Super User

Super User

“Ədəbiyyat və incəsənət” portalı Poeziya  guşəsində Təranə Dəmirin yeni şeirlərini diqqətinizə çatdırır. 

 

1.

Əynimdə dekabrdan qalma ömür,

Ürəyimdə iyun həsrəti.

Bircə çimdik ümidlə gedirəm üzüyoxuşa.

Çilik-çilik olmuş arzular baş-başa verib arxamca ulaşır.

Geriyə baxmağa nə gücüm qalıb, nə cəsarətim.

Dünən, bu gün mənimdi... hələ ki...

Bəs sabah?

...Gözümdə bütün rənglər bir-birinə qarışır

Budaq-budaq, yarpaq-yarpaq...

 

2.

Bir şeir asıb özünü hecadan,

Qafiyələr ağlaşır başı üstündə.

Ayağının altında varaq,

Boğazında qələm,

Nəfəsi  kəsilir  söz-söz, cümlə-cümlə.

Azadlığa açılır qapısı qorxuların.

Hardasa bir ütüsüz, bərsiz-bəzəksiz ,

Evsiz-eşiksiz  sevgi  yapışır  gecənin yaş köynəyindən..

 

3.

Gecə yenə qaşqabağını töküb durub,

Kim bilir nə acığı var dünyaya.

 Buludlar bir tərəfdə bardaş qurub oturub.

Ulduzlar qorxusundan qaçıb gizlənib qayanın arxasında .

Külək qudurub,

Gör necə ulayır gecənin başı üstündə 

ac yalquzaq tək.

Torpaq bir qat qabıqdan,

Ağaclar yarpaqdan çıxır.

Dəniz yaxasını açıb qaçır sahilə ,

Sahil qalır dənizin altında dalğa-dalğa, ləpə-ləpə.

Bir şair tənhalığın acığını varaqdan çıxır .

Təzə abzasdan köhnə yaralar boylanır,

Hamısının da üstü açıq.

"Bircə səhər açılsaydı"-deməyə də adamın dili gəlmir.

Qaranlığın dibindən bapbalaca işıq süzülür alayarımçıq...

Nağıl kimi...

 

“Ədəbiyyat və incəsənət”

(29.04.2024)

Azərbaycan Dövlət Film Fondunda Xalq artisti, kinorejissor Rza Təhmasibin 130 illik yubileyinə hazırlıqlarla əlaqədar aparılan yeni araşdırmalar zamanı Azərbaycan kinosu tarixinə aid unikal arxiv materialı müəyyən olunub.

 

“Ədəbiyyat və incəsənət” portalı fonda istinadən xəbər verir ki, aşkar olunmuş fotosənəd 1945-ci ildə Bakı kinostudiyasında lentə alınmış “Arşın mal alan” (rej. R.Təhmasib və N.Leşşenko) bədii filminə aiddir. Azərbaycan Dövlət Film Fonduna orijinal şüşə neqativdə təhvil verilmiş fotosənəd Əməkdar mədəniyyət işçisi, fotoqraf-rəssam Pərviz Quliyevin şəxsi arxivinə daxildir.

Bugünədək heç bir kino tədqiqatında istifadə olunmayan bu fotoşəkil bərpa olunmuş şəkildə Dövlət Film Fondununun rəsmi saytı və sosial media hesabları vasitəsilə ictimaiyyətə təqdim olunur.

 

“Ədəbiyyat və incəsənət”

(29.04.2024)

Xəbər verdiyimiz kimi, ötən həftəsonu ölkəmizdə ilk dəfə Naşirlər forumu - Azərbaycan Naşirlərinin I Forumu keçirilib. ANAİB-in təşkilatçılığı ilə baş tutan tədbirin direktivlərini öyrənmək üçün “Ədəbiyyat və incəsənət” pprtalı ANAİB İdarə Heyətinin sədri, fil.f.d., dos. Şəmil Sadiqə müraciət edib və aşağıdakı bilgiləri alıb: 

 

Azərbaycan Respublikasının Prezidenti canab İlham Əliyevin rəhbərliyi altında sosial-iqtisadi liberallaşmaya aparan islahatlar dərinləşir, kiçik və orta sahibkalığın maraq və mənafelərinin qorunması üçün çoxyönlü addımlar atılır. Bu məqsədlə, bütün dünyada olduğu kimi, ölkəmizdə də ictimai təşkilatların fəaliyyətinə geniş meydan verilir. Belə ki, müxtəlif sahələrdə fəaliyyət göstərən qeyri-hökumət təşkilatları dövlətə dəstək olur, ölkədə elm, iqtisadiyyat və mədəniyyətin inkişafına öz töhfəsini verir.

Belə sahələrdən biri də kitab sektorudur. Şübhəsiz, elm, təhsil və ədəbiyyatın inkişafında, kütləvi xarakter almasında kitabın rolu əvəzsizdir. Alim və ədiblərin yaratdığı intellektual, mənəvi dəyərlər məhz kitab vasitəsilə geniş kütlələrə çatdırılır. Lakin təəssüflə qeyd etmək lazımdır ki, hazırda ölkədə kitabçılığın inkişaf arealı olduqca məhdud və lokaldır.

Bu baxımdan, “Azərbaycan Nəşriyyatları Assosasiasiyası” olaraq kitab sənayesinin inkişafı üçün nəzərdə tutduğumuz bir sıra məsələləri diqqətinizə çatdırmaq istərdik.

 

1. Azərbaycan ədəbiyyatının dünyada tanıdılması.

Azərbaycan ədəbiyyatının müxtəlif dillərdə nəşri və tanıdılması üçün dəstək fondunun yaradılması, bütün xarici nəşriyyatlara bu fondun tenderlərində iştirak etməsi üçün lazımi şəraitin yaradılması ədəbiyyatımızın inkişafı üçün çox vacibdir. Dünyanın əksər ölkələrində bu cür şəffaf qurumlar var və onlar milli ədəbiyyatlarını beynəlxalq miqyasda təbliğ edir, bununla öz ölkələrinin  tanıdılmasına və imicinin yüksəldilməsinə xidmət göstərmiş olurlar.

 

2. Gənc yazıçıların stimullaşdırılması.

Ölkədə kitab sektorunun inkişafını ləngidən bir sıra problemlər var ki, onlardan biri də gənc istedadlı yazarların əsərlərinin nəşri ilə bağlıdır. Söhbət yalnız bədii deyil, həm də elmi əsərlərin müəlliflərindən gedir. Məlumdur ki, gənc yazarı oxucu auditoriyasına tanıtmaq nəşriyyatdan böyük marketinq xərcləri tələb edir. Kitab tirajlarının çox aşağı olduğu bir dövrdə ayrı-ayrı nəşriyyatlar üçün bu yükün altına girmək çox çətindir. Ona görə də gənc yazarların əsərlərinin qiymətləndirilməsi və nəşri üzrə uzunmüddətli dövlət layihəsinə ehtiyac var. Bu yalnız nəşriyyat sektoru üçün deyil, həm də müasir elmimizin və milli ədəbiyyatımızın inkişafı üçün vacib məsələdir.

 

3. Paytaxtda və bölgələrdə kitabın təbliği.

Bu gün Azərbaycan oxucusu kitab əldə etməkdə ciddi çətinlik çəkir. Bir çox bölgələrimizdə kitab mağazaları yoxdur, çünki ərzaq, geyim, inşaat və digər mağazalarla müqayisədə kitabçılar üçün mövcud icarə haqlarını ödəmək imkansızdır. Dövlət kitabxanalarının yeni nəşrlərlə təminatı da arzu olunan səviyyədə deyil.

