
Super User
“Bahalı papağımı başımdan götürüb qaçdılar...”
“Ədəbiyyat və incəsənət” portalı yazıçı-dramaturq Əyyub Qiyasın tanınmış teatr və kino xadimlərinin həyatlarından qələmə aldığı maraqlı anları təqdim edir.
LÜTFƏLİ ABDULLAYEV
(1914-1973)
***
Bir gün teatra attestasiya komissiyası gəldi, cavan aktyorları çıxdaş eləmək istəyirdilər. Birinci girən 3 dəqiqə sonra suyu süzülə-süzülə çıxdı. Soruşduq nə xəbər alırlar dedi:
– Soruşur, tamaşada istini göstərmək üçün neyləyərsən? Cavab verdim ki, dekorasiyaya uyğun olaraq pəncərəni açaram. Bəs pəncərədən gələn sərin havanı necə göstərərsən? Çaşıb qaldım… dedi səndən artist olmaz.
İkinci aktyor da girib eynən suyu süzülə-süzülə çıxdı. Başına toplaşdıq, dedi ki, mən də sərin havanı göstərə bilmədim.
Beləcə, 4-5 nəfər içəri girib “sərin hava”nın zibilinə düşdü. Hamısını kəsdilər. Növbə mənə çatdı. İçəri girdim, sədr üzündən zəhrimar yağan bir kişi idi. Hər kəsə verdiyi sualı mənə də verdi.
– Tamaşada istini göstərmək üçün neyləyərsən?
– Bir şey tapıb özümü yelpikləyərəm.
– Yelpikləməyə heç nə tapmasan neyləyərsən?
– Paltarımı yüngülləşdirərəm.
– Belə, lap isti olsa, onda neyləyərsən?
– Dünya da dağılsa pəncərəni açmaram, sonra da istidən yıxılıb ölərəm.
Komissiya üzvləri gülüşdülər. Sədr:
– Get, bala, səndən artist çıxar, – deyib, məni teatrda saxladılar.
***
Axşamların birində teatrdan çıxıb gəzə-gəzə evə gəlirdim. Bir neçə gün əvvəl həyat yoldaşım Sevda xanım mənə ad günü hədiyyəsi olaraq bir bahalı papaq bağışlamışdı. Açığı papağı çox bəyənmişdim.
Sevda xanım adəti üzrə yenə eyvanda dayanıb, çiyninə şal ataraq məni gözləyirdi. Uzaqdan məni görəndə əl elədi. Elə bu vaxt kimsə arxadan qaça-qaça gəlib başımdakı papağı götürüb qaçdı. Halımı pozmadan yoluma davam etdim.
Evə gələndə Sevda xanımın qaşqabağını sallayıb mənə baxdığını gördüm.
– Adam sənin başındakı bahalı papağı götürüb qaçdı, səninsə vecinə deyil, – dedi.
Paltonun yaxasını aça-aça sakitcə dedim:
– O adamın ehtiyacı olmasaydı, mənim başımdan papaq oğurlamazdı.
Ayaqqabılarımı soyunub dikələndə Sevda xanımın gülümsədiyini gördüm.
“Ədəbiyyat və incəsənət”
(21.12.2022)
Sabir Məmmədovun oynadığı film ABŞ-da film festivalında nümayiş olunacaq
Azərbaycanda istehsal olunmuş “COVID–19” bədii-sənədli filmi daha bir uğura imza atıb. Belə ki, ekran əsəri 14 ildir keçirilən ABŞ-ın “Shockfest” Film Festivalında seçilmiş filmlər siyahısında yer alıb.
Filmin qapaq şəklindəki posterində sevilən aktyorumuz, xalq artisti Sabir Məmmədovu görürsünüz. O, filmdə baş rolu oynayır. Və filmin uğurunda aktyor ifası da böyük yer tutur.
“Ədəbiyyat və incəsınət” portalı filmin ssenari müəllifi, rejissoru və baş prodüseri Cəlaləddin Qasımova istinadən xəbər verir ki, ekran əsəri dekabrın 27-də beynəlxalq festivalda nümayiş olunacaq və ölkəmizi təmsil edəcək.
