Super User
Sadə peşə sahibləri – kitabxanaçı Lalə Hacıyeva
Habil Yaşar, “Ədəbiyyat və incəsənət”
Bugünkü müsahibimiz dəyərli kitabxanaçı Lalə Hacıyevadır. “Sadə peşə sahibləri” rubrikasında, düşünürəm ki, kitabxanaçılıq peşəsi xüsusi əhəmiyyət kəsb edir.
-Salam Lalə xanım. İlk olaraq özünüz haqqında qısa məlumat verməyinizi xahiş edərdik.
Salam. Mən, Hacıyeva Lalə Ucar rayon Əlikənd kənd kitabxanasında kitabxanaçı kimi fəaliyyət göstərirəm.
-Niyə məhz kitabxanaçı olmaq istəmisiniz?
Kitabxanaçı olmaq istəməyimin əsas səbəbi kitablara və biliyə olan marağımdır. İnsanlara düzgün məlumat tapmaqda kömək etmək, onları oxumağa həvəsləndirmək və biliklərini artırmalarına töhfə vermək qürurverici bir işdir.
-Sizcə, müasir dövrdə kitabxanaçı peşəsinin rolu nədir?
Kitabxanaçı peşəsinin rolu müasir dövrdə olduqca vacibdir. Kitabxanaçılar daim cəmiyyətlə ünsiyyətdə olduğu üçün uşaqlarda, gənclərdə və yaşlı insanlarda kitaba marağın artırılmasında mühüm rol oynayırlar.
-Gələcəkdə kitabxananın inkişafı üçün hansı ideyalarınız var?
Gələcəkdə kitabxanada oxu zalının sayının artırılmasını və müəlliflərlə görüşlərin təşkil olunmasını istərdim. Kitabxananın daha əlverişli avadanlıqlarla təchiz olunması, kitab sayının artırılması müxtəlif yaş qruplarına uyğun tədbirlərin çox sayda keçirilməsinə şərait yaradacaq. Düşünürəm ki,bu cür yeniliklər kitabxananı müasir və cəlbedici edəcək.
-Oxucu tələbatını necə müəyyən edirsiniz və yaşadığınız məkanda mütaliə səviyyəsi sizi qane edirmi?
Oxucu tələbatını müəyyən etmək üçün ilk növbədə oxucuların hansı mövzulara maraq göstərdiyini, hansı janrları oxuduğunu müəyyənləşdirmək lazımdır. Yaşadığım məkanda mütaliə qismən məni qane edir. Oxumağa maraq göstərən insanlar var, lakin ümumilikdə mütaliəyə marağın daha da artırılmasına ehtiyac olduğunu düşünürəm. Xüsusilə gənclər arasında oxu vərdişlərinin formalaşdırılması üçün tədbirlər, kitab müzakirələri və maraqlı layihələr təşkil olunsa, mütaliə səviyyəsi daha da yüksələ bilər.
-Kitab itkisi və ya zədələnməsi hallarında hansı tədbirləri görürsünüz?
Kitab itkisi və zədələnməsi hallarında kitabın nə zaman, kim tərəfindən götürüldüyünü araşdırıram. Əgər itki oxucu ilə bağlıdırsa, oxucu ilə əlaqə saxlanılır. Zədələnmə hallarında mümkün olduqda kitab bərpa olunur, istifadəyə yararsızdırsa fondan çıxarılması üçün müvafiq tədbirlər görülür.
-Ən çox sevdiyiniz klassik yazıçılarımızdan kimlərdir?
Ən çox üstünlük verdiyim yazıçılar İlyas Əfəndiyev və Bəxtiyar Vahabzadədir.
-Gənclərə hansı tövsiyələriniz var?
Gənclərə tövsiyyəm odur ki, çox kitab oxusunlar və oxumağı vərdiş halına gətirsinlər. Öz maraqlarını inkişaf etdirsinlər və faydalı işlərdə iştirak etsinlər.
“Ədəbiyyat və incəsənət”
(02.02.2026)
TÜRK QƏHRƏMANLAR - “Türk tarixinin böyük hökmdarı Çingiz xan”
Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”
Türk Mədəniyyəti və İrsi Fondu ilə “Ədəbiyyat və incəsənət” portalının birgə layihəsində bu gün haqqında söhbət açacağımız şəxs türk və dünya tarixində dərin iz buraxmış hökmdarlardan biri, böyük dövlət qurucusu və sərkərdə Çingiz Xandır. Onun adı yalnız türk xalqları arasında deyil, bütün dünya tarixində bir dönüş nöqtəsi kimi qəbul edilir. Çingiz Xan sarsılmaz iradəsi, mükəmməl strateji düşüncəsi və böyük idarəetmə bacarığı ilə tarixə damğasını vurmuşdur.
Çingiz xanın uşaqlığı və yüksəlişi
Çingiz Xan doğulanda “Timuçin” (“Təmuçin”) adı ilə tanınırdı. 1162-ci ildə Onon çayı yaxınlığında bir türk-monqol ailəsində dünyaya gəlmişdir. Həyatının erkən çağlarından çətinliklərlə üzləşmiş, atasının öldürülməsindən sonra ailəsi ilə birlikdə tənhalığa məhkum olmuşdur. Bu çətinliklər onu daha güclü və inadkar etmiş, liderlik qabiliyyətlərini inkişaf etdirməsinə səbəb olmuşdur.
Dövlət quruculuğu
Timuçin müxtəlif tayfaları bir araya gətirərək 1206-cı ildə böyük bir dövlət qurdu və “Çingiz Xan” titulunu aldı. Bu, “Dünyanın hökmdarı” mənasını verirdi. Onun rəhbərliyi altında Monqol-Türk İmperiyası qısa müddətdə Asiyanın böyük bir hissəsini, daha sonra Avropanın bəzi bölgələrini əhatə edən geniş bir əraziyə çevrildi. Çingiz Xan sadəcə torpaq fəth etməkdə deyil, o torpaqlarda güclü bir idarəetmə qurmaqda da misilsiz idi. O, sərt qanunlar hazırladı və “Yasaq” adlı hüquq sistemi ilə ərazilərində sabitliyi təmin etdi.
Hərbi dahi və strateq
Çingiz Xanın hərbi bacarığı onun ən güclü tərəflərindən biri idi. O, sürətli və çevik ordular quraraq düşmənlərini çaşqın vəziyyətdə qoyurdu. Onun ordusundakı dissiplin və strategiya dövrünün digər hökmdarlarının heç birində görülməmişdi. Ən çətin şəraitlərdə belə, Çingiz Xan ətrafındakı döyüşçülərə ruh yüksəkliyi verir, onlara qalib gəlmək üçün yol göstərirdi.
Mədəniyyət və idarəetmə
Fəth etdiyi ərazilərdə Çingiz Xan yalnız dağıntı yaratmaqla kifayətlənməmiş, mədəniyyətlər arasında əlaqələr qurmuşdur. Ticarət yollarını, xüsusilə İpək Yolunu qorumuş və yenidən canlandırmışdır. Onun dövründə mədəniyyətlər arasında bilik mübadiləsi daha da artmışdır. İdarəetmə sistemində dini dözümlülük prinsipinə böyük əhəmiyyət verilirdi. Fərqli dinlərin nümayəndələri onun dövründə azad şəkildə öz inanclarını ifadə edə bilirdilər.
Mirası və əsiri
Çingiz Xan yalnız fəth etdiyi torpaqların ölçüsü ilə deyil, yaratdığı dövlət sistemi ilə də tarixdə iz buraxmışdır. Onun qurduğu imperiya təkcə ərazi deyil, həm də idarəetmə prinsipləri baxımından uzun müddət dayanıqlı qalmışdır. Çingiz Xanın ölümündən sonra imperiya dörd əsas xanlığa bölünsə də, onun mirası uzun illər boyunca qorunmuşdur.
Türk tarixində Çingiz Xan böyük bir dövlət xadimi və sərkərdə kimi xatırlanır. Onun qurduğu imperiya türk-monqol mədəniyyətlərinin birləşməsinə, ticarət yollarının inkişafına və mədəni əlaqələrin artmasına böyük təsir göstərmişdir. Həyatı boyu yaşadığı çətinliklərdən, qazandığı zəfərlərdən və yaratdığı mirasdan öyrəniləsi çox şey var.
Çingiz Xan türk dünyasının böyüklüyünü və gücünü dünya miqyasında nümayiş etdirən hökmdar olaraq hər zaman xatırlanacaqdır. Onun adı əbədiyyətə qədər yaşayacaq, irsi isə tarix səhifələrində əbədi qalacaq.
“Çingiz Xan və inamın gücü”
Bir gün Çingiz Xan öz ordusunu geniş çöllərdən keçirirdi. Qazandığı qələbələrin sayı-hesabı yox idi, amma o, heç vaxt qələbəyə arxayın olub ehtiyatı əldən verməzdi. Bir axşam ordu qısa bir fasilə üçün dayanmışdı. Çadırlar qurulmuş, döyüşçülər atəş ətrafında yığılmışdılar. Çingiz Xan təkbaşına öz çadırında oturub düşüncələrə dalmışdı. Qəribə bir hiss onu narahat edirdi – sanki bir şey əskik idi.