Bu problemin həlli ilə bağlı bir neçə istiqamətdə layihələrin işlənib hazırlanmasına ehtiyac var:

-Bakıda və regionlarda mütəmadi kitab sərgi və yarmarkalarının təşkili;

-Kitab mağazalarının fəaliyyətə başlaması üçün güzəştli kreditlər və müəyyən dövr üçün vergilərdən azadolunmanın tətbiq edilməsi;

-Dövlət kitabxanalarının aktivliyinin təmin edilməsi və onların nəzdində kitab satış məntəqələrinin yaradılması;

-Metrolarda və şəhərin müxtəlif yerlərində kitab köşklərinin yaradılması, bərpa olunması;

-Paytaxtın mərkəzinə yaxın bir yerdə kitab alış-veriş mərkəzinin yaradılması.

 

4. Uşaq mütaliəsinə dəstək.

Bu gün dövlət məktəb kitabxanalarında kitab fondunun böyük bir hissəsini 15-20 il əvvəl dövlət sifarişi ilə nəşr olunmuş kitablar təşkil edir. Araşdırma aparan və ya mütaliə etmək istəyən şagirdlər öz məktəb kitabxanalarında maraq dairələrinə uyğun kitab tapa bilmirlər. Halbuki son illərdə nəşriyyatlarımız kiçik yaş qrupları üçün çoxlu sayda bədii və elmi-kütləvi kitablar nəşr etmişlər. Təhsilin səviyyəsi yalnız dərslik və dərs vəsaitləri ilə ölçülə bilməz. Mütəliə uşaqların dünyagörüşünün, söz ehtiyatının və mənəvi dəyərlərinin formalaşması üçün vacib amildir. Bunun üçün isə kitabxana fondlarının yenilənməsi və uşaq mütaliəsinin stimullaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə ciddi ehtiyac duyulur.

 

5. Kitabların reklam-tanıtma işinə dəstək verilməsi.

Məlumdur ki, bu gün ölkəmizdə kitab az gəlirli sahə hesab olunur. Bunun bir səbəbi də nəşriyyatların zəruri reklam və marketinq xərclərini qarşılaya bilməməsidir. Kitab sektoru reklam bazarında digər sahələrlə ayaqlaşa bilmir. Lakin nəzərə alaq ki, kitabçılıq, sadəcə, biznes sektoru deyil, həm də maarifçilik və ideologiya məsələsidir. Cənab Prezident də bunu nəzərə alaraq kağızın və kitabın  ƏDV-dən azad edilməsi ilə bağlı sərəncam imzaladı. Kitab təbliği ilə bağlı televiziya və radio kanallarında silsilə verilişlərin təşkil olunması, kitab reklamının sosial reklam statusu alması kitab sektorunun inkişafı üçün böyük dəstək olardı.

 

6. ISBN və hollaqram.

Bu gün Azərbaycan naşirlərinin qarşılaşdığı problemlərdən biri də ISBN və hollaqramların əldə edilməsidir. Bildiyiniz kimi, ISBN verilməsi özəl təşkilatın səlahiyyətindədir və bir kodun qiyməti 20 manatdır, hollaqramı isə Azərbaycan Dövlət Müəllif Hüquqları Agentliyi satır, onun da bir kitab üçün qiyməti 0,15 azn-dir. Bu qiymətlər dünya kitab bazarındakından ən azı 10 dəfə bahadır. Hətta bəzi ölkələrdə ISBN naşirlərə ödənişsiz verilir. Düşünürük ki, Mədəniyyət Nazirliyi bu məsələni nəzarətə götürərək daha uyğun bir variant təqdim edə bilər ki, bunun da qarşılığında nəşriyyatların dövlət kitabxanasına verməli olduğu kitabları daha ciddi izləmək olar, həmçinin də kitab bazarının rəsmi fəaliyyətini şərtləndirər. Bu həm də çap edilən kitabların statistik məlumatlarının əldə edilməsinə ciddi kömək edər.

 

7. “Naşirlər Günü”nün təsis edilməsi.

Nəşriyyat işi ilə məşğul olan naşır, redaktor, tərcüməçi, rəssam, dizayner, korrektor kimi peşə sahiblərinin zəhmətinin dəyərləndirilməsi üçün rəsmi olaraq “Naşirlərin peşə bayramı” kimi bir günün təsis edilməsi, bu sahənin insanlanna xüsusi adlar, dövlət mükafatlarının təqdim edilməsi ömrünü bu yolda həsr edənlərə böyük stimul olar.

 

“Ədəbiyyat və incəsənət”

(29.04.2024)

Bu il XX əsr Azərbaycan tarixinin görkəmli simalarından olan oftalmoloquƏməkdar elm xadimitibb elmləri doktoruprofessorAzərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Zərifə xanım Əliyevanın anadan olmasının 101-ci ildönümü tamam olur. Akademik Zərifə  Əliyevanın alim kimi qazandığı böyük uğurlar Azərbaycan tibb elminin tarixində ayrıca bir mərhələ təşkil edir. Onun elmi fəaliyyəti çox zəngin və əhatəli olmuşdur.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Respublika Gənclər Kitabxanasında xalqımızın dəyərli ziyalısı Zərifə xanım Əliyeva haqqında geniş miqyaslı informasiyanı özündə əks etdirən  "Ümidsiz gözlərin nur mənbəyi - Zərifə Əliyeva” adlı  virtual kitab sərgisi hazırlanmışdır. Virtual sərgidə Zərifə xanımın həyat və fəaliyyəti haqqında geniş məlumat verilir, istedadlı alim kimi oftalmologiyanın aktual mövzularına həsr edilmiş çoxprofilli tədqiqatlar aparması və dəyərli elmi-tədqiqat işlərinin müəllifi olması qeyd edilir. Kitabxana əməkdaşları tərəfindən hazırlanan materialda Zərifə xanımın 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-ə yaxın elmi işin müəllifi olduğu qeyd edilir,  onun haqqında yazılan “Zərifə Əliyeva – Biblioqrafiya”, “Əbədiyaşar məhəbbət”, “Akademik Zərifə Əliyeva” kimi kitabların qısa annotasiyası, “Nəcibli və mənəvi paklıq timsalı”, “Vətənpərvər, qayğıkeş ana”, “Nəciblik və sədaqət örnəyi” kimi dövri mətbuatda işıqlandırılanməqalələr təqdim edilir. Virtual sərgidə Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyevin akademik Zərifə xanım haqqında söylədikləri dəyərli fikirlər, müsahibələrdən fraqmentlər, foto və video görüntülər də yer alır.

Akademik Zərifə xanım Əliyevanın anadan olmasının 101-ci ildönümü münasibətilə hazırlanan "Ümidsiz gözlərin nur mənbəyi - Zərifə Əliyeva” adlı  virtual kitab sərgisi kitabxananın rəsmi saytında yerləşdirilib.

 

“Ədəbiyyat və incəsənət”

(29.04.2024)

 

 

 

 

 

 

 

Bazar ertəsi, 29 Aprel 2024 08:35

Bu gün Beynəlxalq Rəqs Günüdür

Könül, “Ədəbiyyat və incəsənət”

 

Mədəniyyət təqvimində bu günün - aprelin 29-nun qırmızı rəngə boyanmasının səbəbi sadədir: bu gün peşəkar və ya həvəskar rəqslə məşğul olan, rəqsi sevən hər kəsin bayramıdır - Beynəlxalq Rəqs Günüdür.

 

Bu günü bayram etmək qərarına 1982-ci ildə gəlinib, bayram günü UNESCO-nun Beynəlxalq Rəqs Şurası tərəfindən təsis olunub. Bu əlamətdar tarix fransalı baletmeyster, balet nəzəriyyəçisi və islahatçısı Jan Jorj Noverrin (1727-1810) anadan olduğu gündə qeyd olunur. Günün təsis olunmasında məqsəd ictimaiyyətin diqqətini rəqs sənətinə cəlb etməkdir.

