
Super User
Euronews İstanbulda, Aya Sofiyada qılınan Ramazan namazını həftənin əsas hadisələrindən hesab edib
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Euronews İstanbulda, Aya Sofiya məscidində aprelin 2-də qılınan Ramazan namazını həftənin əsas hadisələrindən hesab edib.
Bizans imperatoru I Yustinianın tikdirdiyi, Konstantinopolun Osmanlı İmperiyası tərəfindən fəthindən sonra məscidə çevrilən bu tikili xəlifətin ləğvindən sonra uzun illər muzey kimi fəaliyyət göstərmişdi. Yalnız 2020-ci ildə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yenidən Aya Sofiyanı Böyük məscid elan etdi. Və xatırladaq ki, o, buna görə xristian dünyasının ciddi təpkiləri ilə üzləşdi.
Ramazan namazı burada 88 illik fasilədən sonra bu il yenidən qılınıb. Bu xəbəri Türkiyə müsəlmanları coşğu ilə qarşılayaraq həmin gün izdihamla Aya Sofiya məscidinə axışıblar.
Barat Vüsal: “Ədəbiyyat insandan xidmətçi, QARAVAŞ istəmir, qurban getməyə QARA BAŞ istəyir”
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə layihəsi olan “Şənbə qonağı”ında İntiqam Yaşar bu dəfə sizi tanınmış şair, Azərbaycan Yazıçılar Birliyinin Qazax şöbəsinin sədri Barat Vüsal ilə görüşdürür.
-Salam Barat müəllim, vaxtınız xeyir. Qazaxda yaradıcı durumdan danışaq. Necə qiymətləndirirsiniz, Qazaxda yaradıcı durum necədir?
-Həmişə olduğu kimi Qazaxda yaradıcı qüvvələrin durumu yaxşıdı, yaradıcı abu-hava hökm sürür. İstər yaşlı nəslin arasında, istər gənc nəslin arasında, istərsə də orta nəslin arasında hər kəs bacara bildiyi qədər öz yaradıcı nümunələrini ortaya qoyur. Pandemiya bu işləri bir az ləngitdi. Artıq pandemiya olmadığına görə əvvəlki kimi tədbirlər artacaq. Yeri gəlmişkən, onu da deyim ki, bir gənc şəhid şair olub, əsli qazaxlıdır, kiçik yaşlarından Bakıya köçüblər, ailəsi ilə orda yaşayıblar. Murad Nağıyev orta məktəbi bitirib, sonra Heydər Əliyev adına Hərbi Akademiyanı bitirib. Sözümün canı və Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı olaraq səninlə bölüşməyimin səbəbi odur ki, maraqlı nüans da budur, Türkiyə türkcəsində yazırmış şeirlərini. Onun haqqında ilk dəfə İbrahim İlyaslı “Ədəbiyyat qəzeti”ndə yazmışdı. Onun haqqında kitab hazırlanmışdı, kitabda həm xatirələr toplanılmışdı, həm də yazdığı şeirlərdən nümunələr verilmişdi. Kitabın Qazax rayon İcra Hakimiyyətinin, Azərbaycan Yazıçılar Birliyinin, Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə təqdimatı təşkil olunmuşdu. Demək istədiyim odur ki, şairlik baxmır sən hardasan, səngərdəsən, rahat stol arxasındasan, yoldasan. Əgər sənin haqdan gələn istedadın varsa, o istedad mütləq səni yazmağa sövq edəcək. Şəhidimiz, Murad Nağıyev yaşasaydı çox yaxşı bir şair kimi yetişə bilərdi. Mənə elə gəlir ki, sənət, loru dildə desəm; “sən et” deməkdir. “Sən edə bilməsən sən get” deməkdir, vəssalam. Təəssüf ki, bəziləri bunu vaxtında anlamır. Və buna görə də bu aləmdə sıxlıq yaranır, bəzi qüvvələr arasında yaxşı mənada, yarışdan çox qısqanclıqlar ortaya çıxır. Mən hesab edirəm ki, ədəbiyyat, xüsusən poeziya elə bir sahədir ki, burada, yaradıcı adam birmənalı şəkildə bilməlidir ki, mənəvi dəyərlərə xidmət edir, dəyərlərə xidmət edir, xalqın milli-mənəvi dəyərlərinin inkişafı həm də ondan aslıdır. Deyirlər ki, bir ağac var, dibindən çay axıb-keçir, amma özü susuzluqdan ölür. Düşünürəm ki, yaradıcı adamlar da ayağının altından su axan susuz ağaca bənzəyirlər. Söz deyirlər, söz eşidirlər, sözdən dönmürlər, sözdən ötrü ölürlər. Dünya özü də bu gündədi. Dibindən su axan, susuz ağac bəlkə də dünyanın özüdür. Qəribədir ki, şairlər də özlərinin “ayağının altından su axa-axa” başqa bir şeyin axtarışındadırlar. Yəqin hiss elədin ki, bu su dirlik suyudur. Maraqlı bir fikrə rast gəlmişəm. “Dirilik suyu” əfsanəsi daha çox Makedoniyalı İsgəndərlə bağlı səsləndirilir. Səməd Vurğunun “Bulaq əfsanəsi”də də bundan danışılır, amma onun yeri bəlli olmadığı ortaya çıxır. Deyilənə görə bir meksikalı səyyah 600 nəfərlik heyyəti ilə o suyu axtarıb tapmaq fikrinə düşüb və səfərə çıxıb, amma yolda hamı tamah üstündə bir-birini qırıb, qətlə yetirib. Həmin səfərə çıxan 600 nəfərdən cəmi 5 nəfəri sağ geri qayıdıb. Həm də həmin dirlik suyunu tapmadan. Ədəbiyyat aləmində də yüzlərlə adam bu səfərə çıxır, amma onlardan sadəcə bir neçəsi bu yolu davam elətdirə bilir. Əfsanəyə görə bu suyu Xızır peyğəmbərimiz tapıb içə bilib və bir də şairlər tapır. Hər şair də yox, həqiqətən mənəvi dəyərləri bilən, xalqın milli dəyərlərini üstün tutan, sözün dəyərini bilən şairlər. Amma həmin şairlər o suyu tapanda özləri içmirlər. Onu sözə çevirirlər.
