ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT - Super User
Super User

Super User

 

Zəhra Allahverdiyeva, “Ədəbiyyat və incəsənət”

 

Bu gün - 31 yanvar 2025-ci il tarixində Qərbi Azərbaycan İcmasının Nizami rayon nümayəndəliyində 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirildi.

 

Tədbirdə Azərbaycan Respublikasının dövlət himni səsləndirildi, şəhidlərimiz bir dəqiqəlik sükutla yad edilmdilər. 

Qərbi Azərbaycan İcmasının Nizami rayon nümayəndəsi Xəqani Səfərov Qərbi Azərbaycan gənclərini, eləcə də bütün Azərbaycan gənclərini təbrik etdi. Tədbirdə gənc deputat, millət vəkili Pərvanə Vəliyeva, YAP Nizami bələdiyyəsinin üzvü Yeganə Ziyad qızı, Qərbi Azərbaycan İcmasının Nizami rayon nümayəndəliyinin əməkdaşları, həmçinin “Ədəbiyyat və İncəsənət” portalının əməkdaşı kimi bəndəniz Zəhra Allahverdiyeva və digər Qərbi Azərbaycanlı ziyalılar və gənclər çıxış etdilər. 

Fürsətdən istifadə edib çıxışımın stenoqramını diqqətinizə çatdırıram: 

 

-Salam, hər vaxtınız xeyir olsun. Bu gün burada iştirak edən və etməyən bütün Qərbi Azərbaycan vətəndaşlarını, eləcə də bütün Azərbaycan xalqını Azərbaycan Gəncləri Günü münasibətilə təbrik edirəm. Mən Böyük Vedi rayonunun Şidli kəndinin sakini Zəhra Allahverdiyeva Asif qızıyam. Azərbaycan Dövlət Pedaqoji Universitetində fransız dili müəllimliyi ixtisası üzrə bakalavr təhsili alıram. Universitetimizdə Qərbi Azərbaycanla bağlı keçirilən tədbirlərə qatılır, fransız dilində esse və inşa müsabiqələrində iştirak edirəm. Həmçinin “Ədəbiyyat və İncəsənət” portalında Qərbi Azərbaycanın tarixi, mədəniyyəti, incəsənəti, mətbəxi və adət-ənənələri haqqında məqalələr dərc etdirirəm.

Biz – Qərbi Azərbaycan gəncləri inanırıq ki, necə ki bu gün burada toplaşmışıq, ata-baba yurdlarımızda da belə məclislərdə və tədbirlərdə bir araya gələcəyik. 

Biz qayıdışla bağlı müxtəlif sosial şəbəkələrdə paylaşımlar etməli, yurd sevgimizi əks etdirməliyik. Cənab Prezident İlham Əliyev qayıdış məsələsinə xüsusi diqqət ayırır və Qərbi Azərbaycanlılara, o cümlədən gənclərə dəstəyini əsirgəmir. 

Biz ona uzun ömür və fəaliyyətində uğurlar arzu edirik.

 

“Ədəbiyyat və incəsənət”

(31.01.2025)

 

 

Bu gün - 31 yanvar 2025-ci il saat 11:00-da Bakı Slavyan Universitetinin konfrans zalında “2 fevral - Gənclər Günü”nə  həsr olunmuş “Nəsillərin Görüşü” silsiləsindən “Heydər Əliyev və Azərbaycan Gəncliyi” mövzusunda dəyirmi masa keçirilib. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verirki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı ilə Bakı Slavyan Universitetinin birgə təşkil etdiyi tədbirdə gənclər, veteranlar, ziyalılar iştirak edib.  

 Tədbirdən öncə Azərbaycan Respublikasının Dövlət Himni səslənib, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının müstəqilliyi uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

 

Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev Azərbaycan Respublikasının "

Əməkdar Jurnalisti, Azərbaycan Ədəbiyyat Fondunun Baş direktoru, yazıçı Varisin  moderatorluğu ilə keçirilən tədbiri açıq elan edib. 

Daha sonra rektorun məsləhətçisi Ənvər Abbasov çıxış edərək dövlətimizin gənclər siyasəti ilə bağlı maraqlı fikirlər səsləndirib, Ulu öndər Heydər Əliyevin gənclər siyasətinin önəmindən bəhs edib . 

 Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, Əfqanıstan, Qarabağ müharibələri və Silahlı Qüvvələr veteranı, polkovnik Cəlil Xəlilov “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda geniş məruzə ilə çıxış edib. 

Polkovnik qeyd edib ki, Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan gənclər siyasəti sonrakı dönəmdə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilib, böyük töhfələr verib:

“Gənclərimizin milli ruhda, mənəvi dəyərlərimizə sadiq şəkildə yetişdirilməsi hər zaman üçün aktual olan məsələlərdən biridir. Təsadüfi deyil ki, dövlət başçımız öz çıxış və müsahibələrində bu məqama xüsusi həssaslıqla toxunur,  Vətənə bağlı gəncliyin yetişdirilməsinin dövlətimizin bu günü və gələcəyi baxımdan həyati önəm kəsb etdiyinə diqqət çəkir. Bu məsələdə ailə ilə yanaşı, təhsil müəssisələri və QHT-lərin də üzərinə böyük məsuliyyət düşür ki, biz bu məsuliyyətdən irəli gələn vəzifələri layiqincə yerinə yetirməliyik”.

I Qarabağ müharibəsi və əmək veteranı İmran Əbilov “Keçmişdən gələcəyə estafetin ötürülməsi”, Varis “Müasir gənclərin hədəfləri, məqsəd və vəzifələri”, filologiya elmləri doktoru, professor, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri Asif Rüstəmli “Heydər Əliyev – tərbiyənin mənəvi aspektləri” mövzusunda çıxış ediblər. 

 Vətən Müharibəsi iştirakçısı, müharibə veteranı Əfəndi Axunəli və jurnalist Xəlil Qarəhmədov çıxışlarında Azərbaycan gəncliyinin 44 günlük Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqlara toxunub, gənclərin  bugünə qədər olduğu kimi, bundan sonra da milli maraqramızın, dövlətimizin təhlükəsizliyinin keşiyində ayıq-sayıq dayanacağını vurğulayıblar.

Tədbirin sonunda bir qrup gənc Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı tərəfindən Fərxi Fərmanla təltif edilib, xatirə şəkli çəkilib.

 

“Ədəbiyyat və incəsənət”

(31.01.2025)

 

Əkbər Qoşalı, “Ədəbiyyat və incəsənət” üçün

 

Ədəbiyyatımızın seçilən nümayəndələrindən biri olan Əməkdar incəsənət xadimi, unudulmaz şair Əli Tudə ədəbiyyat tarixinə yalnız poeziya örnəkləri ilə deyil, həm də yüksək mənəvi dəyərlərə əsaslanan bədii prinsipləri ilə daxil olub. Bu gün  şairin doğumunun 101-ci ildönümü tamam olur. İstər öz sağlığında, istər vəfatından sonra, istərsə də, 100 illik əlamətdar yubiley ilində, şairin zəngin irsi dəyərləndirilib, onun yaradıcılığının xalqımızın mədəni yaddaşında oynadığı rol müxtəlif aspektlərdən incələnib.