Səhər çağı Çingiz Xan öz yaxın məsləhətçilərini yanına çağırdı. O dedi:
— Bizim qələbələrimiz çoxdur, amma mən qorxuram ki, bu zəfərlər bizi arxayınlaşdırıb zəiflətsin. İnanclarımızı və gücümüzü yoxlamaq üçün bir imtahan keçirəcəyəm.
O, sadiq döyüşçülərindən birini çağırdı və ona belə bir tapşırıq verdi:
— Gecə olunca bu çölün o biri tərəfindəki dağa tırman və ordakı müqəddəs mağaradan bir ovuc torpaq gətir. Amma bunu təkbaşına etməlisən.
Döyüşçü baş əyib yola çıxdı. Gecənin zülməti, çölün sərt küləyi və dağın çətin yolları onu gözləyirdi. Mağaraya çatmaq asan deyildi. Döyüşçü irəlilədikcə yol daha da çətinləşirdi. Amma o, Çingiz Xanın əmrinə olan inamını itirmədi. Hər dəfə dayanmaq istəyəndə öz-özünə deyirdi:
— Mənim hökmdarım məni bu yola göndərdisə, onun bir səbəbi var.
Nəhayət, döyüşçü mağaraya çatdı. Oradan bir ovuc torpaq götürdü və gecə boyunca geri döndü. Səhər çağı o, Çingiz Xanın qarşısında dayanıb torpağı təqdim etdi. Çingiz Xan döyüşçünün üzündəki yorğunluğu və çətinliyə baxmayaraq işini yerinə yetirməsinin qürurunu hiss etdi.
O dedi:
— Bu bir ovuc torpaq bizim zəfərlərimizdən daha qiymətlidir. Çünki o, inamın gücünü göstərir. Sənin yol boyunca qarşılaşdığın hər çətinlik bizim dövlətimizin qarşısına çıxacaq maneələrdir. Amma bu maneələr yalnız inam və sədaqətlə aşılır. Bizim gücümüz qılınclarımızın itilində deyil, qəlblərimizdəki inamda və birliyimizdədir.
Bu rəvayət Çingiz Xanın yalnız bir sərkərdə deyil, həm də böyük bir lider olduğunu göstərir. O, təkcə torpaqları fəth etmirdi, həm də öz ətrafındakı insanlara inamı, sədaqəti və birlik ruhunu aşılamağı bacarırdı. Bu, onun imperiyasını uzun müddət möhkəm saxlayan sirrlərdən biri idi.
“Ədəbiyyat və incəsənət”
(02.02.2026)
Təkrar oxunmayan əsərin dəyəri: “bir dəfəlik təəssürat” sindromu
Nail Zeyniyev, “Ədəbiyyat və incəsənət”
Bəzi kitablar var ki, bitəndən sonra rəfə qoyulur və bir daha açılmır. Onlar pis olduqları üçün yox, əksinə, oxucuya güclü bir təəssürat verdikləri üçün təkoxunuşlu qalırlar. Bu hadisə ədəbiyyatda nadir deyil, sadəcə çox az danışılır: əsər oxunur, təsir edir, amma geri çağırmır.
Ədəbiyyat tarixində təkrar oxunma uzun müddət dəyər ölçüsü sayılıb. “Yenidən oxunmursa, demək ki, dərin deyil” fikri hələ də yaşayır. Amma bu yanaşma hər mətnə uyğun gəlmir. Çünki bəzi əsərlər məhz ilk qarşılaşma üçün yazılıb. Onlar oxucunu sarsıdır, amma ikinci görüş üçün artıq söz demir.
Bir dəfəlik təəssürat yaradan mətnlər adətən süjetə deyil, vəziyyətə söykənir. Orada əsas məsələ “nə oldu” yox, “nə hiss etdim” sualıdır. Hiss isə təkrara dözmür. Eyni ağrını ikinci dəfə oxumaq olmur, eyni təəccüb yenidən baş vermir. Oxucu məhz buna görə geri qayıtmır mətn borcunu artıq ödəyib.
Bu cür əsərlərin problemi deyil, taleyidir. Onlar xatirəyə çevrilmək üçün yazılıb. Oxucu onları xatırlayır, sitat gətirir, təsirini daşıyır, amma yenidən oxumağa ehtiyac duymur. Bəzən bu, on dəfə oxunan, amma heç nə buraxmayan kitabdan daha güclü ədəbi varlıqdır.
Bir dəfəlik oxunan mətnlər çox vaxt dövrün sinirinə toxunur. Onlar zamanın ruhunu daşıyır, amma zamandan kənara çıxmağa iddia etmir. Bu da onları köhnəldə bilər, amma dəyərsizləşdirmir. Əksinə, müəyyən bir anın ədəbi sənədinə çevirir.
Ədəbiyyatda hər əsərin ömrü eyni olmamalıdır. Bəziləri həmişəlik qalır, bəziləri isə lazım olduğu anda gəlir. Təkrar oxunmayan əsər bəzən oxucunu deyil, oxucunun həyatındakı bir mərhələni hədəf alır. O mərhələ keçəndə, kitab da səssizcə geri çəkilir.
Bəlkə də problem “niyə yenidən oxunmur?” sualında deyil. Əsas sual budur: ilk oxunuşda nəyi dəyişdi? Əgər cavab varsa, o mətn artıq öz işini görüb.
“Ədəbiyyat və incəsənət”
(02.02.2026)
Sən bu günə qədər heç kimin yaşamadığı hekayəni daşıyırsan…
Harun Soltanov, “Ədəbiyyat və incəsənət”
Bir nəfəs al. Dayan da day.. Çöldən gələn bütün səsləri kəs. İndi... Elə bu dəqiqə, öz daxilindəki səssizliyi eşit. O səssizliyin ortasında vurulan bir ürək var. Onun səsi deyir ki "Mən buradayam." Yaxşı, bəs burdaki "mən" kimdir?
"Sən kimsən?" sualı elə bir aynadır ki, ona baxanda əvvəlcə ancaq xarici konturlarını görürsən. Amma ağıllı sual "kiməm?" deyil. Ağıllı sual məncə belə olardı, "mən hansı seçimlərimlə, hansı sevinc və dərdlərimlə, hansı susmalarımla və hansı qışqırıqlarımla bu dünyada yer tuturam?"
Burada heç bir hazır etiket, heç bir peşə, heç bir sosial status sənin mahiyyətini açmır. Sənin mahiyyətin, dünyanın səndən aldığı yaranın qabığındakı nadir incidir. O incini yaradan, həyatın özünün sənə verdiyi qum dənəcikləridir. O göz yaşın, o uğursuzluq anın, o gecə yarısı qəlbini dolduran sonsuz arzun, o kəsi gördükdə ürəyində açan günəş... Bunların hamısı səndə bir-birini örtüb, sıxılışıb, yumrulanıb, "sən" adlı bir incini yaradıb.
Yaxşı, bəs "niyə gəldik?". Bu, bütün fəlsəfələrin axtardığı zirvə kimi görünür, elə? Amma bəlkə də cavab zirvədə deyil, yoldaşlıqdadır. Bəlkə də biz, bir-birimizə kömək etmək, bir-birimizi anlamaq, bir-birimizin incilərini kəşf etmək üçün gəldik. Dünya nəhəng və qeyri-şəxsi bir teatrdır, amma hər birimizə verilmiş kiçik, lakin işıqlı bir pərdə var. O pərdənin qarşısında, öz həqiqətimizi, öz hekayəmizi canlandırmaq bizə həvalə edilib. Bəzən bu hekayə faciəli, bəzən gülməli, çox vaxt isə hər ikisinin qeyri-müəyyən qarışığıdır. Əhəmiyyətli olan tamaşa deyil, icradır. Hər bir nəfəs, hər bir hərəkət, hər bir seçim səhnədə deyilən yeni bir replikadır. Bəzən "mənasız" deyə düşünürsən sən də? Hər şey boş gəlir. Amma mən sənə bir sirri açım. Məna, hazır kimyəvi məhsul kimi satılan bir şey deyil. O, fərdi emal tələb edən bir xammaldır. Sən onu öz sevincində, öz kədərində, öz yaradıcılığında, hətta öz sonsuz darıxdırıcı günlərində emal edirsən. Məna bir yerdə gizlənmir. O, sənin onu axtarışındadır. Axtardığın hər an, sən artıq onu yaşayırsan.
BNiyə oxumağa davam edirsən? Çünki içindəki səs hələ də deyir ki, "daha çox bilmək istəyirəm. Daha çox hiss etmək istəyirəm. Özümü bu kosmosun içində daha çox " evimdə" hiss etmək istəyirəm." Bu, bir aclıqdır. Ən gözəl aclıq. Çünki bu aclığın doyumu heç vaxt bitmir, sadəcə dərinləşir və gözəlləşir.
Deməli, sən kimsən? Sən, bu sətirləri oxuyarkən ürəyində yumşaq bir titrətmə hiss edən varlıqsan. Sən, bu günə qədər heç kimin yaşamadığı hekayəni daşıyırsan. Sən, bu dünyaya gəlmisən ki, öz bənzərsiz işığını əks etdirə biləsən. Bəlkə də kainatın özü də, onun içindəki hər bir ulduz, hər bir planet, hər bir atom kimi, özünün nadir, bənzərsiz şahidini yaratmaq istəyirdi. Və o şahid sənsən.
