ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT - Super User
Super User

Super User

“Ədəbiyyat və incəsənət” portalı Time-a istinadən məlumat verir ki, Santa Barbaradakı Arlinqton Teatrında keçirilən Film Festivalında ispan aktyoru Xavier Bardem mükafata layiq görülüb. O, “Oskar” mükafatına da namizəddir. 

Xatırladaq ki, ondan əvvəl başqa bir ispan - aktrisa Penelope Kruz da mükafat qazanmışdı.

Onlar fotoobyektivə də birgə tuş gəliblər.

 

Antalya Diplomatiya Forumunda iştirak edən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Forum çərçivəsində keçirilən “Mədəni irsin rəqəmsal dövrdə qorunması” adlı panel konfransında çıxış edib.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondundan AzərTAC-a bildirilib ki, Günay Əfəndiyeva çıxışında dünyanın müxtəlif ölkələrinin lider və mütəxəssislərini bir araya gətirərək tədbiri yüksək səviyyədə keçirdiklərinə görə Forum təşkilatçılarına təşəkkür edib. Fondun prezidenti Forumun diplomatik və siyasi mühitə mühüm təsir göstərdiyini vurğulayıb: “Dünyanın bir çox yerlərində baş verən ciddi hadisələrə baxmayaraq, bizim burada olmağımız bunu təsdiqləyir, çünki bu platforma diplomatik münasibətlərin inkişafı və bu gün üzləşdiyimiz kirtik məsələlərin həlli üçün mühüm vasitə kimi görünür”.

Qədim dövrlərdən mədəniyyətin sivilizasiyanın qorunmasında, tərbiyəsində və inkişafında əsas amil olduğunu qeyd edən Günay Əfəndiyeva deyib : “Bu gün dünya mədəniyyətinin tarixi, bəşəriyyətin yaranması, dinc yanaşı yaşama, əməkdaşlığın və davamlı inkişafın şərti kimi qarşılıqlı tolerantlığın rolu haqqında ümumi biliklərin təkmilləşdirilməsi çox vacibdir. Bu çağırış, özünəməxsus adət-ənənələr sisteminə malik hər bir mədəniyyətin mənəvi böhrana məruz qaldığı və dəyərlərin transformasiya olunduğu günümüzün sürətlə dəyişən reallığında xüsusilə aktuallaşır və ön plana çıxır. İndi bütün xalqlar dünyamızın kövrəkliyini dərk edir və bəşəriyyətin mədəniyyətini, tarixini gələcək nəsillər üçün qoruyub saxlamağa çalışırlar”.

Bu istiqamətdə rəqəmsal texnologiyaların önəminə toxunan Fondun prezidenti vurğulayıb ki, rəqəmsal texnologiyalar bəşər tarixini mühafizə və təbliğ etmək imkanını yaradır: “Bunun nəticəsində insanlar bu gün müxtəlif xalqların mədəni irsi ilə tanış ola bilir. Texnologiyanın bizə gətirdiyi bu qabiliyyət mədəniyyətlərimizin sürətlə sərhədləri aşmağına şərait yaradır. İstənilən musiqi, kino, teatr və ya digər media bir neçə saniyə ərzində bütün dünyada paylaşılır. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fonduna üzv ölkələrdə də qeyri-maddi mədəni irsin mühafizəsinə və gələcək nəsillərə ötürülməsinə xüsusi diqqət göstərilir”.

Mədəni irsin qorunmasında Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən genişmiqyaslı layihələrdən bəhs edən Günay Əfəndiyeva, rəqəmsallaşdırılma ilə bağlı Fondun xüsusi fəaliyyətindən söz açıb: “Texnoloji tərəqqinin təsirini Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi və dünya mədəni irsinin rəqəmsallaşdırılması sahəsində çoxlu nailiyyətlər qazanmış Heydər Əliyev Fondunun fəaliyyətində açıq görmək olar. Dünya irsi üçün əhəmiyyətli əsərlərin nümayiş olunduğu onlayn kitabxanaların, virtual muzeylərin yaradılması buna misal ola bilər. Heydər Əliyev Fondunun hazırda ən mühüm işlərindən biri Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağda 30 ilə yaxın işğal müddətində dağıdılmış və mənimsənilmiş mədəniyyət abidələrinin bərpası və dirçəldilməsidir” .