 

Həyat və yaradıcılıq yolu

 

Əli Tudə (Əli Tudə Cavadzadə; 31.01.1924, Bakı – 26.02.1996, Bakı) XX yüzilin ortalarında Azərbaycanın intellektual və mədəni mühitində özünəxas bir yer tutub. O, xalqın keşməkeşli həyatını, o taylı-bu taylı Azərbaycanın doğal gözəlliklərini və vətən sevgisini poetik təfəkkürün ön planına gətirərək, milli poeziyamızın lirik gələnəklərini davam etdirib və yeni məzmunla zənginləşdirib. Onun şeirlərinə xas humanist dünyagörüşü, estetik incəlik və fəlsəfi yanaşmalar çağdaş oxucular üçün də güncəldir.

 

Əsas mövzular və bədii üslub

 

Poeziyası həyatın müxtəlif aspektlərini ehtiva edən sənətkarın məhsuldar yaradıcılığında üç əsas istiqamət özəlliklə diqqət çəkir. -

 

Vətənə sevgi və milli dəyərlər: 

Onun vətən mövzusunda yazdığı şeirlər Azərbaycanın təbii gözəlliklərini, milli ruhunu və xalqın qürur qaynağını bədii biçimdə təsvir edir.

Örnəyi, “Mən nə gətirdim?” adlı şeirində vətən sevgisinin doğal gözəlliklərlə süslənmiş obrazı yaradılır:

 

Mən öz qardaşıma mehman gələndə,

Bir qələm, bir dəftər, bir can gətirdim.

Dağların döşünü toplar dələndə,

Bir ləkə düşməyən vicdan gətirdim.

 

Mən onu günəşdən təmiz saxladım,

Canımdan, gözümdən əziz saxladım,

Bu kiçik qəlbimdə dəniz saxladım,

Bir xilqət görmədi, pünhan gətirdim.

 

İnsanın daxili dünyası və hisslər aləmi: 

Əli Tudə şeirlərində insan psixologiyasını, sevgi və ayrılıq hisslərini bədii zərgər dəqiqliyi ilə qələmə alıb.

Bütöv Azərbaycanlı şair görək daha nə gətirib:

 

Ucuz tutmasınlar bu sovqatımı,

Hissimi, duyğumu, 

ehsasatımı,

Mən öz varlığımı, öz həyatımı

Doğma qardaşıma qurban gətirdim.

 

Ürək daş deyildir, bir parça ətdir

Bəs onu yaşadan hansı qüdrətdir?

Bir arzu, bir ümid, bir məhəbbətdir,

Mən o məhəbbətdən nişan gətirdim.

 

Tarixi və sosial mövzular: 

Əli Tudə öz dönəminin ictimai qayğılarına da biganə qalmayıb, xalqın ağrı-acılarını ifadə edən və inkişafa çağıran şeirlər yazıb. Yenə “Mən nə gətirdim?” ritorikasına qayıdaq:

 

Qardaşım, illərlə istədin ki sən

Öz ana yurdumda azad olum mən…

Lakin cəlalımı dağıtdı düşmən,

Tək sənə, tək sənə güman gətirdim.

 

Yenə Azərbaycan qan ağlayır, qan

O azad olmasa, yaşamam, inan!

Gərək mən Təbrizə qayıdan zaman

Deyəm ki, təzə bir dövran gətirdim.

 

Tudə irsinin önəmi

 

Şairin əsərləri yalnız bir dönəmin poetik abidəsi deyil, həm də bütövlük ədəbiyyatımızın gələcəyi üçün mənəvi və estetik təməl daşlarından biridir. Onun poeziyasında yer alan mənəvi dəyərlər çağdaş oxucunun həyatına ilham verə biləcək gücdədir.

 

Ədəbiyyata təsiri

 

Azərbaycan şeirində dərin lirizmi və vətəndaş mövqeyi ilə seçilən Əli Tudə yaradıcılığı həmkarları və gənc şairlər üçün örnək olub. Onun şeirindəki bədii ifadə vasitələri, səmimi ton və məzmun zənginliyi Azərbaycan poeziyasının ən gözəl örnəklərindən biridir.

 

Ötən il 100, bu il 101…

 

Əli Tudənin 100 illik yubileyi, yalnız bir şairin irsini dəyərləndirmək üçün deyil, eyni zamanda, çağdaş gəncliyi ədəbiyyatın ruh dərinliyi ilə tanış etmək üçün bir fürsətdir. Onun irsinin araşdırılması və təbliği, o taylı-bu taylı Azərbaycanın bütövlük mədəniyyətinin öyrənilməsi yönündə atılan önəmli işlərdəndir. Şairin vəfalı oğlu Natiq Cavadzadənin hazırladığı və nəfis tərtibatla nəşr etdirdiyi “Əli Tudə. Əsərlər” çoxcildliyi, eləcə də, sənətkarın şəxsiyyəti, mühiti, yaradıcılığı haqqında seçmə yazıların toplandığı kitab bu baxımdan özəl diqqət, təqdir və şükranlığa layiqdir.

 

Əli Tudə, o tay-bu taylı Azərbaycan poeziyasının mənəvi sütunlarından biri kimi həmişə xalqın qəlbində yaşayacaqdır. Onun irsi, yalnız bir xatirat deyil, eyni zamanda Bütöv Azərbaycan amallı nəsillərin mənəvi yoluna işıq salan mayaklardandır.

Şair ruhuna alqışlar!

 

“Ədəbiyyat və incəsənət”

(31.01.2025)

Cümə, 31 Yanvar 2025 17:36

Onun istiqlal məfkurəsi

Fariz Əhmədov, Naxçıvan televiziyasının baş redaktoru, “Ədəbiyyat və incəsənət” portalının Naxçıvan təmsilçisi

 

İstiqlal carçılarımızın milli azadlıq mübarizəsini körükləməsi nəticəsində XX əsrdə ilk çağdaş milli dövlətimiz – Azərbaycan Xalq Cümhuriyyəti quruldu. Biz müstəqilliklə bərabər zamanın sınağından çıxan Cümhuriyyət modelini də kəşf etdik. Tarix bizə müstəqilliyin bərpasına fürsət verdiyi kimi, Cümhuriyyət qurucularının irsini öyrənməyə, tarixi təcrübəsini qazanmağa da zəmin yaratdı.

Gözümüz önündə gerçək tarixin qürurverici səhifələrini vərəqlədikcə Cümhuriyyət günəşinin istisini, işığını hiss edə bilirik. Bu tarixi yüksək ideallar uğrunda ağlasığmaz fədakarlıqlar göstərən, Vətəndən uzaqlarda ömür sürən nisbətən azsaylı bir zümrənin mübarizəsinin tarixidir. Bu tarix, həmçinin Azərbaycanın istiqlalı naminə öz həyatlarını qurban vermiş insanların həyat və mübarizəsi tarixidir. Bu gün xalqın müstəqilliyi yolunda həbsə və sürgünlərə yollanan, min bir əzaba dözərək mühacir həyatı yaşayan Cümhuriyyət liderlərini üçrəngli Azərbaycan Bayrağının dalğalandığı hər yerdə qürur və hörmətlə anırıq.