-Barat müəllim, sözünüzü unutmayın, mən bir haşiyə çıxım. Şəhidimiz haqqında danışdınız, bizim bu yaxınlarda İkinci Qarabağ Müharibəsinin şəhid və qazi şairləri ilə bağlı kitabımız nəşr olunacaq. O şəhidimizin də şeirləri kitabda yer alacaq.
-Bu çox gözəl haldır. Uğurlu olsun. Gözəl iş görürsünüz. Mən izləyirəm və görürəm ki, sən DGTYB-ə rəhbərlik edəndən xeyli gözəl işlər görmüsən. Ətrafındakı gəncləri də bu işlərə cəlb edirsən. Sizin birliyə bizim Qazax gəncləri də üzvdür, onların içərisində Rüfət Axundlu Ağstafada yaşayır, Elnur Süleymanlı Qazaxda yaşayır, Gülnar Səma indi Bakıda yaşasa da Tovuzda yaşayanda bizimlə də sıx əlaqəsi olub. Ümumiyyətlə, gənc yazarları izləyirəm, onlardan misal çəkməyi özümə borc bilirəm. Bax elə özün də daxil olmaqla, Ramil Əhməd var, əsli ağdamlıdır, Vasif Zöhraboğlu var, əslən şəkilidir, Ruslan Dost Əli var, Bərdədən, Şəfa Vəli var, Gəncədən. Şəfa Vəlinin təkcə şeirləri yox, ümumiyyətlə, publisitik yazılarını izləmişəm, ədəbiyyata və ədəbiyyatşünaslığa aid çox yaxşı məqalələrini oxumuşam. Fərid Hüseyn, indi bilirsiniz AYB Gənclər Şurasının rəhbərdir. Esseləri çox fərqli və gözəldir. Elməddin Nicat var Şəmkirdə, əsli kəlbəcərlidir. Sevil İşıq, Pərvanə Nizaməddin bizim AYB Qazax filialına aid olan gənclərdirlər. Bircə faktı xatırladım ki, təkcə 2015- ildə Ağstafa Qazax, Tovuz və Gədəbəydən 6-7 nəfər gənc yazar Prezidentin Təqaüd Fondunun təqaüdünə layiq görülüb. Onların əksəriyyəti Azərbaycan Yazıçılar Birliyində Rəşad Məcidin rəhbərliyi altında fəaliyyət göstərən “Gənc Ədiblər Məktəbi”nin yetirmələri olublar. Bu gənclərlə həmişə çalışmışam ki, ciddi əlaqələr qurum, ciddi işlər görək. Adlarını çəkdiyim bu müəlliflərin çoxu, içi sən qarışıq, artıq öz imzanızı təsdiq edibsiniz. Maraqlı bir fakt deyim. Ədəbiyyatda inkişaf etmək yollarından biri etiraf etmək mədəniyyətidir. Yəni gücünü bilmək, yeri gələndə çox da böyük görünməyə çalışmamaq, amma çox da təvazökar olmamaq. Ədəbiyyatda diqqət etmişəm ki, Nizamidən bu yana hamı etiraf edib. Məsələn, Nəsimi deyirdi ki, “Divanəm nöqtə şəklində”. Üç divan yazmış adam deyir ki, mən nöqtəyəm. Bunları ona görə xatırladıram ki, bunlar gənclərə lazımdır. Yeri gələndə gənclər bilməlidilər ki, inkişafın yolu budur, etiraf mədəniyyətidir. Həddindən artıq görünməməkdir. Mən istərdim, gənclər unutmasın ki, dünya ədəbiyyatına beş əsər bəxş etmiş, Şeyx Nizami adını qazanmış şəxsiyyət sonda deyir ki, “Nizami, bir-iki bakir söz yarat”. Ədəbiyyata yeni səslə gəlmək, nəfəslə gəlmək məsələsinə toxunub Nizami burada. Hesab edirəm ki, çox möhtəşəm bir mövzuya toxunub. Məsələn, gənclər bilsələr yaxşıdır ki, Füzuli deyir, “Fələk mənə əmr verdi ki, çalış, əkib biç. Mən də o əmri eşitdim və ömür boyu əkməklə məşğul oldum.” Bir şeirim var ki, indi elə onu səsləndirmək istərdim. Füzuliyə ki, əkmək əmri verilmişdi, mən “Gül bağçası” adlı bu şeiri analiz edəndə gördüm ki, özümdən ixtiyarsız elə o yolla getməyə cəhd eləmişəm:
Arada bax, döyüşə gedir,
Arada bax, gül əkirəm.
Mən çıxmışam öz əlimlə,
Dara da bax, gül əkirəm.
Əkir, sözü oxşayıram,
Könlü, gözü oxşayıram.
Sənə özüm oxşayıram,
Yaradan, bax, gül əkirəm.
Mən Abbasam, Gülgəziynən,
Gəl, itməyib, gül gəziynən.
Mən gülşəndə gül gəzmirəm,
Xarabada gül əkirəm.
