
Super User
Bəli, o, əsl xanımdır...
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Deyir ki:- “İllər ötür, yaşa dolduqca anlayıram ki, əxz etdiklərim, öyrəndiklərim hələ də öyrənə bilmədiklərimlə müqayisədə xeyli azdır, bəlkə də cüzidir. Musiqi aləmində mənə bəlli olmayan o qədər gözəlliklər var ki...
Xırda, ikinci dərəcəli nə varsa, ondan yaxa qurtarıb, daha böyük məqsədlər qarşıya qoyaraq onlara doğru addım-addım irəliləmək gərəkdir. Əlbəttə, həyəcan var, amma təlaş və bədbinlikdən uzaq olmalıyıq. Eyni zamanda, saxta şadyanalıq, bəsit şərhlər, mənasız məsləhətlər, bir sözlə, qeyri-konstruktiv mövqedən uzaq olmalıyıq. Açığını deyim ki, belə hallar məni çox narahat edir...”
Son dərəcə şən insandır və enerji dolu xarekterə sahibdir. Praktik zəkası güclüdür, daim nə isə öyrənmək istəyir. Maraqlı olduğu qədər də məzmunludur. Ünsiyyətdə mehribandır, odur ki, ona ehtiram göstərənlərin də sayı çoxdur. Həyatda nikbin olduğundan ətrafına həmişə sevinc saçır...
“Mənim əsas tədqiqatım “fəlsəfi ümumiləşdirmələr” janrı - simfoniyaya həsr olunub. Burada mən XX əsrin 60-cı illərindən başlayaraq simfoniyanın “həyatında” baş verən ən önəmli hadisələr - silsilə yozumu, dramaturji həll baxımdan özünəməxsus nümunələrə üz tutmuşam, bəstəkarlarımızın “nəhəng simfonik eksperiment” adlandırılan prosesə töhfələrini sərgiləməyə çalışmışam. Musiqi haqqında yazan, fikir söyləyən adamın dünyagörüşü geniş olmalı və o, fikirlərini əsaslandırmağı bacarmalıdır. Sənətdə dürüst mövqe tutmalı, vəzifəsindən, yaşından asılı olmayaraq - bu və ya digər müəllifi, onun əsərini qiymətləndirərkən ancaq ali peşəkarlıq prinsiplərini əsas götürməlidir.”- söyləyir...
Söhbət Bəstəkarlar İttifaqının üzvü, musiqişünas, musiqi tənqidçisi, pedaqoq, əməkdar incəsənət xadimi, professor Zümrüd Dadaşzadədən gedir. O, Azərbaycan tənqidçisi və ədəbiyyatşünası Araz Dadaşzadənin ailəsində dünyaya gəlib, akademik Məmməd Arifin nəvəsidir. Nənəsinin- Azərbaycanın ilk qadın alimi, “Şərəf nişanı” ordenli Zümrüd Axundovanın adını daşıyır. Əvvəlcə Bülbül adına orta ixtisas musiqi məktəbini qızıl medalla, daha sonra indiki Bakı Musiqi Akademiyasının tarix-nəzəriyyə fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1989–1992-ci illərdə isə Milli Elmlər Akademiyasının aspiranturasında oxuyub. Sənətşünaslıq üzrə fəlsəfə doktorudur. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının "Musiqi tarixi" kafedrasında dərs deyir. 2013-cü ildən həmin elm ocağının professorudur. Xidmətlərinə görə, ona Azərbaycan Respublikasının "Əməkdar İncəsənət Xadimi" fəxri adı verilib...
Həyatı doya-doya yaşamağı bacarır. Xüsusilə, səyahət etməkdən xoşu gəlir. Yeni biliklər öyrənməkdən, yeni insanlarla tanış olmaqdan zövq alır. Olduqca ünsiyyətcildir. Hər insanı qəbul etməsə də, düşüncə baxımından onunla eyni olanlarla ünsiyyətdən yayınmır. Deyingən insanlardan xoşu gəlmir. Münasibətdə həmişə anlayış və tolerantlıq gözləyir...
