
Super User
Mədəniyyət Nazirliyi 30 min manat mükafat fondu olan heykəltəraşlıq müsabiqəsi elan edir
Bildiyiniz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 5 yanvar 2022-ci il tarixli 3096 nömrəli Sərəncamı ilə 2022-ci il ölkəmizdə “Şuşa İli” elan edilmişdir ki, bununla da bağlı Mədəniyyət Nazirliyi tərəfindən silsilə tədbirlər həyata keçirilir. Onlardan biri də heykəltəraşlıq müsabiqəsinin elan edilməsidir.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verir ki, müsabiqənin təşkilində əsas məqsəd Azərbaycan incəsənətinin və mədəniyyətinin mərkəzi kimi qədim tarixə malik Qarabağın baş tacı, Prezident İlham Əliyev tərəfindən Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşa şəhərinin zəngin mədəni irsinin təbliği, həmçinin bu irsi özündə təcəssüm etdirən heykəltəraşlıq abidələrinin qorunmasıdır.
Hazırda Şuşa şəhərinin tarixi görkəminin bərpası, əvvəlki şöhrətinin özünə qaytarılması və ənənəvi dolğun mədəni həyatına qovuşması, eləcə də Azərbaycanın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin parlaq incisi kimi beynəlxalq aləmdə təbliğini təmin etmək məqsədilə müvafiq işlər aparılmaqdadır.
Müsabiqənin şərtləri:
Heykəltəraşlar tərəfindən Şuşa şəhərinin qədim tarixi, mədəniyyəti və dahi şəxsiyyətlərinə aid heykəltəraşlıq nümunələrinin tunc, mərmər və bürünc materialdan heykəllər hazırlanaraq Mədəniyyət Nazirliyə təqdim edilməlidir. Təqdim olunan heykəltəraşlıq nümunələrinin minimal 50 sm. olmaqla 1 metr hündürlüyünədək hazırlanması əsas şərtlərdən biridir.
Mükafatlar:
Birinci yer (1 nəfər) – I dərəcəli diplom və 8000 manat
İkinci yer (2 nəfər) – II dərəcəli diplom və 4000 manat
Üçüncü yer (3 nəfər) – III dərəcəli diplom və 3000 manat
Həvəsləndirici mükafat (10 nəfər) – 500 manat
Müsabiqənin müddəti:
Müsabiqə 15 mart - 15 iyun 2022-ci il tarixlərində keçiriləcəkdir.
İlkin mərhələ:
15.03.22– 15.06.22
– müsabiqənin elan edilməsi, rəssamların dəvət olunması, müsabiqə iştirakçıları tərəfindən heykəllərin işlənib hazırlanması, heykəllərin qəbulu
Əsas mərhələlər:
– heykəllərin nəzərdən keçirilməsi, iştirakçıların ilkin seçimi
– qalibin seçilməsi və elan edilməsi
– heykəlin təşkilat komitəsi tərəfindən qəbul edilməsi.
Müsabiqədə iştirakın şərtləri:
1. Müsabiqədə şəhər heykəltəraşlığı sahələrində işləyən peşəkar yerli və xarici heykəltəraşlar iştirak edə bilərlər.
2. Namizədlər müsabiqədə iştirak etmək üçün təyin edilmiş nümunə üzrə ərizəni təqdim etməlidirlər. Ərizə bilavasitə namizəd tərəfindən doldurulur. Ərizənin bütün bəndlərinin doldurulması mütləqdir. Müsabiqədə iştirak üçün yalnız müəllifliyi şəxsən namizədə aid olan heykəllər qəbul edilir.
3. Namizədlər tərəfindən təqdim olunmuş heykəllər üçün ödəniş edilmir. Müəllif hüquqlarının pozulmasına (plagiata) görə məsuliyyəti müvafiq materialları müsabiqəyə göndərmiş şəxs daşıyır.
