İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Qazax mahalının adı gələndə yada məşhur şairlər, aşıqlar, alimlər, generallar, pəhləvanlar gəlir, düzdürmü? Amma bu sırada bir məşhur rəqqasə də var.
Bu gün onun anadan olmasının 106-cı ildönümüdür.
Azərbaycan rəqs sənətinin ən görkəmli xanım nümayəndəsi olan Əminə Dilbazi 26 dekabr 1919-ci ildə Qazaxda anadan olub. İlk təhsilini 132 saylı məktəbin rus bölməsində alıb. Səhnə fəaliyyətinə 1935-ci ildə başlayan rəqqas ilk əvvəl estradada milli rəqslərin ifaçısı kimi çıxış edib. 1935-ci ildə ilk dəfə səhnəyə çıxaraq Üzeyir Hacıbəyovun bəstələdiyi "Kolxoz çölləri" mahnısını ifa edib. 1939-cu ildən xalq rəqslərini səhnəyə qoyub.
O, 1936–1969-cu illərdə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası Mahnı və Rəqs Ansamblının solisti olaraq çalışıb və burada müxtəlif illərdə rəqs qrupuna rəhbərlik edib. Əminə Dilbazi 1959-cu ildə Azərbaycan Tibb İnstitutunun yaratdığı "Çinar" tələbə rəqs kollektivinə, 1962–65-ci illərdə Azərbaycan mahnı və rəqs ansamblına, 1967–68-ci illərdə isə "Sevinc" rəqs ansamblına rəhbərlik edib.
1949-cu ildən Xoreoqrafiya Məktəbində pedaqoji fəaliyyət göstərib.
Əminə Dilbazi bir çox filmlərdə rəqslərə quruluş verib. O, Azərbaycan Dövlət filarmoniyasının səhnəsində oynanılan "Dədə Qorqud", "Azərbaycan toyu", "Bir bağçanın gülləri" səhnə əsərlərində əsas partiyaların ifaçısı olub. Onun oynadığı "İnnabı", "Tərəkəmə", "Vağzalı", "Turacı", "Naz eləmə" rəqsləri xüsusilə məşhurdur.
Repertuarına rus rəqsləri, ukrayna rəqsləri, özbək rəqsləri, ərəb rəqsləri də daxil olan Əminə Dilbazi "Leyli və Məcnun" operasında, "Arşın Mal Alan" və "O olmasın bu olsun" komediyalarında və s. əsərlərdə də rəqslərə quruluş verib. Azərbaycan musiqili komediya teatrında, habelə erməni, osetin, özbək ansambllarında rəqsləri tamaşaya qoyub. "Arşın mal alan", "Ulduz", "Yallı", "Sevinc" filmkonsertində lentə çəkilib.
Filmoqrafiya
1. Axşam konserti (film, 1948)
2. Qəzəlxan (film, 1991)
3. Mən mahnı qoşuram (film, 1979)
4. O olmasın, bu olsun (film, 1956)
5. Payız konserti (film, 1962)
6. Arşın mal alan (film, 1965)
7. Beş dəqiqəlik konsert (film, 1941)
8. Prima (film, 1994)
9. Ulduz (film, 1964)
10. Sevinc (film, 1968)
Mükafatları
- "Azərbaycan SSR xalq artisti" fəxri adı
- "Azərbaycan SSR əməkdar artisti" fəxri adı
- "İstiqlal" ordeni
- "Şərəf nişanı" ordeni
- "Xalqlar Dostluğu" ordeni
Əminə Dilbazi 2010-cu il aprelin 30-da Bakı şəhərində 90 yaşında vəfat edib. Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(26.12.2025)