Deyir ki:- “Ölkəmizdə istedadlı gənclər çoxdur. Onların beynəlxalq müsabiqə və festivallardakı uğurları olduqca ruhlandırıcı və sevindiricidir. Bir çoxları indi xaricdə, dünyanın ən yaxşı musiqi universitetlərində təhsil alırlar. Bizi əhatə edən fonosferanın saflığı uğrunda mübarizə aparmaq hər birimizin borcudur. Yüksək bədii səviyyəli gözəl, məlahətli musiqi səslənməlidir. Ümid edirəm ki, Azərbaycan musiqisi öz ifaçılıq məktəbi ilə bizi bundan sonra da sevindirəcək.”
Maraqlı həyat tərzi var, dünyanı musiqisiz təsəvvür etmir. Kompüter arxasında çalışmağı- yazıb yaratmağı xoşlayır. Noutbuku da özünün ən vəfalı dostu hesab edir: - hara gedirsə, əlavə yük olsa da onu- özüylə aparır. Çalışır ki, vaxtını səmərəli keçirsin...
“Öz təcrübəmə əsasən deyə bilərəm ki, həyatımın ən ağır günlərində məhz musiqidə təskinlik tapmışam. Bu da musiqinin əsasını təşkil edən səslərin böyük təsiredici qüvvəsi ilə bağlıdır. Ancaq burada bir başqa məsələ də ortalığa çıxır. Səslərlə davranarkən ehtiyatlı olmaq lazımdır. Müəyyən səs kombinasiyalarının, “inadkar” ritmlərin təcavüz xarakterli müdaxilələri heç də təhlükəsiz deyil. Səs mühitinin ekoloji təmizliyini mühafizə etmək zəruridir.”- söyləyir...
Deyirlər, kübarlıq gendən gəlir. Haqqında söhbət açdığım Zümrüd xanım da belə bir genin daşıyıcısıdır. Bəli, o, əsl xanımdır...
“Ədəbiyyat və incəsənət”
(27.12.2024)
Sənsiz heç nəyi düşünə, arzulaya, xəyal qura bilmirəm - ESSE
Harun Soltanov, “Ədəbiyyat və incəsənət”
Sağdaki səhifədə özümü də cəlb edən bir cümlə var, şəkildən oxuyarsınız.
Xəttimi oxuya bilməyəcəksiniz deyə, paylaşmadan keçə bilməyəcəm.
"Hansı ki, sən olmadıqda ruhum islanmış kağız, mürəkkəbi axan qələm kimi olur. Sənsiz heç nəyi düşünə, arzulaya, xəyal qura bilmirəm.
Sən mənimçün dəyərli deyilsən. Dəyərin özüsən.
Səmadan ay öz parıltısını səndən oğurlayır, yerdəki gül öz qoxusunu zülfündən oğurlayır. Bülbül səsini sənin səsinə bənzədir.
Səndəki bu gözəllik var, Afrodita səni gördükdən sonra Zevsə nifrət edib.
Sən çox gözəlsən.
Bu aşiqanəlik məndə, bu gözəllik ki səndə var, bizə bu dünyada ölüm haqq deyil"
“Ədəbiyyat və incəaənət”
(27.12.2024)
“Sözdən yaranan incilər”də - “Həyat mahnı, sevgi isə onun nəqarətidir”
Tanınmış ictimai-siyasi xadim, yazıçı-publisist, mərhum Sadıq Murtuzayev, publisist, Əməkdar hüquqşünas Müzəffər Ağazadə və yazıçı-rejissor, publisist-jurnalist, Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlu dünya dahilərinin, səmavi insanların və Azərbaycan mütəfəkkirlərinin on üç mindən çox kəlamlarını, aforizmlərini toplayıb, tərcümə eləyib və “Sözdən yaranan incilər” adlı kitab kimi çapa hazırlayırlar. Bu sayımızdan başlayaraq həmin kəlamlardan, aforizmlərlərdən seçmələri səhifələrimizdə çap edirik. İnanırıq ki, sözdən yaran bu incilər sizin xoşunuza gələcək və onları öz yaddaşınıza köçürəcək, gündəliyinizə yazacaqsınız.
