
Super User
Türkiyənin tanınmış ssenaristi, “Kurtlar vadisi. Pusu” nun ssenari müəllifi Tufan Bora Bakıdadır
Türkiyənin tanınmış ssenaristi, “Kuruluş Osman” və “Kurtlar vadisi. Pusu” kimi populyar teleserialların ssenari müəllifi Tufan Bora Azərbaycandadır.
O, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin və “Şahdağfilm” prodakşnın birgə çəkəcəyi “Atabəylər: Şəmsəddin Eldəniz” tarixi serialının hazırlıq mərhələsi dönəminə qatılıb.
“Ədəbiyyat və incəsənət” portalının əməkdaşları Tufan Bora ilə görüşərək ona bir neçə sual ünvanlayıblar.
-Tufan bəy, Bakıya xoş gəldiniz. Azərbaycanda iık tarixi teleserialın çəkilişinə başlanılır. Sizcə, hazırkı dönəmdə tarixi serial çəkilişinə çoxmu lüzum var?
- Əlbəttə. Zəngin tarixi materialların kino industriyası dilində geniş auditoriyaya çatdırılması hazırda dünya miqyasında böyük aktuallıq kəsb edir. Xüsusən teleserial janrı bu məsələdə hakim mövqe sərgiləməkdədir. Baxın, İnformasiya kommunikasiya texnologiyalarının yüksəliş mərhələsində dünya xalqlarında keçmişə marağın artması üçüncü minillik insanının xarakterik xüsusiyyətinə çevrilməkdədir. Bu fonda həmçinin, xalqların milli özünüdərki, öz genetik koduna uyğunlaşma istəyi aparıcı mövqe tutur. Tarixi tele-serialların dünyada populyarlıq qazanması da ilk növbədə bununla səciyyələnir.
Bildiyimiz kimi, türk xalqlarının dövlətçilik ənənələri dərin köklərə malikdir və dünya tarixinin enişli-yoxuşlu yollarında ortaq türk ailəsinin ən qədim qollarından biri olan Azərbaycan türklərinin də öz imzası, öz dəst-xətti var. Artıq bir neçə ildir ki, bizim Türkiyə Cümhuriyyəti, eləcə də Qazaxıstan və Özbəkistan kimi qardaş türkdilli ölkələr həm dövlət və özəl kanallar, həm də kino sənayesi ilə məşğul olan şirkətlər vasitəsilə ortaq türk tarixinin müəyyən fraqmentlərinə müraciət edir, türk mədəniyyəti, dövlətçilik tarixində keçilən çətin və şərəfli yol, tarixi şəxsiyyətlərin ekran təqdimatı, ortaq adət-ənənələrlə bağlı konkret işlər ortaya qoyaraq milyonlarla tamaşaçının diqqət və sevgisini qazanırlar.
Bu xüsusda Türkiyə kinematoqrafiyasının çəkdiyi “Alparslan: Böyük Səlcuqlu”, “Diriliş Ərtoğrul”, “Oyanış: Böyük Səlcuqlu”, “Quruluş Osman”, eləcə də Qazaxıstan dövlətinin sifarişi ilə artıq yayıma buraxılan "Tomris", habelə Özbəkistan kinematoqrafiyasının qardaş Türkiyə istehsalçıları ilə müştərək ekranlaşdırdığı “Bozkır aslanı Cəlaləddin” kimi çoxseriyalı filmlər diqqət çəkir. Nə xoş ki, indi qardaş
Azərbaycan da by sıraya qoşulur.
-Tufan bəy, ssenari qrupunda təmsil olunan bir şəxs kimi, sizcə, niyə məhz Atabəylər dövləti və Şəmsəddin Eldəniz?
