Daha bir repressiya qurbanı – Ülvi Rəcəb Featured

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

“Milli teatr tariximizdə Şeyx Sənanı incə lirizmlə oynayan ilk aktyor Ülvi Rəcəb olub” - Sənətşünas İlham Rəhimli

 

1937-ci ilin 9 yanvarında - öz doğum günündə "Vətən xaini" damğası ilə həbs edilən, 1 il sonra Bakıda güllələnən, yalnız 1956-cı ildə bəraət alan aktyor, əməkdar artist Ülvi Rəcəbin bu gün doğum günüdür.

Ülvi Şaşıqzadə (Ülvi Rəcəb) 1903-cü ilin 9 yanvarında Batumi yaxınlığındakı Canivri kəndində anadan olub. Ülvi Rəcəb xalası Səbriyyə ilə İstanbula gedib. O, İstanbulda üç ay yayı qaldıqdan sonra evlərinə qayıdıb, təhsilə başlamalı idi. Lakin Birinci Dünya müharibəsi başlayıb və o, geri qayıda bilməyib.

 Buna baxmayaraq, Ülvi Rəcəb xalasının maddi dəstəyi ilə təhsil həyatına başlayıb. Lakin bir il keçmiş xalasının pulu qurtarıb və Ülvi Rəcəb təhsilini ataraq işləyib, özünü dolandırmalı olur. Bütün bunlarla yanaşı, xalası xəstələnib və dünyasını dəyişib. Müharibə qurtardıqdan sonra ailəsi Ülvini tapıb ona pul göndərə bilir. Qısa vaxtdan sonra isə o, Batumiyə qayıdıb.

1918-ci ildə Hüseyn Ərəblinski olmaqla "Tağıyev teatrının truppası" Batumda qastrolda imiş. Qastrol tamaşaları Dəmir Teatrın və "Artistlər cəmiyyəti"nin səhnəsində gedib. Ülvi baş rolu Ərəblinskinin ifa etdiyi "Otello" tamaşasına baxdıqdan sonra həyatını teatra bağlamaq qərarına gəlib. O, Azərbaycandan gəlmiş aktyorlarla yaxından tanış olub.

Onların göstərdikləri bir heçə tamaşada epizod rolları oynayıb. Gənc teatr həvəskarı hətta "Arşın mal alan" operettasında, xəstələnən aktyorun əvəzinə, Soltan bəy rolunda səhnəyə çıxıb. Lakin gənc aktyorun teatrla maraqlanması atasının xoşuna gəlməyib. O, ata-anasından gizlin həvəskarlarla tamaşa hazırlanmasında iştirak edib.

1919-cu ildə Ülvi Rəcəb artıq aktyor kimi tanınıb. Onun teatr şöhrəti oğlunun aktyor olmasını istəməyən atasının qulağına çatıb. Bərk qəzəblənən Rəcəb Şaşıqzadə oğlunu evdən qovub. Bu hadisə aktyora çox ağır təsir edib, lakin o, teatrdan imtina etməyib və teatr tamaşaları göstərilən binada yaşayıb. 1919-cu ilin ortalarında aktyorun 80 yaşlı atası dünyasını dəyişib.

1920-ci ilin əvvəllərində Batum teatrı Ülvini daimi işə dəvət edib. Ülvi Rəcəb çoxlu və müxtəlif rollar ifa etmək istəyib. Lakin repertuarın yekrəngliyi və teatr rəhbərliyinin təşəbbüssüzlüyü aktyorda narazılıq yaradıb. Elə buna görə də aktyor yaşadığı şəhəri tərk etməli olub.

Batum teatrının aktyoru kimi o, 1922-ci ildə həmin teatr kollektivi ilə Tiflisdə qastrol səfərində olub. Rustaveli teatrında cəmi iki tamaşa oynayan kollektiv qastrol pis təşkil olunduğuna görə səfəri yarımçıq saxlayıb, geri qayıtmaq məcburiyyətində qalıblar. Lakin Ülvi Rəcəb teatrla üzülüşüb Tiflisdə qalıb. Ertəsi gün o, Tiflis-Azərbaycan Teatrının müdiriyyətinə ərizə verib, truppaya qəbul edilməsini xahiş edib.

Aktyorun xahişi təmin olunub və onu truppaya qəbul ediblər. Beləliklə, 1922-ci ildə aktyor həmişəlik Tiflisə köçüb. O, burada Tiflis Azərbaycan Teatrının yaradıcılarından İbrahim İsfahanlı ilə tanış olub. "Ölülər" (Cəlil Məmmədquluzadə), "Dağılan tifaq" (Əbdürrəhim bəy Haqverdiyev), "Aydın" (Cəfər Cabbarlı) tamaşalarında çıxış edib.

