ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT - Super User
Super User

Super User

“Ədəbiyyat və incəsənət” portalı Neftçalada yaşayıb yaradan yazar, Azərbaycan Yazıçılar Birliyinin üzvü Zaur Ərmuğanın “Kitab” adlı yeni hekayəsini oxucularına təqdim edir.

 

      -- Bir əhvalat danış, heç olmazsa! Elə susub qalmısan. Adını de barı! -- Yaxınlıqdakı zibillikdə həyatı ilə çarpışan Ağac dilə gəldi.

      -- Nə danışım axı? Necə dinim? Görmürsən ki, atılıb qalmışam burada, heç danışmalı halım var mənim?! Ölmüşəm, yerdən götürənim də yoxdur. -- Bir az nəfəsini dərəndən sonra yenə dilləndi. -- Kitabdır adım.

       -- Tanış olduğumuz üçün çox məmnunam. Amma mənə elə gəlir ki, biz çoxdan tanışıq. -- Ağac dedi.

       -- Hə, bilirəm. Bizim bir-birimizlə bağlılığımız çoxdur.

       -- Elədir. Bir bağlılığımız da odur ki, hər ikimiz indi eyni taleyi yaşayırıq, dözmək olmur bu üfunətə. Bura bax, necə düşmüsən buraya? Desənə bir!

      -- Bir ədəbsizin, mənəviyyatsızın biri atıb məni buraya. Şüşə qırıntısı kimi, məişət tullantısı kimi ilişib qalmışam bu zibillikdə. Hansı əqidəsizin biridir o, yaxşı tanıyıram. Nə edim? Bəxtim belədir. Nankor çıxdı da. Məndən öyrəndiklərini mənimsədi, məqsədinə çatdı, sonra da tulladı məni. -- Kitab həyəcanlandı.

      -- Zər qədrini zərgər bilər. --Ağacın dərdi yadına düşdü.

      Kitab susmadı:

      -- Mən lap yaxşı Kitabam. Oxunaqlı, dilim şirin, nəfəsim təmiz, maraqlı bir Kitab. Ürəyim sözlə doludur. Hər kəsə gərəkliyəm, dostluqda da çox möhkəməm mən. Bir aləm həyatım var mənim. Məni ağıllı, çox nəcib, dərin bir zəka sahibi qələmə alıb. İndi o, məşhur adamdır, nə etsin ki, bu halımdan xəbərsizdir. Sətir-sətir yazılar mənim damarlarımdır. Səhifələr insanların yoluna işıq saçan pəncərələrdir. Bu aynada hərənin öz nəsibi. Üz-gözümə, kürəyimə sığal çəkib məni cildə salıblar, kitab olmuşam. Adım, doğum tarixim, hamısı üstümdədir rəsmi sənəd kimi. Müəllif laborotoriyasından tutmuş nəşriyyat evinə, çap mətbəsinə qədər uzun yol keçmişəm. Qələm altında, dəzgahlar arasında döyülmüşəm, əzilmişəm, bərkimişəm. Biri məni əlinə alıb, biri qoltuğunda sıxıb, kimsə çantasında gəzdirib, kimsə də masası üstündə əziləyib. Evlərin, kitabxanaların bəzəyi olmuşam. İndi günümə bax! Gör haraya atıblar məni?! Axı başqalarına da gərək ola bilərdim. Hələ ki canım safdır.

      Kitab danışır, dərdini dilə gətirdikcə Ağac da dərindən ah çəkirdi:

      -- İnsanlar çox laqeydləşib. Sən mənim əhvalıma bax. Qırx ilin Ağacıyam mən. İndi bu zibillikdə boğub öldürmək istəyirlər məni. Nə bu zibilliyi buradan yığışdıran var, nə qayğıma qalanım. Təravətli nəfəsimlə qorumuşam hamını. Məndən qidalanıblar da, kölgəmdə sərinləniblər də. Təmənnasız xidmət göstərmişəm həmişə. Xeyirxahlıq etməkdən, gözəllik yaratmaqdan zövq almışam. Axırıma isə bir şey qalmayıb. Sabah məni kəsib yox edəcəklər, kökümü siləcəklər yer üzündən.