Düzdür, olsun ki, cəmiyyıtimizdə Fransaya qarşı antipatiya yarandığından bu günü acığa düşüb bayram etməyənlər çox olacaq. Amma dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da Beynəlxalq Rəqs Günü təsis olunduğu tarixdən hər il qeyd olunub. Azərbaycanda rəqsin tarixi olduqca zəngin və qədimdir axı. İncəsənətin bir qolu olan rəqslərimiz ülvilik, gözəllik və birlik rəmzi sayılır.

Bir də ki, biz oynayan xalqıq. Sümüyümüzə şıdırğı musiqi elə düşür ki, hər çalınan havaya oynamağı sevirik. 

Kökləri eramızdan əvvəlki minilliklərə gedib çıxan milli rəqslərimiz tariximizlə ayrılmaz surətdə bağlı olub, xalqımızın milli xüsusiyyətini, həyat və məişətini əks etdirir. Qobustan qayaüstü rəsmlərində əksini tapmış rəqs səhnələri bunu sübut edir.

Azərbaycan xalq rəqsləri olduqca rəngarəngdir. Onlar quruluş, süjet və mövzu baxımından biri-birindən çox fərqlənir. Bu gün məşhur olan milli rəqslərimizə – “Azərbaycan”, “Heyvagülü”, “Uzundərə”, “Toy rəqsi”, “Turacı”, “Tərəkəmə”, “Cəngi”, “Şalaxo”, “İnnabı”, “Qızılgül”, “Qazağı”, “Qaytağı”, “Qoçəli”, “Lalə”, “Misri”, “Naznazı”, “Vağzalı”, “Yallı” və digərlərini misal gətirmək olar.

Dahi bəstəkar Üzeyir Hacıbəyli tərəfindən yaradılmış Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı bu gün tamaşaçılara bir-birindən gözəl rəqslər və xoş ovqat bəxş edir.

Əminə Dilbazi, Afaq Məlikova, Roza Xəlilova, Təranə Muradova, Tamilla Məmmədova, Böyükağa Məmmədov, Kamil Dadaşov, Böyükağa Atababayev və başqaları öz ifalarında milli elementləri qoruyub saxlamaqla milli rəqsimizi inkişaf etdirərək yeni çalarlarla zənginləşdiriblər.

Azərbaycan Respublikası Prezidentinin Bakı Xoreoqrafiya Akademiyasının yaradılması haqqında 2014-cü il 30 aprel tarixli Sərəncamı isə müvafiq sahəyə olan diqqət və qayğının daha bir nümunəsidir. Belə bir akademiya həm də Şərq aləmində ilk dəfə bizim ölkədə yaradılıb.

Əlbəttə, mən bura striptiz klublarda və barlarda oynanılan oriental rəqsləri aid etməyəcəm. Məncə, onların mədəniyyətə bir aidiyyatı yoxdur. 

Hər halda, bu gün rəqs etməyə dəyər. Rədd olsun Makron! Yaşasın rəqs!

 

“Ədəbiyyat və incəsənət”

(29.04.2024)

Mədəniyyət Nazirliyi yanında İctimai Şura Mil-Muğan Regional Mədəniyyət İdarəsinə tabe mədəniyyət müəssisələri üzrə ictimai dinləmə keçirib. “Ədəbiyyat və incəsənət” portalı İctimai Şuranın sədr müavini Əkbər Qoşalıdan bilgi alaraq tədbirlə bağlı sizləri məlumatlandırır: 

 

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında İctimai Şura aprelin 26-da Sabirabad rayon Mədəniyyət Mərkəzində Mil-Muğan Regional Mədəniyyət İdarəsinə tabe müəssisələr üzrə 350 nəfərə yaxın mədəniyyət işçisi və incəsənət xadiminin iştirakı ilə ilk regional ictimai dinləmə keçirdi. 

Mədəniyyət Nazirliyinin məsul əməkdaşlarının, İctimai Şuranın üzv və ekspertlərinin, Regional Mədəniyyət İdarəsi rəhbərliyinin və digər qonaqların iştirak etdiyi tədbir şəhidlərin xatirəsinə sayğı duruşu ilə başladı. 

İctimai dinləməni giriş sözü ilə açan Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın sədr müavini, Milli Məclisin Mədəniyyət Komitəsinin eksperti Əkbər Qoşalı geniş nitq söyləyərək ictimai dinləmənin keçirilməsinin məqsədləri barədə danışdı. 

Əkbər Qoşalı mədəniyyət qavramı, mədəniyyət iqlimi və qalib ölkənin mədəniyyət strategiyası haqqında fikirlərini bölüşərək, insan əli, ağlı və ruh gücü ilə yaradılmış bütün pozitivlərə kulturoloji baxışa vurğu etdi. 

Sədr müavini əcdadlarımızın hərb gələnəyinin çağdaş texnoloji yeniliklərlə üzvi birliyi, Dövlət-Xalq birliyi əsasında hərb meydanında qazanılmış şanlı Zəfərin mədəniyyət cəbhəsində davamının özəlliklərindən söz açdı. “Mədəniyyət” və “cəbhə” qavramlarının ilk baxışda sanki təzad təşkil etməsini isə xalqımızın uzun illərdir mütəşəkkil beynəlxalq anti-Azərbaycan erməni şəbəkəsi ilə üzləşməli olmasıyla bağladı. O, Azərbaycanafobiya, türkofobiya mərəz və şakərliləri ilə mübarizənin hər kəsin öz yerində və dərəcəsində öz işini ləyaqətlə yerinə yetirməsi ilə sıx əlaqədar olduğunu dedi. 

Əkbər Qoşalı Müzəffər Ali Baş Komandan İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın və Heydər Əliyev Fondunun Ümummilli liderin zəngin irsi əsasında, Azərbaycan həqiqətlərinin təbliğ-tərənnümü işinə, beynəlxalq mədəni əlaqələrə yüksək diqqət-qayğısını hər bir mədəniyyət işçisi üçün örnək olaraq xarakterizə etdi. 

İctimai dinləmədə Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rəisi Faiq Xudanlı hesabat məruzəsi ilə çıxış edərək idarənin son bir ilə dair fəaliyyəti, əldə edilmiş uğurlar, qayğılar və yeni vəzifələr haqqında geniş bilgi verdi. İdarə rəisinin sözlərinə görə, Mil-Muğan Regional Mədəniyyət İdarəsinin tabeliyində 332 müəssisə var: “Onlardan 98-i Sabirabad, 82-si Saatlı, 80-i İmişli, 72-si Beyləqan rayonunda yerləşir. Ümumilikdə Kitabxanalar üzrə 189 müəssisə, klub müəssisələri üzrə 128 müəssisə, təhsil müəssisələri üzrə 5 müəssisə, Heydər Əliyev Mərkəzləri üzrə 4 müəssisə, Tarix-Diyarşünaslıq Muzeyləri üzrə 4 müəssisə və 2 Dövlət Rəsm Qalereyası fəaliyyət göstərir. 

Eyni zamanda, regionu əhatə edən rayonlarda müxtəlif kollektivlər fəaliyyət göstərir. Bu kollektivlərdən 6-sı instrumental ansamblı, 4-ü xalq çalğı alətləri ansamblı, 3-ü Folklor kollektivi, 4-ü Xor kollektivi, 1-i Pəhləvanlar kollektivi, 2-si Xalq teatrı olaraq fəaliyyət göstərir”. 

Faiq Xudanlı hesabat məruzəsində qeyd etdi ki, İdarə tərəfindən Ulu Öndər Heydər Əliyevin 100 illiyinə töhfə olaraq regionda ilk çoxfunksiyalı, müasir tələblərə cavab verən, gənclərin asudə vaxtının səmərəli təşkili və regionda mütaliəyə olan marağın artırılması məqsədi ilə nümunəvi “Hophopnamə” Kitab Mərkəzi yaradılmışdır.

