
Super User
Bakıda Qırğız Mədəniyyəti Günlərinin açılış mərasimi olub
Dünən axşam saatlarında Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində Qırğız Mədəniyyəti Günlərinin açılış mərasimi keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, əvvəlcə qonaqlar Heydər Əliyev Mərkəzində Qırğızıstanın dekorativ-tətbiqi və təsviri sənət ustalarının əsərlərindən ibarət sərgi, geyim kolleksiyası və milli mətbəx nümunələri ilə tanış olublar.
Mərasimdə çıxış edən mədəniyyət naziri Adil Kərimli qeyd edib ki, ölkələrimiz müstəqillik qazandıqdan sonra ilk dəfədir ki, Azərbaycanda Qırğız Mədəniyyəti Günləri keçirilir: “İki ölkənin liderlərinin səmimi dostluq münasibətləri son illərdə Azərbaycan ilə Qırğızıstan arasında müxtəlif sahələr üzrə əlaqələrin daha da dərinləşməsinə töhfə verib. Buna misal olaraq, dövlət başçılarının bu gün Bakıda keçirilən görüşləri və görüş zamanı müxtəlif sahələr üzrə imzalanan sənədləri qeyd etmək olar. Eyni zamanda qeyd etmək istərdim ki, Azərbaycan xalqı böyük qırğız yazıçısı Çingiz Aytmatova böyük sevgi ilə yanaşıb. Bu gün Bakıda iki ölkənin liderlərinin iştirakı ilə Çingiz Aytmatovun abidəsinin açılışı olub.
Ulu Öndər Heydər Əliyevin adını daşıyan bu möhtəşəm Mərkəzdə keçirilən Qırğız Mədəniyyəti Günləri çərçivəsində dost xalqın tarixini əks etdirən sərgi ilə tanış olduq. Sabah isə Azərbaycan Milli Kitabxanasında hər iki ölkənin elm və qələm adamlarının görüşü gerçəkləşəcək. Qırğızıstandan gələn mədəniyyət xadimlərinə gözəl təqdimata görə təşəkkür edirəm və bildirmək istəyirəm ki, biz də Qırğızıstanda keçiriləcək Azərbaycan Mədəniyyəti Günlərinə hazırlaşırıq. İnanıram ki, bu tədbirlər hər iki ölkə arasındakı qarşılıqlı əməkdaşlığa töhfə verəcək”.
Qırğız Respublikasının mədəniyyət, informasiya, idman və gənclər siyasəti naziri Altınbek Maksutov deyib ki, mədəniyyət bizə ata- babalarımızdan qalan mirasdır. Biz bu mirası gələcək nəsillərə ötürməliyik: “Azərbaycanda keçirilən Qırğız Mədəniyyəti Günləri xalqlarımız arasında ikitərəfli əməkdaşlığı möhkəmləndirəcək. Müasir Qırğız və Azərbaycan mədəni əlaqələri xalqlarımızı daha da yaxınlaşdıracaq. Xalqlarımız arasındakı münasibətləri geniş və əhatəli inkişaf etdirmək üçün mədəni əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir. Bugünkü əməkdaşlıq gələcəyə nikbin baxmağa şərait yaradır”.
Altınbek Maksutov vurğulayıb ki, xalqlarımızın özünəməxsus tarixi var: “Mədəni müxtəlifliyimizi nümayiş etdirmək üçün həm Azərbaycan, həm də Qırğızıstanın çoxşaxəli imkanları var. İnanıram ki, bu əməkdaşlıq bizi daha da yaxınlaşdıracaq”.
Çıxışlardan sonra qonaq ölkənin incəsənət ustalarının ifasında geniş konsert proqramı təqdim olunub. Qırğızıstan ifaçılarının təqdim etdiyi musiqi və rəqs nömrələri alqışlarla qarşılanıb.
Açılış mərasimində rəsmi şəxslər, hər iki ölkənin mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri və digər qonaqlar iştirak ediblər.
Qeyd edək ki, ölkəmizdə keçirilən Qırğız Mədəniyyəti Günləri aprelin 26-da başa çatacaq.
“Ədəbiyyat və incəsənət”
(25.04.2024)
“Gözəl sevməsən, sevdiyinin gözəl olmasının heç bir mənası yoxdur” - Habil RzaNurun şeirləri
“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzeti” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün oxucularımıza gənc şair Habil RzaNurun şeirləri təqdim edilir.
“Payız axşamüstüsü,
Yorğun ağacların qorxulu yuxusu kimiyəm.
"Ölmək, yaşayanlara qalib gəlməkdir", - deyir içimdəki qoca…”
-həqiqətən də oxumağa dəyər.
Hər kəs öz qucağı boydadır.
Hər kəs öz uşaqlığından balaca.
Hər kəs elə bilir ki, hər şey belə qalacaq...
Adına yaşamaq deyib, ölümü aldadırlar
Məni son xatırlayan adam.
Məni gözəl xatırla,
Eşidirsən, ay adam?!
Mən Tanrının böyüklüyünü qızımın kiçikliyində gördüm.
Peşmançılıqla düşmənçilik arasında ilişib qalan o fağır şair mənəm.
Nə adam kimi peşman, nə də adam kimi düşman ola bildim.
Adına ölüm deyib, yuxunu aldadırlar.
Məni son xatırlayan adam,
Məni gözəl xatırla...
*
İflic adamın göz yaşları qədər çarəsizəm,
Nə əllər kömək edir,
Nə də çiyinlər...
Payız axşamüstüsü,
Yorğun ağacların qorxulu yuxusu kimiyəm.
