ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT - Super User
Super User

Super User

 

Dövlət Tərcümə Mərkəzinin “Nizami İli”nə töhfə olaraq alman dilində Almaniyada nəşr etdirdiyi “Leyli və Məcnun” kitabı Avropanın bir çox mərkəzi kitabxanalarına yerləşdirilib.

 

Tərcümə Mərkəzindən bildirilib ki, əsərə dair rəngli illüstrasiyalarla nəfis tərtibdə nəşr edilmiş kitabın “Ön söz”ünün müəllifi görkəmli nizamişünas alim Rüstəm Əliyev, redaktoru tanınmış alman naşiri Hans-Jürgen Maurerdir.

Bəs yeni vəziyyətdə biz nə qazana bilərik?

 

Bu qış enerji, xüsusilə qaz təchizatında böhranla üzləşən Avropa onu çoxdandır düşündürən mənbələrin şaxələndirilməsi məsələsini növbəti dəfə daha həyəcanla müzakirə etməyə başlayıb. İllah da ki, Rusiya-Ukrayna hərbi toqquşmaları fonunda yaranan risklərdən sonra. Bu kontekstdə Azərbaycan etibarlı tərəfdaş kimi nəzərdən keçirilir. Avropa İttifaqının nüfuzlu "EU Reporter" nəşri yeni geosiyasi vəziyyət fonunda yaranmış təhdidləri və Azərbaycanın potensialını şərh edib.

 

Yeni geosiyasi hadisələr fonunda enerji məsələsi yenidən aktuallıq qazanıb. Rusiya-Ukrayna hərbi toqquşmaları Avropada yalnız hərbi təhlükəsizlik baxımından yox, həm də enerji təchizatında ənənəvi mənbələrdən asılılıq baxımından narahatlıqla izlənilir. İndi "qoca qitə" mənbələrin və marşrutlarının şaxələndirilməsi məsələsini daha ciddi narahatlıqla müzakirə edir. Bu məzmunda isə Azərbaycan etibarlı tərəfdaş kimi nəzərdən keçirilir. 

Avropa İttifaqının nüfuzlu "EU Reporter" nəşri bu il fevralın əvvəllərində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısına istinad edərək mövcud vəziyyət çərçivəsində Azərbaycanın potensialını və bu məsələyə Prezident İlham Əliyevin baxışını şərh edir. 

Prezident İlham Əliyev: "Azərbaycan dünyanın xam neft, təbii qaz, neft-kimya məhsulları, neft məhsulları və elektrik enerjisi ixrac edən az sayda ölkələrindən biridir... Bizim Azərbaycanda bərpaolunan enerji mənbəyimiz nə qədər çox olsa, biz ixrac üçün daha çox qaza qənaət edəcəyik".

Bu qənaət Azərbaycanın yeni bazarlara çıxara və deməli, eyni zamanda Avropanın arzu etdiyi əlavə enerjinin bir hissəsini ödəyə bilər. Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısında Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı xanım Kadri Simsonun çıxışında Avropanın bu marağı aydın ifadə olunurdu: "Fikrimizcə, Cənub Qaz Dəhlizi davamlı uğur hekayəsidir. Əlbəttə, bütün uğur hekayələri kimi, bu məsələ növbəti mərhələyə çıxır və biz baxmalıyıq ki, dəhliz öz ötürücülük qabiliyyətini artıra, yaxud hətta coğrafi baxımdan genişləndirə bilərmi?" 

Bəli, Azərbaycan faktiki olaraq indi yalnız neft ixracatçısı yox, həm də qaz ixracatçısı kimi rolunu artırır. Təsadüfi deyil ki, 2022-ci ildə hasil olunacaq 45 milyard kubmetr qazın 

* 8 milyarddan çoxu Türkiyə; 

* 7 milyarddan çoxu İtaliya; qalan hissəsi isə

* Gürcüstan, Bolqarıstan, Yunanıstana olmaqla

təxminən 19 milyard kubmetri ixrac ediləcək.

