
Super User
“İmkan vermədilər ki, layiq olduğum yerdə olum" - Nisə Qasımovadan ilginc açıqlama
“Mən bu adı, bu soyadı, bu imici, həyat tərzini özüm qazanmışam. Zorla müğənni olmamışam. Bir çox sənət nümayəndəsi kimi həddindən artıq acı sənət taleyim olub. Bəzən keçmiş fotolara, lentlərə baxıram, məni qəhər boğur, ağlayıram. İmkan vermədilər ki, layiq olduğum yerdə olum. Mən bunu itirdim. Onu itirməyimə rəğmən insanların sevgisini qazandım. Sənətdə dözmək, səbrli olmaq lazımdır. Allah məni səbrlə mükafatlandırıb. Hər zaman doğru zamanı, vaxtı gözləmişəm. Fikirləşmişəm ki, zaman gələcək, mənim demək istədiklərim, amma dilimə gətirmədiyim şeylər özü baş verəcək. Belə də olub".
“Ədəbiyyat və incəsənət” xəbər verir ki, bunu moderator.az-a açıqlamasında xalq artisti, sevilən sənətkar Nisə Qasımova deyib. O, daha sonra əlavə edib:
"Bu gün incidiyim, küsdüyüm insanın da əgər yaxşı mahnısı varsa qulaq asıram. Sovet dövründə ara mahnıları oxuyanlara bu gün şükür edirəm. İndi dəbdə yalnız bayağı mahnılardır. Yutubda da onlara baxış sayı daha çox olur. İmiclə, geyinməklə sənətkar olmurlar. Gənc müğənni var ki, efirdə çıxıb sənətdən yox, şəxsi həyatından danışır. Özü də bilmir ki, verilişə niyə gəlib. Gənc sənətçinin illərini bu sənətə verən böyük sənətkara söz atması nə dərəcədə düzgündür?! Sən özün bilirsən ki, nə vaxtsa onun yaşına çatacaqsan, amma o müğənninin qazandığı hörmətin heç 1 faizini də sən qazanmayacaqsan. Gənclərin gələcəyini yaxşı görmək istəyirəm" deyə sənətkar bildirib. Xalq artisti bildirib ki, ilk şou proqramlar onun adı ilə bağlıdır. "O vaxt şou-proqramlar hazırladığıma görə həmkarlarım, yaşıdlarım tərəfimdən qınaq atəşinə tutulmuşdum. Birdən-birə şou proqramla səhnəyə çıxdım. Bunu ilk dəfə mən etdim. Qərara gəldim ki, restoranlardan birində şou proqram edəcəyəm. Hansı ki, orada insanlar həm əylənirdilər, həm də musiqiyə qulaq asırdılar. Allah bunu nəsib etdi. Qətiyyətlə deyirdim ki, zalda iki tamaşaçı oldusa mütləq konserti başlayacaqsız. Daha demirdim ki, gözləyin, camaat gəlsin, içərisi dolsun. Sonra mən Moskvaya çıxıb getdim. Xəbərim olmadı ki, bu iş necə oldu" deyə sənətkar bildirib.
Gələcək Ana Dilimizlə gələcək, yaxud “Çox peşman olacaqsınız!”
İbrahim Nəbioğlu yazır
“Balalarını rusca oxudanlar, çox peşman olacaqsınız” deyə bir status yazdım. Təbii ki, rezonansa səbəb oldu. Statusu bəyənən də oldu, çox şərh yazıldı, bir çox izləyicim paylaşdı. Paylaşanlar içində rusdilli bir qrup da vardı. Onlar isə təhqirə keçdilər...
Məşhur rus pedaqoqu Konstantin Uşinskinin öz sözləri ilə başlayım bu yazıya:
“Ana dilində təhsil almayan bir uşaq böyüdükdən sonra üzünə nə qədər vətənpərvərlik maskası taxsa da, aid olduğu millətə deyil, dilində təlim-tərbiyə gördüyü millətə xidmət edəcəkdir”.
Hər şey buxar mühərrikinin, dəmir yolunun, radionun, Kimyəvi Elementlərin Periodik Cədvəli və onlarla, yüzlərlə, hətta minlərlə kəşfin qonşularımız tərəfindən öz adlarına çıxarmaları ilə başlayır yəqin. Televizoru açırsız “Периодическая Система Химических Элементов Менделеева” görür, qəzeti açırsan “Радио Попова” oxuyur, radiodan isə Çerepanov qardaşları haqda “əfsanələr” eşidirsiz. Bunların təsiri böyükdür, Rusiyanı elmin, tərəqqinin, mədəniyyətin beşiyi kimi təqdim edirlər. Və bu təbliğatın, ki onun yaşı 200-ə çatır, təsiri altına düşüb, vurulursuz bu möhtəşəm tarixə.
Halbuki böyük mədəniyyətlər Şərqdə, Balkanlarda yaranmışdır. Rusiyanın yazılı tarixindən çox-çox əvvəl, “Слово o Полку Игореве” eposundan minlərlə il əvvəl yaranmışdır bu böyük mədəniyyətlər. Qonşularımız millət kimi formalaşana qədər Dünyada çox mədəniyyətlər yaranıb süqut etmiş, yeniləri yaranmışdı.
Bəşəroğlu elmin, tərəqqinin arxasınca gedəndə artıq nə elədiyinin fərqində idi. Platon, Sokrat, Aristotel insanlığa töhvələr verib, düşüncəyə, məfkurələrə təsir edəndə “Çaadayev, Solovyov, Tolstoy və Dostoyevskilər” yox idilər. Qədim dövrlər ədəbiyyatı, orta əsrlər ədəbiyyatı kimi zəngin bir keçmişə gəlin baş vurmayaq. Opponentlərimi çətinə salmayım çox. İnanın ki, hər biri üzərində tək-tək durmağa vaxtım yoxdur, bəlkə də heç ehtiyac da görülmür buna, sadəcə bəzi “dəmir kimi sərt” gerçəkləri paylaşım deyə düşünürəm.