"Ölmək, yaşayanlara qalib gəlməkdir", - deyir içimdəki qoca.
Sultan Süleymanın Mustafa peşmançılığı var ruhumda.
Hərdən insanları o qədər çox sevirəm ki, insan olduqlarını unuduram.
Hərdən də...
Gözəl sevməsən, sevdiyinin gözəl olmasının heç bir mənası yoxdur, - deyirəm!
Tək qalmaq istəyirəm...
Yolunu azan poçtalyon göyərçin narahatlığı...
Bu gün ovum qanlıdır: ovçu rahatlığı...
Mən nə olmaq istəyirəm?
Tək qalmaq istəyirəm...
*
Tapınasan aynalara,
Özündən bir yol keçəsən.
"Necəsən?" deyən olmaya...
Əriyəsən damla-damla, gözündən bir yol keçəsən.
Alnına gözün sataşar.
Alnının tən ortasında,
Tanrı yazı masasında, dərdləri unudub gedib.
Misra-misra hönkürərsən,
Sətir-sətir dərd çəkərsən.
Yavaş-yavaş bu dünyayla öz aranda
Qırış-qırış sədd çəkərsən.
Dən-dən olar qaşın, başın.
Xatirələr çiçəkləyər.
Gözlərinin qarşısında uşaqlığın iməkləyər.
Özün boyda dağ olarsan, çəkməyə ahın tapılmaz.
Bir qohum, yaxın tapılmaz.
Qucaq-qucaq soyuyarsan,
Ocaq-ocaq soyuyarsan.
Paslanar bütün cəftələr, bağlanar bütün qapılar.
Bir də baxıb görərsən ki...
Nə bacın var, nə qardaşın.
Nə getməyə yol tapılar, nə də ki,
Bir yol yoldaşın....
*
Noyabr günəşinə aldanıb çiçəkləyən gilas ağacı kimisən.
Adam qıya da bilmir.
Bir də, bəlkə bu yaz dərərlər, - deyə heç vaxt dərilməyən çiçəklər var.
Hansısa dağın hansısa qayasının dibində solanadək gözləyən.
Bir də, şairlər var...
"Heç vaxt bağışlamaram" deyib, şeirlərdə bağışlayan.
Qarğışları varaqların üzünü qara qoyan şairlər.
Bir də sən varsan...
Küləklərin rəsmini çəkən saçlarına and olsun.
Ana duası ilə güləşən düşmən mərmisi kimi əlacsızam.
“Ədəbiyyat və incəsənət”
(25.04.2024)
27 apreldə Levent Yüksel Bakıda konsert verəcək
“Zalim”, “Ya sonra”, “Med cezir”, “Yeter ki, onursuz olmasın aşk” kimi mahnıları ilə hər kəsin sevgisini qazanan populyar türk müğənnisi Levent Yüksel 27 Aprel tarixində Jolly Joker Baku səhnəsində azərbaycanlı sevənləri üçün çıxış edəcək.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, təşkilatçısı EVENT Office olan bu konsert proqranında müğənni hitlərini və yeni mahnılarını ifa edəcək.
Konsert saat 20.00-də başlayacaq.
Biletlər 50 manatdan başlayaraq 485 manata qədər qiymətləndirilib.
Bilet sifarişi üçün +994507007097.
Gəlin, maraqlı olacaq!
“Ədəbiyyat və incəsənət”
(25.04.2024)
Gəncə Filarmoniyasının “Gəncə və gəncəlilər” layihəsi davam edir
Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında "Gəncə və gəncəlilər" layihəsi çərçivəsində Xalq artisti Fikrət Verdiyevin əziz xatirəsinə həsr olunmuş konsert proqramı keçirilib.
Bu barədə “Ədəbiyyat və incəsənət” portalına filarmoniyadan məlumat verilib.
“Göygöl" Dövlət Mahnı və Rəqs Ansamblının müşayiəti ilə Xalq artistləri Niyaməddin Musayev, Samir Cəfərov, Əməkdar artistlər Ehtiram Hüseynov, Sevinc Sarıyeva, Əməkdar mədəniyyət işçisi Mehparə Cəfərova, Bakıdan dəvət olunmuş gənc ifaçılar Səbinə Ərəbli, Kamilə Nəbiyeva, Mirələm Mirələmov, Anar Quliyev, Humay Qədimova, solistlər Samir Məmmədov, Leyla Mehdiyeva, Çinarə İsgəndərova, Şirvan Cahangirov, Rövşən Məmmədov çıxış ediblər.
Gecədə "Zabul segah", "Bayatı şiraz", "Mahur təsnifi", "Dilkeş təsnifi", "Segah təsnifi", xalq mahnıları səsləndirilib. Sahil Quliyevin bədii rəhbərliyi, baletmeyster Sənan Cavadovun quruluşu ilə “Göygöl” Dövlət Mahnı və Rəqs Ansamblının çıxışları hərarətlə qarşılanıb.
Gecədə Fikrət Verdiyevin həyat və yaradıcılığından bəhs edən film, Xalq artisti haqqında deyilən fikirlərlə bağlı videoroliklər nümayiş etdirilib.
Fikrət Verdiyevin əziz xatirəsinə həsr olunmuş gecədə onun ailə üzvləri, Gəncə ziyalıları, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.
Qeyd edək ki, gecənin quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev, aparıcısı Əməkdar artist Firdovsi Atakişiyev idi.
“Ədəbiyyat və incəsənət”
(25.04.2024)
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
Rejissor Azər Quliyevin “Sanki yoxsan” adlı qısametrajlı ekran əsəri 77-ci Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilən filmlər arasındadır.