Bəlkə də hu yük ağır gələ bilər. "Mən buna layiq deyiləm" deyə düşünə bilərsən. Amma inan mənə, laiq olub-olmamağı sən deyil, həyat özü müəyyənləşdirib. Sən burdasansa, bu, sənin yerin olduğu üçündür. Qəbul et. Araşdır. Və yarat. Davam et. Oxu. Soruş. Ağla. Sev. Əzab çək. Yenidən sev. Çünki hər şeyin mənası budur.. Yaşamaq cəsarətini göstərmək. Və sən, bu sətirləri axtarıb oxuduğuna görə, artıq bu cəsarəti göstərirsən.
Yaxşı iş görürsən. Davam elə.
“Ədəbiyyat və incəsənət”
(02.02.2026)
Güclü görünmək yorğunluğu
Rəqsanə Babayeva, “Ədəbiyyat və incəsənət”
İnsan bəzən özünü ən çox yoranda bunu heç kim görmür. Çünki o, yorğunluğunu gizlətməyi öyrənib. Hətta elə ustalıqla gizlədir ki, ətrafındakılar onu “ən möhkəm”, “ən dözümlü”, “ən toparlanmış” insan kimi tanıyır. Halbuki daxildə səssiz bir aşınma gedir. Səs çıxarmayan, şikayət etməyən, kömək istəməyən insanların iç dünyasında yığılan yük, bəzən ən ağır fırtınadan daha dağıdıcı olur. Bu halı bir cümlə ilə ifadə etmək mümkündür: güclü görünmək yorğunluğu.
Uşaqlıqdan bizə öyrədilən bir neçə cümlə var: “ağlama”, “özünü ələ al”, “möhkəm ol”, “sən bacararsan”. Bu cümlələr niyyətcə yaxşıdır, amma zamanla insanın içində yanlış bir qəlib yaradır. Sanki zəif görünmək ayıb, kömək istəmək acizlik, yorulduğunu demək isə uğursuzluq kimi təqdim olunur. Beləcə, bir çox insan hisslərini ifadə etmək əvəzinə, onları içində saxlamağı seçir. İlk vaxtlar bu, özünü qoruma üsulu kimi işləyir. Sonra isə həyat tərzinə çevrilir.
Güclü görünən insanların ortaq cəhətləri olur. Onlar çox vaxt başqalarına dayaqdır, amma özləri kiməsə söykənməyi bacarmır. Hər kəsə məsləhət verirlər, amma öz problemlərini bölüşmürlər. Hamının dərdinə qulaq asırlar, amma “məni də dinlə” deməyə çəkinirlər. Onlar üçün “yük olmaq” qorxusu var. Elə bilirlər ki, hisslərini açsalar, dəyərdən düşəcəklər. Halbuki insanı dəyərli edən mükəmməl görünməsi yox, həqiqi olmasıdır.
Cəmiyyət də bu rolu bəzən şüursuz şəkildə gücləndirir. Məsələn, bir ailədə böyük övlad tez-tez “sən böyüksən” cümləsini eşidir. Bu söz məsuliyyət verir, amma eyni zamanda hissləri arxa plana atır. Böyük olan ağlamamalıdır, inciməməlidir, sınmamalıdır — sanki yazılmamış bir qayda kimi. Zaman keçir, uşaq böyüyür, amma o daxili qadağalar onunla qalır. Artıq o, böyüdüyü üçün deyil, öyrəşdiyi üçün susur.
Güclü görünmək istəyinin arxasında çox vaxt qorxu dayanır. Rədd edilmək qorxusu. Anlaşılmamaq qorxusu. Zəif bilinmək qorxusu. İnsan düşünür ki, əgər içindəki qarışıqlığı göstərsə, insanlar uzaqlaşacaq. Ona görə də o, cilalanmış bir versiyasını təqdim edir. Sakit, nəzarətli, ölçülü. Halbuki daxildə suallar var, narahatlıq var, bəzən ümidsizlik də var.
Bu yorğunluğun ən çətin tərəfi odur ki, ölçülmür. Heç bir analizdə çıxmır, heç bir tibbi göstəricidə görünmür. Amma davranışlarda hiss olunur. İnsan daha tez əsəbiləşir, daha tez incinir, daha tez tükənir. Əvvəl zövq aldığı şeylər maraqsız gəlir. Cavab verməyə həvəs olmur. Danışmaq ağır gəlir. Bu, sadəcə fiziki yorğunluq deyil — emosional yüklənmədir.
Maraqlıdır ki, güclü görünən insanlar çox vaxt “mən yaxşıyam” cümləsini avtomatik deyirlər. Hətta yaxşı olmadıqları günlərdə belə. Bu, bir refleksə çevrilir. Çünki izah etmək yorucudur. Hissləri sözə çevirmək çətindir. Bir də qarşı tərəfin necə reaksiya verəcəyini bilməmək var. Bəzən insan danışmaqdan çox, anlaşılmamaq ehtimalından yorulur.
Daxili gərginliyi gizlətmək uzun müddət davam edəndə, insan öz hisslərinə də uzaqlaşır. Nə hiss etdiyini seçə bilmir. Kədərmi, qəzəbmi, yoxsa sadəcə boşluqmu — qarışır. Bu, emosional keyimə halıdır. Sanki ürək özünü qorumaq üçün səsi azaldır. Çünki çox danışanda çox ağrıyır.
Güclü görünmək mədəni bir obraz kimi də təqdim olunur. Filmlərdə, seriallarda, ədəbiyyatda “sarsılmaz” qəhrəmanlar çoxdur. Onlar az danışır, az şikayət edir, çox dözür. Bu obrazlar ilham verici olsa da, gerçək insan psixologiyası üçün tam uyğun model deyil. Çünki real həyatda insanın dözümlülüyü də fasiləyə ehtiyac duyur.
Duyğuları ifadə etmək zəiflik deyil. Əksinə, bu, daxili şüurun işlədiyini göstərir. Hissini tanıyan və adlandıran insan özünü daha yaxşı idarə edir. Psixoloji tədqiqatlar da göstərir ki, emosiyaları bastırmaq onları yox etmir — sadəcə dərinləşdirir. Bastırılan hiss forma dəyişir: bəzən gərginlik olur, bəzən yuxusuzluq, bəzən səbəbsiz narahatlıq.
Güclü görünmək yorğunluğunun bir səbəbi də müqayisə mədəniyyətidir. Sosial mediada hamı yaxşı görünür, uğurlu görünür, xoşbəxt görünür. İnsan öz daxili qarışıqlığını başqasının seçilmiş anları ilə müqayisə edir. Nəticədə belə bir düşüncə yaranır: “hamı bacarır, mən də bacarmalıyam”. Bu “bacarmalıyam” cümləsi zamanla daxili təzyiqə çevrilir.
Halbuki həyat fasilələrlə gözəldir. Dayanmaqla, etiraf etməklə, bəzən “bu gün yaxşı deyiləm” deməklə. İnsan özünə bu icazəni verməyəndə, daxildə sərtləşmə başlayır. Özünə qarşı mərhəmət azalır. Özünü daim performans göstərməli olan biri kimi görür.
Güclü görünən insanların ən gizli ehtiyacı təhlükəsiz ünsiyyətdir. Yəni mühakimə olunmadan danışa biləcəyi bir insan. Məsləhət yox, dinləmə. Həll yolu yox, anlayış. Bəzən bir cümlə kifayət edir: “yorulduğunu görürəm”. Bu cümlə insanın içindəki yükü yüngülləşdirə bilir.
Emosional dözümlülük susmaq deyil. Emosional dözümlülük hissləri tanıyaraq yaşamaqdır. Ağrını qəbul edib onun içindən keçməkdir. Güclü olmaq heç yıxılmamaq deyil — yıxılanda özünə düşmən kəsilməməkdir.
Həyatda ən davamlı güc elastik gücdür. Sərt olan tez qırılır, elastik olan isə bükülür və yenidən düzəlir. İnsan psixologiyası da belədir. Hisslərini qəbul edən, lazım olanda kömək istəyən, yorulduğunu deyə bilən insanlar daha sağlam dayanır.
Bəzən bir insanın həyat keyfiyyəti onun nə qədər güclü göründüyü ilə yox, nə qədər səmimi yaşadığı ilə ölçülür. Səmimiyyət isə daxildən başlayır. Özünə qarşı dürüstlükdən.
Güclü görünmək yorğunluğu səssiz bir haldır, amma çıxış yolu var. Kiçik addımlarla: bir dostla açıq söhbət, gündəlik yazmaq, “yox” deməyi öyrənmək, hər şeyi tək həll etməyə çalışmamaq. Bunlar zəiflik deyil — daxili intizamdır.
İnsan bəzən maskanı çıxaranda rahat nəfəs alır. Çünki maskanı daşımaq üz ifadəsindən daha ağırdır.