Haşıyədən kənara çıxmaq kimi baxmayın. Seçim üçün, tarixdəki rolu üçün “Ölkələr və İxtiralar” bölümünə bir nəzər salaq:
Buxar mühərriki - İngiltərə
Dəmir yolu - İngiltərə
Poçt markası - İngiltərə
Televiziya - Almaniya
Motorsiklet - Almaniya
Avtomobil - Almaniya
Helikopter - Fransa
Multiplikasiya - Fransa
Kino - Fransa
Piano - İtaliya
Radio - İtaliya
Kaset - Hollandiya
Dinamit - İsveç
Teleqraf - ABŞ
Yol işıqları(svetofor) - ABŞ
Kassa aparatı - ABŞ
Fotokopiya aparatı - ABŞ
Traktor - ABŞ
Atom bombası - ABŞ
Aeroplan - ABŞ
Kondisioner - ABŞ
Elektrik plitəsi - ABŞ
İnternet - ABŞ
Diqqət edin, burada 18-ci əsr də var, 21-ci əsr də.
Burada Bəşəriyyətə verilən töhvələr, sənaye inqilablarını təşviq edən möcüzələr var.
"Şərqdə poeziyanın dili farsca, Qərbdə isə almancadır" yazmışdım bir məqaləmdə. Bir dostum yazıb sormuşdu ki, bəs ingilis dili nəyin dilidir. Düşünmədən yazmışdım:
“21-ci əsrin, IT texnologiyalarının, Süni İntellektin, bu günün və sabahın dilidir”.
*
“Balalarını rusca oxudanlar, çox peşman olacaqsınız” statusuma sərt müxalifət edən bir nəfər də soruşmadı ki, niyə və ya nədən peşman olacaqsınız. Cavab verim özüm verdiyim suala…
11 il sonra ancaq rusca danışa biləcək uşaqlarınız. Əmin olun ki, belə olacaq.
Riyaziyyat, fizika, kimya, kodlaşdırma bilməyəcəklər.
Bilirsiz niyə?
Çox sadə səbəbi var. Çoooox sadə.
Çünki məktəblərdə onları tədris edən müəllim yoxdur. Bəli, müəllim qıtlığı var rus məktəblərində.
Ey dili-qafillər, yoxdur, müəllim yoxdur, bilin artıq bunu.
Bax buna görə üsyan edirəm.
Hansı gənc indiki dövrdə sənədlərini Pedaqoji universitetin, məsələn, riyaziyyat fakultəsinin rus bölümünə verər? Haradan alacaqlar bəs sizin artan rus sektorlarınıza riyaziyyat, fizika, kimya, kodlaşdırma müəllimlərini? Tapa bilməyəcəklər, il-ildən sayları da azalır bu müəllimlərin.
Bəs nə olacaq bu durumda?
Heç nə olmayacaq, 70-80 il əvvəlki kimi idman müəllimi fizika, əmək müəllimi kimya tədris edəcək.
Kodlaşdırmanı filanı isə unudun, o sahədə zatən müəllim yoxdur, qalmışdı rus dilində kod yazmağı bilənlər...
11 illik rus məktəbində təhsilə “11 illik rus dili kursları” deyirlər.
Ağlamalı deyilmi – uşağını 11 il oxut ki, rusca danışsın!...
Buna necə razı olmaq olar?
Yoxsa siz Molokan bağı ətrafındakı kafelərin, mağazaların üzərindəki iş elanlarına görəmi hərəkət edir, övladınıza gələcək qurursuz: “Rus dilini bilən ofisiant və satıcı lazımdır”.
Əminəm ki, aranızda övladları 21-ci əsr peşələrinə yiyələnmək istəyənlər də var.
Məsələn, kosmik biologiya, mühəndis-genetik, yaşıl şəhərlər memarlığı, bio-etika, dijital linqvistika, data jurnalistikası və s.
Bütün bunlar nəinki Rusiya universitetlərində tədris olunur, inanın ki, onların çoxları heç adlarını belə eşitməyiblər.
Bu söylədiklərimi bəzi rəsmi statistik datalarla da göstərməyə çalışacam.
Süni İntellekt (AI) sahəsində patent müraciətlərinə baxın. Bu şirkətlər içərisində qonşumuzun bir dənə də şirkəti varmı? Nə qədər geridə olduqlarını bu statistikasız da bilirsiz axı.
1 IBM
2 Microsoft
3 Toshiba
4 Samsung
5 NEC
6 Fujitsu
7 Hitachi
8 Panasonic
9 Canon
10 Alphabet
11 Siemens
12 Sony
13 Toyota
14 NTT
15 SGCC
Bütün dünya "Əşyaların İnterneti" (Internet of Things) haqda danışır. İnkişaf mərhələlərinə bir baxaq:
1 İnternet öncəsi - İnsandan insana
2 Kontent İnterneti - WWW
3 Xidmətlər İnterneti - WEB 2.0
4 İnsanların İnterneti - Sosial Media
5 Hər Şeyin İnterneti - Cihazdan cihaza
Qərb Dünyası addım-addım, səbrlə, hər mərhələni “həzm edərək”, zənginləşdirərək bir sonrasına keçib. Ancaq qonşu ölkə 4-cü dən o yana keçə bilmir – resurslar tükənib, təhsil sistemi tənəzzül içindədir, demoqrafik və sosial problemlərlə boğuşur. İqtidarları hakimiyyətini sərhədlərdən oyana münaqişə zonaları yaratmaq, oralara müdaxilə etmək və “derjavaçılıq” nərələri ilə saxlamağa çalışırlar. Ancaq hara qədər?
İki qonşunu sadə misalla qarşılaşdıraq:
Dövlət xərcləri (1 ildə)
Yaponiya:
Əhalisi: 127 milyon
Səhiyyə: $473 milyard
Təhsil: $162 milyard
Ordu: $48 milyard
Yollar: $37 milyard
Rusiya:
Əhalisi: 146 milyon
Səhiyyə: $45 milyard
Təhsil: $50 milyard
Ordu: $61 milyard
Yollar: $9 milyard
Bu rəqəmləri ətraflı şərh etməyək. Sadəcə təhsilə ayrılan pullara baxsaq bu bizə xeyli informasiya vermiş olacaq...
ABŞ və Çin arasındakı rəqabətə bir baxın:
– Çin 2016-da növbəti "Beşillik İnkişaf Planı"nı hazırlamışdı;
– Bu planın "Stratejik Məsələ" bölümündə əsas yeri Kvant (Quantum) Kompüterlər tutur. Bəşəriyyətə yeni çağ açacaq bu nəhəng maşın üçün Çin ABŞ-dan 2 dəfə daha çox patent alıb.