HÜMBƏT HƏSƏNOĞLU
Hümbət Həsənoğlu - həkim, yazıçı, ictimai xadim. “Tərəqqi” medallı. Altı mindən çox aforizmlərin müəllifidir. Tükdilli xalqlar arasında ən çox aforizmlər yazan azərbaycanlı yazıçıdır.
- Həyat mahnı, segi isə onun nəqarətidir.
- Uşağa oxumağı öyrədənən sonra, ona hər oxuduğuna inanmamağı da öyrədin.
- İnsan dəqiq saat yaradıb ki, öz qeyri dəqiqliyinin hər gün şahidi olsun.
- Xəncər gəzdirmək dəbdən düşəndən sonra, çox danışmaq dəbə düşüb.
- Utanmaz kişi utanan qadın arzulayar.
- Şair ötəri baxışdan əbədi sevgi poeması yaza biləndir.
- Qadın təkrar soruşulacağına əmin olmasa, heç vaxt “ yox” deməz.
- İnsan səhv edə- edə özünü, inana- inana başqalarını tanıyır.
- İnsanın göz yaşları bir neçə sevgiyə bəs edir, hələ artıq da qalır.
- Gizlənmək üçün ən etibarlı yer təbəssümün arxasıdır.
“Ədəbiyyat və incəsənət”
(27.12.2024)
Qulaqlarımda hələ də Hökümə xanımın səsi var, “Hər şey yaxşı olacaq”
Leyla Səfərova, “Ədəbiyyat və incəsənət”
2024-ün bitməsinə saylı günlər qalıb, hər kəsin yeni ildən hər il arzuladığı ortaq bir diləyi var, əmin-amanlıq. Gəl gör ki, yer kürəsində fəlakətlərin hələ də ardı-arxası kəsilmir.
Artıq 3 gündür ölkəmiz dərin yasa bürünüb. Biz yenə vətənimizin övladlarını, körpələrin ata-analarını torpağa verdik. Biz yenə gözümüzü qorxaraq, hüzünlə, üzünü belə heç görmədiyimiz insanlara ağlayaraq başımızı yastığa qoyduq.
Deyəsən, dünyanın qanunu məhz budur. İnsan olmağın təməlidir fəlakətə məruz qalmaq və fəlakətə məruz qalanlara 3gün ağlayıb sonra unutmaq...
Düşünün ki, öz canınızı düşünməyi buraxmalısınız, çünki heç tanımadığınız onlarla insan sizə əmanətdir. Baxın pilotlarımız tam olaraq bunu etdi. Özlərini unutdu. Bütün yükü çiyinlərinizə alırsınız, həlak olursunuz, hətta mən deyərdim ki, o qəhrəman pilotlara da, digər ekipaj üzvlərinə də şəhid adı verilməlidir. Adam dəhşətə gəlir. Videonu izləyəndə elə bil oradaymış kimi o qorxunu özüm də yaşadım. Biraz daha o hissə qapılaraq özümü pilotların yerinə qoydum. Baş pilotumuz İqor təyyarənin sərnişinlər olan qismi daha az zərər görsün deyə ağırlığı ön tərəfə verir. Hətta iddialara görə onun havada dövrələr vurma səbəbi də məhz benzini boşaldıb daha az zərərə məruz qalmaq idi. Mən o qədər cəsur, belə bir vəziyyətdə bu qədər ağıllı ola bilərdim? Bəlkə də yox.
Qulaqlarımda hələ də o məğrur qadının, Hökümə xanımın səsi var. "Hər şey yaxşı olacaq."
