci il tarixində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Azərbaycanın Xalq şairi Bəxtiyar Vahabzadənin Şəki şəhərində yerləşən ev muzeyini ziyarət edib. 

 

Qeyd edək ki, ziyarət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncamına uyğun olaraq AMEA və Mahmud Kaşğari adına Beynəlxalq Fondun əməkdaşlığı çərçivəsində təşkil olunub, bir sıra silsilə tədbirlər həyata keçirilib.

Muzeyə baxışdan öncə iştirakçılar Bəxtiyar Vahabzadənin şərəfinə ucaldılan abidəni ziyarət edib, önünə gül dəstələri düzüblər və əziz xatirəsini dərin ehtiramla yad ediblər. 

Ziyarət zamanı qonaqlar şairin şəxsi əşyalarının, yaradıcılığına dair əlyazmaların və onun zəngin irsini əks etdirən eksponatların nümayiş olunduğu muzey ekspozisiyası ilə tanış olublar. 

Tədbir çərçivəsində Bəxtiyar Vahabzadənin milli şüurun, dilin və mədəniyyətin qorunması uğrunda mübarizəkar yaradıcılığından danışılıb, onun Türk dünyası mədəniyyətinə töhfələri xüsusi ilə vurğulanıb.

Ziyarət Türk dünyasında ortaq mədəni yaddaşın qorunması və gələcək nəsillərə ötürülməsi baxımından xüsusi simvolik əhəmiyyət daşıyıb.

 

“Ədəbiyyat və incəsənət”

(20.05.2025)

17 May 2025-ci tarixində, Türk Mədəniyyəti və İrsi Fondu (TMİF) və TİKA-nın birgə əməkdaşlığı və Akdeniz Universiteti, Sualtı Arxeologiya Tədqiqat və Tətbiq Mərkəzi və Kəmər Təbliğat Fondu (KETAV) təşkilatçılığı ilə keçirilən 24-cü Beynəlxalq Kəmər Sualtı Günləri çərçivəsində “Türk Dünyasında Sualtı Mədəni Mirasın Qorunması İstiqamətində Xüsusi Panel” baş tutub.

 

“Ədəbiyyat və incəsənət” portalına TMİF-dən verilən məlumata görə, panel TMİF-in prezidenti Aktotı Raimkulovanın açılış nitqinin Fondun layihə rəhbəri Nuri Aksu tərəfindən səsləndirilməsi ilə başlayıb. Prezidentin çıxışında sualtı mədəni irsin qorunmasının Türk dünyasının ortaq tarixi mirasının üzə çıxarılması baxımından mühüm əhəmiyyət daşıdığı vurğulanıb, bu sahədə birgə layihələrin hazırlanmasına dair çağırış səsləndirilib.

Panel proqramı, Fondun layihə rəhbəri Nuri Aksunun moderatoluğu altında, altı ölkənin təqdimatları ilə davam edib:

Azərbaycan Mədəniyyət Nazirliyinin iclasdakı nümayəndəsi Mahir Qəhrəmanov öz çıxışında Azərbaycanda sualtı arxeologiyanın üç dövrü əhatə edən tarixi inkişaf mərhələləri barədə məlumat təqdim edib. Bayıl qalası (Səbayıl qəsri) və Xəzər dənizi sahilindəki mühüm arxeoloji xarabalıqlar üzərində aparılan tədqiqatlardan bəhs olunan təqdimatda 1938-ci ildən bu günə qədər 4000-dən artıq tarixi obyektin müəyyən edildiyi vurğulanıb. Onun sözlərinə görə, 2024-cü ildə Xəzər Arxeoloji Ekspedisiyası tərəfindən Pirallahı və Zirə bölgəsində aparılan tədqiqatlar nəticəsində batmış gəmilər aşkar edilib.