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyəti haqqında məlumat verən Günay Əfəndiyeva, texnoloji irəliləyişlərin təşkilatın işindəki əhəmiyyətini, tədbirlər keçirilməsinə, türk dünyasının böyük şəxsiyyətlərinin anılmasına və onların irsinin dünyada yayılmasına imkan verdiyini vurğulayıb: “COVID-19 pandemiyası gündəlik həyatımıza ciddi dəyişikliklər gətirdi. Karantin rejimində biz yeni ünsiyyət yolları və fəaliyyət göstərmək üsulları tapmalı olduq. Bəlkə də bu dövrdə rəqəmsallaşma bizi xüsusi təcriddən xilas etdi, çünki təhsil, sosiallaşma, iş və ümumiyyətlə həyat onlayn rejimə keçirildi. Bu baxımdan Fond həm də dəyişən mühitə uyğunlaşmalı, innovativ alət və platformalardan istifadə etməklə layihələr həyata keçirməli idi. Məktəbliləri əcdadlarımızın çoxəsrlik tarixi ilə tanış etmək məqsədilə “Türk Dünyası Muzeyləri Həftəsi”ni təşkil etdik. Bu müddət ərzində müxtəlif ölkələrdən olan məktəblilər Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Macarıstan muzeylərinə virtual turlara qatıldılar. "Dünyamızı qoruyaq: Türk dünyasının adət-ənənələri" mövzusunda uşaq və tələbələr arasında onlayn rəsm və esse müsabiqələri elan etdik. Bu layihə təkcə türk dövlətləri deyil, dünyanın müxtəlif ölkələrindən cavab verən uşaq və gənclərin böyük yaradıcılıq potensialını nümayiş etdirdi. Keçən il biz türk və dünya ədəbiyyatına mühüm töhfələr vermiş dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik yubileyini qeyd etdik. Fondun təsis etdiyi “Dədə Qorqud” kamera orkestrinin ifasında Nizaminin şeirlərinə yazılmış musiqi əsərlərindən ibarət konsertlər təşkil olundu, müxtəlif ölkələrdə kitablar çap edildi, şairin həyat və yaradıcılığından bəhs edən onlayn konfranslar kimi bir çox tədbirlər keçirildi. Eyni zamanda, 7-ci Bakı Beynəlxalq Kitab Sərgisində Nizami Gəncəvinin “Yeddi gözəl” kitabının elektron versiyasını təqdim etdik. Bu, geniş auditoriyaya kitabın məzmunu ilə tanış olmaq imkanı yaratdı. Bunlar tərəfimizdən həyata keçirilən layihələrin sadəcə kiçik bir qismidir”.

Günay Əfəndiyeva beynəlxalq təşkilatların nümayəndələri olaraq mədəni irsi qorumaq, öyrənmək, təbliğ etmək və gələcək nəsillərə ötürməklə müxtəlif mədəniyyətlər arasında zəruri dostluq əlaqələri yaradılmasının, digər sivilizasiyalarla qarşılıqlı əlaqədə olmağın, paralellər aparılmasının və ortaq nöqtələrin tapılmasının önəmindən bəhs edib.

Paneldə, həmçinin Namibiya beynəlxalq əlaqələr və əməkdaşlıq nazirinin müavini Jenelly Matundu, Bolqarıstanın keçmiş Baş naziri Simeon Sakskoburggotski, Türk Dövlətləri Təşkilatı baş katibinin müavini Ömər Kocaman, Dünya Aramea Şurasının prezidenti Coni Messo çıxış ediblər.

 

İordaniya Krallığı Mədəniyyət Nazirliyinin “Əfkar” ədəbiyyat jurnalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində tanınmış Azərbaycan yazıçısı Fərman Kərimzadənin “Bir ürək yanmalıdır” hekayəsini dərc edib.

Dövlət Tərcümə Mərkəzindən bildirilib ki, yazıçının yaradıcılığı haqqında məlumatla təqdim olunan hekayənin ərəb dilinə tərcümə müəllifi tanınmış Misir tərcüməçisi Əhməd Sami Elaydidir.

Qeyd edək ki, 1966-cı ildən nəşr olunan jurnal mütəmadi olaraq sahifələrində Aleksandr Düma, Qabriel Qarsia Markes, Xorxe Luis Borxes, Mario Varqas Lyosa kimi dünyaşöhrətli yazıçıların yaradıcılığını işıqlandırır.

 

Gənc hərbçimiz – şəhid zabit Murad Nağıyevin şeirləri ilə tanış olunca, ədəbiyyatdan müharibəyə, müharibədən ədəbiyyata aparan yollar haqqında düşüncələrə qərq olmaya bilmirsən... Əslində, ədəbiyyat anti-müharibə fəlsəfi mahiyyətindədir; ancaq “müharibə ədəbiyyatı” deyə biləcəyimiz nə qədər örnəklər var...

Nəyi nəzərdə tuturam? – İlk sırada, Azərbaycan Vətən Müharibəsinə - 27 sentyabr 2020-ci ildə baş vermiş tarixi əks-hücum, bu hücum və 44 gün içrə yaşananlarda ədəbiyyatın yeri və rolunu nəzərdə tuturam. Əlbəttə, müharibədəki tarixi Zəfərimiz “A”dan “Z”yə hər şeydən - bütün əməli çalışma sahələrindən asılı idi, bununla belə, ədəbiyyatın özünəxas ruhlandırıcı rolu, missiyası danılmazdır. Bura “Qarabağın bir kəndini yüz “Nobel”ə dəyişmərəm” (Xalq yazıçısı ANAR) fikrindən tutmuş, Xəlil Rza Ulutürkün, Zəlimxan Yaqubun, onlarla digər sənətkarlarımızın döyüşə qanadlandıran poeziyası daxildir – məncə, heç biri təsirsiz ötüşməyib; şəhid şairlərimiz – Ülvi Bünyadzadənin, Nizami Aydının həyat yolu da gənc vətən oğullarının heç nəyə baxmadan irəli atılmasında özünəxas rola malik olub; istər şifahi, istər yazılı olsun, fərq etməz – əsgərlərimizin, zabitlərimizin, bütövlükdə Ordumuzun hisslərini, düşüncələrini, diləklərini və istəklərini məhz söz sənəti ilə çiçəkləndirməsi, obrazlı ifadə etməsinə dair onlarla misallar var. Milli qəhrəman Mübariz İbrahimovun son əlyazma məktubu da, şəhid şair Ülvi Bünyadzadənin “And”ı da mənə şeir kimi gəlir... Hərbçinin, özəlliklə zabitin missiyası, mandatı bəllidir, lakin hər şey texnika ilə, silahla, güllə, mərmi ilə həll olunmur ki? Bayraq, Şuşa, Torpaq, Xarıbülbül, Zəfər, Şəhidlik... önəmli dərəcədə Ruh, Eşq, Sevda, Həsrət, Ümid, İnam hadisəsidir! Ali Baş Komandanın sözlərini xatırlayıram: “Biz müasir silahlardan istifadə edirik, texnikadan istifadə edirik, düşmənin texnikasını məhv edirik. Torpaqlarımızı ancaq Azərbaycan əsgəri azad edir, Azərbaycan zabiti azad edir, sinəsini qabağa verərək, heç nədən qorxmayaraq, əlində bayraq, əlində silah düşməni qovan da əsgərdir, düşməni məhv edən də əsgərdir. Eşq olsun bizim əsgərlərimizə”!