Qeyd eləyək ki, rejissorun digər işi olan “Acı xatirə” bədii-sənədli filmi İtaliyada “Naples Film Awards” Festivalının seçilmiş filmləri siyahısında yer alıb. Ekran əsəri dekabrın 31-də nümayiş olunacaq.
Ölkəmizi beynəlxalq festivalda təmsil edəcək daha bir ekran əsəri isə “Şollerin arxivi” bədii filmidir. Bu film “Bolivia Black Cat Award International Film” Festivalının seçilmiş filmləri siyahısında yer alıb.
Beynəlxalq aləmdə marağa səbəb olan “Şollerin arxivi” bədii filmi Azərbaycan kino tarixində beynəlxalq festivallarda ən çox uğur əldə edən ekran əsərlərindəndir.
“Ədəbiyyat və incəsənət”
(21.12.2022)
İlin ən qısa günü, Krossvord və Türkmənbaşı
Rubrikanı Varis aparır
İlin ən qısa günü
Təqvim üzrə gecənin ən uzun, gündüzünsə ən qısa olduğu bu 21 dekabr günü insan özünü nə qədər kədərli hesab etsə də bir təsəllisi də var, sabahdan etibarən gündüzlər uzanacaq, gecələr qısalacaq. Üzü bahara doğru gedəcəyik.
Krossvordun yaranışı günü
1913-cü ilin 21 dekabr günündə Nyu-Yorka Liverpuldan mühacirət etmiş jurnalist Artur Uinn tarixdə ilk dəfə sözləri damalara salaraq onları horizontal və vertikal yerləşdirməklə uzlaşmalarını təmin etmiş, kəşf etdiyi nəsnəyə “cross word puzzle” adını qoymuşdur, 32 sözlük ilk krossvord “Nyu-York uorld” qəzetində dərc edilmişdir. Sirr deyil ki, indi krossvord ən maraqlı məşğuliyyətlərdən hesab olunur, onun skanvord növünün Azərbaycanda necə populyar olmasını təsəvvür etmək üçün bir yolunuzu Binə və Sədərək yarmarkalarına salın, mallarını satanların əksəriyyətini qəzetə sarı əyilib baş sındıran görəcəksiniz. Onları təbrik etməyəkmi?
Fənər günü
Qaranlıqda irəliləmək üçün olduqca lazımlı bir vasitə olan fənərin də ayrıca günü varmış. Amma ağıllı telefonlar həm kompüteri, telefonu, televizoru, radionu, həm kinoteatrı, yaddaş kitabçasını, kalkulyatoru, həm kitabı, fotoaparatı, videokameranı əvəzlədikləri kimi fənərin də funksiyalarının götürüblər, indi bircə dənə ayfon görün bir nələrə qadirdir. Güman ki, tədricən adlarını çəkdiyimiz cihaz və əşyalar büsbütün arxaikləşəcəklər. Bax onda insanlar Fənər günündə qaranlığa işıq saçmaq üşün ulu babalarının gəzdirdikləri əl fənərlərinin xatirəsini bir dəqiqəlik sükutla yad edəcəklər.
Və digər əlamətdar hadisələr
Bu gün Şərqi Asiyada Dunçji festivalına start veriləcək, ilin ən uzun gecəsi münasibəti ilə düzənlənir bu festival. Farsdilli ölkələrdə - İran, Tacikistan və Əfqanıstanda isə Şəb-e Yalda festivalı başlayacaq, bu festival da “ən uzun və ən zülmət gecənin” şəninə həsr edilir. Türkmənlər öz mərhum ataları Saparmurat Atayeviç Niyazovun xatirə gününü qeyd edəcəklər. Məmurlara əlini öpdürən, özünü türkmənlərin atası adlandıran bu şəxs tarixin ən avtokrat rəhbərləri sırasında layiqli yer tutmaqdadır. O ki qaldı amerikalılara, onlar Milli qızardılmış krevetka gününü bayram edəcəklər.