-Azərbaycan tarixində tamaşaçı auditoriyasının qarşısına çıxarmağa zəngin və maraqlı materiallar mövcuddur. Bu materiallara xronoloji ardıcıllıq baxımından yanaşıldıqda 12-ci əsr, Atabəylər dövrü müstəsna əhəmiyyət kəsb edir. Dövlətçilik uğurları ilə mədəniyyət intibahının sintezi nəticəsində hədsiz yüksəlişə nail olmuş bu dövlət, öz idarəçilik institutu, formalaşdırdığı sosial-ictimai, mədəni mühit orta əsrlər tarixində dünyanın inkişaf modelində əhəmiyyətli yer tutur. Eyni zamanda multikultural, tolerant mahiyyəti ilə seçilir. Filmin yaradıcı heyəti də bu fakta istinad edir. Layihədə Azərbaycan Atabəylər dövlətinin qurucusu Şəmsəddin Eldəniz, onun həyat yoldaşı, dövlət xadimi Möminə Xatun, dahi şair və mütəfəkkir Nizami Gəncəvi, Böyük Atabəy Qara Sunqur, Məhəmməd Cahan Pəhləvan, Məhsəti Gəncəvi, Memar Əcəmi Naxçıvani, Sultan Səncər, Vəzir Kəmaülmülk və başqa şəxsiyyətlərin maraqlı obrazları təqdim olunur, hadisələr kino dili ilə geniş tamaşaçı auditoriyasına çatdırılmaqla Azərbaycan tarixinin parlaq və keşməkeşli səhifələrinə ayna tutulur.
-Tufan bəy, filmoqrafiyanız barədə məlumat verərdiniz.
-“Kuruluş Osman” və “Kurtlar vadisi. Pusu” kimi teıeaeriallardan və onlarca digər işlərimdən başqa Netfliksdə “Sesinde aşk var” və “Avlu” kimi iki filmlərin yayımlanır. Bu son iki filmdəki işimi çox bəyənirəm.
-Neçə ildir ssenari yazırsınız?
-İyirmi ildir.
-Ssenarist olmaq asandırmı, yoxsa çətin?
-Əgər ki, kinonu sevərsənsə ssenarist olmaq gözəldir. Bu, yuxusuz gecələr, öz həyatını unutmaq, beynində daim yaratdığın obrazları yaşatmaq deməkdir.
Mühəndis işini görür, iş saatı bitincə çıxıb evinə gedib dincəlir. Amma burda gördüyün işi əsla unutmaq yoxdur. Evə gedəndə də yaratdığın obrazlar səni təqib edir.
Amma kinonu sevməyəndən əsla ssenarist çıxmaz.
-Tufan bəy, “Kurtlar vadisi. Pusu” Azərbaycanda çox sevildi, həddindən böyük auditoriya qazandı, reytinqləri qırdı. O teleserialın ssenari komandasında yer almaq çoxmu çətin idi?
-Filmin xarakterləri gerçək həyatda var idilər deyə süjeti yaratmaq bizə çox də çətin gəlmirdi. Amma iş rejimi çox ağır idi, bəzən günlərlə evimizə gedə bilmirdik. Ortaya qoyulan işin populyarlığı, on milyonlarla izləyici sayı isə bizi işdən yormurdu və bizi qorxutmurdu.
-Sizə uğurlar arzulayırıq.
-Təşəkkür edirəm.
Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbi “Muğamın beşiyi Şuşa” adlı ədəbi-musiqili gecə keçirib
Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində “Muğamın beşiyi Şuşa” adlı ədəbi-musiqili gecə keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, məktəbin tar ixtisası üzrə müəllimi Nurlan Cəfərli Şuşanın yaradıcı mühiti barədə məlumat verib.
O, Şuşa musiqi məktəbi və məclislərindən, xanəndələrin yaradıcılığından, Şuşadan olan adlı-sanlı, nüfuzlu Hacıbəyovlar, Bədəlbəylilər, Əmirovlar, Adıgözəlovlar soylarından, Şuşanın Azərbaycan xalqına bəxş etdiyi böyük sənətkarlar, milli musiqimizin banisi Üzeyir Hacıbəyli, Xan nəslinin son nümayəndəsi və tək incisi Xurşidbanu Natəvan, “Leyli və Məcnun”un ilk dirijoru Əbdürrəhim bəy Haqverdiyev, ilk ordu generalı Səməd bəy Mehmandarov, teatr rejissoru, aktyor, publisist Mehdi Məmmədov, ölməz, təkrarsız Rəşid Behbudov, İran şahının ordeni ilə təltif edilən Məşədi İsi, Xan qızı Natəvanın sevimli xanəndəsi Hacı Hüsü, səhnəmizin ilk Leylisi Keçəçi oğlu Məhəmməd, xanəndə Məşədi Məmməd Fərzəliyev, Segah İslam kimi tanınan İslam Abdullayev, Bülbülcan kimi tanınan Əbdülbaqi Zülalov, Azərbaycan tarının atası Sadıqcan, tarzən, bəstəkar, müğənni Məşədi Cəmil Əmirov, Azərbaycanın ilk Xalq artisti Qurban Pirimov, musiqişünaslar Mir Möhsün Nəvvab, Firudin Şuşinski haqqında videoslaydlar, videosüjetlər təqdim edərək tədbir iştirakçılarına ətraflı məlumat verib və Azərbaycan tarının atası, böyük novator Sadıqcanın tar ifaçılığı barədə danışıb.
