ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT - Super User
Super User

Super User

Aynur İsmayılova, “Ədəbiyyat və incəsənət”

 

İnsanlıq... Dəyişən çox şey var. Bir o qədər də dəyişməyən. Zaman axır. Yeniliklər artır, şəhərlər böyüyür, texnologiya inkişaf edir. Amma bu axarın içində dəyişməyən duyğular, dəyişməyən ehtiyaclar da var — sevgi, qorxu, ümid, itki, nifrət kimi.

 

Bəzən görünən və gerçək arasında bir boşluq gizlənir. Hər şey görünməyənin arxasında gizlənə bilər. Görüntü hər zaman həqiqəti əks etdirmir. Bəzən sadəcə olmayanın üstünü örtmək üçün yaradılır. İnsan gülümsəyir, ancaq içində fırtınalar qopur. Paylaşılan şəkillərdə görünən xoşbəxt ailə, dost, yoldaş, karyera xoşbəxtliyin təzahürü kimi görünsə də, çox vaxt elə deyil.

Görüntü — bu günün ən böyük aldanışıdır. Çünki onu idarə etmək asandır. Bir şəkil, bir cümlə yetərlidir ki, görünmək istədiyin kimi görünəsən. Lakin həqiqət isə belə deyil. Əsl həqiqət özünlə təkbaşına qaldığında, “mən kiməm?” dediyin anda ortaya çıxandır.

Görünməyənin arxasındakını görmək bəzən insanın özünə belə çətin görünür. Artıq özünü sığdırdığı qəlibin bir parçasına çevirəndə, həqiqət pərdəsini üzünə çəkər. Ancaq unudur ki, üzünə çəkilən pərdə bir gün gözlərini yandıracaq qədər nazikləşə bilər. Və o zaman, istəməsə belə, bu həqiqətlərdən qaçmaq, gizlənmək mümkün olmayacaq.

İnsan nə qədər dəyişsə də, dəyişməyən ehtiyaclarından biridir — görünmək. Hər kəs mükəmməl görüntüyə sahib olmaq istəyir. Hisslərini gizləyərək, içindəki səsi boğaraq “hər şey yaxşıdır” obrazı yaratmağa çalışır. Və bu yolda atılan hər yanlış üçün sonrasında daha çox bədəllər ödəyir.

Bu həyatda heç bir şey mükəmməl olmadı, olmayacaq da.Və bəlkə də, bu natamamlıqlardır bizi insan edən.Yarım qalan şeylərdir bizi birləşdirən, bir-birimizə bağlayan.Çünki insan bir az özünün, bir az da başqasının davamıdır.

Görünməyənin arxasında gizlənən həqiqət səni gözləyir.

 

“Ədəbiyyat və incəsənət”

(22.05.2025)

 

 

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Bu gün Azərbaycanlı aşıq və şair Hacı Göyçəlinin anım günüdür. Hacı Göyçəli 1931-ci ilin iyun ayında Göyçə mahalının Daşkənd kəndinin "Hacı Qurban" yaylağında anadan olub. Hələ uşaq yaşlarından aşıqlığa həvəs göstərən Hacı 1945-ci ildə Daşkəndli Abbasəli Nəzərova şəyird olmuş və bir ildən sonra Bala Məzrəli Aşıq Hüseynin yanında,1947–1950-ci illərdə isə Qannılı Aşıq Mehdınin yanında şəyirdlik etmişdir.

 

1951–1955-ci illərdə Aşıq Hacı sovet ordusunda hərbi xidmətdə olmuşdur. Aşıq Hacı bir neçə şəyirdə aşıqlıq sənətinin sirlərini öyrətmişdir. Qannı kəndindən Balakişi, Qaraqoyunlu kəndindən Aşıq Səlim, Aşağı Şorca kəndindən Aşıq İslam 1968-ci ildən 1978-ci ilədək Aşıq Hacının yanında aşıqlıq sənətinin sirlərinə yiyələnmişdir.

 

1978-ci ildən öz həmkəndlisi Nuriddin İsgəndərovu özünə şəyird götürmüşdür. 1981-ci ildə Nuriddinlə birlikdə televiziyada "Aşıq Alı" dastanını, 1985-ci ildə isə "Şəmkirli Aşıq Hüseyn" dastanını söyləmişlər və hər iki dastanın lent yazısı televiziyanın "Qızıl fonduna" daxil edilmişdir. 1984-cü ildə IV Aşıqlar qurultayına nümayəndə seçilmişdir. 1991-ci ildə Almaniyaya qastrol səfərinə getmiş və Almaniyanın bir sıra şəhərlərində konsertlər vermiş, Azərbaycan folklorunu, Göyçə aşıq məktəbini layiqincə təmsil etmişdir.

 

1992-ci il 24–30-u oktyabrda Türkiyənin Konya şəhərində Ümumtürk aşıqlar müsabiqəsində iştirak etmiş və qızıl medala layiq görülmüşdür. 1988-ci ildə erməni təcavüzünə məruz qalan azərbaycanlılar Qərbi Azərbaycandan, eləcə də Göyçədən vəhşicəsinə sıxışdırılıb çıxarıldığı vaxt Aşıq Hacı da Şəmkir rayonunun Çənlibel kəndində məskunlaşmışdır.