Bu gün görkəmli dövlət və ictimai-siyasi xadim, publisist, Azərbaycan Xalq Cümhuriyyətinin banisi, milli istiqlal hərəkatının və siyasi mühacirətin lideri Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 141 il ötür. Təkcə türk ellərində deyil, bütün islam aləmində ilk respublika üsul-idarəsi olan Azərbaycan Xalq Cümhuriyyətinin təməl daşını qoyan M.Ə.Rəsulzadə 1902-ci ildə – on yeddi yaşında Azərbaycanda rus müstəmləkə üsul-idarəsinə qarşı gizli mübarizə aparan ilk siyasi təşkilat olan “Müsəlman gənclik təşkilatı”nı yaratdı. 1904-cü ilin axırlarında yaradılan “Hümmət” təşkilatının və eyni adlı qəzetin banilərindən olan Rəsulzadə 1908-ci ildə təqib olunduğunu hiss edərək Təbrizə köçdü. Rəsulzadə təqiblərdən yaxa qurtarmaq üçün 1911-ci ildə Türkiyəyə köçür və paytaxt İstanbulda həmyerliləri Əli bəy Hüseynzadə və Əhməd bəy Ağaoğlu ilə görüşərək Ziya Göyalp və başqa görkəmli alimlərlə yaxınlıq edib. 1913-cü ildə Romanovlar sülaləsinin 300 illiyi ilə əlaqədar ümumi əfv elan olunur və Vətənə qayıdır. 1918-ci il mayın 27-də milli şuranın sədri seçilən Rəsulzadə 1918-ci il mayın 28-də bütün ölkələrin radio stansiyaları və qəzetləri vasitəsilə Azərbaycanın istiqlaliyyətinin elan olunmasını dünyaya yaydı. Fətəli xan Xoyskinin başçılığı ilə Azərbaycan Xalq Cümhuriyyəti hökuməti təşkil olundu. Bununla da Azərbaycan xalqı bir xalq kimi nəinki türk xalqları arasında, həmçinin bütün islam şərqi aləmində ilk dəfə olaraq milli dövlətini qurdu. Bakı Dövlət Universitetinin yaradılmasının təşəbbüskarı olan Məhəmməd Əmin Rəsulzadə müxtəlif illərdə universitetin Tarix-filologiya fakültəsində “Osmanlı ədəbiyyatı tarixini” tədris edib. 1919-cu ildə “İstiqlal” jurnalında “Azərbaycan Respublikası” adlı əsəri işıq üzü görən dövlət xadiminin Əli bəy Hüseynzadənin redaktoru olduğu “Füyuzat”, həmçinin Əhməd bəy Ağaoğlunun redaktorluğu ilə çıxan “İrşad” və “Tərəqqi” qəzetlərində müxtəlif mövzularda məqalələri və şeirləri çap olunub. 1908-ci ildə tamaşaya qoyulan “Qaranlıqda işıqlar” pyesi Azərbaycanda milli istiqlal hərəkatı ilə tam bağlı olan ilk dram əsəridir. 1923-cü ildən İstanbulda M.Ə.Rəsulzadənin “Azərbaycan Respublikasının keçmişi, təşəkkülü və indiki vəziyyəti”, “Əsrimizin Səyavuşu”, “İstiqlal məfkurəsi və gənclik” kitabları çap edilir.

Rəsulzadənin mühacirət dövrü Avropa ölkələrində davam edib. Onun redaktorluğu ilə Berlində ayda üç dəfə “İstiqlal” qəzeti və “Qurtuluş” jurnalı çap edilib. 1947-ci ildən Ankaraya köçən Rəsulzadə burada ömrünün sonuna kimi yaradıcılıqla məşğul olaraq “Azərbaycan şairi Nizami” adlı samballı monoqrafiyasını çap etdirməklə dünya nizamişünaslığına bir çox yeniliklər gətirib. O, müxtəlif illərdə “Məhəmməd Əmin Rəsulzadə”, “Yalvac oğlu”, “Məhəmməd Əmin”, “M.Əlif Rəsulzadə” və sair imzalarla tanınıb. Şəkər xəstəliyindən əziyyət çəkən Məhəmməd Əmin Rəsulzadə 1955-ci il martın 6-da gecə saatlarında Ankara Universitetinin tibb klinikasında gecə saat 22:50-də ölüm yatağında son dəfə Azərbaycan pıçıldadı. Bəlkə də gözlərini yumarkən xəyalında yenə də 1918-ci ilin mayı canlandı-üçrəngli bayraq, cümhuriyyət sevdalıları, birdə millətin azadlıq sevinci.

Əsli Ordubaddan olan, Təbrizdə dünyaya gözlərini açan dövlət xadimi Ankarada, Əsri qəbiristanlığında dəfn edilib. 1985-ci ildə ölümündən 35 il sonra Oksford Universitetində M.Ə.Rəsulzadənin “Qafqaz problemi ilə əlaqədar olaraq panturanizm” adlı kitabı ingilis dilində ikinci dəfə çap edildi.

 Ümummilli Lider Heydər Əliyev Azərbaycanın görkəmli ictimai-siyasi xadimi M.Ə.Rəsulzadənin anadan olmasının 110 illik, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev isə dövlət xadiminin 130 və 140 illik yubileylərinin keçirilməsi ilə bağlı sərəncamlar imzalayıblar.

 1920-ci il 28 aprel tarixdə Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra bayrağımız dövlət qurumlarının üzərindən ürəklərə köçdü. 1990-cı il noyabrın 17-də isə Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə Naxçıvan Ali Məclisinin sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı muxtar respublikanın rəsmi bayrağı kimi qəbul olundu. Bu addım onun dəqiq, vaxtında hesabladığı ən böyük və düzgün addım idi. Qardaşın qardaşı döyüş meydanına səslədiyi zamanda o xalqı köməyə çağırdı. Xilas naminə, qurtuluş naminə. Eynilə Atatürkün Sivasdan Anadolu türkləri ilə coşması və Heydər Əliyevin Naxçıvandan xalqın içindən xalqın xilası naminə atdığı addım kimi.

 Zaman-zaman bu üçrəngli bayraq milliyyətçi aydınlar tərəfindən qaldırılmanın həsrətini, zaman-zaman Azərbaycanı ölkələr içindən təmsil etməyin qürurunu, zaman-zaman isə tapdaq altında olan Qarabağda, Xudafərində dalğalandırılmağın həsrətini çəkdi. Üçrəngli ay-ulduzlu bayrağımız ucaldıqca yaraları sağaltdı. Varoluşunda əbədilik qazandı. 1918-ci il sentyabrın 16-da parlaq qələbə münasibətilə Nuru paşanın, Xəlil paşanın, general Əliağa Şıxlinskinin, polkovnik Həbib bəy Səlimovun birlikdə addımladığı meydandan 102 il sonra Türk və Azərbaycan Ordusunun mətin addım səsləri duyuldu.

2020-ci ilin sentyabrında başlayan II Qarabağ müharibəsi zamanı işğal olunmuş bütün Azərbaycan torpaqlarında üçrəngli bayrağımız dalğalandırıldı.