Onlar üçün hər şey yaxşı olmadı. Vətənimizin evladları yenə başqalarının torpaq davasına qurban getdi. Bizim üçün isə hələ gələcək, sabah, bir neçə saat sonrası belə müəmmadır. Həyatımız bu qədər bir ip üstündə kimi irəliləyərkən insanlıq olaraq, cəmiyyət olaraq, məncə, ciddi mənada özümüzü, qəlbimizi, fikirlərimizi belə sükana salmalıyıq. İşimizi, peşəmizi, insanlıq vəzifəmizi layiqincə yerinə yetirməliyik. Yetirməliyik ki, arxamızca bizi bu qədər hörmətlə, minnətlə ansınlar.
Vaxt var idi nənələrimiz, babalarımız bizə deyərdi ki, siz nə görmüsünüz ki? Bizim vaxtımızda filan çətinliklər var idi, müharibələr, fəlakətlər. Onlar bizi çox bəxtəvər sandılar. Artıq biz də onlara deyə bilərik ki, biz bu yaşımızda hər cür ağrını, itkini daddıq, hər fəlakətlə üzləşdik.
Biz nə qədər danışsaq da, acımızı nə qədər ifadə etmək istəsək də mənası yoxdur. Olan o canlara və geridə qoyduqları can dediklərinə oldu. Allahdan rəhmət, şifa və səbr diləyirəm. Həm bu travmanı yaşayanlara, həm də yaxınlarına!
“Ədəbiyyat və incəsənət”
(27.12.2024)
TÜRKSOY heyeti uçak kazasında hayatını kaybedenlerin anısına Azerbaycan Büyükelçiliğine çelenk bıraktı
TÜRKSOY heyeti uçak kazasında hayatını kaybedenlerin anısına Ankara’daki Azerbaycan Büyükelçiliği önüne çelenk bıraktı.
Türk Dünyası’nın kültür ve sanatının ortak çatısı TÜRKSOY’un çalışanları, Azerbaycan Hava Yollarına ait yolcu uçağının Kazakistan’ın Aktau kenti yakınlarında düşmesi ve çok sayıda insanın hayatını kaybetmesi nedeniyle Azerbaycan halkıyla dayanışma göstererek Ankara’daki Azerbaycan Cumhuriyeti Büyükelçiliği önüne çelenk koydu.
TÜRKSOY Genel Sekreteri Sultan Raev’in önceden planlanmış etkinlikler çerçevesinde yurtdışında bulunması nedeniyle Azerbaycan’ın TÜRKSOY Ülke Temsilcisi Elçin Gafarlı başkanlığındaki TÜRKSOY heyeti Azerbaycan Büyükelçisi Reşad Memmedov tarafından karşılandı. Büyükelçilik önüne çelenk konulmasının ardından Elçin Gafarlı, Genel Sekreter Sultan Raev adına Büyükelçilikteki Anı Defterini imzaladı.
TÜRKSOY çalışanları, Azerbaycan Hava Yollarına ait yolcu uçağının kazası sonucunda çok sayıda insanın hayatını kaybetmesinden duydukları büyük üzüntüyü dile getirerek, Büyükelçiye başsağlığı dileklerini ilettiler.
“Ədəbiyyat və incəsənət”
(27.12.2024)
Xocalı şəhərinin adının haradan götürüldüyünü bilirdiniz? - AKTUAL
Nemət Tahir, “Ədəbiyyat və incəsənət”
Xocalı şəhəri yaxınlığında yerləşən, 1356-cı ilə aid Hoca (Xoca) Əli Türbəsi var, Xocalının adı da bu abidənin adından götürülüb.
XIV əsrə aid abidələrdən biri də Xocalı kurqanları sahəsində, yonulmuş ağ daşlardan tikilmiş Xocalı abidəsidir. Abidənin on iki bucaqlı quruluşda olması və giriş qapısının çox qabarıq, lakin sadə daşdan oyma ornamentlə işlənməsi Xocalı türbəsini dövrün başqa abidələrindən xeyli fərqləndirir.
Xocalı türbəsinin daş üzü qopub töküldüyündən, onun xarici görünüşü qeyri-adi bir şəkil almışdır.
