ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT - Super User
Super User

Super User

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi şair Əhərdə yaşayan Xan Sənəmdir.

 

 

Xan Sənəm

Əhər

 

 

Səhərdən-axşama danlaq altdayam,

Anam qurtarınca babam başlayır.

“Qızdamı bu qədər?” “Qızdamı belə?”

Kəlmələr ruhumu yenə daşlayır.

 

Dolğun yaşlarıma çatsam da hələ,

Xəyalım qapıdan uzaq getməyib.

Ramizin şerində “atam balası”,

Belə mənim qədər söz eşitməyib.

 

Saxlaya bilmirəm asi ruhumu,

Boy atıb, gəlişib, uçmaq istəyir.

Nadanlıq devinin əsarətindən,

Qurtarmaq istəyir, qaçmaq istəyir.

 

Yaman darışlıqdı evin dünyası,

Dırmaşıb divardan aşır marağım.

Pambığam, qınımı yırtaram, əgər –

Qapıdan o yana keçsə ayağım.

 

“Ədəbiyyat və incəsənət”

(23.12.2024)

 

 

 

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

AYB Katibliyinin yeddi üzvündən biri olan Elçin Hüseynbəyli  “Balıq adam”, “On üçüncü həvari, “141-ci Don Juan”, “Şah Abbas”, “Metro vadisi”, “Yolayrıcında qaçış”, “Şimallı gəlin”, “Kopelhausda bir axşam” kimi kitabların, səkkiz romanın, yüzdən çox hekayə, esse və bədii məqalənin müəllifidir.

Əsərləri ingilis, rus, alman, fransız, polyak, ukrain, litva, koreya, fars və s. dillərə tərcümə olunub, türkdilli xalqların dillərinə uyğunlaşdırılıb. Kitabları Türkiyə, Rusiya, Litva, Özbəkistan və Gürcüstanda nəşr olunub.

Doqquz pyesi dövlət teatrlarında səhnəyə qoyulub.

2001-ci ildə “Yusif Səmədoğlu adına ən yaxşı nəsr əsəri”, 2007-ci ildə “Humay”, 2009-cu ildə Mədəniyyət və Turizm Nazirliyinin “Qızıl kəlmə” mükafatlarına, 2019-cu ildə Azərbaycan Respublikasının “Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülüb.

Tanınmış yazıçımızı təbrik edirik!

 

“Ədəbiyyat və incəsənət”

(23.12.2024)

 

 

 

Könül, “Ədəbiyyat və incəsənət”

 

Ən yeni poeziyada isti-isti, mürəkkəbi qurumamış şeirlərin təqdimatını davam etdiririk. Bu dəfə rubrikamızda ustad şair Qulu Ağsəsin təqdim etdiyi yeni şeiri yer alacaq. 

Şair yenə özünəməxsusdur, yenə mükəmməldir. Vətənlə arası hərdən dəyir. Axı niyə? Bax bu sualın cavabı var şeirdə. 

Xoş mütaliələr. 

 

Canım Vətən, 

səninlə

düz-əməlli kəlmə kəsməmişik 

indiyətən, 

kəssək, soruşardım:

yenəmi Arazla suvarılır 

ədəbiyyat zəmin, 

niyə süngülərin 

yalın ayaqla qalxdığı

Ruh yüksəkliyinə 

hazır maşınla çıxa bilmir 

heç kəsin qələmi?!

 

Canım Vətən,

adamların başına darısı,

bircə bitkilər bilir fanidi həyat 

diriykən torpağa basdırır yarısın...

 

Canım Vətən,

elə bilmə, görmədim,

şəhid evində 

(bayraqdan başqa!)

hər şey köhnədi...

 

Canım Vətən,

and olsun ikinizin canına, 

burdan başqa heç harda yoxdu

göz dəyməsin deyə

şikəst balasının

başına duz çevirən ana...

 

Səni necə qurmuşuq,

canım Vətən: 

bir vətən daş altdan,

bir vətən daş üstdən!..

Hərdən aramız dəyir

“niyə”sini indi deyirəm:

sən

vətənpərvər şeir istəyirsən, 

mən

şeirpərvər vətən istəyirəm,

canım Vətən...