Ədəbi-musiqili gecədə məktəbin şagirdlərinin, müəllimlərinin ifasında “Sözsüz mahnı”, “Poema”, “Kimlər gəldi, kimlər keçdi” mahnıları səslənib.
Tədbirin sonunda məktəbin direktoru, Əməkdar artist, dosent Əziz Qarayusifli tədbir iştirakçılarına və qonaqlara öz təşəkkürünü bildirib.
Dünyaca məşhur xoreoqraf və performer Şahar Binyamini YARAT-da ustad dərsləri keçəcək
Noyabrın 7-də Bakıda dünyaca məşhur xoreoqraf və performer Şahar Binyamini tərəfindən ustad dərsləri keçiriləcək. Ayın 12-dək davam edəcək müasir rəqs üzrə ustad dərsləri YARAT Müasir İncəsənət Mərkəzində reallaşacaq.
Ustad dərsləri Şahar Binyamini və onun assistenti Cozef Kudra tərəfindən keçiriləcək.
Şahar Binyamini əslən İsraildən olan xoreoqraf və performerdir. 2006-2013-cü illərdə "Batsheva Dance Company" kollektivinin tərkibində çıxışlar edib. Həmçinin Şahar Binyamini beynəlxalq səviyyəli quruluşların yaradıcısı kimi sayılır.
İsrailli xoreoqraf, müasir rəqqas, "Qaqa" adlı unikal rəqs sisteminin, dilinin, pedaqogikasının yaradıcısı və müəllimi Ohad Naharinin assistenti kimi Şahar Binyamini bütün dünya üzrə rəqs kollektivləri ilə işləyir. 2013-cü ildə Şahar Binyamini Veysman Elm İnstitutunun professoru Atan Qross ilə birgə, rəqqaslar, elm adamları və xoreoqraflardan ibarət "TNUDA" elmi-tədqiqat qrupunu təsis edib. Elə həmin Veysman İnstitutunda yerləşən qrupun əsas məqsədi elm və hərəkət arasında əlaqələri araşdırmaqdır. 2020-ci ildə Şahar, Veysman Elm İnstitutu tərəfindən təşkil edilmiş unikal art-rezidentura proqramında iştirak etmək üçün dəvət edilən ilk artist oldu. Rezidentura ərzində o, "EVOLVE" quruluşunu yaratdı. Bu əsərin premyerası institutda baş tutdu və dünyanın bir çox ölkələrində nümayiş etdirildi.
Şahar Binyamini İsrail Mədəniyyət Nazirliyi tərəfindən təsis edilmiş 2021-ci ilin ən uğurlu xoreoqrafı mükafatına layiq görülüb.
Mədəniyyət naziri Yevlaxda vətəndaşları qəbul edəcək
Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov tərəfindən 2022-ci il 29 noyabr tarixində saat 10:00-da Yevlax şəhər Heydər Əliyev Mərkəzində (Yevlax şəhəri, Nizami prospekti 61) Yevlax və Mingəçevir şəhərlərindən, eləcə də Bərdə və Tərtər rayonlarından olan vətəndaşların qəbulu keçiriləcək. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verir.
Vətəndaşlar 25 noyabr 2022-ci il tarixinə qədər nazirliyin Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron poçt ünvanı, (012) 493-74-24 telefon nömrəsi vasitəsi ilə və “Whatsapp” xidmətinə (0 777 147 147) müraciət etməklə qəbula yazıla bilərlər.
