ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT - Super User
Super User

Super User

YUNESKO-da Rusiya qoşunlarının Kiyevə yaxınlaşması səbəbindən mədəni irs obyektlərinin taleyi ilə bağlı narahatlıqlar artmaqdadır.

“Ədəbiyyat və incəsənət” portalı Euronews-a istinadən xəbər verir ki, YUNESKO-nun Dünya İrs Mərkəzinin direktoru Lazar Elundu belə bir açıqlama verib: "Bizim üçün Kiyevdə Ümumdünya irs obyekti sayılan bir sahə var ki, onunla bağlı xüsusi narahatçılıq keçiririk. Burada iki çox əhəmiyyətli arxitektura ansamblı var: Sofiya Kafedral kilsəsi, eləcə də Kiyev-Peçorsk Lavrı. Bu iki yer " Kiyev-rus Pravoslav Kilsəsinin mənşəyinin sübutu sayılan müqəddəs yerlərdir”.

YUNESKO-nun Dünya İrs Mərkəzinin direktoru təşkilata üzv olan ölkələri (onların arasında Rusiya da var) beynəlxalq hüquqa hörmət etməyə və "Ukraynada yerləşən mühüm mədəni obyektlərin mərmilərə tuş gəlməməsi üçün" səylərini əsirgəməməyə çağırıb.

Ukraynada gedən müharibə nəticəsində mədəni əlaqələr əziyyət çəkir və pozulur. Bu arada Rusiyanın Dövlət Ermitajı Rusiyaya tətbiq edilən sanksiyalardan əndişələnərək iki Milan muzeyinin - Palazzo Reale və "Gallery D 'İtaliya" rəhbərliyindən sərgi nümayişi üçün verilmiş 25 rəsm əsərini geri istəyib. Onların arasında milyonlarca qiyməti olan Titsianın "Gənc qadının portreti" və Covanni Karianinin "Qoca kişi və gənc qadın" əsərləri də yer alır.

 

 

 

Bu gün – martın 14-də, saat 15-də Azərbaycan Milli Kitabxanasının Konfrans zalında görkəmli ədəbiyyatşünas alim, Əməkdar elm xadimi, professor Qəzənfər Paşayevin “İraq-Türkman poeziya antologiyası” kitabının təqdimat mərasimi keçiriləcək.

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, 85 yaşlı görkəmli alimimiz müxtəlif fasilələrlə üç dəfə İraqda tərcüməçi işləyib. İraqda yaşayan qan qardaşlarımız olan  türkmanların ədədbiyyatı ilə yaxından maraqlanıb, “İraq türkmanlarının folkloru” mövzusunda doktorluq dissertasiyası müdafiə edib. Onun «Kərkük bayatıları» (1968), «Arzu-Qənbər dastanı» (1972), «İraq kərkük atalar sözləri» (1978), «İraq kərkük bayatıları» (1984), «Kərkük tapmacaları»(1984), «Kərkük folklor antologiyası» (1987), «Nəsiminin İraq divanı» (1987), «İraq Türkmən folkloru» (1982) kimi kitabları nəşr edilib. Qəzənfər Paşayevə ən böyük uğuru isə 1987-ci ildə işıq üzü görən «Altı il Dəclə və Fərat sahillərində» memuar kitabı qazandırıb, kitab oxucular arasında əl-əl gəzib.

“İraq-Türkman poeziya antologiyası” da bu silsilənin davamıdır.

Geniş oxucu auditoriyasına, ədəbiyyatsevərlərə ünvanlanmış “İraq-Türkman poeziya antologiyası”nın bəyəniləcəyinə əsla şübhəmiz yoxdur.

Tqədimata giriş Dəvətnamələrlədir.

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin M.Maqomayev adına 26 nömrəli onbirillik musiqi məktəbinin şagirdləri Amerika Birləşmiş Ştatlarında keçirilən pianoçuların beynəlxalq müsabiqəsində uğurla iştirak ediblər.

Onlayn müsabiqədə məktəbinin fortepiano sinfinin şagirdləri Məlahət İbrahimli Qran-Pri mükafatına, Nərmin Kərimli isə ikinci yerə layiq görülüb.

Müsabiqədə uğur qazanan hər iki şagirdin ixtisas müəllimi Səadət Manafovadır.