Cümhuriyyətin 23 aylıq qısa dövrü tarixin böyük dövlətçilik məktəbidir. Vətənpərvərliyin, vəfanın vəmillət yolunda fədakarlığın, şəksiz qələbənin örnəyidir. Cümhuriyyət irsi, onun ideyaları bu gün də davam etdirilir. Gələcəyə aparan işıqlı yolumuzda möhkəm təməl və sarsılmaz istinad nöqtəsi rolunu oynayır. İstər Cümhuriyyət dövründə, istərsə də sonra Azərbaycan daim işğal, beynəlxalq aləmdə təklənmə, ayrı-seçkilik siyasətinin təzahürü kimi təqib və təhdidlərlə davamlı şəkildə üzləşib. Bütün təzyiqlərə baxmayaraq, Azərbaycan xalqı mətin addımlarla günəşli günlərə doğru yol alır.

Artıq Azərbaycanın ərazi bütövlüyü, suverenliyi tam bərpa edilib. İnanırıq ki, milli istiqlal carçısı Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin məhz torpaqlarımızın işğaldan azad edildiyi illərdə keçirilməsi onun və bu yolda ona yoldaş olan bütün Cümhuriyyət carçılarının ruhunu şad edib.

Sən, zəfərdən doğulmuş, hürr yaşamış, hürr qalacaqsan. Ömrün qısa olsa da, şahidliyin əbədidir. Sən bizə azadlığın bir ideya deyil həm də, carçısı olmağı öyrətdin. Bir kərə yüksəltdiyin o bayraq bütün azad Azərbaycan torpaqlarında dalğalanır, bir daha enməmək üçün. Sən vətəndən uzaqda gözlərini əbədi yumsanda Azərbaycanın hər sabahında yenidən doğulursan!

Günün mübarək olsun!

 

“Ədəbiyyat və incəsənət”

(31.01.2025)

“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzet” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə Vaqif Səmədoğlunun şeirləri təqdim edilir. 

 

 

Sevgilim, mən öləndə,

Bir küncdə xısın-xısın

Ağlayacaqsanmı sən?

Kimin xarabasında

Bir damla yaşa dönüb

Düşəcəyəm gözündən?

 

Ağla, qurbanım, ağla,

Ağla, һeyranım, ağla,

Evdə qonaqlar olsa,

Çıxıb eşikdə ağla.

Gözlə, gecə düşəndə

Yorğan-döşəkdə ağla.

Qulaq asma aləmin

Sözünə bircə kərə.

De, Vaqif ölməliydi,

Gəl öldü naһaq yerə…

 

Sevgilim, mən öləndə,

Soraq sənə gələndə,

Düşmən gözü güləndə,

Ağla, olanım, ağla,

Ağla, qalanım, ağla,

Ağla, mən ölüm, ağla…

 

*

Məzarıma

nə başdaşı qoyun,

nə heykəl.

Bir cüt ayaqqabı qoyun,

ayağıyalın

geyib getsin...

 

*

Allah,

Nə var, nə yox?

Məndən nə xəbər var?

Gecələri özüm sayaram,

Üzümə açılacaq

neçə səhər var?

Bəyənəcəksənmi məni,

Bəndəni hansı gözlə görəcəksən?

Allah,

Özüm gəlim,

Ya kimisə göndərəcəksən?

 

*

İlahi,

Yatağın nə sağında

Nə solunda,

Nə bir gözəlin qolunda

Yatmaq istəmirəm.

İlahi,

Nə söyüd kölgəsində,

Nə dünyanın ən azad ölkəsində

Yatmaq istəmirəm.

İlahi,

Dar quyu dibində,

Qaranlıq nəm içində,

İşıqlı qəm içində,

Ağrısız

Bir az yatmaq istəyirəm...

 

*

Əlimi uzatdım

Sevincə sarı,

Gördüm, yox,

Arada kədər dayanıb.

Atamı səslədim,

Köməyə gəlsin,

Gördüm, yox,

Arada qəbir dayanıb.

Üz tutub gedirdim

Allaha tərəf,

Gördüm, yox,

Arada ömür dayanıb...

 

*

 

Bir axşam taksidən düşüb payıza...

Bilmədik haraya, hayana gedək...

 

Bahar həsrətiylə, payız axşamı...

Yenə həzin- hzin, titrədi ürək...

 

Yağışın əlindən qaçıb bir küncə

Dayandıq üzümüz dənizə sarı...

 

Yenə tapılmadı, payız gəlincə

O keçən günlərin itmiş sağları...

 

 

*

Şam sönəndə

qaranlıq çöksə yaxşıdır.

Mənim yüzlərlə şam içində

sönən tənha şama

yazığım gəlir.

Hər insan o tənha şamdır...

 

 

*

Hər uca bir dağın dərin

Dərəsi var, deyiblər.

Ölümdən başqa hər dərdin,

Çarəsi var, deyiblər...

 

Bəlkə də hər uca dağın

Zirvəsi dərəsidir,

Bəlkə də ölümün özü

Hər dərdin çarəsidir...

 

 

*

Bu ayrılıq dəniziylə

Səni aparan gəmi,

Yuxumdan keçdi bir gecə,

Moskvadan may kimi...

 

Ondan sonra küçə gördüm,

Getdim aptekə sarı,

O gün ilk dəfə səsləndi,

Ömrün son akkordları...

 

Ömrün sonuna az qalıb,

Düzsayıramsa əgər,

Bəlkə beş il, bəlkə yüz il,

Bəlkə qapıya qədər...

 

“Ədəbiyyat və incəsənət”

(31.01.2025)

Ədəbiyyat və incəsənət” portalı Zahirə Cabirin nağıllarını ardıcıl təqdim etməkdədir. Nağıllar uşaqlar üçün yaradılır. Amma bu nağılları böyüklər də məmnuniyyətlə oxuyurlar və bəyənirlər.

 

Günlərin bir günündə əyyamı-sabiqdə biri vardı, biri yoxdu. Allahdan başqa heç kəs yoxdu. Bir mahal vardı yer üzündə. Laləli, ceyranlı, turaclı düzləri, yamaclı dağları, durnagözlü bulaqları, marallı, yaşıl meşələri baxanları heyran qoyurdu. İlxı-ilxı atları, sürü-sürü qoyunları saya gəlməzdi onların. Öz halal zəhmətləri ilə əkər, biçər, yaşayardılar. Kimsənin varında, dövlətində gözləri olmazdı bu elin. Dəliqanlı igidləri at belində quş kimi səkər, qılınc oynadardılar. Dəmirçilər kəndi adlanırdı bu mahal. Öz işlərinin mahir ustası olan dəmirçilər qol gücü, zindan və alın təri hesabına düzəltdikləri qılıncları ilə ad çıxarmışdılar.

El yığışıb ağsaçlı bir müdrik insanı özlərinə başçı seçmişdilər. Adına Hacı Bədəl deyirdilər. Dünya dağılsaydı belə onun bir sözünü iki edən olmazdı. Hörməti hörmət, ehtiramı ehtiram idi Hacı Bədəlin. Qan-qada ilə işi olmazdı onun. Çalışardı ki, yıxılana əl tutsun, acın qarnın doydursun. Cavanlara həmişə düz yol göstərərdi. Deyərdi ki, yol çəkin dağlara, ağac əkin, obalara bulaq açın. Nahaq qan axıtmayın, tər axıdın. İşiniz onda uğurlu, yollarınız nurlu, aydın olar,- deyərdi həmişə. Qocalar da, cavanlar da, kəndin ağsaqqalı da, qarasaqqalı da Hacı Bədəl kimi müdrikin sözlərini həmişə sırğa edərdi qulaqlarında.  Amma xəbis, paxıl insanlara rast gəlməyəsən. Uzaq diyarlardan bura gələnlərin gözləri götürməzdi bu firavanlığı, bu bolluğu. Həmişə də savaşla bu iş yekunlaşardı, qan tökülərdi, Neçə igid qurban verərdi öz canını el yolunda, yurd yolunda.