      -- Yəqin bilirsən? -- Kitab xəbər aldı.

      -- Düz sözümdür! Yaxşıca bəhanə də tapıblar: "Plana düşürəm!" Yerimdə isə iri bir dükan, nə bilim, o marketdir, nədir, ondan tikəcəklər. -- Ağac dedi.

     -- Allah! Allah!

     -- Allahın bu işlərdən xəbəri yoxdur. 

     -- Bu necə ola bilər?

     -- Özüm gördüm. Dünən qolları portfelli, əlləri imzalı, möhürlü sənədlərlə dolu olan Boynuyoğunla bir Yekəqarın lap yanımda pıçıldaşırdılar. Mən demirəm ki, şadlıq sarayı, qaraj, market tikməyin, axı bunun üçün nə qədər boş yerlər var, nəyə görə güdaza mən getməliyəm? Hər şeydən xəbərdaram. Kim kimə nə ötürüb, nə qədər ötürüb, yaxşı bilirəm. Ancaq öz cibini düşünənlər min cür yollarla saxta sənəd düzəldib halal ömrümü əlimdən almaqdan ötrü dəridən-qabıqdan çıxırlar.

      Birdən qəfil qopan gurultu Kitabı da, Ağacı da səksəndirdi. Əlləri əlcəkli kimsə yava ilə zibil tullantılarını nəfəsi uğultulu maşının yük yerinə atır, ətrafı sahmana salırdı. 

     Əlcəkli kişi əlini saxladı. Aşağı əyilib Kitabı yerdən götürdü. Üstünü təmizləyib vərəqlədi. Bir-iki sətir oxuyub yana çəkildi. İri bir daşın üstündə oturub kitabı dizinə qoydu.

     -- Hə, nə oldu? Yenə alimliyin yadına düşdü? -- Sürücü əsəbi halda dilləndi.

      Əlcəkli kişidən səs çıxmadı. Cavan sürücü maşının mühərikini söndürüb kabinədən endi. Əlləri əlcəkli kişiyə yaxınlaşdı. Gözlərini Kitaba zillədi. Kitab sevindiyindən donub qalmışdı. Ağacın da üzü, gözü gülürdü, sabahkı aqibətini bir anlıq da olsa, unutmuşdu. 

       Sürücü inam dolu baxışlarıyla üzünü yana tutub dilləndi:

        -- Sən də ürəyini sıxma, ay Ağac. Qətlinə fərman verənlərin cinayət əməli ifşa olundu. Sabah onların işinə baxılacaq. -- Sonra gülə-gülə maşına sarı yönəldi.

       Ağac bu dəfə dözə bilmədi. Ona elə gəldi ki, yenidən doğuldu. Sevincindən bütün vücudu titrədi.

       Kitabın fərəhi aşıb-daşırdı, onu əlinə alan, ona diqqət, qayğı göstərən adamın əsl insan olduğunu duymuşdu. O yaşayacaqdı. Elə Ağac kimi...

 

 

Bu gün - İyulun 16-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrının səhnəsində “Bəxtiyar” musiqili komediyası növbəti dəfə nümayiş olunacaq.

 

Görkəmli bəstəkar Tofiq Quliyevin musiqiləri əsasında ilk dəfə səhnəyə qoyulan bu tamaşa Akademik Musiqili Teatrın baş rejissoru Cavid İmamverdiyevin quruluşunda səhnələşdirilib. Tofiq Quliyevin 105 illiyinə həsr olunan bu səhnə əsəri “Bəxtiyar” filminin motivləri əsasında hazırlanıb.

Tamaşanın quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Elşən Sərxanoğlu, xormeysteri Əməkdar artist Vaqif Məstanov, dirijoru Səməd Süleymanlı, konsertmeysteri Fidan Babayeva, rəqslərin quruluşçusu Elvira Əzizova, rejissor assistenti Zaur Əliyevdir.