 

“Ədəbiyyat və incəsənət”

(23.12.2024)

Xalq yazıçısı, akademik Kamal Abdullanın əsəsrlərindən seçilmiş bir sıra qranula – cövhər sayıla biləcək məqamları “Ədəbiyyat və incəsənət” oxucularına təqdim edir.

 

Kamal Abdulla özü seçilmiş bu cövhərlər barədə yazır: “İllərdən bəri yazdığım müxtəlif şeirlərin, esselərin, pyeslərin, hekayə və romanların, publisistik məqalələrin və elmi əsərlərin, verdiyim intervülərin hər birinin içində yer almış və bu gün də öz məzmunu, tutumu, forması ilə diqqətimi çəkən misralar, cümlələr günlərin bir günü sanki dil açıb mənə dedilər ki, bizim bir-birimizdən zaman və məkanca ayrılığımıza son qoy və bizi bir-birimizin yanında yerləşdir. Sən görəcəksən ki, bu zaman biz tamamilə yeni bir cazibədə zühur etmişik. Onlar qeyri-səlis məntiq dili ilə desək, içində olduqları mətnin qranulaları (ilkin vacib hissəcikləri) idi. Qranula, başqa cür ifadə etsək, cümlədən (mətndən) bütün artıq hissələri siləndən sonra yerdə qalan cövhərdir.”

 

Bu günlərdə “Everest” nəşriyyatında müəllifin “Seçmələrin seçməsi-qranulalar” adlı kitabı da işıq üzü görmüşdür.

Beləliklə, hər gün Kamal Abdulladan 7 qranula:

 

1.

“ Üzümə baxma, üzüm səni aldadar,

 Gözümə baxma, gözüm səni aldadar.

Heç inanma, sözüm səni aldadar

Mənim özümü aldadıb…”

2.

“ Yarımçıq əlyazma” romanı bizim dastanı vaxtilə oxumuş adamları bir daha onu vərəqləməyə məcbur etdi: “görüm, bu nankor Kamal Abdulla dastanın filan yeri ilə bağlı düz yazıb, ya yox?!”

3.

“ Kitabi-Dədə Qorqud” dastanı insan cəmiyyətini bir qədim Təbiət dövründən başqa bir qədim dövrə - Mədəniyyət dövrünə keçirən körpüdür. Bu körpü Dəli Domrulun quru çayın üzərindən saldığı haman sınıq körpü olmasın?!

4.

Möhtəşəm Odissey nəhəng Basat və nəhəng Beyrək xətlərini bir tək özündə birləşdirir.

5.

Buğac natamam Edipdir və Dirsə xan natamam Laydır. Buğacın da, Dirsə xanın da taleyi xoşbəxt sonluqla bitir. Amma məlumunuz olsun ki, xoşbəxt sonluqlar bu dünyada az adamı dü şündürür. Onlar tez yaddan çıxırlar. Onlar bədbəxtlik rəmzi olan Edip və Lay qədər yaşamırlar.

6.

Salur Qazanın dastanda ədalətsiz hərəkət lərinin təsviri yox deyil. Ən böyüyü budur. O öz evini qədim Oğuz adətinə uyğun olaraq hər il bir dəfə yağmaladardı. Bu yağmada İç Oğuz, Dış Oğuz bəyləri birlikdə iştirak edərdilər. Qədim primitiv demokratik adət. Bir dəfə isə Salur Qazan yağmaya Dış Oğuz bəylərini dəvət etmir. Əslində, o bununla demokratik ənənəni pozur. Acı nəticə özünü gözlətmir. Dış Oğuz üsyan edir - Beyrək öldürülür. Üsyan yatızdırılır - Aruz Qoca öldürülür. Əsl günahkar kimdir?

7.

Biri günaha batan Edip, o biri eyni günaha “namizəd” olan Buğac. Bədbəxt və bədbəxtliyi ilə yüz yerə şaxə atan Edip və xoşbəxtliyi ilə heç bir tərəfə şaxə ata bilməyən, başqa heç bir boydan əks-sədası gəlməyən Buğac.