AzərTAC xəbər verir ki, müsabiqəyə təqdim olunan 4420 film arasından Azərbaycan, Braziliya, Kanada, Çin, Xorvatiya, ABŞ, Fransa, Kosovo, Litva və Portuqaliya kimi 10 ölkədən 11 qısametrajlı film seçilib.
Müsabiqənin qaliblərinə Qısametrajlı Film Qızıl Palma Budağı mükafatı mayın 25-də 77-ci Kann Film Festivalının Palmares mərasimində Lubna Azabalın sədrlik etdiyi münsiflər heyəti tərəfindən təqdim olunacaq.
“Ədəbiyyat və incəsənət”
(25.04.2024)
“Yaş artdıqca insan ona görə müdrikləşir ki, başı daşdan-daşa dəyir” - HƏMİDƏ ÖMƏROVANIN DOĞUM GÜNÜNƏ
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
25 aprel 1957-ci ildə Bakıda dünyaya gəlib. Atası fransız, anası isə ingilis dili müəllimləri olublar. Orta təhsilini başa vurduqdan sonra Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun aktyorluq şöbəsində ali təhsilə yiyələnib. Bir müddət Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında işləyib. 1992–1993-cü illərdə isə Azərbaycan Kinematoqrafçılar İttifaqında çalışıb.
Filmlərə çəkilməklə yanaşı, 500-dən artıq bədii filmin dublyajı və səsləndirilməsində fəal iştirak edib. "Azərbaycan kinosunda feminizm", "ABŞ kinosu: 1895–1945-ci illər", "Amerika kino tarixi" kitablarının müəllifidir. Hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Kinoşünaslıq" kafedrasına rəhbərlik edir. Azərbaycan Respublikasının xalq artisti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsüdür...
Bəli, bu gün sizə Həmidə Ömərovadan söhbət açmaq istəyirəm. Çox nəcib və mədəni xanımdır. Duyğusal, romantik, xəyalpərvərdir. Xeyli gözəl xüsusiyyətləri var, ünsiyyətdə mehriban, davranışında nəzakətlidir. Ətrafında baş verən hadisələrə həssasdır, ovqatı bir anda dəyişə bilər...
Deyir ki;- “Mən emosiyalarımı, əsəblərimi cilovlayıb daxilimdə yaşamağı bacaran adamam. Amma gənclik illərimdə daha çılğın, daha həssas idim. Yaş artdıqca insan müdrikləşir. Başa düşür ki, qışqırmağın, hay-küy salmağın heç bir mənası yoxdur. Bir də ki, insan ömrünün sonlarına yaxın, onsuz da, başa düşür ki, heç nə bilmir, heç nə öyrənməyib. Təbiət etibarı ilə indi nisbətən sakitləşmişəm. Yəqin ki, bu, danışığımdan da bəlli olur. Çılğın obrazları oynamağı bacarıram. Çünki hər bir insanın daxilində emosiyaları var. Alman filosofu Nitsşe demişkən, hər bir insanın daxilində köpəklər var, vay o günə ki, köpəklər hayqırıb zahirə çıxsınlar. Yaş artdıqca insan ona görə müdrikləşir ki, başı daşdan-daşa dəyir və zaman-zaman həyatdan dərs alır.”
Təxminən 4 yaşı olanda uşaq bağçasında keçirilən yolka şənliyində uşaqlara hədiyyə paylayan Şaxta babanın hədiyyəsindən imtina edib. Bunu görən Şaxta baba: “Qızım, hədiyyəni götür, nə arzu desən, onu da yerinə yetirərəm.”- söyləyib. O da Şaxta babaya deyib ki, hədiyyəni götürürəm, amma bir şərtlə, elə elə ki, atamla anam həmişə bir yerdə- mənim yanımda olsunlar...
“Mən öldüyü günəcən atamı görməmişəm. 1986-cı il idi. Teleqram gəldi… Kinostudiyadan maşın verdilər, yaşı qədər- 59 qərənfil alıb getdim Qazaxa, qəbiri üstünə. Heç kəndə də baş çəkmədim. Onda hələ qardaş və bacılarımı tanımırdım.”- söyləyir...
Özünü ana kimi xoşbəxt hesab etsə də, həyat yoldaşı kimi bədbəxt olduğunu dilə gətirir...
Deyir ki,- “Gec ailə qurmuşam. Səbəbi də o olub ki, filmlərə çox çəkilirdim. Ailə həyatı qurmağa vaxtım yox idi. Həm də anam məni ərə verməyə tələsmirdi. Anam öz şəxsi həyatından çıxış edərək deyirdi ki, mən getdim, nə oldu ki, sən də gedəsən, nə ola?! 1992-ci ildə kinostudiyada böhran baş verdi, aktyor şöbəsi bağlandı və işsiz qaldıq. Bizə dedilər ki, ərizənizi yazın, iş olanda sizi çağıracağıq. Bir ilə yaxın gözlədim. Həmin məqamda da gələcək həyat yoldaşımla rastlaşdım. Amma o sanki məni görmürdü, yanımdan düz keçirdi. İctimai təşkilatlardan birində sədr müavini idi, hərdən Kinematoqrafçılar İttifaqındakı idarəyə sənədlərə imza atmağa gəlirdi. Mən də yaradıcılıq şöbələrinin müdiri işləyirdim. Nə vaxt sənəd aparırdım, heç başını qaldırıb üzümə baxmırdı, elə deyirdi, filan yerə imza çəkin. O mənə baxmayan yeganə kişi idi. Çalışırdım ki, mənə baxsın, görsün. Onda qarşıma məqsəd qoydum ki, onun diqqətini cəlb edəcəyəm. Amma bu diqqəti cəlb etmək mənə çox baha başa gəldi. Evləndik və bir gün ərim məcbur elədi ki, sənətini atacaqsan. Gör onu nə qədər sevmişəm ki, atdım. Kinonu da, “Retro”nu da atdım. Amma bir il. Bir il dözdüm, sonra dözmədim. Analıq məzuniyyətindəydim deyə, “Retro” verilişini aparmadım. Sonra ərim işlə bağlı xaricə getmişdi. O vaxt bir dəfə “Retro” verilişinə çıxdım. O da qayıdandan sonra bundan xəbər tutdu. Dedi, “sən məndən icazəsiz bunu etməklə bizim xoşbəxtliyimizə son qoydun”. Artıq neçə illərdir ki, mənim ürəyimdə boşluqdur. Və mən bununla çoxdan barışmışam. Mənim kimi adamlar çoxdur. Mən artıq ona, sadəcə, oğlumun atası kimi hörmət edirəm...”