Prezident İlham Əliyev: "Fiziki olaraq, yəni infrastruktur nöqteyi-nəzərindən biz qazımızı başqa ölkələrə də çatdıra bilərik, nəzərə alsaq ki, "Şahdəniz"in çox böyük potensialı var. Bunun, düzdür, təsdiq edilmiş həcmi 1 trilyon kubmetrdən çoxdur. Amma mən tam əminəm ki, daha çox olacaq, necə ki, Azəri-Çıraq-Günəşli. İlkin hesablamaları göstərirdi ki, 500 milyon tondur, amma bunun potensialı artıq 1 milyardı ötür".  

Doğrudur, alternativ enerjiyə keçid üzərində işləyən Avropa Birliyində bu mənbələrin ümumi enerji istehlakında payı sürətlə artaraq 2020-ci ildə 22%-ə çatıb. Buna baxmayaraq, QRAFİKA Birliyə üzv olan 27 ölkə üzrə ortalama olaraq enerjidə idxaldan asılılıq göstəricisi 2000-ci ildəki 56% səviyyəsindən 2020-ci ildə 60%-ə yüksəlib. Bu, eləcə də hazırda müxtəlif risklər fonunda enerji qiymətlərindəki kəskin artım mənbələrin diversifikasiya məsələsini uzunmüddətli dövr üçün həll etmək prioriteti yaradıb. 

Azərbaycan isə göründüyü kimi, mövcud potensialı ilə yeni bazarlara çıxmaq üçün köklənib. Gözlənilir ki, Abşeron, Ümid, Babək, Asiman kimi yataqların işlək vəziyyətə gəlməsi ilə hasilat daha da artacaq. 

"EU Reporter" nəşri Avropa İttifaqının Qonşuluq və Genişlənmə üzrə komissarı Oliver Varhelyinin Azərbaycan qazını "enerji tələbatının çox qiymətli hissəsi" kimi xarakterizə etməsini xatırladaraq ölkəmizin Avropa üçün strateji əhəmiyyətini bir daha diqqətə çatdırır. 

 

Və bərpa olunan enerji potensialı

 

Dünyanın qabaqcıl və strateji düşünən ölkələri ənənəvi enerjinin tükənən olması və ətraf mühitə zərərlərini nəzərə alaraq bərpa olunan enerji potensialdan səmərəli istifadə üçün səylə işləyirlər. Alternativ enerji mənbələrinin inkişafına görə dünyada birinci sırada qərarlaşan 

* Çin son 10 ildə bərpaolunan enerji tutumunu 3,34 dəfə artırmağa nail olub;

* 2004-cü ildə Avropa İttifaqı ümumi enerji istehlakının 8,5 faizini bərpaolunan enerji mənbələrindən əldə edirdisə, 2019-cu ildə bu göstərici 19,7 faizə yüksəlib;

Proqnozlara gəlincə isə onlar daha ümidvericidir:

* Alternativ enerji mənbələrinin istehsalının 2025-ci ilədək 50 faiz artaraq qlobal elektrik istehsalının 33 faizini təşkil edəcəyi gözlənilir. 

Ümumilikdə, 2025-ci ildə elektrik enerjisi istehsalının artım gücünün 95 faizi bərpaolunan enerji mənbələrinin payına düşəcək.

Yeni çağırışlar qarşısında Azərbaycan da adekvat addımlar atır. Baxmayaraq ki, ölkəmiz karbohidrogen ehtiyatlarla zəngindir və onun istər istehsalı, istərsə də ixracı ilə bağlı ən müasir infrastruktura malikdir, ancaq bərpa olunan enerji sahəsində də ardıcıl addımlar atılır. Bunun nəticəsidir ki, ölkədə 2013-2019-cu illər ərzində külək enerjisi istehsalı 131 dəfə, günəş enerjisi istehsalı isə 55 dəfə artıb.

Hədəf isə daha böyükdür. Onilliyin sonunda enerji balansında bərpaolunan enerjinin payı 30 faizə yüksəlməlidir. Təsadüfi deyil ki, Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlərdə yaşıl enerjinin inkişaf etdirilməsi başlıca prioritetlərdən biri kimi qeyd edilir. 

Prezident İlham Əliyev: "2023-cü ildə əlavə güclər bizim ümumi sistemimizə daxil ediləcəkdir və bu, işin sadəcə olaraq başlanğıc hissəsidir. Çünki bərpaolunan enerji növlərinin inkişafı bizim üçün prioritet məsələdir. Biz uzun illər bu məsələnin həlli ilə bağlı çalışırıq və bu gün real nəticələr görürük".