 

“Ədəbiyyat və incəsənət”

(23.12.2024)

 

 

 

 

Bazar ertəsi, 23 Dekabr 2024 13:05

BİR ŞEİRİN HEKAYƏTİ Ruslan Dost Əli ilə

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

Həssas qəlbə sahib olan şairlərimiz öz poeziyası ilə oxucularının ruhuna toxunur. Onların əsərlərində kədər, sevinc, tənhalıq və s. hisslər xüsusi ifadələrlə oxucunun qəlbində dərin izlər buraxır.

 

Bugünkü qonağımız da "Bir şeirin hekayəti"- ni söyləyərkən, siz o həssas anları duyacaqsınız.

Beləliklə, bu dəfə bizə "Bir şeirin hekayəti"- ni sevimli gənc şairimiz Ruslan Dost Əli söyləyəcək.

 

 

-Salam Ülviyyə xanım, rubrikanıza dəvət etdiyiniz üçün təşəkkür edirəm.

Uşaq vaxtı çox ana mehirli olmuşam. Biraz anasız qalan kimi nəfəsim kəsilirdi, boğulurdum. Özümü pis hiss edirdim, xəstələnirdim. Ac, sususuz qalırdım. Elə bilirdim, anam məndən bir neçə metr uzaqlaşsa, nəfəsini, hənirini hiss eləməsəm, nəsə çox pis bir şey baş verəcək. Dünya dağılacaq. Bu hal uzun illər boyu davam elədi. Biz bir-birimizdən ayrılmadıq. Ancaq anam üçün bu heç də xoş deyildi. Həmişə deyirdi, mən ölsəm sən neyləyəcəksən?!

 

Sonra iş elə gəldi ki, mən təhsil almaq üçün xaricə getməli oldum və beləcə dəhşətli günlərim başladı. Bir neçə dəfə təhsilimi yarımçıq qoyub, geri qayıtmaq haqqında düşündüm. Lakin dönmədim. Orada xeyli vətən həsrətli şeirlər yazmaqla yanaşı, ana haqqında şeirlər yazdım. Bu şeiri də həmin dönəmlər yazmışam. Həmin şeir çəkdiyim mənəvi əziyyətlərə dəyərmi? Bilmirəm... Hər halda, bu şeiri yazdığıma görə şadam və oxumağa, əlbəttə, dəyər...

 

yene başda durar yapdığı çörək, 

bütün yeməklərin tamı yığışsa.

ana var, dünyada hamı var demək,

bir ana eyləməz hamı yığışsa...

 

onu qapı-baca necə sıxmasın,

mənə dar gəlirsə bu boyda ölkə.

deyirəm, başımdan böyük çıxmasın,

böyümək ən böyük xatamdı bəlkə...

 

adicə suyu da elə hər zaman,

anamın əlindən alıb içərdim.

əlim kəsilsəydi, nə dəva-dərman,

anam bircə dəfə öpsə, keçərdi...

 

indi öpmək nədi, heç əlləri də,

sinəmin ağrıyan yerinə  çatmaz.

gecələr gözünə yuxu zor gedər,

gündüzlər əlləri bir işə yatmaz...

 

günorta məktəbdən evə gələndə,

anam olmasaydı yemək yeməzdim.

çörək olmayanda utandığından

üzümə baxmazdı, heç nə deməzdi.

 

qəbul eləməyib yoxu, yoxları,

üzümü nə zaman bozartmamışam.

istəyim mümkünsüz olan vaxtları

uzun saçlarını az dartmamışam.

 

indi nə vermərəm, öpüb gözündən,

o yorğun saçları hörməkdən ötrü.

üzümü çəkmirəm göyün üzündən,

bircə yol üzünü görməkdən ötrü...

 

nə gərək od çatıb, kabab çəkməyə,

səsini eşitsəm həmən doyuram.

çayı da qoymazdı özüm tökməyə,

indi paltarı da özüm yuyuram...

 

orda bilərmişsən bircə sən yəni,

burda bişirdiyim yeməyin dadın.

inan, böyümərəm, bir də sən məni

təzədən dünyaya gətirsən, qadın!

 

önündə diz çöküb, əyilmək gərək,

istəyim ruhuma qoy calaq olsun.

ana qarışısında əyilmək, gərək

oğulçün ən böyük ucalıq olsun...

 

yenə başda durar yapdığı çörək,

bütün yeməklərin tamı yığışsa.

anam var, mənimçün hamı var demək,

bir anam eyləməz hamı yığışsa...