Esik Dövlət Tarix və Mədəniyyət Muzeyi Qoruğunun nümayəndəsi Dosım Zikiriyanın Qazaxıstandakı sualtı irs ilə bağlı çıxışı zamanı Manqıstau bölgəsi, Ketikqala Limanı və Fort-Şevçenko kimi mühüm sualtı mədəni irs sahələri təqdim olunub. Zikiriya, 2020-ci ildə Xəzər dənizində aşkar olunan tarixi neft tankerinin ölkədə sualtı irsə marağı artırdığını qeyd edib. O, həmçinin Sarayşık şəhəri (orta əsrlərə aid) kimi qismən su altında qalmış ərazilərdə aparılan araşdırmalar haqqında da məlumat verib. Təqdimatda Qazaxıstanda mədəni dalğıc turizminin potensialı xüsusi vurğulanıb.

Qırğızıstanın Mədəniyyət, İnformasiya və Gənclər Siyasəti Nazirliyinin mütəxəssisi Aypəri Stanaliyeva öz təqdimatında 2023–2024-cü illərdə İssık Gölünün şimal sahilində aparılan tədqiqatlara toxunub. Stanalieva, Toru-Aygır bölgəsində həyata keçirilən sonar sistemi ilə edilən axtarışlar və dalışlar nəticəsində kərpic tikililər, təndir qalıqları və sənaye komplekslərinin izlərinin aşkar edildiyini qeyd edib. O, həmçinin aparılan araşdırmalarda Son Orta əsrlərə aid keramika nümunələri və heyvan sümüklərinin tapıldığını əlavə edib. Təqdimatda fotoqrammetriya və 3D modelləşdirmə texnikalarının tətbiqi ilə bu tikililərin qorunması və yenidən qurulması məqsədilə rəqəmsal infrastrukturun formalaşdırıldığı vurğulanıb.

Akdeniz Universiteti Sualtı Arxeologiyası Tədqiqat və Tətbiq Mərkəzinin direktoru və 24-cü Beynəlxalq Kəmər Sualtı Günlərinin təşkilatçısı dosent Hakan Öniz öz təqdimatında Uluburun və Gelidonya batıqları kimi beynəlxalq tanınmış arxeoloji kəşflərdən bəhs edərək Türkiyənin sualtı mədəni irsinə dair təcrübəsini iştirakçılarla bölüşüb. Dosent Dr. Öniz Türkiyədə YUNESKO meyarlarına uyğun şəkildə həyata keçirilən sualtı irsin mühafizəsi siyasətləri və tədris proqramları haqqında məlumat verib. O, Türk dünyasından olan iştirakçılara Türkiyənin sualtı irsi sahəsindəki təcrübəsini bölüşməyi təklif edib. Dosent Dr. Öniz bu xüsusi panelin təşkilinə görə Türk Mədəniyyəti və İrsi Fonduna təşəkkürünü bildirib.

Macarıstandakı sualtı irsi üzrə tədqiqatlardan bəhs edən Arpad Muzeyinin nümayəndəsi Dr. Attila Tot, Dunay çayı boyunca aparılan araşdırmalar çərçivəsində Osmanlı dövrünə aid sualtı tikililərin sənədləşdirilməsinə diqqət yetirildiyini bildirib. O, çay yatağında aşkar olunan batmış qalıqları və körpü əsaslarının Türk–Macar ortaq tarixinə işıq saldığını qeyd edib. Dr. Tot, həmçinin tələbələrlə birlikdə həyata keçirilən areal tətbiqləri və rəqəmsal xəritələşdirmə layihələrindən nümunələr təqdim edib.

Özbəkistan Mədəni İrs Agentliyinin nümayəndəsi Baxtiyor Amatov çıxışında Aral gölü və ətraf ərazilərdə yerləşən tarixi məskənlərin dəyişən su səviyyələri nəticəsində necə su altında qaldığından bəhs edərək, burada inkişaf etməkdə olan turizm fəaliyyətləri haqqında məlumat verib. Amatov, bu toplantını təşkil etdiyinə görə Türk Mədəniyyəti və İrsi Fonduna təşəkkürünü bildirərək, bu istiqamətdə həyata keçirilən işlərin və əməkdaşlıqların artaraq davam etməsindən duyduğu məmnuniyyəti və həyəcanı dilə gətirib.