 

Ukraynanın tanınmış yazıçısı, “Mənəviyyat kəhkəşanı” ədəbiyyat müsabiqəsinin Təşkilat Komitəsinin sədri Nataliya Kefeli “Yazıçılar internet məkanda” adlanan sosial media platformasında belə bir post paylaşaraq bu şəkilləri nümayiş etdirib:

“Mənəviyyat Kəhkəşanı” ədəbiyyat müsabiqəsinin finalı hər il gözəl və rahat İrpen şəhərində keçirilirdi. Oraya dünyanın dörd yanından yazıçılar gəlirdi. Çox təəssüf ki, bu gün İrpen də Buça, Boyarka, Qostomel, Vorzel  kimi Ukraynanın zümrüd şəhərləri ilə bir sırada tamamilə yerlə yeksan edilmişdir”.

Bəli, bu gün ruslar “uf” da

demədən Ukraynanın şəhərlərini bombalayır, dinc sakinləri qırırlar. Starobilsk şəhərində uşaq bağçasının bombalanması hər kəsi sarsıtdı. Axırıncı dəfə dinc əhaliyə  Hitler faşizmi bu cür zülm etmişdi. Müharibəni xalqlar yox, siyasətçilər aparırlar. Biz ümid edirik ki, müdrik rus xalqı, Rusiya ziyalıları Rusiyanı, rus xalqını dünya ilə düşmən etməyə çalışan ölkə rəhbərinin siyasətinə əvvəl-axır “yox” deyəcəklər.

 

Müasir İncəsənət Muzeyində türk rəssamı və dekorativ tətbiqi sənət ustası Binnur Ersayın “Qarabağ atları” mövzusunda fərdi sərgisi açılıb.

AzərTAC xəbər verir ki, sərgidə rəssamın 60-dan çox əsəri nümayiş olunub.

Tədbirin aparıcısı, Milli Məclisin Mədəniyyət Komitəsinin eksperti Əkbər Qoşalı bildirib ki, sərgi tematik xarakterlidir və qardaş ölkənin istedadlı yeni nəsil sənətçisinin Azərbaycana, tarixi Zəfərimizə necə könül verməsinin parlaq təcəssümüdür.

Sərginin təşəbbüskarlarından Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva çıxış edərək, Binnur Ersayın Türkiyə-Azərbaycan münasibətlərinə önəmli sənət töhfəsi verdiyini, Azərbaycan mədəniyyətində xüsusi rol oynayan Qarabağ atları ilə bağlı ilk sərgini uğurla təşkil etdiyini söyləyib.

Qənirə Paşayeva Türkiyə dövlətinin qurucusu, dahi Atatürkün sözlərini xatırlayaraq bildirib ki, deputat olmaq olar, ancaq sənətçi olmaq üçün istedad vacibdir: "Binnur xanım Qarabağ atlarını o qədər gözəl təsvir edib ki, tablolarda Qarabağın ruhu əks olunub". O, rəssama Qarabağ atlarını dünyada təbliğ etdiyi üçün təşəkkürünü bildirib. Rəsmlərin Şuşa başda olmaqla, işğaldan azad olunmuş digər şəhər və rayonlardakı muzeylərdə saxlanılacağını söyləyib.

Bu vaxta qədər Azərbaycanda Qarabağ atları mövzusuna toxunulmadığını deyən Qənirə Paşayeva Binnur Ersayın Azərbaycan Rəssamlar İttifaqına üzv olunması təklifini irəli sürüb.

Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev rəsm sənətini dünyanın birinci möcüzəsi adlandırıb. Bildirib ki, insanlar ilk dəfə olaraq gördüyünü, düşündüyünü rəsmlərdə əks etdirib və Qarabağ atları bu möcüzənin davamıdır. Sərginin, eyni zamanda, Türkiyə-Azərbaycan qardaşlığının bir rəmzi olduğunu vurğulayıb.

Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağaəli İbrahimov rəssamın peşəkarlığından söz açıb: “Atın gözlərini ifadə etmək ən çətin işlərdən biridir. Ancaq Binnur Ersay bu gözləri ustalıqla kətan parça üzərinə köçürüb”.

İnsan hüquqları üzrə müvəkkil (Ombudsman) Səbinə Əliyeva 30 il ərzində ermənilərin törətdiyi cinayətlərdən, müharibə zamanı flora və faunaya dəyən ziyandan və bunun fonunda Qarabağ atlarının məhv olma təhlükəsindən danışıb.

Bildirilib ki, Qarabağ atları mövzusu çox yerinə düşür. Çünki, Qarabağ atları vətənimizin bir simvoludur. Türkiyə bizimlə bu mübarizəni yaşayıb, bu gün isə Binnur Ersayın timsalında bizə belə bir sevinc bəxş edir.