Atsan göyə nə düşməyir,
Nə dönməyir, dəyişməyir.
Ətri beyinə işləyir,
Harada bax, gül əkirəm.
Haqdandı bil, yaşam haqdan.
Heç artarmı yaş nahaqdan.
Bezməmisəm yaşamaqdan,
Hələ də bax, gül əkirəm.
Sanma burda qarşındayam,
Orda pirdə peşindəyəm.
Niyə zirvə başındayam,
Dərədə bax, gül əkirəm.
Gələcək yazım gələcək,
Güləcək arzum, güləcək.
Öləndə lazım gələcək,
Gora da bax, gül əkirəm.
Dostam, çiçək-güllər ilə,
Gül bəsləyən ellər ilə.
A könlüm, könüllər ilə,
Barata bax, gül əkirəm.
Mən bir şeyi də burada xatırlatmağı vacib bilirəm ki, sənin yaradıcılığına bələdəm. Kitablarından birinin adı “Evdə yoxam”dır. Bir şeyi mən burada deməyi vacib bilirəm. Sən özün də hiss eləmədən o etiraf yolunu götürmüsən. Sən evdə yoxam deyirsən, amma o “yox”un içində bir “var” var. Həm də varsan orada. Varsan ki, yoxam deyirsən. Yəni, əsil varlıq yoxluqdadır. Bax, yaradıcılıq budur. Məsələn, Nitsşe deyirdi ki, “Sən” “Mən”dən uludur”. Bəzi adamlar isə deyir, “mənəm”. Bu isə aparıb eqoizmə çıxarır. Mehmet Akifin bir sözünü xatırladım. O deyirdi ki, biz ədəbiyyatın vətəni olduğuna iman edənlərdənik. Gör, nə gözəl fikirdir. Bəli, ədəbiyyatın, sözün, qələmin, ruhun vətəni var. Və əsas məsələ odur ki, ona iman etmək lazımdır. Nəyin xətrinə?! Təkcə yaradıcılığın xətrinə yox, təkcə ölkənin xətrinə yox, həm də sənə bu missiyanı vermiş Allahın xətrinə. Demək, Həzrət Əli uşaq vaxtı qəbul edib İslam dinini. Peyğəmbərimiz deyib ki, Əli, bəlkə atana deyəsən əvvəlcə. Bəlkə, atan razı olmaz bu yaşda İslama gəlməyinə. Həzrət Əli isə cavabında deyib ki, atam məni dünyaya gətirəndə Allahdan icazə almışdımı? Yəni, şairlik də belə bir şeydir. Şair də dünyaya gələndə onu dünyaya gətirən valideynin xəbəri olmur ki, onun övladı şair olacaq. Əsas odur ki, mən gənclərə arzu edirəm, klassik ədəbiyyatı dərindən öyrənsinlər. Və unutmasınlar ki, məsələn, Balzak niyə 96 roman povest yazmağı qarşısına məqsəd qoymuşdu. O deyirdi ki, Napoleonun qılıncla başladığını, mən qələmlə başa vuracam. Eşitmiş olarsan, Cəlaləddin Rumi deyib ki, “Mən 26 min beytdən ibarət Məsnəvini yazdım, çoxları elə bildi ki, qürrələnib şairəm deyəcəm özümə. Xeyr, mən daha şair deyiləm, mən daha aşiqəm. Haqq aşiqi”. Sanki, Məhəmmədhüseyn Şəhriyar da bu sözü o məqsədlə deyib:
Aqil olub, əql məni danladı.
Aşiq olub, mən də onu danladım.
Görün, nə gözəl deyib. Bir beytdə enerjiyə bax, işığa bax, mərama bax, məqsədə bax. Hamlet olum və ölüm məsələsini qoymuşdusa, mənə görə ədəbiyyatda əsas məsələ budur: Yenə söz demək, yoxsa yeni söz demək. Əksəriyyətmiz yenə söz demək istəyirik, amma əsas məsələ yeni söz demək olmalıdır. Sözü təzələdinsə səni oxuyacaqlar, tapacaqlar. Və mən əminliklə deyirəm ki, Azərbaycan ədəbiyyatı bu günün özündə istər mərkəzdə, istərsə də, regionlarda öz inkişafındadır. Bundan sonra da yeni-yeni imzalar ortaya çıxacaqdır ki, bu da bizim mənəvi dünyamızın xeyrinədir. Hegelin fikrincə poeziya xalqların ilk müəllimidir. Mən isə hesab edirəm ki, ağıl cisimdən, eşq ruhdan, könüldən ötrüdür. Ağıl insanı dəryadan xilas etməyin yollarını arayır və onu qərq edir. Poeziya isə, ruh isə insanı dəryada qərq edir və əslində insan xilas olur. Ruhun vəzifəsi ağlın vəzifəsindən tamam fərqli bir vəzifədir. Çox vaxt ağlın nüfuz edə bilmədiyi yerə könül nüfuz edə bilir. Cəlaləddin Rumi təsadüfən demirdi ki, Allah hər iki dünyanı bir könüldən ötrü xəlq edibdir.
-Sözün adamı olmaq Barat Vüsala nələrə başa gəldi?
-Sözün adamından danışırıqsa, deyim ki, çox çətin başa gəldi. Mənim belə bir şeirim var:
Mənim sözüm sünbül-sünbül,
Mənim sözüm bir yox, minbir.
Mən sözü hamıdan hündür,
Özü balaca adamam.
Mən bax, bu yolla gəlmişəm indiyə qədər. Gəlib elə ana çatmışam ki, həmin an mənim “Ehtiram” şeirimdə öz əksini tapıb.
