ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT - Super User
Super User

Super User

 

Kazaxıstanın dövlət başçısı Qasım Comərd Tokayevin sərəncamı ilə Avrasiya Yazıçılar Birliyinin başqanı Yakub Ömeroğlu “Qazaxıstanın müstəqilliyinin 30 illiyi” medalı ilə təltif olunub.

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, medalı bu gün - martın 19-da Yakub Ömeroğluya Ankarada, Qazaxıstanın Türkiyədəki səfirliyində fövqəladə və səlahiyyətli səfir Abzal Saparbekulov təqdim edib. 

Sözügedən hadisəyə Yakub Ömeroğlu bu cür şərh verib: “ Çox xoşbəxtəm. Qazaxıstan, qazax ədəbiyyatı və qazax mədəniyyəti üçün gördüyüm çalışmaları sevgiylə davam etdirəcəyəm”.

Günün fotosu:

ABŞ Ukraynaya dron-kamikadzelər verir

 

Bayden administrasiyası Ukraynaya pilotsuz hərbi uçuş aparatları təqdim edəcək. Söhbət Switchblade adlı

dron-kamikadzelərdən gedir. Onlar on kilometrdən düşmən hədəflərini dəqiq vururlar.

 

Foto: BBC

 

Makedoniyada, Skopye şəhərində  keçirilən 51-ci Dünya Karikatura Qalereyasında (51st World Gallery of Cartoons) həmyerıimiz Soltan Soltanlının bir karikaturası finala çıxmış və kataloqa daxil edilmişdir. Həmin karikaturanı diqqətinizə çatdırırıq.

 

Türkiyədə həqiqətən də mədəniyyət xadimlərinin sənətlərindən çox şəxsi həyatları gündəmdədir. Onlara, sözün həqiqi mənasında paparatsilərin əlindən gün yoxdur.

“Ədəbiyyat və incəsənət” portalı SonDakika xəbər ajansına istinadən məlumat verir ki, 2012-ci ildə evləndiyi Ahu Jirtu ilə 2013-cü ildə boşanmış master-komediyaçı Cem Yılmaz kinofilmlər, aktyorluq məharəti və daimi səhnə çıxışları ilə gündəmdən çıxmır. Amma o, şəxsi həyatı ilə də tez-tez gündəmi zəbt edir. 

Ahu Jirtu ilə boşandıqdan sonra Defne Samyeli, daha sonra Sereney Sarıkayya ilə sevgili olan məşhur komediyaçı indi də növbəti yeniliyə imza atıb. Bu dəfə o, özündən 21 yaş daha kiçik olan yeni bir xanımla məhəbbətə uğraşıb. 

Ümumiyyətlə, Cem Yılmaz öz uğurlu aktyorluq işindən başqa, həmişə öz adını yeni sevgililərlə çəkdirməyi yaxşı bacarır. Bu dəfə özündən 21 yaş kiçik yeni sevgilisi Rüya Demirbulutla İstanbulun ən nüfuzlu yaşayış məskəni olan Etilerdəki bir mənzildən çıxarkən Cem Yılmaz kameralara tuş gəlib.

Onlar birlikdə “Erşan Kuneri” dizisinde çəkiliblər.

 

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin bir qrup əməkdaşı daşınmaz tarix-mədəniyyət abidələrinin müəyyən olunması, dövlət qeydiyyatına alınması, qorunması, istifadəsi və idarə olunması mövzularında əməkdaşlıq və təcrübə mübadiləsinin aparılması məqsədilə Türkiyə Respublikasına səfər edib.

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verir ki, 15-17 mart tarixlərində Ankara şəhərində Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin Mədəni Sərvətlər və Muzeylər Baş İdarəsi tərəfindən həyata keçirilən mübadilə proqramında Dövlət Xidmətinin Hüquq sektorunun müdiri Pərvanə Əliyeva, Mədəni İrsin Qorunması, Tədqiqatı və Monitorinqi Mərkəzi MMC-nin direktoru Rəşad Hacıyev, Dövlət Xidmətinin baş məsləhətçiləri Seyran Quliyev, Fidan İmaməliyeva, böyük məsləhətçisi Elşən Məhərrəmov iştirak edib.

Nümayəndə heyəti ilə Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin Mədəni Sərvətlər və Muzeylər Baş İdarəsinin müdir müavini Seyit Ahmet Arslan arasında görüş keçirilib. Görüşdə iki ölkə arasında müvafiq sahə üzrə əməkdaşlığın inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb.

Nümayəndə heyəti Dövlət Xidmətinin fəaliyyət istiqamətlərinə, işğaldan azad edilmiş ərazilərdə yerləşən abidələrin Ermənistan tərəfindən dağıdılması, hazırda Azərbaycan Respublikası tərəfindən həyata keçirilən bərpa işləri haqqında geniş təqdimatla çıxış ediblər.