Səhnə əsərində Xalq artistləri İlham Namiq Kamal, Fatma Mahmudova, Əməkdar artistlər Ələkbər Əliyev, Əkbər Əlizadə, Nahidə Orucova, Nadir Xasiyev, aktyorlar Şaban Cəfərov, Aydan Həsənova, Möylə Mirzəliyev, Səmədzadə Xasiyev, Hüseyn Əlili, Elnarə Nağdəliyeva, Hidayət Əliyev, Zaur Əliyev, Adelin Öztürk, Mehriban Rəcəbova, Cəbrayıl Cəbrayılov və başqaları iştirak edirlər.

 

“NEW YORK PHOTO FAIR 2022” beynəlxalq foto müsabiqəsinin münsiflər heyətinin seçiminə əsasən, AZƏRTAC-ın fotomüxbiri İlqar Cəfərov Nyu-York Fotoqrafiya Assosiasiyasının (NYPA ANTIQUE GOLD JUDGE CHOICE) qızıl medalına layiq görülüb.

 

Beynəlxalq Foto sənəti Federasiyasının (FİAP) himayəsi altında keçirilən müsabiqədə beynəlmiləl münsiflər heyətinin üzvləri dünyanın 57 ölkəsindən 335 fotoqrafın işlərini qiymətləndiriblər.

Qeyd edək ki, İlqar Cəfərovun qızıl medala layiq görülmüş "Qəzet satıcısı" adlı fotoqrafiyası 2013-cü ilin sentyabrında İndoneziyanın Palembanq şəhərində çəkilmişdir.

 

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva İsveç Krallığının Azərbaycanda və Qırğızıstanda səfiri Kristian Kamil ilə ölkədəki diplomatik fəaliyyətinin başa çatması münasibətilə görüşüb.

 

Fonddan AzərTAC-a bildirilib ki, görüş zamanı Fondun prezidenti Günay Əfəndiyeva dünya mədəniyyətlərinin bir-birinə yaxınlaşdırılmasının vacibliyindən bəhs edərək, bu istiqamətdə təşkilatın əməkdaşlıq etdiyi ölkələr sırasında İsveç Krallığının olmasından məmnunluq duyduğunu söyləyib. O, Fond ilə İsveç Krallığının Azərbaycandakı səfirliyi arasında mövcud əlaqələrdən söz açaraq, münasibətlərin daha da inkişaf etdirilməsinin önəmini vurğulayıb. Günay Əfəndiyeva səfirin fəaliyyət müddətində göstərdiyi səylərini yüksək qiymətləndirərək, ona gələcək fəaliyyətində uğurlar arzu edib.

Səfir Kristian Kamil diplomatik missiyasını icra etdiyi müddət ərzində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə qarşılıqlı tərəfdaşlığın rolundan danışıb. Səfir təmsil etdiyi ölkənin digər xalqların mədəni irsinə göstərdiyi marağı nəzərə çatdıraraq, Fond tərəfindən təşkil olunan tədbirlərdə hər zaman böyük həvəslə iştirak etdiyini dilə gətirib. O, türk dünyasının zəngin mədəniyyətinin və incəsənətinin təbliğ olunmasına təşkilatın xüsusi töhfələr verdiyini bildirib.

Görüşdə İsveç ilə təşkilata üzv və müşahidəçi ölkələrin mədəniyyətləri arasında qarşılıqlı əlaqələrin genişləndirilməsinin perspektivləri müzakirə olunub.

 

“Şuşanın işğaldan azad olunmasından sonra artıq ikinci dəfədir ki, Vaqif Poeziya Günləri keçirilir. Bu çox mühüm hadisədir. İlk dəfə Vaqif Poeziya Günləri 40 il bundan əvvəl keçirilib.”

 

Bu fikirləri mediaya açıqlamasında şair, jurnalist, “525-ci qəzet”in baş redaktoru, AYB sədrinin müavini Rəşad Məcid söyləyib.

1980-ci illərdə keçirilən Vaqif Poeziya Günləri barədə xatirələrini bölüşən yazıçı deyib ki, o zamanlar şairlər sanki öz aralarında yarışır, ən gözəl şeirlərini söyləyirdilər: “Həmin vaxt Poeziya Günlərində Yusif Səmədoğlu, Vaqif Səmədoğlu, Məmməd İsmayıl, Zakir Fəxri və digərləri İsa bulağının ətrafında yığışmışdılar. Orada edilən söhbətlər indiyədək yadımdadır”.