 

“Göyçəli Koroğlu” (film, 2003) filminin çəkilişlərində iştirak etmiş və rollarda aparıcı aşıq kimi çəkilmişdir. Film "Koroğlu dastanı" əsasında çəkilmişdir. Filmdə həmçinin sənədli kadrlardan və aşıq deyimlərindən də istifadə olunmuşdur.  

Aşıq 22 may 2011-ci ildə 79 yaşında Şəmkir rayonunun Çənlibel kəndində vəfat etmişdir.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(22.05.2025)

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS)M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası 158 №-li tam orta məktəbdə Azərbaycanın görkəmli dramaturqu, naşir, publisist Əbdürrəhim bəy Haqverdiyevin 155 illik yubileyinə həsr olunmuş tədbir keçirdi.                                                                                          

 

“Ədəbiyyat və incəsənət” portalına Mərkəzi Kitabxanadan verilən məlumata görə, tədbirdə öncə kitabxananın abonement bölməsinin müdiri Lalə Səlimova yazıçının həyatı, ədəbi yolu, ictimai fəaliyyəti haqqında məlumat verdi. Uşaq şöbəsinin müdiri Sevil Namazova çıxışında bildirdi ki, ədib ilk realist dramaturqlarımızdan biri idi. O, satira və yumor vasitəsilə cəmiyyətin eybəcərliklərini üzə çıxarmağa çalışmışdır, bu da hər zaman oxucunu düşünməyə təşviq edir.                                         

Məktəbin ədəbiyyat müəllimi Xuraman Əliyeva çıxışında yazıçının ədəbiyyata və cəmiyyətə verdiyi töhvələri, onun irsinin bu gün də əhəmiyyətli olduğunu vurğuladı və qeyd etdi ki, bu yubiley münasibətilə keçirilən tədbir təkcə onun irsinə hörmət deyil, həm də gənc nəslin bu dəyərli irsi daha dərindən tanınmasına, ondan ilham almasına zəmin yaradır. Əbdürrəhim bəy Haqverdiyevin zəngin yaradıcılığı gələcək nəsillər üçün hər zaman örnəkdir.                                                                                                        

Tədbirdə iştirak edən müəllimlər Nəzakət Səfərova, Pərzad Vahabova, Şayəstə Məşədiyeva yazıçının yaradıcılığında xalqı maariflənməyə cağırmağından, əsərlərinin bu gün də aktual olmasından danışdılar.                                     

Məktəbin 8-ci və 10-cu sinif şağirdləri Əlisəfa Ziyadlı, İsmət Əliyev, Məhəmməd Nuriyev və b. Əbdürrəhimbəy Haqverdiyevin “Mirzə Səfər” hekayəsinə dair səhnəcik nümayiş etdilər.                                                                                                         

Sonda məktəbin müəllimi Nəzakət Səfərovanın hazırladığı Əbdürrəhim bəy Haqverdiyevin həyat və yaradıcılığına həsr olunmuş videoçarx nümayiş olundu.

 

“Ədəbiyyat və incəsənət”

(22.05.2025)

   

İmran Verdiyev,

Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

O, dünyanın 115 ölkəsində 1 milyondan çox şəkil çəkib. Çəkdiyi fotolar 25 jurnalın üz qabığı olub. Hər bir şəklinin də öz hekayəsi və öz nağılı var. Müxtəlif münaqişə zonalarında – Ruanda, Bosniya, Əfqanıstan, Pakistan, İraq, eləcə də Azərbaycanda çəkdiyi cavaş səhnələri hər kəsdə dərin təəssürat yaradır. Ən təsiredici anı Xocalıdan olan yaşlı qadının şəklini çəkərkən yaşayıb. Faciədən sonra qaça-qaça əllərini göyə açaraq gələn, amma əzizlərinin hamısının həlak olduğunu görən, ah-nalə edən qadının fotosunu çəkərkən. Bütün dünya həmin rəsmə baxaraq məyus olub. Məşhur fotojurnalist bu şəkli Fransa və Amerika da daxil olmaqla dünyanın bir çox ölkələrində sərgiləyib, kitablarına daxil edib. Hətta Avropada buna görə ermənilərlə münaqişələri də olub.

 

1992-ci ildə cəbhə bölgəsində ermənilər üç dəfə ona snayperdən atəş açıblar, güllələrdən biriŞuşa yolunda papağını aparıb, ikincisi qulağını cızıb, digəri isə ayağının arasından keçib. O, 20 yanvar, Xocalı faciəsi də daxil olmaqla, Azərbaycan – Qarabağ həqiqətlərini dünyaya bəyan edən fotojurnalist kimi tanınır.    

Söhbət 26 iyul 1952-ci ildə Təbrizdə azərbaycanlı ailəsində anadan olmuş Reza Deqatidən (və ya Rza Diqqətidən) gedir. 14 yaşından şəkillər çəkməyə başlayan R.Diqqəti Tehran Dövlət Universitetinin memarlıq fakültəsində təhsil alırdı. Lakin fəaliyyətinə görə 22 yaşında həbs olunub, işgəncələrə məruz qalmışdır. Həbsdən çıxdıqdan sonra - 1981-ci ildə özünə qarşı artan təzyiqlər üzündən təhsilini yarımçıq qoyaraq İranı tərk etmişdir. Fransaya getmiş, 1991-ci ildən etibarən Milli Coğrafiya Cəmiyyəti ilə əməkdaşlığa başlamışdır. 1992-ci ildə həyat yoldaşı, yazıçı Reyçel Diqqəti ilə birlikdə Parisdə Webistan Foto Agentliyinin əsasını qoyub.