İctimai Şura adından məruzə ilə çıxış edən Şuranın sədr müavini Vüqar Qədirov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ictimai nəzarətin zəif aparılması ilə bağlı fikirlərini rəhbər tutaraq bu sahədə fəaliyyətin canlandırılmasının və iradlardan ciddi nəticə çıxarmağın vacib olduğunu bildirdi. 

Vüqar Qədirov məruzəsində Mədəniyyət naziri cənab Adil Kərimlinin rəhbərliyi altında nazirliyin fəaliyyətində ciddi dönüş yarandığını, idarəçilik sistemində yeni yanaşmanın tətbiq edildiyini, İctimai Şuraya xüsusi önəm verdiyini vurğuladı və nazirliyin bütün strukturlarına və əməkdaşlarına bundan nəticə çıxarmalarının vacib olduğunu qeyd etdi.

Natiq Heydər Əliyev Mərkəzlərinin təkcə muzey kimi yox, ideoloji bir mərkəz olduğunu nəzərə alaraq bu sahədə ciddi struktur islahatlarının aparılmasının və Heydər Əliyev Mərkəzlərinə diqqətin artırılmasının  vacib olduğunu bildirdi. Mədəniyyət sahəsində fəaliyyət göstərən kolleclərin və ali təhsil müəssisələrinin gələcəkdə Mədəniyyət Nazirliyinin tabeliyinə verilməsinin kadr potensialının inkişafına müsbət töhfə verəcəyini bildirən V. Qədirov regionlarda müasir tələblərə cavab verən mədəniyyət müəssisələrinin tikilib istifadəyə verilməsinin bu sahənin inkişafına xidmət edəcəyini bildirdi.

Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın eksperti, Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı İntiqam Yaşar çıxışı zamanı regionda fəaliyyət göstərən gənclər profilli təşkilatlarla əməkdaşlığın artırılmasını, Türk Dövlətlərinin müvafiq mədəniyyət idarələri ilə müştərək layihələrin həyata keçirilməsini, Bakı şəhərində fəaliyyət göstərən yeni nəsil ədəbiyyat nümayəndələri ilə görüşlərin intensivliyinin artırılmasının vacibliyini diqqətə çatdırdı. 

Tədbirdə həmçinin Mil-Muğan Regional Mədəniyyət İdarəsinin mədəniyyət müəssisələri üzrə iş sektorunun baş məsləhətçisi (Beyləqan rayonu üzrə nümayəndə) Məhəmməd Qələndərov, Saatlı şəhər Bülbül adına Uşaq Musiqi Məktəbinin direktoru Ramella İsmayılova, İmişli rayon Heydər Əliyev Mərkəzinin direktoru Lalə Heydərova, Saatlı Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Sürəyya Zeynalova, Sabirabad MKS-nin Kürkəndi kənd kitabxana filialının müdiri Əsmayə Davudova, Saatlı rayon Mədəniyyət Mərkəzinin direktoru Bəylər Əliyev, Saatlı Dövlət Rəsm Qalereyasının bərpaçı rəssamı Nazim Fərəcov çıxış etdilər. 

Onlar öz çıxışlarında fəaliyyət göstərdikləri mədəniyyət müəssisələri üzrə əldə edilən nəaliyyətlər, mövcud problemlər və İctimai Şuranın üzvlərinin və ekspertlərin tədbirdə səsləndirdiklərii təkliflər barədə fikirlərini bölüşdülər və qarşılıqlı fikir mübadiləsi apardılar. 

İctimai dinləmənin sonunda İctimai Şuranın eksperti, "Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli çıxış etdi. Fariz Xəlilli mədəniyyət müəssisələrinin rəhbər və əməkdaşlarına məzmunlu çıxışlarına, bölgənin mədəniyyət müəssisələrinin qayğılarını müstəqil şəkildə səsləndirdiklərinə, problemlərin həll yollarını da təklif etdiklərinə görə minnətdarlıq etdi. Mil-Muğan Regional Mədəniyyət İdarəsinə məhdud imkanlarla qənaətbəxş işinə görə təşəkkür bildirdi. Fariz Xəlilli yaradıcılığın, təşəbbüskarlığın, inkişafın yolunun düzgün planlaşdırma və üst qurumların vaxtında operativ maddi və mənəvi dəstəyindən keçdiyini bildirdi. Mədəniyyət işçilərinin yerli və beynəlxalq elmi tədbirlərə qatılmasının yolunun açılmasının və mərkəzi büdcə tərəfindən dəstəklənməsinin vacibliyini qeyd etdi. Tarix-Diyarşünaslıq Muzeyləri və Rəsm Qalereyalarına son illərdə eksponat və əsər alınmamasının, kənd kitabxanalarının latın qrafikalı kitablarla çox zəif təmin olunmasının acınacaqlı hal olduğunu qeyd etdi. Mərkəzləşdirilmiş büdcə yanında büdcədənkənar fondun formalaşdırılmaması rəhbər işçilərin təcrübəsizliyi və ya qanunlara laqeyd münasibəti ilə əlaqələndirilə bilər. Fariz Xəlilli tarix-mədəniyyət abidələrinin qorunması və öyrənilməsi sahəsində qaldırılan problemlərlə şəxsən maraqlanacağını bildirdi. 

İctimai dinləmədə Mil-Muğan Regional Mədəniyyət İdarəsinin fəaliyyət istiqamətləri, gələcəkdə icra olunacaq layihələr və digər məsələlər barədə də müzakirələr aparıldı. 

Tədbirin sonunda mədəniyyət sahəsində səmərəli fəaliyyətinə görə bir sıra mədəniyyət işçiləri Fəxri Fərmanla təltif olundular. 

Onu da vurğulayaq ki, İctimai Şura üzv və ekspertləri çoxfunksiyalı Mədəniyyət Mərkəzi ilə, həmçinin "Hophopnamə" Kitab Mərkəzi ilə yaxından tanış oldular, Kitab mərkəzinə müxtəlif kitablar bağışladılar. 

 

“Ədəbiyyat və incəsənət”

(29.04.2024)

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

Bu dəfə " Sevdiyin şeiri gəl mənə söylə" rubrikasının qonağı: 

"Gəl gedək günəşin batdığı yerə,

Gündüzlə-gecənin yatdığı yerə,"

-söyləyən  şair İqbal Nəhmətdir.

 

-Xoş gördük, əziz İqbal bəy.

Poeziya daxilimizin səsidir, hisslərin danışmasıdır. Hisslərin söz yığını məngənəsindən azad olub zərgər dəqiqliyi ilə poetik sapa düzülməsidir.

İqbal Nəhmətin şeirlərində də poetizmin gözəlliyini duyuruq.

Bu an üçün İqbal bəydən xahiş etsək ki: "Sevdiyin şeiri gəl mənə söylə"- o bizə hansı şairdən şeir söyləyər?  O şeiri eşitmək istərdik.

 

-Salam Ülviyyə xanım, çox təşəkkür edirəm ki, bu gözəl lahiyənizə məni də qonaq etdiniz. Məncə, hər bir insanın həyatında iz buraxan, xatirindən silinməyən şeirlər var. Bilmirəm, bəlkə, sənin oxuduğun, xoşladığın şeir və yaxud müəllif başqasına maraqlı olmasın. Amma elə şairlər var ki, dünyalarını dəyişsələr də, öz yaradıcılıqları ilə, ictimai   həyatları ilə əbədi olaraq insanların yaddaşında qalır və oxunur. Çox sevdiyim bir şeiri demək imkanım olduğu üçün ustad şairimiz Bəxtiyar Vahabzadənin  “İllər” şeirini deyə bilərəm. Bu şeirdə şair insanın illərlə söhbətini, giley və duyğularını çox gözəl ifadə etmişdir. Buyurun dinləyin.