Özüdür yaradan, yaratdığı da,
Bircə bir var, başqa bir yoxdu gördüm.
Həyatla ölümün arasındayam,
Elə beşik yoxdu, gor yoxdu, gördüm.
Sən ona vararsan, ha varsan eşqə,
Süvarsan ata yox, süvarsan eşqə.
Nə varsa gizliymiş, nə varsa aşkar,
Nə varsa sirr imiş, sirr yoxdu, gördüm.
Yermi var hər kəsin öz yeri kimi,
Ocaq yeri kimi, köz yeri kimi.
Dünyada Allahın nəzəri kimi,
Ocaq yoxdu gördüm, pir yoxdu, gördüm.
Barat, Allah nə var bizə veribdi,
Ürəyə veribdi, gözə veribdi.
Qalxıb öz yerini sözə veribdi.
Özü oturmağa yer yoxdu, gördüm.
Yəni Allah sözə ehtiram əlaməti olaraq, qalxıb öz yerini sözə veribdirsə, sən otura-otura nə yaratmaq istəyirsən?! Təsəvvür et ki, ədəbiyyat insandan qara baş istəyir qurban getməyə. Amma biz bəzən fikirləşirik ki, qaravaş istəyir, xidmətçi istəyir. Yox, ədəbiyyat insandan bütün həyatını istəyir. Əvəzində isə bəzən, bircə misra ilə cavab verir. Bu qədər itirdiklərinin qarşılığında bəzən tarixdə bircə misra ilə qalırsansa, bunun özü az şey deyil.
-Bir az da Qazaxda yaşayıb-yaratmaq seçimindən danışaq.
-Qazaxda, dediyim kimi, öz imzasını çoxdan təsdiq etmiş və diqqəti cəlb etmiş kifayət qədər yaradıcı insanlar var. Saqif Qaratorpağı siz yəqin yaxşı tanıyırsınız. O nəinki, bir şair kimi, indi bir tərcüməçi kimi də fəaliyyət göstərir. Bu yaxınlarda onun Qırğız Respublikasında və Özbəkistanda şeirləri çap olunub. Bundan başqa o Qırğız ədəbiyyatından bir şairin şeirlərini dilimizə uyğunlaşdırıb və o şeirlər kitab halında çap olunub. Bizdə Mustafa Rasimoğlu var, hərbçi şairimizdir. Birinci Qarabağ müharibəsinin veteranıdır. Çox gözəl şeirlər müəllifidir, gözəl qələmi var. Bundan başqa Saxladər Hidayətoğlu, Bilal Qoca, Vidadi Qaragözlü, Məzahir Yaqub var, Tovuzdan bizim ağsaqqal şairimiz İsa Cavadoğlu var, onu siz də yaxşı tanıyırsınız. Uzun müddət “Varislər” ədəbi məclisinə rəhbərlik edib. Gədəbəydən Sahib Camal var. Çox orijinal şeirlər yazır. Bundan başqa Tamella Poladlı, Tovuzda Məzahir Alıyev kimi şair yaşayıb-yaradır. Oların hamısının adını çəkə bilməsəm üzr istəyirəm, əsas odur ki, onlar yazmaq eşqi ilə qələmə sarılıblar.
-Barat müəllim, yaşlı nəslin yazarları da hazırda sosial şəbəkələrdə demək olar ki, çox aktivdirlər. Maraqlıdır, siz nədən istifadə etmədiniz?
-Bu məsələni mənə irad kimi çox tuturlar. Sadəcə mənim təbiətim buna yol vermir. Mən fikriləşirəm ki, biri var görünə-görünə görünməmək, biri də var ki, görünməyə-görünməyə görünəsən. Mən ikinci yolu tutmuşam. Əgər məndə nəsə varsa, görünməyə-görünməyə nə vaxtsa görünmək mümkün olacaq. Və bu mənə kifayət edir.
-Var olun, Barat müəllim.
-Sən də var ol, sənin rəhbərlik etdiyin Dünya Gənc Türk Yazarlar Birliyinə və bu portalınıza da uğurlar diləyirəm. Və istəyirəm ki, ümidli misralarla bu söhbətimizi bitirəm, Türk dünyasına bir salam göndərəm:
Bir səs gəlir ürəyimdən,
Salam Türkə, Türkiyəyə.
Əsrlərdən, zamanlardan,
Qalan Türkə, Türkiyəyə.
Salam Türkə, Türkiyəyə.
Baş əyir tək bu dünyaya,
Baş əyirəm bu sevdaya.
İnsanlığa, ilk arxaya,
İlk sahibə, ilk yiyəyə,
Salam Türkə, Türkiyəyə.
Qoy kainat bizi görsün,
Görən kimi salam versin.
Ehtiyacı çoxdu ərzin,
Pak eşq, pak qəlb, pak ürəyə,
Salam Türkə, Türkiyəyə.
Bir nəğməyəm, türküyəm mən,
Azərbaycan Türküyəm mən.
Öz doğmanam Türkiyəm, mən.
Haqqım vardır söyləməyə.
Salam Türkə, Türkiyəyə.
Müqəddəs Ramazan ayınız mübarək olsun!
Aprelin 2-si Azərbaycanda Ramazan ayının ilk günüdür. Bu tarixi Qafqaz Müsəlmanları İdarəsi təsdiqləyib. “Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, qurum rəsmən Qafqaz Müsəlmanları İdarəsi tərəfindən Şamaxı Rəsədxanasına sorğu göndərildiyini bəyan edib. Rəsədxanadan ayların daxilolma təqvimini ruhani idarəsinə təqdim ediblər. Təqvimə əsasən aprelin 2-si Ramazan ayı daxil olur. Dünən, ayın 1-də isə Ramazan hilalı görünüb. Adətən hilal görünürsə, ertəsi gün Ramazan ayının 1-ci günü sayılır.