Ədəbiyyatdan müharibəyə yollar göründüyü kimi, müharibədən ədəbiyyata da sonsuz yollar vardır. Müharibə dövründə, müharibə sonrası, hətta, çox illər keçdikdən sonra poetexnologiyalar, poetik kəşflər səviyyəsində insanların minalanmış ərazi üstündə, güllə yağışı altındakı hiss-həyacanı ilə tanış ola bilirik. 1941-45-ci illər müharibəsindəki Azərbaycan qəhrəmanlarını önəmli dərəcədə onlar haqqında yazılmış bədii əsərlər, filmlər, rəsm, büst və heykəllər də sənətin estetik gücü ilə yaşadıb. “Ana və poçtalyon”, “Ukrayna partizanlarına”, “Tütək səsi”, “Uzaq sahillərdə”, “General”, “Alov saçan sətirlər”, habelə “Azərbaycan legion ədəbiyyatı”... – hər birini riqqətlə xatırlayırıq... 

 

*

Nurüzlü leytenantımız – Azərbaycan Vətən Müharibəsinin şəhidi Murad Nağıyev (Murad Mayıl oğlu Nağıyev; 09.02.1997, Qazax – 11.10.2020, Cəbrayıl) özü yazan, özü döyüşən, öz vətəninin ərazi bütövlüyü, torpaqlarımızın azadlığı uğrunda şəhid olan yanarürəkli cavanlarımızdandı. Bəlkə də, Qazax doğumlu olması səbəbindəndir – onda şairlik istedadı vardı, həncəri deyərlər, o, yazmaya bilməzdi... Qazax əlbəttə, görkəmli hərbçiləri ilə də ün qazanıb, bununla belə şeirimizin paytaxtı fəxri statusu məhz Qazaxa şamil edilir. Və Murad Nağıyev bu iki sahəni qoşa qanad kimi daşıyıb! – Hərbçi kimi yetişib, bir döyüşən hərbçinin ala biləcəyi ən yüksək adı - Şəhid adını qazanıb, bir şəhidin ruhunu şad edəcək ən yüksək amala – Zəfərə nail olub və bir gənc şair kimi incə qəlbini şeirlərlə ifadə edib. – “14 yaşında giydik üniformayı”... – Şeirlərini qardaş türkcədə qələmə alan zabitimiz sanki bununla da dövlət böyüklərimizin “Bir millət, iki dövlət”, “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” formullarının həyatiliyini və Vətən Müharibəsində qardaş Türkiyənin mənəvi, siyasi dəstəyini şeir şükranlığı ilə şəkilləndirib.

Murad adının energetikasını, ürəyinin hərarətini Vətəninə həsr edib!  

Bu misralar ondan yadigardır:

Yeni bir gün başlat hayatta.

Sabah Güneş kendini göstermeye başlar,

Sonsuz ufuklarda.

 

...Öylece izlemeye başlarsın Güneşin doğuşunu,

Sonra dayanamazsın bu güzellik karşısında,

İçini bir ferahlık kaplar.

Yüzün güler, hayran kalırsın bu eşsizliğe...

 

Və ya: 

 

Yaşlı gözlerimde boş bakış,

Giden var fani dünyadan.

Yerleşen var gönlüme,

Yerleşen var kalbimin derinliğine...

 

RUHUNA ALQIŞ!

VƏTƏN SAĞ OLSUN!

 

P.S: Murad özü bir arkadaşı üçün belə yazırdı: 

 

Ama biliyorum yine de yanımdasın,

Hep izliyorsun bir yerlerden beni.

Tam da düşündüğüm gibi oldu,

Hiç bir zaman bırakmayacaksın beni.

 

Əkbər QOŞALI,

Beynəlxalq “Alaş” Ədəbi Mükafatı laureatı

 

Ötən gün Mədəniyyət Nazirliyi, Milli Məclisin Mədəniyyət komitəsi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə görkəmli ədəbiyyatşünas alim, Əməkdar elm xadimi, professor Qəzənfər Paşayevin “İraq – Türkman poeziya antologiyası” kitabının təqdimat mərasimi keçirilib. Ömrünü Kərkük türkmanlarının mədəniyyətinin təbliğinə həsr edən professor bir neçə illik gərgin əməyinin nəticəsini ortaya qoyub. 