 

“Ədəbiyyat və incəsənət”

(23.12.2024)

Leyla Səfərova, “Ədəbiyyat və incəsənət”

 

 

Bu dünyadakı ən gözəl hiss, məncə, xoşbəxtlikdir. Xoşbəxt insan kimdir bəs? Mahnıda deyir ki, "şu dünyadaki en mutlu kişi mutluıuk verendir…”

 

Müddəti bəlli olmayan bir serialın ayrı-ayrılıqda baş roluyuq hər birimiz öz həyatımızda. Amma seriallar heç vaxt sadəcə baş roldan ibarət olmaz. O qız və ya oğlanın mütləq ki, bir ailəsi, bir neçə dostu, ya eşqindən divanə olduğu, ya da qovuşa bilmədiyi biri olar. Əgər ki, obrazınız həqiqətən insani keyfiyyətlərə malikdirsə bax onda çevrəsindəkilər də, o da bir araya gələndə, çiyin-çiyinə verdikdə üzlər gülər, qarın toxluğuna gecədən səhərə gülünər.

 

Xoşbəxtlik nisbi anlayışdır. Kiminin xoşbəxtliyi bir maşındadır, kimininki bir sarılmada. Təəssüf ki, ətrafdakı hər kəsi xoşbəxt etmək mümkün deyil. Lakin bu dünyaya kiçik təbəssümlər də lazımdır. 

Uşaqkən elə bilirdim ki, bir nəfər ağlamırsa, demək ki, hər istədiyi yolundadır. O xoşbəxtdir. Elə bilirdim ki, hər istədiyini ağlayaraq əldə etmək olar. Çünki dayım mən ağlamayım deyə gecə 2də də banan almağa gedərdi mənim üçün. Lakin böyüdükcə əslində heç nəyin bu qədər bəsit olmadığını təəssüf ki, anladım. Küçəyə çıxdıqda heç kimin üzündə təbəssüm yox, hər kəsin beynində minlərlə fikir... Hər kəs bu həyatda birtəhər ona verilən ömrü doldurmağın dərdindədir. Amma düşünmürlər ki, bunu özlərinə zülm yox, əyləncə halına gətirsələr, zövq almağa çalışsalar, əslində hər şey daha gözəl ola bilər. Mən gülüşün yoluxucu olduğuna inanıram. Məsələn yolda hər hansı bir uşağın güldüyünü görəndə istəmsiz üzümə yayılan gülümsəmədən bilirəm bunu. Nəyə görə uşaqlar daha xoşbəxt olur. Çünki onlar hər şeyi oyuna çevirib həzz almağı bacarır. Bəs biz edə bilmərik? Düşünün ki, avtobusda, ya metroda üzbəüzünüzdə oturan kefsiz biri var. Ona ehmalca gülümsəmək bəlkə də ona ruh verə bilər? Düzdür, indiki dövrdə insan nəinki tanımadıqlarından, hətta bir evdə yaşadıqlarından qorxur. Buna görə də bu dediyim jest xeyli təhlükəlidir. Amma mən sevginin də hər şeyi aşa biləcəyinə inanan romantik polyannayam deyəsən. İndi qədər yetişmişləri dəyişə bilmərik bəlkə, amma özümüz bu cür yetişdirsək, bu dünyanın gələcəyi üçün çox şeyi dəyişə bilərik. Xoşbəxt olmaq elə də çətin deyil. Hamı bir təhər dolanmağa çalışarkən kiçik bir gülümsəmə bəlkə də qarşınızdakının həyatına toxuna bilər. Sadəcə inam və birgə mücadilə..

Mahnıda da deyir axı, bütün dünya buna inansa, birlik olsa, hayat bayram olsa...

 

Birlik olun, çünki həyat qəddarcasına insanları yıxmaq istədikdə yalnız bir halda onlar müvazinəti saxlaya bilərlər -  çiyin-çiyinə verdikdə. Sağlıcaqla qalın.

 

“Ədəbiyyat və incəsənət”

(23.12.2024)

Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”

 

Bu gün Azərbaycan xoreoqrafiya sənətində özünəməxsus yeri olan bənzərsiz balet ustası, xalq artisti, Dövlət mükafatı laureatı baletmeyster Çimnaz Babayevanın anım günüdür.

