
Super User
Günün fotosu: Madrid niyə etiraz edir?
Günün fotosu: Madrid niyə etiraz edir?
On minlərlə madridlilər etiraz nümayişinə çıxıblar. Onlar korridanın ləğvini tələb edirlər. Onlar bunu heyvanlara qarşı vəhşilik hesab edirlər.
Onun adını Səməd Vurğun qoymuşdu - Eldəniz Zeynalovun həyat hekayəti
“Ədəbiyyat və incəsənət” portalı Kulis.az-a istinadən Xalq artisti Eldəniz Zeynalov haqqında maraqlı faktları təqdim edir.
1936-cı il dekabrın 31-dən 1937-ci ilin yanvarın 1-nə keçən gecə Bakının Yuxarı Dağlı küçəsində hərbiçi Məmmədlə Zeynəbin ailəsində bir oğlan uşağı dünyaya gəlir. Həmin vaxt ailənin divar qonşusu Abdulla Şaiq ailəsi və dostu Səməd Vurğunla yeni ili qarşılayırdılar. Məclis əhlinə evin xanımı xəbər gətirir ki, Həsənağa Salayevin bacısı, qonşumuz Zeynəbin oğlu oldu. Səməd Vurğun bu ailəni tanıyırdı, "Aybənizimiz, Gülbənizimiz var, qoy onun da adı Eldəniz olsun" -deyir. O gecə iki qonşu mənzildə bütün badələr Eldənizin sağlığına, onun parlaq gələcəyi şərəfinə qaldırılır.
Adını şair Səməd Vurğun qoyur, taleyi isə yazan Tanrıdır... O gecə heç kimin xəyalından onun taleyi barədə düşünmək keçməzdi yəqin. Repressiyalarla dolu, o amansız 37-ci ilin ilk günündə doğulsa belə, yeni il axşamı idi, sabahkı gün hamıya işıqlı gəlirdi.
Ailədə Eldənizdən başqa daha iki oğlan böyüyürdü, amma ən dəcəli, ipə-sapa yatmayanı Eldəniz idi. Elə dövr idi ki, hamının süfrəsində ləziz-ləziz yeməklər olmazdı, bir gün tapardılar, bir gün yox. Xüsusən ət yeməkləri ayda bir dəfə olardı süfrədə. Eldəniz o biri qardaşlarının başını tovlayıb öz yeməyini də onlara verər, anasını arxayınlaşdırardı ki, guya yeməyini yeyib qurtarıb. Çox az yeyən, kaprizlərlə dolu uşaq olub. Amma bir dəfə küftənin suyunu asta-asta içib, qardaşlarının yeməklərinin hamısını yemələrini gözləyib. Onların qabı boşalandan sonra baxıblar ki, Eldənizin boşqabında küftələr diri-diri qalır, yalvarıblar ki, bizə də ver küftələrdən. Eldəniz küftəni onlara pulla satmağa razılaşıb, aldığı pula isə səhəri gün uşaq tamaşasına qardaşları üçün bilet alıb gətirib.
Onun teatra, sənətə məhəbbəti dayısı, aktyor Həsənağa Salayevlə başlamışdı. Gözünü açandan evlərində dayısının çəkildiyi filmlərdən, teatrda oynadığı tamaşalardan danışılıb. Onunla birlikdə küçəyə çıxanda insanların dayısına necə məhəbbətlə yanaşmalarının şahidi olmuşdu, bu həsəd onda sənətə məhəbbətlə bütövləşmişdi.
Tez-tez dayısı ilə onun çalışdığı Akademik teatra gedər, saatlarla məşqə tamaşa edərdi. Həsənağa Salayevin sənət dostları balaca Eldənizdə yüksək yumor hissini, istedadı hiss edib dayısının yolu ilə gedəcəyinə şübhə etmirdilər. Hamı ona artıq balaca aktyor kimi baxırdı. Bəzi uşaq rollarında səhnəyə də çıxırdı. Oynadığı tamaşa başa çatanda dayısı və onun sənət dostları ilə birgə tamaşaçı qarşısına çıxıb baş əydikləri anları sonradan Eldəniz Zeynalov həm həyatının ən şirin xatirəsi kimi xatırlayır həm də "elə o vaxtdan başıma daş düşdü" - deyə zarafata salardı.
Bu minvalla Eldəniz Zeynalov o vaxtkı Teatr İnstitutuna qəbul olunur, həm də dayısından heç bir kömək ummadan, həm Tanrının verdiyi istedadın, həm də teatr səhnəsində balacalıqdan qazandığı təcrübənin sayəsində.