Elm və mədəniyyət xadimlərinin iştirakı ilə Milli Kitabxanada təşkil edilən tədbirdə kitabxananın direktoru, professor Kərim Tahirov çıxış edərək alimin Azərbaycan elminə verdiyi töhfələrdən danışıb. Professor Qəzənfər Paşayevin əksər kitablarının təqdimatının məhz Milli Kitabxanada keçirildiyini bildirən Kərim Tahirov deyib: “Bu gün təqdimatı keçirilən “İraq – Türkman poeziya antologiyası” kitabı alimin gərgin əməyinin nəticəsidir. Qəzənfər Paşayev kitabın dostudur, o, bu cür kitabları yazaraq Azərbaycan xalqını bizə daha yaxın olan xalqla yaxınlaşdırıb. Çağdaş İraq – Türkman şairlərinin poeziya örnəklərini əhatə edən “İraq – Türkman poeziya antologiyası”nın hər iki cildi azərbaycanlı poeziyasevərlərin rəğbətini qazanacaq, tədqiqatçıların diqqət mərkəzində olacaqdır”.

Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev çıxış edərək Qəzənfər Paşayevə belə bir kitabın nəşrinə, o cümlədən ədəbiyyatşünaslıq sahəsində tədqiqatlarına görə öz təşəkkürünü bildirib. Qeyd edib ki, məhz Qəzənfər müəllimin kitabları milli şüurumuzun, düşüncəmizin formalaşmasında mühüm rol oynayır: “Qəzənfər Paşayevin müəllifi olduğu kitablar Azərbaycan ədəbiyyatının, mədəniyyətinin öyrənilməsi baxımından çox dəyərlidir”.

Qəzənfər Paşayevi yeni kitabının nəşri münasibətilə təbrik edən natiq ona yaradıcılıq uğurları və araşdırmalarının davamlı olmasını arzulayıb.

Milli Məclisin deputatı, Xalq şairi Sabir Rüstəmxanlı çıxış edərək əvvəlcə bu kitabın nəşrində mühüm xidmətləri olan Qənirə Paşayevaya öz təşəkkürünü bildirib. Qeyd edib ki, son illər ərzində Qənirə xanım çoxsaylı kitabların nəşrində yaxından iştirak edib. Qəzənfər müəllim ömrünü ədəbiyyatşünaslığın bu sahəsinə həsr edib, neçə-neçə kərkük ədəbiyyatına, eləcə də şairlərinə həsr edilən kitabların müəllifidir. Vurğulayıb ki, bu gün təqdimatı keçirilən kitab İraqlı qardaşlarımız arasında körpü rolunu oynayır.

Milli Məclisin deputatı, professor Anar İsgəndərov bildirib ki, bu gün tarixi gündür, ona görə ki, belə gözəl tərtibatlı bir kitabın təqdimatı keçirilir. Azərbaycan İraq əlaqələrinə dair çoxsaylı kitablar yazılıb, lakin müasir dövrdə belə nəşrin olması çox mütərəqqi bir amildir. O vurğulayıb ki, ədəbiyyatımızda “kərküklər kimdir” anlayışını məhz Qəzənfər Paşayev tədqiq edib və bu haqda çoxsaylı kitablar yazıb. “İraq – Türkman poeziya antologiyası” ədəbiyyatşünaslıq əsəri deyil, lakin ədəbiyyat hadisəsidir, ədəbiyyatşünaslar üçün bir qaynaqdır.

Milli Məclisin deputatı, akademik Nizami Cəfərov deyib: “Xoş hadisədir ki, məhz Qəzənfər Paşayev İraq türkman şairlərinin şeirləri ilə bizi tanış edib. Məhz Qəzənfər müəllimin belə bir mövzuya diqqət yetirməsi, çoxsaylı kitablar yazıb-yaratması ədəbiyyatşünas tədqiqatçılar üçün qiymətlidir. İnanıram ki, “İraq – Türkman poeziya antologiyası” kitabı bütün tədqiqatçıların, ədəbiyyatşünasların, şeirsevənlərin stolüstü kitabına çevriləcək.

Kitabın müqəddiməsinin müəllifi, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva çıxış edərək belə bir tədbiri təşkil etdiyinə görə kitab ocağına, Milli Kitabxananın rəhbərliyinə öz təşəkkürünü bildirib. O qeyd edib ki, Qəzənfər Paşayev milli düşüncəmizin formalaşmasında mühüm rol oynayıb. Vurğulayıb ki, İraq türkmanlarının tanıdılması bilavasitə Qəzənfər Paşayevin adı ilə bağlıdır. “İraq – Türkman poeziya antologiyası” kitabı Əməkdar elm xadimi, professor Qəzənfər Paşayevin ürəkdən bağlı olduğu fəaliyyət sahəsinin yeni səhifəsi, hadisəsidir. Azərbaycanda İraq türkmanşünaslığının ən davamlı, uzunmüddətli, peşəkar tədqiqatçısı təbliğatçısı, tərənnümçüsü və təşkilatçısı məhz Qəzənfər Paşayevdir. Qeyd edib ki, antologiya İraq – Türkman poeziyasının keçdiyi inkişaf yolunu, tendensiyaları, onun bu gününü və inkişaf yönünü göstərir.