Biz bu yazıda qısaca olaraq R.Diqqətinin ancaq Azərbaycanla bağlı fəaliyyətinə diqqəti cəlb etmək istərdik.  

National Geografic”, “GEO” və digər dünyaca məşhur jurnalların tanınmış fotoqrafıolan R.Diqqəti Azərbaycan Respublikasına ilk dəfə 1987-ci ildə səfər edib. İki həftə sürən bu səfər “Vətən” cəmiyyətinin sədri, yazıçı Elçin Əfəndiyevin dəvəti ilə baş tutmuşdur. Bu onun Azərbaycanla, Azərbaycan ziyalıları ilə ilk tanışlığı olmuşdu. O, bu səfər zamanı Bəxtiyar Vahabzadə, Fərhad Xəlilov, Anar Rzayev, Fikrət Qoca başqa ziyalılarımızla tanış olmuşdu.

20 Yanvar günlərində də çox çətinliklə Bakıya gəlib çıxan R.Diqqəti soydaşlarının köməyi ilə Bakıda üç gün gizli şəkildə xəstəxana və meyitxanalarda çəkilişlər etmişdir. O, Şəhidlər Xiyabanında şəhidlərin dəfn mərasimində də olmuş və çoxlu fotolar çəkmişdir. Üç gündən sonra Fransaya qayıtmışdır. Həmin günün axşamı isə bütün Fransa televiziya və jurnalları Bakıdan xəbərlər yaymışdılar. R.Diqqəti özü deyir ki, “sonralar bildim ki, o zaman Azərbaycan DTX-sına təzyiqlər olub ki, harada yatmışdınız? “Fransız” gəlib, üç gün  çəkiliş edərək gedib, sizin xəbəriniz olmayıb!”

Onun Azərbaycana növbəti səfəri Xocalı soyqırımından sonra, 1992-ci il fevralın 28-də baş tutmuşdu. Həmin gün Bakıya gələn məşhur fotoqraf azərbaycanlı olduğunu bildirmədən Fransadan gələnlərlə birlikdə Ağdama getmiş, orada Xocalıdan gətirilən meyitlərin, onların ailələrinin fotolarını çəkmişdi. R.Diqqəti “525-ci qəzet”ə müsahibəsində deyir: “...Bu vaxt erməni əsgərlərindən biri cibindən çay qaşığını çıxararaq mənə göstərdi. Soruşdum ki, bunu neynirsən? Cavab verdi ki, biz azərbaycanlıları əsir götürəndə bununla gözlərini çıxarırıq. Mən dünyanın heç bir yerində belə vəhşilik görməmişdim. Həqiqətən bizim meyitləri gətirəndə gördüm ki, gözləri çıxarılıb. Mən həmin fotoları çəkib sərgilərimdə nümayiş etdirdim. Bu, müharibə deyildi, əsil soyqırımı idi. Sonra Şuşaya üz tutdum... Neçə gün orada qaldım. Sonra geri dönüb Parisə getdim. Qarabağ müharibəsi və Xocalı soyqırımı ilə bağlı çəkdiyim bütün fotoları dünyaya yaydım”. ( https://525.az/news/42015-rza-diqqeti-yuz-defe-olub-dirilmisem)

Fotojurnalistin "Günahsızların qırğını" kitabında da 1992-ci ildə ermənilərin  azərbaycanlılara qarşı törətdiyi Xocalı soyqırımı zamanı lentə aldığı görüntülər toplanıb. Sərgi zamanı qonaqlara təqdim olunan bu fotolarda qətlə yetirilən insanların, onların ailə üzvləri və qohumlarının acıları əks olunur. Xocalıdan didərgin düşən sakinləri, onların məskunlaşdığı yaşayış yerlərini, çətin və əziyyətli həyat tərzini əks etdirən fotolar oxuculara faciənin ağrısını çatdırır. Kitabda həmçinin qaçqın və məcburi köçkünlər üçün salınmış şəhərciklərdən, Xocalı soyqırımının dünyada tanınması məqsədilə müxtəlif ölkələrdə keçirilən tədbirlərdən fotolar da yer alıb.

Dünyanın ən məşhur fotojurnalistlərindən sayılan həmvətənimiz Rza Diqqəti  müharibə gedən digər bölgələrdə Tərtər, Ağdam, Zəngilan və Cəbrayılda baş verən hadisələri də fotoobyektivin yaddaşına köçürüb. Fotoaparatının obyektivinə tuşladığı həqiqətləri dünyanın gözləri önünə çıxarıb.

Birinci Qarabağ müharibəsindən sonra da Rza bəy qaçqın və məcburi köçkünlərlə vaxtaşrı görüşərək, onların şəkillərini çəkib. O, Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün Avropa ölkələrində sərgilər təşkil edib, buna görə dəfələrlə ermənilərin hücumuna məruz qalıb. Qarabağda çəkdiyi fotoları Parisdə sərgiləyən Rza Diqqətiyə qarşı Fransa mətbuatında onlarla yazı dərc olunub, özü hədələnib, sərgisi isə erməni hücumuna məruz qalıb. Rza bəy deyir ki, ermənilər “Mənə üç cür təzyiq göstəriblər, haqqımda şər, böhtan xarakterli yazılar yazıblar; fiziki təzyiq göstəriblər, sərgim olanda foto və kitablarımı cırıblar; ən pis təzyiq bir neçə böyük layihələrimin əngəllənməsi iləolub”. (https://teleqraf.az/news/art/301685.html)

O, 1997-ci ildə o, bir neçə ay Azərbaycan Respublikasında yaşayıb, ölkəni gəzərək sadə insanların gündəlik həyatını, məişətini, adət-ənənələrini fotolarda əbədiləşdirib. Sonralar da vaxtaşırı ölkəmizə gələn fotojurnalist eyni zamanda milli rəqslər, konsert, tamaşa, sərgi və digər müxtəlif tədbirlərdən çəkdiyi fotolarla Azərbaycan mədəniyyətinin mənzərəsini yaradıb. Müsahibələrinin birində özü deyir ki,  “Azərbaycanın hər yerini gəzmişəm. Bəlkə də onun ən ucqar kəndlərini mənim qədər heç kim tanımır”.

