
Super User
Frankofoniya Günləri çərçivəsində Bakıda 10 film nümayiş olunacaq
Aprelin 1-dən etibarən Bakıda Frankofoniya Günlərinə start veriləcək.
AzərTAC xəbər verir ki, bu münasibətlə martın 30-da Bakı Fransız Liseyində 6 ölkənin Azərbaycandakı səfirlərinin iştirakı ilə mətbuat konfransı keçirilib.
Mətbuat konfransında bildirilib ki, aprelin 22-dək davam edəcək Frankofoniya Günləri altı ölkənin - Fransa, Latviya, Litva, Mərakeş, Çex Respublikası və Meksikanın Azərbaycandakı səfirliklərinin təşkilatçılığı ilə baş tutacaq. Frankofoniya Günləri çərçivəsində Azərbaycandakı səfirlikləri tərəfindən mədəni tədbirlər keçiriləcək. Frankofoniya Günlərində 2022-ci ildə Avropanın mədəniyyət paytaxtı olan Kaunas şəhərinə həsr olunan fotosərgi, Rövşən Ağayevin “Fransız dili dərsləri” kitabının fransız dilində nəşrinin təqdimatı, “Beynəlxalq müstəvidə istifadə olunan dillərin arasında fransız dilinin müxtəlifliyi” mövzusunda beynəlxalq konfrans və Azərbaycan Dillər Universiteti, Gəncə Dövlət Universiteti və Naxçıvan Dövlət Universiteti arasında natiqlik müsabiqəsi təşkil olunacaq. Həmçinin Frankofoniya Günləri çərçivəsində 10 filmin nümayişi nəzərdə tutulur.
Qeyd edək ki, hər il Frankofoniya Günləri bütün dünyada, fransızdilli ölkələrdə, eləcə də fransız dilinin tədris edildiyi və öyrənildiyi ölkələrdə, o cümlədən Azərbaycanda qeyd olunur.
Bu il Frankofoniya Günləri “Gələcəyin frankofoniyası” mövzusuna həsr edilib.
Dünyada bütün diqqətlər İstanbula yönəlib
Rusiya və Ukrayna bu dəfə İstanbulda yenidən danışıqlar masası arxasında münaqişənin həlli variantlarını axtarmaq üçün əyləşiblər.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, nümayəndə heyətlərinin məlumatlarına istinad edən "Faynensşnl Tayms" yazır ki, Moskva Ukraynanın denasifikasiyası tələbini aradan qaldırır və Ukraynanın neytral statusa malik olması şərti ilə ölkənin Avropa İttifaqına daxil olması ilə razılaşmağa hazırdır. Kiyev isə öz növbəsində, eyni mənbələrə görə, beynəlxalq təhlükəsizlik zəmanəti almaq müqabilində NATO-ya üzvlükdən imtina edə bilər. Ukraynanın şərqində mübahisəli ərazilər və Krımın taleyi ilə bağlı suallar isə bu görüşdə müzakirə olunmur.
Tərəfləri qəbul edən Türkiyə dövləti nümayəndə heyətlərinə optimal iş kontekstini yaradıb. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, "onun ölkəsinin prezidentlər Putinlə və Zelenski ilə telefon məsləhətləşmələri müsbət istiqamətdə gedir".
Rusiyanın xarici işlər naziri Sergey Lavrov da İstanbul raundunun uğurla nəticələnməsində maraqlı olduğunu bildirib.
"Ukraynadakı böhranlı vəziyyət, ukraynadaxili münaqişə bütün bu illəri o qədər qızışdırılıb ki, çoxlu sayda problemlər yaranıb, odur ki, sadəcə, "sən nə düşünürsən?" sualı ilə fikir mübadiləsi aparmaq belə konstruktiv olardı”, - deyə Lavrov bildirib.
Xatırladaq ki, bir müddət əvvəl Prezident Zelenski Ukraynanın təhlükəsizliyi və Donbass və Krımın statusu məsələlərinin Ümumukrayna referendumuna çıxarılacağını bəyan etmişdi.
Dünən, Martın 29-da İstanbulun Dolmabaxça sarayında Rusiya və Ukrayna müzakirə heyətinin görüşü başlayıb. Nümayəndə heyətləri arasındakı media üçün qapalı şəraitdə keçirilmiş ilk görüşün Ankara vaxtı ilə saat 10:30-da başlanması məlumdur.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın toplantıdan əvvəl hər iki ölkənin nümayəndələri ilə görüşdüyü də bəllidir.