2012-ci ilin bu günündə YouTube-da ilk dəfə hansısa videoklipə baxış sayı 1 milyard dəfəyə çatmışdı, bu, cənubi koreyalı ifaçı PSY-nin “Gangnam Style” klipi idi. 2007-ci ildə postsovet ölkələrindən xoşbəxt üçlük – Latviya, Litva və Estoniya Şengen zonasına daxil olmuşlar. 1991-ci ilin bu günündə Azərbaycan Ukraynanın müstəqilliyini tanımışdır. Demokratiya sevənlər, xəbəriniz olsun ki, 1967-ci ilin bu günündə gürcülərin 3-cü prezidenti olmuş və hazırda həbsdə yatan Mixail Saakaşvili dünyaya gəlib. 1937-ci ildə Hollivudda ilk tammetrajlı cizgi filminin premyerası baş tutub, “Ağbəniz və yeddi qnom” filmini düz 750 rəssam ərsəyə gətirmişdi. 1846-cı ildə şotland cərrah Robert Liston tarixdə ilk dəfə əməliyyat zamanı narkozdan istifadə edib. 1824-cü ildə isə Parkinson xəstəliyini kəşf etmiş ingilis həkim Ceyms Parkinson dünyadan köçüb.
Talesiz rəssamın və bəxtsiz şairin elegiyası
Bu gün mərhum şair və rəssam Adil Mirseyidin 70 illiyidir. Əksər istedadlı, məşhur şairlərimizin, rəssamlarımızın taleyi gözəl olub, onlar şairliyin və rəssamlığın verə biləcəyi bütün imtiyazlardan artıqlaması ilə istifadə ediblər. Amma 1952-ci ilin 21 dekabrında Ağdaşda doğulan, çox istedadlı rəssam və çox istedadlı şair olan, fəqət bütün həyatını çətinliklər içində keçirən, ömrünün son dönümündə ağır xəstəlikdən əziyyət çəkərkən dərman almağa belə pul tapmayan Adil Mirseyidsə bədbəxt taleli şair və rəssam olub. Onun barəsində bir azdan ayrıca yazı təqdim edəcəyəm.
Bu gün yazıçı Süleyman Vəliyevin doğum günüdür
Sovet dövrünün məşhur yazıçısı Süleyman Vəliyev 24 yaşında xalq şairi S.Vurğunun köməyi ilə Azərbaycan Yazıçılar İttifaqının Hərbi vətənpərvərlik şöbəsinin müdiri vəzifəsini qazanıb, ikinci Dünya müharibəsi illərində Almaniya, Yuqoslaviya və İtaliyada müqavimət hərəkatında iştirak etdikdən sonra 1946-1949-cu illərdə M.F.Axundov adına Pedaqoji İnstitutda təhsil alıb, 1958-1963-cü illərdə C.Cabbarlı adına “Azərbaycanfilm” studiyasında redaktor vəzifəsində çalışıb, 1963-1987-ci illərdə Azərbaycan Yazıçılar Birliyində məsləhətçi işləyib. Onun yaradıcılığında Stalin repressiyaları, müharibə mövzusu, azərbaycanlı döyüşçülərin Avropa müqavimət hərəkatında iştirakı mövzuları əsas yer tutur. “Mübahisəli şəhər”, “Şor cüllütü”, “Əncir ağacı”, “Mənə “sən” de”, “Çörək” kimi məşhur əsərlərin müəllifidir. Müasir nəsrimizdə müharibə mövzusunun görkəmli nümayəndəsi olan yazıçının əsərləri keçmiş SSRİ və xarici ölkə xalqlarının dillərinə də tərcümə olunub. Yazıçının 1966-cı ildə çap olunmuş “Düyünlər” romanı Azərbaycan ədəbiyyatında repressiya olunmuşların taleyindən bəhs edən ilk irihəcmli əsərlərdəndir. 1976-cı ildə əmək veteranı, 1981-ci ildə müharibə veteranı olan yazıçı 1967 və 1986-cı illərdə Azərbaycan SSR Elmlər Akademiyasının Fəxri fərmanına, 1977-ci ildə Azərbaycanın “Əməkdar mədəniyyət işçisi”, 1987-ci ildə “Əməkdar incəsənət xadimi” fəxri adlarına layiq görülüb, 1984-cü ildə “Xalqlar dostluğu” ordeni və bir sıra medallarla təltif olunub.
Süleyman Vəliyev 1996-cı il mart ayının 7-də Bakıda vəfat edib, İkinci Fəxri Xiyabanda dəfn olunub. Allah rəhmət eləsin!