Diqqət! “Renessans” layihəsi yazarlara əməkdaşlıq təklif edir
Hazırda bir çox yazıçı və şairlər öz yeni kitablarını redaktorsuz nəşr etdirirlər. Ən yaxşı halda redaktor təsisatı formal xarakter daşıyır. Hətta redaktorla korrektora fərq belə qoyulmur. Halbuki, bədii əsərin keyfiyyəti bilavasitə peşəkar redaktor faktorundan asılıdır. Ona görə də kitablar satılmır, oxucu qəlbinə yol tapa bilmir.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, “Azərkitab” kitab yayımı və təbliğatı mərkəzi kitabları ən yaxşı redaktorların və korrektorların hesabına oxucuların sevimlisinə çevirmək, yüksək satış faizi təmin etmək gücündədir.
Unutmaq lazım deyil ki, təkcə istedad bestseller yazmağa kifayət etmir!
Qurum bütün nəşr və çap işlərini öhtəsinə götürür. Kitabların xarici bazarlarda da irəliləməsinə şərait yaradır.
Odur ki, “Azərkitab” yazarları əməkdaşlığa dəvət edir.
“Azərkitab” kitab təbliğatı mərkəzi,
“Renessans” qrupunun əlaqə nömrəsi: +994 51 3047525
Ünvan: Bakı, Atatürk prospekti, Kral Hüseyn küçəsi, 64 A/1. (“Zivella” mebel evinin arxası)
Mədəniyyət Nazirliyinin layihəsi bu dəfə İsmayıllıya güzar edib
Mədəniyyət Nazirliyinin “Muzeyi peşəkardan öyrənək” adlı layihə üzrə növbəti təlim-seminarı İsmayıllıda baş tutub.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, İsmayıllı Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi İsmayıllı, Şamaxı, Ağsu, Qəbələ və Qobustan rayonlarında fəaliyyət göstərən tarix-diyarşünaslıq muzeyləri, ev-muzeyləri, rəsm qalereyaları və Heydər Əliyev mərkəzlərinin direktorları, baş fond mühafizləri və elmi işçiləri üçün təşkil edilən təlim-seminar İsmayıllı şəhət Heydər Əliyev Mərkəzində keçirilib.
Bu layihədə ümumilikdə 14 mədəniyyət müəssisəsindən 40 əməkdaş iştirak edib.
Azərbaycan İstiqlal Muzeyinin direktoru Sədi Mirseyibli və elmi fond işləri üzrə direktor müavini Aida Axundova tərəfindən aparılan təlim-seminarda “muzey sahəsində müasir çağırışlar”, “fond və mühafizə işi”, “dünya muzeyləri” mövzuları üzrə təlim-seminar keçirilib.
Qeyd edək ki, Mədəniyyət Nazirliyi tərəfindən start verilmiş “Muzeyi peşəkardan öyrənək” adlı layihə region muzeylərinin və əməkdaşlarının fəaliyyətini aktivləşdirmək, müasir çağırışlara cavab verən muzey mühitini formalaşdırmağa xidmət edir.
Layihənin digər regionlar üzrə fəaliyyət göstərən muzey müəssisələrinin əməkdaşları üçün təşkili də nəzərdə tutulur.
Anar Kərimov: “Müslüm Maqomayevin “Mavi əbədiyyət” kimi mahnıları bu gün də milyonların qəlbini riqqətə gətirir”
Heç vaxt unudulmayacaq müğənni və bəstəkar, SSRİ-nin və Azərbaycanın Xalq artisti Müslüm Maqomayevin (1942-2008) anadan olmasının 80 illiyi münasibətlə Mədəniyyət Nazirliyi və Heydər Əliyev Sarayının təşkilatçılığı ilə “Əziz Müslüm” adlı yubiley gecəsi keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Heydər Əliyev Sarayının foyesində əfsanəvi müğənninin həyat və yaradıcılığının müəyyən dövrlərini əhatə edən fotosərgi təşkil olunub. Bundan əlavə, Azərbaycan Milli Kitabxanasının fondundan müğənniyə həsr olunan nəşrlərdən ibarət sərgi nümayiş etdirilib. Foyenin mərkəzində isə sənətkarın bu ilin avqustunda Bakı bulvarında qoyulan heykəlinin ilkin variantı – maketi də qoyulub.