Dövlət xüsusilə Qarabağ və Şərqi Zəngəzurun bu sahədə potensialından səmərəli istifadədə maraqlıdır. İlkin hesablamalara görə, Qarabağ və Şərqi Zəngəzurda bərpaolunan mənbələrin potensialının beynəlxalq qiymətləndirməsinə əsasən külək enerjisində təxminən 7200 meqavat, Günəş enerjisində potensial isə 2000 meqavatdan çoxdur. 

Bölgədə artıq 20 meqavat gücündə 4 su elektrik stansiyası istifadəyə verilib. Cari ildə daha 5 su elektrik stansiyasının yenidən qurulması planlaşdırılır, ümumilikdə isə təkcə Kəlbəcər və Laçın rayonlarında 30-dan çox su elektrik stansiyası istismara veriləcək. 

Bu il yanvarın 13-də Səudiyyə Ərəbistanı Krallığının "ACWA Power" şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 240 MVt gücündə "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının və Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının təməlinin qoyulması bu sahədə işlərin bütün ölkə üzrə ardıcıl aparıldığını təsdiq edir. 

Əbu-Dabinin vəliəhdi, Birləşmiş Ərəb Əmirlikləri Silahlı Qüvvələrinin Ali Baş Komandanının müavini Məhəmməd bin Zayed Əl Nahyanın Azərbaycan Prezidenti İlham Əliyevə telefon zəngi zamanı aparılan müzakirələr isə göstərir ki, Azərbaycan bu sahədə qabaqcıl təcrübəyə malik tərəfdaşları ilə işləməkdə maraqlıdır, tərəfdaşlar isə ölkəmizə investisiya yatırmaqda maraqlıdırlar. Bu isə yalnız kapital qoyuluşu deyil, yeni texnologiyaların ölkəmizə gəlməsi, yeni iş yerlərinin açılması, ümumilikdə siyasi-iqtisadi əməkdaşlığın möhkəmləndirilməsi deməkdir. 

 

Vüsal Məmmədov

 

 

 

Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin X.B.Natəvan adına 4 nömrəli kitabxana filialında “31 Mart-Azərbaycanlıların Soyqırımı Günüdür” adlı tədbir keçirilib.

 

AzərTAC xəbər verir ki, kitabxana filialı nəzdində fəaliyyət göstərən Səməd Vurğun Poeziya Ocağının fəal oxucuları, ziyalılar, ictimaiyyət nümayəndələrinin iştirak etdikləri tədbirdə əvvəlcə soyqırımı qurbanlarının və Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbir çərçivəsində bu soyqırımı hadisələrinə həsr olunmuş mühacir azərbaycanlı soydaşımız, Türkiyədə yaşayan professor Əli Qafqasyalının “Qartallar sınır tanımaz” adlı kitabının təqdimatı keçirilib.

Kitab haqqında Səməd Vurğun Poeziya Ocağının rəhbəri, şair-publisist Zərəngiz Mansurova geniş məlumat verib. Bildirib ki, tarix heç nəyi unutmur. Ermənilərin 1918-ci ilin mart-aprel aylarında xalqımıza qarşı həyata keçirdikləri soyqırımı da unudulmayacaq, Azərbaycan tarixinin unudulmaz səhifəsi olacaq. Məhz müəllifin əsas məqsədi də bu qanlı cinayətləri bugünkü oxucuya çatdırmaqdır.

Kitabxana filialın müdiri Aynur Babayeva, Təbrizdə nəşr edilən “Mişov dağı” dərgisinin təsisçisi və baş redaktoru Akşin Ağkəmərli, Mirvarid Dilbazi Poeziya Məclisinin rəhbəri Güllü Eldar Tomarlı, böyük kitabxanaçı Hilanə Babayeva, kitabxanaçı Esmira Zülfüqarova və başqaları erməni millətçiləri tərəfindən xalqımıza qarşı aparılan soyqırımı və təcavüz siyasətinin iki yüz ildən artıq tarixi olduğunu söyləyiblər.

Sonra Poeziya Ocağının üzvlərinin ifasında kitabdan parçalar oxunub, şəhidlər haqqında şeirlər dinlənilib.

