
Super User
3 gündə 3 möhtəşəm tamaşa
Könül, “Ədəbiyyat və incəsənət”
Bir gün cümə, bir gün şənbə, bir gün bazar. Yox, təqvimi sadalamıram, Rus Dram Teatrının bu üç gündə verdiyi tamaşalar barədə söz açmaq istəyirəm. Onlardan biri premyera idi.
Əminəm ki, teatrsevərlər gərgin iş həftəsindən sonra bu gözəl məkana gedib bu 3 gözəl tamaşanı seyr ediblər.
26 aprel - “Kişi, qadın, pəncərə... məşuq”
Rey Kuninin pyesi əsasında hazırlanan tamaşanın premyerası Azərbaycanın Xalq artisti İranə Tağızadənin quruluşunda 2018-ci il mayın 4 və 5-də təşkil olunub.
Tamaşa çox qəribə vəziyyətlər kaleydoskopuna çevrilir ki, buraya pyesin bütün qəhrəmanları düşür. Hər şey isə ondan başlayır ki, mötəbər centlmen, Britaniya parlamentinin üzvü ser Uilli “Vestminster” beşulduzlu otelində otaq götürür. 13 nömrəli otağın pəncərələri Biq-Benə açılır. Məhz bütün gərginlik “nəhs rəqəm” ucbatından başlayır.
27 aprel - “Qürur və qərəz”
Ceyn Ostinin əsəri əsasında ikihissəli qadın romanı 2013-cü il aprelin 14-də tamaşaçılara təqdim olunub. Quruluşçu rejissor İlqar Safat, quruluşun rəhbəri Azərbaycanın Xalq artisti Aleksandr Şarovskidir.
Süjet xətti mister Darsi ilə Elizabet arasında yaranan, qürur və qərəz sınaqlarından keçən sevgi tarixçəsini açır.
28 aprel – PREMYERA – “Voytsek”
Tamaşa XIX əsr alman dramaturqu, alim və şairi Qeorq Büxnerin 1837-ci ildə yazılmış və 1879-cu ildə Karl Emil Frantsozun əhəmiyyətli dərəcədə adaptasiyası ilə nəşr edilmiş pyesi əsasında hazırlanıb.
Quruluşçu rejissor Azərbaycanın Xalq artisti Aleksandr Şarovskidir.
Süjet arvadını qısqanclıq zəminində öldürən və edam cəzasına məhkum edilən Leypsiq sakini Voytsek adlı bərbərin hekayəsi üzərində qurulub.
Tamaşanın əsasını real hadisə - ixtisasca həkim olan Büxnerin atasının əməkdaşlıq etdiyi tibb qəzetində ətraflı təsvir edilən cinayət işi təşkil edir. Müəllif onun iştirakçılarının xarakterlərini və sosial statusunu dəyişdirərək, kəskin sosial problemlərin qabardıldığı dramını səhnəyə çıxarıb.
“Voytsek” pyesi alman dramaturgiyasının ən böyük əsərlərindən biri kimi tanınıb və opera, musiqi və kino da daxil olmaqla bir çox interpretasiyalarda hazırlanıb.
Qapaq şəklində: “Voytsek” tamaşasının afişası
“Ədəbiyyat və incəsənət”
(29.04.2024)
“Şükriyyə” tamaşası növbəti dəfə Milli Dram Teatrının səhnəsində
Aprelin 27-də Akademik Milli Dram Teatrında “Şükriyyə” tamaşası növbəti dəfə nümayiş olundu.
Səhnə əsəri yazıçı gənc istedad Cavid Zeynallının “Şükriyyə” pyesi əsasında hazırlanıb.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, ikihissəli tale dramında Xalq artistləri Nurəddin Mehdixanlı, Əli Nur, Əməkdar artistlər Münəvvər Əliyeva, Mehriban Xanlarova, Vəfa Rzayeva, Şəlalə Şahvələdqızı və digər aktyorlar çıxış edirlər.
Səhnə əsəri Azərbaycanın istiqlal şairi Əhməd Cavadın həyat yoldaşı Şükriyyə Axundzadənin Qazaxıstandakı sürgün həyatı haqqındadır. O, 1937-ci il oktyabrın 14-də həbs olunub. Şükriyyə xanıma 8 il həbs cəzası verilib və “xalq düşməninin həyat yoldaşı” kimi Şimali Qazaxıstanın Akmolinski vilayətinə - əmək koloniyasına göndərilib.
Tamaşa sevilir, hər dəfə zal dolu olur. Bu, yaradıcı heyətin uğurudur.
