Türk dünyası bir insan olsaydı, onun xarakteri necə olardı? Featured

Nigar Xanəliyeva, “Ədəbiyyat və İncəsənət”

 

Türk Mədəniyyəti və İrsi Fondu ilə “Ədəbiyyat və incəsənət” portalının birgə layihəsində bugünkü mövzumuz fərqlidir. Türk dünyası bir insan olsaydı, onun xarakteri necə olardı?

 

Türk dünyası bir insan olsaydı, o, susaraq çox şey danışanlardan olardı. Çünki onun sükutu tarixi yaddaşından gəlirdi. Min illərin səs-küyünü, at nalının torpağa vurduğu izi, yurd yerinin külünü içinə yığmışdı. Elə buna görə də, o, çox danışmağa ehtiyac duymazdı, o artıq bunları iliklərinə qədər yaşamışdı.

 Bu insan uzaq yolların adamı olardı. Harada doğulduğunu soruşanda konkret ünvan deməkdə çətinlik çəkərdi. “Bozkırda” deyərdi. Çünki onun vətəni bir şəhər yox, Türkün qədəminin dəydiyi bütün ünvanlar idi. Yerində dura bilməyən, amma köksüz də olmayan bir ruh… Gedərdi, lakin izsiz yox.

 Xarakterində ziddiyyətlər çox olardı. Eyni anda həm sərt, həm mərhəmətli. Düşməninə qarşı qılınc kimi kəskin, dostuna qarşı çörək kimi bölünən. Tarix onu savaşçı kimi tanıyıb, amma o bilirdi ki, hər döyüşdən sonra saz çalınmasa, qələbə yarımçıqdır. Ona görə də qılıncla yanaşı sözü, güclə yanaşı nəğməni də daşıyırdı.

 Türk dünyası insan olsaydı, sadiq olardı. Söz verdinsə, canınla cavabdehsən. Çünki Türk üçün söz namusdur. Bu sadiqlik bəzən onu aldadılmış edərdi, amma o, xəyanətdən çox, sədaqətə inanmağı seçərdi. Çünki onun əxlaqı fayda üzərində yox, şərəf üzərində qurulmuşdu.

 O, təkəbbürlü olmazdı. Böyük imperiyalar qurub dağıtmış bir insanın içində qəribə bir təvazö var idi. Bilirdi ki, torpaq heç kimi əbədi saxlamır. Bugün xaqansan, sabah ad. Bu səbəbdən varlığı ilə deyil, izi ilə öyünərdi.

 Ən çox da yaddaşı ağır olardı. Unudulmuş adları, yarımçıq qalan yurdları, zamanında bir-birindən ayrı düşmüş qardaşları xatırlayardı. Bəzən gecələr bu yaddaş onu yuxusuz qoyardı. Amma yenə də kinli olmazdı. Çünki o, nifrətlə yox, dözümlə yaşamağı öyrənmişdi.

 Ədəbiyyatı soruşsan, deyərdi ki, onun şeiri at belində yaranıb. Tarixi isə təkcə kitabda yox, daşda, dastanda, bayatıda yazılıb. O, özünü yazmaqdan çox, yaşamaqla iz buraxan insan tipidir.

 Türk dünyası bir insan olsaydı, bu gün bir az yorğun görünərdi. Çox parçalanmış, çox danışılmış, az dinlənmiş… Amma gözlərində hələ də o köhnə işıq olardı. Qayıdışın, xatırlayışın, yenidən bir araya gəlməyin işığı.

 Və ən sonda, bu insanın ən böyük xüsusiyyəti bu olardı ki,

o, hələ də ümid edərdi.

Çünki türk olmaq təkcə keçmişin yükünü daşımaq deyil, gələcəyin məsuliyyətini də səssizcə çiyinlərində saxlamaqdır.

 

“Ədəbiyyat və incəsənət”

(26.12.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.