Tələbəlik illəri
İnstitutda müəllimlərindən biri də Adil İsgəndərov idi. O, Adil İsgəndərov ki, tələbələrini tələbə ikən kinoya çəkilməyə izn verməzdi. Deyirdi, tez ulduz olmaq onlara xeyir gətirməz, sənəti tam öyrənəndən sonra isə ulduz olsalar da ziyan gətirməz. Odur ki, teatrda 1950-ci ildən çalışsa da Eldəniz Zeynalov müəlliminin sözündən çıxıb institutda oxuduğu müddətdə (1956-1962) dəvət aldığı filmlərə razılıq verə bilmirdi. Nəhayət, elə çəkildiyi ilk film də institutu bitirən il müəlliminin ekranlaşdırdığı "Əhməd haradadır?" komediyası olur. Filmdə Əhmədlərdən birini oynayan aktyor kinoda ilk xeyir-duasını da Adil İsgəndərovdan alır. Ustad yetirməsinin böyük gələcəyi olacağını onun özünə elə çəkiliş vaxtı deyib.
Aktyorun çəkildiyi ikinci ekran işi "26 Bakı komissarı" filmi olsa da, uğur qazandığı və ekranlara çıxandan sonra əvvəlki rahatlıqla sevdiyi Bakı küçələrinə çıxa bilmədiyi film "Bir cənub şəhərində" filmi və orda yaratdığı baş rol olub. Rüstəm İbrahimbəyovun yaradıcılığını kino ilə ilk dəfə əlaqələndirən "9-cu Xrebtovı" hekayəsi əsasında Eldar Quliyevin ilk ekran işi "Bir cənub şəhərində" filmi o vaxt ekranlara çıxmaqda çox maneələrlə rastlaşdı, amma çıxdı və böyük uğur qazandı. Bu işdə Eldəniz Zeynalovun əməyi nə rejissordan, nə də ssenari müəllifindən az deyildi. Onun yaratdığı Tofiq obrazı bakılılar üçün sevimli "məələ uşağı" idisə, kinoda sanballı, komik, koloritli kişi obrazı idi.
Kinoda
Filmlər bir-birinin ardınca düzüldü. "O qızı tapın", "Məlikməmməd", "Bəyin oğurlanması", "Həyatın səhifələri, "Yaramaz", "Musiqili xaş", "Yeddi oğul istərəm", "Yol əhvalatı", "Bizim Cəbiş müəllim", "Babamın babasının babası" filmlərində yaratdığı müxtəlif rollar, onların dilindəki sitatlarla bərabər gözlərim önündən keçib, unudulmaz səsi o obrazlarla qulaqlarımda cingildəyir. "Mozalan" satirik kinojurnalında oynadığı rollar isə hər biri böyük bir ekran işinin dediyi sözü deyə bilib.
Teatrda
Akademik teatr deyəndə gözlərimiz önündən keçən çoxsaylı sənətkarın sırasında Eldəniz Zeynalovun da siması var. Aktyor müxtəlif vaxtlarda kino çəkilişləri ilə bağlı teatrda işini səngitsə də, ümumilikdə sənət taleyini bu teatrla bağlayıb. 13 yaşında bu səhnədə ilk dəfə oynadığı Gündüz (Cəfər Cabbarlı "Sevil") obrazından başlayaraq, müxtəlif illərdə Cabbarlının "Oktay Eloğlu"sunda Mazandaranski, "Almaz"da Mirzə Səməndər, "Aydın"da Səlim kimi obrazlar oynayıb. Bütün tamaşalarını və obrazlarını saysam, oxucum darıxar, odur ki, həyatının son illərində oynadığı bir-iki obrazı da xatırladım yetər - Saqarelinin "Xanuma"sında Akop, Əli Əmirlinin "Köhnə ev"indəki Qüdrət Qurbanov obrazlarında onu səhnədə özüm görmüşəm, baxmışam, alqışlamışam. Sonuncu dəfə "Köhnə ev" tamaşasında oynayanda vücudu xeyli zəifləmişdi. Deyilənlərə görə, dublyoru Səyavuş Aslandan xahiş edibmiş ki, qoy tamaşanı özüm oynayım, sən gəlmə, bəlkə son obrazımdır. Elə də olur. Tamaşanın sonunda Qüdrət Qurbanovun ölüm səhnəsini elə oynayıb ki, tamaşaçılar təsirdən ayrılıb alqışlamağı unudublar.
O dövrdə aktyorları geniş tamaşaçı kütləsi həm də televiziya ekranlarından tanıyırdı. Eldəniz Zeynalov da "Komediyalar aləminə səyahət", "Səhər görüşləri" kimi maraqlı verilişlərdə oynadığı səhnəciklərdən də tamaşaçının sevgisini qazana bilmişdi. "Qonşu qonşu olsa" (R. Qasımova), "Nişanlı qız" (Sabit Rəhman), "Almaz" (C.Cabbarlı), "Xırs quldurbasan" (M.F. Axundzadə) televiziya tamaşalarında Mindilli, Mirzə Səməndər, Tarverdi, Qəssab kimi obrazlarla yaddaşlara yazılmışdı.