“Ədəbiyyat və incəsənət”
(29.04.2024)
Şuşa Teatrında “Bəla” tamaşasının premyerası oldu
Aprelin 26-da Şuşa Dövlət Musiqili Dram Teatrında “Bəla” adlı səhnə əsərinin premyerası olub.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, tamaşa yazıçı Asif Kəngərlinin 70 illik yubileyinə həsr edilib.
Narkomaniyanın cəmiyyətə vurduğu fiziki, mənəvi və sosial problemləri əhatə edən əsərdə gənclərin zərərli vərdişlərdən uzaq durmağının zəruriliyi və onların milli-mənəvi dəyərlər əsasında tərbiyə edilməsinin vacibliyi diqqətə çatdırılır.
Əməkdar artist Loğman Kərimovun quruluş verdiyi tamaşada rolları Xalq artisti Şükufə Musayeva, aktyorlar Orxan Abışov, Sürahi Əliməmmədova, Emin Sevdiməliyev, Cavidan Kəsəmənli, Rasəf Mehdiyev, Nihad Heybətov, Sevinc Ağayeva, Vüsal Məmmədov və Sahib İbrahimov ifa edib.
“Ədəbiyyat və incəsənət”
(29.04.2024)
Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
Tanınmış yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı “Qanun” nəşriyyatında işıq üzü görüb.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, yazıçının mediaya verdiyi açıqlamaya görə, bu əsər onun sayca altı, həcmcə isə (568 səhifə) ən iri romanıdır. Təxminən beş ildən artıq müddətə ərsəyə gələn əsər Nadir şah haqqında indiyədək nəşr olunan romanlardan tarixiliyi ilə fərqlənir. Romanda Nadir şahın həyatını, sərkərdə kimi yetişməsini, fəthlərini daha dolğun təsvir etmək üçün Rusiya, Osmanlı, Moğol imperiyalarında baş verən əlaqəli hadisələr xüsusi ilə seçilir.
Belə ki, Nadir şah tarixdə dinə, təriqətlərə münasibəti ilə fərqlənib və dini islahatlar keçirən başçı kimi yaddaşlara həkk olunub.
Əsərdəki bəzi hadisələr tarixə sadiqliyini qoruyaraq, həm də yazıçının təxəyyülünün məhsuludur.
“Ədəbiyyat və incəsənət”
(29.04.2024)
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna sayılı günlər qaldı
Xəbər verdiyimiz kimi, 1-3 may tarixlərində ölkəmizdə “Sülh və qlobal təhlükəsizlik naminə dialoq: əməkdaşlıq və qarşılıqlı əlaqə” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu təşkil olunacaq.
Qeyd edək ki, Prezident İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülmüş mədəniyyətlərarası dialoqa dair “Bakı Prosesi”nin tərkib hissəsi olan Forumun əsası 2011-ci ildə qoyulub.
Forumun əsas məqsədi mədəniyyətlərarası əməkdaşlıq və dialoqun təşviqi üçün mühüm beynəlxalq platforma kimi “Bakı Prosesi”nin rolunu möhkəmləndirməkdir.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, forum Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, BMT-nin Sivilizasiyalar Alyansı (UNAOC), Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO), İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) və BMT-nin Ümumdünya Turizm Təşkilatının birgə tərəfdaşlığı ilə keçiriləcək.
Üç gün davam edəcək Forum çərçivəsində 12 panel müzakirə və 4 plenar sessiyanın keçirilməsi nəzərdə tutulur. Müzakirə olunacaq mövzular təhsil, gənclər, iqlim dəyişikliyi, süni intellekt, mədəni irsin mühafizəsi, qanunsuz miqrasiya və digər sahələri əhatə edir.
Dünyanın 100-dən çox ölkəsinin aparıcı beynəlxalq təşkilatları, hökumət üzvləri, parlament sədrləri, müavinləri, beynəlxalq media nümayəndələri, beyin mərkəzləri, qeyri-hökumət təşkilatlarının qatıldığı forum iştirakçıları dünya üçün aktual olan çağırışlar və məsələləri müzakirə edəcəklər.
Forum çərçivəsində həmçinin bir sıra ölkələrdən 100-dən artıq dini liderin iştirakı ilə “Dinlərarası dialoq vasitəsilə etimadın möhkəmləndirilməsi” adlı plenar iclasın keçirilməsi də planlaşdırılır.
Forum iştirakçılarının işğaldan azad edilmiş ərazilərə səfəri, Ağdam və Şuşada iki xüsusi panel sessiyanın keçirilməsi də nəzərdə tutulur.