Bu kənd vüqarlı dağların qoynunda yerləşirdi. Dağların arasından kükrəyib axan Ağa çayından  camaat hər işində istifadə edərdi. Hacı Bədəl bir gün kəndin adamlarını toplayıb dedi, nə vaxtacan biz yadellilərlə vuruşub, öz igid oğullarımızı  itirəcəyik. Gəlin, o biri kəndlərlə birləşək, həmrəy olaq və onlara qarşı mübarizə aparaq. Amma bu kəndi o biri kəndlərdən kükrəyən  çay ayırırdı. Hacı Bədəl öz xərci hesabına kəndlərin arasındakı Ağa çayı üzərində körpü salmaq üçün camaatı topladı, fikrin bildirdi. Bütün mahal bu işə razılıq verdi. Kəndin camaatı əl- ələ verib körpü saldılar. Körpü kükrəyən, yaz gələndə yerə-göyə sığmayan, hər an kükrəyib daşan dağ çayının üstündə salınır. Heç vaxt ram olmayan, dəlisov dağ çayının üstündə salınan körpü tağbənd formasında, ortasında dayaqlar olmadan tikildi ki, kükrəyib daşan dağ çayı məcrasından çıxanda heç bir şeyi uçurtmadan maneəsiz axsın.

Yadelli tayfa başçısının qızı neçə illər idi ki, Hacı Bədəlin oğlunu sevirdi. Onları bir-birindən yalnız düşmənçilik bağları ayırırdı. Vaxt tapanda meşədə bir ormanda görüşür, öz eşqlərinə sadiq qalacaqlarına and içmişdilər. Qız bir gün oğlan paltarı geyinib, vəfalı qaravaşı ilə körpünü keçib sevgilisi ilə görüşmək istəyir. Çayın üstündə dayanmış cəngavər şübhələnir, onu sorğu- suala tutmaq istəyəndə niqablı pəhləvan qılınca əl atır. Döyüşdə cəngavərin vurduğu qılıncın zərbəsindən körpü iki bölünür, sınır və qız çaya düşür. Qızın başından dəbilqəsi düşür, uzun qara saçları suyun üzündə ilan kimi qıvrılır. Dəlisov çayın hökmdarı qızın gözəlliyi qarşısında ram olur, kükrəmir, qızı sağ-salamat çayın sahilinə çıxarır. Mahalın başçısı Hacı Bədəl bundan xəbər tutur və qıza heç bir xətər toxunmadan öz elinə qaytarmağı əmr edir. Qız and içir ki, məni öz elimə qaytarsaz, özümü həlak edərəm. Bu xəbər qızın atasına çatır. Gözünün ağı-qarası bircə balasından keçə bilmir. Ona görə deyirlər ki, övlad adamı düşmən qapısına da aparar. O, Hacı Bədəlin hüzuruna gəlib, düşmənçilikdən əl çəkdiyi bildirir. Aralarında barışıq olur. Müdrik el atası bir oğluna, sonra qıza baxır, əllərini alnına qoyub xeyli düşünəndən sonra deyir:

- Belə bir gözəl düşmənçilik yox, yalnız sülh yarada bilər.

Bu sözləri eşidən qızın yanaqları lalə kimi qızarır, ala gözlərində yaş damlaları parlayır:

- Hökmdar sağ olsun, mən bu oğlanı sevirəm və söz verirəm ki, ömrümün sonuna qədər ona naxələf çıxmayacağam - deyir.

Müdrik tayfa başçısı öz elini başına yığır, toy tədarükü görmələrini əmr edir. Elə həmin gün toy tədarükü görülür. Yeddi gün, yeddi gecə toy edirlər. Onlar yeyib-içib yerə keçdilər, siz də yeyin, için, xoş gün keçirin.

 

Sınıq Körpü isə sonradan düzəlsə də elin dilində sınıq körpü kimi qalır. Müdrik insanlar sevən ürəklərin körpülərini tikdilər.

Indi də bu körpü el arasında Sınıq körpü adı ilə məşhurdur. Bu körpü Qubadlının Dəmirçilər kəndindədir.

 

“Ədəbiyyat və incəsənət”

(31.01.2025)

 

Murad Vəlixanov, “Ədəbiyyat və incəsənət”

 

İnsan bu həyatda ədalətsizliyə, haqsızlığa qarşı bir cür mübarizə aparır. Belə insanlardan biri də el qəhrəmanı hesab edilən Qaçaq Nəbi idi ki, haqqında film çəkilibdir.

 

Film rejissorlar Həsənağa Turabov və Əbdül Mahmudovun səyi nəticəsində 1985-ci ildə lentə alınmışdır. Şahənşah və adamları Nəbinin zəif nöqtəsinin yerli əhali olduğunu bilirdi. Buna görə də kəndlərə tez-tez basqınlar edib, əhalinin mallarını talan edir, əhaliyə isə divan tuturdular. Bundan xəbər tutan Nəbi kəndə enərək həm əhalinin talan edilən malını təlafi etməklə yanaşı, şahənşahın adamlarından birini ələ keçirərək cəzasını verir. Nəbi hər nə qədər şahənşahın adamları ilə mübarizə aparsa da onun əsas düşməni şahənşaha bağlı olan Səlim bəy idi. Bu şəxs çox çalışsa da Nəbini heç cür ələ keçirə bilmirdi. Səlim bəy sonda bunu bir kəndli üzərindən etməyi bacardı. O Nəbinin silaha və patrona ehtiyacı olduğunu bilirdi. Buna görə də kəndliyə silahları verib Nəbini tapşırdığı yerə çağırmasını istədi. Nəbi silahları götürməyə hazırlaşırdı ki, Səlim bəy onun başının üstünü kəsərək Nəbini yaxaladı Nəbinin ələ keçirildiyini eşidən həyat yoldaşı Həcər gecə ilə həbsxanaya basqın edib onu ordan çxartdı. Həcər ən azı Nəbi qədər cəsur və qorxmaz  idi. Nəbi və həyat yoldaşı zamanında xalq düşmənlərinə möhkəm qan uddurdular. Lakin fələk Həcər və Nəbiyədə zərər verdi. Oğlu olacağını öyrənən Nəbi bunun sevincini yaşamadan ikisi arasında seçim etmək məcburiyyətində qaldı.  Çünki uşaq dünyaya gəlsəydi Həcərin yaşamaq şansı az idi. Buna görə də Nəbi oğlunu yox, yol yoldaşını, həmdəmini seçdi.