Məşhur opera müğənnisi Əlövsət Sadıqovun da doğum günüdür
Gərək bu cür sənətkarlar əsla unudulmasın. Əliövsət Şirəli oğlu Sadıqov 1906-cı il dekabr ayının 21-də Şəkidə anadan olub, mədrəsədə təhsil aldıqdan sonra atası ilə birgə Şəki İpək fabrikində çalışıb. 1926-cı ildə məşhur xanəndə Hüseynqulu Sarabski Şəki ipək fabrikində zəhmətkeşlərin qonağı olarkən fabrikin rəhbərliyi 20 yaşlı usta Əliövsəti ona təqdim edib, Əlövsər “Bəh-bəh” xalq mahnısını necə oxuyubsa Sarabski onu Bakıya dəvət edib. Bu hadisə Əliövsətin həyatında önəmli dönüş yaradıb, Bakıya gələn Əliövsət ustad sənətkarlar M.Maqomayev və C.Qaryağdıoğlunun rəyi ilə Opera və Balet Teatrına qəbul olunub, Azərbaycan Dövlət Konservatoriyasında da vokal dərsi alıb. 1930-cu ildən muğam operalarında baş rolların mahir ifaçısına çevrilmiş Əlövsətə şöhrəti M.Maqomayevin “Şah İsmayıl” operasında oynadığı Şah İsmayıl obrazı gətirib. Tamaşadan sonra böyük Maqomayev “Mən əsl Şah İsmayılı tapdım” deyərək Əlövsəti ürəkdən təbrik edib. 1963-cü ilə qədər Əliövsət Sadıqov Azərbaycan operasının səhnəsində görkəmli sənətkarlarımız Həqiqət Rzayeva, Rübabə Muradova, Gülxar Həsənova və başqaları ilə çiyin-çiyinə çalışaraq opera sənətimizi inkişaf etdirib, gənc nəslə örnək olub. Ə.Sadıqovun oxuduğu parçaların lent yazıları Azərbaycan radiosunun Qızıl Fondunda, Azərbaycan Dövlət Səs Yazıları Arxivində mühafizə edilir. Onun xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilib, 1940-cı ildə “Əməkdar artist”, 1956-cı ildə isə “Xalq artisti” fəxri adlarına layiq görülüb, 2 dəfə “Şərəf nişanı”ordeni və medallarla təltif edilib. 1971-ci il noyabr ayının 17-də vəfat etmiş müğənni II Fəxri Xiyabanda dəfn edilib. Ruhu şad olsun.
“Ədəbiyyat və incəsənət”
(21.12.2022)
“Alnıma bir güllə sıxıb gedərəm...” - Talesiz rəssamın və bəxtsiz şairin 70 illiyinə
Varis yazır
Bəlkə də bu gün onu ailəsindən, qohumlarından və dostlarından başqa anan tapılmayacaq. Axı nomenklaturada onun adı olmayıb vaxtı ilə.
Əksər istedadlı, məşhur şairlərimizin, rəssamlarımızın taleyi gözəl olub, onlar şairliyin və rəssamlığın verə biləcəyi bütün imtiyazlardan artıqlaması ilə istifadə ediblər. Amma 1952-ci ilin 21 dekabrında – düz 70 il öncə Ağdaşda doğulan, çox istedadlı rəssam və çox istedadlı şair olan, fəqət bütün həyatını çətinliklər içində keçirən, ömrünün son dönümündə ağır xəstəlikdən əziyyət çəkərkən dərman almağa belə pul tapmayan Adil Mirseyidsə bədbəxt taleli şair və rəssam olub. Və biz bu gün Adil Mirseyidi böyük hörmətlə anır, quruluşların, hakimiyyətlərin fövqündə dayanan bu fövqəlinsana Allahdan rəhmət diləyirik. Ruhunuzu hönkürdəcək bir şeirini də sizlərə ərməğan edirik:
Bəzən vağzallarda qatar gecikir
hardasa dağlarda bahar gecikir
gecikmiş məhəbbət romanları var
aynada xatirə dumanları var
mən şeir yazıram gecə yarısı
sancır ürəyimi bir bal arısı
ağlama gözünün yaşlarını sil
gecəyə qar yağır umrumda deyil
hanı rahatlığım dincliyim hanı
o qafası sərxoş gəncliyim hanı
mən sənin ömründən çıxıb gedərəm
alnıma bir güllə sıxıb gedərəm
pəncərə önündən bir kölgə keçir
mənim gümanımdan bir bəlkə keçir
çox uzun bir gecə dekabr ayı
sanki gülümsəyir oyuncaq ayı
gəl otur yanımda səssiz sədasız
ayrılaq bu gecə qansız qadasız
son dəfə bir şeir oxuyum sənə
hər şeyi təzədən başlayaq yenə.