Bir aktrisa kimi isə çox xoşbəxtdir. Ölkənin ən çox sevilən sənət adamlarından biridir. Oynadığı elə bir rol olmayıb ki, tamaşaçılar tərəfindən rəğbətlə qarşılanmasın. Onun yaratdığı obrazların hər biri geniş tamaşaçı kütləsinin yaddaşında yuva qura bilib...
“Bu gün filmlərdə əsasən gənclər yer alır. Bizim çəkildiyimiz dövrdən fərqli olaraq, indiki rejissorlar zamanın nəbzini tutmağa çalışırlar. Lakin onlar da tamaşaçını narahat edən mövzulara toxunmalıdırlar. Bizdə rejissorla ssenari müəllifləri arasında bir-birini başa düşməmək problemi var. Ssenarini özününküləşdirsən də ondan uzaqlaşmaq, öz bildiyini çəkmək heç də uğurlu yol deyil. Yapon rejissoru Akira Kurasava Şekspiri ekranlaşdıranda əsərin ruhunu, ideyasını, ab-havasını elə qorumuşdu ki, yapon aktiyorları , aktrisaları oynasalar da, inanırdın ki, bu, Şeksiprdir. Rejissor və ssenarist arasında olan anlaşılmazlıq birinci problemdir. İkinci problem aktyor oyunudur. Xaricdə məhz aktyor seçimi ilə məşğul olan xüsusi mütəxəssislər var. Hər rolun ruhuna uyğun aktyor seçimi aparılır. Həmçinin, bəzən maraqlı ssenarilər olsa da, onların maraqlı ekran həllini görmürük. Hərdən də əksinə, rejissor maraqlıdır, amma ssenari maraqlı deyil. Bu mənada, bizdə problem hələ çoxdur.”- söyləyir.
Bəli, bu gün - aprelin 25-i növbəti ad gününü qeyd edəcək Xalq artisti Həmidə xanım Ömərova bu gün yaratdığı obrazların taleyi ilə yaşasa da, çox xoşbəxt insandır. Ona görə xoşbəxtdir ki, adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...
Yeni yaşı mübarək!
“Ədəbiyyat və incəsənət”
(25.04.2024)
RƏY - “Cığır” romanı barədə
Etibar Babayev görkəmli telejurnalistdir, onun ədəbi zövqü də yüksəkdir. Bu dəfə ondan Yunus Oğuzin Dövlət Mükafatına namizədliyi irəli sürülmüş “Cığır” romanı ilə bağlı fikir aldıq.
Yazıçı, publisist, tarixi romanlar müəllifi, ictimai-siyasi xadim Yunus Oğuz öz əsərləri ilə ədəbiyyatımıza yeni bir nəfəs gətirdi. Uzun müddət unudulmuş, bəzi hallarda isə təhrif olunmuş şəkildə oxuculara təqdim olunan tarixi şəxsiyyətlər haqqında gözəl tarixi romanlar yazdı və bu romanlar təkcə Azərbaycanda yox, dünyanın bir çox ölkələrində məşhurlaşdı. "Cığır" romanı da, həmin tarixi romanların məntiqi davamıdır. Yəni, bir zamanlar Yunus Oğuz tariximizin görkəmli tarixi şəxsiyyətlərindən, sərkərdələrindən, onların döyüş yollarından, fəthlərindən yazırdısa, "Cığır" romanı ilə Yunus Oğuz müasir tariximizi, 44 günlük müharibəni, 30 illik işğaldan sonra Azərbaycan döyüşçüsünün, Ali Baş Komandanın zəfərini çox böyük məharətlə tərənnüm etdi. Mənə elə gəlir ki, Yunus Oğuz Şuşaya, ümumən Qarabağa aparan cığırı çox gözəl tarixiləşdirib" "Cığır" yeni dövrün ən gözəl nümunəvi romanıdır. Yazıçı əsərdə Türk ruhunu da ortaya qoyur, Türkün gücünü oxucularına, dünyaya çatdırır. Romanda türk ruhu, türk birliyi zəfərin təminatçısına çevrilir. Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin qardaşlıq və dostluq münasibətləri fonunda dünya tərəfindən sərlərlə qarşısı alınan türk birliyinin təntənəsi canlandırılır. Faktiki-tarixi materialı bədii mətnlə üzvi şəkildə məharətlə birləşdirərək 44 günlük müharibənin canlı mənzərəsini yaradan Yunus Oğuz bu əsəri ilə oxucuya həmin zaman kəsiyinin aurasını, qələbə və zəfər sevincini, Şuşa qürurunu yenidən yaşadır. Yunus Oğuzun tarixi romanları bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Onun əsərləri bir qayda olaraq gənclərin vətənpərvər ruhda tərbiyə olunması, onların vətənpərvər böyüməsində mühüm rol oynayır. Mənə elə gəlir ki, "Cığır" romanı müasir tariximizdən bəhs etdiyinə görə, dünya ölkələrinin dillərinə tərcümə olunmalı, səhnələşdirilməli və hətta deyərdim ki, ekranlaşdırılmalıdır. Düşünürəm ki, "Cığır" romanı həqiqətən Dövlət mükafatına layiq görülməlidir. Bu həm də digər yazıçılarımıza, xüsusilə də bundan sonrakı zəfərimizi öz əsərlərində əks etdirəcək yazıçılarımıza, gənclərimizə də bir nümunə və örnək olacaq".
