ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT - Super User
Super User

Super User

Layihə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi, “ASAN Könüllüləri” Təşkilatının təşkilatçılığı, Gənclər Fondu və Azərbaycan Könüllü Təşkilatları İttifaqının tərəfdaşlığı ilə həyata keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalına “ASAN xidmət”dən verilən məlumata görə, açılış mərasimində iştirakçı dövlətlərin nümayəndələri çıxış edərək ölkələrində olan könüllülük fəaliyyəti, gənclər siyasəti və bu sahədəki təcrübələr haqqında məlumat veriblər.

 

Layihənin ilk günündə iştirakçılar üçün 7 saylı Bakı “ASAN xidmət” mərkəzinə məlumatlandırıcı tur, muzey və tarixi abidələrə səyahətlər təşkil olunub. 

 

Layihənin ikinci günündə iştirakçılarla yerli və beynəlxalq platformada keçirilən könüllülük fəaliyyəti, əməkdaşlıq çərçivəsində keçirilə biləcək layihələr, təmsil etdikləri yerli təşkilatların iş prinsipi və görülən işlər haqqında müzakirə aparılıb.

 

Növbəti gün iştirakçılara Şəki “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzində “Şəbəkə sənəti”, həmçinin “Taxta oyma” üzrə ustad dərsləri keçirilib. Eyni zamanda iştirakçılar tərəfindən ortaq fəaliyyətlər ilə bağlı yeni əməkdaşlıq imkanlarının müzakirəsi aparılıb, könüllülüyün müxtəlif sahələrdə inkişaf etdirilməsi və türk dünyasında gənclər üçün daha geniş perspektivlərin yaradılması barədə təkliflər irəli sürülüb.

 

Layihənin son günündə Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstanın zəngin mədəniyyətini əks etdirən  sərgilər təşkil olunub. Sərgidə iştirakçı ölkələrin nümayəndələri öz milli mədəniyyətlərini xüsusi hazırlanmış stendlər vasitəsilə nümayiş etdiriblər. Hər bir stend  ölkələrin ənənələrini və mədəni dəyərlərini tanıtması üçün imkan yaradıb. Daha sonra, "TÜRKSOY-un II Beynəlxalq simulyasiyası" çərçivəsində mədəniyyət gecəsi baş tutub. Gecədə iştirakçı dövlətləri təmsil edən gənclər öz milli musiqi və rəqs nümunələrini təqdim ediblər. 

 

Layihədə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanı təmsil edən 40-dan çox gənclər təşkilatlarının rəhbəri və nümayəndə heyəti iştirak edib.

 

Layihə Bakı və Şəki şəhərlərində baş tutub.

 

“Ədəbiyyat və incəsənət”

(23.12.2024)

Avstriyanın məşhur “Second Records” leybl şirkəti Azərbaycanın caz ustası Rain Sultanovun görkəmli caz truba ifaçısı Kenni Uiler ilə birgə “Jazz Standards Live” qoşa vinil valını buraxıb. Onların kompozisiyaları caz standartları kitabına və “Real Book”a (caz standartları toplusu) da daxil edilib.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbət verir ki, AzərTAC-ın müxbiri ilə söhbətində Rain Sultanov deyib ki, bu layihənin reallaşdırılması onun həyatında böyük hadisədir.

 

“Kenni Uiler kimi görkəmli musiqiçi ilə eyni səhnəni bölüşmək, onunla ifa etmək mənim üçün böyük şərəf idi. Kenninin artıq aramızda olmadığı bir vaxtda indi vinil valının buraxılması xüsusilə dəyərlidir. Mən taleyə minnətdaram ki, musiqimiz olduğu valı əlimdə tuta bilərəm”.

 

Albomda Mr. P.C., “Body & Soul”, “Blue Monk”, “Don't Worry Baby” caz standartları, eləcə də Kenny Uillerin bəstələri yer alıb. “Jazz Standards Live” layihəsində Azərbaycanın Əməkdar artistləri Şahin Növrəsli (piano) və Ruslan Hüseynov (bas), həmçinin Pol Klarvis (baraban) iştirak ediblər. Bu, Rain Sultanovun Avropa leyblinin buraxdığı beşinci vinil valdır. Klassik vinil valların ənənələri Rain Sultanov tərəfindən 2017-ci ildə Azərbaycan təbiətinin qorunmasına həsr olunmuş “Inspired by Nature” layihəsinin buraxılması ilə ölkəyə qaytarılıb.