Kitabın müəllifi Qəzənfər Paşayev çıxış edərək tədbirin təşkilatçılığına görə Milli Kitabxanaya və kitabın ərsəyə gəlməsində əməyi keçən hər bir şəxsə təşəkkür edib.

Tədbirin davamında Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, Kərkük Mədəniyyət Mərkəzinin sədri Şəmsəddin Kuzəçi, şair Elçin İsgəndərzadə və digərləri çıxış ediblər.

Sonda iştirakçılar Milli Kitabxananın fondunda olan professor Qəzənfər Paşayevin yaradıcılığını əhatə edən kitabların sərgisi ilə tanış olublar, müəlliflə xatirə şəkli çəkdiriblər.

 

Almaniyanın Karlsruye şəhərində İqtisadi forumun mərkəzi zalında Azərbaycan klassik musiqisindən ibarət konsert keçirilib.

AzərTAC xəbər verir ki, səhnənin qəhrəmanı istedadlı Azərbaycan ifaçısı Fəridə Rüstəmova olub. F.Rüstəmova tanınmış bəstəkar Səid Rüstəmovun nəvəsidir.

Konsert Azərbaycan diasporunun dəstəyi və ölkəmizin Almaniyadakı səfirliyinin təşəbbüsü və təşkilatçılığı ilə baş tutub.

Konsertdə F.Rüstəmova və Azərbaycanın Almaniyadakı fəxri konsulu Otto Hauzerin birgə yaratdığı “Land of Fire” orkestri çıxış edib. Konsertin keçirildiyi zal şəhərin prestijli məkanlarından biridir.

“Yenidən bir araya gələ bildiyimiz üçün çox şadam. Orkestr üzvləri Almaniyanın müxtəlif şəhərlərində, bir-birindən kifayət qədər uzaqda, şimalda və cənubda yaşayırlar. Xoşbəxt bir təsadüf nəticəsində hamımız işi, təhsili və layihələri bir kənara qoyub görüşə bildik. Konsert çox gözəl keçdi, qonaqlar bizi ayaq üstə alqışlayırdılar. Sonda bir çox tamaşaçılar, o cümlədən iri firmaların və görkəmli konsernin nümayəndələri gözəl musiqiyə görə minnətdarlıq sözləri ilə çıxış etdilər. Biz ifaçılara göstərilən dəstəyə və diasporun etimadına görə çox minnətdarıq. Gələcək konsertlər və digər tədbirlərin keçirilməsi ümidilə”, - deyə F.Rüstəmova bildirib.

 

Mədəniyyət Nazirliyinin “Şuşa mədəniyyətinin inciləri” layihəsi müxtəlif bölmələr üzrə təqdimatlarla davam edir. “Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, “Şuşa İli” münasibətilə həyata keçirilən layihənin “Şuşanın milli geyim üslubu” bölməsinin ilk təqdimatı mədəniyyət paytaxtımızın qadın geyim dəstinə həsr olunub.

Azərbaycan Milli Xalça Muzeyinin Şuşa filialının kolleksiyasında qorunub saxlanılan və XX əsrin əvvəlinə aid olan qadın geyim dəsti yaraşıqlı arxalıq və ətəkdən ibarətdir. Bu dəst pambıq astarlı, üzəri qızılı rəngli butalarla bəzədilmiş “zərxara” adlı qiymətli parçadan hazırlanıb.

Qarabağ arxalıqlarını fərqləndirən əsas cəhətlər yaxasının buta və ya oval “oyma” formalı olması, qatlama ətəyi və nilufər (yelpazəli) qolları olub. Arxalığın nilufər qolları dirsəyə qədər düz, dirsəkdən aşağıya doğru genişlənən biçimə malikdir. Geyimin şax durması üçün bel qurşağının yanına yonulmuş yastı çubuq dikinə tikişlə bənd edilib.

Onu da qeyd edək ki, azərbaycanlı qadınların qurşaqdan aşağı üst geyimi topuqlara çatan ətək (tuman) olub. Ətək “taxta” adlandırılan 10-12 hissə parçadan tikilirdi.

 

2022-ci ildə Azərbaycan bədii fikrinin görkəmli siması Xurşidbanu Natəvanın anadan olmasının 190 ili tamam olur.

Qarabağ xanlığının sonuncu varisi Xan qızı Natəvan mənbəyini doğma təbiətin gözəlliklərindən alan ədəbi yaradıcılığını xalqa məhəbbət nümunəsinə çevrilən xeyriyyəçilik fəaliyyəti ilə ahəngdar şəkildə uzlaşdırmış, yaşadığı Şuşa şəhərinin abadlığı və mədəni həyatının canlılığı üçün böyük zəhmət sərf etmiş, humanist təbiətinə və nəcibliyinə görə tanınıb fədakarlıq və mərhəmət mücəssəməsi kimi sevilmişdir. Xurşidbanu Natəvan Azərbaycan ədəbiyyatı tarixində diqqətəlayiq yer tutan söz ustalarındandır. İncəsənətin ayrı-ayrı növlərinə dərindən bələd olan sənətkar Şərq poetik ənənələrinə sədaqətlə yazıb yaratmış, mənəvi saflığa çağıran və insana məhəbbət, həqiqətə inam hissi aşılayan, zərif lirizmə malik və parlaq bədii boyalarla zəngin bir irs qoyub getmişdir. Onun başçılıq etdiyi ədəbi məclis öz ətrafında dövrün qabaqcıl ziyalılarını toplamış və Qarabağ ədəbi mühitinin inkişafına güclü təsir göstərmişdir.