4. Müəllif ərizə vermək və nəzərdən keçirilməsi üçün heykəli təqdim etməklə (elektron şəkildə təqdim etmək də mümkündür) seçim mərhələsinin iştirakçısı olur. İştirak üçün heykəli Mədəniyyət Nazirliyinə (Bakı şəhəri, Hökümət Evi) təqdim etmək və ya elektron poçt vasitəsilə Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. ünvanına “Şuşa şəhərinə həsr olunmuş heykəlin hazırlanması üçün müsabiqə” başlığı ilə göndərmək lazımdır.
5. Müsabiqənin təşkilat komitəsi verilmiş heykəllər arasından yalnız bir qalib müəyyənləşdirir. Müsabiqə iştirakçılarının seçimi aşağıdakı meyarlar üzrə həyata keçirilir: mövzuya uyğunluq; müəllif mülahizəsinin və icra edilmə səviyyəsinin peşəkarlığı, təqdim edilmiş kompozisiyanın materialın emal texnologiyasına uyğunluğu.
6. Heykəllərin təqdim edilməsi üçün son tarix: 15 iyun 2022-ci il.
7. Müsabiqənin mövzusu “Şuşa”.
8. Hekəlin materialı: tunc, mərmər və bürünc
Hər bir heykəl həm fərdi iştirakçı, həm də komanda tərəfindən hazırlana bilər. Həmmüəlliflərin sayı 3 nəfərdən çox olmamalıdır.
Müsabiqəyə yekun vurulması:
Finalda iştirak edən heykəl nümunələri müsabiqənin populyarlaşdırılması və daha geniş tamaşaçı kütləsinə çatdırılması məqsədilə təşkilatçı tərəfindən KİV-də işıqlandırıla bilər. Bu halda heykəl layihəçilərinin müəllifliyi qorunub saxlanılır.
Və ən nəhayət: Doldurulmuş qeydiyyat forması 15 iyun 2022-ci il tarixinədək müsabiqənin təşkilat komitəsinə Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron poçt ünvanına “Şuşa şəhərinə həsr olunmuş heykəlin hazırlanması üçün müsabiqə” başlığı ilə göndərilməlidir.
Əziz heykəltəraşlar, necə deyərlər, bu meydan, bu şeytan.
Şəkildə: Şuşada Xurşidbanu Natəvanın heykəli. Əminik ki, bu müsabiqə Şuşada ucaldıla biləcək abidələrin üzə çıxmasına şərait yaradacaq.
Xalq yazıçısı Rüstəm İbrahimbəyovla vida mərasimi keçirilir
Bu saatlarda Nizami Kino Mərkəzində müasir Azərbaycan ədəbiyyatının və kino sənətinin görkəmli nümayəndəsi, tanınmış nasir, dramaturq, ssenarist və rejissor, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Dövlət mükafatları laureatı, Əməkdar incəsənət xadimi, Xalq yazıçısı Rüstəm İbrahimbəyovla vida mərasimi keçirilir.
Vida mərasimində tanınmış elm və mədəniyyət xadimləri, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak edirlər.
Mərhumun cənazəsi Nizami Kino Mərkəzinin matəmsayağı bəzədilmiş böyük səhnəsində postament üzərinə qoyulub.
Tabutun önünə Azərbaycan Respublikasının Prezidenti və Birinci vitse-prezidenti adından əklil qoyulub.
Cənazənin ətrafına müxtəlif təşkilatlar adından da əklillər düzülüb.
Qeyd edək ki, mərhum birinci Fəxri xiyabanda torpağa tapşırılacaq.
Ən çox oxunan xəbər Türkmənistanda yeni prezidentin seçilməsi olub
Türkmənistanda növbədənkənar prezident seçkisinin nəticələri açıqlanıb. MSK-nın məlumatına görə, “olduqca demokratik və şəffaf keçirilən” seçkidə qalib Serdar Berdiməhəmmədov olub.
O, hazırkı dövlət başçısının oğlu, baş nazirin müavinidir.
Onun seçicilərin, demək olar ki, 73% -nin səsini toplaması gözlənilməz sayıla bilər. Belə ki, türkmən MSK-sı adətən 90 rəqəmi civarında hərəkət edir. Görünür, dünyada baş verən siyasi kataklizmlər pambıqla baş kəsmək siyasətində pambığın miqdarında dəyişiklik etmək kimi azacıq korrektələrə rəvac verib.