R.Məcid bildirib ki, Şuşanı görmək xüsusi bir zövqdür. “İnsanlar Şuşaya gəlmək istəyir, burada olmağı arzulayırlar. Bu istəyi yaradan Şuşanın tarixi, bu şəhər haqqında yazılan bədii yazılar, eyni zamanda, son iki ildə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Şuşa haqqında dediyi fikirlərdir. Dövlətimizin başçısının Şuşa sevgisi indi hər bir azərbaycanlıya sirayət edir. Şuşanın gözəlliyini, sehrini fərqli bədii səviyyədə Azərbaycan xalqına çatdırmaq şairlərimizin, yazıçılarımızın borcudur”, - deyə yazıçı qeyd edib.

Şənbə, 16 İyul 2022 10:01

Vətənə tən daşı

 

Elçin Şıxlının 65 illik yubileyi ərəfəsində Elman Eldaroğlunun yazısı

 

Əgər məndən soruşsalar ki, Elçin Şıxlını bir cümləylə necə xarakterizə edə bilərsən? Düşünmədən söyləyərəm- keçmişdən miras qalmış ən yaxşı dəyərləri içində gələcəyə daşıyan adam…

Deyir ki,- "Mənə vəzifə təklif olunmayıb. Bircə məsələni qeyd edə bilərəm ki, Ayaz Mütəllibovun zamanında atam gəlib dedi ki, “oğul, sənin Mərkəzi Komitədə şöbələrin birinə təyin olunmağınla bağlı vəzifə təklif ediblər. Bağışla, incimə məndən, sənin əvəzindən o vəzifədən imtina etdim”. “Çox yaxşı edib, imtina etmisən ata. Vəzifə mənlik deyil”- dedim". 

Odur-budur tilsimə düşüb. O, vəzifədən, vəzifə də ondan uzaq gəzir…

Ola bilsin ki, jurnalistikada peşəkarlıq əsas şərtlərdən biridir, razıyam. Amma bu çox azdır. Jurnalist həm də səmimi, istedadlı və dürüst olmalıdır. Elçin Şıxlıda bunların hamısı var. 

Onun necə jurnalist olduğundan yox, şəxsiyyət kimi necə göründüyündən söhbət açmaq istəyirəm. Kimin oğlu olduğu, hansı mühitdə böyüdüyü elə də önəmli deyil, önəmli olanı odur ki, özünə xəyanət etmir. "Ot kökü üstə bitər"i çox söyləmişik, amma yaddaşımızda- "Oddan kül törəyər", ehtiyat kəlamımız da var. Deməli, kimin oğlu olmaq əsas deyil, əsas odur ki, sən hansı dəyərləri özündə ehtiva edə bilmisən?..

Yerinə düşmüşkən, Elçin Şıxlı 1957–ci il oktyabrın 4-də Bakı şəhərində dünyaya gəlib. 1974-cü ildə 190 nömrəli orta məktəbi bitirib. Həmin il indiki Azərbaycan Dillər Universitetinə qəbul olunub. 1979-cu ildə orada ingilis və alman dilləri müəllimi ixtisasına yiyələnib. 2016-cı ildə ayna.az saytı və Ayna TV-ni təsis edənədək hərbi xidmətdə və bir sıra inzibati işlərdə, eləcə də mətbuatda çalışıb. Evlidir, iki övladı var…

Ömür qəribə bir möhlətdir. Əvvəlindən baxanda uzun görünür, sonundan baxanda qısa. Nə az, nə çox bu il 65 yaşı tamam olacaq...

Deyir ki,- "Heç vaxt köklü şəkildə ölkəni tərk etmək barədə düşünməmişəm. Arada insanın beynindən “bezdim, yoruldum” kimi hallar keçir. Dəqiq deyə bilərəm ki, ölkədən harasa getsəm, ürəyim partlayar və ölərəm. Azərbaycandan uzaqda yaşaya bilmərəm"...

Bunu yalnız Vətən aşiqləri söyləyə bilər. Onlara vətəndaş da deyirlər, yəni VƏ TƏN DAŞ! Bizim Elçin Şıxlı kimi...