Xurşidbanu Natəvanın yaradıcılığı həmişə diqqət mərkəzində saxlanılmış, xatirəsinin əbədiləşdirilməsi istiqamətində ölkəmizdə bir sıra tədbirlər həyata keçirilmiş, o cümlədən 1960-cı ildə Bakıda şairənin heykəli, 1982-ci ildə Ulu Öndər Heydər Əliyevin iştirakı ilə Şuşada büstü ucaldılmışdır. Ermənistan silahlı qüvvələrinin 1992-ci ildə Şuşanı işğal edərək buradakı tarixi-memarlıq və mədəniyyət abidələrini vandalcasına dağıdarkən güllə ilə zədələdikləri həmin büst 44 günlük Vətən müharibəsində şəhər şanlı Azərbaycan Ordusu tərəfindən azad olunduqdan sonra əzəli məkanına qaytarılmışdır. Bu gün Natəvanın Şuşada yenidən ucalan və möhtəşəm Zəfərimizin təntənəsini nümayiş etdirən büstü, eyni zamanda, xalqımızın milli mədəni irsə qayğısının rəmzi və mənəvi dəyərlərə ehtiramının təzahürüdür.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, görkəmli şairə və xeyriyyəçi Xurşidbanu Natəvanın 190 illiyinin qeyd olunmasını təmin etmək məqsədilə qərara alıram:

 

1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, Xurşidbanu Natəvanın 190 illiyinə dair tədbirlər planı hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 14 mart 2022-ci il

 

“Ədəbiyyat və incəsənət” portalı Adil Bəhram oğlu Nəsibovun mərhum bəstəkarımız Bəhram Nəsibovun yaradıcılığı, eləsə də istedadlı şair Əkbər Qoşalının “Əziz Şuşa” şeirinə bəstələnmiş mahnının yaranması tarixçəsi barədə yazısını diqqətinizə çatdırır. 

2022-ci il tanınmış bəstəkar, ifaçı, şair Bəhram Nəsibovun 80 illik yubiley ilidir. Bu ərəfədə “Bəhram Nəsibov yaradıcılığının təbliği” İctimai Birliyi sənətkarın mahnılarından ibarət “Nəğmələrdə yaşayan ömür” adlı not kitabının 1-ci cildini nəşr etdirmişdir. Bu kitab Bəhram Nəsibovun çoxşaxəli parlaq yaradıcılığını, onun musiqi aləmini, mahnı xəzinəsini işıqlandıran ilk nəşrdir.

     Xalq arasında peşəkar musiqiçi kimi tanınmış Bəhram Nəsibov öz füsunkar ifası ilə qəlbləri fəth etdiyi kimi, insanların ruhunu oxşayan, bulaq suyu kimi təmiz, dağ havasıtək məlhəm, gur şəlaləli, bahar qoxulu nəğmələr də bəstələmişdir. Onun müxtəlif mövzuda yazdığı 600-ə yaxın mahnısı mövcuddur. Bu günə kimi həmin mahnılardan 70-dən çoxu tanınmış xanəndə və müğənnilər tərəfindən ifa edilmiş, digər oxunmamış nəğmələr isə bəstəkarın şəxsi arxivində saxlanılmışdır. 100 adda mahnının not yazısını əks etdirən bu topluda hələ səslənməmiş, ilk dəfə nota yazılan nəğmələr üstünlük təşkil etmişdir.

     Bəhram Nəsibov şifahi xalq ədəbiyyatını, poeziyanı gözəl bildiyindən şair kimi bir çox mahnılarının şeir mətnlərini də özü yazmışdır. O, sadə xalq dilində yazdığı şeirlərinin sözlərini musiqinin ölçüsünə elə düzmüş, hecaları səslərin uzunluğuna elə paylamışdır ki, oxunarkən hər bir sözün aydın tələffüzünü, hətta nöqtə və vergülün melodiya ilə uzlaşmasını sezmək mümkündür. Bu mahnıları xalqa sevdirən, onların muğamlarımızdan qaynaqlanması, milli ruhda, milli intonasiyalarda yaradılmasıdır. Poeziyaya dərindən bələd olması, onun Nizami Gəncəvi, Şeyx Səfi, Fəzlullah Nəimi, İmadəddin Nəsimi, Mövlana Cəlaləddin Rumi, Əlişir Nəvai və b. kimi klassik şairlərin şeirlərinə yazdığı melodiyalarında daha qabarıq şəkildə özünü biruzə verir. Çünki “romans” janrında bəstələnmiş bu mahnılarda poetik mətnlə melodiyanın qovuşuq vəhdətinin, harmoniyasının şahidi oluruq.

     Kitabın ərsəyə gəlməsində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Əməkdar incəsənət xadimi Gülnaz Abdullazadənin, bəstəkar, professor, sənətşünaslıq üzrə fəlsəfə doktoru Elnarə Dadaşovanın, “Elmi-tədqiqat” laboratoriyasının böyük elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Rauf Bəhmənlinin, Milli Məclisin Mədəniyyət Komitəsinin eksperti, Beynəlxalq “Alaş” ədəbi mükafatı laureatı, tanınmış yazar Əkbər Qoşalının və Əməkdar müəllim, xanəndə Qəzənfər Abbosovun zəhmət və dəstəyini özəlliklə vurğulamaq istəyirəm.