“Ədəbiyyat və incəsənət”
(25.04.2024)
Bakıda Rusiya Kinosu Günlərinin təntənəli açılış mərasimi olub
Nizami Kino Mərkəzində Azərbaycanda Rusiya Kino Günlərinin təntənəli açılış mərasimi keçirilib.
Bu barədə “Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən məlumat verir.
Açılış mərasimində Rusiyanın Azərbaycandakı səfirliyinin baş məsləhətçisi Andrey Rumyantsev çıxış edərək səfir Mixail Evdokimovun adından salamlarını və xoş arzularını çatdırıb. O qeyd edib ki, Rusiya Kinosu Günləri həm tamaşaçılar, həm də Rusiya kino xadimləri üçün bayram hadisəsi olub. A.Rumyantsev əlavə edib ki, Azərbaycan xalqının qonaqpərvərliyi və mehribanlığı hər zaman gözəl dostluq mühiti yaradır.
Andrey Rumyantsev kino festivalının sovet xalqının, Azərbaycandan olan əsgər və zabitlərin, arxa cəbhədə çalışan zəhmətkeşlərin və tibb işçilərinin İkinci Dünya müharibəsindəki şücaətini, qələbəsini bir daha yada salan “Nürnberq” tarixi hadisəsi haqqında əlamətdar ekran əsəri ilə başladığını vurğulayıb. Sonda səfirliyin baş məsləhətçisi Azərbaycan rəhbərliyinə və ölkənin Mədəniyyət Nazirliyinə kino bayramının keçirilməsi üçün yaradılmış gözəl şəraitə görə minnətdarlığını bildirib.
“Azərbaycanda Rusiya Kinosu Günləri” layihəsinin prodüseri, Rusiyanın əməkdar mədəniyyət işçisi Yelena Lebedeva tədbirin təşkilinə köməklik edən hər kəsə təşəkkür edib. O vurğulayıb ki, Azərbaycanda Rusiya Kinosu Günləri Rusiya Prezidentinin Beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoyun, Dövlət Dumasının Beynəlxalq işlər komitəsinin sədri, “Rusiya Sülh Fondu” Beynəlxalq İctimai Fondunun İdarə Heyətinin sədri Leonid Slutskinin, Rusiya Xarici İşlər Nazirliyinin, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, Rusiyanın Azərbaycandakı səfirliyinin, Bakıdakı Rus evinin, “İkinci nəfəs” logistika şirkətinin, “SAVALAN-ASPI WINERY” şirkətinin, “Hyatt Regency Baku” otelinin dəstəyi ilə keçirilib.
“Yeni Azərbaycan” Partiyasının sədr müavini, YAP Mərkəzi Aparatının rəhbəri Tahir Budaqov AzərTAC-ın müxbiri ilə söhbətində qeyd edib ki, Rusiya ilə Azərbaycanın çoxəsrlik qonşuluq tarixi var və biz tarixin müəyyən bir dövründə vahid dövlət çərçivəsində yaşamışıq. “Təbii ki, ölkələrimiz arasındakı mədəni və humanitar mübadilə xalqlarımız arasında dostluq münasibətlərinin inkişafı üçün mühüm əhəmiyyət kəsb edir. Düşünürəm ki, Rusiya kinosu bədii və informativ baxımdan çox zəngin ənənələrə və təcrübəyə malikdir. Ona görə də hesab edirəm ki, artıq ənənəvi hadisəyə çevrilən “Azərbaycanda Rusiya Kinosu Günləri” festivalı ölkələrimiz arasında mədəni münasibətlərin, xalqlarımızın yaxınlaşması və bir-birini daha yaxşı başa düşməsi üçün mühüm addımdır. Bu, təkcə regionda deyil, bütün dünyada baş verən hadisələr və geosiyasi reallıqlar nöqteyi-nəzərindən, ilk növbədə gənclər üçün böyük əhəmiyyət kəsb edir. İndiki qlobal qarşıdurmaları nəzərə alaraq, düşünürəm ki, Azərbaycan ilə Rusiya arasında münasibətlərin möhkəmlənməsi çox böyük əhəmiyyət kəsb edir”.
Tədbirdə Rusiya nümayəndə heyətini əsasən, məşhur teatr və kino aktrisası, "Çayka" teatr mükafatı laureatı Yelena Zaxarova, aktrisa və rejissor Polina Lazareva təmsil ediblər.
Teatr və kino artisti, kino festivalının bütün tədbirlərinin aparıcısı Polina Neçitaylo, atasının azərbaycanlı rəssam Səttar Bəhlulzadə ilə yaxın dost olmasına dair xatirələrini bölüşüb.