 Xüsusi paneldən sonra Türk dünyasından və beynəlxalq qurumlardan olan mütəxəssislərin iştirakı ilə Türk dünyasında sualtı mədəni irs sahəsində ortaq yanaşmanın formalaşdırılması məqsədilə Dəyirmi Masa keçirilib. İclasın açılışında dosent Hakan Öniz və Nuri Aksu infrastruktur, maliyyələşmə, təhsil və əməkdaşlıq mövzularının əhəmiyyətinə diqqət çəkiblər. İştirakçılar, Türk dünyasında fəaliyyət göstərən müvafiq qurumların Türkiyənin bu sahədəki təcrübəsindən faydalanmaq istədiklərini bildiriblər. Görüş zamanı Türkiyənin Gelibolu batıqları kimi mədəni irs obyektlərinin beynəlxalq səviyyədə daha geniş tanıdılmasının vacibliyi, Qırğızıstanda sualtı mədəni irs üzrə mütəxəssis hazırlığının inkişaf etdirilməsi və turizm potensialının gücləndirilməsi, eləcə də Qazaxıstan və Özbəkistanla bu sahədə əməkdaşlıq imkanlarının dəyərləndirilməsi məsələləri müzakirə olunub.

Həmçinin, səyyar sərgilərin və birgə simpoziumların təşkili, CMAS çətiri altında yüksək səviyyəli dalğıc təlimləri, birgə Avropa layihələri, sualtı fotoqrafiya üzrə seminarlar, tələbə və laboratoriya mübadilələri, Türk dövlətlərindəki aidiyyəti qurumlarla sualtı mədəni irs mövzusunda ildə ən azı bir ortaq görüşün keçirilməsi kimi təkliflər irəli sürülüb. 

İştirakçılar sualtı mədəni irsin tanıdılması məqsədilə rəqəmsal məlumat bazasının yaradılmasını və ən yaxşı təcrübə nümunələrinin paylaşılmasını tövsiyə ediblər. Görüş, ortaq mədəni irsin qorunması sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi və birgə fəaliyyət çağırışı ilə başa çatıb. 

İclasda səsləndirilən təkliflər Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən sənədləşdirilərək Türk dünyasındakı qurumlarla paylaşılacaq və bu sahədə təcrübə mübadiləsinin artırılması məqsədilə Türk Dünyası Sualtı İrs Şəbəkəsinin yaradılması təklif olunacaq.

 

"Ədəbiyyat  və incəsənət"

(20.05.2025)

 

“Ədəbiyyat və incəsənət”

(20.05.2025)

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət

 

Azərbaycandan dahi rəssamlar pleadası çıxıb. Bu sırada bir ad da var: Tahir Salahov. Sabah onu hörmətlə anacaq, “Allah rəhmət eləsin” deyəcək, yaratdığı möhtəşəm tablolara göz yetirəcəyik. Axı sabah onun anım günüdür.

 

Tahir Salahov 1928-ci il noyabr ayının 29-da Bakı şəhərində anadan olub. O, 1945-ci ildə Bakı şəhərində orta məktəbi, 1950-ci ildə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbini bitirib, daha sonra V. İ. Muxina adına Leninqrad Ali Rəssamlıq Sənaye Məktəbinə, 1951-ci ildə V.İ.Surikov adına Moskva İncəsənət İnstitutuna daxil olub. 1957-ci ildə V. İ. Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunu rəssam-nəqqaş peşəsi üzrə bitirəndə artıq o, kifayət qədər tanınan rəssam idi.

 

1955-ci ildə "Dalğa" və "Estakada" adlı ilk əsərlərini çəkmiş, ümumittifaq, xarici və respublika sərgilərində, diplom işi olan "Növbədən qayıdanlar" əsəri ilə Oktyabr inqilabının 40 illiyinə həsr olunmuş Ümumittifaq sərgisində iştirak etmişdir. Həmin ildə Tahir Salahov SSRİ Rəssamlıq İttifaqına üzvlüyə qəbul edilmişdir və gənclərin və tələbələrin VI Ümumdünya festivalı çərçivəsində Moskvada keçirilən gənc rəssamların əsərlərinin Beynəlxalq sərgisində iştirak etmişdir.