1924-cü ilin yayında Tiflis Azərbaycan Teatrının baş rejissoru Aleksandr Tuqanov hökumətin dəvətilə Bakıya, Milli Dram Teatrına çağırılıb.  Ülvi Rəcəbin istedad və yaradıcılıq imkanlarına böyük ümid bəsləyən Tuqanov onu da Bakıya dəvət edib. Ülvi 1925-ci ildən Milli Dram Teatrında işləməyə başlayıb. Tezliklə Ülvi Rəcəb teatrın aparıcı aktyoru Abbasmirzə Şərifzadə ilə dublyor olub.

Ülvi Rəcəb janrından və xarakterindən asılı olmayaraq həm faciə, dramatik, həm mürəkkəb psixoloji personajları, həm də lirik qəhrəmanları məharətlə yaradıb. O, 1925-ci ildən 1937-ci ilə qədər Bakıda Milli Dram Teatrının səhnəsində müxtəlif obrazları böyük ustalıqla canlandırıb.

Teatr mütəxəssisləri çoxşaxəli yaradıcılığa malik olan Ülvi Rəcəbin ifa etdiyi rolları "Dramatik surətlər", "Lirik-psixoloji", "Məhəbbət aşiqləri", "Qəhrəman obrazları", "Faciə qəhrəmanları" və s. kimi təsnifatlandırıblar.

Konstantin Trenyovun "Düşmənlər" əsərindəki Mixail Yarovay obrazı, Hüseyn Cavidin "Səyavuş" əsərindəki Səyavuş obrazı, Aleksandr Korneyçukun "Polad Qartal" əsərindəki Polad Qartal obrazı, Cəfər Cabbarlının "Yaşar" əsərindəki Yaşar obrazı aktyorun ifa etdiyi qəhrəman obrazlarıdır.

Həmçinin Vilyam Şekspirin "Hamlet" və "Otello" əsərlərində Hamlet və Otello, Hüseyn Cavidin "Knyaz"ında Anton, Mirzə Cəlil Məmmədquluzadənin "Ölülər"ində İsgəndər, Cəfər Cabbarlının "Od gəlini"ndə Elxan obrazı aktyorun yaratdığı faciə qəhrəmanlarıdır.

Ülvi Rəcəbin Bakıda, Akademik Teatrda oynadığı ilk böyük rol Hamlet olur. O, bu rolu 1926-1927-ci ilin teatr mövsümündə oynayıb. Aktyor Hamlet rolunu həm Aleksandr Tuqanovun (1926-cı il), həm də Sergey Mayorovun (1933-cü il) quruluşlarında oynayıb. Həmin rolu Abbasmirzə Şərifzadə kimi təcrübəli aktyor da ifa edib.

 1927-ci ilin aprelində teatr Azərbaycanın, Gürcüstanın qastrola çıxır. Aprelin 28-də teatr Gəncəyə gəlir və burada 7 tamaşa verir. Mayın 8-də isə teatr Ülvi Rəcəbin iştirakı ilə "Hamlet"i göstərir. "Bakinski raboçi" qəzeti bu haqda yazırdı:

"Ağzına qədər tamaşaçı ilə dolmuş salonda əsər çox böyük müvəffəqiyyət qazandı"

("Bakinski raboçi" qəzeti, 12 may 1927-ci il)

Aktyorun kiçik bacısı Nevrestan bu haqda deyib:

"Hamlet" tamaşası qurtardıqdan sonra, Gürcüstanın görkəmli artistləri, tənqidçiləri Ülvinin qrim otağına girib, onun əlini sıxdılar, müvəffəqiyyətinə görə onu təbrik etdilər. Rustaveli teatrının bədii rəhbəri Sandro Axmeteli onu qucaqlayıb öpdü, gördüklərinin onu heyran etdiyini söylədi. Axmeteli Ülviyə Rustaveli teatrına keçməyi təklif etdi. Ancaq Ülvi təşəkkür eləyib dedi ki, bu teatrdan kənarda yaşamağı ağlına belə sığışdıra bilmir.    "

Bununla bərabər Aleksandr Afinogenov "Qorxu" əsərindəki Borodin obrazı, Viktor Hüqonun "Gülən adam" əsərindəki Huinplen obrazı, Adolf D'Enneri və Germonun "İki yetimə" əsərindəki Jak obrazı, Lev Slavinin "İntervensiya" əsərindəki Voronov obrazı, Cabbar Məcnunbəyovun "Yanar dərə" əsərindəki mühəndis Eldəniz obrazı aktyorun yaratdığı dramatik obrazlardır.

Həmçinin Cəfər Cabbarlının "Od gəlini" əsərindəki Aqşin obrazı, Mirzə İbrahimovun "Həyat" əsərindəki Süleyman obrazı, Maksim Qorkinin "Həyatın dibində" əsərindəki Satin obrazı, Anatoli Qlebovun "Zaqmuq" əsərindəki Ninkir Sin obrazı, Cəfər Cabbarlının "Sevil" əsərindəki Balaş obrazı aktyorun yaratdığı mürəkkəb psixoloji personajlardır.