Bundan sonra tamaşaçılara festivalda baş rolun ifaçısı, Millətlər Dövlət Teatrının aktyoru Sergey Kempo tərəfindən təqdim olunan Nikolay Lebedevin rejissoru olduğu "Nürnberq" filmi nümayiş etdirilib.
Film 1945-ci ildə Nürnberqdə keçirilən Beynəlxalq Hərbi tribunalı işə başlamazdan əvvəl iki gəncin görüşündən bəhs edir.
Rusiya Kinosu Günlərinin proqramı, dörd yeni rus bədii filminin nümayişini, ardından isə hər filmi təqdim edən sənətçi ilə müzakirələri və yaradıcılıq görüşlərini əhatə edir:
Polina Lazarevanın “Qağayı” adlı ekran əsərini filmin rejissoru və ssenaristi, Vladimir Mayakovski adına Teatrın aktrisası, əfsanəvi Alla Surikovanın tələbəsi, Lazarev-Nemolyev teatr sülaləsinin nümayəndəsi Polina Lazareva təqdim edəcək.
Georgi İlyinin “Partizan meşəsinin xəzinələri” kinolenti baş rolun ifaçısı, Rusiyanın “Çayka” teatr mükafatının laureatı, məşhur teatr və kino aktrisası Yelena Zaxarova tərəfindən təqdim olunacaq.
Andrey Bulanovun “Xokkey ataları” filmini baş rolun ifaçısı, Arkadi Raykin adına Rusiya Dövlət “Satirikon” Teatrının aktyoru Aleksey Bardukov təqdim edəcək.
Kino günlərinin proqramında, həmçinin “Çink: quyruqlu detektiv” (rejissor Qriqori Vojakin) cizgi filminin nümayişi gözlənilir.
Film nümayişləri aprelin 27-dək davam edəcək və Nizami Kino Mərkəzində keçiriləcək.
“Ədəbiyyat və incəsənət”
(25.04.2024)
Günün fotosu: Ukrayna üçün 61 milyard!
Günün fotosu: Ukrayna üçün 61 milyard!
Ağ Evin rəhbəri Co Baydn Ukrayna, İsrail və Tayvana 95 milyard dollarlıq xarici hərbi yardım haqqında Qanun layihəsini imzalayıb.
61 milyard Kiyev üçün nəzərdə tutulub.
Demək, Ağ Ev Ukraynanı, İsraili və Tayvanı silahlandıraraq, öz dostlarının kim olduğunu nümayiş etdirir, müvafiq olaraq dqşmənlərini də. Bu üç ölkənin rəqibləri Rusiya, İran və Çindir.
Fotp: AP
“Ədəbiyyat və incəsənət”
(25.04.2024)
“Turan” (9-cu paylaşım) – ORXAN FİKRƏTOĞLUNUN KİNOSSENARİSİ
Ölkəmizdə Kino ssenarilərini dərc edən bir mətbu orqan, dərgi yoxdur. Ümumən, son illərdə heç dramaturji kitablar da nəşr edilmir. Kinoşünaslıq, kinotənqid sahələri də öz qürub dövrünü yaşayır. Bu da kinomuzun inkişaf strategiyasının ziddinədir.
Hazırda həm Mədəniyyət Nazirliyinin, həm də Kino Agentliyinin reallaşdırmaq istədikləri geniş fəaliyyət spektrində bu nöqsanların aradan götürülməsi də aparıcı rol oynayır.
Bu günlərdə “Elm və təhsil” nəşriyyatı tərəfindən tanınmış kinodramaturq, yazıçı, Azərbaycan Kini Agentliyinin direktoru Orxan Fikrətoğlunun “Kinocizgilər” adlı kitabı işıq üzü görəcək. Kitabda həm tammetrajlı, həm qısametrajlı bədii və sənədli film ssenariləri, ekran həlli üçün uyğunlaşdırılmış qısa hekayələr və novellalar yer alıb.
Bu gündən etibarən oxucularımızı “Kinocizgilər” kitabındakı yazılarla tanışlıq gözləyir. Xüsusən, kino sahəsi ilə maraqlananlar üçün, gənc ssenaristlər və rejissorlar üçün düşünürük ki, bu dərclər faydalı olacaq.
“TURAN” bədii film ssenarisini təqdim edirik.
Titr yazı. Bakı. 18 mart. 1918-ci il.
Ermənilər Bakı qətliamını həyata keçirirlər...
İri planda ermənilər tərəfindən öldürülən qoca və qarılar...
Yandırılan şəhər...
Yandırılmış Həşimov mülkü...
“İsmailiyyə” binası...
Murtuza Muxtarovun mülkü...
Yandırılan evlər, məscidlər...
Dinc şəhər camaatını qılıncdan keçirən erməni daşnak birlikləri...
Şəhər camaatı dolanbac küçələrdə ermənilərə müqavimət göstərir.
“İsmailiyyə” binasının qarşısında qazılmış xəndək.
Xəndəkdə ermənilərlə atışan şəhər qoçuları...
Qoçulara Qoçu Nəcəfqulu başçılıq edir...
Qoçu Nəcəfqulu: – Yaxşı ki, arvad-uşağı Abşeron kəndlərinə çıxardıq. Bu dığaların arxası möhkəmdir. Onlara kimsə Azərbaycanı söz verib. Məşədi də gündə bir söz danışır. O gün Hacı Zeynalabdinə söz vermişdi ki, Moskvadan atəşkəs icazəsi alacaq. Buna görə ondan xeyli pul da istəmişdi.