– Quracaqları “Kvant Milli Data Servisləri Laboratoriyası “üçün çinlilər 10 milyard dollar xərcləyirlər.
Google ve NASA Kvant kompüterlərində üstünlüyü ələ alıblar. Ancaq Çin ABŞ-ın çox da gerisində deyil, hətta amerikalılar onun nəfəsini ənsələrində hiss edirlər.
2020-2030 arasında dünyada ölkələr arasındakı texnolojik fərq uçurum təşkil edəcək. Təbii ki, sadəcə bircə laboratoriya üçün 10 milyardlar xərcləyən millətlər istiqbal əldə edəcəklər. Betona pul qoyma dövrü çoxdan keçmişdə qalıb. Pulu beyinlərə xərcləyən ölkələrdə o beyinlər elmi-texniki tərəqqinin memarlarına çevrilirlər…
Gəlin aşağıda “Tədris hansı dildə olmalıdır?” sualına cavab axtaraq bir yerdə.
Amma bu boş bir məşğələ olacaq, çünki artıq dil deyəndə “kod” başa düşülür. Uğur qazanan ölkələr balalarına “xəyal qurmağı öyrədən” ölkələr olacaqlar. Xəyal isə Ana dildə qurulur, Ana dili laylalar, nağıl və əfsanələr, Məlikməmməd və Koroğlulardır.
Dünyada mübarizələrin, hətta müharibələrin nə uğrunda və necə gedəcəyinə baxanda nə görürsüz? Bir az da bunlar haqda düşünün:
- Silahlanma yarışı kimi Süni İntellekt uğrunda yarış başlayıb;
- Uduzanlar qaliblərin koloniyalarına çevriləcəklər;
- Yetərli datanız varsa bir ölkəni əsgərlə kontrol etməyə gərək qalmayacaq;
- Süni İntellekt inqilabı siniflər və ölkələr arasında görülməmiş bir bərabərsizliyə yol açacaq (19-cu əsrdə ilk sənayeləşən İngiltərə və Yaponiyanın dünyanın bir çox bölgəsini kontrol etməsi kimi);
- Süni İntellekt yarışında ABŞ və Çin böyük bir fərqlə önə keçərək digər ölkələri geridə qoyublar;
- Süni İntellektin gücünü, yaratdığı faydaları insanlar arasında adil şəkildə paylaşmasaq Süni İntellekt bəzi mərkəzlər üçün görülməmiş sərvət və güc mənbəyinə yol açacaq. Digər ölkələr isə çökərək, “data koloniyalarına” çevriləcəklər.
Çox uzaqlara sürükləməyim sizi, hərdən Yuval N. Harariyi vərəqləyin bir az ya da Frensis Fukuyamanı. Hətta kitabları uşaqlarınıza da oxuyun. Çalışın oxutdurun…
Bu arada deyim ki, mütləq İlon Maskı da oxumalıdır uşaqlarımız. O İlon Maskı ki, Rusiya rəsmi təbliğatı gecə-gündüz onu “fırıldaqçı”, “əfsanə satan”, “uğursuz mühəndis”, “pulgir və yalançı kosmos heyranı” adlandırırlar.
Halbuki onları “yandıran” özəl bir şirkətin (SpaceX) dövlətin “Roskosmos” kimi bir nəhəngini “böyrüüstə” qoymasıdır. 50 yaşlı bir adam 10 il ərzində kosmos ənənələri güclü bir ölkəni tarixin uzaq küncünə sıxışdırdı.
Mən 3 il əvvəl İlon Maskı Ana dilimizə tərcümə edəndə gənc nəsli düşünərək etmişdim. İstəyirdim ki, bizdən sonra gələnlər Elmə inansınlar, Elmi sevsinlər, gecələr yatanda beyinlərdə möhtəşəm layihələr, fantaziyalar, xəyallar qursunlar, xəstə nənə və babalarına çarə üçün Allahdan açıq zehin, oturma qabiliyyəti və çalışma şövqü istəsinlər. Və xəyalları da Ana dilində olsun, duaları da…
Gəlin yenə xəyal dünyasından gerçəklərə baxaq. Məsələn, Süni İntellekt üçün xərclənənlərə:
- Süni İntellekt texnoloji təşəbbüslərinə dəstək fondlarının 81 %-i ABŞ və Çin şirkətlərinə xərclənir;
- Patent üçün 2018-də müraciət edən 20 qlobal şirkətin 12-si Yaponiya, 3-ü ABŞ, 2-si Çindəndir…
Axtarmayın, burada da onlar yoxdurlar. Ola bilməzlər. Huqo Şmayser birdən birə Kalaşnikov olanda başlamışdı proseslər. Üstündə durmayaq, bu haqda da çox yazmışam. Ancaq dillərə görə Web kontent üzərində bir az dayanaq. Zatən dillər deyilmi mövzumuz.
2018-ci il rəqəmlərinə görə İnternet kontentinə bir fikir verin. Bu rəqəmlər “Biz dünyaya Rus dili üzərindən açılacağıq” deyənlər üçün son dərəcə maraqlı olmalıdır:
İngilis: 51.2%
Rus: 6.8%
Alman: 5.6%
Yapon: 5.5%
İspan: 5.1%
Fransız: 4.1%
Portuqal: 2.6%
İtalyan: 2.4%
Çin: 2.1%
Polyak: 1.7%
Fars: 1.7%
Türk: 1.4%
Koreya: 1.0%
Çex: 0.9%
Ərəb: 0.7%
(W3Techs)
Əziz valideynlər, statistikanı daha dar çərçivədə verirəm indi. Üç böyük ölkəni götürdüm, onların Elmi potensialını, Texnoloji Qüdrətini, Beynəlxalq Arenadakı nüfuzunu oxuyacaqsız bu çılpaq rəqəmlərdən. FB statuslarımda bunlara “Çox Şey Deyən Rəqəmlər” deyirəm:
Yüksək texnologiyaların ixracı:
ÇİN: 496 milyard $
ABŞ: 153 milyard $
RUSİYA: 7 milyard $
Dərc olunmuş Elmi məqalə sayı:
ÇİN: 426 min 165
ABŞ: 408 min 985
RUSİYA: 59 min 134
Beynəlxalq patentlər:
ABŞ: 56 min 624
ÇİN: 48 min 882
RUSİYA: 1 min 097
Sadə bir həqiqəti unuduruq (ya da işimizə gəlmədiyi üçün qəbul etmək istəmirik) – “Uşaq Ana dilində tədris almalı, dilləri sonradan öyrənməlidir”. Bu, o qədər təbii bir yanaşmadır ki. Onun gözəlliyi, zərifliyi ondadır ki, bu sadə qayda bütün ölkələr tərəfindən qəbul edilmiş bir həqiqətdir. Tərsi müzakirə belə olunmur, çünki nonsensdir əksi, absurddur.