O, 2013-cü ildə Parisdə "Azərbaycan. Tolerantlıq məkanı" sərgisini təşkil etmişdir. Həmin sərgi sonralar Moskvada, İsrailin müxtəlif şəhərlərində, eləcə də BMT-nin mənzil qərargahında, Avropa Parlamentində nümayiş olunub.

2014-cü ildə "Alovun zərifliyi", "Qara Yanvar", "Dağlıq Qarabağ və Xocalı soyqırımı" hadisələrinə həsr edilmiş "Körpələrin döyülməsi" kitablarını yazmışdır. "Alovun zərifliyi" kitabında müəllifin Azərbaycan Respublikasına səfərləri zamanı çəkdiyi fotolar, Azərbaycanın rayonları, ucqar kəndləri, sadə insanların həyat tərzi, adət-ənənələri və digər məqamlar öz əksini tapıb.

Vətən müharibəsində qələbədən sonra da erməni vəhşiliyini davamlı və peşəkar şəkildə sübut etməkdə davam edən R.Diqqəti İsveçrənin Lozan şəhərində  sərgi və   konfrans təşkil edərək Azərbaycan şəhər və kəndlərinin erməni silahlı qüvvələri tərəfindən darmadağın edilməsini əks etdirən fotoları nümayiş etdirib. Ağdamın fotosunu nümayiş etdirərkən qeyd edib ki, xarici media nümayəndələri bu şəhəri “Qafqazın Xirosiması” adlandırıblar. O, indi də erməni vandalizmini fotofaktlarla ifşa eyməkdə davam edir. Onun Şuşada M.P.Vaqifin məqbərəsinin, Ü.Hacıbıyovun büstünün, Bülbülün ev-muzeyinin, Ağdamda Natavanın məqbərəsinin viran qoyulması, Qubadlıda, Laçında və digər ərazilərdə məscid və qəbiristanlıqların dağıdılması və s. barədə ifşaedici fotoları erməni barbarlığından xəbər verir.

Qələbimizə ən azı bizi qədər sevinən R.Diqqəti MDU-da tələbə və müəllimkollektivi ilə görüşdə demişdi ki, möhtəşəm Qələbənin şahidi olduğu və işğaldan azad edilmiş torpaqları gördüyü üçün özünü şanslı hesabedir və qürur duyur. ADU-nin tələbələri ilə görüşdə isə söyləmişdi: “...Şuşa azad edilən kimi getdim, oraya gedəndə məni sevinc hissi bürüdü ki, əsir şəhərimiz işğaldan azad edilib. Bir yandan da Şuşanın azad edilməsinə inana bilmirdim. Axı, Şuşanın coğrafiyası fərqlidir. Mən dünyada dağ müharibələri görmüşəm, ona görə mənə inanmaq çətin idi ki, Şuşanı müharibə ilə almaq olar. Amma Azərbaycan əsgərləri piyada Cıdır düzünə çıxmışdılar. Qarabağ azad ediləndə tez getdim ki, ermənilərin Qarabağı nə vəziyyətə qoyduğunu çəkim. Dünya görsün ki, ermənilər buraları nə vəziyyətə salıblar. Erməni bilir ki, Qarabağ onun deyil, çünki dünyada heç bir millət öz evini yandırmaz".

Dünya şöhrətli fotoqraf R.Diqqəti indi də tez-tez ölkəmizə gəlir, müxtəlif rəsmi tədbirlərdə, çoxsaylı görüşlərdə iştirak edir, ustad dərsləri keçir. Qarabağda aparılan möhtəşəm quruculuq işlərini, ölkəmizin iqtisadi və mədəni həyatındakı uğurları öz kamerasının yaddaşına köçürməkdə davam edir.

 

Rza Diqqəti bizim pis günlərimizi görüb, indi yaxşı günlərimizin şahidi olur. Çəkdiyi fotolarla tariximizi yazır. Keçmişimizlə gələcəyimiz arasında bağ qurur. Bizim isə onun kimi həmvətənlərə həmişə ehtiyacımız var.

 

“Ədəbiyyat və incəsənət”

(22.05.2025)                 

 

          

 

 

 

 

 

 

“Özbəkistan Respublikası və Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd edilməsi üzrə tədbirlərin Kompleks Proqramı” çərçivəsində Özbəkistan Respublikasının Millətlərarası Münasibətlər və Xaricdəki Soydaşlar Məsələləri Komitəsinin sədri Kaxraman Sariev və Özbəkistan nümayəndə heyəti ölkəmizdə səfərdədir.