 

“Səhər eşelonu”, “Rezervuar parkı”, “Neftçi”, “Təmirçilər”,  “Xəzər üzərində”, “Dananın portreti”,  “Xəzərdə səhər”, “Növbədən qayıdanlar”, Bəstəkar Qara Qarayevin portreti”, “Sənə, bəşəriyyət!”, “Abşeron qadınları”, “Roma. Kafe Qreko", “Aqava”, “Monakoda görüş” kimi məşhur əsərlərinin müəllifidir Tahir Salahov.

 

Mükafatları:

- "Əməkdə fərqlənməyə görə" medalı

- SSRİ Azərbaycan SSR əməkdar incəsənət xadimi

- SSRİ Azərbaycan SSR xalq rəssamı

- SSRİ "Qırmızı Əmək Bayrağı" ordeni

- SSRİ SSRİ xalq rəssamı

- SSRİ "Oktyabr inqilabı" ordeni

- Bolqarıstan I dərəcəli Kirill və Mefodi ordeni

- SSRİ Xalqlar Dostluğu ordeni

- SSRİ Lenin ordeni

- SSRİ "Oraq və Çəkic" medalı

- SSRİ Sosialist Əməyi Qəhrəmanı

- Rusiya III dərəcəli "Vətən qarşısında xidmətlərinə görə" ordeni

- Azərbaycan "İstiqlal" ordeni

- Rusiya II dərəcəli "Vətən qarşısında xidmətlərinə görə" ordeni

- Gürcüstan "Şərəf" ordeni

- Azərbaycan "Heydər Əliyev" ordeni

- Fransa Ədəbiyyat və İncəsənət ordeni (Fransa)

- Rus Pravoslav Kilsəsinin Şöhrət və Şərəf ordeni

- Azərbaycan III dərəcəli "Şöhrət" ordeni (Azərbaycan)

- Fransa Fəxri Legion ordeni

- Fransa İncəsənət və Ədəbiyyat ordeni

- Rusiya "Dostluq" ordeni (Rusiya)

- Azərbaycan 1-ci dərəcəli "Əmək" ordeni

 

Tahir Salahov SSRİ Rəssamlıq Akademiyasının gümüş medalını "Bəstəkar Qara Qarayevin portreti" əsərinə görə, Mirzə Fətəli Axundov adına Azərbaycan SSR -in mükafatını M. Əzizbəyov adına Azərbaycan Dövlət Dram Teatrında qoyulan Şekspirin "Antoni və Kleopatra" tamaşasının tərtibatına görə, SSRİ Dövlət mükafatını "Təmirçilər", "Bəstəkar Qara Qarayevin portreti", "Xəzərdə" əsərlərinə görə, Azərbaycan SSR Dövlət mükafatını "Yeni dəniz" əsərinə görə qazanmışdır.

 

O, həmçinin SSRİ dönəmlərində M. B. Qrekov adına qızıl medala, Sofiya Triennalesində I mükafata, Rusiya Rəssamlıq Akademiyasının qızıl medalına, Rusiya Beynəlxalq humanitar fondunun "MDB ulduz bürcləri" mükafatına, UNESCO-nun Pikasso medalına, Azərbaycan "Qızıl çinar" beynəlxalq mükafatına,

Müstəqil Dövlətlər Birliyinin "Birlik Ulduzları" dövlətlərarası mükafatına, Türk mədəniyyətinin təbliğində xidmətlərinə görə "Vətən övladı" qızıl ordeninə, Rusiya Rusiya Federasiyasının Dövlət mükafatına, A. A. Plastov adına Beynəlxalq mükafata və daha neçə-neçə irili-xırdalı mükafatlara layiq görülmüşdür.