Şənbə, 02 Aprel 2022 10:00

Xalq artisti Zülfüqar Abbasov vəfat edib

 

Azərbaycan teatr sənətinin qocaman nümayəndələrindən biri, tanınmış aktyor və rejissor, Azərbaycan Respublikasının Xalq artisti Zülfüqar Abbasov  aprerl ayının 1-də,  82 yaşında vəfat etmişdir.

 

Bütün mənalı ömrünü Azərbaycan mədəniyyətinə həsr etmiş Zülfüqar Abbasov 1940-cı il may ayının 3-də Gürcüstanın Borçalı rayonunun Yuxarı Saral kəndində anadan olmuşdur. 1966-cı ildə Azərbaycan Dövlət Teatr İnstitutunu bitirən rejissor müxtəlif illərdə İrəvan Dövlət Azərbaycan Dram, Qazax Dram və Mingəçevir Dövlət Dram Teatrlarında çalışmışdır.

Mingəçevir Dövlət Dram Teatrında “Hacı Qara” (M.F. Axundzadə), “Eşq və intiqam” (S.S. Axundov), “Müfəttiş”, “Evlənmə” (N.Qoqol), “Əliqulu evlənir” (S.Rəhman), “Cavanşir”, “Şeyx Şamil” (M.Hüseyn), “Mahnı dağlarda qaldı”, “Sevgililərin cəhənnəmdə vüsalı” (İ.Əfəndiyev), “Şeytan nəsli” (H.Muxtarov), “Dar ağacı” (B.Vahabzadə), “Ölülər” (C.Məmmədquluzadə), “Almaz”, “Solğun çiçəklər” (C.Cabbarlı), “Vaqif” (S.Vurğun), “Ayrılmaq anı” (M.Baycıyev) və s. əsərləri tamaşaya qoymuş, aktyor kimi də çıxış etmişdir.

Zülfüqar Abbasov ən yaxşı insani keyfiyyətlərə malik olan bir sənət xadimi kimi həmkarlarının dərin hörmət və nüfuzunu qazanmışdı. İstedadlı aktyor və rejissor, gözəl insan Zülfüqar Abbasovun əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.

Allah rəhmət eləsin!

Azərbaycan Respublikası Mədəniyyət Naziriliyi, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Bərpası, Qorunması və İnkişafı üzrə Dövlət Xidməti, AzerNyuMedia Şirkəti və Avto FM-in birgə layihəsi olan “Danışır Şuşa” layihəsi hər həftənin cümə günü öz işini 107.7FM dalğasında davam etdirir. 

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, bu günə qədər layihənin 10-a yaxın buraxılışı təqdim olunub. Beş rubrukadan – “Unutma”, “Qafqaz mirvarisi”, “Şuşa kimi tarix”, “Şuşa tərzi” və “Zəfər yolu” rubrikalarından ibarət olan layihə əslində Şuşa haqqında məlumatlar, əhvalatları özündə əks etdirir. Qeyd edək ki, layihə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən elan edilmiş “Şuşa söhbətləri” layihəsinin tərkib hissəsidir. Bu günə qədər “Danışır Şuşa!”nın mikrofonu önündə Xalq artisti Fərhad Bədəlbəyli, Əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova, Əməkdar memar Ədalət Məmmədov, Əməkdar artist Tahir İmanov, tarixçi Faiq İsmayılov, Xan-Şuşinski Fondunun rəhbəri Bəyimxanım Cavanşirova-Verdiyeva və digərləri çıxış ediblər.

Bu həftə “Danışır Şuşa!”da şairə, bəstəkar, bloqqer Zəhra Bədəlbəyli Şuşa ilə bağlı hazırda üzərində çalışdığı yeni layihəsi barədə danışacaq.

Qeyd dək ki, “Danışır Şuşa!” layihəsinin sponsoru şəhid və qazilər ailələrinə xüsusi diqqəti və qayğısı ilə seçilən çoxprofilli "AzMan Holdinq" şirkətidir.

Rəsm qalereyası:

Saxa Yakutiya Respublikasının xalq rəssamı Vyaçeslav Yaroyev, “Mənzərə”

 

Mədəniyyət naziri Anar Kərimovun Türkiyə səfəri zamanı görüşləri davam edir. Növbəti görüş Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Baş katibi Sultan Rayevlə keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, görüş zamanı TÜRKSOY-un türk xalqları arasındakı mədəni və dostluq münasibətlərinin möhkəmlənməsində rolundan, eləcə də Azərbaycanın bu sahədə gördüyü işlərdən bəhs olunub. 