Təcrübə mübadiləsi çərçivəsində daşınmaz mədəni irsin bərpa-konservasiyası, müvafiq sahə üzrə laboratoriyanın fəaliyyəti, arxeoloji qazıntılar və onlara nəzarət, abidələrin aşkar edilməsi və qeydiyyatı, inventarlaşdırılması, pasportlaşdırılması, mühafizə zonalarının müəyyən edilməsi, qanunvericilik və digər məsələləri əhatə edən görüşlər keçirilib.

 

Şair Vaqif Bəgmənli Facebook sosial şəbəkəsində çox maraqlı bir paylaşma edib. Onu diqqətinizə çatdırırıq.

 

Yaxşı deyiblər ki, hər saatın öz hökmü var... Ötən gün axşam telekanalların hansındasa bir aktyor, yaxud ifaçı (Özüm izləmədim deyə, dəqiq bilmirəm) bəndənizin “Anam yuxuma girmir” şeirini təsirli bir şəkildə əzbər söyləyib.  İfa bitəndən sonra verilişin aparıcısı yaxşı əsər olduğunu bildirib və həmin ifaçıdan soruşub ki, şeir kimin şeiridi? Bu da deyib ki, rəhmətlik Vaqif Bəhmənlinin. Düzdü, diriyə də rəhmət düşür. Amma, dünən axşam diri, sağlam və kefimin kök olduğunu sübuta yetirmək üçün bir xeyli telefon zənglərinə cavab verməklə ən azı 1 saat vaxt itirdim. Qurban olum millətimə, heç denən diri şair olar? Şair gərək rəhmətə gedə ki, şair sayıla... 

 Diriliyimə daha tutarlı dəlil kimi “1 saat” adlı şeirimi paylaşır, dünyaya sülh, bütün dostlara uzun ömür arzulayıram. Və həqiqətən də hər saatın bir hökmü var!

 

1 SAAT

 

Bizim babalardan hansı birisə

deyib, öz hökmü var hər bir saatın...

Uzun gecələri açıb diricə,

gərək saatında çapasan atı!

 

Altmış dəqiqədən altmış qat qısa

fürsətdi, müddətdi, andı 1 saat.

Çapığa tənzifdi,  çolağa əsa,

sinədən fışqıran qandı 1 saat!

 

1 saat  -  dünyanın əvvəli, sonu;

göz qırpıb tarixi geri sayırsan...

Saat axıntıdı, baxır sən onu

hansı əqrəblərlə hesablayırsan.

 

Ənlik-kirşan vaxtı, ya ayna vaxtı...

kimsə adın cızır yar ağacına.

1 saat – kiminsə sauna vaxtı,

kimisə çəkirlər dar ağacına...

 

Təki ehsan aşı düşə könlünə - 

qıvraq ol, mağarda aşdı 1 saat.

Qız məkri oğlanın şüşə könlünə

çırpmağa hazırca daşdı 1 saat!

 

Ötür üç-dörd mənzil 1 saatda at,

Deşir toğlu gözün quzğun dimdiyi.

Yirtcı şir üçün nədir 1 saat? –

Ləzzətlə sökülən ahu cəmdəyi...

 

Saat ədavətdi - dartdın uzanır, 

bilmirsən harandan tutacaq təpik.

Oğru 1 saata milyon qazanır,

doğru – uzaqbaşı, 95 qəpik.

 

1 saat içində itirir postu,

Qızıl üyüdənin dəni kəsilir.

1 saat içində 40 ilin dostu

Qırxillik dostuna qənim kəsilir!

 

Saat əbədiyyət yoludur bəlkə,

dünya bir baladır pişik dişində.

Kainat saatın quludur bəlkə,

Allah da baş açmır saat işindən?!

 

Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə “Cadenza” orkestrinin növbəti konserti keçirilib.

AzərTAC xəbər verir ki, budəfəki konsertdə orkestr fleyta ifaçısı Avital Kohenlə (İsveçrə-İsrail) səhnəni bölüşüb.

Qeyd edək ki, A.Kohen daha əvvəl IV Beynəlxalq Qara Qarayev festivalında iştirak edib. Konsertdə Karlhaynz Ştokhauzenin “Pikkolo”, Antonio Vivaldinin Konsert No.3, Haynz Holligerin “Lied”, Türkər Qasımzadənin “Mürəkkəbin su həllində naxışları” və Arif Məlikovun “Konsertino” əsərləri ifa edilib.

 

Dünəndən etibarən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında “Sehrli Buta” adlı Novruz tamaşasının nümayişinə başlanılıb.