Ən ağlasığmaz olanı budur ki, bizim düşdüyümüz vəziyyətin dünyada bənzəri yoxdur. Dünyanın nə inkişaf etmiş, nə də geridə qalmış ölkələrində (bir neçə Afrika ölkəsini çıxmaq şərtilə) belə bir şey yoxdur. Cinayətdir bu həm də. Bu, ölkənin suverenliyini təhlükəyə atan, onun gələcəyini baltalayan, bütün tariximizi, milli-mədəni irsimizi silib atmaq deməkdir.
Və sonda çıxış yolları haqda mənim təvazökar düşüncələrim.
Nə velosiped ixtira edirəm, nə də Amerikanı kəşf etməyə çırmalayıram qollarımı. Bütün dünyada görülən praktikanı götürüb tətbiq etməyi təklif edirəm. Heç uzağa da getməyə ehtiyac yoxdur.
Beləliklə,
Azərbaycanda təhsilin 3 hissədən ibarət olmasını düşünək:
1. İbtidai təhsil – 4 il
2. Orta təhsil – 4 il
3. Lisey – 3 il
Daha sadə şəkildə 2 hissə kimi də görmək olar:
1. İbtidai və orta – 8 il
2. Lisey – 3 il
– İbtidai və orta təhsil ancaq və ancaq Ana dilində olsun;
– 8 ildən sonra isə valideynlər uşaqlarını istədikləri dildə – ingilis, rus, fransız, ərəb və b. dillərdə oxuda bilərlər;
– Xarici dillərdə təhsil rus dili də daxil pullu təhsil olmalıdır.
Xarici dillərdən birinə imtiyazlar verilib, digərlərini bundan məhrum etmək, zənnimcə doğru deyil. Məsələn, nə üçün rus dilində təhsil pulsuz, ancaq ingilis dilində pullu olmalıdır?
Bir çox Avropa ölkəsində də belədir. Uzağa getməyək, Türkiyədə də təhsil sisteminin əsasını Ana dili təşkil edir. Belə ki,
– Uşaqlar 8-ci sinfi bitirəndən sonra LGS (Liseye Geçiş Sınavı) imtahanı verirlər. Olduqca çətin imtahandır;
– İmtahanlardan uğurla çıxanlar Türkiyənin əfsanəvi Robert Kollec, Galatasaray Liseyi, Avstriya liseyi, Notre-Dame de Sion Fransız Liseyi, Üsküdar Amerikan Liseyi, Qalileo Qaliley İtalyan Liseyi kimi məktəblərinə qəbul olunurlar;
– Bu məktəblər pulludurlar, təhsil haqqı isə çox yüksəkdir. Ancaq xüsusi istedadlı və yüksək bal (hardasa 100-dən 100) toplayan gənclər təqaüd alaraq pulsuz oxuyurlar;
– Bu gənclərin çoxu məzun olduqdan sonra dünyanın ən əlçatmaz əfsanəvi universitetlərinə qəbul olunurlar.
Zənnimcə, çox önəmli bir məsələ daha var.
“İki dövlət, bir millət” fəlsəfəsi və onun 2-ci Qarabağ müharibəsindəki böyük rolu, xalqımıza verdiyi güc, Ordumuza verdiyi böyük mənəvi dəstək. Biz Türkiyəyə Ana dilimiz üzərindən bağlıyıq, eyni dili danışmasaq bu qədər böyük birlik və yardımlaşma mümkün ola bilərdimi?
Ancaq gəl gör ki, bu total rus dilində təhsil “modası” bizim uşaqlarımızı Türkiyədən ayıracaq. Axı onlar türklərlə nəinki ünsiyyət qura biləcək, onlarla ortaq gələcəkdən məhrum olacaqlar.
Bu cümlələri də düşünməniz üçün yazdım. Çünki bunlar başqa bir fəlakətin xəbərçiləridir.
Artıq Türkiyəyə gələn bizim rusdillilər tələb edirlər ki, burada rus məktəbləri açılsın. İnanmayanlar olacaq buna, ancaq belədir bu. Restoranlarda rusca anlamayan ofisiantları “çuşka” adlandırdıqlarına şahid olmuşam.
Türkiyə ilə bağları qoparmaq olmaz. İndiki həssas dövrdə, şimaldan cənubdan təhdidlərin artdığı bir zamanda bunun nələrə gətirib çıxaracağı isə mövzumuz deyil bu gün.
*
Mənim həyəcan təbili çalmağım Ölkəmin gələcəyinə yeni insanlar yetişdirmək eşqindən, yanğısından gəlir. Yoxsa Ana dilim kimi bildiyim Rus dilinə, ədəbiyyatına qarşı deyiləm. Tanıyanlar mənim mütaliəmi də bilirlər, dünya görüşümü də, kimlərin tələbəsi olmuşam, elmi rəhbərim kim olub, namizədlik dissertasiyamı harada və nə mövzuda etdiyimdən də xəbərdardırlar. Bu səbəbdən də yazdıqlarım haqda istənilən hər kəslə açıq debata, polemikaya hazıram – Bu şeytan, bu meydan. Yoxsa ki, sosial şəbəkələrdən təhqiramiz ifadələr işlədib, komplekslərini bəlli edən, kin, nifrət, aqressiya nümayiş etdirməklə uzağa getmək olmaz.
FB-da gənc bir xanım yazdığı kommentdə məktəbli qızının 4 dildə danışdığını, rus sektorunda oxuduğunu yazır və rişxəndlə mənə “Bizim üçün narahat olmayın” deyir. Ona belə cavab verdim:
“Sizin üçün əsla narahat olmaram. Siz qızınızın gələcəyini düşünərkən, biz millətimizin gələcəyini düşünürük”.