Eldəniz Zeynalov ilk fəxri adı 1974-cü ildə alıb - əməkdar artist. Bayaq yazımın əvvəlində taleyi ilə bağlı fikri nahaq yerə vurğulamadım, onun da həyat yolu dövrünün əksər sənətkarları, nə bilim, bəlkə, ümumiyyətlə əksər sənətkarlar kimi-desəm, daha düzgün çıxar, rahat olmayıb. Sənət müəlliminin qoyduğu bünövrəmi imkan verməyib, yoxsa dayısından aldığı ibrətmi, yəqin hər ikisinin rolu olub, üstünə də dövrünü gələndə səbəb anlaşılır - toylara, şənliklərə əyləndirən aktyor obrazı ilə getməyi sənətinə rəva görməyib. Teatrdan aldığı məvaciblə isə o zaman da indiki kimi dolanmaq çətin idi. Eldəniz Zeynalov da ömür boyu ehtiyac içində yaşayıb. Yaddaşlarımızda gülər üzü, optimist siması ilə qaldığı üçün elə fikirlərimi də onun özünün "lətifəfason" əhvalatları ilə əsaslandırmağa üstünlük verirəm. Bir dəfə premyeradan sonra üç aktyor ənənəyə uyğun olaraq, tamaşanı qeyd etmək üçün teatrdan çıxırlar. Biri Eldəniz Zeynalov olan bu üç aktyor yolda ciblərini yoxlayıb üçünün üstündə çəmi 50 qəpik olduğunun fərqinə varırlar. Sakit, kefsiz yollarına davam edirkən qarşılarını bir dilənçi kəsib onlardan 50 qəpik istəyir. Fikir verməyib ötüb keçirlər. Bir az gedəndən sonra Eldəniz Zeynalov - "buna bax e, 50 qəpik istəyir e, 50 qəpik ha" - deyə öz-özünə və öz halına deyinir. Bir dəfə də Vaqif Mustafayev çəkiliş vaxtı - "Bütün aktyorlar əllərimə baxın, əlimin işarəsi ilə başlayırıq" - deyəndə Eldəniz Zeynalov - "elə işimz sizin əlinizə baxmaqdır də, qəpiyə güllə atırıq - deyə replika atıb, aktyorlar gülüşüblər. Eldəniz Zeynalov olan məclis, çəkiliş meydançası, teatr tamaşası həmişə yalnız gülüşlə, komediya ilə müşayiət olunardı, heç kim kənardan baxmaqla bilməzdi ki, bu sənətkar diqqətsizlikdən, pulsuzluqdan və ümumiyyətlə, nədənsə əziyyət çəkir.
Onun əzizlərinin, dostlarının, ailəsinin mənəvi əziyyətləri isə Eldəniz Zeynalovun içkiyə meyilli olmasından qaynaqlanırdı. Onu sevənlər bilirdilər ki, bu qədər içki bir gün onu yıxacaq. Yıxılır, sözün həm birbaşa, həm də məcazi mənasında...
Şəxsi həyatı
Həyatın keşməkeşləri, aldığın stress və həyat zərbələri təbii ki, insanın səhhətində izsiz keçmir. Eldəniz Zeynalov özünü içkiyə verməklə bu əzablardan xilas olmağa çalışırdı, amma yəqin özü də bilirdi ki, bu qurtuluş yolu deyil, əksinədir.
Ailəsində üç övlad böyüyüb aktyorun. İki oğlu, bir qızı var. Uşaqlar üçü də yeniyetməlik dövrlərini yaşayırdı. Təbii ki, ata onların gələcəyini düşünür, amma maddi imkansızlıqdan bir çıxış yolu, işıq ucu görmürdü. Həmin illərdə aktyorlara, xüsusən xalq artistlərinə ev bağışlayırdılar. Yeganə ümidi ona idi ki, bəlkə, ev versələr uşaqların gələcəyi üçün bir işıq yolu olar. Eldəniz Zeynalov nə Xalq artisti fəxri adı alanların siyahısında adını görürdü, nə də ev bağışlananların. Özünü oda-közə vururdu.
Bir gün Arif Quliyevlə danışıb rayonlara qastrola çıxırlar, kiçik monoloqlarla, səhnəciklərlə tamaşaçının görüşünə tələsirlər ki, zəhmətlərinin müqabilində evə pulla qayıtsınlar. Rayonda konsertdən əvvəl oturub yeyib-içirlər və pilləkənləri düşəndə Eldəniz Zeynalovun ayağı burxulub yıxılır. O zaman aktyorun 63-64 yaşı vardı.