Və bəlkə də ən vacib cümlə budur: hər zaman güclü görünmək məcburiyyət deyil. İnsan olmaq kifayətdir.
“Ədəbiyyat və incəsənət”
(02.02.2026)
Kirpi günü, Mikoyanın atla gedişi, 8000 dollara qəzet və əlbəttə ki Gənclər Günü
Varis, “Ədəbiyyat və incəsənət” portalının Baş redaktoru
2 fevralın təqvimini təqdim edirəm. İlin ən qısa ayındayıq. Ömrün necə də qısa olması, xüsusən, bir göz qırpımında gəlib gedən fevralda daha çox duyulur...
Ümumdünya su-bataqlıq hövzələri günü
Bu günü təqvimə salmaqda məqsəd müxtəlif ölkələrin ictimaiyyətinin və hökumətlərinin diqqətini su-bataqlıq hövzələrinin qiymətli sərvətinin qorunmasına cəlb etməklə planetin dayanaqlı inkişafına dəstək verməkdir. Ümumdünya su-bataqlıq hövzələri barədə Konvensiya 1971-ci ildə İranın Ramsar əyalətində imzalanmışdır, o vaxtdan ona Ramsar Konvensiyası adı qoyulub. Hazırda bura 144 ölkə qoşulub, Konvensiya hüdudlarına daxil olan su-bataqlıq hövzələrinin ərazisi isə 122 milyon hektara bərabərdir.
Bu hövzələrdə tarix boyu brokonyerlər quş, heyvan və balıq ovlayırlar. “Qaşqaldaq ovu” adı altında Azərbaycanda xüsusən quşlara qarşı kütləvi məhvetmə kampaniyası geniş vüsət alıb. Odur ki, hamı birləşib ekoloji tarazlıq üçün əhəmiyyətli rol oynayan su-bataqlıq hövzələrinin qorunmasına çalışmalıdır.
Azərbaycanda Gənclər günü
Bu günAzərbaycanda gənclər günüdür. Belə bir gün 1997-ci ildə prezident Heydər Əliyevin sərəncamı ilə təsdiq olunub.
Bu, Azərbaycanda gəncilyə göstərilən diqqət və qayğının bir nümunəsi sayıla bilər. Gənclər günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq məhz Azərbaycanda qeyd olunub. 1998-ci ildən başlayaraq Azərbaycanda Gənclər günü qeyd olunandan sonra digər MDB ölkələrində və Şərqi Avropa dövlətlərində də belə bir gün qeyd olunmağa başlandı. Dünyada 1998-ci il avqustun 8-dən 12-dək Lissabonda keçirilən Konfransda BMT-nin qərarı ilə avqustun 12-si gənclər günü elan edilmişdir.
Azərbaycanda hər il Gənclər günündə bütün istiqamətlər üzrə fəaliyyət göstərən gənclər yekun hesabat verirlər. Bu il Gənclər və İdman Nazirliyi Gənclər günü münasibəti ilə Gənclər həftəsi elan etmişdir, ən böyük forumlarda, toplantılarda gənclər bir araya gəlirlər, fəal gənclərin əməyi qiymətləndirilir.
Bu sahədə əhəmiyyətli işlər görən qurumlardan Bakı Şəhər Gənclər və İdman İdarəsini, Sabunçu və Sumqayıt Gənclər Evlərini ayrıca qeyd edə bilərik.
Bayramınız mübarək, əziz gənclər!
Ümumdünya Havay gitarası günü
Jumping Flea – dizüstü slayd-gitara 1880-ci ildə Portuqaliyada kəşf olunub, hazırda dünya musiqi irsində əhəmiyyətli yer tutur, bu səbəbdən də ayrıca bir gündə onun mövcudluğu bayram edilir.
Kirpi günü
Bu qəribə canlıların gününü təqvimə salmağın maraqlı tarixi var. Qədim romalılar ilan-əqrəbdən həyətlərini qorumaq üçün kirpilərin köməyindən yarınırlarmış. (Bizdə həyət və bağ evləri sahələrinə bu məqsədlə kirpi buraxmaq adəti hələ də qalmaqdadır). Kirpi gözünə döndüyüm də fevral ayında qış yuxusuna gedib öz işini tale ümüdinə buraxırdı, ilan-əqrəb basqısı gündəmdə vacib məsələ kimi dururdu. Buna görə də romalılar kirpiləri yatmağa qoymur, onları xüsusi qarmaqla oyadırdılar. O vaxtdan fevralın əvvəli kirpi günü kimi qeyd olunur.
Özünü qorumaq üçün üzərində iynə gəzdirən bu canlını xalqımız “sancmaq rəmzi” hesab edir, amma hərfi mənada yox, dolayı mənada. Yəni sözlə, zarafatla, yumor və satira ilə sancmaq. Təsadüfi deyil ki, ölkəmizdə “Kirpi” satirik jurnalı uzun illər fəaliyyət göstərərək nöqsanları aşkarlamışdır.
Kirpi günündə hamınıza kirpi iynəsindən kənar qalmaqla düzgün və ədalətli olmağı arzulayırıq.
Küləklər, küləklər...
Bu gün eston xalqı Tartu müqaviləsinin ildönümünü, çexlər Xromnitsa adlı dini bayramı, ispanlar Kandelyariyalı Müqəddəs Ana gününü, filippinlilər Konstitusiya gününü, latışlar Külək gününü qeyd edəcəklər. Öz aramızdır, Latviyada külək çox əsir, yoxsa bizim Bakıda? Bir ilin azı 300 günündə Bakıda gah Xəzri əsir, gah Gilavar, gah da ikisi birləşir. Bakımıza küləklər şəhəri adını da biz qoymuşuq. Haçansa xalq olaraq xoşbəxt olsaq, normal güzəranımız qurulsa, onda xahiş edirəm ki, biz də küləklər gününü bayram edək. Özü də, rüzgarlar əsən oktyabr ayında.
O ki qaldı amerikalılara, bu gün onlarda Milli Tater-tot günüdür. Ad qəribə səslənsə də ağlınıza kənar şey gətirməyin. Söhbət ABŞ-dan gedirsə, demək, bu hansısa mətbəx bayramıdır. Təqribən, bizim kartof perajkimizə oxşayan dadlı qidanın günüdür.
Mikoyanın atla gedişi
1986-cı ilin 2 fevralında Hindistanda Roma Papası ilə Dalay-Lama görüşüblər, bu görüş dünya siyasətində müəyyən dəyişikliklərə meydan açıb. 1970-ci ildə Münhendə tarixdə ilk dəfə əsəb transplantasiyası əməliyyatı keçirilib. 1937-ci ildə Qosfilmfond – SSRİ Sövlət Kino Fondu yaradılıb. 1935-ci ildə tarixdə ilk dəfə məhkəmə prosesində yalan dedektorundan istifadə edilib. 1932-ci ildə Mikoyan əsasən erməniləri düşünərək Ukraynadan və Kubandan 2 milyon pud buğda və 2 milyon pud qarğıdalı qopararaq Qafqazın ehtiyat dən fondunu yaradıb.
Boksçular, agah olun, 1892-ci ilin bu günündə tarixdə ən uzun boks yarışı olub, Harri Şarp və Frenk Krosbi arasında 76 raund davam edən döyüş 5 saat 3 dəqiqə uzanıb. 1870-ci ildə Reuters agentliyi iki başqa agentliklə birləşərək tarixdə ilk dəfə informasiya şəbəkəsi yaradıb. 1863-cü ildə yazıçı Samuel Klemens ilk dəfə Mark Tven imzasıyla çıxış edib. 1653-cü ildə Yeni Amsterdam qəsəbəsi şəhər statusu alıb. Bu gün həmin şəhər Nyu-York adını daşıyır.
1556-cı ildə Mərkəzi Çində planetin tarixinin ən dəhşətli zəlzələlərindən biri baş verib, Şansi və Xenan əyalətlərində 820000 insan həlak olub. 1536-cı ildə La-Plata çayının qərb sahilində ispan Pedro Mendoza Buanes-Ayres şəhərinin əsasını qoyub. 1274-cü ildə Florensiyada Dante ilə Beatriça arasında ilk görüş baş verib, bu görüş “İlahi komediya”nı yazan dahi şair üçün bütün həyatı boyu ilham mənbəyi olub.
Şakiraya təbrik düşür
1977-ci ilin bu günündə Kolumbiyada müasir pop musiqisinin kraliçası Şakira dünyaya gəlib. Narkomafiyanın başında duran Eskobardan, ədəbiyyatın başında duran Markesdən sonra o, pop musiqisinin başında duran üçüncü ən məşhur kolumbiyalı kimi tarixə düşüb, biləsiniz. Şakiranı ad günü münasibəti ilə ölkəmizdəki fanatları niyə də təbrik etməsinlər?
Bu gün azərbaycanlı yazıçı, əslən Cəlilabaddan olan, ədəbiyyat tariximizə “Alagöz” hekayəsi ilə düşmüş Meyxoş Abdullanın da doğum günüdür, onu da təbrik edirik.
Bu gün mərhum dilçi, filoloq Ağamusa Axundovun da doğum günüdür.