Teatrın mətbuat xidmətindən verilən məlumata görə, balacalar üçün ərməğan olan səhnə əsərinin müəllifi və quruluşçu rejissoru Emil Əskərovdur.

Tamaşanın quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, musiqi tərtibatçısı Kamil İsmayılov, rəqslərin quruluşçusu Lalə Hacıyeva, rejissor assistenti Xanım Həsənovadır.

“Sehrli Buta”da Əməkdar artistlər Mehriban Xanlarova, Elnar Qarayev, Rəşad Bəxtiyarov, aktyorlar Rada Nəsibova, Rüstəm Rüstəmov, Elçin Əfəndi, Ramin Şıxəliyev, Vüsal Mustafayev, Şəhla İsmayılova, Firuzə Balayeva, Corc Qafarov, Lalə Süleymanova, Məhsəti Tahirzadə, Tural İbrahimov və Elsevər Rəhimov rol alıb.

Tamaşa 24 mart tarixinədək nümayiş olunacaq.

Biletləri teatrın kassasından və iticket.az saytından əldə etmək olar.

 

Xəbər verdiyimiz kimi, YARAT Müasir İncəsənət Mərkəzində belçikalı rəssam Mişel Fransuanın “Panoptikum: Təpəgözün baxışında donmuş anlar” adlı fərdi sərgisi açılıb.

Sərgi  restriktiv, süni vasitələr və onu əhatə edən təbii elementlər arasındakı dialoq kimi nəzərdə tutulub, insanın azadlıq ehtirasını simvolizə edir.

Sərgi olduqca baxımlıdır, tamaşaya gələnlər çoxdur. Bu sayaq ekstravaqant incəsənət həmişə diqqət çəkməkdədir. 

İmmersiv instalyasiya, rəssamın Bakıdakı tədqiqat rezidenturasının nəticəsidir və ətrafdakı obyektlərə siklopik gözlə baxan müşahidə qülləsinin mərkəzi hissəsindən ibarətdir. Panoptikum hər şeyi müşahidə edir, həmçinin bizim varlığımızı çağırılmamış qonaqlar və ya şahidlər kimi əks etdirir. M.Fransua sosioloq və filosof Ceremi Bentamın XVIII əsrdə ixtira etdiyi institusional həbsxana nəzarət sisteminin memarlıq modelindən ilhamlanaraq bu əsəri yaradıb və şəxsi həyatın toxunulmazlıq hüququnu sanki “oğurlayan və talayan” nəzarət cihazlarından bezmiş bugünkü cəmiyyətin skeptik tənqidi kimi başa düşülə bilər.

Sərginin kuratoru Erix Vays jurnalistlərə müsahibəsində bildirib ki, Mişel Fransua Azərbaycana gələndə onu maraqlandıran bir çox məqamlarla üzləşib. Bunlar Azərbaycan xalqının təbiətlə, və neft, qaz kimi təbii sərvətlərlə birbaşa əlaqəsidir: “İnsanda elə bir təsəvvür yaranır ki, çubuqla belə, yeri qazsan oradan sanki neft püskürəcək. Çalışmışıq ki, instalyasiyalar arasında videogörüntü verməklə palçıq vulkanlarını və digər təbiət hadisələrini sərgimizin mövzusu ilə əlaqələndirək. Alüminiumdan hazırlanmış fontan instalyasiyasına baxdıqda dediyimiz neft və qaz kimi sanki yerdən püskürür. Alüminium özü də bir təbii sərvət olaraq yerfıstığı ilə vəhdət şəklində təqdim olunur”.

Mişel Fransua çıxışı zamanı ziyarətçilərə minnətdarlığını bildirib və sərgiyə daha çox insanın baxacağına inamını ifadə edib. 

Sərgi oktyabrın 4-dək açıq olacaq.

 

Sabah, martın  20-də Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı “Qırmızı papaq” tamaşasını nümayiş etdirəcək.

Şarl Perronun nağılının motivləri əsasında hazırlanan əsərə teatrın baş rejissoru Qurban Məsimov quruluş verib. Tamaşanın quruluşçu rəssamı Rəvanə Yaqubova, bəstəkarı Vüqar Camalzadədir.

Rejissor əsərə tam fərqli prizmadan baxmağa çalışıb. Bir saatlıq kukla tamaşası özünün milli üslubda tərtibatı və mahnılarının rəngarəngliyi ilə də seçilir. Belə ki, tamaşada mahnıları Xalq artistləri Flora Kərimova, Gülyaz Məmmədova, Tünzalə Ağayeva, Əməkdar artistlər Anar Şuşalı, Lalə Məmmədova, müğənnilər Samirə Əfəndiyeva, Ceyhun Zeynalov, İlham Nəzərov ifa edirlər.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.