53 gün Travmatologiyada yatan aktyor evə buraxılanda vəziyyəti yaxşılığa doğru deyildi. Sınan ayaq düzəlmirdi. Hərəkətsizlikdən damarlarda yığılma gedirdi. Sənət dostu Mikayıl Mirzə onu özünün tanıdığı başqa bir həkimin yanına aparır. (İllər sonra Mikayıl Mirzə özü də ilk baxışda xırda görünən ağrılardan əziyyət çəkib, dünyasını dəyişdi - R.Q.) Bu dəfə də yaxşılığa doğru heç bir dəyişiklik olmur, əksinə Eldəniz Zeynalovun vəziyyəti daha da ağırlaşır. Bu dəfə düzgün bitişməyən sümüyü sındırıb yenidən bərpa etmək cəhdi də uğursuz nəticələnir. Görünür, şəkəri olduğundan nə yara qapanırdı, nə də ayaq düzəlirdi. Yataq vəziyyətində qalmaq onun psixoloji durumuna, ürəyinə, qan təzyiqinə də təsirsiz ötüşmürdü. Səhhəti onu əməliyyat etməyə imkan vermirdi. Aktyor artıq vəziyyətinin ümidsiz olduğunu bildiyindən çoxdan arzusunda olduğu Xalq artisti fəxri adını da laqeyd qarşılayıb. Qəzetdə bu barədə informasiyanı oxuyub onu kənara tullayıb.
Ölümdən sonrakı həyat
Xanımı Rəhimə ilə onun vəfatından sonra 40 mərasiminə bir-neçə gün qalmış Vidadi küçəsində yerləşən iki otaqlı, köhnə təmirli mənzilində görüşmüşdük. Qadının göz yaşları ara vermədən yanaqları aşağı süzülürdü. Bütün danışdıqlarım da elə o vaxt onun mənə danışdıqlarıdır: "Ayağı bir illik yaradan sonra çürüməyə başladı. Bədəndə qan dövranı pozulmuşdu. Tərpənə də bilmirdi, yalnız uzandığı vəziyyətdə gözləri bizə nigaran-nigaran baxırdı".
Oğlu, sonradan Dövlət televiziyasında rejissor işləyən Elbrus Zeynalov deyir ki, atamın ayağını xüsusi drellə deşəndə o mənim adımı çəkib qışqırdı, dözə bilmədim, ürəyim getdi: "Özümə gələndə onun halı nisbətən düzəlmişdi, amma mən ömür boyu o səhnəni unuda bilmərəm. Yenə ayağını düzgün bitişdirmədilər, bir il ağrı ilə yaşadı, ağrılar onun ömrünə son qoydu".
Həkimlər əməliyyatsız düzəlmədiyini görüb, aktyorun ayağını əməliyyat etməli olurlar. Əməliyyatdan sonra Eldəniz Zeynalov özünə gəlmir, yəni huşsuz qalır. İki ay evdə huşsuz halda yatır və 2003-cü il noyabrın 5-də 64 yaşında dünyasını dəyişir.
Baxışlarında Rəhimə xanımın dediyi kimi nigarançılıq donub qalır. Arxada heç yerdə işləməyən xanımı və üç yeniyetmə övladı qalırdı. Bu nigarançılıq onun baxışlarında onunla birgə gedib. Yastığının altından sonradan sənət dostu Telman Adıgözəlova ünvanladığı məktub çıxıb. Aktyor övladlarını, ailəsini Telman Adıgözəlova tapşırıbmış məktubda. Görünür, dostlarından yalnız ona ürək qızdırıb, xeyirxahlığına güvənib. Bir dəfə sağlığında Telman Adıgözəlovdan bu barədə soruşdum. İndiyə qədər yadımdan çıxmır, aktyor gözlərini bir nöqtəyə zilləyib harasa çox uzaqlara getdi, onu həmin yerdən növbəti sualla qaytardım, həm də çətinliklə, amma əvvəlki sualım havada qaldı, Telman Adıgözəlovun gözlərinin zilləndiyi nöqtədə.
Eldəniz Zeynalovdan sonra başsız qalan ailənin vəziyyəti daha da ağırlaşıb. Elbrus Zeynalov təhsilini başa vurub televiziyada işə düzəlsə də, anası Rəhimə xanım çiyinlərinə düşən ağır yükə və Eldəniz Zeynalovun ağır taleyinin nisgilinə cəmi dörd il tab gətirə bildi. 2006-cı ildə vəfat etdi. Ağır itkilərdən sonra sanki yıxılan üç gənc indi-indi ayağa qalxa biliblər, həyatlarına davam edirlər. Atalarının 80 illiyini də bu yaxınlarda təmtəraqla qeyd etdilər.