 

“Ədəbiyyat və incəsənət”

(23.12.2024)

İtaliyanın paytaxtı Romada mədəniyyət naziri Adil Kərimlinin iştirakı ilə Azərbaycanın xaricdə fəaliyyət göstərən mədəniyyət mərkəzlərinin hesabat toplantısı keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən  xəbər verir ki, toplantıda Azərbaycanın Avstriyadakı Mədəniyyət Mərkəzinin direktoru Leyla Qasımova, direktor müavini Elgün Niftəliyev, Türkiyədəki mərkəzin direktoru Samir Abbasov, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli, mərkəzin direktor müavini Nadir Əlimirzəyev, Almaniyadakı mərkəzdən direktor müavini İsa Məmmədov, ölkəmizin Fransadakı səfirliyinin müşaviri Nigar Hüseynova və İtaliyadakı mərkəzdən direktor müavini Gülnar Tağızadə iştirak ediblər.

 

Yığıncağın məqsədi xarici ölkələrdəki Azərbaycan Mədəniyyət mərkəzlərinin fəaliyyətinin əlaqələndirilməsi, 2023–2024-cü illərə dair hesabatların dinlənilməsi və 2025-ci il üzrə fəaliyyət planlarının müzakirəsi olub.

 

Toplantıda qeyd olunan dövr üzrə hesabatlar dinlənilib, həyata keçirilən layihələr müzakirə edilib. Mərkəzlərin qarşıdakı ilə dair fəaliyyət istiqamətləri, nəzərdə tutulan tədbir və layihələrlə bağlı fikir mübadiləsi aparılıb.

 

“Ədəbiyyat və incəsənət”

(23.12.2024)

"Ulduz" dərgisinin və "Xalq qəzeti"nin ortaq layihəsi olan "Ulduz"lu görüşlər" davam edir. 

 

“Ədəbiyyat və incəsənət” portalına “Ulduz” jurnalından verilən məlumata görə, Xalq qəzeti TV-nin informasiya dəstəyi ilə gerçəkləşən layihənin ilk görüşü Azərbaycan Dövlət Pedaqoji Universitetinin professor, tələbə, müəllim heyəti ilə keçirilib.  Növbəti görüş Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində fəaliyyət  göstərən Maliyə İqtisad Kollecində reallaşıb. 

Görüşdə "Ulduz" jurnalının baş redaktoru, Əməkdar jurnalist, şair Qulu Ağsəs, baş redaktor müavini, yazıçı Təranə Vahid, şöbə redaktorları şair Dayandur Sevgin və Taleh Mansur, eləcə də Azərbaycan Yazıçılar Birliyinin Mətbuat xidmətinin rəhbəri, şair Xəyal Rza iştirak ediblər. İlk öncə qonaqları  təhsil ocağının  direktoru, h.f.d dosent Davud Davudov qəbul edib. Səmimi söhbətdən sonra kollecin akt zalında görüşün əsas hissəsi baş tutub. 

Kollecin direktor müavini t.f.d Murad Muradov görüşü  açaraq, qonaqları 90 illik tarixə malik təhsil ocağında görməkdən məmnunluğunu dilə gətirdi. Görüş zamanı Qulu Ağsəs, Xəyal Rza, Dayandur Sevgin və Taleh Mansur öz fikirlərini bölüşdülər, şeirlərini səsləndirdilər. Yazıçı Təranə Vahid tələbələrə öz tövsiyə  və məsləhətlərini verdi, onları maraqlandıran sualları cavabladı. Səmimi ortamda keçən görüşün sonunda tələbələrə "Ulduz" jurnalının müxtəlif sayları hədiyyə edildi, xatirə fotosu çəkildi. "Ulduz"lu görüşlər" yeni ildə,  yeni ünvanlarda keçiriləcək.