İstanbulda aparılan danışıqlar bu gün eyni məkanda davam edəcək.
Qeyd edək ki, Rusiyanın və Ukraynanın nümayəndə heyətləri martın 28-də İstanbula gəliblər. Hər iki ölkənin təyyarəsi Atatürk hava limanına enib.
Sloveniya Prezidenti Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərini qəbul edib
Sloveniya Prezidenti Borut Pahor Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərini qəbul edib.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin mətbuat xidmətindən AzərTAC-a bildirilib ki, görüşdə Mərkəzin İdarə Heyətinin üzvü - Gürcüstanın sabiq Baş nazirinin müavini, sabiq xarici işlər naziri Eka Tkeşalaşvili, Baş katib Rövşən Muradov və Baş katibin müavini İlahə İbrahimli iştirak ediblər.
Görüş zamanı Mərkəzin regional və qlobal miqyasda həyata keçirdiyi layihələr, Ukraynadakı hadisələrin yaratdığı qaçqın böhranı və onun doğura biləcəyi fəsadlar barədə müzakirələr aparılıb.
Borut Pahor IX Qlobal Bakı Forumuna dəvət edilib. Forumun mühüm əhəmiyyət daşıdığı, qlobal problemlərin müzakirə edildiyi nüfuzlu siyasi platformaya çevrildiyi vurğulanıb.
Sloveniya Prezidenti Borut Pahora Mərkəzin həmsədri Vayra Vike-Freiberganın müəllifi olduğu “Nizami Gəncəvinin Yeddi Gözəli və ədəbiyyatdan digər esselər” kitabı və “Qələmin sehri Nizami Gəncəvinin “Xəmsə”sindən seçilmiş miniatürlər” kitabı təqdim olunub.
Qeyd edək ki, Mərkəzin nümayəndələri daha əvvəl Rumıniya, Moldova, Polşada səfərdə olublar.
Günün fotosu: Ukrayna ordusu İrpeni geri qaytardı
Günün fotosu: Ukrayna ordusu İrpeni geri qaytardı
Ukrayna ordusu Kiyev vilayətinin İrpen şəhəri üzərində nəzarəti geri alıb. Bu barədə şəhərin meri Aleksandr Markuşin məlumat verib.
France Télévisions-un çəkiliş qrupu ruslar qovulduqdan sonra darmadağın olmuş bu şəhərdə çəkilişlər aparıb.
Foto: Euronews
Tofiq Quliyevin 105 illiyi münasibətilə konsert proqramı təqdim edilib
Dünən Heydər Əliyev Sarayında görkəmli Azərbaycan bəstəkarı Tofiq Quliyevin 105 illiyinə həsr olunan “Bizi yaşadan nəğmələr” adlı konsert proqramı təqdim edilib.
Proqramda Xalq artistləri Brilliant Dadaşova, Ənvər Sadıqov, Azər Zeynalov, İlqar Muradov, Gülyanaq və Gülyaz Məmmədovalar, Murad Hüseynov, Əməkdar artistlər Anar Şuşalı, Aygün Bəylər, Zamiq Hüseynov, Elton Hüseynəliyev, İnarə Babayeva, həmçinin Zabitə Alıyeva, Mirələm Mirələmov, Kamilə Babayeva, “Qaya” Dövlət Ansamblı, Akademik Musiqili Teatrın orkestri, xoru, balet truppası və solistləri çıxış ediblər.
Qeyd edək ki, Tofiq Quliyev Azərbaycan estrada musiqisinin yaradıcılarındandır. O, ötən əsrin 70-ci illərinin sonlarında bir çox uşaq və gənc musiqi müsabiqələri, o cümlədən “Bakı payızı”nı yaradıb. Bəstəkar 1990-cı ildən ömrünün sonunadək Azərbaycan Bəstəkarlar İttifaqının idarə heyətinin sədri vəzifəsində çalışıb.
Tofiq Quliyev 2004-cü il oktyabrın 4-də vəfat edib.
Görkəmli bəstəkarın əsərləri hələ neçə-neçə qərinələr sonra da insanlar tərəfindən böyük sevgi və maraqla dinləniləcək.