Nazir Sultan Rayevə yeni vəzifəsində uğurlar arzulayaraq, bu şərəfli yolda türk dünyasının mənəvi və mədəni tərəqqisi üçün əlindən gələni edəcəyinə əminliyini bildirib. 

Sultan Rayev də öz növbəsində nazirə təşəkkür edərək, Azərbaycanın mədəniyyət beşiyi sayılan Şuşanın  Şuşa şəhəri 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunması münasibətilə səmimi təbrikini dilə gətirib. O, Şuşanın bərpası və yenidən qurmasının önəmindən də danışıb. Bildirib ki, bunu etsək, türk mənəviyyatını da dirçəldərik.

* * *

Nazir Anar Kərimov daha sonra Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyevlə görüşüb.

Görüş zamanı tərəflər türk xalqlarını birləşdirən təşkilatların önəmli fəaliyyətindən, birgə əməkdaşlığın, tədbir və layihələrin dostluğumuz, qardaşlığımız naminə vacibliyindən söz açıblar.

Həmçinin Azərbaycanın mədəniyyət paytaxtı Şuşa barədə də maraqlı müzakirələr baş tutub.

Azərbaycanın Mədəniyyət Paytaxtı Şuşa şəhəri 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsinin tarixi əhəmiyyəti vurğulanıb. 

Görüş hər iki tərəfi maraqlandıran müzakirələrlə davam edib.

Amerikalı aktyor Brüs Uillis karyerasını başa vurur, bu barədə “Ədəbiyyat və incəsənət” portalı Euronews-a istinadən məlumat verir. 

 

67 yaşlı tanınmış aktyorun bu gözlənilməz qərarına səbəb onun afaziya xəstəliyi ilə əlaqədar səhhətinin pisləşməsidir. Bu xəstəlik beyinin iltihabıdır, onun nəticəsində 

nitq itir və ya pozulur. 

Aktyor səhnədən getməsi barədə  sosial şəbəkədə öz pərəstişkarlarına müraciət ünvanlayıb. 

Xatırladaq ki, Brüs Uillis Con Makleynin “Möhkəm qoz" franşizində oynadığı roluna görə şöhrət qazanıb, "Kriminal oxunuş", "Beşinci element" kimi filmlərdə də uğurlu obrazlar yaradıb.

Hazırda iki Emmi və bir Qızıl Qlobus almış, Fransanın İncəsənət və Ədəbiyyat Ordeni qazanmış aktyorun 1987-ci ildə Demi Murla nikahdan 3 uşağı var.

Hollivuddakı “Şöhrət Zalı"nda qocaman aktyorun 2006-cı ildən etibarən ulduzu parlayır.

 

Ötən gün Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda Yazıçılar Birliyinin uşaq poeziyası şöbəsinin müdiri, şair Qəşəm Nəcəfzadənin qurultayqabağı “Uşaq ədəbiyyatının dünəni, bu günü, sabahı” mövzusunda məruzəsi dinlənilib.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, AYB sədri Anarın, ədəbiyyat xadimlərinin, uşaq ədəbiyyatı nümayəndələrinin, eləcə də Beynəlxalq Mahmud Kaşğari Fondunun nümayəndəsinin qatıldığı tədbir məruzədən sonra fikir mübadiləsi ilə davam etdirilib. 

Daha sonra şair Qəşəm Nəcəfzadə Beynəlxalq Kaşğari Fondunun  “Mahmud Kaşğari" mükafatı ilə təltif olunub.

Qəşəm Nəcəfzadəni təbrik edirik!

 

Azərbaycan Dövlət Pantomima Teatrı aprel ayı üçün nəzərdə tutulan repertuarını təqdim edirik.

 

Aprelin 2-də “Pantomima buketi”, 3-də “Ağ bığlılar”, 9-10-da isə “Dejevü” tamaşaları göstəriləcək. 

Bundan başqa, aprelin 16-da “Son Ştrix”, 17-30-da “Pantomima buketi” 23-də “Ağ bığlılar”, 24-də isə “Undergraund” tamaşası nümayiş ediləcək.

Səhnə əsərləri müvafiq olaraq saat 18:00-da başlanacaq.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.