Ümumilikdə, respublikanın başçısı postuna doqquz namizədin iddia etməsi görüntüsü də pambığın qədərinin dəyişilməsinə dəlalət edir, ölkədə seçkiqabağı debat isə təbii ki aparılmayıb.
Ukrayna müharibəsi gündəmi zəbt elədiyi bir zamanda Türkmənistan seçkiləri barədə xəbər dünya mətbuatında ən çox tirajlanan xəbərlərdən olub.
Foto: Euronews
Günün fotosu: Taxıl böhranı təhlükəsi yaranıb
Günün fotosu: Taxıl böhranı təhlükəsi yaranıb
Ukraynada gedən müharibə və bununla əlaqədar tətbiq edilən antirusiya sanksiyaları qlobal miqyasda ərzaq təhlükəsizliyi üçün təhlükə yaradır. Bu barədə BMT-nin baş katibi Antoniu Quterriş bildirib.
Foto: Euronews
Rusiyada yarpaq tökümü: “Netflix” də ölkədən gedir
Ukraynaya qarşı işğalçı müharibə öz sözünü deyir. Sanksiyalar davam edir. “Netflix” və “Amazon Prime” da Rusiyadakı fəaliyyətini dayandırmağa hazırlaşır.
Bu məşhur film platformaları Ukraynada baş verənlərə etiraz əlaməti olaraq bu addımı atacaqlarını bildiriblər.
Qeyd edək ki, “Netflix” bu qərarı ilə Rusiyanın kino büdcəsinə ciddi təsir göstərəcəyini düşünür.
Mədəniyyət Nazirliyinin “Şuşa söhbətləri” layihəsinin təqdimatı olub
Martın 15-də Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət Nazirliyinin təşkilatçılığı və təşəbbüsü ilə reallaşan “Shusha talks” (“Şuşa söhbətləri”) adlı layihənin təqdimatı olub. Layihənin əsas məqsədi Qarabağın dirçəlişi ilə bağlı mədəniyyət sahəsində tanınmış şəxslərin fikirlərini öyrənməkdir.
Mədəniyyət Nazirliyinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Məryəm Qafarzadə çıxış edərək layihə haqqında məlumat verib.
Bildirib ki, layihə çərçivəsində ictimaiyyət nümayəndələri, mədəniyyət və incəsənət xadimləri, blogerlər və yaradıcı sənayenin nümayəndələrinin “Şuşa İli” ilə bağlı nazirliklə əməkdaşlığını genişləndirmək məqsədilə görüşlər keçiriləcək və fikir mübadiləsi aparılacaq.
Mədəniyyət naziri Anar Kərimov çıxış edərək deyib ki, "Şuşa söhbətləri" layihəsi "Şuşa ili"nə həsr edilib: “Bu gün biz önəmli bir layihəyə start veririk. Layihə Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə bu ilin "Şuşa İli" elan edilməsinə həsr olunub. Bütün tədbirlərimizdə Şuşanı ana xətt kimi təbliğ etməliyik. Bu il Şuşa şəhərinin təməlinin qoyulmasının 270 illiyi qeyd olunacaq. Şuşanın əhəmiyyəti təkcə onun tarixindən yox, həm də Azərbaycan mədəniyyətinin beşiyi olmasındadır. Nazirliyin bütün layihələrində Şuşanın əhəmiyyətinin həm Azərbaycanda, həm də beynəlxalq aləmdə təbliğ olunmağı vacibdir”.
Nazir vurğulayıb ki, Şuşa mədəniyyət paytaxtımız olaraq azadlığının ikinci ildönümünü yaşamaqdadır: “Bu qüruru bizə yaşatdığı üçün Ali Baş Komandana, Ordumuza təşəkkür edirik. İstəyirik ki, Şuşa söhbətləri vasitəsilə Şuşanın dəyərini təbliğ edə bilək. “Şuşa söhbətləri” çərçivəsində biz müxtəlif insanları-jurnalistləri, blogerləri, tarixçiləri dəvət edəcəyik. Bu, bir başlanğıcdır. İlboyu belə müzakirələr keçirəcəyik. Layihənin uğurundan asılı olaraq növbəti illərdə də bunu davam etdirməyi düşünürük. Burada vətəndaş cəmiyyətinin iştirakı çox önəmlidir”.