 

“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, komitənin dəvəti ilə ölkəmizə gələn qonaqlar Fəxri Xiyabanda görkəmli dövlət xadimi, Ulu Öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı üstünə gül dəstələri düzüblər. Daha sonra ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən, Şəhidlər xiyabanında uyuyan qəhrəman Vətən övladlarının məzarlarını və Azərbaycan xalqının tarixi qalibiyyətinin simvollarından birinə çevrilən Zəfər parkını ziyarət ediblər.

Diasporla İş üzrə Dövlət Komitəsində keçirilən “Azərbaycan və Özbəkistan arasında dostluq əlaqələrinin inkişafında ictimai diplomatiyanın rolu” mövzusunda tədbir hər iki ölkənin Dövlət himnlərinin səsləndiriliməsi ilə başlayıb. Sədr Fuad Muradov çıxışında iki qardaş ölkə və xalq arasındakı tarixi bağlardan danışıb, dövlət başçıları İlham Əliyevin və Şavkat Mirziyoyevin dostluq münasibətlərini xatırladıb. Komitə sədri həmvətənlərimizin Özbəkistanın ictimai-siyasi həyatında fəal iştirak etdiyini, ölkədəki multikultural dəyərlərin gücləndirilməsinə töhfə verdiklərini vurğulayıb. Özbəkistanda yaşayan soydaşlarımızın daim Azərbaycan dövlətinin diqqət mərkəzində olduğunu, onlara hər zaman xüsusi qayğı ilə yanaşdığını, həmçinin ictimai-siyasi, mədəni və diaspor fəaliyyətlərinə hərtərəfli dəstək göstərdiyini bildirib.

Özbəkistanın Millətlərarası Münasibətlər və Xaricdəki Həmvətənlərin Məsələləri üzrə Komitəsinin sədri Kaxraman Sariev çıxışında Azərbaycan–Özbəkistan münasibətlərinin dostluq və qardaşlıq əsasında inkişaf etdiyini söyləyib. Sədr xalqlarımız arasında əlaqələrin möhkəmləndirilməsində ictimai diplomatiyanın və diaspor təşkilatlarının rolunu xüsusi qeyd edib.

Millət vəkili Cavanşir Paşazadə öz çıxışında diqqəti ortaq tarix, mədəniyyət və qardaşlıq bağlarına çəkib.

Özbəkistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bahrom Aşrafxanov iki ölkə arasında strateji tərəfdaşlığın yüksək səviyyədə olduğunu, bu münasibətlərin qarşılıqlı hörmət və etimada əsaslandığını dilə gətirib.

AMEA Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Əzizağa Ələkbərov, araşdırmaçı-jurnalist, türkoloq Aida Eyvazlı Göytürk və digər natiqlər çıxışlarında səfərin əhəmiyyətini yüksək qiymətləndiriblər.

Tədbirdə Türk dünyası ilə birgə fəaliyyətə həsr edilən videoçarx nümayiş olunub.

Qeyd edək ki, nümayəndə heyətinin Azərbaycanın işğaldan azad olunan ərazilərinə səfəri planlaşdırılır.

 

“Ədəbiyyat və incəsənət”

(22.05.2025)

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

 

Xəbər verdiyimiz kimi, 27 – 28 may tarixlərində “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyi (ANAİB) və Sumqayıt Dövlət Universitetinin (SDU) birgə təşkilatçılığı ilə IV Sumqayıt Kitab Sərgisi təşkil ediləcək.

 

IV Sumqayıt Kitab Sərgisində izləyiciləri nə gözləyəcək? Suala cavab almaq üçün sərginin təşkilat komitəsinin məsulu Səbuhi Şahmursoyla əlaqə yaratdıq və aşağıdakı məlumatları aldıq:

 

Sərgi  Sumqayıt Dövlət Universitetinin inzibati binasında baş tutacaq.

Sərgidə təkcə SDU tələbələri deyil, bütün Sumqayıt əhalisinin iştirak etməsi üçün universitetdə “Açıq qapı günü” elan olunub.

Sərginin ilk günü – 27 may Milli Mətbuatın yaranmasının 150 illiyinə, iukinci günü – 28 may tarixi isə Müstəqillik Gününə həsr ediləcək.

Bayram əhvali-ruhiyyəli sərgidə minlərlə kitab 90 %-dək endirimlə təklif olunacaq, tanınmış yazıçıların, şairlərin təqdimat və imza mərasimləri, məşhurlarla görüşlər, şeir saatları baş tutacaq.

Yazıçılar Şəmil Sadiq, Varis, Elxan Elatlı, Aynur Cavid, Elgüsel, Əziz Sultan, Səxavət Məmməd, Mürşüd İsmayılzadə, Əziz Yaqubzadə, tarixçi Boran Əziz, təlimçilər Aysel Rəsulzadə, Orxan Şahbaz, musiqiçi Hüseyn Cəfərin iştirakı ilə müxtəlif panellər, təqdimatlar, imza günləri, şeir gecələri və musiqili proqram təşkil olunacaq.

İki gün davam edəcək sərgi hər gün 10:00-dan 20:00-dək oxucuların üzünə açıq olacaq.

Sərgidə 25-dən çox nəşriyyatın iştirakı gözlənilir.

Giriş sərbəstdir.

 

“Ədəbiyyat və incəsənət”

(22.05.2025)

 

Cümə axşamı, 22 May 2025 09:29

Seçmə şeirlər – RƏSUL RZA, “Unutmayın”

Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.

 

608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.