Zamanında ermənilər  “Qaçaq Nəbi”nin çəkilməsinə maneə törətmək üçün çox yola əl atdılar. Çünkü Nəbi ermənilərin də başına od ələmişdi. Lakin bu düşüncəsiz yaratıqlar Qara Nəbi ilə Qaçaq Nəbini bir-biri ilə qarışdırmışdılar. Ermənilər çox çaba sərf etmələrinə baxmayaraq film çəkildi və çox uğurlu alındı. Ermənilər yalnız filmin adını dəyişdirməyə nail ola bildilər.

Siz, siz olun zülmə,  ədalətsizliyə qarşı səssiz qalmayın. Hər vəclə zülmə qarşı durmağı bacarın. Məhəmməd Peyğəmbər buyurur:  “Zülmə qarşı səsini çıxarmayan dilsiz şeytandır” 

 

“Ədəbiyyat və incəsənət”

(31.01.2025)

 

 

Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”

 

Kül Tigin (684–731) Göytürk xaqanlığının görkəmli sərkərdələrindən və dövlət xadimlərindən biri olmuşdur. O, ikinci Göytürk xaqanlığının qurucusu Qapağan xaqanın qardaşı oğlu və Bilgə xaqanın kiçik qardaşı idi. Kül Tigin Göytürk imperiyasının yenidən qurulmasında mühüm rol oynamış və bir sıra uğurlu hərbi yürüşlər həyata keçirmişdir.

Kül Tigin 684-cü ildə doğulmuş və gənc yaşlarından hərbi sahədə bacarıqlı bir sərkərdə kimi tanınmışdır. 716-cı ildə Qapağan xaqanın ölümündən sonra Göytürk xaqanlığında hakimiyyət uğrunda çəkişmələr başlayıb. Kül Tigin qardaşı Bilgə xaqanı taxta çıxarmaq üçün mübarizə aparıb və onu xaqan elan edib. O, daxili sabitliyi təmin etməklə yanaşı, Göytürk dövlətinin ərazilərini genişləndirmək və möhkəmləndirmək üçün bir sıra uğurlu yürüşlər həyata keçirmişdir.

 Göytürk xaqanlığının düşmənlərinə – Çin, Qırğız, Türgiş və digər xalqlara qarşı çoxsaylı uğurlu yürüşlər təşkil etmişdir. O, xüsusilə Çin Tang sülaləsinə qarşı döyüşlərdə cəsarətli və məharətli bir sərkərdə kimi fərqlənmişdir. Onun rəhbərliyi altında türklər Çinin böyük ordularını bir neçə dəfə məğlub etmiş və müstəqilliklərini qoruyub saxlaya bilmişlər.

 731-ci ildə vəfat etmişdir. Onun şərəfinə Orxon çayının sahilində möhtəşəm bir abidə ucaldılmışdır. Bu abidə Göytürk yazılı mənbələrinin ən mühüm nümunələrindən biridir və türklərin tarixi, dili və mədəniyyəti haqqında dəyərli məlumatlar ehtiva edir. Abidə məşhur türk yazıçısı Yolluğ Tigin tərəfindən yazılmış və orada Kül Tiginin şücaətləri, Göytürk xaqanlığının tarixi və türklərin birlik çağırışları təsvir olunmuşdur.

Həmin abidədən bir neçə nümunəyə nəzər yetirək:

  "Türük bodunıŋ iti bar erti, iti yitit, tabğaçka barmış, tabğaç kişi olmuş."
(Türk xalqının dövləti var idi, dövlətini itirdi, Çinə getdi, Çin insanı oldu.)

  "Üze kök tengri asra yağız yer kılındukda, ekin ara kişi oğlı kılınmış."
(Yuxarıda mavi göy, aşağıda qara yer yaradıldıqda, ikisinin arasında insan övladı yaradılmışdır.)

  "Kül Tigin ertin, bu ödke ol ertin, yime olma kerek."
(Kül Tigin var idi, bu dünyada var idi, yenə də olmalıdır.)

  "Türük bodun tokuz oğuz budun kop ögdim, alpta."
(Türk xalqı və doqquz Oğuz boylarını çox yüksəltdim, igidlik göstərdim.)

  "Küç birlə ança yablakınta, ança budun erti."
(Güc ilə o qədər ölkəni aldım, o qədər xalq var idi.)

 Kül Tigin türklərin tarixində böyük iz qoymuş qəhrəman və sərkərdədir. Onun adı Göytürk imperiyasının ən parlaq dövrlərindən biri ilə bağlıdır. O, yalnız hərbi istedadı ilə deyil, həm də dövlətçiliyi və millətini qorumaq yolunda göstərdiyi fədakarlıqları ilə tarixdə əbədi yerini tutmuşdur.

 

Kül Tigin və İlahi qılınc

 Göytürk xaqanlığının ən çətin dövrlərindən biri idi. Qonşu tayfalar türklərə qarşı birləşmiş, onların torpaqlarına hücum etməyə hazırlaşırdılar. Xalq narahat, döyüşçülər isə savaşa hazır idi. Bu ağır günlərdə türklərin ümid yeri Kül Tigin idi.

Bir gün Kül Tigin çadırında oturub dərin düşüncələrə dalmışdı. O bilirdi ki, qarşıdakı döyüş həlledici olacaq. Lakin düşmənlər çox güclü idi, onların ordusu daha böyük və daha yaxşı silahlanmışdı. Qəfildən bir yuxuya daldı. Yuxusunda o, ucsuz-bucaqsız bir çöldə dayanmışdı. Birdən səmadan nəhəng bir qartal endi və ona tərəf uçdu. Qartalın gözləri göy ildırımları kimi parlayır, qanadları isə qara buludları xatırladırdı. O, Kül Tiginin qarşısında dayanıb insan kimi danışmağa başladı:

– Ey türk elinin igid oğlu! Qılıncın güclüdür, amma sənə ilahi bir silah lazımdır ki, düşmənlərini məğlub edəsən. Get, Altay dağlarının zirvəsinə qalx, orada səni ulu əcdadlarının qılıncı gözləyir. Bu qılınc yalnız türk xalqını qoruyan əsl xaqana qismət olur!

 Kül Tigin yuxudan oyanar-oyanmaz dərhal yola düşdü. O, təkbaşına Altay dağlarını aşaraq zirvəyə doğru irəlilədi. Günlər keçdi, lakin o, geri dönmədi. Döyüşçüləri və xalqı narahat idi. Nəhayət, səhərin erkən çağında Kül Tigin geri qayıtdı. O, əlində parlayan bir qılınc tutmuşdu – qılıncın tiyəsi sanki alovdan idi, o qədər iti idi ki, havanı belə kəsirdi.

 Bu qılınc ilə Kül Tigin qoşununa rəhbərlik etdi və düşmən üzərinə hücuma keçdi. Düşmənlər türklərin gücünü gördükdə qorxuya düşdülər. Kül Tiginin qılıncı elə bir gücə malik idi ki, onun toxunduğu hər düşmən silahını yerə atır, qaçmağa çalışırdı.

Qələbədən sonra Kül Tigin xalqına belə səsləndi:

– Bu qılıncın gücü sadəcə metalında deyil. Onun gücü xalqımızın birliyində, inamında və ədalətindədir. Biz bir olduqca, türk eli heç vaxt məğlub olmayacaq!