  Kitabın 05 fevral 2022-ci il tarixində keçirilmiş təqdimatı zamanı toplunun rəyçilərindən olan Əkbər Qoşalı öz şeirlər kitabını da mənə hədiyyə etdi. Bəhram Nəsibovun varisi olaraq, onun mahnı külliyatını dərindən araşdıran, hələ ifa edilməmiş nəğmələrinin professional musiqiçilər tərəfindən nota alınmasını sistemli şəkildə çeşidləyən bir şəxs kimi Əkbər Qoşalının şeirlər toplusu mənə çox maraqlı idi. Çünki atamın müxtəlif musiqi alətlərində (tar, saz, gitara, fortepiano) ifası ilə lentə yazılmış, həm də şeir mətnləri olmayan çox sayda nəğmələri vardır. Hətta ömrünün son illərində yataq xəstəsi olarkən səslə zümzümə etdiyi yeni melodiyalarını da maqnitofon lentinə yazıb saxlamışam. Bu nəğmələri əzbərdən bildiyim üçün hansı mahnının musiqisinə hansı şeir mətninin uyğun gələ biləcəyini təyin etmək mənim üçün çətin deyil. Bu anlamda, Əkbər Qoşalının şeirlərindən bir neçəsi diqqətimi cəlb etdi. Onlardan biri də, bu gün artıq nəğməyə çevrilmiş “Əziz Şuşa” adlı şeirdir. Mahnını nota alan, şeir mətnini səslərə düzən tədqiqatçı-alim Rauf Bəhmənli musiqi ilə şeir mətninin istər mövzu, istərsə məzmun baxımından uyğunluğunu, sözlə səsin həmahəng olduğunu təsdiqlədi. Beləliklə, şair Əkbər Qoşalının doğma Şuşamıza həsr etdiyi şeir Bəhram Nəsibov qəlbinin sarı simi ilə dilə gəldi.

     Mən sonda hörmətli yazarımız Əkbər Qoşalıya bir daha öz təşəkkürümü bildirir, həyata yeni göz açmış bu nəğməyə isə uğurlu gələcək arzulayıram.

 

Varis yazır

 

 

Kiminsə haqqında yazı yazmağı xoşlamıram. Deyəsən, Vaqif Səmədoğludan başqa, heç kəs barədə yazmamışam da. Amma bu dəfə yazmaq istəyim o qədər güclü oldu ki, onu boğa bilmədim.

 Səksəninci illərdə orta məktəbdə oxuyanda sevib-sevilən vaxtlarımız idi, sinfimizdə hər birimiz “Beşmərtəbəli evin altıncı mərtəbəsi”ni təkrar-təkrar oxumaqdan doymazdıq. Bir dəfə bunu Anara da etiraf etdim ki, Zaurla Təhminəni yeniyetməliyimdə və sonrakı illərdə düz doqquz dəfə oxumuşam.

 Mənə Anarı elə bu roman sevdirdi, sonradan onun qələmindən çıxan hər bir əsəri səbirsizliklə gözlədim, su kimi içdim. Eləcə də dövrünün tanınan  ədəbiyyatşünası olan və çox erkən yaşlarımda itirdiyim atam Musa Yolçuyevdən eşitdiyim bu kəlmələr: “Bizim Vaqifin (Vaqif Səmədoğlu bizim qohumumuzdur) şeirləri, Anarın da hekayələri qoymadı məni şair, yazıçı olum”. Yaşıdı olan bu böyük ədiblərin yazdıqlarının gücünü görüb atam bədii əsərlərini çap etdirməmişdi, ədəbiyyatşünas olaraq qalmışdı.

 Anara olan simpatiyamın bir səbəbi də çox səmimi olmasıdır. Heç unutmaram,  mən Mədəniyyət Nazirliyinin “Qızıl kəlmə” mükafatını qazananda Anar çıxış edib laureatları təbrik edərkən haqqımda belə söyləmişdi: “Gördüm, nəvəmin əlindən bir kitab düşmür. Soruşdum, nə kitabdır elə, əlindən düşmür. Dedi, Varisin kitabıdır, indi bütün gənclər Varisi oxuyur”. Və əlavə etmişdi ki, “Görürsünüz də, nəvəm məni oxumur, amma Varisi oxuyur”.

 İndiki xoş sözü bir-birindən əsirgəmək dəbində, razılaşın ki, çoxumuz Anar kimi etməzdik.

 Müasir Azərbaycan nəsrinin ən görkəmli nümayəndələrindən biri olan Anar bəlkə hansısa bir hegemon, arxalı xalqın nümayəndəsi olsaydı, indi dünyanın dörd bir tərəfində on milyon tirajlarla kitabları satılardı, Nobel, Buker kimi ödüllərə layiq görülərdi. Bir baxın, tək “Mən, sən, o və telefon”, “Gürcü familiyası” hekayələri onun nəsrinin necə möhtəşəm, yenilməz olmasını iddia eləməyə yetərlidir. Anarın “Sizsiz”i isə, məncə, ülvi məhəbbətə ucaldılmış ən gözəl abidədir.

