İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
1964-cü ildə çəkilmiş “Sehirli xalat” filminin uşaqlarının əksəriyyəti sonradan kino və teatra gəldilər, aktyorluğu seçdilər.
Səidə obrazı necə, yadımızdadırmı?
Bax onu oynayan 15 yaşlı qızcığaz Almaz Mustafayevanın da bu rol həyatını kinoyla bağlamasına səbəb oldu.
Almaz Mustafayeva 1 oktyabr 1949-cu ildə Ağdam şəhərində doğulub. "Azərbaycanfilm" kinostudiyasının nəzdində 3 illik kinoaktyorluq kursunu bitirib. 1968-ci ildə kinostudiyada rejissor köməkçisi işləyib. 1970-ci il iyunun 1-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisası olub.
Almaz Mustafayeva kino tarixinə də bir sıra obrazlar bəxş edə bilib. Həmkarları çıxışları zamanı aktirsanın oynadığı "Sehirli xalat", "Yeddi oğul istərəm", "Aktrisanın təbəssümü", "Şir evdən getdi", "Cavanşir" filmlərindən söz açıblar. Almaz xanımın ilk səhnə debütü oğlan obrazı olub.
Əsas rolları
- Sadıx — ("Mənim nəğməkar bibim", Əkrəm Əylisli
- Bahar — ("Ana laylası", İskəndər Coşğun)
- Balaca — ("Mənim mehriban balam", Şaqinyan)
- Ramo — ("Əlvida Hindistan", Qeybulla Rəsulov)
- Əhməd — ("Tamahkar", Süleyman Sani Axundov)
- Aycan, Sevinc gülü — ("Aycan", Xanımana Əlibəyli)
- İlqar — ("Sehirli yaylıq", Kərim Həsənov)
Filmoqrafiya
- Sehrli xalat (film, 1964) — rol: Səidə
- Yeddi oğul istərəm... (film, 1970) — rejissor köməkçisi
- Aktrisanın təbəssümü (film, 1974) — rol: Dilbərin rəfiqəsi
- Şir evdən getdi (film, 1977) — rol: meymun
- Toplan və kölgəsi (film, 1977) — film səsləndirən: Toplan
- Cavanşir (film, 2002) — film səsləndirən: Cavanşir
1997-ci ildə "Qızıl Dərviş" mükafatı ilə təltif olunub. 2013-cü ilin iyun ayının 25-də Əməkdar Artist fəxri adına layiq görülüb. 2014-cü ilin aprel ayının 13-də beynəlxalq mədəni əlaqələrin möhkəmləndirilməsi sahəsində əldə etdiyi uğurlara görə Kalmıkiya Respublikası Mədəniyyət Nazirliyinin Fəxri Fərmanı ilə mükafatlandırılıb.
Almaz Mustafayeva 26 dekabr 2020-ci ildə vəfat edib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(26.12.2025)