Şənbə, 16 İyul 2022 08:58

Xarici rəssamlar Şuşada

 

“Şuşa ili” çərçivəsində Mədəniyyət Nazirliyinin təşkilatçılığı və Heydər Əliyev Fondunun dəstəyi ilə rəssamlar üçün “ArtCamp Shusha” adlı beynəlxalq layihə həyata keçirilir.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bununla  əlaqədar ölkəmizdə səfərdə olan İtaliya, Almaniya, Rumıniya, Danimarka və Türkiyədən olan xarici rəssamlar ilə yanaşı, Rəşad Mehdiyev, Anar Hüseynzadə, Butunay Haqverdiyev, Günel Ravilova və Vüsalə Ağarazıyeva kimi yerli rəssamlar Şuşa şəhərini ziyarət etmiş, burada mövcud olan tarixi abidələrimiz və şəhərdə aparılan bərpa-quruculuq işləri ilə yaxından tanış olmuşlar.

Bakıya qayıdan rəssamlar Şuşa barədə təəssüratlarını tərənnüm edən rəsm əsərlərini yaratmağa artıq başlayıb. Bu rəsm əsərlərinin cari ayda təşkil olunacaq sərgidə nümayiş etdirilməsi nəzərdə tutulur.

 

Məşhur erməni prodüsseri Armen Qriqoryan İrəvanın ümumi yurisdiksiyası Məhkəməsində məhkəmə iclası zamanı dünyasını dəyişib. 

 

“Ədəbiyyat və incəsənət” portalı aysor.am erməni saytına istinadən xəbər verir ki, hadisə bu gün baş verib. Armen Qriqoryanın işi üzrə məhkəmənin növbəti iclasında prodüser onun vəkili Ruben Melikyanın çıxışı zamanı huşunu itirib. İclas yarımçıq kəsilib, məhkəmənin binasına təcili yardım çağırılıb. 

Xatırladaq ki, Ermənistan hakimiyyətinə müxalif olan və rusiyapərəst mövqe tutan kinoprodüser Armen Qriqoryan “zorakılığın tətbiqinə çağırışlarbarədə məqalə yazması” səbəbindən iki ay öncə İrəvanda saxlanılmışdı. 

Armen Qriqoryan 1965-ci il təvəllüdlü idi. O, Paşinyana müxalif olsa da bütün ermənilər kimi qatı antiazərbaycan mövqeyi ilə fərqlənirdi.

 

Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə Şuşada keçirilən Vaqif Poeziya Günləri iyulun 14-də və 15-də iki möhtəşəm gün tədbirləri ilə davam edib, nəhayət, öz işini başa vurdu. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, qırx illik tarixi olan Vaqif Poeziya Günləri Şuşa işğaldan azad edildikdən sonra artıq ikinci dəfədir təşkil olunurdu. 

İyulun 14-də mədəniyyət və incəsənət xadimlərinin, Azərbaycan Yazıçılar Birliyinin üzvlərinin, gənc yazıçılar, şairlər və qazilərin iştirak etdikləri Poeziya Günləri çərçivəsində ilk tədbir keçirildi, “Qarabağ” mehmanxanasının qarşısında kitab sərgisi təşkil olundu. 

Sərgini Azərbaycan Yazıçılar Birliyinin üzvü İlqar Fəhmi açdı. Xalq yazıçısı Anar qonaqları salamladıqdan sonra çıxış edən Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid bildirdi ki, sərgidə 100-dən çox şair və yazıçının kitabları nümayiş etdirilir. Kitab sərgisində ayrı-ayrı yazıçıların kitablarının təqdimatı da keçirildi. 

Öncə Azərbaycan Yazıçılar Birliyinin təşəbbüsü ilə hazırlanan “Qarabağ dastanı, otuz ilin həsrəti – 44 günün Zəfəri” və Şuşada keçirilmiş Vaqif Poeziya Günləri barədə “Bütün yollar Şuşaya aparır...” kitablarının təqdimatı oldu. 