 

Çimnaz Məmməd qızı Babayeva 1946-cı il dekabr ayının  23-də Bakı şəhərində anadan olmuşdur. 1964-cü ildə Bakı Xoreoqrafiya Məktəbini  bitirmiş gənc balet artisti Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının truppasına qəbul edilmişdir. Azərbaycanın balet ustalarından biri kimi tanınmış görkəmli sənətçi teatr səhnəsində bir çox milli və klassik balet tamaşalarında unudulmaz obrazlar yaratmışdır. 

Çimnaz xanım həyat yoldaşı, Xalq artisti Vladimir Pletnyov ilə birgə A.Məlikovun “Məhəbbət əfsanəsi” baletində Şirin, Q.Qarayevin “Yeddi gözəl”ində Aişə, “İldırımlı yollarla”da Sari, Ə.Bədəlbəylinin “Qız qalası”nda Gülyanaq, F.Əmirovun “Nəsimi haqqında dastan”da Nəsiminin sevgilisi, L.Minkusun “Don Kixot” baletində Kitri kimi obrazlara can etmişdir.

O, eyni zamanda klassik xoreoqrafiya və Azərbaycan milli rəqs sənətinin sintezinə nail olmuş, baletlərə yüksək professionallıqla quruluş vermişdir. Teatrın balet truppası ilə birgə Rusiya, Ukrayna, Fransa, İtaliya, Norveç, İsveç, Birma, Hindistan, Türkiyədə uğurla çıxış etmişdir.

Çimnaz xanım həmçinin pedaqoji fəaliyyətlə də məşğul olmuş 1977-ci ildən 2000-ci ilədək Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında məşqçi baletmeysteri vəzifəsində fəaliyyət göstərmiş. Teatrda gənc balet artistlərinin yetişdirilməsində əvəzsiz xidməti olmuşdur.

Milli baletimizin görkəmli nümayəndələrindən biri olan Çimnaz Babayeva özünün qırxillik fəaliyyəti dövründə bir çox fəxri adlara və yüksək dövlət mükafatlarına layiq görülmüşdür. O, 1970-ci ildə Əməkdar artist, 1974-cü ildə Fikrət Əmirovun “Nəsimi haqqında dastan” baletinin səhnələşdirilməsinə görə Azərbaycanın Dövlət mükafatı laureatı, 1978-ci ildə Xalq artisti kimi yüksək fəxri adlara layiq görülmüşdür. 2002-ci ildən Prezident təqaüdüçüsü olmuşdur.

Görkəmli baletmeyster 2019-cu il dekabrın 23-də 73 yaşında vəfat etmişdir.

Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(23.12.2024)

Bazar ertəsi, 23 Dekabr 2024 14:06

Sevən gözlərimin yaddaşının çəkdiyi şəkil

Nemət Tahir, “Ədəbiyyat və incəsənət”

 

21 dekabrda növbəti dəfə ilin ən uzun gecəsini yaşadıq. Söz vaxtına çəkər, illər əvvəl bu gecəyə həsr etdiyim bir şeir var, istəyirəm onu oxucularıma ərməğan edim. 

 

GÖZ YADDAŞI

 

Saçların tək uzun bir qış gecəsi,               

Qarşımda dəftərçə, əlimdə qələm.

Səni düşünürəm tənha otaqda, 

Kaş xəyal da olsa, yanına gələm. 

 

Rəsminə baxıram gözümü yumub,

Döyünmür ürəyim, bir sükut çöküb.

Bu şəkli nə rəssam, nə də fotoqraf,                     

Sevən gözlərimin yaddaşı çəkib. 

 

Bu qış gecəsində qovuşsaq əgər, 

Sevincdən ağlaram, gülər göz yaşım.

Həsrətdən ağlasam qorxuram birdən,

Şəklini gözümdən silər göz yaşım. 