“Ədəbiyyat və incəsənət”
(21.12.2022)
“Nə yaxşı ki, bütün qan qrupları torpağa düşür” – İntiqam Yaşar
Bu ilin əsas ədəbiyyat hadisələrindən biri də Qubada keçirilən SilkWay Beynəlxalq Ədəbiyyat Festivalının Azərbaycan turu oldu ki, 32 finalçının əsərlərindən ibarət Antologiya üzümüzə gələn il “Azərkitab” Yayınlarında nəşr olunacaq. Festivalın rəsmi media dəstəkçisi olan “Ədəbiyyat və incəsənət” portalı antologiyaya daxil ediləcək əsərlərlə oxucularını tanış edir.
İntiqam Yaşar oğlu Cavanşir (İntiqam Yaşar)
Bu sərçələr yem dalınca
Tanrının yanından eniblər yanıma.
Son ümid, son güman kimi
Qonublar eyvanıma.
Hamı bir vaxt sərçə olur,
Hamı uçur dən dalınca.
Bir parça torpaq dalınca,
Bir udum vətən dalınca.
Düşür özündən xəbərsiz,
Lələk-lələk qanadları.
Yolur yağış qanadları,
Yolur külək qanadları.
Ürəyimə daman kimi,
Nə yaxşı ki, dən səpmişəm.
Məni görüb uçardılar,
Dəni dünəndən səpmişəm.
Hamı bir vaxt sərçə olur.
Hamı uçur dən dalınca.
Bir parça torpaq dalınca,
Bir udum vətən dalınca.
Torpaqların vətən olan tərəfi
Torpaqların vətən olan tərəfi,
qan azlığından əziyyət çəkir həmişə.
Qanını torpağa verir övladlar,
son cümləsinəcən...
Nə yaxşı ki, bütün qan qrupları torpağa düşür.
Taqətsiz vətənin üstünü örtməksə,
buluda düşür, ağaca düşür, yarpağa düşür...
Yoxsa...
Şəkil
Sən ey başdaşından boylanan şəkil,
Dünyaya baxmaqdan yorulmadınmı?
Burdan gəlib-keçən haqqa çatmaza,
Dişini sıxmaqdan yorulmadınmı?
Bir gəlib tozunu silənin də, yox.
Sən kimdin, nəçiydin - bundan kimə nə?
Bəlkə, bir istəyin, bəlkə, arzun var,
Utanma, çəkinmə, buyur, de mənə.
Əvvəllər bir qadın görərdim hərdən,
Gəlib dayanardı sənlə üzbəüz.
Deyəsən, heç o da baş çəkmir daha,
Nə dedin, xətrinə dəydi hansı söz?
Bəlkə, o qadın da köçüb dünyadan,
Köçübsə, görəsən, hardan boylanır?
Yəqin, başqa yerdə dəfn eləyiblər,
Yəqin, bir şəkil də ordan boylanır.
***
Yenə yağış yağır bu boş şəhərə,
Yenə ağacların duası çindir.
Adamsız şəhərdə bir ağac olmaq
Susuz səhralardan daha çətindir.
Meyvəsi kölgədir, kölgəsi meyvə,
Uduzur ömrünü gündə bir yoxa.
Bu ağac bəxtindən haçan yarıya?
Öyrənib ümidi hey boşa çıxa.
Göylər... ümid yeri... son güman yeri,
Göylər əl uzadar yerdəkilərə...
Yarı yolda qalmaz göydən gələnlər,
Gec də olsa çatar yerdəkilərə.