Qoçu Nəcəfquluya döyüşə-döyüşə qulaq asan Bakı qoçularından biri: – Məşədinin sözünü kimdi sayan, ay qədeş. Kommunarların böyüyü də ermənidir. O, Leninə də işləyir, ingilislərə də işləyir, erməni kilsəsinə, daşnaklara da. Əzizbəyov onun üçün axmaq müsəlmandan başqa heç nə deyil.
Qoçu Nəcəfqulu: – Alə, bu dığaların hamısı birdir də... Dünya da durub onların dallarında. Elə ki biz deyirik türkük, bütün dünya silahını çevirir üstümüzə. İndi neynəyək? Adımızı dəyişək? Erməni olaq?
Xəndəyə top mərmisi düşdüyündən söhbət yarımçıq qalır...
Bakı Kommunasının binası...
Stepan Şaumyan, Alyoşa Caparidze, İvan Fioletov, Petrov, Əzizbəyov və digərləri fövqəladə iclas keçirirlər.
Şaumyan telefonda Leninlə danışır...
Şaumyan: – Yoldaş Lenin, Bakı müsəlmanları təşkilatlanıb. Rusiyada təhsil almış müsəlman hüquqşünaslar dövlət müstəqilliyindən dəm vururlar. İttihadçılar isə Türkiyə ilə konfederasiya yaradıb mifik Turan coğrafiyasını qurmaq fikrindədirlər. Bu, türk millətçiliyidir. Siz bunun nə olduğunu yaxşı bilirsiz. Gəncə Milli Komitəsinin sədri Nəsib bəy Yusifbəyli, ittihadçı Xudadat bəy Rəfibəyli və Sosialist Partiyasının sədri Aslan bəy Səfikürdski Gəncədə toplaşıb Nağı bəy Şeyxzamanlını Türkiyəyə hərbi yardım arxasınca göndəriblər. Mənim əldə etdiyim məlumata görə, Tələt paşa ilə Ənvər paşa bu işdə xüsusilə maraqlıdırlar. Belə olan təqdirdə mən Bakı müsəlmanlarına inana bilmərəm. Sizdən onları ümumiyyətlə buralardan sürgün etməyimin icazəsini almaq istəyirəm. Nə deyirsiz?.. Baş üstə.
Şaumyan telefonu aparatın üstünə qoyub üzünü Məşədi Əzizbəyova tutur: – Sənin bu müsəlmanların məni lap boğaza yığdı. Hamısını süpürüb atacağam Xəzərə. Onlar proletariat diktaturasının nə olduğunu, deyəsən, bilmirlər.
Məşədi Əzizbəyov: – Yoldaş Şaumyan, fəhlə və kəndli maraqlarını qorumağa borclusan. Neftxudaları demirəm. Kasıb-kusuba dəyməyəcəksən.
Şaumyan Əzizbəyovun bu sözlərinə ürəkdən gülür...
Caparidze: – Müsəlmanın varlısı var ki? – soruşur.
Fioletov: – Hamısı ağıldan kasıbdırlar da, – deyir.
Şaumyan: – Ay gic müsəlman, deməli, sən bütün bakılıların sağ qalmasını istəyirsən? Ay sən öləsən.
Şaumyan və miz arxasında oturmuş komissarlar bərkdən gülüşürlər...
Dinc bakılıları qılıncdan keçirən atlı ermənilərin vəhşi üzləri ilə gülən bolşeviklərin üzlərində paralellər tapan kamera...
***
Titr yazı. 1918-ci il. İran. Ənzəli.
General Tomsonun yazlığı.
General Tomson açıq havada rusiyalı bolşevik Trotski ilə məxfi görüş keçirir.
Onlar balkonda çay süfrəsi arxasında söhbət edirlər...
Bağçada cins itlər döyüşdürülür...
General Tomson: – Gözünüzün qarşısında iki imperiya çökür. Osmanlı imperiyasını biz ərəblərin əliylə zəiflətdik. Onlara verdiyimiz sözü tutmayacağıq. Bir-iki ağılsız ərəbi yaradacağımız oyuncaq dövlətlərə rəhbər təyin edib, yüyənlərini əlimizdə saxlayacağıq. Ərəblər türk deyillər. Onlar asan idarə olunurlar. Tüstülət, özləri üçün illərlə yanacaqlar. Siz Rusiyanı zəiflətməlisiniz, cənab Trotski. Rusların sərvəti sizin əlinizlə Avropaya daşınmalıdır. Onların Baltik dənizindəki donanmasını bircə əmr ilə ləğv edin. Donanmada mövcud olan gəmiləri gərəksiz dəmir adıyla Amerikaya göndərin. Bununla Rusiyanın Avropa dənizlərinə çıxışı əngəllənəcək. Mənə də bu lazımdır. Rusiyanı Avropaya buraxmayın. Rus varlılarından yığacağınız pulları “İnternasional” adıyla bizim Amerikadakı ünvanlarımıza göndərin. Sizin payınızı nəzərə almışıq. Bakı neftini də görüntü üçün sizə verəcəyik. Bizə ərəb və İran nefti bəs edir. Qorxum bircə bu Turan ideyasındandır. Türk millətçiliyini biz proqnozlaşdırmamışıq.
Trotski: – Cənab Tomson, Osmanlı çöksə də, türk milləti sağdır. Onların yeni intibahına yol vermək olmaz. Turan ideyasını beşikdəcə boğmaq lazımdır. Bunu Anadoluda ermənilər də edə bilər. Orta Asiya və Azərbaycan türklərini bizə versəniz, onları yalançı “İnternasional”la idarə edərik. Bakı nefti türklərin gələcəyini təmin edə bilər. Neft yataqlarını onlara etibar etmək olmaz. Bu işi ermənilərə həvalə etsək necə olar?