Gecədə çıxış edən mədəniyyət naziri Anar Kərimov qonaqları və iştirakçıları salamlayaraq deyib: “Bu gün biz Azərbaycanın və SSRİ-nin Xalq artisti, görkəmli müğənni, bəstəkar, “Şöhrət” və “İstiqlal” ordenli Müslüm Maqomayevin anadan olmasının 80 illiyinə həsr olunmuş yubiley gecəsinə toplaşmışıq. Müslüm Maqomayev haqqında danışmaq böyük fəxarətdir. Çünki o, XX əsr Azərbaycan və sovet estradasının əzəmətli sütunlarından biri olub. Onun bənzərsiz səsi və ölməz əsərləri milyonların qəlbində yaşayır...”.
Nazir vurğulayıb ki, gözəl və gur tembrli səsə, parlaq aktyorluq istedadına, mükəmməl səhnə görünüşünə malik vokalçı gənc yaşlarından diqqəti cəlb edib: “Müğənninin ifasında “Koroğlu”, “Şah İsmayıl”, “Toska”, “Aleko” operalarından ariyalar, Azərbaycan və xarici ölkə bəstəkarlarının onlarla estrada mahnısı xüsusi yer tuturdu. Keçmiş SSRİ-nin ən populyar estrada müğənnilərindən biri olan Müslüm Maqomayev, sözün əsl mənasında, ümumxalq məhəbbəti qazanıb. Azərbaycan estrada ifaçılığı sənətini xaricdə yüksək səviyyədə dəfələrlə təmsil edən müğənniyə Parisin məşhur “Olimpiya” zalında solo konsertlə çıxış etmək nəsib olub”.
Nazir qeyd edib ki, M.Maqomayev 1974-cü ildə təşkil etdiyi Azərbaycan Dövlət Estrada-Simfonik Orkestri ilə birgə ABŞ, Kanada, Fransa, Almaniya, Finlandiya, İsveçrə, İspaniya, İtaliya, Portuqaliya, Argentina, Braziliya, Polşa və digər ölkələrdə böyük uğurla çıxış edib. O, həm Azərbaycanda, həm də keçmiş ittifaqın digər respublikalarında keçirilən dövlət əhəmiyyətli tədbirlər, mədəniyyət günləri, qurultay və plenumlar çərçivəsində təşkil edilən konsertlərin iştirakçısı olub.
M.Maqomayev haqqında bir neçə film çəkilib, müğənni özü isə “Nizami” bədii filmində baş rolda çıxış edərək dahi Azərbaycan şairinin yaddaqalan obrazını yaradıb. O bir sıra populyar mahnıların müəllifi kimi də tanınıb. “Azərbaycan”, “Mavi əbədiyyət” və s. mahnıları bu gün də milyonların qəlbini riqqətə gətirir.
Anar Kərimov diqqətə çatdırıb ki, 2002-ci ildə Bakıda M.Maqomayevin 60 illik yubileyi Ümummilli lider Heydər Əliyevin sərəncamı ilə yüksək səviyyədə qeyd olunub. 2008-ci ildə dünyasını dəyişən sənətkarın adı Prezident İlham Əliyevin sərəncamı ilə əbədiləşdirilib. Paytaxtımızdakı 26 nömrəli onbirillik Musiqi məktəbinə müğənninin adı verilib, Bakı şəhərində yaşadığı evə xatirə lövhəsi vurulub, habelə Fəxri xiyabanda və Moskvada sənətkarın abidəsi ucaldılıb. Dövlət başçısının sərəncamı ilə bu il sənətkarın Bakı bulvarında heykəlinin açılışı keçirilib. Prezident İlham Əliyevin sərəncamları ilə 2012 və 2017-ci illərdə müğənninin 70 və 75 illik yubileyləri böyük təntənə ilə qeyd olunub. 2010-cu ildən başlayaraq iki ildən bir Moskvada Vokalçıların M.Maqomayev adına beynəlxalq müsabiqəsi təşkil edilir.