Başqa bir izləyicim isə mənim səviyyəmi ölçməyə təşəbbüs etmişdi. O da yuxarıdakı xanımdan geri qalmır, özünün və oğlunun rus ədəbiyyatının tamamını mütaliə etdiyini (şəxsən tanıdığım üçün bunun belə olmadığını bilirəm), Tolstoy və Dostoyevskidən dəm vurdu.
Sürəkli Tolstoy və Dostoyevskini – Dünya Ədəbiyyatının mübaliğəsiz 2 nəhəng isminin adını çəkir, onları orjinaldan oxumaq kimi mənasız arqument gətirirlər. Birincisi, balalarını rus dilində məktəbə göndərən qadınların əksəriyyəti nəinki rusca bilmir, heç Tolstoyla Dostoyevskini bir-birindən ayıra da bilmirlər. Onlar rusca danışanların “yüksək təbəqəyə” aid olacaqları kimi gülünc bir gözlənti içindədirlər. İkincisi, rus məktəblərini bağlayan qonşu Gürcüstanda, hətta elə ermənilər, nədir, onlar rus ədəbiyyatını orjinaldan oxumurlar deyə bizdən gerimi qalırlar? Və ya fransızlar, almanlar, ərəblər uşaqlarını rus məktəbinəmi qoymalıdırlar? Qoymalıdılar ki, rusların 18-19-cu əsr ədəbiyyatının qəhrəmanlarını – bədbəxt rus qadını obrazlarınımı öyrənsinlər?...
Yuxarıda 21-ci əsrdə ədəbiyyatdan daha vacib şeylər olduğunu, zəmanənin başqa tələblər ortaya qoyduğunu, İnsan “Növünün” planetlərarası həyata hazırlaşdığını ön plana çəkmişdim. Mənim mənsub olduğum yaş qrupu və bizim atalarımız təəssüf ki, insanlıq tarixinin ən çox mütaliə edən nəsillərinə məxsusdurlar. Bizdən sonrakılar belə deyillər. X, Y nəslindən sonra gələn Z “jenerasyonu” (2000-ci illərdə doğulanlar) başqadırlar, axı heç olmasa bunları görün, analiz edin. Siz onların smart telefonlarını, iPad-lərini əlindən alıb Dostoyevskinin ağır psixoloji romanlarınımı oxudacaqsınız? Bunu edə biləcəyinizə ciddi şübhəm var…
Rus elmi pedaqoqikasının banisi K.D.Uşinski ilə başlamışdım. Yazımı başqa bir rus pedaqoq – akademik, professor Gennadiy Volkovun sözləri ilə bitirirəm. Onun bu sözləri də bütün “Rus dili sevdalıları” ilə Stokholm sindromuna yoluxanlara getsin:
“Milləti ən təmiz şəkildə uşaqlar təmsil edir. Uşaqlarda millilik öləndə millətin ölümü başlayır”.
Gələcək Çox Tez Gələcək!
Gələcək Elmlə Gələcək!
Gələcək Ana Dilimizlə Gələcək!
“Ana” mənzum dramı bu gün Şuşa Teatrında nümayiş olunacaq
Bu gün Şuşa Dövlət Musiqili Dram Teatrında Hüseyn Cavidin “Ana” mənzum dramı nümayiş olunacaq.
Səhnə əsərinin quruluşçu rejissoru, Əməkdar artist Loğman Kərimov, quruluşçu rəssamı Valeh Məmmədovdur.
Qeyd edək ki, bütün yaradıcılığı boyu xeyirlə şərin mübarizəsini təsvir edən Hüseyn Cavid “Ana” mənzum dramında Səlma ananın timsalında ümumbəşəri dəyərlərə malik bir qadın obrazı yaradıb. Ana evinə qəbul etdiyi qonağın, oğlunun qatili olduğunu bilincə nə qədər sarsılsa da “Qonaq Allah qonağıdır”, “Qonağa zaval yoxdur” düşüncəsi ilə dözümlülük və mətanət göstərir. Əsər faciəvi bir sonluqla bitsə də, Səlma ananın möhtəşəm obrazı xarakter baxımından yaddaşlarda dərin iz buraxır.
Azərbaycanlı fotoqraflar Tbilisi Foto Festivalında iştirak edirlər
Dünən Gürcüstanda 13-cü Tbilisi Foto Festivalı açılıb və bu festivalda Azərbaycan fotoqrafları da iştirak edirlər. Bunlar Pərvanə Rəhimova və Gülər Abbasovadır.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, sərgilərlə yanaşı, proqrama bir sıra ictimai mühazirələr, nümayişlər və müzakirələr, həmçinin fotokitabların təqdimatları daxil edilib. Festival çərçivəsində panel diskussiyalar təşkil olunur. Müzakirələr zamanı fotoqraflar və ekspertlər Cənubi Qafqazın keçdiyi inkişaf yolu, müharibə, iqtisadi inkişaf və digər məsələlər barədə fikirlərini bölüşürlər.
Festival dekabrın sonunadək davam edəcək.
Festivalda Gürcüstanla və Azərbaycanla yanaşı, Türkiyə, Ukrayna, Rusiya, Hindistan, ermənistan, İran, Banqladeş, Tailand və digər ölkələrin fotoqrafları iştirak edirlər.
Markesin “Seçilmiş əsərləri” Maria Anxelika Stirə təqdim olunub
Kolumbiyanın Azərbaycanda müvəqqəti işlər vəkili Maria Anxelika Stir Dövlət Tərcümə Mərkəzində qurumun rəhbəri, Xalq yazıçısı Afaq Məsudla görüşüb.
Mərkəzin yaydığı məlumata görə, görüş zamanı Azərbaycan–Kolumbiya ədəbiyyatlararası əlaqələr istiqamətində hazırlanan layihələr, ölkələrarası ədəbi mübadilələrin perspektivləri, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin “Yeddi gözəl” poemasının Kolumbiyanın dövlət və ictimai kitabxanalarına, təhsil və mədəniyyət ocaqlarına yerləşdirilməsi, klassik və müasir Azərbaycan ədəbiyyatının, tarixinin, mədəniyyətinin Kolumbiya, eləcə də digər Latın Amerikası ölkələrində tanıdılması ilə bağlı nəzərdə tutulan müvafiq tədbirlərin həyata keçirilməsi kimi məsələlər müzakirə edilib.
Sonra Markesin Azərbaycan dilində dərc olunmuş “Seçilmiş əsərləri” Maria Anxelika Stirə təqdim olunub.