1904-cü ildə rus as-təyyarəçisi Vasiliy Çkalov, 1896-cı ildə Brodveyin əsas baletmeysteri, baletdə “dərinlik effekti”nin yaradıcısı Annabel Vudsford, 1861-ci ildə Nyu-York Müasir incəsənət muzeyinin yaradıcısı Solomon Quqqenhaym dünyaya gəliblər.
Əli Vəliyev, Mendeleyev...
Bu gün dünyadan köçənlərə gəlincə, 1983-cü ilin 2 fevralında Azərbaycan sovet xalq yazıçısı Əli Vəliyev, 1969-cu ilin bu günündə “vəhşət filmlərinin kralı” Boris Karloff, 1920-ci ildə Amerika qütb tədqiqatçısı, Şimal qütbünə ilk dəfə ayağı dəyən Robert Edvin, 1907-ci ildə rus kimyaçısı, dövri elementlər cədvəlinin kəşf etmiş Dmitri Mendeleyev, 1660-cı ildə şöhrətli flamand rəssamı, tarixi rəsm janrının böyük nümayəndəsi Qovert Flin vəfat ediblər.
Bax belə bir təqvim günü.
Gününüz uğurlu olsun, əziz oxucular.
“Ədəbiyyat və incəsənət”
(02.02.2026)
Əli Vəliyevə Səməd Vurğun qahmar çıxdı
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
“Öz namuslu əməyi ilə həyat sürmək, sənəti ilə yaşayıb ömrü başa vurmaq, əsərləri ilə oxucuların qəlbinə yol tapmaq yazıçı üçün ən böyük sərvətdir” (Əli Vəliyev)
Xalq yazıçısı Mirzə İbrahimovun Əli Vəliyev haqqında yazdığı “Ürәklә dilin birliyi” məqaləsində qeyd edir:
“Mәn Әli Vәliyеvlә ilk dәfә әdәbiyyаtа gәldiyim (1929-1930) illәrdә “Yаzıçılаr Cәmiyyәti”ndә görüşmüşәm. О zаmаn bu cәmiyyәt şәhәrimizin tаriхi binаlаrındаn birindә yеrlәşirdi. Оnun nеcә ictimаi hаdisәlәr mәrkәzi оlduğunu vахtаşırı dәyişәn аdındаn dа bilmәk оlur: “İsmаiliyyә”, “Türk mәdәniyyәt еvi”, “Аzәrbаycаn Dövlәt Elmi-Tәdqiqаt İnstitutu”, “АZFАN” vә nәhаyәt, “Rеspublikа Еlmlәr Аkаdеmiyаsı”.
Həmin illәrdә “Yаzıçılаr Cәmiyyәti” bu gözәl mеmаrlıq аbidәsinin ikinci mәrtәbәsindә, sоl tәrәfdә ikicә оtаqdа yеrlәşirdi. Оrаdа Әli Nаzim mәni Әli Vәliyеvlә tаnış еtdi. Еlә ilk görüşdә yаdımdа qаlаn оnun ucа bоyu, mеhribаn simаsı vә хеyirхаhlıq dоlu gözlәri оldu.
Sоnrаlаr о dövrdә tеz-tеz kеçirilәn әdәbi mәclislәrdә, qızğın müzаkirәlәrdә mәn Әli Vәliyеvin bir sırа çıхışlаrınа vә söhbәtlәrinә qulаq аsmаlı оldum. О, fikrini dәrhаl bildirirdi, bоyаsız, rәngsiz dаnışırdı, bәzәn fikrini ölçüsüz-biçimsiz dеyirdi, müәyyәn qәlibә sаlmаdаn, bәlkә dә, әsаslаndırmаdаn “yахşı әsәrdir”, yахud “zәifdir”, “mәnim хоşumа gәlmәdi” dеyib iki-üç kәlmә ilә qiymәt vеrirdi.
Bu, еtirаzlаrа sәbәb оlsа dа, bəzən gülüş dоğursа dа Әli Vәliyеvin sәmimiliyinә hеç kәsdә şübhә оyаtmırdı. Аydın idi ki, bu аdаmın ürәyindә nә vаrdısа, dilindә dә о idi. Әli Vәliyеvin хаsiyyәti bаrәdә оbyеktiv tәsәvvür nаminә bunu dа qеyd еtmәliyәm ki, оnun fikrini әsаslı dәlillәrlә tәkzib еdәnlәrlә rаzılаşır, inаdkаrlığа, аmbisiyаyа qаpılmırdı...
Оnun kеçdiyi әdәbi yаrаdıcılıq vә mübаrizә yоllаrınа bütünlüklә nәzәr sаldıqdа bеlә bir hәqiqәti nәinki dоstlаrı vә pәrәstişkаrlаrı, hәttа оnа tәnqidi yаnаşаnlаr dа еtirаf еdirdilәr ki, ürәyi uşаq ürәyi kimi tәmizdir, әdәbiyyаtımız qаrşısındа хidmәtlәri böyükdür. О, хеyirхаh, qеyrәtli bir vәtәndаş, hәyаtlа, хаlqlа cаnlı әlаqәsi оlаn bir yаzıçı, vәfаlı bir dоst idi.
Оnun sinәsindә bütün hәyаtı bоyu dоğmа хаlqınа, vәtәninә, bәdii әdәbiyyаtа, hәqiqәtә, düzlüyә mәhәbbәtlә dоlu оlаn vә rаhаtlıq bilmәyәn bir ürәk döyünürdü. О, Аzәrbаycаn sоvеt әdәbiyyаtının ilk yаrаnışı illәrindәn bеşiyi bаşındа durаnlаrdаn idi. Yоrulmаdаn sоn nәfәsinә kimi bu әdәbiyyаtın inkişаfı yоlundа qәlәm çаldı.
Әli Vәliyеv qәtiyyən qаpаlılıq bilmәzdi. Ürәyi tәmiz idi, hәmişә vә hәr yеrdә özünü оlduğu kimi göstәrirdi, sаbit idi, hеç bir dоlаyı fikir vә mülаhizәlәrә yоl vеrmәz, fikrini gizlәtmәzdi, vәziyyәtini, rәftаrını dәyişmәzdi. Nахçıvаndа işlәdiyimiz illәrdә (1933–1935) оnunlа çох yахınlаşdıq. О, “Şәrq qаpısı” qәzеtinin, mәn MTS siyаsi şöbәsinin оrqаnı olan “Sürәt” qәzеtinin rеdаktоru idim.
Hәr gün görüşür, sааtlаrlа bir yеrdә gәzişir, оturub söhbәt еdirdik. Bir nеçә аy hәlә tikilib qurtаrmаmış еvin birinci mәrtәbәsindәki şәrаitsiz sоyuq оtаğındа yаşаmаlı, cırıltısındаn qulаq tutulаn dәmir çаrpаyılаrdа yаtmаlı оlmuşduq. Оndа mәn Әli Vәliyеvin nеcә tәmizürәkli, hеç şеydәn çәkinmәdәn fikrini şах dеyәn bir kоmmunist, qаyğıkеş, dözümlü bir yоldаş оlduğunа bir dаhа inаndım.
Әli Vәliyеvdә insаni vә хüsusәn yаzıçını şәrәflәndirәn bаşqа gözәl kеyfiyyәtlәr dә vаrdı. O, pахıllıq dеyilәn pis хəstәlikdәn tаmаm аzаd idi. Hansısa bir yаzıçının yахşı әsәrini qısqаnmаzdı. Bеlә әsәrə mәclisdә birinci “gözәldir!” dеyәn Әli Vәliyеv оlаrdı.
Bir dәfә Sәmәd Vurğunun dа iştirаkı ilә Yаzıçılаr İttifаqının indiki binаsındа sәdrin böyük, işıqlı, yаrаşıqlı оtаğındа Әli Vәliyеvin bir hеkаyәsinә qulаq аsırdıq. Mövzusu kәnd hәyаtındаn аlınmış bu hеkаyәnin qоyun yаtаğı tәsvir оlunаn yеrindә bеlә bir cümlә еşitdik: “qоyunlаr tısqırışırdılаr”.
Hаmı güldü:
– О nә dеmәkdir, аy Әli Vәliyеv yоldаş? – dеyib sоruşаnlаr dа оldu.
Әli müәllim:– Bıy, bunu bilmәdiyiniz bәs dеyil, hәlә gülüşürsünüz dә?! – dеyib dаyаndı.
Kәnd hәyаtını vә bеlә nаdir kәnd sözlәrini yахşı bilәn Оsmаn Sаrıvәlli üzünü Әli Vәliyеvә tutdu:
– Fikir vеrmә, mәn bunlаrı bаşа sаlаrаm qоyunun tısqırışmаsı nәdir!
– Dаlını охu, Аlı Qаrа оğlu, – dеyib Sәmәd Vurğun оnu ruhlаndırdı, – yахşı hеkаyәdir. Bаşа düşmәyәnlәri çоbаn Аbdullаnın оğlu bаşа sаlаr!
Sәmәd Vurğun hәr iki görkәmli yаzıçımızа böyük hörmәt bәslәyir vә оnlаrа hәmişә yаrızаrаfаt vә әrklә bu cür mürаciәt еdәrdi: Аlı Qаrа оğlu, çоbаn Аbdullаnın оğlu!