Eldəniz Zeynalovun ailəsindən sağ qalan qardaşı Tofiq Zeynalov uzun illər Dövlət televiziyasında rejissor işləyib, Eldəniz Zeynalovun da oynadığı "Qonşu qonşu olsa" tamaşasının rejissoru olub. Tofiq Zeynalov hazırda təqaüddədir. Qızı İqtisad Universitetində çalışır, hələ ailə qurmayıb. Oğlu Elbrus təhsilini bitirəndən Dövlət televiziyasında çalışır. Eldəniz Zeynalovun iki nəvəsi var - Yusif və Camal. İkinci oğlu Məmməd Zeynalov İrəvan teatrında aktyor idi. Noyabrın əvvəllərində, bəlkə də Eldəniz Zeynalovun dünyadan köçdüyü gün Məmmədin oğlu dünyaya gələcək. Adını Eldəniz qoymağı planlaşdırıblar. Dünyaya ikinci dəfə Eldəniz Məmməd oğlu Zeynalov gələcək. Qədəmləri sayalı olsun...
Məşhur türk aparıcısı nüfuzlu mükafatdan imtina edib
Məşhur türkiyəli aparıcı Armağan Çağlayan "Altın kelebek" mükafatından imtina edib. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı Birgün.net-ə istinadən məlumat verir.
Aparıcı bu qərarını Tvitter hesabındakı paylaşımla bildirib. O yazır:
"Altın kelebek" mükafatına "Gör beni, dur bi dinle" ilə ən yaxşı dijital mövzuya sahib” kateqoriyası üzrə namizəd olmuşuq. Komanda yoldaşlarımın da razılığı ilə birgə belə qərara gəldik ki, heç bir mükafat bizə sosial medianın və YouTube izləyicisinin bizə verdiyi mükafatdan önəmli ola bilməz, odur ki, namizədlikdən çəkilirik.”
Həmyerlimiz finalda
Ötən gün Xorvatiyanın Solin şəhərində 17-ci Karikaura Festivalının açılışı olub. (17th International Cartoon Festival - Solin 2022, in Croatia).
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, festivalın final mərhələsinə qalan əsərlər sırasında həmyerlimiz Soltan Soltanlının da bir işi sərgilənməkdədir.
Tanınmış Britaniya yazıçısı Hilari Mantel vəfat edib
Britaniyalı yazıçı Hilari Mantel 70 yaşında dünyasını dəyişib. “Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu barədə HarperCollins nəşriyyat evi məlumat verib. Məşhur tarixi romanların müəllifi ailə üzvləri və yaxınlarının əhatəsində dünyasını dəyişib.
Hilari Mantel Tomas Kromvellin yüksəlişi və süqutu haqqında "Vulfholl" trilogiyasına daxil olmuş kitablara görə iki Buker mükafatına layiq görülüb. Seriyanın son romanı 2020-ci ildə nəşr olunub və trilogiya dünyanın onlarla dilinə tərcümə edilib. Ümumi tiraj 5 milyon nüsxəni keçib.
Mantel ədəbiyyata verdiyi töhfəyə görə bir çox mükafatlara, o cümlədən Britaniya imperiyası ordeninin xanım-komandiri adına layiq görülmüşdür.
Dünyaşöhrətli müğənni LP Bakıda konsert verəcək
Amerikalı məşhur müğənni-bəstəkar Laura Pergolizzi (LP) Azərbaycanda ilk dəfə konsert verəcək.
Bu şou-proqram sentyabrın 30-da Bakı Konqres Mərkəzində təşkil olunacaq.
Qeyd edək ki, LP ləqəbi ilə tanınan müğənni 2001-ci ildə müstəqil pop janrındakı “Heart-Shaped Scar” adlı debüt albomunu yayımladıqdan sonra böyük uğur əldə edib. Son illərdə isə ifa etdiyi “Lost on you” mahnısı 17 ölkədə hitə çevrilib. Öz unikal yaradıcılığından başqa, LP çox sayda sənətçi, o cümlədən Cher, Rihanna, The Backstreet Boys, Mylene Farmer, Celine Dion, Christina Aguilera və başqaları üçün mahnılar yazıb.
“Cənnətim Qarabağ” rubrikasında bu dəfə Murad Muradov
“Şuşa İli” ilə əlaqədar Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi tərəfindən həyata keçirilən “Cənnətim Qarabağ” adlı rubrika davam edir.
“Ədəbiyyat və incəsənət” portalı Teatr Muzeyinə istinadən xəbər verir ki, layihə çərçivəsində növbəti təqdimat xalqımızın unudulmaz sənətkarları sırasında yer alan, milli teatrın formalaşmasında əvəzsiz rolu olan sənət fədaisi Əməkdar artist Murad Muradova həsr olunub.