 

Bəxtiyar Vahabzadə

 

İLLƏR

 

Böyümək eşqiylə uşaqlıqda mən

Boyumu ölçərdim gündə yüz kərə

Çox vaxt gileylənib kiçikliyimdən,

Qibtəylə baxardım mən böyüklərə.

 

Özümü həkimə, gah müəllimə,

Gah da mühəndisə mən bənzədirdim.

Atamın hər kiçik hərəkətini 

Böyük bir həvəslə təqlid edərdim.

 

“Üzüm tüklənəcək, bəs nə vaxt?” deyə

On dəfə baxardım gündə güzgüyə

Yaşımı deməyə mən utanırdım,

Özümdən böyüyü xoşbəxt sanırdım...

 

Böyümək istərdim mən gündə bir yaş,

İstərdim tez keçsin aylar, fəsillər,

Həftələr ötdükcə hey yavaş-yavaş,

“Nə yaman ləng keçir” deyərdim, illər...

 

İllər ləng keçmədi, hər anda illər

Min insan ömründən kam aldı keçdi

Bir zaman gördüm ki, otuz yaşım var,

İllər saçlarıma dən saldı keçdi...

 

Dəyişir insanda məhəbbət, həvəs,

İllər də ömürdən getmir boş yerə,

Bu gün böyüklərə deyil, nədən bəs,

Qibtəylə baxıram mən kiçiklərə.

 

Başımız işlərə qarışır yaman

Heç bilmirik axşam nə zaman düşür

Yamyaşıl gördüyün dünənki yarpaq,

Bir də görürsən ki, budaqdan düşür.

 

İllər çox sürətlə ötür dalbadal

Bir anda dağların qarı sel olur,

Gözümüzü yumub-açınca dərhal,

Həftələr ay olur, aylar il olur.

 

Min gediş, min gəliş olur bir anda,

Qovur bir-birini sanki nəsillər.

Mən hər təzə ili qarşılayanda,

“Nə yaman tez keçir” deyirəm, illər...

 

Deyin, hara belə tələsirsiniz?

Sizsiniz ömrümün yelkəni, illər!

Mən sizi qovardım uşaqlığımda,

İndi qovursunuz siz məni, illər!...

 

“Ədəbiyyat və incəsənət”

(29.04.2024)

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində uşaq saatı davam edir. Bu gün sizlərə ədəbiyyatşünas, publicist Azər Turanın “Toğrul Nərimanbəyovun nağıl ağacı, yaxud Teymur Elçinin yaratdığı mifik təsəvvürlər dünyası” məqaləsi təqdim edilir.

 

Uşaq ədəbiyyatı barədə mütəxəssislər yazsa, bu daha uyğun olar, lakin məni düşündürən odur ki, tutalım, Teymur Elçinin "Toğrul babanın nağıl ağacı" poeması, yazılışından 40 ilə yaxın vaxt keçsə də, ədəbiyyatşünaslığımızda niyə müzakirə və tədqiqat obyektinə çevrilməyib?

Teymur Elçinin bu poemasını hətta fransız şairi Prevertin "Bir quşun rəsmini çəkmək istəsən" şeiri ilə də müqayisə etmək mümkündür. Uşaq xəyalının sənət üfüqlərinə pərvazlanması, mifoloji yaddaşa, nağıllar aləminə səyahət, milli təfəkkürün və estetik dünyagörüşünün formalaşdırılması baxımından "Toğrul Babanın nağıl ağacı" poemasının doğurduğu intibalar çoxdur...

Şuşalı Teymur Elçin poeziya dili ilə Bakının sağ əlində, Xəzərin sahilində kuklaların evində şuşalı Toğrul Nərimanbəyovun çəkdiyi divar rəsmlərinin nağıllarını təfsir edib; rəng sözə, söz rəngə qarışıb.

Toğrul baba sehrkardır, rəngləri də sehrlidir, çubuqlarla – fırçayla "danışır" və kuklaların evinin divarında bircə anda bağ salır. Toğrul baba nağıl rəssamıdır... Onun rəngləri "gülür-danışır", "küsüb-barışır"lar. Lazım gələndə Toğrul baba rənglərə əmr edir, onlar bir yerə "yığışır", içi heyva, nar dolu xurcuna, səbətə çevrilirlər, yaxud göyçək bir qıza dönüb mışıl-mışıl yatır, nar olub yaşıl budaqlardan sallanırlar və s.

 "Kilimçi" nağılı Qız qalasının yaxınlığında qaravəlliylə başlayır. Teymur Elçinin yaratdığı teatral mənzərə unikaldır. Məncə, Azərbaycanda nağıl estetikasını bu qədər dərindən mənimsəmiş ikinci şairi təsəvvürə gətirmək çətindir.

Bayaq da qeyd etdiyim kimi, Teymur Elçinin "Toğrul babanın nağıl ağacı" poemasını Toğrul Nərimanbəyovun Kukla Teatrının divarlarına çəkdiyi rəsmlərin iştirakı ilə oxumaq xüsusi estetik anlam kəsb edir. Bu, Azərbaycan estetik düşüncə tarixində yeni hadisədir. Həm də o mənada ki, tutalım, bizdə nağıl motivləri əsasında yazılmış poetik nümunələr, hətta nağıl-pyeslər var. Amma Azərbaycan nağıllarının az qala hamısının divar rəsmlərinə mövzu olması, onların bir süjet ətrafında birləşdirilməsi ənənəsi Toğrul Nərimanbəyova qədər olmayıb və Teymur Elçinin bu poeması da o rəsmlərin təkrarsız poetik, nəzəri və ensiklopedik şərhidir.

Teymur Elçin Toğrul Nərimanbəyovun rəsmlərini şeirləşdirir. Bu şairanəlikdə rənglərin səciyyəsini dərindən bilən sənətşünas manerası da var; hər şey (məsələn, Qız qalasının yanında kilimçi Qara Vəlinin obrazı və bu obrazın ətrafında baş verənlər, görünən başqa obrazlar) şair Teymur Elçinin poetik izharları ilə tanınır:

 

Uzanıb pəhləvantək Kilimçi Qara Vəli.

Oyun çıxardır yenə, Danışır qaravəlli.

Əlləri, ayaqları meydançadır elə bil.

Göstərdiyi tamaşa bir xonçadır elə bil.

 

Kilimin üstündəcə arxası üstə uzanıb əlayaqlarını yuxarı qaldırmış kilimçini Toğrul Nərimanbəyov şəkilləndirir. Amma onu Qara Vəli olaraq tanıdan, poetik rakursu meydançaya çevirən, onun danışdığı qaravəllini mətnləşdirən, Toğrulun çəkdiyi tablonun şərhini verən Teymur Elçindir. Kilimçinin açıq ovcunun birində eşşəyə minmiş xurcunlu oğlan, digərində isə haldan-hala düşən və qazı əlbisəsi geymiş başqa bir obraz var.

 

Bax bu eşşəkçi oğlan evdən getmişdi çoxdan.

Quş südü istəmişdi şəhər qazısı ondan.

Quş südü bəhanədi, Kim bilir ki, o nədi...

Evlərində heç kəsi, Tamam boşdur heybəsi.

Gətirdiyi bir az nar – sirli bağın meyvəsi...

Sol ovcunda qazını oynadır Qara Vəli:

 – Qazı deməyin buna – Cəlladdır – əmmaməli...

 

Kilimçinin qaldırdığı ayaqlarının birinin pəncəsində bir oğlan təsvir edilib:

 

Bu da tacirin oğlu,

Pulu var çoxlu-çoxlu.

Satın alar dünyanı...