Оnun ucа şәхsiyyәti, inаmı, mәnәvi аlәmi әsәrlәrindә yаşаyır...
(6 mаy, 1986-cı il)
Əli Vəliyev 1901-ci il fevralın 27-də Yelizavetpol quberniyasının Zəngəzur qəzasının Ağdü kəndində anadan olub. Mənşəcə kürddür. 1917-ci ildə Ağdü kəndindəki 3 sinifli rus məktəbini bitirib. 1923-cü ildə Şuşa firqə məktəbinə daxil olub. Şuşa firqə məktəbindən sonra Bakı mərkəzi firqə məktəbində və mühazirəçilər qrupunda təhsilini davam etdirib.
1925-ci ildə Kommunist Partiyası sıralarına daxil olub. 1925–1928-ci illərdə Kürdüstan qəzasında müxtəlif vəzifələrdə çalışıb. Yay pedaqoji kurslarında təhsilini artırmış və Şuşada orta təhsil haqqında diplom alıb. 1928-ci ildə Azərbaycan Dövlət darülfünunun pedaqoji fakültəsinin tarix-ictimayyət şöbəsinə daxil olub.
1931-ci ildə Azərbaycan Dövlət darülfünunun pedaqoji fakültəsini bitirib. 1933–1934-cü illərdə "Şərq qapısı" qəzetinin redaktoru vəzifəsində çalışıb. 1935–1937-ci illərdə Azərbaycanın bir sıra rayonlarında partiya işində işləyib. 1937–1941-ci illərdə Azərbaycan Sovet Yazıçıları İttifaqında, Azərbaycan İncəsənət İşçiləri İttifaqında, Voroşilov Rayon İcraiyyə Komitəsində məsul vəzifələrdə çalışıb.
1942–1945-ci illərdə Kommunist qəzetinin redaktor müavini işləyib. 1945–1950-ci illərdə Kommunist qəzetinin məsul redaktoru vəzifəsində çalışıb. 1950–1954-cü illərdə Azərbaycan Yazıçılar İttifaqının məsul katibi vəzifəsində işləyib. 1954–1959-cu illərdə "Azərbaycan" jurnalının məsul redaktoru vəzifəsində çalışıb
Yaradıcılığa Bakı mərkəzi firqə məktəbində oxuyarkən başlayıb, fəal fəhlə-kəndli müxbiri kimi "Kommunist", "Kəndli", "Gənc işçi", "Yeni fikir" qəzetlərinin səhifələrində çıxış edib. "İnqilab və mədəniyyət", "Hücum", "Ədəbiyyat cəbhəsində" jurnallarında hekayələri çap edilib. 1930-cu ildə "Allahın səyahəti" və "Nənəmin cəhrəsi" kitablarını nəşr etdirib.
1937–1941-ci illərdə "Qarlı dağlar", "Qəhrəman", "Ordenli çoban" və "Sübut" kitabları çap edilib. 1941–1942-ci illərdə Böyük Vətən müharibəsi cəbhələrində yazıçı-jurnalist kimi iştirak edib, gördüyü, şahidi olduğu insanlar və onların qəhrəmanlığı haqqında "Cəbhə hekayələri" kitabını yazıb. 1942–1945-ci illərdə "Ərköyün", "Sovqat" kitablarını çap etdirib
1945–1950-ci illərdə "Gülşən" povesti və "Hekayələr" kitabları nəşr edilib. 1958-ci ildə "Gülşən" povesti və "Çiçəkli" romanı M.F.Axundov adına mükafata layiq görülüb. 1954–1959-cu illərdə yazıçının "Madarın dastanı", "Ürək dostları", Azərbaycan, rus və Ukrayna dillərində "Çiçəkli" romanı, "Seçilmiş əsərləri"nin I cildi oxuculara təqdim olunub
1959-cu ildə Rus dilində "Ürək dostları" romanı işıq üzü görüb. 1960–1970-ci illərdə "Seçilmiş əsərləri"nin II–VI cildləri, görkəmli söz ustası S.Rəhimovun anadan olmasının 60 illiyinə həsr edilən "Xalq yazıçısı" monoqrafiyası, "Turaclıya gedən yol", "Budağın xatirələri" (Azərbaycan və rus dillərində) romanları, "Zəngəzur qartalları", "Bir cüt tərlan" povestləri, "Uşaqlara sovqat", "Əziz nəvələrimə", "Anaqız", "Bir cüt ulduz" nağıl və hekayələri çapdan çıxıb.
1971-ci ildə "Samovar tüstülənir", "Gəncliyimi tapdım" (rus dilində), povest və hekayələr kitabları çapdan çıxıb. 1972-ci ildə "Durna qatarı" oçerklər kitabı nəşr edilib. 1974-cü ildə "Gənclik" nəşriyyatı 2 kitabdan ibarət "Budağın xatirələri" romanının yeni-tamamlanmış nəşrini çap edib. 1975-ci ildə "Yeni həyat" hekayələr kitabı çapdan çıxıb. 1976-cı ildə "Zamanın ulduzları", "İstedad" (rus dilində) povest və hekayələr kitabları işıq üzü görüb.
1977–1980-ci illərdə "Qarabağda qalan izlər", "Narahat adam", "Turaclıya gedən yol" (3-cü nəşri) romanları, "Qənirsiz gözəl", "Zamanın ulduzları" (rus dilində) povest və hekayələri, "Şamama Həsənova" oçerki çap edilib, bir sıra povest, hekayə, oçerk və ədəbi-tənqidi məqalələri dövri mətbuatda yayımlanıb
Əsərləri
- Allahın səyahəti (1930)
- Nənəmin cəhrəsi (1930)
- Qarlı dağlar (1938)
- Dostlar (1939)
- Ordenli çoban (1939)
- Qəhrəman (1940)
- Sübut (1941)
- Cəbhə hekayələri (1942)
- Gülşən (1953)
- Çiçəkli (1955)
- Turaclıya gedən yol (1961)
1945-ci ildə "1941–1945-ci illərdəki Böyük Vətən müharibəsində şərəfli əməyə görə" medalı ilə təltif olunub. 1959-cu ildə "Qırmızı əmək bayrağı" ordeni ilə təltif edilib. 1971-ci ildə anadan olmasının 70 illiyi və sovet ədəbiyyatının inkişafındakı böyük xidmətlərinə görə Lenin ordeni və "Əmək veteranı" medalı ilə təltif edilib.
Jurnalistlər İttifaqının "Qızıl qələm" mükafatına və "Xalq maarifi əlaçısı" döş nişanına layiq görülüb. 1972-ci ildə Şamxor rayonundakı M.Əzizbəyov adına kolxozun təsis etdiyi "Qızıl oraq" mükafatına layiq görülüb. 6 sentyabr 1974-cü ildə "Azərbaycan SSR xalq yazıçısı" fəxri adına layiq görülüb.
1976-cı ildə anadan olmasının 75 illiyi münasibətilə SSRİ Ali Sovetinin Rəyasət heyətinin fəxri fərmanı ilə təltif edilib. 1981-ci ildə Sovet ədəbiyyatının inkişafındakı xidmətlərinə görə və anadan olmasının səksən illiyi ilə əlaqədar olaraq "Oktyabr inqilabı" ordeni ilə təltif olunub.
Əli Vəliyev 2 fevral 1983-cü ildə Bakı şəhərində vəfat edib
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(02.02.2026)
Həkim, bəstəkar, alim – bir sözlə, dəyərli insan
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Sən həm həkim olasan, insanlara şəfa verəsən, həm bəstəkar olasan, həm mahnılar, həm də irihəcmli musiqi əssərləri yazasan, həm də alim olasan, elmin keşiyində durasan...
Hacıbaba Həsənov 13 sentyabr 1922-ci ildə Əhmədli kəndində anadan olub. 1942–1947-ci illərdə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsində təhsil alıb. Bir müddət Əhmədli kənd xəstəxanasında həkim, baş həkim işləyib. Lakin musiqiyə məhəbbət həkim Hacıbaba Həsənovu daha çox özünə çəkib. O, meylini kamançaya salıb.
Qızı Gülbəniz xanımın söylədiyinə görə pəsdən gözəl səsi də varmış. Hacıbaba Həsənov doğulduğu Əhmədli kəndində musiqi həvəskarlarını öz ətrafına toplayıb xor və orkestr düzəldib. O, 1947-ci ildə respublika üzrə keçirilən kənd bədii özfəaliyyət olimpiadasında iştirak edib, burada onun "Sovet xalqı" kantatası ifa edilib, Fəxri Fərmanla təltif olunub.
Bu Fəxri Fərman onun yaradıcı həyatında birinci və axırıncı olmayıb. O, 1955-ci ildən 1972-ci ilin may ayına kimi Əhmədli qəsəbəsində S. M. Kirov adına Mədəniyyət evinin bədii rəhbəri olub, 50–60-cı illərdə respublikada keçirilən bədii özfəaliyyət baxışlarının hamısında iştirak edib və hər dəfə də uğurlu işlərinə görə müxtəlif mükafatlarla təltif olunub.