Qafqaz Müsəlmanları İdarəsi Ramazan bayramının keçirilmə vaxtını da açıqlayıb.
Ramazan bayramı dövlət səviyyəsində 2 gün qeyd olunacaq. Rəsədxananın verdiyi təqvimə əsasən mayın 2-3-ü Ramazan bayramıdır.
Müqəddəs Ramazan ayınız mübarək, əziz oxucularımız! Allah tutduğunuz orucunuzu qəbul etsin!
Günün fotosu: Onlar da xoşbəxt olmaq istəyirdilər
Günün fotosu: Onlar da xoşbəxt olmaq istəyirdilər
Maksim və Kseniya İovenko - yeni ailə qurmuş gənclər öz şəxsi avtomobilləri ilə qaçıb ruslardan canlarını qurtarmaq istəyərkən Kiyev ətrafında rus tankının hücumuna məruz qalıblar, putinin cəlladları onların hər ikisini güllələyib.
Foto: BBC
Pandemiya rekordu - “Morbius" prokatın ilk günündə beş milyon dollar topladı
“Ədəbiyyat və incəsənət” portalı Deadline nəşrinə istinadən məlumat verir ki, çoxdan premyerası gözlənilən, Sony-nin istehsal etdiyi “Morbius" (Morbius) kinokomiksi 31 mart günündə — prokatının ilk günündə 5,7 milyon dollar qazanıb.
Bu məbləğ ilk gündə 3583 kinoteatrda nümayiş nəticəsində qazanılıb. Bu məbləğ digər premyeranın - "Şazam" (Shazam) kinokomiksinin nəticəsindən geri qalır. Həmin kinokomiks İlk prokat günündə 5,9 milyon dollar qazanmışdı. Bu hadisə 5 aprel 2019-cu il tarixində baş vermişdi. Amma onu da nəzərə alın ki, indi pandemiya dövrüdür.
Deadline şirkətinin məlumatına görə, Sony bu istirahət günləri - bu gün və sabah üçün 30 milyon dollar həcmində yığım gözləyir, halbuki kino bazarı mütəxəssisləri 40-50 milyon dollar həcmində ümumi uikend kassası proqnozlaşdırır. Filmin istehsalı Sony-yə 75 milyon dollara başa gəlib.
Hal-hazırda, "Morbius"
kino tənqidçilərinə xəyal qırıqlığı yaşadıb, Rotten Tomatoes saytında komiksin müsbət rəylərinin faizi yalnız 15% təşkil edir. Tamaşaçı reytinqi isə hələlik müsbət rəylərin 64% - i səviyyəsində qalmaqdadır.
Film nadir qan xəstəliyindən əziyyət çəkən və bütün həyatını müalicə olunmaq üçün bir yol axtaran Dr Michael Morbius (Jared Summer) haqqında danışır. Uzun axtarışlar onu yarasaların qanından dərman düzəltmək yolu ilə sağalmaq fikrinə gətirib çıxarır. Bir çıxılmaz addım, anlaşılmaz qərar və eksperiment (narkotika qəbulu) dəhşətli nəticəyə gətirib çıxarır, qəhrəman canavara çevrilir.
Şəkildə: “Morbius" treylerindən kadr
Bugünkü “Ədəbiyyat qəzeti”nin anonsu
Məsiağa Məhəmmədi – Günəşi gözləyən (Rza Bərahəni haqqında qeydlər)
Rüstəm Kamal – Dərviş heybəsindəki pritçalar
Vaqif Yusifli – Canlı ensiklopediya, yaxud diplomsuz alim (Qulam Məmmədli-125)
Akif Rəfiyev – “Açar” (Hekayə)
Azər Turan – Polemik rakurs, yaxud Şuşada Vaqifdən qabaq Musa Kəlimullah adlı şair yaşayıbmı?
Cavanşir Yusifli – Davamı olan şeirlər
Orxan Aras – “Lo” romanı və Rusiya-Ukrayna savaşı
Elnarə Akimova – Dünyanın xilas modelini təklif edən roman – “Sev” (Natiq Məmmədlinin “Sev” romanı haqqında)
Adilə Nəzər – Şeirlər
Safura Quliyeva – Uşaq ədəbiyyatının cəfakeşi (Zahid Xəlil haqqında)
Azad Qaradərəli – Oljas Süleymenov fenomeni
Əsəd Cahangir – Xüsusi təyinatlı şair (Poeziyamızda vətən anlayışı və Ramiz Qusarçaylının “Vətən” poeması haqqında)
“Filmə yalanlarla başlamışam” – Fələstinli kinorejissor və aktyor Elya Süleymanın müsahibələrindən hissələr Nilufər Hacılının təqdimatında
Olduğu kimi görünən, göründüyü kimi olan adam – “Varislər”in qonağı unudulmaz yazıçı, şair Əlibala Hacızadənin qızı Asya Hacızadədir (Söhbətləşdi: Əyyub Qiyas)
“Doktor Con Faustusun əhvalatı” əfsanəsi Həmid Piriyevin tərcüməsində
Rəvan Cavid – Gülməli olan nədir?
Sevda Ayaz qızı Behbudlu – Sənətə olan sevgini səndən öyrəndik, ata! (Ayaz Vəfalı-85)
Ayaz Vəfalı – Mənə anam öyrədib...