*
Yubiley konserti Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri dirijor Mustafa Mehmandarovun idarəsi ilə M.Maqomayevin möhtəşəm “Azərbaycan” əsəri ilə başlayıb. Daha sonra sənətkara həsr edilmiş filmlərdən kadrlar və müxtəlif illərdə müğənninin çıxış etdiyi SSRİ və dünya səhnələrindəki ifalarının kadrları təqdim edilib. Ulu öndər Heydər Əliyevin M.Maqomayev haqqında vaxtilə səsləndirdiyi fikirlərin yer aldığı tarixi kadrlar alqışlarla qarşılanıb.
Gecənin aparıcıları – Əməkdar artist Nərgiz Cəlilova və Oleq Əmirbəyov M.Maqomayev yaradıcılığından söz açıb, konsertin təşkilatçılarına təşəkkür ediblər.
Gecə boyu müğənninin həyatının müxtəlif dövrlərini əks etdirən videokadrlar və müsahibələrindən fraqmentlər təqdim olunub.
Tədbir Xalq artistləri Azər Zeynalov, Fidan Hacıyeva, Faiq Ağayev, Tünzalə Ağayeva, Miri Yusif, Emin Ağalarov, Ukraynada yaşayan istedadlı müğənni Vaqif Nağıyev, rusiyalı müğənni Astemir Apanasovun ifaları və Müslüm Maqomayev haqqında uşaqlıq, gənclik və yaradıcılıq xatirələrini bölüşən Xalq artistləri Oqtay Mir Qasım, Faiq Sücəddinov, Fərhad Bədəlbəyli və Xalq rəssamı Fərhad Xəlilovun xatirə çıxışları ilə davam edib.
Yubiley konserti Prezident İlham Əliyevin 17 avqust 2022-ci il tarixində Bakı bulvarında M.Maqomayevin heykəlinin açılış mərasimindəki nitqinin lent yazısından parça və sənətçilərin səhnədə “Azərbaycan” mahnısını birgə ifa etməsi ilə başa çatıb.
Anar yenidən yazıçılarımızın başında duracaq
Oktyabrın 26-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının binasında Azərbaycan yazıçılarının XIII qurultayı keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, qurultayda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, mədəniyyət naziri Anar Kərimov, ADA Universitetinin rektoru Hafiz Paşayev, Baş nazirin müavini Əli Əhmədov, dövlət və hökumət qurumlarının nümayəndələri, Milli Məclisin deputatları iştirak ediblər. Qurultaya Azərbaycan Yazıçılar Birliyinin dəvəti ilə Türkiyə, Rusiya, Litva, İsrail, Pakistan, Gürcüstan, Almaniya, İraq, Belarus və İrandan 20-dən çox qonaq, AYB-nin üzvləri arasından isə 330-dək nümayəndə qatılıb.
Qurultayı AYB-nin sədri, Xalq yazıçısı Anar açıb.
Sonra Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva Prezident İlham Əliyevin qurultay iştirakçılarına ünvanladığı təbrik məktubunu oxuyub.
Tədbirdə, həmçinin, mədəniyyət naziri Anar Kərimov çıxış edib. Nazir deyib:
"Bu gün doğrudan da tarixi bir gündür. Bu münasibətlə, hamınızı təbrik etmək istərdim. Ümid edirəm ki, XIII qurultayda qəbul edilən önəmli qərarlar AYB-nin istiqamətləndirilməsində, onun bu yeni dönəmdə, şanlı zəfərimizdən sonra yaranmış möhtəşəm dönəmdə bu qələbə ruhunun cəmiyyətimizə aşılanmasında, cəmiyyətimizin tərbiyə edilməsində bir təkan olacaq, önəmli əsərlər yaradılacaq və təkcə Azərbaycan sərhədlərində yox, dünya azərbaycanlılarının həmrəyliyində, onların daha da sıx Azərbaycan məfkurəsi ətrafında birləşməsində böyük töhfələr verəcək. Əminəm ki, cənab Prezidentimizin söylədiyi kimi, AYB əsrlər boyu mübarizə, azadlıq ruhunun, milli-mənəvi dəyərlərimizin, vətənpərvərlik dəyərlərinin aşılanmasında iştirak etdiyi kimi, bundan sonra da yazıçılarımız bu müqəddəs rolu davam etdirəcəkdir".