- Azərbaycan Heydər Əliyev mükafatı

 

Tahir Salahovun əsərlərinin bir qismi xalça üzərinə köçürülmüş və 2018-ci ildə Bakıda keçirilən "Ənənələrin izi ilə" adlı sərgidə nümayiş olunmuşdur. Bu işlər xalçaçı rəssam Tariyel Bəşirov tərəfindən 10 il müddətinə hazırlanmışdır. 2018-ci ildə "BBC Four" televiziya kanalında yayımlanan "Sənətsevər bələdçi" (ing. An Art Lovers' Guide) verilişinin aparıcısı Alister Suuk (ing. Alastair Sooke) Tahir Salahovu "Azərbaycanın ən dahi yaşayan rəssamı" adlandırmışdır.

2019-cu ildə İngiltərə modelyeri Lu Dalton (ing. Lou Dalton) Tahir Salahovun əsərlərindən ilhamlanaraq, FW19 kişi geyim kolleksiyasını yaratmışdır. 2021-ci ildə Rusiya Rəssamlıq Akademiyasında "Tahir Salahov medalı" təsis edilmişdir.

 

Dahi rəssam Tahir Salahov 21 may 2021-ci ildə 92 yaşında Almaniyanın Berlin şəhərində müalicə olunduğu ağciyər iltihabından vəfat etmişdir. Bakıda Fəxri Xiyabanda dəfn olunub. Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(20.05.2025)

“Ədəbiyyat və incəsənət” portalının Redaksiya poçtundan paylaşdığı növbəti bədii nümunə Oğuz Rayon Mərkəzi Kitabxanasının informasiya -resurs şöbəsinin müdiri Mehparə Bəkirovadandır. O, “Küləklə yarışanlar” adlı hekayəsini oxucularımıza təqdim edir.

 

Uzun illər öncə kəndimizdə bir qız vardı, at çapmaqda mahir idi. Hər kəs onun çevikliyi və cəsarəti haqqında danışırdı. Adı Kəmalə idi, amma hamı onu Kaman çağırırdı. Xasiyyəti də, hərəkətləri də elə kaman kimiydi. Oğlan işləri görməyi çox sevərdi. Özü də oğlansayağı geyinərdi, başında da həmişə kepkası olardı. Qara saçlarını toplayıb kepkanın altında gizlədərdi. Tez- yez anasının gözündən yayınıb atları əzizləyər, sonra isə qanadlanardı, atla birgə.

Bir gün yenə də kənddən bir atı müvəqqəti "oğurlayıb" qonşu kəndə getmişdi. Qayıdanda asfalt yolun kənarı ilə yavaş- yavaş gəlirdi. Asfaltın üzərində atın ahəngdar ayaq səsləri eşidilirdi. Nə isə, Kaman köhlənin tərkində sakitcə irəliləyir, yolboyu əkilmiş ağacların kölgəsi ilə yeridikcə atın yerişindən zövq alırdı.

Kəndlər arasındakı məsafə beş kilometrə yaxın olardı. Belə yerişlə yarım saata çatardı kəndə, günortaya az qalırdı, yazın son ayı idi.

Elə bu zaman Kamanın bərabərində bir ağ rəngdə “Jiquli” sürətini azaldaraq onunla yanaşı sürməyə başladı. Eyni zamanda maşının yan pəncərəsindən gənc bir oğlan gülümsəyərək möhkəmdən səsləndi:

- Nə deyirsən, sənin qara köhləninlə mənin ağ atım yarışa bilər?

Kaman əvvəlcə bu təklifə nə deyəcəyini bilmədi, sonra isə fikirləşmədən cavab verdi.

- Varam.  

Gənc oğlan şərti kəsdi: 

-Əgər uduzsan, kepkanı alacağam səndən. Udsan, nə istəsən, verəcəyəm. Gedək?

Kaman başını yellədi, bu şəhərli oğlanı yarışda udmaq bir kənd qızı üçün çətin deyildi.

Gəncin səsi sakitliyi pozdu:

— Getdik!

Qız bir anlıq duruxdu, sonra gülümsəyərək atını daha da sürətləndirdi. Həyəcanlı yarış başlayırdı...

Yol boyunca ara-sıra maşınlar keçir, siqnal verirdi. Bu isə yarışın ritmini pozur, hər iki yarışçı üçün əlavə çətinliklər yaradırdı. Yarışmaqla yanaşı, onlar həm də maşınların arasından çevik şəkildə keçməli idilər. Bu maneələr yarışı daha da həyəcanlı və təhlükəli edirdi.