 

“Ədəbiyyat və incəsənət”

(23.12.2024)

İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi, “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

 

 Oğuz Rayonunun Mərkəzi Xəstəxanasının akt zalında Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, "Qızıl qələm" mükafatı laureatı, Prezident təqaüdçüsü, "Oğuz yurdu" qəzetinin baş redaktoru Nazim Hüseynlinin oğuzlu həkimlərə həsr olunmuş, "Oğuzlu həkimlər- sağlamlığın sayıq keşikçiləri" kitabının təqdimatı oldu.

 

Məşhur rus yazıçısı, həkim A.P.Çexov həkimlik sənəti haqqında demişdir: "Həkimlik sənəti qəhrəmanlıqdır, hünər deməkdir. Bu peşə adamdan fədakarlıq, pak niyyət tələb edir. Hər kəs buna qadir ola bilməz. Bunun üçün həkimin fikri aydın, qəlbi təmiz olmalıdır". Həqiqətən də, belədir. Oğuzlu yazar Nazim Hüseynli Oğuz həkimlərinə həsr etdiyi kitabda məhz belə həkimlərimizin həyat yoluna işıq salıb.

Tədbirdə Oğuz rayon Mərkəzi xəstəxanasının direktoru Anar Əzizov, baş həkim Şəlalə Tahirova, oğuzlu şair Yusif Rza, şairə Şükufə Ruhlu, Mərkəzi kitabxananın əməkdaşı M.Bəkirova, qonaqlar, xəstəxanada çalışan həkim və tibb personalı iştirak edib.

Əvvəlcə Vətən uğrunda canını qurban verən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Vətən müharibəsi zamanı şəhid olan həkim şəhidlərimiz xatırlanıb.

Sonra Oğuz rayon Mərkəzi xəstəxanasının direktoru Anar Əzizov tədbiri açaraq, tədbirin məram və məqsədi haqqında məlumat verib. Oğuz rayon Mərkəzi xəstəxanasının baş həkimi Şəlalə Tahirova kitabda yer alan mərhum həkimlərimiz haqqında yazılmış məlumatların olmasını alqışlayıb və məmnunluğunu ifadə edib. Sonra həkimlərdən, Akif Məmmədov, Vaqif Səbzəliyev, şairlərdən Yusif Rzayev, Şükufə xanım Ruhlu, kitabda atası Sabir həkim haqqında məlumat verilən Qaxdan gələn qonaq Sabir həkimin qızı Reyhan Mürsəlova, Mərkəzi kitabxananın əməkdaşı Mehparə Bəkirova və başqaları çıxış edərək, həkimlik peşəsinin sirlərindən , müasir dövrdə xəstə ilə həkim münasibətlərindən, qayğıkeş oğuzlu həkimlərdən və Nazım müəllimin yeni ərsəyə gələn kitabından danışıblar.

Sonda müəllif yeni kitabını tədbir iştiraskşılarına  hədiyyə edib, xatirə şəkilləri çəkilib.

 

“Ədəbiyyat və incəsənət”

(23.12.2024)

 

 

 

 

 

Bu barədə İsrailin ərəb dünyası və İran üzrə tanınmış eksperti, İsrail Müdafiə Qüvvələrinin Kəşfiyyat Korpusunun sabiq polkovnik-leytenantı, bu ölkənin nüfuzlu Bar-İlan Universitetinin şərqşünaslıq elmləri üzrə professoru və Universitetin Yaxın Şərq və İslam Tədqiqatları Mərkəzinin direktoru, Begin-Sadat Strateji Araşdırmalar Mərkəzinin tədqiqatçısı doktor Mordexay Kedar dünyanın ən nüfuzlu nəşrlərindən “The Jerusalem Post”da dərc olunmuş “Dinc yanaşı yaşama ölkəsi olan Azərbaycan yəhudilərə nə üçün lazımdır?” sərlövhəli məqaləsində yazıb.