A.Kərimov hər kəsi layihənin ictimai müzakirəsində fəal iştirak etməyə çağırıb. O qeyd edib ki, bundan sonra hər ay bu mövzuda görüşlər keçiriləcək.
Sonra “Şuşa söhbətləri” layihəsinin təqdimatı olub.
Əməkdar incəsənət xadimi, modelyer Fəxriyyə Xələfova çıxışında layihənin onun üçün xüsusi əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb: “Burada təcrübə də çox önəmlidir. Düşünürəm ki, görüləcək işlər çox peşəkar şəkildə təqdim olunacaq. Bu istiqamətdə görüləcək işləri həm ölkə ictimaiyyətinə, həm də beynəlxalq layihələrdə təqdim edə biləcəyik”.
Tanınmış fotoqraf Reza Deqati Şuşa ilə bağlı xatirələrindən danışıb. O, Şuşada fotoqrafiya məktəbi açmaq istədiyini bildirib: “Həm fotoqraf, həm memar, həm də tarixçi kimi çox maraqlıdır ki, necə olub Şuşada bu qədər ziyalılar yetişib. Bu cür yerlər dünyada azdır. Mən istəyirəm ki, Şuşada fotoqrafiya məktəbi yaradım, dünyanın müxtəlif ölkələrindən ora fotoqraflar gəlsin. Bu, fotofestival şəklində də ola bilər. Bilirsiniz, foto indi dünyanın ən birinci dilidir. Fotonun dili ilə bütün dünya ilə danışmaq olar”.
Tədbir müzakirə və çıxışlarla davam edib.
Qeyd edək ki, layihə çərçivəsindəki müzakirələrin Şuşada da keçirilməsi planlaşdırılır.
İstanbulda Nərgiz Quliyevanın rəsm əsərləri sərgilənir
Martın 15-də İstanbulda beynəlxalq müsabiqələr laureatı, Rəssamlar İttifaqının üzvü, istedadlı rəssam, “Nargiz Art Studio”nun rəhbəri Nərgiz Quliyevanın fərdi sərgisi açılıb.
Türkiyə-Azərbaycan qardaşlığı və həmrəyliyinə həsr edilən sərgi ölkənin ən nüfuzlu salonlarından olan “Niş Art Gallery”də baş tutub. Bu, azərbaycanlı rəssamın İstanbulda ilk sərgisidir.
Tədbirlə bağlı AzərTAC-a müsahibə verən rəssam sərgisinin məhz qardaş Türkiyədə, İstanbulda keçirilməsinin onun üçün xüsusi əhəmiyyət kəsb etdiyini deyib: “Türkiyənin mənim həyatımda xüsusi yeri var. Bir neçə beynəlxalq müsabiqənin laureatıyam. İştirak etdiyim bu müsabiqələrdən ilki isə məhz Türkiyədə, Ankarada olub. Mən hələ rəssam kimi ilk addımlarımı atmağa başladıqda bizə qardaş ölkədə türk xalqının ulu öndəri Mustafa Kamal Atatürkə həsr olunan beynəlxalq müsabiqənin keçiriləcəyi ilə bağlı məlumat daxil oldu. Bu müsabiqə məndə böyük maraq oyatdı. Orada çox iştirakçı var idi. Azərbaycandan da çox sayda istedadlı gənc müsabiqəyə qatılmışdı. O zamanlar daha yeni addımlarımı atmağa başlamışdım, elə o səbəbdən də əsərlərimə yüksək qiymət veriləcəyinə o qədər də inamlı deyildim. Lakin müsabiqə mənim üçün çox uğurlu oldu və qaliblər sırasında öz yerimi tutdum. Bu uğurum sonralar da davam etdi. Dünyanın müxtəlif ölkələrində sərgilərim təşkil olundu. Lakin, ilklərin yeri hər zaman başqa olur. Mən bu layihəyə “Niş Art Gallery” rəhbəri Nihat Tokatın dəvəti ilə qatılmışam. Müxtəlif mövzularda əsərlərim sərgilənir, lakin böyük əksəriyyəti Türkiyə və Azərbaycanın tarixi, mədəniyyəti, təbiəti, tarixi abidələri və məkanlarına həsr olunub”.