Qeyd edək ki, Bakıda ilk dəfə 2011-ci ildə keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu daha sonra 2013, 2015, 2017 və 2019-cu illərdə təşkil olunub. Ötən müddət ərzində Forumun coğrafiyası çox genişlənib, tədbirə qoşulan ölkə və qurumların sayı xeyli artıb. Forumlara ümumilikdə 10 mindən çox iştirakçı – hökumət rəsmiləri, beynəlxalq təşkilat və institutlardan rəhbər və nümayəndələr qatılıb. Eyni zamanda forumlar çərçivəsində 200-dən artıq müxtəlif formatlı və miqyaslı tədbirlər, plenar və panel müzakirələr, təqdimatlar təşkil olunub.
Bəşəriyyəti narahat edən çağırışların diqqət mərkəzinə çəkildiyi ötən beş Forum çərçivəsində aparılan müzakirələr, tərtib edilən sənədlər beynəlxalq təşkilatlar üçün əsas istinad rolunu oynayıb.
Onu da əlavə edək ki, ötən dövr ərzində “Bakı Prosesi” mədəniyyətlərarası dialoqa dair vacib qlobal platforma kimi qəbul olunub.
“Ədəbiyyat və incəsənət”
(29.04.2024)
Qırğız Respublikasının rəqəmsal inkişaf naziri “ASAN xidmət”də
Ölkəmizdə rəsmi səfərdə olan Qırğız Respublikasının rəqəmsal inkişaf naziri Nuriya Kutnayeva “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına “ASAN xidmət”dən məlumat verilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev qonağa “ASAN xidmət”, eləcə də Dövlət Agentliyinin digər fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib.
Eyni zamanda bu səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Qırğız Respublikasının Rəqəmsal İnkişaf Nazirliyi arasında imzalanmış Anlaşma Memorandumunun implementasiyası istiqamətində əməkdaşlığın gücləndirilməsinin əhəmiyyəti vurğulanıb.
Görüş zamanı Qırğız Respublikası ilə “ASAN xidmət” təcrübəsinin paylaşılmasına dair qərar qəbul edilib.
Qonaq "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzi, Səyyar ASAN xidmət, “ABAD” və “Bilim Bakı” mərkəzinin fəaliyyəti ilə tanış olub.
“Ədəbiyyat və incəsənət”
(26.04.2024)
ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
ASAN könüllüləri tərəfindən 7 saylı Bakı "ASAN xidmət" mərkəzində “Qarabağ” mədəniyyət sərgisi baş tutub. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına “ASAN xidmət”dən məlumat verilib.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov, ASAN könüllüləri və digər qonaqlar iştirak ediblər.
Sərgi Qarabağın zəngin qeyri-maddi mədəni irs nümunələrinin geniş miqyasda təbliği və gənclərin bu istiqamətdə maarifləndirilməsi məqsədilə reallaşdırılıb.
Tədbirdə Qarabağ mətbəxinin, milli geyimlərinin, qədim zamanlardan bəri məşhurlaşan sənətlərin - xalçaçılıq, dulusçuluq, şərabçılıq, ipəkçilik, monumental-dekorativ rəngkarlıq, zərgərlik guşələrinin nümayişi baş tutub. O cümlədən ASAN könüllülərinin Qarabağ, böyük qayıdış, zəfər mövzularındakı rəsmləri və əl işləri təqdim olunub.
Müxtəlif musiqi nömrələrinin və kompozisiyaların yer aldığı sərgi rəsm əsərlərinin müəlliflərinin və guşələrdə təqdim olunan əl işlərinin mükafatlandırılması ilə yekunlaşıb.
“Ədəbiyyat və incəsənət”
(26.04.2024)
Gənclər Kitabxanasında sərgi - Ziyarətə çevrilmiş ocaq
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında görkəmli ədib, pedaqoq Mir Cəlal Paşayevin həyat və yaradıcılığından bəhs edən “Ziyarətə çevrilmiş ocaq” adlı virtual kitab sərgisi hazırlanıb.
“Ədəbiyyat və incəsənət” portalına kitabxanadan verilən məlumata görə, hazırlanan materialda Mir Cəlalın pedaqoji və alimlik fəaliyyətinə geniş yer verilib.
Virtual sərgidə Mir Cəlalın müəllifi olduğu və görkəmli ədib haqqında qələmə alınan “Dirilən adam", "Bir gəncin manifesti", "Açıq kitab", “Mirzə Ələkbər Sabirin sənət dünyası”, “Füzuli sənətkarlığı”, “Ədəbiyyatda romantizm”, “Mir Cəlalın milli idealları”, “Mir Cəlalın poetikası” kimi kitabların qısa annotasiyası, əsərlərinin motivləri əsasında çəkilən “Bir ailə”, “Nazik mətləb” filmləri haqqında məlumat verilir, ekran əsərlərindən fraqmentlər təqdim edilir.