 

“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş Üzrə Dövlət Komitəsindən verilən məlumata görə, yəhudilərin Azərbaycanda həyatına həsr olunan yazıda ilk dəfə eramızdan əvvəl VIII əsrdə Azərbaycana gələn bu xalqın həmin vaxtdan antisemitizmlə qarşılaşmadan sülh və harmoniya içində yaşadığı göstərilir. Xüsusilə ötən il Azərbaycan İsraildə Səfirlik açdıqdan sonra onların həyatı çiçəklənir. Antisemit köklü nifrət və dözümsüzlüyün tüğyan etdiyi dünyada multikultural Azərbaycan nümunədir. Yəhudilərin və müsəlmanların bir-birlərinin bayramlarını qeyd edərək dinc yanaşı yaşamağına və dostluğuna aşkar misaldır. Bakı, Quba, Oğuz, Gəncə və Azərbaycanın digər şəhərlərində məktəbdən evə qayıdan yəhudi uşaqlar təqib edilmir. Onlar öz mədəniyyətlərini və həyat tərzlərini Azərbaycanda yaşayan digər dini qruplarla bölüşməyə təşviq olunurlar.

Azərbaycanın İsrail ilə münasibətlərinə toxunan professor sonuncunun neftə olan tələbatının 40%-dən çoxunun ölkəmiz tərəfindən təmin edildiyini, burada 120-dən çox İsrail şirkətinin fəaliyyət göstərdiyini və digərlərinin də iş qurmaq niyyətində olduğunu diqqətə çatdırıb. Müəllif sonda qeyd edib ki, yəhudilərin Azərbaycan kimi ən çətin anlarda yanında olan dostlara hər zaman ehtiyacı var.

Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:

https://www.jpost.com/diaspora/antisemitism/article-833559

 

“Ədəbiyyat və incəsənət”

(23.12.2024)

 

 

Moldova Respublikasının Prezidenti Maya Sandu ölkə qarşısında xüsusi xidmətlərinə və yüksək peşəkarlıq bacarıqlarına görə bir sıra şəxslərə fəxri adlar, medallar təqdim edib. Təltif olunanlar sırasında Moldova Azərbaycanlıları Konqresinin sədri Elçin Bayramov da var.

 

“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş Üzrə Dövlət Komitəsindən verilən məlumata görə, soydaşımız Moldova-Azərbaycan dostluğu və əməkdaşlığının, habelə mədəniyyətlərarası dialoqun inkişafında fəal iştirakına görə Moldova Respublikasının “Vətəndaş xidmətlərinə görə” medalına layiq görülüb.

Moldova Prezidenti təltiflərin təqdimetmə mərasimində çıxış edərək fəxri ad və medal alanların işini yüksək qiymətləndirib, onların cəmiyyətin, ölkənin birliyində, inkişafında mühüm rol oynadıqlarını vurğulayıb.

 

“Ədəbiyyat və incəsənət”

(23.12.2024)

Bazar ertəsi, 23 Dekabr 2024 11:16

Şimali Kaliforniyada Həmrəylik Günü qeyd olunub

Şimali Kaliforniyanın San Xose şəhərində 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə tədbir keçirilib.

Şimali Kaliforniya Azərbaycan Mədəniyyət Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə ABŞ-də yaşayan Azərbaycan icmasının üzvləri, diplomatlar, San Xose şəhərinin hökumət və bələdiyyə üzvləri, mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələri iştirak edib.

 

“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş Üzrə Dövlət Komitəsindən verilən məlumata görə, tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Şimali Kaliforniya Azərbaycan Mədəniyyət Cəmiyyətinin prezidenti Sevinc Boisvert açılış nitqi ilə çıxış edib. O, çıxışında Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında xaricdə yaşayan soydaşlarımızın üzərinə mühüm vəzifələrin düşdüyünü söyləyib, onların daha da təşkilatlanması, vahid hədəflər naminə mütəşəkkil fəaliyyət göstərməsinin vacibliyini vurğulayıb.

Təbrik nitqi ilə çıxış edən Azərbaycanın Los-Ancelesdəki baş konsulu Vüqar Qurbanov Dünya Azərbaycanlılarının Həmrəylik Gününün yaranma tarixi barədə məlumat verib, Azərbaycan xalqına sülh və əmin-amanlıq arzulayıb. 

San Xose Şəhər Şurasının üzvü Bien Doan Azərbaycan Cəmiyyətinin Silikon vadisindəki fəallığından, xüsusilə də informasiya texnologiyaları və digər sahələrdə soydaşlarımızın aktivliyindən, ABŞ cəmiyyətinə inteqrasiyasının önəmindən danışıb.