“Kolumbiya xalqının fəxri Qabriel Qarsia Markesin əsərlərinin belə bir təkmil səviyyədə nəşrinə və təbliğinə görə dərin təşəkkürümü bildirirəm. Əsərlərin seçimi, kitabın tərtibatı yüksək peşəkarlıq və zövqlə hazırlanıb. Kitabın səfirlikdə geniş təqdimatını təşkil etməyi planlaşdırırıq”, - deyə Maria Anxelika Stir bildirib.
Xalq artisti Sara Qədimovanın 100 illiyi münasibətilə hazırlanmış virtual sərgi istifadəçilərin ixtiyarına verilib
Milli Arxiv İdarəsi növbəti virtual sənədlər sərgisini istifadəçilərin ixtiyarına verib.
“Ədəbiyyat və incəsənət portalı AzərTAC-a istinadən xəbər verir ki, təqdim olunan bu virtual sərgi Azərbaycan professional opera və vokal sənətinin görkəmli xanım nümayəndəsi, Azərbaycan SSR Xalq artisti Sara Qədimovanın anadan olmasının 100-cü ildönümünə həsr olunub.
Nadir istedadı sayəsində qısa müddət ərzində müğənni kimi tanınan və dinləyicilərin böyük məhəbbətini qazanan Sara Qədimova görkəmli ustadlardan klassik ifaçılıq sənətinin sirlərini öyrənərək yiyələnmişdi. Xanım sənətçi öz gözəl və məlahətli səsi ilə Azərbaycan xalq musiqisi nümunələrinə - muğamlara, təsniflərə, xalq mahnılarına ayrı bir rəng, çalar qataraq milli musiqi sənətini daha da zənginləşdirmişdi.
Altmış ildən artıq bir dövrü əhatə edən sənət fəaliyyətini Azərbaycan mədəniyyətinin təbliğinə həsr etmiş Sara Qədimova istər İttifaq, istərsə də bir çox xarici ölkə səhnələrində uğurlu çıxışlar edib.
O, ölkə mədəniyyətinin inkişafı üçün göstərdiyi xidmətlərə görə daima dövlət tərəfindən yüksək qiymətləndirilərək, fəxri adlara və mükafatlara layiq görülüb.
“Zəfər nəğməsi Şuşa” adlı kitabın təqdimatı keçirilib
LİBRAFF kitab mağazalar şəbəkəsində yazıçı Sevinc Nuruqızının “Zəfər nəğməsi Şuşa” adlı kitabının təqdimat mərasimi keçirilib.
TEAS-PRESS nəşriyyat evinə aid olan “Üç alma” nəşriyyatında çap olunan kitabın redaktoru Etnoqrafiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, dosent Bəhmən Əliyev, illüstratoru qrafik-dizayner Aida Əmirova, layihə rəhbəri Arzu Cəfərovadır.
Tədbirdə, Nizami adına Ədəbiyyat İnstitutun elmi katibi, tənqidçi Aygün Bağırova, Tarix Muzeyinin Vətən müharibəsi fondunun müdiri Şəfa Mövsümov, müəllimlər, şəhid ailələri, yazıçı və şairlər iştirak ediblər. Tədbirdə çıxış edən Aygün Bağırova bildirib ki, kitab tək Zəfərdən bəhs etmir, həm də qələbəyə gedən yollara müxtəlif yazılarla işıq tutur. O, Sevinc Nuruqızının bir yazıçı kimi Vətənin ağrısını, Qarabağ dərdini öz taleyinə çevirə bildiyini vurğulayıb. Qeyd edib ki, yazıçı “Zəfər nəğməsi Şuşa” kitabı ilə bir salnamə, yeni bir dastan yaradıb.
Şəhid Bilal Qəmbərovun anası Gültəkin xanım müəllifin ona olan səmimi münasibətindən danışıb. Şəhid olmuş övladına və onun yadigarı Nazlı qızına həsr edilən “Şəhadətin zirvəsi Vətən” əsərindən və yazıya çəkilmiş illüstrasiyalardan razı qaldığını bildirib.
Yazıçı Narıngül Nadir bildirib ki, Sevinc Nuruqızı əsərlərilə ölkə hüdudunu aşaraq yeni oxucu auditoriyası qazanıb.
Şair Şəfəq Sahibli də müəllifin kitabları ilə çoxdan tanış olduğunu deyərək, əsərlərinin dəyərindən söhbət açıb.
Cabbar Qaryağdıoğlu “Cənnətim Qarabağ” layihəsində
“Şuşa İli” çərçivəsində Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi tərəfindən həyata keçirilən “Cənnətim Qarabağ” adlı layihə davam edir. Muzeyin yaydığı açıqlamaya istinadən “Ədəbiyyat və incəsənət” portalı bildirir ki, layihə çərçivəsində növbəti təqdimat Azərbaycan xanəndəlik məktəbinin görkəmli nümayəndələrindən biri, adı musiqi tariximizə qızıl hərflərlə yazılmış Cabbar Qaryağdıoğluna həsr olunub.
Cabbar Qaryağdıoğlu XIX əsrin II yarısında yetişən və milli musiqimizin inkişafında böyük rol oynayan sənətkarlardan biridir. O, 1861-ci il mart ayının 31- də Azərbaycanın dilbər guşələrindən biri olan Şuşanın Seyidli məhəlləsində anadan olub. Atası Məşədi İsmayıl ailəsini dolandırmaqdan ötrü kənddə boyaqçılıq edirdi. Özü yoxsulluğun çətinliklərinə bələd olduğu üçün oğlunun bir peşəyə yiyələnməsinə xüsusi diqqət yetirir, öz sənətini ona öyrətməyə çalışırdı. Lakin Şuşanın zəngin ədəbi mühitinin təsirindən balaca Cabbarda da musiqiyə böyük meyl oyanmışdı. O da böyük qardaşları kimi məhərrəmlik təziyadarlığında növhə oxumağa, şəbih tamaşalarında, dini mərasimlərdə, el şənliklərində çıxış etməyə həvəs göstərirdi. Çox çəkmir ki, Cabbar gözəl məlahətli səsi, yanıqlı oxu tərzi ilə bütün şəhərdə ad çıxarır və məclislərin bəzəyi olur. Onun bir peşəkar xanəndə kimi yetişməsində tarzən Sadıqcanın rolu danılmazdı. Gənc xanəndə 20 yaşınadək Sadıqcanla birgə Qarabağın bütün məclis və toy şənliklərində iştirak edirdi. Bu da onun şöhrətini Gəncə, Şamaxı, Bakı və daha uzaqlara yayırdı.