Üşüyən heykəl
Üşüyən heykələm yağışın altda,
Sinəmdə ürək yox, isinə canım.
Kim ayaq saxlayar, kim hal soruşar,
Adamsız şəhərdə adam dörd yanım.
Gözümdən min sual tuşlanıb göyə,
Sual yağışıyla cavab verirəm.
Yağış altda qalmaq bilirəm nədir,
Tanrı, mən sənə çox əzab verirəm.
Mənim bağışlanmaq istəyim yoxdur.
Son nöqtə torpaqdı, daşdı uzağı.
Bir gün biri çıxıb soruşacaq ki,
Niyə yağış altda qoydun uşağı?
“Ədəbiyyat və incəsənət”
(21.12.2022)
Şuşanın Mamayı məhəlləsi vəsf olunub
Şuşanın əsas ünvanlarından sayılan, Mir Mövsün Nəvvabın doğulub, boya-başa çatdığı Mamayı məhəlləsi haqqında videoçarx hazırlanıb.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu barədə Şuşa Dövlət Qoruğu İdarəsinin yaydığı məlumatda bildirilir ki, videoçarxı hazırlamaqda əsas məqsədlərdən biri Şuşa ilə bağlı tarixi, mədəni abidələr, şəxsiyyətlər və məhəllələr haqqında bilgi verməkdir.
Bizsə onu əlavə edək ki, sözügedən məhəllə
şəhərin mərkəzi hissəsində yerləşir. Şuşanın digər məhəllələri kimi burada da məscid bulaq, kiçik meydan və hamam olmuşdur. Məhəllə Mamay bəyin adı ilə bağlıdır. Mamayı, Xoca Mərcanlı, Dəmirçi, Hamamaqabağı məhəllələri yaşayış və inzibati binalar, küçələr biri-birini tamamlayır.
Mamayı məhəlləsinin kiçik düzbucaqlı sahəsi qonşu küçənin şimal tərəfindəki kurdener tərəfindən formalaşaraq, bulağın yerləşdiyi qovşağın bir az yuxarısında yerləşir. Meydanın içəri tərəflərində əsas fasadı meydana baxan və cənuba istiqamətlənmiş məhəllə məscid var.
Şuşa qalasının aşağı məhəlləri mövqeyinə, iqliminə görə, yuxarı məhəllələrindən fərqli idi. Burada düzənlik ərazilər, məhəllə meydanları, məscidlər daha geniş olmaları ilə və memarlıq üslubu ilə başqalarından fərqlənir. Qalanın aşağı ərazisində su quyuları,çarhovuzlar,çeşmələr, kəhrizlər çoxluq təşkil edir. Küçələrin və məhəllə meydanlarının genişliyi, yaşayış binalarının, xana və xanın övladlarına, tacirlərə, din xadimlərinə məxsus olan binalar məhəllənin əzəmətini daha da artırır.
“Ədəbiyyat və incəsənət”
(21.12.2022)
Prezident Ömər Eldarovu təltif edib
Prezident İlham Əliyev tanınmış heykəltaraş Ömər Həsən oğlu Eldarovun 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Bununla bağlı Prezident.az məlumat yayıb.
Sərəncama əsasən, Ö.Eldarov Azərbaycan mədəniyyətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif edilib.
“Ədəbiyyat və incəsənət”
(21.12.2022)
Türkiyə səfirliyi “VDNX”-nın “Azərbaycan” pavilyonuna kitablar hədiyyə edəcək
Moskvadakı VDNX adı ilə tanınan bir ünvan hələ də MDB məkanında mədəniyyətin cazibə nöqtəsi olmaqda qalır. Baxmayaraq ki, Rusiya Ukraynaya təcavüzkar müharibəyə başlamaqla mədəniyyət sözünü kölgəyə salıb. Növbəti xəbərimiz həmin o məkan barədədir.
Belə ki, Türkiyənin Rusiyadakı səfirliyi VDNX-kı (Kənd Təsərrüfatı Nailiyyətləri Sərgisindəki) “Azərbaycan” pavilyonuna kitablar hədiyyə edəcək.