Qəzənfər Paşayev – Dünyanın hər üzünü görən, qalib çıxan dostum (Ayaz Vəfalı-85)
Sadıq Elcanlı – Beş min ilin yalanı
“Klassik ədəbiyyat, eyni zamanda tarix və fəlsəfənin kəsişdiyi yerdir” (Azərbaycan Yazıçılar Birliyi Xəzər bölməsinin rəhbəri Arif Buzovnalı ilə professor Vüsalə Musalının söhbəti)
“Mənim uşaqlığımın da, gəncliyimin də izləri, xatirələri güllələnmişdi” – “Fikir bucağı” layihəsinin qonağı şair, publisist Əbülfət Mədətoğludur (Söhbətləşdi: Tural Cəfərli)
Nizami Tağısoy – Yalqız yaylağın taleyi (Rəşad Məcidin poetik yozumunda)
Adil Cəmil – Şeirlər
Elxan Zal Qaraxanlı – Daş bitik (Türk əsrinin daş yuxuları)
Xeyrəddin Qoca – Hekayələr
Həsən Xasiyev – Bazardüzündən Cıdır düzünə (Şimal bölgəsi yazarlarının Şuşa sevgisi)
İlahə Dadaşova – “Xoşbəxt” sevginin tərənnümü, azadlığın təbliği, insana, dinə, düşüncəyə ehtiramın təcəssümü kimi (Viktoriya Qranetskanın “Xoşbəxt” kitabı haqqında)
Mənbə: Edebiyyatqazeti.az
Bu gün “Pantomima buketi” tamaşası nümayiş ediləcək
Bu gün Azərbaycan Dövlət Pantomima Teatrında “Pantomima buketi” tamaşası nümayiş olunacaq.
Tamaşa Xalq artisti, teatrın baş rejissoru Bəxtiyar Xanızadənin quruluşunda təqdim ediləcək.
Səhnə əsərinin musiqi tərtibatı Əməkdar artist Elman Rəfiyevə, rəsmlərin quruluşu isə Bəxtiyar Xanızadəyə məxsusdur.
Tamaşa qarışıq nömrələr əsasında hazırlanıb.
Xurşidbanu Natəvanın anadan olmasının 190 illiyinə həsr olunmuş bilik yarışması keçiriləcək
Aprelin 4-də F.Köçərli adına Respublika Uşaq Kitabxanası Nizami rayonu, Y.Kovalyov adına 229 nömrəli tam orta məktəblə birgə Azərbaycan bədii fikrinin görkəmli siması Xurşidbanu Natəvanın anadan olmasının 190 illiyinə həsr olunmuş “Tək inci” adlı bilik yarışması keçiriləcək.
Bu tədbirin keçirilməsində məqsəd gənc nəsilə Azərbaycan ədəbiyyatı tarixində diqqətəlayiq yer tutan söz ustalarının həyat və yaradıcılığının tanıdılmasıdır.
Uşaq Kitab Festivalında “Yer üzünün günəşi” təqdim olunacaq
Xəbər verdiyimiz kimi, bu gün Beynəlxalq Uşaq Kitabı günüdür. Bu münasibətlə Bakı şəhərində Azərbaycan Nəşriyyatları Assosiasiyası İctimai Birliyinin təşkilatçılığı ilə “ANAİB I Uşaq Kitab Festivalı” keçirilir.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, #kitablaböyüyək haştaqı altında təşkil olunacaq festivalda müxtəlif nəşriyyatlar, kitab evləri, eləcə də fərdi şəxslər iştirak edərək uşaqlara aid kitablarını sata biləcəklər.
Festivalda müxtəlif panellər, nağıl, tamaşa saatları təşkil olunacaq, tanınmış uşaq yazıçıları, eləcə də incəsənətin müxtəlif sahələrini təmsil edən mütəxəssislərlə görüş keçiriləcək, o cümlədən kitab təqdimatları olacaq.
Belə kitab təqdimatlarının birinə sizi yazar Elgüsel xanım dəvət edir.
“Təbəssümlərində günəş gülümsəyir, gözlərində ulduzlar. Onlar var deyə həyat var, sevgi var, dəyər var. Dəyərlilərə dəyər verməyin zamanıdır! Sevginizi kitablarla bölüşün. Sevməyi öyrədən kitablarla. Sevgini görməyi vərdişə çevirən kitablarla.
Mən Elgüsel sizləri 3 Aprel, saat 12:00-13:00, " Passaj 1901" N. Rəfibəyli 12/14 ünvanında "Dil hökmdarlığına səyahət" və "Yer üzünün günəşi" adlı kitablarımın təqdimat və imza gününə dəvət edirəm.”
Maraqlı olacaq, buyurun, gəlin!
“Mənə dərd məktəbində, Ayrılıq öyrətdilər” - Güneyli şair Əli Çağlanın şeirləri
Güney Azərbaycanda yaşayan gənc şair Əli Nurvəş “Ədəbiyyat və incəsənət” portalının redaksiyasına öz şeirlərini təqdim edib. Çağla təxəllüsü ilə yazan gənc şairin şeirlərində ilk öncə səmimiyyət diqqəti cəlb edir. Bu şeirləri sevilən şairimiz Cəlil Cavanşirin ön sözü ilə diqqətinizə çatdırırıq.