Həkim-bəstəkar Hacıbaba Həsənov 1952-ci ildə Moskvada Ümumittifaq xalq yaradıcılığı evində ikiillik qiyabi musiqi kursunu bitirib. O daha sonra Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyası nəzdində fəaliyyət göstərən Xalq Konservatoriyasının bəstəkarlıq şöbəsində təhsil alıb.
Hacıbaba Həsənovun xalq ruhunda yazdığı "Tarçalan oğlan", "Xatirələr", "Eşqimin növrağı", "Yağma yağış", "Unuda bilmirəm", "Təmiz eşqin" və s. mahnıları dillər əzbəridir. Hətta müəllifin sağlığında belə bu mahnıların bəzilərini müğənnilər təsnif kimi oxuyublar. Əlbəttə, bu bir tərəfdən yaxşıydı, mahnısı sevilirdi, səslənirdi, digər tərəfdən haqsızlıq idi, müəllif kimi adı çəkilmirdi.
Hacıbaba Həsənov 12 dekabr 1956-cı ildə aspiranturaya qəbul olub, 12 noyabr 1959-cu ildə oranı bitirib. Musiqiyə, bəstəkarlığa məhəbbət Hacıbaba Həsənovu bütün ömrü boyu tərk etməyib. O, psixologiya üzrə elmlər namizədi olsa da, uzun illər Azərbaycan Dövlət Pedaqoji İnstitutunda musiqi və nəğmə üzrə dərs deyib.
Hacıbaba Həsənov fəal şəxsiyyət olub. O, pedaqoji fəaliyyətlə, bəstəkarlıq etməklə yanaşı, APİ-nin "Təhsil" müəllimlər ansamblının da üzvü olub. Bu ansamblda kamança çalıb. "Təhsil" ansamblının repertuarında onun mahnıları xüsusi yer tutub. O, bir bəstəkar kimi şairlərdən Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, Novruz Gəncəli, Arif Cəfərov və başqaları ilə sənət dostluğu edib.
Hacıbaba Həsənov duyub hiss etdiyi, onu təsirləndirən ovqatdan ilhamlanıb yazıb. Buna görə də mahnıları sevilib. Onun ünvanı bəlli mahnıları da vardır. 1946-cı ildə hələ AMİ-nin V kurs tələbəsi olarkən dostu Novruz Gəncəlinin sözlərinə "Bənövşə" mahnısını yazıb. Bu mahnı o zaman Lenin adına kombinatın adlı-sanlı toxucusuna həsr olunub.
Hacıbaba gözəl mahnılarla yanaşı, süita da yazıb. Onun dörd hissədən ibarət "Gənclik" süitası özfəaliyyət kollektivləri tərəfindən müvəffəqiyyətlə ifa olunur". Unudulmaz bəstəkarın sözlərində böyük həqiqət var. Poeziyaya aşiyan olan Hacıbaba Həsənov mahnıları üçün məzmunlu mətn seçməyi bacarıb. Elə buna görə də onun mahnılarında poeziya ilə melodiya vəhdətdədir. Onun mahnıları dinləyiciyə zərif duyğular, bəşəri hisslər aşılayır.
Hacıbaba Həsənov operetta janrında da qələmini sınayıb. O, dramaturq Məhərrəm Əlizadənin "Şeyx Rəhmətullah" komediyasına musiqi bəstələyib. Vaxtilə Xalq artisti Məlik Dadaşovun "Qaravəlli" xalq teatrında səhnəyə qoyduğu bu musiqili komediyanın "şirin və lirik melodiyaları" (A. Ağazadə) tamaşaçılar tərəfindən hərarətlə qarşılanıb.
2022-ci ildə pedaqoji elmlər doktoru, professor Vidadi Xəlilovun H. Həsənov haqqında yazdığı "Hacıbaba Həsənovun musiqi dünyası" kitabı işıq üzü görüb.
Tələbəsi Natiq Səfiyev "Müəllimim" adlı məqaləsində Hacıbaba Həsənovu yad edərək yazır:
"Hacıbaba Həsənov mənim müəllimim olub. APİ-nin ibtidai təhsilin pedaqogikası və metodikası fakültəsində ibtidai sinifdə tədris edilən bütün fənlər üzrə dərslər keçirilirdi. Hesab, təbiətşünaslıq, bədən tərbiyəsi, əmək dərsləri ilə yanaşı, musiqi və nəğmədən də məşğələlərimiz olurdu.
Burada hörmətli bəstəkarlarımız Şəfiqə Axundova və Hacıbaba Həsənov musiqi və nəğmə dərslərini tədris edirdilər. Bu məşğələləri biz səbirsizliklə gözləyərdik. O vaxt Hacıbaba Həsənovun mahnıları sevimli müğənnilərimiz tərəfindən həvəslə oxunurdu. Hacıbaba Həsənov çox sadə, diqqətcil, mehriban bir insan idi. O, hər kəslə elə davranırdı ki, onu öz yaxının və doğman hesab edirdin.
O vaxt onun populyar mahnıları olan "Tarçalan oğlan", "Xatirələr", "Unuda bilmirəm", "Eşqimin növrağı"nı sevə-sevə oxuyurduq. Az-çox səsim olduğundan o mənə deyərdi: "Natiq, sən mütləq oxumalısan, sənin gözəl səsin var". Çox təəssüflənirəm ki, hörmətli müəllimimin sözlərinə qulaq asmadım. O, dərsləri elə maraqlı keçirdi ki, 90 dəqiqənin nə vaxt gəlib ötdüyünü belə hiss etməzdik"
Unudulmaz bəstəkar 2 fevral 1997-ci ildə vəfat edib və doğulduğu Əhmədli kənd qəbiristanlığında dəfn olunub.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(02.02.2026)
İnsanlar sevgini bu qədər ucuz, qorxunu bu qədər bahalı saymamalı idi...
Fatimə Məmmədova, “Ədəbiyyat və incəsənət”
-Sənin getməyin ona böyük zərbə oldu.
-Bilirəm.
-Tez-tez səni xatırlayırdı. Ölən günəcən. Deyirdi, "Zaur satmaz məni onlara..."
Söhbət Anarın “Büşmərtəbəli evin altıncı mərtəbəsi” romanından gedir. Oxumayanlar varsa əgər, onda “Təhminə” filmindən gedir…
Yazanlar bəzən Təhminəni çox qınadı, yazdı-pozdu və pislədi Amma Təhminə çox sevdi. Özü də çox...amma bilirsiniz, sevmək bəzən bəs etmir, gərək eyni zamanda sevildiyini biləsən. Biləsən ki, hamı səndən üz döndərsə də o həmişə səninlədir. Sənə bir seçim kimi baxmayacaq. Razıyam, sevmək gözəl olsa da, ağrılı bir duyğudur. Lakin Təhminə özünü seçmədi. Seçə bilmədi. İnsan hər şeydən keçə bilər, amma özündən keçsə geri dönüşü olmaya bilər. Cəmiyyətimizdə həmişə qınaq obyekti olan insanlar həqiqətən də qınaq mənbəyi olmaya bilər. Lakin hər kəs necə sərf edirsə, elə anlamış olur filmi.
Deyirlər, Təhminə son günlərində də Zauru düşünürdü. Bunu birinə sübut etmirdi, ucadan demirdi, sadəcə inanırdı. İnanmaq istəyirdi. Deyirdi ki, Zaur məni satmaz onlara. Deyirdi ki, nə olur-olsun, o məni yarı yolda qoymaz. Bəlkə də bu, son ümid idi. Bəlkə də insanın ölümə gedərkən özünə dediyi yeganə təsəlli. Çünki insan bəzən başqasına yox, öz inamına sadiq qalmaq istəyir.
Amma sual buradadır: Zaur satdı onlara? Yoxsa Təhminə elə düşünərək öldü? Bəlkə Zaur heç kimə satmadı, sadəcə susdu. Bəlkə də susmaq satmaqdan daha ağırdır. Çünki satılan şey heç olmasa açıqdır, ünvanlıdır. Susqunluq isə görünməzdir, amma nəticəsi daha dağıdıcıdır. Zaur danışsaydı, mövqeyini qoysaydı, seçim etsəydi bəlkə hər şey başqa cür olardı. Amma onun susqunluğu hər kəsin işinə yaradı.
Təhminə isə içində bir şübhə olsa belə, onu boğdu. Çünki insan sevdiyi adamı son anda da günahlandırmaq istəmir. İnsan bəzən həqiqəti bilə-bilə ona göz yumur ki, içindəki dünya dağılmasın.
Ən faciəlisi də elə budur. Bəzən insanlar cavabsız suallarla ölür. Bəzən də cavabsız suallarla yaşayır. Təhminə sualla getdi, Zaur isə sualla qaldı. Hansının daha ağır olduğunu demək çətindir. Amma bir həqiqət var: insanı öldürən təkcə xəyanət deyil, həm də yarımçıq qalan inamdır.
Və bəlkə də ən ağrılı məqam budur ki, Təhminə son ana qədər inandı, Zaur isə son ana qədər qərar verə bilmədi.