“Ədəbiyyat və incəsənət” portalı Lenta.ru-ya istinadən xəbər verir ki, Türkiyənin Rusiyadakı səfirliyinin əməkdaşları mədəniyyət və turizm attaşesi İlker Özkanın başçılığı ilə sərgidəki “Azərbaycan” pavilyonunu ziyarət edəcəklər. Səfər çərçivəsində qonaqlar TEDA layihəsinin dəstəyi ilə türkiyəli müəlliflərin Azərbaycan dilinə tərcümə olunmuş kitablarını səfirliyin arxivindən pavilyona hədiyyə etməyi planlaşdırırlar.
“Bunun sayəsində Moskvadakı türk ədəbiyyatı həvəskarları məşhur yazarların əsərləri ilə yaxından tanış ola, onları ana dillərində oxuya biləcəklər. Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin Poliqrafiya və Kitabxanalar Departamenti uzun illərdir ki, TEDA layihəsini həyata keçirir. Bu layihə çərçivəsində əcnəbi mütəxəssislərə türk ədəbiyyatının yaşadıqları ölkələrdə ana dilinə tərcüməsinə görə maliyyə dəstəyi göstərilir”, - pavilyonun mətbuat xidmətindən bildirilib.
“Ədəbiyyat və incəsənət”
(21.12.2022)
Elza Seyidcahanın şairliklə yanaşı boksçuluğu da varmış
Əməkdar artist Elza Seyidcahan dodaqqaçıran çıxışları ilə daim diqqət mərkəzində olmurmu, olur. Səhər-səhər ekstravaqant müğənninin nöbvəti “Gülüş klubu” zəfəri.
Fəlakət kimi tanınan və "Fəlidən doğru xəbər" verilişini aparan komik aktyor Elşən Orucovun proqramında qonaq olarkən Elza xanım məktəbdə oğlanları döydüyünü etiraf edib.
"4 bacıyıq, qardaşımız yoxdur. Acığım gəlirdi, oğlanlar nəsə deyəndə döyürdüm onları. Uşaq idim, istəyirdim oğlan kimi bacılarımı müdafiə edim. Mənə məktəbdə boksçu deyirdilər", - deyə, E. Seyidcahan qeyd edib.
Müğənni, bəstəkar, şair - Elza xanımın bu məşğuliyyətləri anlaşılandır, eynicinslidir. Siyasət, millət vəkilliyinə namizədlik - bu tam əks istiqamətdir. İdman isə bu dəfə tamamdan betər əks istiqamətdir.
Hansı sahə qaldı ki, Elza Seyidcahan orda olmasın?
“Ədəbiyyat və incəsənət”
(21.12.2022)
Mədəniyyət həm də pis vərdişlərin əleyhinə olmalıdır
Sumqayıt Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən mədəniyyət müəssisələrinin gənclərlə işləyən mütəxəssisləri üçün təlim keçirilib.
Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramının 4.4.34-cü bəndinin və “Yeniyetmələr və gənclər arasında narkomaniyaya qarşı təbliğat və maarifləndirmə işlərinin genişləndirilməsinə dair 2022-2023-cü illəri əhatə edən Tədbirlər Planı”nın icrası ilə bağlı Mədəniyyət Nazirliyinin və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun birgə təşkilatçılığı ilə Sumqayıt Regional Mədəniyyət İdarəsinin əməkdaşları üçün Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində təlim təşkil edilib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Mədəniyyət Nazirliyinin tabeliyindəki mədəniyyət müəssisələrinin gənclərlə işləyən mütəxəsislərinin iştirakı ilə keçirilən təlimdə ilk öncə Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Rəşad Əliyev çıxış edərək narkomaniya, onun fəsadları, insanlara, xüsusən də gənclərə, cəmiyyətə vurduğu zərərlər barədə məlumat verib. Daha sonra Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun məsul əməkdaşı Raqif Allahverdiyev müvafiq təqdimatla çıxış edərək, narkotik asılılıq probleminə dair biliklərinin və peşəkarlıq səviyyəsinin artırılması məqsədilə iştirakçılara narkotik maddələrdən istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, narkotik asılılığın formalaşma mərhələləri, antinarkotik təbliğatın vacibliyindən, narkomanlığa qarşı mübarizə üsulları barədə geniş informasiya verib və iştirakçıları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.
“Ədəbiyyat və incəsənət”
(21.12.2022)