ABŞ-də yaşayan diaspor fəalları Nurlan Şükürlü, Könül Əliyeva Azərbaycan həqiqətlərinin Amerika ictimaiyyətinə çatdırılması istiqamətində gördükləri işlərdən bəhs edib, milli-mədəni dəyərlərimizin yaşadılmasında birlik və həmrəyliyin əhəmiyyətini diqqətə çatdırıblar.

Tədbirin bədii hissəsi milli musiqi və rəqslərlə davam edib. Qarmon ustası Xəqani Səmədovun, müğənni Asif Yusifovun və tanınmış xoreoqraf Rozi Alməmmədovanın rəhbərlik etdiyi Şimali Kaliforniya Mədəniyyət Cəmiyyətinin nəzdində fəaliyyət göstərən Azərbaycan rəqs ansamblının çıxışları iştirakçıların alqışları ilə qarşılanıb.  

 

“Ədəbiyyat və incəsənət”

(23.12.2024)

Moldovanın paytaxtı Kişineuda Məhəbbət Güngürün “Qarabağ həsrətinin sonu. Bu yol Cəbrayıla aparır” kitabının təqdimatı keçirilib.

Tədbir Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi və Moldova Respublikasının Milli Kitabxanasının dəstəyi ilə Moldova Azərbaycanlıları Konqresi tərəfindən təşkil olunub. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

 

Təqdimatda Moldova Azərbaycanlıları Konqresinin üzvləri, azərbaycanlı icmasının nümayəndələri, Azərbaycanın Moldovadakı Səfirliyinin nümayəndələri, Moldova Respublikası Parlamentinin deputatı və Azərbaycan-Moldova parlamentlərarası dostluq qrupunun sədri Vitali Jakot, Moldova Etniklərarası Münasibətlərin Konsolidasiyası Agentliyinin idarə rəisi Lyudmila Burlaka, kitabın rəyçisi Adilə Nəzərova iştirak edib.

Şairin nəvəsi, Moldova Azərbaycanlıları Konqresinin Həftəsonu məktəbinin şagirdi Amirə İsmayılova kitabdan şeirlər səsləndirib.

Görüşün rəsmi hissəsindən sonra qonaqlar müəllif ilə söhbət edib, kitablarını imzalatdırıblar.

Kitabın rəyçisi Adilə Nəzərova Moldovaya səfəri çərçivəsində “Xarıbülbül” Azərbaycan-Moldova dostluğu xiyabanını ziyarət edib, Moldova Azərbaycanlıları Konqresinin təşəbbüsü və Diasporla İş Üzrə Dövlət Komitəsinin təşkilati dəstəyi ilə Kişineu şəhərində fəaliyyət göstərən həftəsonu məktəbində açıq dərsdə iştirak edib. Adilə Nəzərova, həmçinin Moldova azərbaycanlılarının ağsaqqalları – Məhəbbət İsmayılov və Əli Bayramov ilə görüşüb.

 

“Ədəbiyyat və incəsənət”

(23.12.2024)

 

ABŞ-də yaşayan soydaşımız, Meyn Azərbaycan Cəmiyyətinin rəhbəri, Amerika Azərbaycan Təşkilatları Alyansının üzvü Tərlan Əhmədova yüksək vəzifə verilib. O, qubernator Janet T. Mills tərəfindən Meyn ştatının Qubernatorluq Siyasət İnnovasiyası və Gələcək İdarəsi yanında Yeni Amerikalılar Ofisinin (Office of New Americans) birinci direktoru təyin edilib.

 

“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş Üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Tərlan Əhmədov bundan öncə Meyn Əmək Departamentində ştat üzrə məşğulluq proqramlarına nəzarət edib, Qaçqınlar və İmmiqrasiya İdarəsində rəhbər vəzifədə çalışıb, Qaçqınların Məskunlaşması Federal Proqramının koordinatoru olub.

Ştatın rəsmi internet səhifəsində Tərlan Əhmədovun yeni təyinatı ilə bağlı məqalə dərc olunub. Məqaləni  ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:

https://www.maine.gov/governor/mills/news/governor-mills-announces-director-maine-office-new-americans-2024-12-18

 

“Ədəbiyyat və incəsənət”

(23.12.2024)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.