Murad Məmmədrza oğlu Muradov 1884-cü ildə Ağdam rayonunun Muradbəyli kəndində anadan olub. O, orta məktəbi bitirdikdən sonra təhsilini Realni məktəbdə davam etdirib. Sənətə, musiqiyə olan böyük marağı uşaq yaşlarından onu teatra gətirib çıxarır. Belə ki, o dövrdə məktəb müəllimləri və ziyalılar tərəfindən dram və xor dəstələri təşkil olunurdu. Şuşanın mədəni həyatının inkişafına müsbət təsir göstərən bu ideyalar Nəcəf bəy Vəzirov, Haşımbəy Vəzirov, Yusif bəy Məlikhəqnəzərov, Mirzə Muxtar Məmmədov, Firidun bəy Köçərli, Yusif bəy Axundov, Həsənəli Sarıcalinski, Əbdürrəhim bəy Haqverdiyev, Üzeyir bəy , Zülfüqar bəy, Ceyhun bəy Hacıbəyli qardaşları və başqalarının təşəbbüsü ilə ərsəyə gəlirdi. Əsas məqsəd isə milli teatrın və operanın inkişafı, habelə parlaq istedadların üzə çıxarılması idi. Beləcə dövrün ziyalıları və fədailəri bir məslək ətrafında toplanaraq milli mədəniyyətimizin inkişafı üçün əllərindən gələni əsirgəmirdilər. Həmin dövrdə hələ tələbə olan M.Muradov da müəllimlərinin dəvəti ilə bu cür dram və xor dəstələrinin tərkibində şəhərdə təşkil olunan tamaşalarda, konsertlərdə və müsamirələrdə iştirak edirdi. Aktyorun öz xatirələrindən bəlli olur ki, o, nəinki tamaşalarda həvəskar aktyor kimi rol alır, hətta tamaşanın ərsəyə gəlməsi üçün ona tapşırılan əlavə işləri də təmənnasız həyata keçirirdi. M. Muradov səhnəyə ilk dəfə 1897-ci ildə Şuşada Xandəmirovun zalında oynanılan M.F.Axundzadənin “Hacı Qara” komediyasında Bədəl obrazı ilə çıxır. Tamaşa Şuşada böyük müvəffəqiyyət qazanır, bu da özlüyündə gənc Muradı ilhamlandırır, onun həyatda öz yolunu seçməyinə təkan verir. Beləliklə o, 1900-cü ildə Bakıya gəlir və 1919-cu ilədək “Müsəlman dram artistləri cəmiyyətin”ndə, “Artistlər şirkəti”ndə, H.Sarabskinin "Müsəlman opera artistləri" dəstəsində, "Zülfüqar bəy və Üzeyir bəy Hacıbəyli qardaşlarının müdiriyyəti"ndə, “Nicat” və “Səfa" cəmiyyətlərinin teatr truppalarında aktyorluq edir. Çox çəkmir ki, onun səhnədəki bacarığına hələ Şuşadan yaxşı bələd olan Əbdürrəhim bəy Haqverdiyev tərəfindən əsas rollara dəvət alır. Dramaturq onu özünün yenicə yaratdığı “Bakı müsəlman dram truppası”na götürür. M.Muradov bu dəstədə Cahangir Zeynalov, Əbülfət Vəli, Məhəmməd bəy Əlvəndi, Səməd Mənsur, Salah bəy Sadıqbəyov, Mehdi bəy Hacınski kimi dövrünün ən görkəmli teatr fədailəri və ziyalıları ilə çiyin-çiyinə çalışır. O, 1901-ci ildə Ə.Haqverdiyevin quruluş verdiyi Nəcəf bəy Vəzirovun “Müsibəti-Fəxrəddin” faciəsində Fəxrəddin rolunu ifa edir. Hər yeni məsuliyyətli rol ilə günü-gündən bir peşəkar kimi püxtələşən aktyor 1919-cu ildən indiki Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının truppasına qəbul olunur. Həmçinin 1920-30-cu illərdə bir müddət müəyyən fasilələrlə Bakı Türk Azad Tənqid və Təbliğ Teatrında, müxtəlif təbliğat və təşviqat briqadalarında da işləyir. 1931-ci ildən yenidən indiki Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına geri qayıdan sənətkar bu sənət ocağının səhnəsində Rza Təhmasib, Mustafa Mərdanov, İsmayıl Hidayətzadə, Rza Əfqanlı, İsmayıl Osmanlı, Abbas Mirzə Şərifzadə, Mirzağa Əliyev, Möhsün Sənani və başqa qüdrətli səhnə ustaları ilə tərəf-müqabili olur. Aktyor teatr fəaliyyəti boyunca həm milli, həm də rus və qərb dramaturgiyasının ən seçmə nümunələrində istər əsas, istərsə də ikinci dərəcəli müxtəlif xarakterli yaddaqalan obrazlar yaradıb. N. Vəzirovun “Hacı Qəmbər”, N.Nərimanovun “Nadir şah”, M.F.Axundzadənin “Lənkəran xanın vəziri”, “Hacı Qara”, Ə.Haqverdiyevin “Dağılan tifaq”, “Bəxtsiz cavan”, C.Cabbarlının “Dönüş”, “Yaşar”, H.Cavidin “İblis”, C.Məmmədquluzadənin “Ölülər”, S.Vurğunun “Vaqif”, Ş.Saminin “Dəmirçi Gavə”, N.Qoqolun “Müfəttiş”, “Evlənmə”, F.