Qara köhlən atın yüyənləri qızın əllərində idi. O, yüyənləri bir az da dartaraq atını sanki sözsüz danışırmış kimi hazırlayırdı. Atın burun pərələri genişlənmiş, ayaqları yeri döyəcləməyə başlamışdı. Qız irəli əyildi, gözlərini qarşıdakı yolun uzaqlığına zillədi. Qarşı tərəfdə isə maşınını paralel sürən gənc oğlan sükanı sıxaraq əzmlə irəliləyirdi.

Yoldakı havaya qalxan toz buludu onların sürətini göstərirdi. Qızın köhləni maşından geri qalmırdı, bəzən hətta onunla yanaşı, bəzən isə bir addım öndə gedirdi. Maşınların yaratdığı səs-küyə, aradakı enişli-yoxuşlu yolların çətinliyinə baxmayaraq, qız özünü itirmir, yarışın ritmini qoruyurdu. Hər kəsin gözü bu qeyri-adi yarışdaydı — bir tərəfdə texnikanın gücü, digər tərəfdə isə qızın cəsarəti və köhlənin vəfası.

Qızın dayısı — kəndin kolxoz sədri idi. Elə həmin vaxt rayon mərkəzindən kəndə qayıdırdı. UAZ markalı maşında irəliləyərkən yolun kənarında at çaparaq irəliləyən birini gördü. Qızın dik oturuşu, atı ustalıqla idarə etməsi, atla bir bədən kimi hərəkət etməsi dayısını heyran qoydu.

Sədr sürücüyə tərəf dönüb təəccüblə dedi:

— Pah, səni! Qızdakı cürətə bax! Gör necə çapır! Elə bil bu atla doğulub...

Maşında sükut yarandı. Dayı baxışlarını yoldan çəkmədən qürurla gülümsədi. Amma nə bu yarışın səbəbindən, nə də qızın nəyə nail olmaq istədiyindən xəbəri vardı...

Amma o bilmədi ki, həmin qız onun bacısı qızı idi — kepka geyinmiş, yel kimi əsən, yüngül və inadcıl...

Qız atın belində qürurla əyləşmişdi. Qara köhlən sanki onun hər fikrini anlayırdı, yüyənin hər toxunuşuna itaət edirdi. Yol boyunca toz qalxır, ayaqlar altında xırda çınqıllar səpələnirdi. Qarşı tərəfdən gələn maşınların səsi yarışın həyəcanını bir az da artırırdı.

Gənc oğlan isə maşın yolu ilə, iddialı və əmin addımlarla irəliləyirdi. Onun dəmir atı da pis deyildi, amma Kamanın köhləni qədər diri və çevik görünmürdü.

İki tərəf uzun bir müddət baş-başa gedirdilər. Yol bəzən daralır, bəzən genişlənirdi. Arada çala-çuxur düşürdü, amma Kaman atının belində sanki yolla bir bədən olmuşdu — nə sağa əyilirdi, nə sola, bir an belə dayanmırdı. Onun əynindəki köynək yellənir, kepkası da bir az yan əyilmişdi.

Yarışın həyəcanı zirvəyə çatmışdı. Qara köhlənin ayaqları yerə dəymədən uçurmuş kimi qaçırdı. Kamanın gözləri irəlidə idi, nəfəsi qaynar, ürəyi yerindən çıxacaqmış kimi döyünürdü.

Qız və oğlan sanki yolda küləklə yarışırdılar. Qara köhlən atın yüyənləri Kamanın əllərində idi, qız göyə baxmadan, yolun hər qarışını hiss edərək çapırdı.

Kamanın qara köhləni sanki qanad açmışdı — qız atı cilovlayır, küləklə birləşərək yol boyunca uçurdu. Oğlan isə maşını az qala sınaqdan keçirirdi, qazı sonuna qədər basmışdı. Hər ikisi kəndə gedən asfalt yolda, biri dördayaqlı, biri dörd təkərli yarışırdılar.