 O gündən sonra bu qılınc “İlahi qılınc” adlandı və nəsildən-nəslə ötürülərək türk xaqanlarının ən müqəddəs əmanəti sayıldı. Türklər isə həmişə inanırdılar ki, onların birlik və gücü qorunduğu müddətcə, həmin qılıncın ruhu onları daim müdafiə edəcək.

 

“Ədəbiyyat və incəsənət”

(31.05.2025)

 

 

 

 

 

Əli Çağla, “Ədəbiyyat və incəsənət”, Güney Azərbaycan təmsilçisi

 

Azərbaycan Ədəbiyyat Fondunun təşkilati  dəstəyi ilə “Ədəbiyyat və incəsənət” portalında həyata keçirilən “Güney Azərbaycan Ədəbiyyatının təbliği” layihəsində bu gün sizlərə Mir Camal Hüseyni (İncik) öz şeirlərini təqdim edəcək.

Son bir ildə böyük oxucu auditoriyası toplayan və hər iki Azərbaycanda sevilərək izlənən layihəmiz davam edir. 

 

 

 

Mir Camal Hüseyni (İncik)

 

 

ÖZÜN VƏ ÖZÜN 

 

Bəzən həyatda özün olursan 

Bir də özün. 

Və özündən o yana bir uçurum 

Düşünəndə içindəki şah qaçılmaz mat durumunu 

Bir intiharlıq hərəkətə bağlamış

Oynamaq nəyə lazım? 

Arxada səhifənin sonu 

Yanlarda qarşısı bağlı fiqurlar! 

Və açmazın çarəsiz cəbri. 

Artıq bir özünsən 

Bir də özün

Və özündən o yana bir uçurum. 

 

 

RAKET

 

Dənizin yuxusun diskinir bir an, 

Su altı gəmidən sıçrayan raket. 

Göylərdə gecənin bağrında süzür, 

Hansısa talelər düşünür raket. 

Görəsən kimlərin ömür saatı, 

Aslanıb qorxulu partlayışından. 

Görəsən nə qədər talelər sabah, 

Çökəcək partlayış anlayışından. 

Bu gediş kimlərin bildirişidir? 

Hansı senatorun göstərişidir? 

Hər nəsə göylərdə bir ulduz axır,

Şerimin gözləri nigaram baxır. 

Sabah hansı qəzet satılacaqdır? 

Görən hansı vəzir qovulacaqdır? 

Hamı Facebookda təhlilə cumub

Bütün qruplarda təzkərə qurub 

Ala göz gözəllər səhifə arası 

Reklamlar vuracaq ürək yarası. 

Prezident xalqına təsliyyət verib

BMT bu işə təəssüf deyib, 

Sabah başlayacaq məscidlərdə yas, 

Sabah kilsələrdə “Fi südur əlnas”. 

Yeddi min insanı yad edəcəklər,

Zalımı təkbirlə ad edəcəklər. 

Kimsə də pərdənin arxa tayında 

Gülür qərq olduqca pulun sayında. 

Onun taleyinə bir təəmmül et, 

Talelər dəyişən, ay uçan raket!..

 

 

DUSTAQ ÖPÜŞ

 

Səni arzulardan ala bilmədim, 

Sən əl çatmaz duyğu, sən çətin şeir. 

Sən dilək göyündə yenilməz ulduz, 

Səni taleyimə sala bilmədim. 

Yoruldu mahnılar gəl-gəl deməkdən, 

Ağladı şerimə ümidsiz qələm. 

Dinlədim yalnızlıq döyüntüsündən

Ümidsiz ümidim aldanır hələm. 

Azdıqca o türlü xatirələrdə, 

Daha görünmədi sevginin üzü. 

Daldıqca illərdə zaman duyğusu, 

Neyləyim, özləmin yatmadı gözü. 

Azadlıq almadı dodaqlarından

Dustaq həyatını yaşayan öpüş. 

Ağardı saçımda intizar gözü, 

Gizləndi vədəndə yalançı görüş. 

 

 

PƏRDƏLİ PƏNCƏRƏMİZ

 

Gecədir, pərdəlidir pəncərəmiz, 

Və yağışdır ki, sükuta nəsə bir sözdüdeyir.

Bax yerin fırlanışından burada yoxduxəbər, 

Ah mənim sübhə qədər çatmayacaq sanki yaşım,

Odur çallaşdı başım. 

Gözümün təkcə önündə hava durmuşdu mənim 

O havadan deyil ancaq nəfəsim. 

O havanın zəhərindən qoxuyur günlərimiz, 

Bu qara bəxt bəsim. 

Daha mən arzularımdan nə qədər daldalanım?! 

Ürəyimdən utanım?! 

Bu qaranlıqda xəyaltək harasa uçmalıyam 

Diləyi tapmalıyam. 

Ona mən könlümü göstərməliyəm 

O da mən çəkdiyim ağır yükün ağır çəkisin bilməlidir

O da bilsin ki gərək könlümü az didməlidir. 

Harasa getməlidir 

Gecədir pərdəlidir pəncərəmiz 

Və yağışdır ki, sükuta nəsə bir sözdüdeyir.

 

“Ədəbiyyat və incəsənət”

(31.01.2025)

“Ədəbiyyat və incəsənət” portalının məşhur EVDƏ MƏSLƏHƏTÇİ rubrikası uzun susqunluqdan sonra yenidən dilə gəlir. Bu dəfə sizlərə güneyli soydaşımız, psixoloq və doktor Hüseyn Şərqidərəcə (Soytürk) “Şizofreniyanın əlamətləri və müaliçəsi hansılardır” mövzusunda mühazirə oxuyacaq.

 

1-Cİ SÖHBƏT

Şizofreniya hezeyanlar, eşitmə və vizual halüsinasiyalar, katatoniya və digər simptomlar kimi simptomlara səbəb olan psixi pozğunluqlardan biridir. Bu xəstəliyin dəqiq müalicəsi yoxdur, ancaq dərman vasitəsi ilə onu idarə etmək olar. Bu xəstəliyin müalicəsi üçün bir nevroloqa müraciət etməlisiniz.

 

Şizofreniyanın səbəbləri nələrdir?

 

Şizofreniya, insanların təbii olaraq reallığı anormal şəkildə şərh etdiyi ciddi bir psixi pozğunluqdur. Şizofreniya hallüsinasiyalara, hezeyanlara və gündəlik fəaliyyətə mane olan və zəiflədə bilən ağır psixi və davranış pozğunluqlarına səbəb ola bilər.

Şizofreniya insanın düşüncə, hiss və qavrayışına təsir edən beyin pozğunluğudur. Şizofreniyanın əsas simptomları eşitmə halüsinasiyalar və hezeyanlar (yalan və yalan inanclar) kimi dəlilik əlamətləridir.

 

Özünüzdə və ya ətrafınızdakılarda şizofreniya əlamətlərini görürsünüzsə, nevroloq və ya psixoloqa müraciət etməyiniz daha yaxşıdır.

Psixiatr və ya psixoloq axtarırsınızsa, həkiminizin onlayn qəbulu saytına daxil olaraq psixiatr və psixoloqların siyahısına keçib ən yaxşı həkimdən qəbula yazılmaq üçün istədiyiniz şəhərdə nevrologiya və ya psixologiya ixtisasına daxil ola bilərsiniz.