Qarabağın qülləvari türbələr qrupuna daxil olan bu türbə yerli daşla tikilib, üzəri yaxşı cilalanmış plitələrlə üzlənmişdi. Lakin hələ Sovet dövründə Qarabağın digər abidələri kimi bu abidənin də üzlük daşlarını ermənilər qaşıyıb tökmüş və onun xarici görünüşünü qeyri-adi şəkilə salmışdılar. 1992-ci il fevralın 26-da Xocalı rayonu ermənilər tərəfindən işğal edildikdən sonra 30 ildə vandalizmə məruz qalan türbənin hazırkı acınacaqlı vəziyyəti şəkildən də görünür. Ərazi bütövlüyünü bərpa edən müzəffər Azərbaycanın tezliklə Xoca Əli türbəsini də restavrasiya edəcəyi qəti şübhə doğurmur.
“Ədəbiyyat və incəsənət”
(27.12.2024)
Bəstəkarlar İttifaqının 90 illik yubileyi silsiləsindən yeni kitablar işıq üzü görüb
Azərbaycan Bəstəkarlar İttifaqının 90 illik yubileyi ilə əlaqədar nəşrlər silsiləsindən yeni kitablar işıq üzü görüb.
İttifaqdan AzərTAC-a bildirilib ki, kitabda Vətən müharibəsində Zəfər münasibətilə bəstəkarların qələmə aldığı xor və simfonik əsərlərin partiturası nəşr olunub.
İlk dəfədir ki, Bəstəkarlar İttifaqı tərəfindən əsərlərin partiturası çap edilir. Onu da qeyd edək ki, bu, “Şanlı Zəfərə həsr olunan Azərbaycan bəstəkarlarının xor və simfonik orkestr üçün əsərləri” adlı partituraya Firəngiz Əlizadənin “Zəfər marşı” (söz: müəllif), Cəlal Abasovun “Şanlı Azərbaycan” (söz: Məhəmmədhüseyn Şəhriyar), Məmməd Cəfərovun “Nər oğlum!” (söz: Nəsibə İsrafilqızı), Rəna Qədimovanın “Azərbaycanım” (söz: Yusif Nəğməkar), Sərdar Fərəcovun “Azad Şuşa!” (söz: müəllif) əsərləri daxildir.
Növbəti kitab isə musiqişünas mərhum L.Karagiçevanın “Frangiz Alızade. Naçalo puti” kitabıdır. Rus dilində işıq üzü görən bu nəşrin elmi redaktoru giriş və “Son söz”ün müəllifi sənətşünaslıq üzrə fəlsəfə doktoru Natalya Dadaşovadır.
“Ədəbiyyat və incəsənət”
(27.12.2024)
Nurlana İşıq mükafatlandırılıb
Könül, “Ədəbiyyat və incəaənət”
Yola saldığımız 2024 cü il dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin anadan olmasının 530 illik yubileyi ilidir.
Bu münasibətlə ilin əvvəlində ölkə prezidenti İlham Əliyev tədbirlər planı ilə bağlı sərəncam imzalamışdır.
Məhəmməd Füzulinin anadan olmasının 530 illiyi münasibətilə Xəzər Universitetinin “Ədəbiyyat səyyahları” saytının fəlsəfi- irfani mövzuda hekayə üzrə keçirdiyi respublika müsabiqəsi də ölkə üzrə ən müxtəlif təşəbbüslərdən doğan tədbirlərdən biri kimi diqqət çəkir.
Müsabiqənin qalibi Nurlana İşıq universitetin rektoru və saytın təsisçisi Hamlet İsaxanlının imzasıyla 1-ci dərəcəli diplomla təltif olunub. Bu barədə Nurlana İşıq özü portalımızı məlumatlandırıb.
“Ədəbiyyat və incəsənət”
(27.12.2024)
Rəsm qalereyası: Viktor Gilbert, “Bazarlıq günü”
Rəsm qalereyası: Viktor Gilbert, “Bazarlıq günü”
Fransız rəssamı Viktor Gilbert (1847-1933), “Bazarlıq günü”, (yağlı boya)
Mavi və göy rənglərin əhatələdiyi ağ mirvari - Livadiya
Aida Eyvazlı ilə “Türk dünyasına səyahət” rubrukasında Krımda gəzişməmizi davam edirik. Yolumuz Yaltadakı Livadiya sarayınadır.