Şillerin “Qaçaqlar”, U.Şeksprin “Otello”, A.Puşkinin “Dubrovski”, N.Hikmətin “Türkiyədə”, P.Bomarşenin “Fiqaronun toyu” və s. tamaşalarda oynadığı Cəbi, Rzaqulu xan, Hacı Məsud, Xəlil yüzbaşı, Həmzə bəy, Çingiz, Xudayar, Mürsəlqulu, ərəb zabiti, Heydər ağa, Əhməd kişi, Pərviz, Bobçinski, Koçkaryov, Karabkin, Şpigelberq, Kassio, keşiş Anton, həkim, Don Qusman Bridduazon kimi obrazlar onun zəngin repertuarının bir hissəsini təşkil edir.
Azərbaycan milli teatrının yaranması və inkişafında bir çox korifeylərlə yanaşı, M. Muradovun da böyük əməyi olub. O, 1907-ci ildə Ümumrusiya Teatr Cəmiyyətinin üzvü olan ilk azərbaycanlı aktyor kimi teatr tarixinə adını qızıl hərflərlə yazdırmağa müvəffəq olub. 1933-cü ildə o dövr üçün SSRİ-nin ən ali mükafatlarından sayılan Əmək Qəhrəmanı adına layiq görülüb. Bundan əlavə, o, Azərbaycan peşəkar teatrının 75 illik yubileyi münasibətilə 21 iyul 1949-cu ildə əməkdar artist fəxri adı ilə təltif olunub. Onu da qeyd edək ki, Murad Muradov Əməkdar artist Qaflan Muradovun doğma qardaşıdır. Azərbaycan xalqının tanınmış soylarından biri Muradovlar nəslinin məşhur nümayəndələridirlər.
Ömrünün sonunadək səhnədən ayrılmayan, milli peşəkar teatrımızın formalaşmasında əvəzsiz xidmətləri olan Murad Muradov 1964-cü il noyabr ayının 2-də Bakı şəhərində vəfat edib.
Tarixi abidələrə baxış nə anlam daşıdı?
Xəbər verdiyiniz kimi, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli Nardaran Tarix-Mədəniyyət Qoruğunun fəaliyyəti ilə tanış olub.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, qoruq əməkdaşları ilə keçirilən görüşdə qoruğun işinin müasir tələbləri səviyyəsində qurulması, burada yerləşən abidələrin təbliği, təşviqat işləri ilə bağlı tapşırıq və tövsiyələrini verib. 22 tarix-mədəniyyət abidəsinin yerləşdiyi qoruq ərazisindəki tarixi abidələrin hazırki vəziyyəti ilə maraqlanan xidmət rəisi Nardaran qəsri, Xan bağının köşkü və karvansara ilə bağlı lazimi göstərişlər verib.
Azad Cəfərli həmçinin Xəzər rayonu, Dübəndi qəsəbəsinin Xəzərsahili ərazisində yerləşən üzərində qayaüstü təsvirlər olan “Mağara” abidəsinə baxış keçirib. Xidmət rəisi e.ə IV-I minilliyə aid olan “Mağara” abidəsinə kənar müdaxilələrin qarşısının alınması və qorunması ilə bağlı göstəriş verib.
ICESCO İslam Dünyası İrsi Günü münasibətilə bəyanat yayıb
İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) hər il sentyabrın 25-də İslam Dünyası İrs Gününü qeyd edir.
Bu münasibətlə yaydığı bəyanatda ICESCO-nun İslam dünyasında mədəni irsin qorunması və onun elementlərinin sənədləşdirilməsi üzrə səylərinin bir hissəsi olaraq, üzv dövlətlərin çoxsaylı tarixi yerlərini və mədəni elementlərini İslam Dünyası Maddi və Qeyri-Maddi İrs Siyahılarına daxil etdiyi diqqətə çatdırılıb. Belə ki, irs sahəsində çalışan peşəkar heyətin əlyazmalardan ibarət faylların hazırlanmasında bacarıqlarını inkişaf etdirmək üçün bir neçə təlim sessiyası keçirilib. Təşkilat, həmçinin mədəni sərvətlərin qeyri-qanuni dövriyyəsi ilə mübarizənin zəruriliyi barədə məlumatlılığı artırmaq üçün bir neçə beynəlxalq forum və simpoziumlar təşkil edib.