XIX əsrin sonu və XX əsrin əvvəllərində teatrın ən çox fəaliyyət göstərdiyi mərkəzlərdən biri Şuşa idi. 1881-ci ildə Şuşada realni məktəbin açılışı, eləcə də məşhur musiqişünas Xarrat Qulunun musiqi məktəbi açaraq gənc xanəndələri bu ocağa cəlb etməsi şəhərin mədəni həyatına müsbət təsir göstərir. Həmin dövrdən etibarən Şuşada teatr tamaşaları müntəzəm şəkil alır. Hər yay tətili zamanı hazırlanan tamaşalarda, Şərq konsertlərində Bədəl bəy Bədəlbəyli, Firudin bəy Köçərli, Əbdürrəhim bəy Haqverdiyev, Əbdülbaqi Zülalov, Məşədi Zeynal, Sadıqcan kimi bir çox tanınmış şəxsiyyətlərlə bərabər Cabbar Qaryağdıoğlu da iştirak edirdi. Xanəndənin Azərbaycanda opera sənətinin meydana gəlməsində böyük rolu olub. İlk dəfə Məcnun və Fərhad obrazları məhz onun adı ilə bağlıdır. Həmçinin ilk milli operamızın ərsəyə gəlməsində də xanəndənin dolayısı ilə rol oynadığı da məlumdur. Belə ki, dahi bəstəkar Üzeyir Hacıbəylinin “Bakinski raboçi” qəzetində çıxan “Leyli və Məcnundan Koroğluyadək” adlı məqaləsindən belə bəlli olur ki, o, Ə.Haqverdiyevin hazırlamış olduğu “Məcnun Leylinin qəbri üstündə” tamaşasında C. Qaryağdıoğlunun yanıqlı səsindən təsirlənərək “Leyli və Məcnun” operasını yaradıb.
C.Qaryağdıoğlu klassik Azərbaycan poeziyasının gözəl bilicisi idi və öz repertuarında Nizami Gəncəvi, Məhəmməd Füzuli, Qasım bəy Zakir, Seyid Əzim Şirvani, Xurşidbanu Natəvan və digər Azərbaycan şairlərindən qəzəllər və təsniflər oxuyardı. Bu da həm muğamın, həm də klassik poeziyamızın xalq arasında daha geniş yayılıb sevilməsinə səbəb olub. Onun ifasındakı “Heyratı”, “Mənsuriyyə”, zərb muğamları, “Kürdü-Şahnaz”, “Mahur”, “Rast” və başqa muğamlar musiqi tariximizin qızıl fonduna daxildir.
Xanəndə güclü və təkrarolunmaz səsinin sayəsində qısa zaman kəsimində vətənin hüdudlarını aşaraq başqa ölkələrdə də şöhrət qazanmışdır. Belə ki, 1906-1915-ci illərdə qərbin bir sıra səsyazma şirkətləri şərqin məşhur xanəndələrinin səslərini qrammofon vallarına yazırdılar. Onların dəvəti ilə Cabbar Qaryağdıoğlu da tarzən Qurban Pirimovun daxil olduğu üçlük ilə bərabər Moskva, Kiyev və Varşava şəhərlərinə gedərək səsini qrammofon valına yazdırıb. Eyni zamanda o, dəfələrlə İran şahlarının, Türkiyə sultanlarının məclislərinə dəvət olunub və öz gözəl ifası ilə bütün saray əhlini məftun edib.
C.Qaryağdıoğlu əsil sənətkar kimi xalqına və incəsənətin inkişafına xidmət edirdi. O, mədəniyyət tariximizdə yalnız xanəndə deyil, həmçinin görkəmli ustad olaraq da qalıb. Azərbaycan Dövlət Konservatoriyasının təşkilatçılarından biri olmuş və uzun illər burada muğam sənətindən dərs demiş və istedadlı kadrların yetişməsində böyük əmək sərf etmişdir. Seyid Şuşinski, Bülbül, Davud Səfiyarov, Zülfü Adıgözəlov, Xan Şuşinski, Cahan Talışinskaya, Yavər Kələntərli, Mütəllim Mütəllimov kimi görkəmli muğam ustaları məhz C. Qaryağdıoğlunun tələbələri olublar. O, pedaqoji fəaliyyətlə məşğul olduğu dövrdə klassik muğam musiqisinin təkmilləşdirilməsi üzərində işləyərək “Rast”, “Segah”, “Çahargah” muğamlarına yeni-yeni çalarlar əlavə edib.
Musiqi mədəniyyətimizin inkişafındakı xidmətlərinə və səmərəli yaradıcılıq fəaliyyətinə görə müxtəlif illərdə Xalq artisti fəxri adı və Şərəf nişanı ordeni ilə təltif edilib.
Ömrünün 60 ilini xalqdan öyrəndiyi və topladığı 500-dən artıq mahnını işləyib milli xanəndəlik sənətini yaratmağa həsr edən, Azərbaycan xalq musiqisinin canlı tarixi, ensiklopediyası adlandırılan Cabbar Qaryağdıoğlu 1944-cü il aprelin 20-də 83 yaşında Bakıda vəfat edib. Onun əziz xatirəsi xalqımızın yaddaşından heç vaxt silinməyəcək, miras qoyduğu zəngin irsi ilə daim könüllərdə yaşayacaq.
Nazir Anar Kərimov Ağdaşda mədəniyyət müəssisələrinin fəaliyyəti ilə tanış olub
Xəbər verdiyimiz kimi, mədəniyyət naziri Anar Kərimov sentyabrın 23-də Ağdaş Rayon Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib. Qəbuldan sonra nazir Ağdaşda bir sıra mədəniyyət müəssisələrinə və tarixi abidələrə baş çəkib.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verir ki, Anar Kərimov Mədəniyyət Nazirliyi tərəfindən təmiri planlaşdırılan Ağdaş Rayon Mədəniyyət Mərkəzində olub, müəssisənin əsaslı təmir planı barədə ətraflı məlumat alıb. Burada aparılacaq təmir işləri ilə bağlı müvafiq tapşırıq və tövsiyələrini verib.