“Qarabağ dastanı, otuz ilin həsrəti – 44 günün Zəfəri” kitabı Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarın təşəbbüsü ilə Qələbəmizin ilk günlərindən hazırlanmağa başlanıb. Kitabda azad olunmuş Qarabağdan olan hər bir yazıçı öz rayonları haqqında xatirələrini yazıb. Elçin Əfəndiyev Şuşadan, Ramiz Rövşən Qubadlıdan, Seyran Səxavət Füzulidən, Elçin Hüseynbəyli Cəbrayıldan, Aqil Abbas Ağdamdan yazıblar. Eyni zamanda, bu kitabda Qarabağın tarixi, ədəbiyyatı, musiqi adamları haqqında zəngin məlumatlar da yer alıb. 

Həmçinin şairlərin Qarabağa həsr olunmuş şeirlərinə, ötən il “Xarıbülbül” musiqi festivalından sonra yazılmış publisist məqalələrə də kitabda yer verilib. Kitabın “Ön söz”ünün müəllifi və redaktoru isə Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məciddir.

Sərgidə habelə tarixi romanlar müəllifi Yunus Oğuzun Şuşadan və ümumən 44 günlük müharibədəki qələbəmizdən bəhs edən “Cığır” romanı təqdim olundu.

Şair Ramiz Qusarçaylınıb Şuşaya həsr olunmuş “Vətən” poemasının təqdimatından sonra şair “Azərbaycan bayrağı” şerini oxudu və öz təəssüratlarını bölüşdü. 

Tədbirdə Elçin İsgəndərzadə, Elşən Əzim, Arzu Əsəd, İntiqam Yaşar və digərləri öz kitabları haqqında danışdılar, şeirlər səsləndirildi. 

Qeyd edək ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin iştirakı ilə 1982-ci il yanvarın 14-də Şuşada Molla Pənah Vaqifin məqbərəsinin və Poeziya Evinin təntənəli açılışı olub. Məhz bu səfər çərçivəsində Heydər Əliyev Vaqif Poeziya Günlərinin keçirilməsi ilə bağlı göstəriş verilib. Müasir Azərbaycan ədəbiyyatı tarixində öz bənzərsizliyi ilə seçilən Vaqif Poeziya Günləri həmin tarixdən etibarən 1991-ci ilədək hər il şairin vətəni Qazaxdan başlayıb, Şuşanın əsrarəngiz Cıdır düzündə yekunlaşardı.

Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun zəfəri nəticəsində Şuşa şəhəri erməni işğalından azad edildikdən sonra Vaqif Poeziya Günləri yenidən öz yurdunda - mədəniyyət paytaxtımızda keçirilməkdədir.

İyulun 14-də tədbirin rəsmi açılış mərasimi dahi Azərbaycan şairi Vaqifin məqbərəsi önündə baş tutdu. Mədəniyyət naziri Anar Kərimovun, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərovun, ölkəmizin Rusiyadakı səfiri Polad Bülbüloğlunun və digər rəsmi şəxslərin iştirakı ilə keçən açılış mərasimində öncə Vaqif Poeziya Günlərinin tarixini əks etdirən videoçarx nümayiş olundu.

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar açılış nitqi ilə çıxış edərək qonaqları salamladı. Qeyd etdi ki, 30 il ərzində əsarət altına qalan Şuşa artıq azaddır. 

O, Şuşa azad ediləndən bəri bu şəhərdə keçirilən tədbirlər barədə danışdı. Həmçinin Xalq yazıçısı Molla Pənah Vaqifin həyat və yaradıcılığına nəzər saldı. Azərbaycan Yazıçılar Birliyinin sədri dahi şair Vaqifin şeirlərini səsləndirdi. Xalq yazıçı dedi: “Müzəffər Azərbaycan Ordusuna, ata vəsiyyətini layiqincə yerinə yetirən Prezident İlham Əliyevə, Şuşaya, xalqımıza eşq olsun!”.

Sonra çıxış edən Xalq yazıçısı Çingiz Abdullayev uşaqlığının Şuşada keçdiyini bildirdi. Dedi ki, bütün Azərbaycan xalqı uzun illər idi bu günü səbirsizliklə gözləyirdi. 