ICESCO qeyd edib ki, müasir texnoloji nailiyyətlərlə ayaqlaşan təşkilat üzv dövlətlərin irs sənədlərində süni intellektin tətbiqi təcrübəsinin genişləndirilməsi və irs nümunələrinə dair bir sıra təlimatların tamamlanması üzərində işləyir. Bununla yanaşı, İslam ölkələrində mədəni irsin qiymətləndirilməsi, onun qeyri-qanuni alverinə qarşı mübarizə yolları daha da təkmilləşdirilir. Bu sahədə mütəxəssis və ekspertlər üçün beyin mərkəzinə çevrilmiş ICESCO-nun İslam Dünyası İrs Mərkəzi üzv dövlətlərin irs sahəsində müxtəlif ehtiyaclarına cavab vermək, o cümlədən hüquqi sistemləri nəzərdən keçirmək üçün lazımi dəstəyi təmin edən inteqrasiya olunmuş proqram həyata keçirir. Bununla yanaşı, peşəkarlara nəzarət və onların hazırlıq səviyyəsinin yüksəldilməsi, ICESCO-nun ixtisaslaşmış komitələri tərəfindən təhlükə altında olan irs abidələrinə baxış və kəşfiyyat səfərlərinin həyata keçirilməsi, müvafiq texniki hesabatların hazırlanması, habelə İslam dünyasında mədəni irsin müxtəlif komponentlərinin sənədləşdirilməsi, bərpası və mühafizəsi də diqqət mərkəzində olan məsələlərdir.
“Ədəbiyyat və incəsənət” bu manşet yazısını AzərTAC-a istinadən yayır.
Hüseyn Cavidin 140 illiyi qeyd ediləcək - SƏRƏNCAM
Prezident İlham Əliyev “Hüseyn Cavidin 140 illiyinin qeyd edilməsi haqqında” Sərəncam imzalayıb.
Sərəncama əsasən, Mədəniyyət Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə mütəfəkkir şair və dramaturq Hüseyn Cavidin 140 illiyinə dair tədbirlər planını hazırlayıb həyata keçirəcək.
Sərəncamda bildirilir ki, 2022-ci ildə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, mütəfəkkir şair və dramaturq Hüseyn Cavidin (Hüseyn Abdulla oğlu Rasizadənin) anadan olmasının 140 ili tamam olur.
Hüseyn Cavid fəlsəfi müdrikliyin və bədii kamilliyin ahəngdar vəhdətini dolğun təcəssüm etdirən yaradıcılığı ilə Azərbaycan ədəbiyyatı tarixinə işıqlı səhifələr yazıb. O, bütün ədəbi fəaliyyəti boyu həqiqəti, insanpərvərliyi və gözəlliyi tərənnüm edib. Şərq poetik fikri zəminində yüksələn və dünya romantizm ənənələrindən uğurla bəhrələnən filosof-şair Azərbaycan poeziyasında fəlsəfi lirikanın dəyərli nümunələrini meydana gətirib. Qüdrətli sənətkar humanist ideallar uğrunda mübarizəyə səsləyən mənzum faciələri və tarixi dramları ilə Azərbaycan dramaturgiyasında yeni mərhələnin təməlini qoyub. Parlaq xarakterlərlə zəngin olub, bir neçə nəslin estetik zövqünü formalaşdıran və ölkəmizdə teatr mədəniyyətinə yeni nailiyyətlər qazandıran bu dramaturgiya milli teatr salnaməsində “Cavid teatrı” kimi özünəməxsus layiqli yer tutur. Cavid irsi Azərbaycan ədəbiyyatının qızıl fonduna həmişəlik daxil olub.
Hüseyn Cavid sovet rejiminin ən sərt təzyiqləri şəraitində belə, mənən sarsılmayaraq şəxsiyyətinin bütövlüyünü ləyaqətlə qoruyub. Ulu öndər Heydər Əliyevin şəxsi təşəbbüsü ilə Cavidin nəşinin 40 il öncə uzaq Sibirdən vətəninə gətirilməsi və məzarı üzərində məqbərənin ucaldılması adı sovet totalitarizminin günahsız qurbanlarının rəmzinə çevrilmiş sənətkarın və 1930-cu illərdə repressiyalara uğramış Azərbaycan ziyalılarının xatirəsinə ehtiramın ifadəsidir.