Binnur Ersay çıxış edərək, təşkilatçılara, sərgiyə maraq göstərən sənətsevərlərə təşəkkür edib, rəsmlərlə bağlı fikrini bölüşüb: “Uzun bir pandemiya dövrü yaşadıq. Bütün dünya evdə oturduğu zaman Azərbaycan böyük bir qələbəyə imza atdı. Türkiyə də bu mübarizədə qardaş Azərbaycana mənəvi dəstək olaraq, "Qarabağ Azərbaycandır!" sözlərini deməkdən yorulmadı. Rəssam olduğum üçün Qarabağ atlarını çəkməyi düşündüm. Daxilimdəki coşqu, sevgi, kədər, sevinc - bütün bunlar çəkdiyim rəsmlərə hopduruldu, onlar da sanki daxilimdə baş verənləri yaşadılar”.

Sonda rəssama qızıl gül buketi və kəlağayı hədiyyə olunub, xatirə fotosu çəkilib.

Sərgi mart ayının sonuna qədər davam edəcək.

Günün fotosu: Vaşinqton Ukraynanın bayraqlarına bürünüb

 

ABŞ-ın və Latviyanın baş şəhərləri Vaşinqton və Riqa Ukraynanın göy-sarı bayraqlarına bürünüb. 

Bura Vaşinqtondur. 

 

Foto: Euronews

 

Moskvada müasir Azərbaycan mədəniyyətinin və kinosunun görkəmli nümayəndəsi, Xalq yazıçısı Rüstəm İbrahimbəyov ilə vida mərasimi keçirilib.

Mərasim Moskvadakı Mərkəzi Kinematoqrafçılar Evində təşkil olunub. 

Görkəmli soydaşımız, məşhur incəsənət xadimi ilə vidalaşmağa gələnlər arasında mərhumun qohumları, dostları və yaxınları, ictimaiyyətin, Azərbaycan diasporunun nümayəndələri, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin və səfirliyimizin əməkdaşları, elm və mədəniyyət xadimləri olub.

 

Martın 13-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında “Filumena Marturano” adlı yeni tamaşanın premyerası keçiriləcək. 

Tamaşa italyan dramaturqu Eduardo de Filipponun eyniadlı əsəri əsasında hazırlanıb.

Eduardo de Filipponun 1946-cı ildə qələmə aldığı əsər elə həmin il Neapoldakı Politeama teatrında tamaşaya qoyulub. Əsər Filumena Marturano adlı qadının Domeniko Soriano adlı varlı kişi ilə mübarizəsindən bəhs edir. Əsərdəki əsas motiv cəmiyyətdəki təbəqələşmənin törətdiyi fəsadlardır.

Səhnə əsərinin bədii rəhbəri Xalq artisti Azər Paşa Nemətov, quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımov, rejissoru Mehman Fətullayevdir. Səhnə əsərinin quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, işıq üzrə rəssamı Rafael Həsənov, musiqi tərtibatçısı Kamil İsmayılov, rəqslərin quruluşçusu Lalə Hacıyeva, rejissor assistentləri Dilbər İsmayılova və Könül Kərimovadır.

Əsəri Azərbaycan dilinə yazıçı Ülviyyə Heydərova tərcümə edib.

Tamaşada baş rollarda Xalq artistləri Bəsti Cəfərova (Filumena Marturano) və Ramiz Novruz (Domeniko Soriano) oynayırlar. Səhnə əsərində həmçinin aktyorlar Ramin Şıxəliyev, Cümşüd Zeynalov, Ləman İmanova, Əməkdar artist Sevinc Əliyeva, aktyorlar Şəhla Əliqızı, İlahə Həsənova, Fəridə Şahbazova, Vüsal Mustafayev, Elnur Qədirov, Corc Qafarov, Cavidan Novruz və Elsevər Rəhimov, Firuzə Balayeva, Xədicə Novruzlu rol alıb.

 

Şəkildə: “Filumena Marturano”ya çəkilmiş ilk filmin tarixi afişası

Rəsm qalereyası:

Nazilə Fərzullayeva, “Təbiət lövhəsi”

Günün fotosu: Ruslar hücumu genişləndirir, kiyevlilər səngər qazırlar

Rusiya ordusu hücumu genişləndirərək Ukraynanın mərkəzindəki Dnepr şəhərini hədəf seçib, uşaq bağçası, yaşayış evləri, ayaqqabı fabriki bombalanıb. 

Kiyevlilər şəhərin ətrafında səngərlər  qazırlar. 

 

Foto: Euronews

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.