Elə bu zaman sürətin uçuşu, qızın başındakı kepkanı havalandırıb zərblə maşının ön şüşəsinə çırpdı. Oğlan diksindi. Bir anlıq gözləri yol əvəzinə göydə yellənən kepkaya ilişdi. Maşın az qala yolun kənarındakı ağaca dəyəcəkdi.

Kaman dayanmadan çapmağa davam etdi. Qazansın deyə yox, uduzmasın deyə də yox, sadəcə dayanmaq istəmədi. İçində elə bil nə isə sındı, ya da əksinə, möhkəmləndi. Uşaqlığından bu yana ilk dəfə bir şeydən könüllü imtina etdi, amma bu imtina içində qəribə bir qalibiyyət hissi doğurdu.

Amma oğlan özünü ələ aldı, sükanı düzəltdi və daha ehtiyatlı sürdü. Qız isə heç nə olmamış kimi yoluna davam edirdi. Kepkasız qalan qara saçları havada küləklə rəqs edirdi, gözləri isə hədəfə — kəndin girişindəki daş nişanəyə dikilmişdi.

Yolun sonuna yaxınlaşdılar. İkisi də nəfəs almadan son metrləri qət edirdi. Qız atı bir az da sürətləndirdi. Oğlan da əyləci buraxdı. Sonda, hər iki gənc eyni anda kəndin girişindəki nişanənin yanına çatdı. Amma maşın bir burun boyu öndə idi.

Qız atı saxladı. Oğlan maşını. Hər ikisi nəfəs-nəfəsə, toz-torpaq içində bir-birinə baxdı. Heç nə demədilər. Sanki nəticənin əhəmiyyəti yox olmuşdu.

Nəfəs dərirdilər. Sanki bu yarış təkcə sürət deyil, ruhların mübarizəsi idi. Qız atdan endi, oğlan maşından düşdü. Maşının önşüşəsində ilişib qalan kepka yavaşca yerə düşdü.

Oğlan əyilib onu götürdü, Kamana uzatdı. Qız başını yellədi:

— Lazım deyil. Onsuz daha sürətliyəm.

Uzaqdan bir "UAZ" maşını yaxınlaşırdı. Kolxoz sədri — Kamanın dayısı gözlərini qıymış, bu qəribə mənzərəni seyr edirdi. Maşını saxlatdırıb, pəncərədən baxdı. Tanıd bacısı qızını.

— Bu qız... bizim, axı... — dedi sürücüyə pıçıldayaraq. — Gör nə edir?! .

Bir anlıq susdular. Yolun ortasında toz içində dayanmış iki gənc, biri köhlənin yanında, biri təkərlərin.

Oğlan əlini uzatdı:

— Mən Elçin. Yarışı uduzsam da, səni tanıdığıma şadam.

Qız bir anlıq tərəddüd etdi, sonra gülümsədi. Əlini uzatdı: — Kaman. Mənimçün qalib olmaq önəmli deyildi. Sadəcə, küləklə yarışmaq istədim, - deyərək atın üzərinə qalxdı və kəndə doğru çaparaq gözdən itdi.

O isə qızın arxasınca baxaraq düşündü: “bəzən insan uduzmaqla böyüyür, bəzi qələbələr isə bir kepkadan belə yüngüldür.2

Qarşıda isə yalnız kənd yox, yeni bir macəra onları gözləyirdi. Bu təsadüfi yarış, iki gəncin həyat yolunda gözlənilməz bir dönüm nöqtəsinə çevrilirdi...

Hələ bu yarış haqqında çooox danışılacaqdı...

 

“Ədəbiyyat və incəsənət”

(20.05.2025)

 

 

 

 

Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə “Ədəbiyyat və incəsənət” portalının birgə layihəsində bu gün mövzu gənclikdir, türk gəncliyinin ortaq platformalarda birliyi və sosial şəbəkələrdə təbliğat mövzusudur.