“Qıraq yerin quraq yerində yağış da yanğın kimidir” - Yusif Nəğməkardan kəlamlar
“Ədəbiyyat və incəsənət” portalı şair Yusif Nəğməkarın “Hikmət bankomatı”ndan yeni sətirləri diqqətinizə çatdırır.
* Cəmiyyət çəm rəiyyət yox, cəm riayətdir...
* Yerin altını üstünə çevirənlər altla üstün fərqini bilməyənlərdir...
* Ata atlanmayan atsızın atı olmasa da, tez-tez cin atına minərdi...
* Hər qoluna bir saat bağlasa da, vaxtı vaxtında tuta bilmirdi.
* Ən acı təzad namuslu adamın ətrafında cüvəllağıların toplaşmasıdır...
* Cavabın qabaqdangəlmişlik əmsalı:
-- Necəsən?
-- Sən soruşandan bəri yaxşıyam...
* "Azad qadın", "azad kişi" məfhumundakı mənfi çalar ifrat azadlıq neqatividir...
* Gəlişi arzuolunmayanın -- gəlmişəm, "dostlar" -- deməsi dostsuzluğun duzsuzluğudur...
* Yerdə sürünən divlər goydə uçan milçəklərə həsəd çəkər...
* Yekə-yekə danışan yekəpərin küçüklüyü, yəni kiçikliyi göz qabağında olur...
* Sev ki, sevgi sevindirsin səni...
Azərbaycan Respublikasının mədəniyyət naziri vətəndaşları qəbul edəcək
Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Azərbaycan Respublikasının Mədəniyyət naziri Anar Kərimov tərəfindən 2022-ci ilin aprel ayının 15-də saat 10:00-da Xaçmaz şəhər Tarix-Diyarşünaslıq muzeyində Xaçmaz şəhərindən və Şabran rayonundan olan vətəndaşların qəbulu keçiriləcəkdir.
Vətəndaşlar nazirliyin Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron poçt ünvanı və (012) 493-30-02 telefon nömrəsi vasitəsi ilə 12 aprel 2022-ci tarixinə qədər qəbula yazıla bilərlər.
Balaca Aynisə Beynəlxalq müsabiqədə ikinci yerə layiq görülüb
Astanadan şad xəbər var. Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Əhməd Bakıxanov adına 6 nömrəli uşaq musiqi məktəbinin Xalq çalğı alətləri şöbəsinin qarmon ixtisası üzrə I sinif şagirdi Aynisə Səddarzadə Qazaxıstanda “Astana Stars” Beynəlxalq Festival Hərəkatı çərçivəsində keçirilən "Qrand Mozart" ll Beynəlxalq Vokal İnstrumental müsabiqəsində uğurla çıxış edib.
Aynisə Səddarzadə müsabiqədə “Xalq çalğı alətləri” nominasiyasında 8-10 yaş kateqoriyası üzrə çıxış edərək ll yerə layiq görülüb.
Aynisə Səddarzadənin müəllimi Vəfa Mirzəyeva, həmçinin konsertmeysterlər Mehriban Həmidova və Çingiz Absəlimov təşəkkürnamə ilə təltif olunublar.
Balaca qarmonçumuzu təbrik edir, ona böyük səhnələri fəth etməyi arzu edirik.
Hadrut və Füzuli qeydləri: yarımçıq taleli evlər...
Qarabağ səfərlərində həmişə qarışıq bir hiss hakim kəsilir: həm ora doğru can atırsan, həm də arzulayırsan ki, vaxt gec getsin ki, bir az bu səfəri gözləməyin həyəcanının dadını çıxarasan.
Bakıdan çıxanda isə istəyirsən hamının qabağını kəsib deyəsən ki, vallah, Şuşaya, Laçına, Kəlbəcərə, Hadruta... gedirəm.
Artıq Füzuliyə çatanda müharibənin izləri görünməyə başlayır - daha doğrusu, erməni vandallığının. Dağılmış evlər, binalar bir-birinin ardınca maşının şüşəsindən ötüb keçdikcə düşünürsən - hər ev bir taledir, burada hər kəs öz taleyini sanki yarımçıq qoyub gedib, gəlib indi davamını yaşamalıdır. Bu bəxtsiz evlər də öz talelərinin davamını yaşamaq üçün sahiblərini gözləyir...