Ülvi Rəcəb truppaya daxil olan kim Denneri və Germonun "İki yetimə" tamaşasındakı Jak rolu üzərində işləməyə başlayıb. Beləliklə,bu rol aktyora çox böyük uğur qazandırıb. M.Qorkinin yaradıcılıq fəaliyyətinin 30 illiyi günlərində teatr "Həyatın dibində" pyesini yeni quruluşda hazırlayıb. Pyes 1927-ci ilin noyabrında tamaşaya qoyulub. Satin rolu Ülviyə tapşırılıb. Ülvi Rəcəbə tapşırılan Satin obrazı ilə aktyor istedadının yeni cəhətlərini nümayiş etdirib.

Teatr Cəfər Cabbarlının "Od gəlini" pyesini 1928-ci il fevralın 16-da tamaşaya qoyub. Bu tamaşada Ülvi ilk dəfə məşhur aktyor Abbas Mirzə Şərifzadə ilə birlikdə çıxış edib. Aktyor eyni zamanda Bakı Türk İşçi Teatrının hazırladığı tamaşalarda da iştirak edib. O, Balaş obrazını 1931-ci ildə Bakı Türk İşçi Teatrında oynayıb. Sevil rolunda onun tərəf müqabili Akademik Teatrın aktrisası Mərziyə Davudova və Gülüş obrazında İşçi Teatrının aktrisası Farma Qədri olublar.

Habelə Vilyam Şekspirin "Romeo və Cülyetta", Hüseyn Cavidin "Şeyx Sənan" faciələrində Romeo və Şeyx Sənan məhəbbət aşiqləri obrazlarını da ifa edib. Mütəxəssislər Ülvi Rəcəbin calandırdığı "Romeo və Cülyetta" haqqında deyib:

"Ülvi Rəcəbin V.Şeksprin "Romeo və Cülyetta" əsərinin tamaşasında yaratdığı Romeosu təkcə Milli Dram Teatrının deyil, geniş mənada milli səhnə sənətimizin ən parlaq baş qəhrəmanı kimi tarixiləşib."

Ülvi Rəcəb otuz beş illik ömründə və MDT-da on üç illik fəaliyyəti dövründə zəngin yaradıcılıq irsi qoyub gedib. O, Azərbaycan aktyorları arasında "psixoloji teatr" sənətinin bünövrəsini qoyan və onun formalaşmasında misilsiz xidmətlər göstərən, yüksək nailiyyətlər qazanan şəxslərdən biridir.

Böyük sənətkar dəvətlə Tiflis teatrında Şeyx Sənan, Yaşar, Yarovay və başqa rollar yaradıb. Abbas Mirzə Şərifzadədən sonra Cavid əsərlərinin qəhrəmanlarını ən yüksək səviyyədə yaradan aktyorlardan biri 23 yaşlı Ülvi Rəcəb olub.

Ülvi Rəcəb teatr sənətindəki xidmətlərinə görə 25 aprel 1933-cü ildə, 30 yaşında "Əməkdar artist" fəxri adına layiq görülüb

"Həyat" tamaşasında oynadığı Süleyman rolu Ülvi Rəcəbin Akademik Teatrda ifa etdiyi son rol olur. "Kommunist" qəzetinin 30 sentyabr 1937-ci il sayında Azərbaycan Dövlət Dram Teatrı haqqında bir məqalə dərc olunur. Lakin məqalənin müəllifi qeyd edilməyib. Orada oxuculara belə bir xəbər verilir:

"Azərbaycan Dövlət Dram Teatrını burjua nasionalistlərinin əlaltılarından təmizlənməli."

Siyahıda Azərbaycan Dövlət Dram Teatrının aktyoru Ülvi Rəcəbin də adı verilib. Onun haqqında belə yazılır:

"Yaradıcılığı bir qəpiyə dəyməyən bu adam... respublikanın əməkdar artisti kimi şərəfli bir ada "nail" olmuşdur. O, xalq düşmənləri R.Axundov, Ə.Triniç, H.Nəzərli ilə sıx əlaqə saxlamış, xarici reksion qəzetlər oxumuş, patifonda xarici plastinkalar çaldırmış, məişətcə pozulmuş, səhnəmizi Osmanlı, ərəb və fars sözləri ilə zibilləməyə çalışmış, gənc kadrların inkişafına mane olmuşdur."

Beləliklə, Ülvi Rəcəb 1937-ci ilin 9 yanvarı "Vətən xaini" damğası ilə həbs edilib və 1938-ci ilin yanvarında Bakıda güllələnib. O, yalnız 1956-cı ildə bəraət alıb.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(09.01.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.