 

Türk dünyasının gələcəyi əsasən gənclərin birliyi və aktivliyindən asılıdır. Müasir dövrdə informasiya texnologiyalarının sürətli inkişafı və sosial şəbəkələrin geniş yayılması gənclər arasında milli, mədəni və sosial bağlılığı gücləndirmək üçün yeni imkanlar yaratmışdır. Bu baxımdan, Türk gəncliyinin ortaq platformalarda birləşməsi və sosial şəbəkələrdə həyata keçirilən təbliğat kampaniyaları mühüm əhəmiyyət daşıyır.

 Türk dünyasında gənclər arasında əməkdaşlığı artırmaq üçün müxtəlif ortaq platformalar yaradılıb. Bu platformalar həm fiziki, həm də virtual mühitdə fəaliyyət göstərir. Onların əsas məqsədi gənclərin milli mənsubiyyətini gücləndirmək, ortaq dəyərləri paylaşmaq və birgə layihələr həyata keçirməkdir.

  • Türk Gənclər Birliyi (TGB) kimi qurumlar müxtəlif türkdilli ölkələrdən gəncləri bir araya gətirir. TGB vasitəsilə illik konfranslar, mədəniyyət və idman tədbirləri təşkil olunur.
  • Beynəlxalq Türk AkademiyasıTürk Dil Qurumları ilə birgə həyata keçirilən gənclər proqramları dil və mədəniyyət sahəsində əlaqələri möhkəmləndirir.
  • TürkPA (Türkdilli Ölkələrin Parlament Assambleyası) gənclər üçün xüsusi forumlar və təlimlər təşkil edir.

Sosial şəbəkələr – Facebook, Instagram, Twitter, TikTok və digər platformalar – Türk gəncliyi arasında milli və mədəni şüurun artırılması, ortaq tarix və mədəniyyətin təbliği üçün effektiv vasitədir.

  • Sosial şəbəkələr vasitəsilə gənclər türk dünyasının mühüm hadisələri, uğurları və tarixi şəxsiyyətləri haqqında məlumatları asanlıqla paylaşır.
  • Müxtəlif hashtag kampaniyaları, onlayn aksiyalar və virtual toplantılar gənclərin birlik hissini artırır.
  • Sosial media platformalarında milli-mədəni dəyərlərə əsaslanan video, foto və yazılı materialların paylaşılması geniş auditoriyaya çatır.

 Sosial şəbəkələr həmçinin gənclər üçün təhsil resursları və maarifləndirmə vasitəsi kimi istifadə olunur. Məsələn, türk dillərinin öyrənilməsi, milli tarix və mədəniyyətlə bağlı onlayn dərslər və seminarlar sosial platformalarda aktiv şəkildə təşkil edilir.

  • Onlayn platformalarda keçirilən webinarlar, forumlar və müzakirələr gənclərin milli identifikasiyasını gücləndirir.
  • Virtual mühitdə Türk xalqlarının mədəniyyətlərinin təqdimatı, qarşılıqlı anlaşma və tolerantlıq təbliği artır.

 Bununla belə, sosial şəbəkələrdə təbliğatın effektivliyi müəyyən problemlərlə üzləşir:

  • İnformasiya bolluğu arasında doğru və etibarlı mənbələrin seçilməsi çətin olur.
  • Bəzi hallarda milli və etnik stereotiplərin yayılması, qütbləşmə riski mövcuddur.
  • Texnoloji imkanlar ölkələr arasında fərqli olduğundan, bərabərsizlik yaranır.

Gələcəkdə bu problemlərin aradan qaldırılması üçün ortaq strategiyaların işlənib hazırlanması, gənclər arasında dialoqun genişləndirilməsi vacibdir.

 Türk gəncliyinin ortaq platformalarda birliyi və sosial şəbəkələrdə aparılan təbliğat Türk dünyasının vahidliyi, milli-mədəni dəyərlərin qorunması və inkişafı baxımından böyük önəm daşıyır. Müasir texnologiyaların imkanlarından səmərəli istifadə gənclərin milli şüurunu gücləndirir, onları ortaq məqsədlər ətrafında birləşdirir və gələcəkdə Türk dünyasının birliyinə xidmət edir.

 

“Ədəbiyyat və incəsənət”

(20.05.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.