Qutultay nümayəndələri xalq yazıçısı Kamal Abdullanın, xalq şairləri Nəriman Həsənzadənin, Sabir Rüstəmxanlının çıxışlarını hərarətlə qarşılayıblar.
Daha sonra qurultayın katibliyi və seçki komissiyası təsdiqlənib, təşkilati məsələlərə baxılıb. Xalq yazıçısı Anar Rəsul oğlu Rzayev açıq səsvermə yolu ilə yenidən Azərbaycan Yazıçılar Birliyinin sədri seçilib. Qurultayda AYB-nin rəhbər strukturu, ağsaqqallar şurası, idarə heyəti və təftiş komissiyası seçilib.
Sonda Azərbaycan Yazıçılar Birliyinin sədri Anar ona yenidən etimad göstərdiklərinə görə qurultay iştirakçılarına minnətdarlığını bildirib. Bununla da Azərbaycan Yazıçılar Birliyinin XIII Qurultayı öz işini başa çatdırıb.
Mədəniyyət Nazirliyinin layihəsi bu dəfə Lənkəranda
Mədəniyyət Nazirliyinin regionlarda teatr prosesinin canlanmasına, teatr sahəsində kadrların peşəkarlıq səviyyəsinin artırılmasına yönəlmiş layihələrindən biri olan "Öyrədərək öyrənirəm" layihəsi çərçivəsində Azərbaycan Dövlət Akademik Rus Dram Teatrınının aktyoru, Mədəniyyət Nazirliyinin dəstəyi ilə Rusiyanın B.Şukin adına Teatr İnstitutunda təhsil almış Abdulla Elşadlının 16-21 oktyabr tarixlərində Lənkəran Dövlət Dram Teatrında təlimləri olmuşdur.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, təlimlər “Aktyorun öz təbiətinin açılmasından obrazın yaradılmasına qədər olan yol. K.S.Stanislavski sisteminin psixofiziki mərhələləri” mövzusunda idi.
K.S.Stanislavskinin sistemi əsasında keçirilən təlimlər beş gün davam edib və bu günlər ərzində Stanislavski sisteminin 8 psixofizik elementləri və Vaxtanqov məktəbinin əsasında "Obraza ilkin addım" kimi "Təxmin olunmuş vəziyyətlər"də obraza etüdlər bölməsi keçirilib. İlkin variant kimi Abdulla Elşadlı A.P.Çexovun "Təklif" vodevilindəki təklif olunmuş vəziyyətlərin içində teatrın gənc aktyorları ilə "təxmin edilmiş vəziyyətlər"in etüd prosesinin içində "Bədii səhnə obrazı necə yaradılmalı" texnikası üzrə məşqlər aparıb.
Dərslərin beşinci günündə yekun imtahan olub. İmtahanda yuxarıda adı çəkilən vodevilin əsasında "Təxmin edilmiş vəziyyətlər" əsasında improvizə etüdlər oynanılıb.
Xatırladaq ki, “Öyrədərək öyrənirəm” layihəsi çərçivəsində cari ilin yanvar ayında Bakıda Xalq artisti, Prezident təqaüdçüsü Bəxtiyar Xanızadənin, aprel ayında Xalq artisti Pərviz Məmmədrzayevin Füzulidə ustad dərsləri baş tutub.
Noyabr-dekabr aylarında Salyan Dövlət Kukla, Qax Dövlət Kukla, Füzuli, Qazax, Sumqayıt Dövlət Dram Teatrlarında da “Öyrədərək öyrənirəm” layihəsi çərçivəsində təlimlərin keçirilməsi planlaşdırılır.