Uşaqlar oyuncaqlarını gəlib tapacaq, 20 yaşlı oğlanlar sevgilərini, babalar çəliklərini...
Füzulidə ilk postdan öncə Alxanlı kəndidir, erməni terrorunun qurbanı olan balaca Zəhranın kəndi.
Kəndin yaxınlığında otlaqlar var. Adını soruşmağı unutduğum çobanla söhbətləşirik. Deyir, qoyunlarımızı əvvəl də burda otarırdıq, indi də... Əvvəllər ermənilərə görə qabağa gedə bilmirdik, indi də minalara görə.
***
Düşmənin keçilməz hesab etdiyi Ohanyan səddi Füzulidə, Alxanlı kəndindən dərhal sonra başlayır. Keçmiş üzümlüklər olan sahədə beton dirəkləri sökməyərək aralarını minalarla dolduran düşmən belə səddin ilk xəttini yaradıb. Daha sonra xəndəklər qazıb, müxtəlif maneələr düzəldib, ancaq Azərbaycan əsgərinin qarşısını bu maneələrin heç biri ala bilməyib. Ohanyanları hamıdan qabaq qaçıb...
***
İnşaatçılarımız indi əsgərlərimizin bizim üçün açdığı yolu rahatlatmaq, genişlətməklə məşğuldurlar. Nəhəng yol-infrastruktur layihələri icra olunur: təkcə köhnə yollar bərpa olunmur, həm də dağları yararaq yeni yollar çəkir mühəndislərimiz.
Füzulidən Şuşaya gedən yol parıldayır - girişindəki "ZƏFƏR YOLU" yazısı isə qürurla dayanır. Hadruta ayrılan yol hələ ki, hazır deyil, sürətli iş gedir.
***
Hadrutun başı və döşü qarlı dağları uzaqdan görünür. Qəsəbəyə girəndən bir az sonra isə zəif qar başlayır... Qəsəbənin içində gəzdikcə təxmin edirsən ki, Azərbaycan əsgəri Şuşa əməliyyatının "məşqini" burda edib - artilleriyadan istifadə olunmadan qəsəbə işğaldan azad edilib, çünki dağıntılar yoxdur, yalnız bəzi binaların üstündə yüngül silahların güllə izləri qalır. Hiss olunur ki, bu ərazilərdə küçə döyüşləri gedib. Baxmayaraq ki, Hadrutda ermənilərin çox sayda hərbi birləşmələri olub və onlar üçün bu əraziyə hücum və qəsəbənin itirilməsi qeyri-mümkün görünüb, ancaq görünür, say və bu cür proqnozlar o qədər də əhəmiyyətli deyil - əsas döyüş əzmi və peşəkarlıqdır, onu da Azərbaycan əsgəri hər addımında nümayiş etdirib, düşmən də bir az müqavimətdən sonra qaçmağı qənimət bilib.
Səfərdən öncə Hadrut əməliyyatı
barədə söhbətləşdiyim hərbi ekspert Ədalət Verdiyev deyirdi ki, Hadruta hücum cəsarət tələb edirdi, çünki orada ermənilər böyük qüvvə saxlayırdılar. Bununla belə, bu cəsarətli qərar qəbul edilib və Hadrutun azad olunması Azərbaycan Ordusuna daha böyük əraziyə nəzarət imkanı qazandırıb.
***
İndi Hadrut da öz taleyinin davamını gözləyir. Ermənilər ağıllarını başlarına yığsalar, normal qonşular kimi yaşamaq, inkişaf etmək üçün tarixi fürsəti reallığa çevirəcəyik.
Vüsal MƏMMƏDOV
Bu gün Milli Kitabxanada “Zəfər Yolu” kitabının təqdimatı olacaq
Bu gün M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında tanınmış yazıçı İradə Əlili və yazıçı, jurnalist Vüqar Şahinoğlunun müəllifi olduqları “Zəfər Yolu” kitabının təqdimatı keçiriləcək.
Kitaba Milli Məclisin deputatı, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov “Ön söz” yazıb.
Kitab 44 günlük İkinci Qarabağ savaşında qazanılan parlaq Qələbədən bəhs edir.
Kitab Azərbaycan və ingilis dillərində çap edilib.