“44 günlük Vətən müharibəsində şəhid olanların çoxu Qarabağı görməmişdi. Onlar Azərbaycan Prezidentinə, dövlətimizə inanaraq bu yolda can qoydular. Məhz onların sayəsində biz bu gün çox böyük bayrama toplaşmışıq",- deyə Çingiz Abdullayev vurğuladı.

Daha sonra tamaşaçılar Azərbaycan muğamlarını dinlədilər.

Tanınmış Azərbaycan şairəsi Nigar Həsənzadənin “Söz” layihəsi çərçivəsində hazırlanan “İgidlərin sözü” layigəsində  Vətən müharibəsi iştirakçısı olmuş şairlərin muğamın müşayiəti ilə çıxışları oldu. Oğuz Alparslan, Miri Abdullayev, Eyvaz Eyyub, Nicat Ağayev, Emin Piri, Tamerlan Əsədov, Kərəm Aydın, Tofiq Əhməd, Həsən Kür, Cavid Haşımov, Səbuhi Qurbanov kimi döyüşçü əsgərlərin çıxışları gur alqışlar qazandı.  

Sonda tanınmış şairlərin “Odlar yurdum Azərbaycan” - vətənpərvərlik və qəhrəmanlıq mövzusunda şeirləri səsləndirildi. 

Həmin gün Cıdır düzündə “Əsrlərin sədası” adlı konsert-tamaşa da nümayiş olundu. Konsert-tamaşada dahi Füzuli, Xəqani, Xurşidbanu Natəvan, İmadəddin Nəsimi, Məhsəti Gəncəvi, Mir Möhsün Nəvvab, Molla Pənah Vaqif, Molla Vəli Vidadi, Nizami Gəncəvi, Şah İsmayıl Xətai kimi görkəmli Azərbaycanın ədiblərinin obrazları canlandırıldı.

Musiqili tamaşada Xalq artistləri Gülyanaq və Gülyaz Məmmədovalar, Samir Cəfərov, Əməkdar artistlər Fərqanə Qasımova, Qoçaq Əsgərov, Nuriyyə Hüseynova və digər incəsənət xadimləri çıxış etdilər.

İyulun 15-də Vaqif Poeziya Günlərinin ikinci  günündə isə Vaqif məqbərəsinin önündə tanınmış şairlərin “Azad Şuşa” adlı vətənpərvərlik və qəhrəmanlıq mövzusunda şeirləri səsləndirildi. 

“Yeni nəfəs” adlı daha bir maraqlı kompozisiyanı isə yenə də Nigar Həsənzadə hazırlamışdı. Ramil Əhməd, Ruslan Dost Əli, Nadir Yalçın, Ulucay Akif, El Roman, Səddam Laçın kimi istedadlı gənc şairlər öz şeirlərini səsləndirdilər.

Maraqlı bir detalı da qeyd edək. Şeirlər səsləndiriləndə günəşin qızmar şüaları tamaşa edənləri narahat etdiyindən onlar stullardan durub kənar yerlərdə kölgəliklərə sığınaraq tədbirin gedişatını ordan izləyirdi, lakin 84 yaşlı xalq yazıçısı Anar axıradək yerini tərk etməyən 10-15 nəfərdən biri kimi diqqət çəkdi.

Beləcə, yüksək hazırlığı ilə fərqlənən Vaqif poeziya günləri yekunlaşdı. 

Mədəniyyətimizin paytaxtı olan Şuşa iki gün ərzində əsl poeziya bayramına şahidlik etdi.

 

Cümə axşamı gecəsi Yerin sakinləri Ayı olduqca nəhəng ölçüdə gördülər. Bu superay - yer və Ay arasındakı məsafənin minimuma enməsi hadisəsidir. Bu hadisə ildə bir dəfə baş verir.

 

“Ədəbiyyat və incəsənət” portalı Euronews-a istinadən xəbər verir ki, saat 21.00-dan sonra dünyanın müxtəlif yerlərində qeyri-adi, olduqca nəhəng bir diskə bənzəyən Ay müşahidə edilib. Ay Yerə 357 263 km məsafədə yaxınlaşıb və gecə yarısına yaxın cənub üfüqündə maksimum yüksəkliyə çatıb.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.