 Və ilk dəfə onu da etiraf edim ki, doxsanıncı illərdə yazdığım, 2008-ci ildə çap olunan debüt romanım - “Sonuncu ölən ümidlərdir” “Beşmərtəbəli evin altıncı mərtəbəsi”nin təsiri ilə yazılıb. Mən bu təsiri, hətta qəhrəmanların bu romana necə alüdə olmaları təsviri ilə büruzə də vermişəm. On min tirajla çıxan, sonradan altı dəfə təkrar nəşr olunan, Bakı Kitab Klubunun araşdırması nəticəsində müasir Azərbaycanda “Ən çox satılan kitab” elan olunan, hər il minlərlə pirat nüsxələri çap olunmaqda davam edən və həqiqətən də məni tanıtdıran bu romanın bu cür sevilməsində ondakı Anar izləri, heç şübhəsiz, böyük rol oynayıb.

 Kinoşünas Ayaz Salayev iddia edir ki, rejissor Nora Efronun çəkdiyi və baş rolda məşhur Hollivud kinoulduzu Tom Henksin oynadığı “You've Got Mail” (“Sizə məktub var”) filminin ssenarisi Anarın "Mən, sən, o və telefon" əsəri əsasında qurulub. Ayaz Salayevin bu fikrə gəlməsinə adıçəkilən hekayənin Amerikada çap olunması da əsas verib. Və mən şübhə etmirəm ki, Anar yaradıcılığı dünyada neçə-neçə romanlara, filmlərə ideya verib, mövzu verib.

 Çox təəssüf ki, bu gün cəmiyyətdə mənəvi deqradasiya baş alıb gedir, Nizamiyə, Füzuliyə daş atanlar Anarı da, digər tanınmışları da daşlayırlar. Hətta bəzən elə olur ki, ömrünün hər dəqiqəsinin misilsiz sərvət olduğu bir dönəmdə Anar bu sərvətini ona hücum edənlərə, ona həcv yazanlara cavab verməyə xərcləmiş olur.

 Biz heç vaxt dəyərlərimizə layiqincə qiymət verə bilmirik. Şeytana daş atıb müsəlmanlaşma ayini indi bizdə məşhura daş atıb məşhurlaşma şəklini alıb.

 Anar altmışıncı - yetmişinci illərdə parlamağa başlayan mədəniyyət pleadasının – poeziyada Vaqif Səmədoğlu, kinoda Rüstəm İbrahimbəyov, musiqidə Emin Sabitoğlu, rəssamlıqda Toğrul Nərimanbəyov kimi korifeylər nəslinin nəsrdəki sonuncu mogikanıdır. Ona yenə də məhsuldar yazıb yaratmağı, qalmış bütün arzularının həyata keçməsini arzulayıram.

 Və istəyirəm yazımı Anarın çox illər əvvəl həyat yoldaşı Zemfira xanıma ünvanladığı bir ithafnaməsi ilə bitirim. Məncə, burada Anar hər şeydən öncə bir insan, bir ömür-gün yoldaşı, bir valideyin kimi görünür. Axı bütün digər sevgilər insanın öz doğmalarına ünvanlanan böyük sevgisinin bətnindən doğur.

 

   “Ən gözəl əsərimsən!!!”

 

Zemfirama

 

Zaman nə tez ötüşdü,

Lap mat qalmışam özüm.

Düz qırx il bundan qabaq

Olub toyumuz bizim.

Bu qırx il necə keçdi?

Elə bil qırx il deyil,

Qırx gün, qırx gecə keçdi.

İl illərə qalandı,

Sevgi, intizar, kədər,

Sevinc, fərəh, itkilər

Bir-birinə calandı.

Bəs bu qoca dünyada

Nələr keçib gedəndi,

Nələr hər vaxt qalandı?

Pul, sərvət toplamadıq,

Var-dövlət qazanmadıq

Həyatımız boyunca.

Ölkələri, elləri

gəzdik, gördük doyunca.

Paxıllıqla üzləşdik,

Haqsızlıqla rastlaşdıq,

Nə beynimiz pas atdı,

Nə qəlbimiz daşlaşdı.

Haçansa, qırx il sonra

(kaş ki, belə olaydı)

dünyayla vidalaşıb,

ömür sərhəddin aşıb,

çəkiləndə qeybə biz

O biri dünyada da

bir vuracaq qəlbimiz.

Burda bizdən nə qalar?

Namuslu, ləyaqətli,

alnıaçıq balalar,

şirin-şəkər nəvələr,

Ağ vərəqlər üstündə

çəkdiyimiz əzablar –

Yazdığımız kitablar,

Bir də xatirələrdə

Yaşayacaq eşqimiz –

hərarətli, pak, təmiz...

45-in payızında

səni ilk gördüyüm gün

necəydinsə – eləsən,

Söylə bunun sirrini,

Necə qaldın belə sən?

Hələ axşam düşməyib

Bu qaralan qaş deyil.

Yaz ötüb, yay bitsə də,

Payız – hələ qış deyil.

Qış gəlsə də, gəlsin qoy

Qış günü deyildimi

Hədiyyəsiz-filansız,

bizim unudulmaz toy?

Sən vəfalı sevgilim,

İlin dörd fəslində də

baharımsan, yazımsan.

Mənim alın yazımsan,

Hələ də yazmadığım

 Ən gözəl əsərimsən,

 Yazacağım yazımsan.

 Yaxında, ya uzaqda

 Səni hər zaman anar

 Köhnə məktəb yoldaşın –

 Həyat yoldaşın

 Anar.

 

 

 

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.