 Görün necə qalıb mat:

Oğlan gəlib salamat...

 

Qara Vəlinin yuxarı açılmış digər pəncəsi üstündə rəqs edən qız:

 

Qonşu qız çıxıb səsə,

Salmışdılar qəfəsə.

 Gah oynayıb-oxuyur,

Məhəl qoymur heç kəsə.

"Tut ağacı boyunca,

Tut yemədim doyunca.

Yarım qayıdıb gəlib,

Görəcəyəm doyunca".

 

Teymur Elçin Toğrul babanın nağıl personajlarını bir-bir şərh edir. Toğrul baba rənglərlə nağıl dünyası yaradır. Onun rəssam təxəyyülündən yaranan nağıllar ətirlidir, rəngarəngdir. Və elə buradaca əlavə edim ki, bu nağılların – rəsmlərin mifoloji mündəricəsi də çox dərindir. Teymur Elçinin qurduğu süjet Nərimanbəyovun çəkdiyi rəsmləri danışdırır. Boyu bir tikə olan Cırtdan Toğrul babanın xurcununa girir və oradan yekə bir nar çıxarır. Toğrul baba bütün dəcəlləri çağırıb nağıla başlayır.

Növbəti nağıl – "Nar bağı" təkcə uşaq ədəbiyyatında deyil, ümumiyyətlə, ədəbiyyatımızda yeni hadisədir. Günər Nar bağında "Məlikməmməd" nağılından tanıdığımız dördbuynuz devi öldürüb nar giləsi kimi şirin və gözəl qızları ölüm yuxusundan oyadır. Yuxudan ayılan Narcan: Arzun nədir, gizlətmə gəl, Eylərəm ona əməl, – deyə Günərə səslənir. Günərin arzusu günəşi tapmaqdır. Çünki eli-obası zülmətdədir. Narcan ona yol göstərir. Buynuzlaşa-buynuzlaşa qabağına gələcək Ağ qoçla Qara qoçun epizodu yekunlaşır və Narcan məsləhət görür ki, Günər Qara qoça yaxınlaşmasın, Ağ qoçun buynuzundan möhkəm yapışsın, çünki Ağ qoç onu işığın ünvanına – Qaf dağının ətəyinə aparacaq.

"Cırtdan" nağılındakı işıq gələn tərəf semantikası Azərbaycan uşaq şeirində bu şəkildə dəyişdirilir. Ardınca süjet xəttinə Qaf dağı səmtində uca və tənha çinar ağacında yuva qurmuş Zümrüd quşu – yuvasında balalarıyla daxil olur. Simurqun əfsanəvi səciyyəsinin müasir uşaq ədəbiyyatı mətninə bu şəkildə daxil edilməsi ədəbi baxımdan hadisədir.

Züm rüd indi Qaf dağının ətəyindədir. Amma Toğrul babanın nağıl ağacına o, Qız qalasından pərvazlanıb:

 

Pərdə salıb ağ bulud,

Üstündə Zümrüd quşu.

Qalanın başı üstdə

Göyərçinlər uçuşur...

 

Bütün mənəvi zirvələrdə Zümrüd quşu vardır. İşıq zirvədədir. İşığa qovuşmağın sirri isə narın içindədir. Narcan Nar bağında Günərə nar verib demişdi ki, çinar ağacında yuva qurmuş Zümrüdü görəndə narı dənələyib quşun balalarına yedirdərsən, sonra harda dara düşsən, zümrüd quşları səni xilas etməyə gələcək. İşıq soraqlı xəyali yol beləcə davam edir. Bu dəfə süjet xəttində Qaf dağının zirvəsində zəncirlənmiş gəncin obrazını görürük (Teymur Elçin mətni ağırlaşdırmır. İşıqdan soraq verən Prometeyi, sadəcə, zəncirlənmiş gənc oğlan olaraq təqdim edir):

 

 O zirvəyə çıxsan əgər,

O cavanın zincirini Qırıb atsan,

Çatacaqsan istəyinə.

 

Rəssamın yaratdığı rəng axını onun özünə olduğu kimi, şairə də intermedial qurğu üçün geniş üfüqlər açır. Burada dekorativ tətbiqi sənətin xalça sənətindan başlayaraq bütün növləri, eləcə də arxitektura, mifoloji anlamlar, həm musiqi, həm də folklor elementləri və s. birlikdə iştirak edir.

Teymur Elçin Toğrul babanın nağıl ağacını şimal motivləri – Şimal mifləri ilə də zənginləşdirir. "Nə yoğurub, nə yapıb, hazırca kökə tapan" Cırtdan "tapdığı" kökəni bir qartala verir. Qartal onu şimala aparır. Azərbaycan nağıl estetikasının obrazlar silsiləsinə yeni elementlər daxil olur. Cırtdan qarlı çöldə itlərə qoşulmuş xizəyə minir. Yolda qartalın "lazım olacaq" deyə ona verdiyi:

 

Lələyi verdim,

 Bir nağıl aldım.

Bura gələndə

 nağılı saldım.

Bir ağ göyərçin

 havada tutdu.

Ala bilmədim,

Nağılı uddu.

 

Göyərçin nağılı qardaşına danışanda Əsmər eşidib Cırtdana söyləyir. Teymur Elçin nağıl estetikası ilə, mifoloji təsəvvürləri, özü də həm türk mifologiyasını, həm yunan mifologiyasını, hətta xristian mifologiyasında müqəddəs ruhu təmsil edən Ağ göyərçini, o cümlədən, bir qartalın qanadlarında şimala uçan Cırtdanın nağılıyla şimal miflərini, üç oğulun etinasızlığından Ağ göyərçinə – ruha çevrilib evdən gedən Ananın nağılını, şimaldan gələn "Ağ göyərçinin nağılı"nı, eləcə də Azərbaycanın yeni Nar mifini – Nar qızın nağılını bir mətnin içində çox rahat şəkildə əridə bilib.

Poemanın dili nağıl dili kimi yüyrəkdir. "Elçi gəldi Təpəgöz" nağılı, əslində, xaosun gəlişidir, Səməndərin danışdığı "Yuxucul Domrulun nağılı"nda Domrulun yuxudan oyanması eli xilas edir, harmoniyanı bərpa edir. Uşaq şeirinin süjetinə Dədə Qorqud motivli təsvirin məhz bu şəkildə, rahatlıqla aşılanması Toğrul Nərimanbəyovun nağıl kosmosunu Teymur Elçinin qələmi ilə uşaq ədəbiyyatımızın poetik güzərgahına çevirir. Nağıl bitir. "Toğrul babanın nağıl ağacı"nda hər şey işıqla yekunlaşır, amma göydən üç alma düşmür:

 

Cırtdan çıxıb uzanmışdı

yaşıl nağıl ağacına.

Nağıllara baxırdı o,

 Nağılların qucağında...

 

“Ədəbiyyat və incəsənət”

(29.04.2024)

Bazar ertəsi, 29 Aprel 2024 09:00

İlham Zəkiyev fenomeni

Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”

 

Bu gün, əziz oxucularım, mən sizə ən son illərin fenomen bir şəxsiyyətinə çevrilmiş azərbaycanlı İlham Zəkiyev barədə də söz açmaq, onu bir əyilməzlik, sınmazlıq etalonu kimi örnək gətirmək istəyirəm.

 

1999-cu ildə hərbi xidmət keçərkən İlham Qarabağda, Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi istiqamətində erməni snayperinin gülləsinə tuş gəldi. Atəşkəs rejiminə baxmayaraq silahı susdurmayan erməni silahlıları tərəfindən 18 yaşlı serjant ağır yaralandı, güllə onun sağ gicgahından girib sol gicgahından çıxmışdı. 5 gün koma vəziyyətində qalan gəncin sağalacağına heç kəs inanmırdı. Amma o, görmə qabiliyyətini büstütün itirsə də həyat sevgisi hesabına sağaldı, ayağa durdu.