 

“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:

 

      RƏSUL RZA

“UNUTMAYIN”

 

Mən güllü bir may səhəri doğulmuşam.
Bəlkə getdim bir yanvar axşamı.
Tabutuma ipək salmayın!
Dəfnimə toplamayın izdihamı.
Bir ovuc torpaq üstünə qoyun başımı.
Mən o torpağı sevmişəm.
Ancaq məhəbbətim
nə sərgiyə qoyulan bir tablo olub,
nə parıltısı diqqət çəkən üzük qaşı.
Mənim sevgim sevgi idi –
sadə, yaxşı...

Mən anamın südü kimi,
atamın öyüdü kimi
sevdim bu torpağı.
Bir ovuc torpağı əsirgəməyin məndən.
Mən ancaq onu
aparacağam,
nəsil-nəsil insanlara
çeşid-çeşid nemət verən
bu vətəndən.

Mən öləndə ağlamayın!
Mən öləndə gülməyin!
Yox, nəyə gərəkdir!
Mən sağlığımda çox gülmüşəm.
çox ağlamışam.
Ancaq o həzin axşam,
məni yalqız qoyub
əbədi sükut evində,
qayıdanda geri,
açın, taybatay açın,
otağımda pəncərələri!
Çıraq yanmasın.
Səssiz çıxın otaqdan
Elə çıxın ki, sükut oyanmasın
O səssiz, o qaranlıq otaqda
dincəlsin yalqızlıq, sükut.
Dincəlsin ruhum da
Ümidimi, arzumu,
sevincimi, dərdimi
görmüş otağımda.

Ölülər geri dönə bilsəydi,
mən bu otağa gələrdim.
Burda uzun bir dəqiqə
dincələrdim.
Cənnətdə işim yoxdur.
Getmərəm, dəvət etsələr belə!
Cəhənnəmi söndürüb,
bütün ölülər ora getsələr belə...
Mən xoşbəxt olardım,
tabutumu özüm apara bilsəm!
Adımı, xatirəmi
yazılı nitqlərdən,
sərin ahlardan qopara bilsəm...

Vətən torpağı genişdir,
qəlbim kimi
Demirəm, Göyçayda basdırın məni
Ancaq ki, riyakar gözlərdən uzaq,
aparın, bir çayda basdırın məni!
Tabutumu örtsün sərin sular.
Qəbrimi görüb kədərlənməsin
sevinclilər, arzulular.
Qəbrimin üstündən sular çağlasın.
İnsanlar sevinsin, gülsün
işıqlı gündüzlər.
Gecələr də mənə,
yaşıl saçlarını
sulara sallayan,
salxım söyüdlər ağlasın...

1967

  

“Ədəbiyyat və incəsənət”

(22.05.2025)

 

Cümə axşamı, 22 May 2025 09:03

Avrasiyanın yeni - türk-hun alqoritmi

Əkbər Qoşalı, “Ədəbiyyat və incəsənət”

 

 

2024-cü ilin əvvəlində Azərbaycan Prezidenti İlham Əliyevin dost-qardaş Macarıstana səfəri iki ölkə arasında yalnız ikitərəfli diplomatik bağların deyil, həm də daha geniş anlamda Avrasiya məkanında formalaşan yeni geosiyasi sinerjinin bariz örnəyiydi; elə bu il, bu gün də örnəkdir. Həmin səfər və onun fonunda verilmiş açıqlamalar, Güney Qafqazla Mərkəzi Avropa arasında çoxşaxəli işbirliyi platformunun möhkəmləndiyini və bu sürəcin mərkəzində strateji rasionalizmlə yanaşı, tarixi yaddaşın da önəmli rol oynadığını göstərir.

 

Geosiyasi kontekstdə dəyərləndirsək, bu, çoxqütblü sistemdə mövqe dəqiqləşdirilməsidir.

Son illərdə beynəlxalq münasibətlər sistemində müşahidə olunan transformasiyalar – ABŞ-Çin qütbləşməsi, Rusiya-Ukrayna müharibəsinin yaratdığı gərginliklər və Avropa Birliyinin (AB) içində (necə deyərlər) parçalanmış geosiyasi prioritetlər – Azərbaycan və Macarıstan kimi dövlətləri öz milli maraqlarını daha sərbəst və düşünülmüş şəkildə formalaşdırmağa vadar edir.

 

Macarıstanın AB içində müstəqil dış siyasət aparması, özəlliklə enerji, təhlükəsizlik və miqrasiya sahələrində fərqli yanaşmalar nümayiş etdirməsi, onu qeyri-formal suverenlik örnəyi kimi irəli çıxarır. Bu fon üzərində Prezident İlham Əliyevin, Macarıstanı AB içində müstəqil siyasət yürüdən nadir ölkə kimi dəyərləndirməsi, iki ölkə arasında ideya yaxınlığının diplomatik ifadəsi sayıla bilər.

 

Azərbaycan da analoji olaraq, özünün neytral, balanslaşdırılmış dış siyasəti vasitəsilə Batı-Rusiya-Çin üçbucağında çevik manevr qabiliyyətini qoruyub saxlayır. Bu siyasi oxşarlıq, Azərbaycan-Macarıstan münasibətlərinə geosiyasi uyğunluq elementi əlavə edir.

 

Enerji diplomatiyasına gəldikdə, burada, söhbət, yalnız ixracatdan deyil, həm də siyasi kapitalın formalaşmasından gedir.