                                       

“Ədəbiyyat və incəsənət”

(23.12.2024)

Bazar ertəsi, 23 Dekabr 2024 18:18

Azərbaycanın Parlaq Gələcəyinin Təminatçısı

Naiq Məmmədhəsənov, “Ədəbiyyat və incəsənət” üçün

 

Prezident İlham Əliyev Azərbaycanın Parlaq Gələcəyinin Təminatçısıdır

 

Azərbaycanın müasir tarixi zəngin və şərəfli hadisələrlə doludur. Bu tarixin hər səhifəsində xalqımızın birliyi, dövlətimizin gücü və inkişafın təməlinə qoyulan əzm və qətiyyət var. Ölkəmizin bu möhtəşəm inkişaf yolunun başında dayanan uzaqgörən, qətiyyətli və müdrik lider – Prezident İlham Əliyevdir. Onun rəhbərliyi ilə Azərbaycan, müstəqilliyini möhkəmləndirən, iqtisadiyyatı güclü, beynəlxalq arenada nüfuzlu və öz xalqına layiq həyat səviyyəsi yaradan bir dövlətə çevrilmişdir.

Prezident İlham Əliyevin 24 dekabrda qeyd olunan doğum günü həm şəxsi bayram, həm də xalqımız üçün tərəqqi və inkişaf yolunda yeni başlanğıcların rəmzidir.

 

İqtisadi İslahatlar və Davamlı İnkişaf

Prezident İlham Əliyevin liderliyi altında Azərbaycan iqtisadi sahədə böyük uğurlar qazanmış və bu proses 2024-cü ildə də sürətlə davam etmişdir. İqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, yeni istehsal sahələrinin yaradılması ölkəmizin iqtisadi dayanıqlılığını artırdı. 2024-cü ildə qəbul edilən qərarlar nəticəsində əməkhaqları və pensiyalar əhəmiyyətli dərəcədə artırıldı, əhalinin sosial müdafiəsi gücləndirildi. Dövlətin həyata keçirdiyi islahatlar nəticəsində kiçik və orta sahibkarlığın inkişafına şərait yaradıldı, yeni iş yerləri açıldı və vətəndaşların rifah səviyyəsi yüksəldi.

İnfrastruktur layihələrinin həyata keçirilməsi də diqqət mərkəzində oldu. Yolların, körpülərin, magistral və kənd yollarının inşası, elektrik, su və qaz təchizatı ilə bağlı mühüm layihələrin icrası ölkənin hər bir bölgəsinin inkişafına təkan verdi. Azərbaycan bu gün regionun mühüm nəqliyyat və logistika mərkəzinə çevrilib. Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və digər layihələr ölkəmizi dünya iqtisadiyyatına daha sıx inteqrasiya etdirir.

 

Xalqın Rifahına Yönəlmiş Sosial Siyasət

Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin əsasında hər zaman xalqın rifahı dayanır. 2024-cü ildə də sosial siyasət istiqamətində bir çox mühüm addımlar atıldı. Təhsil, səhiyyə, mədəniyyət və idman sahələrində həyata keçirilən layihələr cəmiyyətin inkişafına mühüm töhfələr verdi. Yeni məktəblərin, xəstəxanaların, idman komplekslərinin açılması, gənclərin və qadınların sosial fəallığının artırılması üçün aparılan tədbirlər davamlı inkişafın təminatıdır.

Xüsusi qayğıya ehtiyacı olan vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində dövlət proqramları icra olundu. Məcburi köçkünlər üçün yeni yaşayış komplekslərinin inşası, mənzil şəraitinin yaxşılaşdırılması və onların doğma yurdlarına qayıdışı dövlətin xalqına göstərdiyi qayğının bariz nümunəsidir.

 

Beynəlxalq Arenada Nüfuz və Diplomatik Qələbələr

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan beynəlxalq arenada etibarlı və nüfuzlu tərəfdaş kimi tanındı. Azərbaycanın COP29-a ev sahibliyi etmək hüququnu qazanması ölkəmizin beynəlxalq mövqeyinin gücləndiyini göstərdi. Bu tədbirin Bakıda keçirilməsi Azərbaycanın ekoloji problemlərin həllində, qlobal məsələlərdə fəal və məsuliyyətli ölkə olduğunu nümayiş etdirdi.