Hər kəsin həyatından bir Təhminə, bir Zaur keçir. Beləliklə, bəzən Təhminələr günahlandırılır. Bəzən Zaurlar. Bəzən isə heç kim. Günah havada qalır, ad qoyulmur, ünvan tapmır. İnsanlar isə hər şeyə ad qoymağa tələsir: bu haqlı idi, o haqsız idi, biri səhv etdi, o biri gecikdi. İnsanlar haqlı-haqsız davasında olur...Halbuki bəzi hekayələr var ki, orada günah da yarımçıqdır, haqq da. Orada yalnız itirilmiş imkanlar var. Bu istiqamətdə Təhminələr yol gözləyir. Gözləyir ki, bəlkə qarşısındakı adam bir gün qorxularını udar, cəsarətini toplar, seçimini edər. Bəzən Zaurlar yol gözləyir. Düz zamanı, münasib anı, hər şeyin “yerinə düşəcəyi” günü. Amma həyat heç vaxt hər şeyi yerinə salmır. Həyat yalnız fürsət verir. Fürsəti isə ya tutursan, ya da ömür boyu xiffətlə xatırlayırsan. İnsanların çoxu xəyanəti yalnız başqa bir sevgidə axtarır. Amma əsl xəyanət çox vaxt səssiz olur. Susmaqla edilir. Gecikməklə edilir. “Bir az sonra” deməklə edilir. Sevdiyini gözlədib, özün geri çəkilməklə edilir. Kiminsə sənə ümid bağladığını bilə-bilə qərarsız qalmaq, kiminsə həyatını yarımçıq saxlayıb öz rahatlığını seçmək- bu da xəyanətdir. Bəlkə də ən ağırı budur.
Belə oldu… amma belə olmamalı idi. İnsanlar sevgini bu qədər ucuz, qorxunu bu qədər bahalı saymamalı idi. Cəsarət zəiflik kimi təqdim olunmamalı idi. Azad olanlar qınanmalı, tərəddüd edənlər müdafiə olunmamalı idi. Çünki hər qorxu bir gün bəhanəyə, hər bəhanə isə peşmanlığa çevrilir.
Bəzən insanlar bir-birini itirir, amma dərhal anlamır. İllər keçir, həyat axır, yollar dəyişir. Hər şey yerindədir- iş var, ailə var, məsuliyyət var. Amma içəridə izah olunmayan bir boşluq qalır. Elə bir boşluq ki, nə ad qoymaq olur, nə doldurmaq. İnsan anlayır ki, itirdiyi nə bir münasibət idi, nə də bir insan. İtirdiyi öz cəsarəti idi.
Və insan bəzən düşünür: bəlkə başqa bir dünyada… Bəlkə səhvlərin bu qədər ağır sayılmadığı, qorxuların hökm etmədiyi bir dünyada onlar-Təhminə və Zaur qovuşa bilərdilər. Bəlkə o dünyada insanlar səhvlərini udmağı bacarardılar. Bir-birinə gecikməz, yarımçıq qalmaz, susaraq incitməzdi. Bəlkə sevginin dəyərinin olduğu bir dünyada seçim etmək bu qədər ağrılı olmazdı.
Bəlkə o dünyada yol gözləyənlər tək qalmazdı. Bəlkə orada xəyanət susmaqla ölçülməzdi. Bəlkə orada sevgi izah tələb etməz, sübut istəməzdi, sadəcə yaşanardı. Bəlkə o dünyada insanlar “belə oldu” deməzdi, “belə olmalı idi” deyə bilərdi.
Amma bu dünyada hər şey yarımçıqdır. Sevgilər də, cəsarətlər də, vidalar da. Bu dünyada çox şey gec başa düşülür. Çox şey itəndən sonra dəyər qazanır. Və insan ömrünün bir yerində dayanıb anlayır ki, bəzi yollar bir dəfə açılır. Geri dönəndə isə artıq orada heç nə yoxdur- nə yol, nə də gözləyən.
Və bəlkə də ən ağır həqiqət budur: bu dünyada qovuşmayanlar, yalnız başqa bir dünyanın ümidinə qalır. O dünyanın olub-olmadığını isə heç kim bilmir…
“Ədəbiyyat və incəsənət”
(02.02.2026)
Böyük akademiki unutmadıq, unutmayacağıq
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
"Məncə insanın ən böyük xoşbəxtliyi öyrəndiklərini başqalarına öyrətməkdir" deyirdi akademik Ağamusa Axundov. Bu sarıdan, o tam xoşbəxt idi.
"Azərbaycan dili mənim taleyimdir. Siz əgər onu doğma diliniz kimi sevirsinizsə, o, həm də mənim sənətimdir. Yuxusuz gecələrimdir, axtarışlarımdır". Bu da Ağamusa Axundovun sözləridir. O, ömrünü məhz Azərbaycan dilinin tədqiqinə bə təbliğinə həsr etdi.
Azərbaycan dilçiliyinin görkəmli simalarından biri, filologiya elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü, Əməkdar elm xadimi Ağamusa Axundov 1932-ci il fevralın 2-də Kürdəmir şəhərində anadan olub. Orta məktəbi medalla bitirdikdən sonra ADU-nun filologiya fakültəsində və Azərbaycan Pedaqoji Dillər İnstitutunun Qərbi Avropa dilləri fakültəsində təhsil alıb. Eyni zamanda ADU-nun aspirantı, müəllimi, baş müəllimi, dosenti, sonra universitetin ümumi dilçilik kafedrasının professoru, fılologiya fakültəsinin dekanı olub.
Ümumi dilçilik kafedrasının müdiri vəzifəsində işləyib. AMEA-nin Dilcilik institunun direkroru, AMEA-nın Rəyasət Heyətinin müşaviri vəzifəsində çalışıb. Ədəbi fəaliyyətə "İnqilab və mədəniyyət" jurnalında (1951, N 12) çap olunan "İkinci görüş" adlı ilk hekayəsi ilə başlayıb. Bundan sonra bədii yaradıcılıqla, xüsusən poeziyanın sənətkarlıq problemlərinin tədqiqi ilə ciddi məşğul olub.
Misir Ərəb Respublikasının Qahirə şəhərində, Eyn-Şəms Universitetində Azərbaycan dili və ədəbiyyatından dərs deyib, Praqa, Ankara, Belqrad və Budapeşt, Kayseri (Türkiyə, 1990), İstanbul (1992) şəhərlərində beynəlxalq elmi konfranslarda iştirak edib, Dostluq evinin və Sovet Amerika Əlaqələri İnstitutunun xüsusi heyətində ABŞ-də olub, Nyu-Yorkda II Dünya müharibəsinin qurtarmasının 30 illiyinə həsr olunan iclasda iştirak edib.
Yaponiya Elmə Yardım Cəmiyyətinin dəvəti ilə bir ay Tokio Universitetində Azərbaycan dili dərsi deyib, Kobe Universitetində və Tokio Şərq Kitabxanasında "Azərbaycan dili inkişaf yollarında" mövzusunda 2 konfrans keçirib. Onun "Ümumi dilçilik", dilçiliyə dair şərikli yazdığı "Dilçiliyə giriş", "Azərbaycan dili" kitabları döna-dönə nəşr olunub.
Azərbaycan dilinin tarixi-etimoloji lüğəti" əsəri üzərində işləyib. Azərbaycan Respublikası Dillərin işlənməsı və inkişaf qanunauyğunluqları əlaqələndirmə Şurasının sədri, ASE-nin Məsləhətçilər Şurasının, Gürcüstan EA-nın Dilçilik İnstitutunun və BDU-nun doktorluq dərəcəsi verən ixtisaslaşmış müdafiə şuralarının, XMA-nın Azərbaycan bölməsi komitəsinin, "Sovetskaya tyürkologiya", "Ulduz" və "Azərbaycan" jurnallarının redaksiya heyətlərinin üzvü olub.
"Sovetskaya tyürkologiya" jurnalının baş redaktoru, Dil və Ədəbiyyat üzrə ekspert şurasının sədri işləyib. Xalqlar dostluğu sahəsində mühüm xidmətlərinə görə ABŞ-nin "Frendşip fors" ("Dostluq qüvvələri") ictimai təşkilatının fəxri fərmanına layiq görülüb. ABŞ-nin Nyu-Orlean şəhərinin fəxri xarici vətəndaşı, Luiziana ştatının paytaxtı Baton Rujun şəhər şurasının fəxri üzvü, Azərbaycan Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin üzvü olub. "Şöhrət" ordeni ilə təltif edilib.
Kitabları
- Felin zamanları
- Müasir Azərbaycan ədəbi dilinin fonetikası
- Müasir Azərbaycan dilinin fonetikasından mühazirələr
- Dil və üslub məsələləri
- Azərbaycan dilinin fonemlər sistemi
- Azərbaycan dilinin tarixi fonetikası
- Ümumi dilçilik (dilçiliyin tarixi, nəzəriyyəsi və metodları)
- Riyazi dilçilik
Filmoqrafiya
- Mənim universitetim
- Dünya şöhrətli məzun
- Liderlik missiyası. 1-ci hissə
- Üç zirvənin fatehi
Ağamusa Axundov 5 sentyabr 2015-ci ildə vəfat edib, Bakıda, II Fəxri Xiyabanda dəfn edilib. Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(02.02.2026)