Sonra 1986-cı ildən fəaliyyət göstərən Ağdaş Tarix-Diyarşünaslıq Muzeyinə baxış keçirilib. Nazirə məlumat verilib ki, muzey uzun müddət yerli əhəmiyyətli tarixi abidə olan Hacı Məhəmməd Ağanın evində fəaliyyət göstərib. 2015-ci ildə yeni binaya köçürülən muzeyin əsas fondunda 6758 eksponat qorunub saxlanılır, 1100-ü daimi nümayiş olunur.
Mədəniyyət naziri Ağdaş şəhərində tanınmış kaman ustası Habil Əliyevin adını daşıyan 1 nömrəli Uşaq Musiqi Məktəbinin fəaliyyəti ilə tanış olarkən ona bildirilib ki, musiqi məktəbi Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin təşəbbüsü ilə 1937-ci ildə fəaliyyətə başlayıb. 2009-cu ildə şəhərin mərkəzində musiqi məktəbinin müasir üslubda inşa edilən yeni binasının rəsmi açılışı olub. Məktəbdə hal-hazırda fortepiano, tar, kamança, qarmon, klarnet və nağara ixtisasları tədris olunur, 460 şagird təhsil alır, 125 müəllim çalışır.
Səfər çərçivəsində 1980-ci ildə yaradılan və 400 minə yaxın kitab fondu olan Ağdaş rayon MKS-nin Mərkəzi Kitabxanasına baxış keçirilib, müəssisənin fəaliyyəti barədə məlumat alınıb. Sonra həmin binada yerləşən Azərbaycan və özbək ədəbi əlaqələrinin inkişafında böyük xidmətləri olmuş dramaturq, tərcüməçi, şair və ədəbiyyatşünas Maqsud Şeyxzadənin ev-muzeyinə baxış keçirilib. Muzeyin direktoru şairə məxsus əşyalar, əsərlər, əlyazmalar barədə məlumat verib, bildirib ki, 1991-ci ildə yaradılan muzeydə şairə məxsus 224 eksponat saxlanılır.
Qeyd edək ki, sözügedən kitabxana və muzeyin yerləşdiyi bina 1904-cü ildə İsmayıl bəy Soltanbəyova məxsus olub. Həmçinin, yerli əhəmiyyətli tarixi abidə kimi (inv. № 4061) dövlət qeydiyyatına alınıb.
Nazir yerli əhəmiyyətli tarixi abidə olan Hacı Məhəmməd ağanın evini də (inv. № 4060) ziyarət edib. Nazirə məlumat verilib ki, XIX əsrə aid olan yaşayış evi XX əsrin ortalarında hərbi komissarlıq, 1986-2015-ci illərdə tarix-diyarşünaslıq muzeyi, sonra isə Uşaq Gənclər İnkişaf Mərkəzi kimi istifadə olunub.
Anar Kərimov Ağdaşda daha bir yerli əhəmiyyətli memarlıq abidəsi olan Hacı Bədəl Əfəndi məscidinə (XIX əsr, inv. № 4070) gəlib, məscid binasının cari vəziyyəti ilə tanış olub. Bildirilib ki, binada uzun illər körəpələr evi, uşaq bağçası fəaliyyət göstərib.
Bununla da mədəniyyət nazirinin Ağdaş rayonuna səfəri başa çatıb.
Bu səfərin də səmərəli keçməsini tam əminliklə söyləmək olar.
“Şuşaya salam” Beynəlxalq Poeziya layihəsinin təqdimatı olub
Sentyabrın 23-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) Natəvan klubunda “Şuşaya salam” Beynəlxalq Poeziya layihəsinin təqdimatı keçirilib.
Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi və "Space" Müstəqil Teleradio Şirkətinin birgə təşkilatçılığı ilə reallaşan və “Şuşa İli”nə həsr olunan layihə çərçivəsində 30 ölkədən 44 tanınmış ədəbiyyatçı və şair Şuşa üçün şeir oxuyacaq. Azərbaycandan layihəyə 8 şair qoşulub.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, tədbirdə Azərbaycan Yazıçılar Birliyinin katibi, şair-publisist Səlim Babullaoğlu layihə ilə bağlı məlumat verib. Bildirib ki, layihə ilə əlaqədar dünyanın ayrı-ayrı 30 ölkəsindəki yazıçılara müraciət edilib: “Sentyabrın 27-dən başlayaraq hər gün bir əcnəbi yazıçının səsləndirdiyi şeir “Space” TV-də yayımlanacaq və bu, Zəfər gününə - noyabrın 8-dək qədər davam edəcək”.
AYB-nin sədri, Xalq yazıçısı Anar qeyd edib ki, Qarabağ müharibəsi başlayandan bəri Yazıçılar Birliyi hər zaman hadisələrin mərkəzində olub: “Yazıçılar Birliyi təbliğat işlərində hər zaman olduğu kimi bundan sonra da daha da intensiv rol alacaq. Bizim haqq işimizi təbliğ etməyimiz üçün bu layihə çox vacibdir”.
“Space” Müstəqil Teleradio şirkətinin prezidenti Müşfiq Hətəmov layihə barəsində məlumat verib. Deyib ki, sözügedən layihənin haqq işimizin təbliğində xüsusi yeri olacaq. Həqiqətlərimizin müxtəlif ölkələrdən şairlərin dili ilə deyilməsi Qarabağın Azərbaycanın bir parçası olmasını bir daha bütün dünyaya sübut edəcək.
Mədəniyyət Nazirliyinin şöbə müdiri Akif Marifli qeyd edib ki, torpaqlarımızın işğaldan azad edilməsindən sonra nazirlik tərəfindən çoxsaylı işlər görülüb: “Biz çalışırıq ki, Qarabağ həqiqətlərini mədəniyyətin dili ilə çatdıraq. Bu layihə dünya xalqlarının fikrində Qarabağla bağlı düzgün imic formalaşdırılmasına kömək edəcək”.
Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, Xalq yazıçısı Çingiz Abdullayev diqqətə çatdırıb ki, tarixdə yazıçıların yazdıqları qalır. Çünki yazıçının, şairin sözü əbədi yaşayır. Əslində, yaxşı yazıçı xalqın əbədiyyətdəki vəkilidir.
Qeyd edək ki, “Şuşaya salam” layihəsi sentyabrın 27-dən noyabrın 8-dək davam edəcək.