Materialda Mir Cəlal Paşayev haqqında dövri mətbuatda işıqlandırılan “Bədii sadəlik və mənəvi alilik”, “Ədəbiyyat tarixçiliyimizi yaradanlar – Mir Cəlal”, “Mir Cəlal Paşayev-yazıçı, alim, pedaqoq” kimi məqalələr də sərgilənməkdədir.
Mir Cəlal Paşayev haqqında hazırlanan virtual kitab sərgisi kitabxananın rəsmi saytında https://ryl.az/multimedia/mir-celal-pasayev-116 yerləşdirilib.
“Ədəbiyyat və incəsənət”
(26.04.2024)
Rəsmiyyə Sabirlə görüş keçirilib
Aprelin 25-də “Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü” ilə əlaqədar Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) “Tələbə Elmi və Yaradıcılıq Cəmiyyəti”nin təşkilatçılığı ilə Universitetin Heydər Əliyev mərkəzində Azərbaycan Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun şöbə müdiri, Azərbaycan Yazıçılar Birliyinin üzvü, i.e.d. Rəsmiyyə Sabirlə görüş keçirilib.
Bu barədə Dünya Gənc Türk Yazarlar Birliyindən
“Ədəbiyyat və incəsənət” portalına məlumat verilib.
Azərbaycan Respublikasının Dövlət Himninin oxunmasından sonra ADMİU “Tələbə Elmi və Yaradıcılıq Cəmiyyəti”nin sədri Ülkər Rzayeva qonağı və tədbir iştirakçılarını salamlayaraq görüşün keçirilməsinin məqsədindən danışıb. O deyib ki, müəlliflik hüququ təkcə ölkəmizdə deyil, bütün dünyada vacib məsələlərdən biridir. O, kitabın, mütaliənin təbliğində, eləcə də müəlliflik hüququnun qorunmasında şair və yazarların rolunu vurğulayaraq, Rəsmiyyə Sabirin bu mənada fikirlərinin gənc nəsil üçün xüsusi önəm kəsb etdiyini bildirib.
Tədbirdə Universitetin prorektoru Nizami Əsədov, Kitabxana-informasiya mərkəzinin əməkdaşı Natiq Mürsəlov, yazıçı-publisist Zakir Abbas Rəsmiyyə Sabirin yaradıcılığı haqqında fikirlərini bildiriblər.
Qeyd olunub ki, R.Sabir təkcə Azərbaycanda deyil, Türk dünyasında tanınan şairlərdənir. O, Dünya Gənc Türk Yazarlar Birliyinin yaradıcılarındandır. Onun 130-dan çox şeirinə mahnı bəstələnib. 2002-ci ildə sözlərinə yazılmış mahnılardan ibarət «Səni aradım» adlı audio albom işıq üzü görüb. Bir sıra (“Dəfnə ağacı”, “Məhkumlar”, “Uçurum”, “Bir qadın”, “İntizar”) serialların “ana” mahnısının sözlərini yazıb. 2003-cü ildə “Həbs olunmuş sükut”, 2006-cı ildə “Rəngsiz göz yaşları” və “Kölgəsiz dar ağacları” (İraq), 2009-cu ildə “Unutdun məni”, 2011-ci ildə “Sahilsiz adam” (Türkiyə), 2018-ci ildə “Sonun başlanğıcı”, 2021-ci ildə “Zindan sevinci”, 2023-cü ildə “Sən birsən, Tanrım” (Özbəkistan) və “Yerlə göy arasında” (Türkiyə) adlı şeir kitabları nəşr olunub.
Tədbirdə Universitetin tələbələri R.Sabirin şeirlərini səsləndiriblər, sözlərinə yazılan mahnıları ifa ediblər. Tədbirdə, həmçinin R.Sabir yaradıcılığı ilə bağlı tələbə və müəllimlərin ona ünvanladığı sualları cavablandırıb. Sonda R.Sabir iştirakçılar üçün öz ifasında şeirlərini səsləndirib.
“Ədəbiyyat və incəsənət”
(26.04.2024)
Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edəcək
Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən mədəniyyət naziri Adil Kərimli mayın 6-sı saat 10:00-da Quba şəhər Heydər Əliyev Mərkəzində (Ünvan: Quba şəhəri, Heydər Əliyev prospekti) Xaçmaz, Quba, Qusar, Siyəzən, Şabran rayonlarından olan vətəndaşların qəbulu keçiriləcək.
“Ədəbiyayt və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, vətəndaşlar mayın 2-dək Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron poçt ünvanı ilə qeydiyyatdan keçə bilərlər.
Qəbula yazılmaq üçün, həmçinin (023) 325-22-73 telefon nömrəsi vasitəsilə əlaqə saxlamaq mümkündür.
“Ədəbiyyat və incəsənət”
(26.04.2024)