General Tomson: – Ermənilər tutarlı silahdır. Onlara yardım edin. Amma idarəçiliyə yaxın buraxmayın. Onlar buyruq qulu kimi görünsələr də, öz oyunlarını oynayırlar. Ən başlıcası müsəlmanları Kitablarından ayırmaqdır. Nə varsa, bu Kitabda var.
Trotski: – Tiflisi tutmuş alman generalı Fon Kress Osmanlı ilə müttəfiq olsa da, Bakıya can atır. Onun da Bakı arzusu var, deyəsən. Bölgüdən pay umur. Bundan xəbərdarsınız?
General Tomson: – Almanlar Avropanın kölələrinə çevriləcəklər. Fon Kressə Gürcüstan da qalmayacaq. Siz dediklərim haqqında düşünün, cənab Trotski. Leninin də ömrünə az qalıb. İki böyük imperiya çökür. Çalışın onların altında qalmayasınız...
Trotski: – Türklər Bakını tutmaqla Orta Asiyanı ələ keçirə bilərlər?
General Tomson: – Bunun da əlacı var, cənab Trotski. Onlar Turan ideyası generallarını – Ənvər və Nuru paşanı özləri bizə təhvil verəcəklər.
Trotski ayağa qalxıb generala təzim edir.
Trotski istehza ilə: – Türkün türkdən başqa dostu yoxdur, cənab general? – soruşur.
General Tomson tam ciddi: – Türkün türkdən başqa düşməni də yoxdur, cənab Trotski, – deyir.
***
Titr yazı. 1921-ci il. Qarabağ. Oktyabr.
“Agit teatr”ın artistləri bolşevik əsgərlərinə tamaşa göstərirlər.
Onbaşı İzzət tabut içində uzanıb...
Üzü tənziflə örtülüdür...
O, boylanıb ətrafına baxmaq istəyir...
Ravi-aşıq çiynindən basıb onu yerindən tərpənməyə qoymur.
Ravi-aşığın gur səsi eşidilir:
– Bu adam son türk paşasıdır. O ölüb, imperiyası da çöküb. Afrika zəhmətkeşləri türk ağalığından azad olub. Balkanlarda yeni dövlətlər qurulub. Bu adam öləndən azərbaycanlılar böyük rus qardaşları ilə birlikdə qardaşlıq gerçəkliyində yaşamağı düşünürlər; “Turan nədir?” deyirlər. “Türk kimdir?” hayqırırlar. Onları ancaq sovet qardaşlığı maraqlandırır. Yeni Azərbaycanda nə ağa olacaq, nə bəy, nə də katta... Torpaq da kəndlinindir, atlar da... Bu hökumət kəndliyə maaş da verəcək. İşlə və dişlə... İşləməyən dişləməz. Türk birliyinə birdəfəlik “sağ ol” de, ey kəndli. Bu ölüdən sənə nə fayda olacaq? Onu qəlbində və düşüncəndə göm. Ölüdən adama xeyir gəlməz ki...
Bolşeviklər Ravi-aşığın son sözlərinə əl çalırlar...
Ravi-aşıq: – Mismarlayın son paşanın sonuncu tabutunu. Aparın onu gözdən kənarda basdırın.
Aktyorlar onbaşı İzzətin uzandığı şərti tabutun qapağını bağlayıb mismarlayırlar.
Onbaşı İzzət tabutun içində qalır...
O, ağır-ağır nəfəs alır...
Onun tənzif altından havasızlıqdan bərəlmiş gözləri görünür...
Aktyorlar tabutu tələsik səhnədən çıxarırlar...
Bolşeviklərdən biri taxta tabutun arxasınca güllə də atır.
Artıq tamaşa bitib...
Dekor tabutun qapağını açıb onbaşı İzzəti tabutdan çıxaran Mələk qanadlı aktrisanın əlləri əsir.
O, onbaşının ayılmayacağından qorxur.
Ravi-aşıq geyimli teatr rəhbəri olan yaşlı aktyorun da üzündə qorxu var.
Truppanın o biri aktyorları da təlaşlıdır...
Onbaşı İzzətin bəyaz və ifadəsiz üzü cansızdır..
Nəhayət, onbaşı İzzət gözlərini çətinliklə açır.
Mələk qanadlı aktrisa sevincindən qışqırır.
Ravi-aşıq onbaşı İzzətin əllərindən tutub deyir: – Səni başqa yolla gizlədə bilməzdim. Bir-bir hamımızı yoxlayırdılar. Onlara dedim ki, ölü rolunu oynamaqdan ötrü bihuşdarı içmisən. Nə deyəydim ki?
Mələk qanadlı qız onbaşı İzzətin saçlarını sığallayır...
Onbaşı İzzət birdən-birə üzünü Ravi-aşığa çevirib bərkdən qışqırır.
Sonra isə için-için ağlamağa başlayır...
Mələk geyimli qız onbaşı İzzətə əliylə yemək yedizdirir...
Onbaşı İzzət ifadəsiz gözləri ilə heçliyə baxa-baxa qızın verdiyi yeməyin dadını hiss etmədən yeyir...
“Agit teatr” köçü yol getməkdədir...
Yorğun-arğın aktyorlar arabaların arxasınca gəlirlər.
Onlar, beləcə, Türkiyə sərhədlərinə yaxınlaşırlar...
“Ədəbiyyat və incəsənət”
(25.04.2024)