Yaltada diqqətinizi çəkə biləcək digər tarixi məkan rus imperatorlarının cənub iqamətgahı olan, Yaltanın 3 kilometirliyində yerləşən Livadiya sarayıdır. Mən bu sarayın ecazkar gözəlliyindən lap sərməst oldum ilk tanışlığımda. Qara dənizin sahilində, yamyaşıl meşəlikdə yerləşən bu ağ mirvariyə tamaşa etməyə iki göz əsla bəs etməz.
Cənubi Krımda Qara dənizin sahilində yerləşən Livadiya adlı bu dəniz sahilinin mirvarisi sayılan sarayı 1861-ci ildə II Aleksandr tikdirib. 1783-cü ildə II Yekatrina bu ərazini Türk gəmiləri ilə müharibədə Rusiyanın xeyrinə vuruşan yunan dəniz donanması admiralı Lanbros Katsonisə hədiyyə verib. Dənizçi Katsonis isə ona verilən ərazidə üzümlüklər salmağa başlayır, 100 ildən sonra isə onun üzümlüklərindən hazır olunan Krım şərabının sorağı Avropa ölkələrinə yayılır.
Daha sonra Livadiyada bağban Dellinger 40 hektar sahədə Asiya və Amerikadan gətirdiyi müxtəlif bitkilərlə ekzotik bağ yaradır. Təkcə 1910-cu ildən başlayaraq 17 ay ərzində bu sarayın təmiri və bərpasında gecə-gündüz 2 min 500 fəhlə çalışır. Onu İtaliya renessansı üslubunda yenidən həyata qaytarırlar.
Bu məşhir saray Romanovlar ailəsinin də 1914-cü ilə qədər yay tətillərini keçirdikləri iqamətgahları idi. Sonuncu dəfə onlar buranı ailəliklə 1914-cü ilin iyun ayının 12-də tərk edirlər. 1917-ci ilin 28 iyulunda II Nikolay taxt-tacdan əl çəkməsi barədə sənədə imza atandan sonra, qalan ömrünü ata-baba yurdu sayılan Livadiya sarayında keçirmək istədiyi haqqında Müvəqqəti hökumətə məktub yazsa da, onun müraciəti cavabsız qalır. Bu ağ sarayda müharibədən qalib çıxmış üç qalib dövlətin -- ABŞ, İngiltərə və SSRİ-nin liderləri tarixdə məşhur olan Yalta Konfransını keçirirlər. 1945-ci ilin fevral ayının əvvəlində konfransda Ruzvelt, Çörcil və Stalin müharibədən sonraklı sülhün konturlarını müzakirə edirlər. BMT kimi məşhur beynəlxalq təşkilatın yaranmasının təməli də elə həmin danışıqlar zamanı bu Livadiya sarayında qoyulur.
Yalta konfransından sonra Livadiya 1953-cü ilə qədər dövlət iqamətgahı kimi istifadə olunur. 1953-cü ildə isə bu saraya dəyər verməyənlər onu müalicə məqsədyönümlü sanatoriya kimi istifadə edirlər. O dönəmdə saray bərbad hala salınır. Aşılanır. Tavan, döşəmə, divar – hamısı ürəkdağlayıcı hala düşür. Yalnız 1993-cü ildə tarixin bütün dönəmlərinə şahidlik etmiş padşah Nikolay Romanovun sarayı yenidən muzey statusu alır. Ukrayna hökuməti dəyərlilərə dəyər verməyi lazım bilir.
İndisə Krım və təbii ki, onun bu arxitektura şedevri sayılan Livadiya sarayı rus işğalı altındadır. Müharibə davam edir, Allah bu gözəllikləri bombalardan hifz eləsin.
“Ədəbiyyat və incəsənət”
(27.12.2024)