Əlbəttə, 18 yaşında dünya işığından məhrum olmaq bir gənc üçün taleyin ən böyük zərbəsi hesab olunar. Adi bir uğursuzluqdan, kiçicik bir problemdən sınan, həyatdan küsən gənclərimiz məgər azdırmı?

İlhamsa dövlətin hesabına xarici ölkədə müayinə edilib müalicə alarkən görmə qabiliyyətinin bərpasının mümkünsüz olması barədə eşitdiyi xəbərdən belə sınmadı, həyatdan küsmədi, vətəninə yenə də faydalı olmaq, ailəsinə yük olmaqdansa dəstək olmaq düşüncəsi ilə paralimpiya hərəkatına qoşuldu. Cüdo idman növündə axtardığını mütləq tapacağına bir əminlik yarandı onda. Gərgin məşqlər özünəinam hissləriylə, özünəgüvənlə birləşdi, hətta ilk dövrdəki uğursuzluqlar belə onu sındırmadı. 2004-cü ildə İlham Afinada paralimpiya oyunlarında bütün rəqiblərinə üstün gələrək Paralimpiya çempionu oldu, ardınca Avropa və Dünya çempionluqları gəldi.

2008-ci ildə Pekində qəhrəmanımız dalbadal ikinci dəfə Paralimpiya çempionluğu zəfərini yaşadı.

Hazırda İlhamın medal qarderobu çox zəngindir, ikiqat Paralimpiya, ikiqat dünya, altıqat Avropa çempionu, 2015-ci il Bakı Avropa Oyunları çempionu olan, ölkənin  «Tərəqqi» medalına, «Şöhrət» ordeninə layiq görülən İlhamın daha bir qələbəsi ailə həyatı qurmasıdır. İndi İlhamın iki oğlu, bir qızı var.

Müasir dövrdə dünya film industriyası uydurma qəhrəmanlar ixrac edirlər. Bir ucdan detpullar, X-mənlər, hörümçək-adamlar, tonistarklar, klarkkentlər yaranmaqdadır. Zənnimcə, İlham Zəkiyev obrazı canlı, real qəhrəman tapmayan dünya sinematoqrafiyası üçün olduqca cəlbedici ola bilər.

Ey qarşılıqsız sevgi, işsizlik, xəstəlik, maddi çətinlik problemi ilə küskünləşmiş motivasiya axtaran insan! Sənin üçün ən böyük motivasiya  İlham Zəkiyev ola bilər!

Dünyada «dünya işığı» adlandırdığımız görmə qabiliyyətindən gözəl nə ola bilər? Amma bu gözəlliyi itirən, üstəlik, dəhşətli, dözülməsi mümkünsüz ağrılar keçirən bir gənc əgər sınmırsa, əlilliyə və ağrılara meydan oxumaqla həyatın özündən qisas ala bilirsə, qazandığı hər bir parlaq idman qələbəsi ilə ona ölüm hökmü çıxaranları mənəvi cəhətdən min yol öldürürsə, belə bir şəxsdən örnək götürüb öz xırda problemlərinə yenilmə, əziz ümidsiz oxucum!

 

“Ədəbiyyat və incəsənət”

(29.04.2024)

 

Ölkəmizdə Kino ssenarilərini dərc edən bir mətbu orqan, dərgi yoxdur. Ümumən, son illərdə heç dramaturji kitablar da nəşr edilmir. Kinoşünaslıq, kinotənqid sahələri də öz qürub dövrünü yaşayır. Bu da kinomuzun inkişaf strategiyasının ziddinədir.

Hazırda həm Mədəniyyət Nazirliyinin, həm də Kino Agentliyinin reallaşdırmaq istədikləri geniş fəaliyyət spektrində bu nöqsanların aradan götürülməsi də aparıcı rol oynayır.

Bu günlərdə “Elm və təhsil” nəşriyyatı tərəfindən tanınmış kinodramaturq, yazıçı, Azərbaycan Kini Agentliyinin direktoru Orxan Fikrətoğlunun “Kinocizgilər” adlı kitabı işıq üzü görəcək. Kitabda həm tammetrajlı, həm qısametrajlı bədii və sənədli film ssenariləri, ekran həlli üçün uyğunlaşdırılmış qısa hekayələr və novellalar yer alıb.

Bu gündən etibarən oxucularımızı “Kinocizgilər” kitabındakı yazılarla tanışlıq gözləyir. Xüsusən, kino sahəsi ilə maraqlananlar üçün, gənc ssenaristlər və rejissorlar üçün düşünürük ki, bu dərclər faydalı olacaq.

 

“TURAN” bədii film ssenarisini təqdim edirik.

 

Titr yazı. Qarabağ. 1921-ci il. Dekabr.

“Agit teatr”ın köçü...

Onbaşı İzzət ağaca söykənərək oturub.

Aktyorlar arabalarda yatırlar...

At diqqətlə arabaların üstünə atılmış qırmızı örtük­lərə baxır...

Ravi-aşıq onbaşı İzzətə yaxınlaşıb yerə çöməlir: – Mənimlə birlikdə aktyorluq eləyə­cəksən. Bur­da ancaq yalanla yaşaya bilərsən. Doğru səni öldürər. Bol­şe­viklər əllərində çıraq səni gəzir. Al, bu da sənədin. Adın Vartapetdir.

Onbaşı İzzət: – Bu nə addır? Fərli müsəlman adı tapa bilmirdin?

Ravi-aşıq: – Bu ad səni daha çox qoruyacaq. Bu gün Vartapetlər dəbdədir. Sənə uyğun səhnələr yazacam. Türk paşasını oynayacaqsan. Belə-belə, Allaha təvəkkül, başımızı girləyəcəyik.

Onbaşı İzzət: – Haçana qədər?

Ravi-aşıq: – Gələn dəfəyə qədər.

Onbaşı İzzət: – Məni Türkiyə sərhədlərinə doğru apar. Gerisi ilə işin olmasın. Səni, yəqin ki, sərhədlərdə saxlamırlar. Yolda nə desən, edərəm. Ora çatana qədər danışmaram da.

Ravi-aşıq mələk qanadları olan qızı yanına çağırır.

Ravi-aşıq: – O atın quyruğunu hör. Üstünü də çulla. Sonra yük arabasına qoş. Gözlərini də bağla. Sağa-sola çox baxır. Bu gözəl oğlana da cırım-cındırdan-zaddan geyindir. Uzun sözün qısası, elə et ki, atı da, özü də tanınmasın. Səhər Qazaxdan Gürcüstana keçirik... Borçalı çökəyinə...

 

***

Titr yazı. 1918-ci il. Bakı ətrafı. Binəqədi kəndi.

Nuru paşanın qərargahı.

Nuru paşa masa arxasında oturub. Nazim bəy ayaq üstə­dir. Qafqaz İslam Ordusunun əsgəri Qoçu Nəcəfqulu ilə birlik­də Nuru paşanın qərargahına daxil olur.

Əsgər: – Paşam, Könüllü Azərbaycan korpusunun döyüş­çüsü Qoçu Nəcəfqulu hüzurunuzdadır. O, Azərbay­can naminə on yeddinci ildən bəri döyüşür. Yerli relyefi müəyyən etməkdə bizə yardımçı olacaq. İcazə verin gedim.

Nuru paşa: – Adını çox eşitmişəm. Qafqaz İslam Ordusu adından sənə minnətdaram.