Azərbaycanın xarici siyasəti müstəqilliyə, ədalətə və milli maraqlara əsaslanır. Prezident İlham Əliyevin beynəlxalq təşkilatlar qarşısında səsləndirdiyi prinsipial və qətiyyətli mövqelər ölkəmizin haqq işinin dünya tərəfindən qəbul edilməsinə və dəstəklənməsinə səbəb oldu. Regional və qlobal layihələrdə Azərbaycanın iştirakı, müxtəlif ölkələrlə iqtisadi və mədəni əlaqələrin inkişafı dövlətimizin nüfuzunu daha da artırdı.

 

Qarabağın və Şərqi Zəngəzurun Bərpası

Prezident İlham Əliyevin xüsusi diqqət ayırdığı sahələrdən biri də işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulmasıdır. 2024-cü ildə bu ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri davam etdi. Füzuli, Şuşa, Laçın və digər şəhərlərdə həyata keçirilən layihələr nəticəsində müasir yaşayış kompleksləri, yollar, məktəblər və xəstəxanalar tikildi. Məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı, bu ərazilərdə həyatın bərpa edilməsi dövlətimizin gücünün və xalqımızın qətiyyətinin təcəssümüdür.

Prezident İlham Əliyevin şəxsi nəzarəti altında həyata keçirilən bu layihələr, Azərbaycanın hər qarış torpağının inkişaf etdiyini və gələcək nəsillərə daha gözəl və abad bir vətən qoyulduğunu göstərir.

 

Gələcəyə İnamla

Prezident İlham Əliyevin doğum günü – 24 dekabr, Azərbaycan xalqı üçün hesabat və gələcəyə baxış günüdür. Hər il bu tarixdə həyata keçirilən işlərə nəzər salmaq, qarşıda duran hədəfləri müəyyənləşdirmək və yeni uğurlara doğru irəliləmək üçün bir fürsətdir. Prezident İlham Əliyevin yorulmaz fəaliyyəti, qətiyyəti və xalqına olan sevgisi sayəsində Azərbaycan daha böyük nailiyyətlərə imza atacaq.

 

“Ədəbiyyat və incəsənət”

(23.12.2024)

 

 

 

 

 

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Bəlkə də bü şənbə günü onu ailəsindən, qohumlarından və dostlarından başqa anan tapılmadı. Axı nomenklaturada onun adı olmayıb vaxtı ilə.

Əksər istedadlı, məşhur şairlərimizin, rəssamlarımızın taleyi gözəl olub,  onlar şairliyin və rəssamlığın verə biləcəyi bütün imtiyazlardan artıqlaması ilə istifadə ediblər. Amma 1952-ci ilin 21 dekabrında – düz 72 il öncə Ağdaşda doğulan, çox istedadlı rəssam və çox istedadlı şair olan, fəqət bütün həyatını çətinliklər içində keçirən, ömrünün son dönümündə ağır xəstəlikdən əziyyət çəkərkən dərman almağa belə pul tapmayan Adil Mirseyidsə bədbəxt taleli şair və rəssam olub.

Və başqalarını bilmirəm, amma biz həmin gün Adil Mirseyidi böyük hörmətlə andıq, quruluşların, hakimiyyətlərin fövqündə dayanan bu fövqəlinsana Allahdan rəhmət dilədik.

Ruhunuzu hönkürdəcək bir şeirini də sizlərə ərməğan edirik:

Bəzən vağzallarda qatar gecikir

hardasa dağlarda bahar gecikir

gecikmiş məhəbbət romanları var

aynada xatirə dumanları var

 

mən şeir yazıram gecə yarısı

sancır ürəyimi bir bal arısı

ağlama gözünün yaşlarını sil

gecəyə qar yağır umrumda deyil

 

hanı rahatlığım dincliyim hanı

o qafası sərxoş gəncliyim hanı

mən sənin ömründən çıxıb gedərəm

alnıma bir güllə sıxıb gedərəm

 

pəncərə önündən bir kölgə keçir

mənim gümanımdan bir bəlkə keçir

çox uzun bir gecə dekabr ayı

sanki gülümsəyir oyuncaq ayı

 

gəl otur yanımda səssiz sədasız

ayrılaq bu gecə qansız qadasız

son dəfə bir şeir oxuyum sənə

hər şeyi təzədən başlayaq yenə.

 

“Ədəbiyyat və incəsənət”

(23.12.2024)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.