Azərbaycan dilinin daşıdığı həsrəti, ağrını, nisgili ifadə edən Əli Çağla
Güney Azərbaycanda yaşayan, yaradıcılığını maraqla izlədiyim peşəkar qələm adamları, eyni zamanda ədəbiyyatda kövrək addımlarını atan gənclər kifayət qədərdir. Arazın o tayındakı ədəbiyyat sevdası bütün məhdudiyyətlərə baxmayaraq sərhədləri aşmaq gücündədir. Güney Azərbaycandakı oxucularıma, yazar dostlarıma kitab sovqatı göndərmək, onlara kitablarımın elektron nüsxələrini çatdırmaq məni hər zaman sevindirir. Beləliklə bu münasibətlər yavaş-yavaş ədəbi əlaqələrimizi dərinləşdirir, bir-birimizin yazdıqlarından, dünya görüşündən, ədəbiyyata münasibətindən xəbər tuturuq. Güney Azərbaycan ədəbiyyatını Ustad Şəhriyar, Həbib Sahir, Səhənd, Səməd Behrəngi, Əlirza Nabdil Oxtay, Həmidə Rəiszadə Səhər, Mərziyə Üskülü, Qulamhüseyn Səidi, Həmid Nitqi kimi böyük ədəbiyyat adamları sayəsində tanıyıb sevmişik. Bu gün ustad imzaların yolunu uğurla davam etdirən yüzlərlə qələm adamı, öz ana dilində yazıb-yaratmaqla dilimizin, ədəbiyyatımızın, mədəniyyətimizin inkişafına öz töhfələrini verir. Çağdaş Güney Azərbaycan ədəbiyyatının onlarla parlaq nümayəndəsi ilə şəxsi münasibətlərim, onların yaradıcılığı ilə yaxından tanışlığım məni bir ədəbiyyat adamı, bir oxucu, bir azərbaycanlı olaraq ümidləndirir, ədəbiyyatımızın gələcəyinə inamla baxmağa sövq edir.
Bu gün Güney Azərbaycan ədəbiyyatının yükünü çiyinlərində daşıyan, öz ana dilində yazdığı şeirlərin ovsunu ilə bizləri sevindirən, eyni zamanda Arazın bu tayında yaşayan qələm adamlarının Güney Azərbaycanda tanınması üçün çalışan parlaq və ümidverici onlarla gənc imzalardan biri də gənc yazar, tərcüməçi və naşir Əli Nurvəşdir.
Əli Nurvəş (Çağla) 2002-ci ildə Güney Azərbaycanın Təbriz şəhərində dünyaya gəlib. Tərcüməçilik və naşirlik fəaliyyəti ilə məşğuldur. "Dəlilərin sevgisi" və "Niyar karvanı" romanlarının müəllifidir. Baba Vəziroğlu, Qənirə Paşayeva, İntiqam Yaşar, Əjdər Ol, Musa Yaqub kimi qələm adamlarının kitablarının Güney Azərbaycanda çapını və yayılmasını gerçəkləşdirib.
Əlinin ədəbiyyatımızın təbliğatı, tanıdılması üçün gördüyü işləri, tərcüməçi və naşir kimi fəaliyyətini, nəsr yaradıcılığını təqdir edirəm. Onu mənim üçün doğmalaşdıran əsas səbəblərdən biri şeirə könül verməsidir. Azərbaycan dilinin şirinliyini, doyumsuzluğunu və bu dilin daşıdığı həsrəti, ağrını, nisgili ifadə edə bilməsi Əli Çağlanın yaradıcılığını mənim üçün doğmalaşdırır. Onun çox sadə cümlələrlə, böyük mətləbləri ifadə etməyə çalışması, ənənəvi üslublu şeirlərindəki müasirlik çalarları onun parlaq gələcəyinin müjdəçisidir. Onu şair kimi narahat edən problemlər getdikcə əhatəsini genişləndirir, qloballaşır, bəşəri əhəmiyyət kəsb edir.
Ənənəvi üslubda qələmə aldığı ilkin yaradıcılıq nümunələrində bir qədər sadə mətləblərə toxunan şairi narahat edən poetik problemlər oxucuya ilk tanışlıqda adi görünür:
Söz ilə oynamaqdan,
Xoşum gəlmədi, şair.
Söz, gözümün yaşını,
Heç vaxt silmədi şair.
Ancaq diqqətlə izlədikdə bu gəncin şeirə olan sevgisi, müxtəlif üslublara müraciəti, ədəbiyyata kompleks yanaşması fərqli və ümidli təəssürat yaradır.
Əli Çağlanın yaradıcılığı ilə ilk tanışlıq sadə mətləblərin yaratdığı nigaranlıq və yeni deyim tərzi axtarışları ilə müşayət olunur. Aşıq şeirinin müxtəlif növlərinə müraciət etməsi, ənənəvi şeir nümunələrində daha rahat ifadə imkanları tapması təqdirəlayiq olsa da, gənc şairin müasir dünya poeziyası ilə daha əhatəli və dərindən tanış olması arzulanandır. Şeirdən şeirə onun yaradıcılıq potensialının "açılması", gənc şairin "yeni poetik ərazilər"də axtarışa çıxmasını görürük. Artıq onu narahat edən mətləblərin mahiyyəti kifayət qədər qəlizləşir, bəşəri müstəvidə özünü göstərir:
Siyasət,
Yoxsulluq əlindən milyonerlərin qucağında
Yatan fağır qızlar,
Siz onlara fahişə deyirsiniz.
Ümumiyyətlə Güney Azərbaycanda yaradıcılıqla məşğul olan gənc yazarların əsərlərində ədəbi fikrin mənzərəsi öz rəngarəngliyi ilə seçilir. Əli Çağla bu rəngarəngliyin içərisində öz fərqliliyini göstərmək istəyində olanlardandır. Onun yaradıcılığı yeni mövzu, ənənəvi formaya müasir çalarlar qatmaq cəhdləri ilə diqqət çəkir.