Qoçu Nəcəfqulu: – Mən öz şəhərimi, adımı və qadınların namusunu qorumuşam. Dədə-babadan nə gör­müşəm, onu götürmüşəm. Bakı işğal altındadır. Adamları heç nədən öldü­rürlər. Mənə silah və adam ver, özüm gedim o dığaları qırım. Belə olmaz. Bunu Allah da götürməz, bəndə də... Şəhərdə silis də yoxdur. Kim nə istəyir, onu edir. Yiyəsizlikdir. Körpə uşaqları belə süngüdən keçirirlər.

Nazim bəy: – Üç gündən sonra şəhərə girəcəyik. Möh­kəm­­lənmək üçün nöqtələri bu gecə müəyyən etmə­liyik. Kəşfiy­yatçıları maneəsiz şəhərə sala bilərsənmi?

Qoçu Nəcəfqulu: – Əlbəttə salaram.

Nuru paşa: – Bilirsən ermənilər niyə bizim uşaqları süngüdən keçirir?

Qoçu Nəcəfqulu: – Müsəlman deyillər, ona görə?

Nuru paşa: – Onlar bizim bələkdə olan uşaq­larımızdan belə it kimi qorxurlar, ona görə. Get hazırlaş.

Qoçu Nəcəfqulu qərargahdan çıxır.

Nazim bəy: – Az qalıb, paşam. Bir-iki günə Bakını azad edəcəyik.

Nuru paşa: – Mən o günün dualarını edirəm, Nazim bəy.

 

***

Titr yazı. “Metropol” mehmanxanasının önü.

 1918-ci il. 15 sentyabr.

Yandırılmış Həşimov mülkünün yanından keçən hərbi maşınlar...

“İsmailiyyə” binasının önündə şəkil çəkdirən hərbi geyimli türk zabitləri...

“Kaspi” mətbəəsinin ermənilər tərəfindən dağı­dıl­mış bi­na­sı önündə sosialist internasionalı mitinq keçirir...

 “Metropol” mehmanxanası türk və Azərbaycan bay­raqları ilə bəzədilib.

 Hotelin qapısı üstünə latın əlifbası ilə “HEYƏTİ-VÜKƏLA” sözləri yazılıb.

 Qafqaz İslam Ordusunun “Metropol” hotelinin qarşısında dayanmış növbətçi əsgəri sənədləri yoxlanılan şair Salman Mümtazı salamlayır.

Əsgər: – Cənab Salman Mümtaz. Sizi 15 sentyabr Bakının Qurtuluşu Günü münasibətilə keçirilən təntənəli ziyafətdə görməkdən çox məmnunam.

Salman Mümtaz igid əsgərin alnından öpüb içəri keçir.

Geniş salonda iclas başlanır...

İclası Heyəti-vükəla rəisi Fətəli Xan Xoyski açır.

Fətəli Xan Xoyski: – Əziz və dəyərli qardaşlar. Qafqaz İslam Ordusunun zəfəri bizim var olmağımızı aydınlatdı. Bu zəfər olmasaydı, bizlər də yox idik. Ədu hələ də qapının ağzındadır. Amma biz artıq bir dövlət olaraq varıq. Biz orduyuq. Biz dünyaya öz gözlərimizlə baxıb, onlarla öz ana dilimizdə danışırıq. Rus istibdadı çökdü. Bu çöküntü altından biz türk arkadaşlarımızın əlindən tutub çıxdıq. İcazə verin Qafqaz İslam Ordusunun komandanı “Altun Ləyaqət” və “Altun imtiyaz” me­dalları ilə təltif edilmiş iyirmi doqquz yaşlı ferik Nuru paşa Hacı Əhməd oğlunu sizə təqdim edim.

Salona toplaşmış qonaqlar ayağa qalxaraq əl çalmaqla Nuru paşanı salamlayırlar...

Fətəli Xan Xoyski: – Sözü paşamızın siyasi mü­şaviri Əhməd bəy Ağayevə verirəm. Buyurun, Əhməd bəy.

Əhməd bəy Ağayev yerindən danışır: – Əcəba, kimdir Nuru paşa deyə düşünənlər aranızda da var, heç şübhəsiz. O, göydən enən mələk deyil. Mərd döyüş­çüdür. O da qorxur. Ancaq düşməndən deyil, Allahdan qorxur. Paşam 1889-cu ildə İstanbulda doğulub. Kökü Krım türklərindəndir. Atasının adı Hacı Əhməddir. Bu dəqiqə bu nəslin üç nümayəndəsi general rütbəsində Türk dünyasına xidmət edir: Ənvər paşa, Nuru paşa və Xəlil paşa. Nuru paşa min doqquz yüz altıncı ildə quru qoşunları məktəbinə daxil olur. Doqquzuncu ildə bu məktəbi uğurla bitirir. Min doqquz yüz on birinci ildə paşam hərbi akademiyanı da bitirir. Min doqquz yüz on üçüncü ildə yüzbaşı, on altıncı ildə minbaşı, on səkkizinci ildə isə yarbay rütbəsi alır. Onu Qafqaz İslam Ordusuna komandan təyin edən Osmanlı sultanı elə həmin il paşama ferik, yəni general rütbə­si­ni verir. O, Şimali Afrika cəbhəsində igidliklə döyüşüb. Liviya­da cəbhə komandanı olub. Trablisqərbdə italiyalılara qarşı sava­şıb. Ödüllərinin sayını deyimmi? Onun ən böyük ödülü düşmən əlindən geri aldığı Azərbaycandır.

Salona toplaşanlar ayağa qalxıb əl çalırlar...

Sonra işıqlar sönür...

Zala toplaşanların arasından çıxmış Ənvər paşa qiya­fə­sin­də olan Abbas Mirzə Şərifzadə “Ədirnənin fəthi” tamaşa­sından monoloq söyləyir...

Xüsusi lojada oturmuş Nuru paşa, Məmməd Əmin Rəsulzadə, Xan Xoyski, Nəsib bəy Yusifbəyli və sonuncu Bakı xanı Fətəli xan...

Abbas Mirzə: – Ey qəhrəman türklərin igid balaları. Qarış­qa­lar kimi ayaqlar altında tapdanmağa həyatmı deyilir? Hayır. Türk olduğunu anlayan hər kəs bunu qəbul etməz. Yerin üstün­də yatmaqdansa, altında yatmaq daha gözəl deyilmi? Biz kim­sə­dən tərəhhüm ummarıq. Tərəhhüm bir millətin ölməsi de­mək­dir. Silahına ar­xalanmayan bir millət yüksək-yüksək dağ­lara belə daya­nırsa, nəhayət, yıxılacaqdır.

Zaldan alqış sədaları eşidilir... “Yaşa, Nuru paşa, yaşa, Ənvər paşa” şüarları səslənir...

Monoloq bitən kimi Bakı xanı ayağa qalxır.

Bakı xanı Fətəli xan: – Bilirsiniz ki, “Ədirnənin fət­hi” tamaşasındakı Ramiz obrazı Nuru paşanın pro­totipidir. Bu əsəri on yeddi yaşında yazmış Cəfər Cab­barlı bu gün bizimlə birlikdədir. Bura gəl, Cəfər. Bilirəm, Nuru paşaya sözün var.

Gənc Cəfər Cabbarlı Nuru paşaya yaxınlaşıb təzim edir...

Cəfər Cabbarlı: –  “Ədirnənin fəthi” əsərinin ilk səhnə baxışı 1917-ci ildə Bakıda olub. Bu gün sizə söz verirəm ki, Bakının azad olunması ilə bağlı yeni bir əsər yazacağam. Bu əsər sizin şərəfinizə yazılacaq, paşam. Bu əsərin də qəhrəmanı siz olacaqsınız. Bir də sizdən bir xahişim var. Nə olar, bizim Dağlı məhləsinə də bir dəfə qonaq gəlin. Görün anam sizə necə bozbaş bişirir.

Zalda gülüş səsləri eşidilir...

 

 “Ədəbiyyat və incəsənət”

(29.04.2024)

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.