Fatimə Məmmədova, “Ədəbiyyat və incəsənət”
Dünən, 25 dekabr tarixində 2024-cü ildə AZAL-a məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğramasının ildönümü idi. Bakı–Qroznı reysi ilə uçan təyyarədə 67 nəfər var idi: 62 sərnişin və 5 ekipaj üzvü. Qəza nəticəsində 38 nəfər həlak olmuş, 29 nəfər isə ağır xəsarətlərlə sağ qalmışdı...
Araşdırmalara görə, təyyarə Rusiya hava məkanında səhvən “Pantsir-S” hava müdafiə sistemi tərəfindən vurulub. Zərbə hidravlik sistemi sıradan çıxarıb və idarəetmə itirilib. Ekipaj təyyarəni Aktauya qədər çatdıra bilsə də, hava limanından 3 kilometr aralıda qəza baş verib.
Həlak olanlar arasında kapitan İqor Kşnyakin, birinci pilot Aleksandr Kalyaninov və stüardessa Hökumə Əliyeva var. Onlara ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.
AZAL və Azərbaycan dövləti zərərçəkənlərə dəstək göstərib. Yaralılara 20 min, həlak olanların ailələrinə isə 40 min manat kompensasiya və sığorta ödənişləri edilib.
Qəzadan sağ çıxan qadın şahidlərdən biri deyir:
“31H-da pəncərəyə yaxın otururdum. Yanımda bir kişi var idi. Lakin onun sənədlərində problem olduğuna görə, onu düşürdülər və təyyarəni tərk etməli oldu. Mənim isə yanım boş qaldı. O zaman panika yarandı. Qarşımda oturan Məhəmməddən (o zaman heç adını da bilmirdim) mənimlə oturmasını xahiş etdim. Qorxudan o qədər qışqırırdım, ağlayırdım ki, hətta Məhəmmədin qolunu çox bərk sıxmışdım. Düşünürdüm ki, yanımda kişi xeylağı var deyə heç nə olmayacaq. Mən onu yanıma çağıranda heç inanmazdım ki, bir insanın həyatı mənim sayəmdə xilas olacaq”.
Məhəmməd isə bildirir:
“30H-da oturmuşdum. Təyyarə qəzaya uğrayarkən məhz 30-cu yerdən dağılmışdı. Mən əgər həmin gün qadının yanına keçməsəydim, bəlkə də ölmüşdüm”.
“Ədəbiyyat və incəsənət”
(26.12.2025)