Uzunmüddətli müşahidələrimdən belə qənaətə gəlmişəm ki, Güney Azərbaycan poeziyasında özünəməxsus xüsusiyyətlərlə birgə, Quzey Azərbaycan şeirinin və bir çox Türkiyə şairlərinin təsiri özünü göstərir. Mən bunu təbii və müsbət tendensiya kimi xarakterizə edirəm. Eyni dilin daşıyıcıları üçün coğrafi sərhədlər maneə ola bilməz. Əli Çağlanın da ənənəvi şeir üslubu ilə, modern poeziya arasındakı axtarışları, Quzey Azərbaycan və Türkiyə poeziyasının sərhədləri çərçivəsində özünü göstərir. Onun hələki yekunlaşmamış axtarışlarının üfüqlərində böyük poeziyanın işartıları görünür.
Əli Çağla Güney Azərbaycanda yaşayıb-yaradan digər ədəbiyyat nümayəndələri kimi, dil və təbliğat imkanlarının məhdudluğuna baxmayaraq öz milli kimliyini, öz ədəbiyyatını tanıtdırmağa çalışır. Çıxdığı bu çətin yolda gənc dostumuza uğurlar arzulayır, davasında, inandığı yolda müvəffəqiyyət qazanmasını arzu edirəm.
Cəlil Cavanşir
Dünya fırlanmır daha
Yaşamın dadı yoxdur,
Mərdlərin adı yoxdur,
Çərxin ustadı yoxdur,
Dünya fırlanmır daha.
Namərdin başında tac,
İgidlər dustaqda ac,
Yaşama yoxdur amac,
Dünya fırlanmır daha.
Hanı atım, yəhərim?
Hanı qoçağım, ərim?
Talanmaqdadır zərim, -
Dünya fırlanmır daha.
Yaman ağrıyır başım,
Selə dönüb göz yaşım,
Düşün dostum, qardaşım,
Dünya fırlanmır daha.
Dünya mat durub baxır,
Hamının evin yıxır,
Boş ver, doldur bir çaxır,
Qoy dünya fırlanmasın!
Biz içək sərməst olaq,
Qoy dünya fırlanmasın!
Gicəllənək, fırlanaq,
Qoy dünya fırlanmasın!..
Vətənin oyunu
Bir payız axşamında,
Batdıq şəhid qanında,
Azadlıq meydanında,
Bizi dustaq etdilər...
Hərəmiz öz dinində,
Vətənin pis günündə,
Xalqımızın önündə,
Bizi dustaq etdilər...
Savadlı, oyağıydıq,
Özümüzçün dağıydıq,
Biz kiçik uşağıydıq,
Bizi dustaq etdilər...
Savadlı, oyağıydıq,
Siyasi məhbus olduq.
Vurdular, incitdilər,
Bağda gül kimi solduq.
Çoxumuzu asdılar,
Sütül boyunumuzdan.
Çoxumuz özün asdı,
Qaçdı oyunumuzdan.
Oyunumuzun adın,
Səsləyərdilər "Vətən".
Bu oyunda çoxları,
Oldu uduzan, itən...
Vətən, vətən, ay vətən,
Səndən acığım gəlir!
Sənin bu oyununda,
Bütün dostlarım ölür...
Dedik bəs oyun idi,
Bizi dustaq etdilər.
Sənin öz qucağında,
Bizi hey incitdilər...
Vətən, vətən, ay vətən...
Roman
Həyatım roman kimi,
Yaşayıram günləri.
Belimdə kədər ilə,
Daşıyıram günləri.
Günlər yaman dar gəlir,
Burda ölsəm nə olar?
Yox, qabaqdan qar gəlir,
Roman yarımçıq qalar.
Hələ fəsil keçəcək,
Durnalar da köçəcək,
Neçə kəfən biçəcək,
Kəfənçilər romanda.
Romanın səhifəsi,
Oxunduqca dönəcək.
O romanda bunu bil,
Neçə şamlar sönəcək.
Neçə gündüz olacaq,
Neçə iyid dustaqdan,
Vətəninə dönəcək.
Güllər ətir saçacaq,
Dağa, daşa, dərəyə.
Ozan baba hədiyyə,
Paylayacaq hərəyə.
Pislik bərbad olacaq,
Millətim şad olacaq,
Vətən, azad olacaq,
Yaşadığım romanda...
Nənəm nağıl deyəcək,
Qurd, quzunu yeyəcək,
Dağlar ağ don geyəcək,
Yaşadığım romanda...
Dərd məktəbi
Mənə dərd məktəbində,
Ayrılıq öyrətdilər.
Eşq adlı əlifbayla,
Qəlbimə zülm etdilər.
A-dan başlamadım mən,
Ağlamaqdan başladım.
Müəllimdən qorxaraq,
Özümü çox daşladım.
"B" həmən "Biz"-ə döndü,
Biz kədərin sonuyduq.
Biz, bəylərin alması,
Gəlinlərin donuyduq.
Alma kimi atıldıq,
Bizi tutan canavar,
Param-parça elədi.
Bəzən də biz satıldıq;
Demək, dünya belədi.
Dona döndük, min dona,
Gəlinin donu yandı.
Donla biz yana-yana,
Dərd yuxudan oyandı.
"Z" həmən zülümüydü,
Biz uşaq, nə bilirdik?
Böyüdükcə, elə bil,
Qocalırdıq, ölürdük.
Ölüm demə, əzizim,
Onsuz da ölü idik.
Biz xar ilə savaşan, -
Bağların gülü idik.
Dərdimiz sevgi oldu,
Sonra düşdü ayrılıq.
Yanıb, yanıb alışdıq,
Qəlbi deşdi ayrılıq.
"Ayrılıq, ayrılıq, aman ayrılıq,
Hər bir dərddən olan yaman, ayrılıq."