Martın 20-dək davam edəcək sərgidə rəssamın son aylarda çəkdiyi iyirmiyə yaxın ən yeni əsərləri nümayiş olunur.
Filarmoniyada ilaxır çərşənbəyə həsr olunan konsert keçirilib
Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında ilin axır çərşənbəsinə - təbiətin oyanmasını tərənnüm edən, insanların həyatına yaxşı dəyişikliklər gətirən günə həsr olunmuş konsert keçirilib.
Konsert proqramında Əməkdar artist Almaz Orucova, respublika və beynəlxalq müsabiqələr laureatı Taleh Yəhyayev və Rəvanə Qurbanovanın ifasında xalq mahnıları və müəllif kompozisiyaları səsləndirilib.
Azərbaycanın Xalq artisti Ağaverdi Paşayevin bədii rəhbəri və baş dirijoru olduğu Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı kollektivinin çıxışı da bayram əhval-ruhiyyəsi, xoş ovqat yaradıb.
Fikrət Əmirovun 100 illiyi geniş şəkildə qeyd olunacaq
Prezident İlham Əliyev görkəmli bəstəkar, tanınmış ictimai xadim, SSRİ və Azərbaycan Respublikasının Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı Fikrət Əmirovun 100 illiyinin qeyd edilməsi ilə bağlı Sərəncam imzalayıb.
Sərəncama əsasən, Fikrət Əmirovun 100 illiyi ilə əlaqədar tədbirlər planını hazırlayıb həyata keçirmək Azərbaycan Bəstəkarlar İttifaqının təkliflərini nəzərə almaqla, Mədəniyyət Nazirliyinə tapşırılıb.
Sərəncamda deyilir: “2022-ci ilin noyabr ayında görkəmli bəstəkar, tanınmış ictimai xadim, SSRİ və Azərbaycan Respublikasının Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, Azərbaycan Respublikası Elmlər Akademiyasının müxbir üzvü Fikrət Məşədi Cəmil oğlu Əmirovun anadan olmasının 100 ili tamam olur. Azərbaycan bəstəkarlıq məktəbinin böyük nümayəndəsi, simfonik muğam janrının banisi Fikrət Əmirov rəngarəng yaradıcılıq palitrasına malik qüdrətli sənətkar kimi mədəni sərvətlər xəzinəmizə misilsiz töhfələr bəxş etmişdir. Gücünü doğma torpaqdan alan, milli zəminə bağlı bəstəkar ecazkar xalq musiqisi və muğam ənənələrini müasir musiqi texnikası ilə uğurlu şəkildə birləşdirərək, neçə-neçə dəyərli opera, balet, simfoniya, mahnı, romans və kamera-instrumental əsər meydana gətirmişdir. Fikrət Əmirovun üslubuna xas lirik-romantik boyaların bütün əlvanlığı ilə öz əksini tapdığı bu müxtəlif janrlı sənət nümunələrində milli ruh, fəlsəfi-psixoloji dərinlik və melodik gözəllik hakimdir. Həmin əsərlər dünyanın bir sıra ölkələrindəki mötəbər konsert salonlarında məşhur orkestrlərin ifasında müvəffəqiyyətlə səslənmiş və müəllifinə geniş coğrafiyada şöhrət qazandırmışdır. Yüz illiyinin UNESCO-nun 2022–2023-cü illər üzrə görkəmli şəxsiyyətlərin və əlamətdar hadisələrin yubileyləri proqramına daxil edilməsi Fikrət Əmirov sənətinə beynəlxalq miqyasda yüksək qiymət verilməsinin təzahürüdür. Fikrət Əmirovun vətənpərvərliyə səsləyən, daim mənəvi zənginlik aşılayan və bəşəri ideallar tərənnüm edən, nailiyyətlərlə zəngin irsi Azərbaycan musiqi sənəti salnaməsinin ən parlaq səhifələrindəndir”.