Azərbaycanın təbii qaz ixracını Macarıstana və ümumilikdə Avropaya yönəltməsi, təkcə iqtisadi gəlir məqsədi daşımır; bu, həm də ölkənin bölgəsəl və qlobal enerji bazarında siyasi çəkisinin artırılması strategiyasının bir hissəsidir.

 

Avropa Komissiyasının Azərbaycanı “Pan-Avropa qaz təchizatçısı” kimi tanıması, enerji təhlükəsizliyi sahəsində Bakı-Budapeşt xəttinin təkamülünü sürətləndirmiş olur. Eyni zamanda, Macarıstan şirkətlərinin “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” layihələrində iştirakı enerji sahəsində qarşılıqlı yatırım güvəninin rəmzinə çevrilib.

 

Bura yaşıl enerji üzrə işbirliyi də əlavə olunur. Azərbaycanın 6 min meqavatlıq bərpaolunan enerji planı və bu sahədə Macarıstanla işbirliyi perspektivi göstərir ki, rəsmi Bakı öz enerji diplomatiyasını gələcəyin texnologiyalarına uyğunlaşdırır; bax, bu transformasiyada Bakı Budapeşti strateji tərəfdaş kimi seçir.

 

Özünə haqlı olaraq, Hunqariya deyən Macarıstanla bizi ortaq yaddaş və ortaq gələcəklə bağlı (inam kimi!) ümidlər birləşdirir.

Macarıstanın Türk Dövlətləri Təşkilatında (TDT) fəal iştirakı, onu sırf müşahidəçi statusundan daha artıq, mədəni-siyasi bağlarla üzv kimi təqdim edir. Bu, çox yaxşıdır, ürəyimizcədir! Bu, Macarıstanın Avropa içindəki “türk-hun köklərinə bağlı” milli kimliyini, özünəxaslığını qorumaq istəyinin diplomatik formasıdır.

 

TDT-nin Şuşada keçirilmiş qeyri-formal Zirvə görüşünün davamı olaraq indi Budapeştdə təşkil edilən ikinci görüş, Azərbaycanla (ümumən Türk dünyası ilə!) Macarıstan arasında mədəni-tarixi bağlılıqların institusional siyasi formata keçməsinin göstəricisidir. Prezident Əliyevin vurğuladığı kimi “Macarıstan öz tarixi köklərinə bağlıdır”; bax, bu, bir tərəfdən Budapeştin Türk dünyası ilə doğmalığını, səmimi yaxınlığını, digər tərəfdən isə Azərbaycanın bu yaxınlığa verdiyi strateji dəyəri əks etdirir.

Türkologiya baxımından Macar-Azərbaycan bağları, sadəcə siyasi deyil, akademik və mədəni inteqrasiyanı da çevrələyir. Ortaq tarixi köklər üzərində qurulan bu yaxınlıq, çağdaş ortamda ideoloji yox, gerçəkçi siyasət və iqtisadi çıxarların vəhdətində təcallaedir.

 

Azərbaycan Prezidentinin Macarıstana işgüzar səfərindəki gündəkiyində də Sülh gündəliyi və hüquqi üstünlük konsepti vardır.

Azərbaycanın son müharibədən sonra Sülh Anlaşmasının müəllifi kimi təşəbbüskarlıq nümayiş etdirməsi və bu təkliflərin Ermənistan tərəfindən qəbul edilməsi, Azərbaycanın beynəlxalq hüququ əsas istinadgah kimi istifadə etdiyini göstərir. Bu, Prezident Əliyevin Macarıstanda verdiyi açıqlamalarda da öz əksini tapır - bəli, “Biz BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən öz torpaqlarımızı azad etdik”.

Bu hüquqi arqumentasiyanın Macarıstan kimi Avropa hüquq mədəniyyətinə malik bir dövlət tərəfindən qəbul olunması və sayğıyla qarşılanması, Azərbaycanın bölgəsəl qarşıdurmaları beynəlxalq hüquq çərçivəsində çözmə strategiyasının təsirliliyini təsdiqləyir.

 

Sonuc olaraq, iki suverenliyin ortaq platformuna yığcam şəkildə vurğu edək.

Azərbaycan və Macarıstan bağları sadəcə ikitərəfli işbirliyi deyil, XXI yüzil diplomatiyasının yeni modelinin – mədəni yaddaşa, strateji maraqlara və hüquqi əsaslara söykənən çoxşaxəli ortaq platformunun örnəyidir.

 

Bu münasibətlər ana materik üzrə - Avrasiya məkanında yeni güc mərkəzlərinin formalaşmaqda olduğunu və bu mərkəzlərin klassik hegemon güclərdən fərqli - suverenlik, tarixi irs və enerjiyə dayalı səmimi işbirliyi modelini əsas aldığını göstərir.

Azərbaycan və Macarıstan bu modelin önəmli memarlarıdır. - Beynəlxalq siyasi arxitekturanın indiki ülgüsüz, mizansız dönəmində belə model bəşəri siqlət, səciyyə daşıyır.