 

Şizofreniya nədir?

 

Populyar inancın əksinə olaraq, şizofreniya xəstələri bölünmüş və ya çoxşaxəli şəxsiyyətə malik deyillər, lakin şizofreniya psixoz və dəlilikdir, insanın təsəvvür etdiyinin real olmadığı ən çox yayılmış psixi xəstəliklərdən biridir. Bəzi hallarda psixi pozğunluğu olan insanlar reallıqla əlaqəni itirirlər. Ətrafdakı dünya çaşqın düşüncələrin, təsvirlərin və səslərin anlaşılmazlığı kimi görünə bilər. Şizofreniya xəstələrinin davranışları çox qəribə və hətta şok edici ola bilər.

 

Şizofreniya insanların instinktiv olaraq reallığı anormal şəkildə şərh etdiyi ciddi psixi pozğunluqdur.

 

Şizofreniyanın şiddəti insandan insana dəyişir. Bəzi insanlar yalnız bir dəfə dəlilik dövrünü yaşayır, bəziləri isə həyatları boyu bir neçə dəlilik dövrünü yaşayır və bu dövrlər arasında nisbətən normal bir həyat yaşayırlar. Şizofreniya simptomları residivlər və irəliləmələr kimi tanınan dövrlərdə pisləşir və yenidən yaxşılaşır.

 

Əsasən xroniki və zəifləyən şizofreniya xəstələri cəmiyyətdə, işdə, məktəbdə və münasibətlərdə çox vaxt problemlər yaşayırlar. Şizofreniya uzun müddət davam edən, müalicəsi olmayan, lakin idarə oluna bilən bir xəstəlikdir. Şizofreniya xəstələrinin ömürlük müalicəyə ehtiyacı var. Erkən müalicə ciddi fəsadlar inkişaf etməzdən əvvəl simptomları idarə edə bilər və uzunmüddətli proqnozu yaxşılaşdırmağa kömək edə bilər.

Şizofreniya hər yaşda görünə bilsə də, adətən yeniyetməlik və ya yaşın 20-ci illərinin əvvəllərində müşahidə olunur. Xəstəlik kişilərə və qadınlara bərabər təsir göstərir, baxmayaraq ki, simptomlar adətən kişilərdə (10 və 20 yaşlarında) və qadınlara nisbətən daha tez (20 və ya 30 yaşlarında) görünür. Ancaq simptomların erkən başlaması xəstəliyin şiddəti ilə əlaqələndirilir.

 

Şizofreniyanın başlanğıc yaşı

Şizofreniya hər yaşda görünə bilsə də, adətən yeniyetməlik və ya 20-ci illərin əvvəllərində müşahidə olunur.

Şizofreniyanın əlamətləri hansılardır?

Şizofreniya simptomları fərqli ola bilər, lakin adətən halüsinasiyalar, hezeyanlar və ya nitq pozğunluğunu ehtiva edir və funksiyaların pozulmasını əks etdirir. Əslində, şizofreniya aşağıdakı simptomları ehtiva edir:

 

Performansda dəyişiklik

Düşünmək

Hiss

Qavrama və idrak

İnsanın davranışı və şəxsiyyəti.

Həmçinin, insan müxtəlif vaxtlarda müxtəlif davranış növləri göstərə bilər. Şizofreniyanın ən çox görülən simptomları aşağıda qeyd olunduğu kimi müsbət simptomlar, koqnitiv simptomlar və mənfi simptomlar daxil olmaqla bir neçə kateqoriyaya təsnif edilə bilər.

Şizofreniya hər yaşda görünə bilsə də, qeyd etdiyimiz kimi, adətən yeniyetməlik və ya 20 yaşlarda müşahidə olunur.

 

Şizofreniyanın ən vacib əlaməti hansıdır?

Şizofreniyanın müxtəlif simptomları var, bəziləri daha vacibdir, çünki onları görəndə dərhal şizofreniyadan şübhələnmək olar. Bu simptomlar daha çox insanın yaşadığı və xaricdə mövcud olmadığı hallarla bağlıdır. Məsələn, şizofreniya xəstəsi halüsinasiyalar və hezeyanlar yaşayır. Bir şəxs bu simptomları göstərdikdə, psixotik ruhi xəstəlikdən və şizofreniya kimi pozğunluqlardan şübhələnməlidir.

 

Xəstə başqalarının görə bilmədiyi, eşitmədiyi və hiss edə bilmədiyi səsləri, təsvirləri və problemləri qeyd edərsə, daha ətraflı araşdırmalar üçün nevroloq və ya psixoloqa müraciət edilməlidir.

 

Şizofreniyanın müsbət əlamətləri hansılardır?

Bu simptomlar reallığa əsaslanmır və bəzən psixozun simptomları arasındadır, məsələn:

1. delirium

Qəribə inanclar var ki, onların kökü reallığa söykənmir və insan faktlarla üzləşdikdən sonra da təslim olmaz. Məsələn, əzab çəkən insan öz fikirlərini başqalarının eşidə biləcəyi və ya onların Allah və ya şeytan olduqları, ya da insanların öz fikirlərini insanın beyninə qoyan və ya onlara qarşı sui-qəsdlər quranların olması kimi xəyallardan əziyyət çəkir. Şizofreniya xəstələrinin əksəriyyətində hezeyanlar müşahidə olunur.

 

2. Aldanma

Bu, real olmayan hissləri dərk etməyi əhatə edir. Şizofreniya xəstələrində ən çox rast gəlinən halüsinasiyalar səsləri eşitməkdir. Bu səslər insanın davranışı, onu təhqir və hörmətsizlik və ya əmr verməklə bağlı ola bilər. Nadir görülən digər hallüsinasiya növlərinə orada olmayan şeyləri görmək, qəribə qoxular, ağzınızda qəribə dad və heç bir şey bədəninizə toxunmasa da, dərinizdə bir şey varmış kimi hiss etmək daxildir.

 

Şizofreniyanın əlamətlərindən biri katatoniyadır.

Katatoniya, bir insanın fiziki olaraq uzun müddət müəyyən bir vəziyyətdə sabitləndiyi və heykəl kimi sözdə olduğu bir vəziyyətdir.

Şizofreniyanın pozulmuş simptomları, insanın aydın düşünə bilmədiyini və lazımi cavab verə bilmədiyini göstərən bir növ müsbət simptomdur. Bu narahat simptomlara misallar daxildir:

 

Mənasız cümlələrlə danışmaq və ya bir insanın ünsiyyətini və ya söhbətdə iştirakını çətinləşdirən uyğun olmayan terminlərdən istifadə etmək.

Aralarında aşkar və ya məntiqi əlaqə olmadan bir düşüncədən digərinə sürətli keçid

yavaş hərəkət

Qərar qəbul edə bilməmək

Çox yazıram, amma mənası yoxdur

Bir şeyi unutmaq və ya itirmək

Gəzinti və ya kimi bir sıra hərəkət və ya davranışların təkrarlanması. Bir dairədə gəzmək

Şizofreniyanın mənfi əlamətləri hansılardır?

Darıxmayın. Söhbətimiz çox uzun çəkdi deyə bunu da gələn səfərə saxlayıram. Görüşərik.

 

“Ədəbiyyat və incəsənət”

(31.01.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.