Osloda “Şuşa sən gözəlsən!” adlı konsert-sərgi təşkil olunub
Norveçin paytaxtı Osloda "Şuşa sən gözəlsən!" adlı konsert-sərgi keçirilib.
AzərTAC-ın xüsusi müxbiri xəbər verir ki, Oslonun tanınmış Cosmopolite konsert zalında baş tutan tədbir Skandinaviya Azərbaycanlıları Norveç üzrə Koordinasiya Şurası və Norveç Azərbaycanlıları Gənclər Təşkilatı (NAYO) tərəfindən təşkil edilib. Konsertə Türkiyənin Norveç Krallığındakı səfiri Fazlı Çorman habelə, çoxlu sayda yerli ictimaiyyət və diaspor nümayəndələri qatılıb.
Tədbirdə Azərbaycan Dövlət Himni səslənib və torpaqlarımızın azadlığı uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasının Norveç üzrə koordinatoru Ramil Əliyev çıxış edərək tədbirin əhəmiyyətindən danışaraq, Şuşanın qədim tarixindən söz açıb. 1992-ci ildə işğal edilən Şuşanın ermənilər tərəfindən məruz qaldığı barbar dağıntılar və vandallıq faktı barədə məlumat verən diaspor fəalı şəhərin 2020-ci il noyabrın 8–də Azərbaycan ordusu tərəfindən azad olunduğunu bildirib və hazırda şəhərin yenidən qurulduğunu vurğulayıb.
Şuşanın ölkəmizin tarixində böyük rolunun da qeyd olunduğu çıxışda, şəhərin Azərbaycanın mədəniyyət paytaxtı və 2022-ci ilin ölkəmizdə “Şuşa İli” elan edilməsi haqqında Norveç və Azərbaycan dillərində tədbir iştirakçılarına məlumat verilib.
Tədbirdə çıxış edən Türkiyənin Norveç Krallığındakı səfiri Fazlı Çorman Türkiyə ilə Azərbaycan arasında olan qardaşlıq əlaqələrindən söz açıb.
Xocalı qətliamının 30 illiyi, Şuşa Bəyannaməsi, Qarabağda aparılan tikinti-quruculuq işləri, Türkiyə - Azərbaycan əməkdaşlığının bölgədəki müsbət rolu haqqında məlumat verən səfir, bu əlaqələrin əhəmiyyətini bir daha vurğulayıb.
Tədbirin bədii hissəsində Azərbaycanın Xalq artisti professor Mənsum İbrahimovun rəhbərliyi altında “Qarabağ” Muğam Qrupu çıxış edib. Mənsum İbrahimovu Xalq artisti Elçin Həşimov (tar), Əməkdar artistlər Elnur Əhmədov (kamança) və Kamran Kərimov (nağara) müşayiət edib və onların çıxışları tamaşaçılar tərəfindən gurultulu alqışlarla qarşılanıb. Konsertdə Azərbaycan milli muğam kompozisiyaları və Nizami Gəncəvinin şeirlərinə bəstələnən musiqi əsərləri və xalqımızın qalibiyyətinə ithaf olunan xalq və bəstəkar mahnıları səsləndirilib.
Daha sonra Norveç Musiqi Akademiyasının tələbəsi Tural Qasımovun pianoda ifası dinlənilib.
Tədbir çərçivəsində Azərbaycana, Şuşaya, Novruza dair sərgi təşkil olunub. Sərgidə azərbaycanlı gənclərin Şuşaya dair çəkdikləri rəsmlər böyük marağa səbəb olub.
Mərasimdə habelə, Osloda fəaliyyət göstərən Nizami Gəncəvi adına həftəsonu məktəbinin şagirdləri Şuşa, Ana vətən və Novruz bayramı haqqında şeirlər səsləndiriblər.
Qeyd edək ki, mərasim Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə keçirilib.