Qənirə Paşayeva Nəvai vilayətində Azərbaycan mədəniyyət günlərinin açılışında çıxış edib
Özbəkistanda keçirilən Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri çərçivəsində Nəvai şəhərində möhtəşəm açılış mərasimi keçirilib.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı, iki ölkənin Mədəniyyət nazirlikləri, Azərbaycan Milli Məclisinin Mədəniyyət komitəsi və Azərbaycanın Özbəkistandakı səfirliyinin dəstəyi ilə gerçəkləşən tədbirlər ölkənin Daşkənd vilayəti ilə yanaşı, Buxara, Səmərqənd və Nəvai vilayətlərini də əhatə edib.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət komitəsinin sədri, Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Qənirə Paşayeva dövlətimizin Özbəkistanla əməkdaşlığa mühüm önəm verdiyini bildirib. O, ortaq köklərə malik xalqlarımız arasında dil, din, tarix birliyindən söz açaraq, mədəniyyətlərimizin yaxınlığını, qarşılıqlı doğmalığını xüsusi vurğulayıb. Komitə sədri bu doğmalığın, yaxınlığın dərin tarixi ənənələrə malik olduğunu qeyd edərək, böyük gələcək vəd etdiyini qürur hissi ilə söyləyib.
Q.Paşayeva mədəniyyət və ədəbiyyat sahəsində əməkdaşlığımız haqqında danışaraq, Əlişir Nəvainin Nizami Gəncəvini özünün mənəvi ustadı sandığını, Hüseyn Cavid və Abdurrauf Fitratın oxşar taleyi, Qafur Qulam və Səməd Vurğun arasında güclü yaradıcılıq əlaqələri və dostluq əlaqələri haqqında fikirlərini bölüşüb, bu münasibətlərin bu gün yeni nəsil yazarları tərəfindən uğurla davam və inkişaf etdirildiyini söyləyib.
Türk dünyasında mədəniyyət və digər əməli fəaliyyət sahələri üzrə əməkdaşlığın dərinləşdirilməsinin, genişləndirilməsinin önəmindən danışan Q.Paşayeva Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Özbəkistanda keçirilən Azərbaycan mədəniyyət və ədəbiyyatı günləri çərçivəsində milli mədəniyyətimiz və xalqlarımız arasında dostluğa, həmrəyliyə dair çoxsaylı tədbirlərin, layihələrin gerçəkləşməsini məmnunluqla qeyd edib.
O, Nəvaidə ilk dəfə keçirilən Azərbaycan mədəniyyəti və ədəbiyyatı günlərinin Nəvai sakinlərinin yaddaşında xoş xatirə olaraq qalacağına inandığını bildirib.
Komitə sədri deyib: “Qardaş Özbəkistan dövləti və çoxmilyonlu özbək xalqı bizim haqlı mövqeyimizi həmişə müdafiə edib. Biz 44 günlük müharibə vaxtı bunun bir daha şahidi olduq. Bu gün də ilk növbədə Özbəkistan xalqına və dövlətinə minnətdarlığımızı bildirir, ən xoş diləklərimizi yetirirəm”.
Milli Məclisin deputatı, eyni zamanda, Mədəniyyət paytaxtımız Şuşadan danışıb, Şuşanı yalnız Azərbaycanın deyil, Türk-İslam dünyasının mədəniyyət paytaxtı kimi xarakterizə edib: “Şuşa özünəməxsus tarixə, mədəni irsə malik şəhərdir. Şuşa qərinələr boyu Azərbaycan və Türk-İslam musiqisi üçün önəmli isimlər yetişdirib, mədəniyyət beşiyi olub. Ümumtürk mədəniyyətinə önəmli töhfələr verən neçə-neçə dahi şəxsiyyət Şuşada doğulub, boya-başa çatıb.”
Çıxışına davam edən komitə sədri erməni vandalizmindən, bir çox mədəniyyət və tarixi abidənin məhv edilməsindən danışıb. Sonda Q.Paşayeva tədbir iştirakçılarının çoxunun hələ Şuşada olmamasını vurğulayaraq, hər bir özbək aydınını ölkəmizə, qədim Şuşamıza dəvət edib.
Tədbirdə Nəvai vilayət hakiminin müavini Sədullo Mirzoyev, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov və başqaları çıxış edib, ürək sözlərini bölüşüblər.
Möhtəşəm konsert proqramı ilə davam edən tədbirdə Azərbaycan və Özbəkistan milli naxışlarını özündə əks etdirən milli libaslar kolleksiyası nümayiş etdirilib. Qeyd edək ki, geyimlər azərbaycanlı modelyer-dizayner Afaq İsmayılzadə tərəfindən hazırlanıb.