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

 

“Ədəbiyyat və incəsənət”

(22.05.2025)

 

 

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Deyirəm, görəsən bu dünyada insanları məşhurlaşdıran televiziyadan da irəlidə nəsə varmı? Məhz, bu “sehirli qutu”nun sayəsində aktyorlar, müğənnilər, siyasi icmalçılar və digər peşə sahibləri xalq arasında ən məşhur adamlar olurlar. Bu dəfə sizə belə adamlardan biri, istedadı ilə məhurlaşan Xalq artisti Yasin Qarayev haqqında söhbət açmaq istəyirəm. O Yasin Qarayevdən ki, bizim uşaqlıq illərimizin qəhrəmanı olub. Hazırda teatrımızın bahadırlarından biri sayılır. Bir vaxtlar "sehirli qutu"da tez-tez görünərdi. Rol aldığı tamaşaları xüsusi maraqla izləyərdik. Amma son vaxtlar nədənsə televiziyada görünmür, tamaşaçılarını intizarda saxlayır…

 

Yaşı elə də çox deyil, bir də ki, aktyor üçün nə yaş? O qədər filmlərimizdə onun yaşına uyğun rollar var ki, nədənsə rejissorlar belə teatr bahadırlarının yerinə həvəskar aktyorları çəkirlər. Bəlkə də elə buna görədir ki, filmlərimiz Yalamadan o tərəfə gedib çıxa bilmir. Sanki filmlərimizin də ölkədən çıxışına “qırmızı işıq” yandırılıb…

 

Yasin Qarayev 1946-cı ildə Şəmkir rayonunda dünyaya gəlib. 1973-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun musiqili komediya fakültəsini bitirib. 1974-cü ildən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında çalışıb.

1991-ci ildə əməkdar artist, 2006-cı ildə isə xalq artisti fəxri adlarına layiq görülüb. Bir neçə dəfə prezident mükafatçısı olub. 2016-cı ildə Azərbaycan Teatr Xadimləri İttifaqının "Sənətkar" medalı ilə təltif edilib.

2016-cı ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünü alır…

 

Deyir ki:- “Müslüm Maqomayev qədər sevdiyim, pərəstişkarı olduğum ikinçi bir estrada müğənnisi tanımıram. Uşaqlığ çağlarımdan həmişə onun ecazkar və bənzərsiz səsinin pərəstişkarı olmuşam. Mənim fikrimcə Tanrı bütün gözəllikləri

ona vermişdi. Güclü, məlahətli səs, boy-buxun, səhnə yaraşığı, jest, plastika və çox şey. Müslümü bircə dəfə dinləyən tamaşaçı onun sehirli səsinin tilsiminə düşməyə bilməzdi. Tanrı ona dünya estrada musiqisinin imperatoru kimi yüksək bir zirvə bəxş etmişdi. Və o da sonuncu imperator olduğu üçün həmin titulu özü ilə Tanırının yanına apardı…”

 

Yasin Qarayev layiqli adamlar haqqında xoş söz deməyə tələsən insandır. Onun siyasi proseslərdə gözə görünməməsindən gileylənən adamların görünür ki, yetərincə dünyagörüşü yoxdur. O, bir şəxsiyyət kimi, abırına sığınıb dünyanın gərdişini səbirlə seyr edənlərdəndir. Çünki elə bir dövrana gəlib çatmışıq ki, kütləni xalq hesab edən adamların sayı çoxalıb. Alisa adlı bir aktrisadan nümunə gətirib deyir ki: “Qocalığin tez gəlməsi dəhşət deyil, dəhşət cavanliğin tez getməsidir!..”

 

Mayın 22-si - yənikibugünYasinmüəllimin 79 yaşı tamamolur. Ürəklərdə yuva qurmağı bacaran hər bir şəxsin həyatda yaşamağa haqqı var. Allah ömrünü uzun eləsin!

 

 “Ədəbiyyat və incəsənət”

(22.05.2025)

 

Cümə axşamı, 22 May 2025 08:00

Əliağa Vahidin tələbəsi Əliağa Bəkir

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

 

Məhəmməd Füzuli ədəbi məktəbinin görkəmli nümayəndələrindən biri olan Əliağa Bakir (Əliağa Hacıağa oğlu Rzayev) 1923-cü il noyabrın 1-də Bakı şəhərində fəhlə ailəsində anadan olmuşdur.

 

Böyük söz ustadı Əliağa Vahidin tələbələrindən olmuş Əliağa Bakir ədəbi fəaliyyətə 1940-cı illərdən başlamışdır. O, 2200-dən artıq qəzəl və müxtəlif janrlarda yazılan şeir, eləcə də, 5 poema müəllifidir. Onun əsərlərində yüksək insani keyfiyyətlər və mənəvi dəyərlər ana xətt olaraq görülməkdədir. Yaşadığı həyat qələmə aldığı nəzm əsərlərində öz əksini tapmışdır. Bir çox şeir və qəzəli dövri mətbuatda dərc olunmuş, bəstəkarlar tərəfindən musiqi bəstələnmiş, muğam ustaları tərəfindən ifa edilmişdir. Yaradıcılığı haqqında radio və televiziya verilişləri hazırlanmışdır.

 

“Yazıçı” nəşriyyatı tərəfindən 1978 və 1986-cı illərdə buraxılmış “Qəzəllər” toplusunda Əliağa Bakirin bir sıra qəzəli çap edilmişdir. Bundan əlavə, şairin “Eşq ilə gülmüş təbiət” (1990), “Tarixlərdən gələn səslər” (1991), “Qabusnamə lövhələri” (1992) və “Min bir gözəl, min bir qəzəl” (1994) adlı kitabları kütləvi tirajla çapdan çıxmışdır.

22 may 1998-ci ildə Bakıda vəfat etmişdir. Qəbri ata yurdu Maştağa kəndindədir.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(22.05.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.