Super User

Super User

 

Xəbər verdiyimiz kimi, ölkəmizdə möhtəşəm Uşaq İncəsənət Festivalı keçirilir və hazırda festivalın ikinci – regional mərhələsi başlanıb.

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkil etdiyi, “BP Azerbaijan” şirkətinin baş sponsorluğu ilə keçirilən festivalın regional mərhələsi ölkəmizin 14 iqtisadi-coğrafi rayonunun 14 şəhəri üzrə 26 məntəqədə keçirilir.

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, festival çərçivəsində iyulun 7-də Göygöl Milli Parkının ərazisində Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi Gəncə və Naftalan şəhərləri, Daşkəsən, Goranboy, Göygöl və Samux rayonlarından 6 nominasiya üzrə ikinci mərhələyə vəsiqə qazanan 60 nəfər uşaq üçün yay düşərgəsi təşkil edilib. 

Düşərgənin keçirilməsində əsas məqsəd uşaqların asudə vaxtlarının səmərəli təşkili, festival iştirakçıları arasında şəbəkələşmənin təmin edilməsi, onların yay tətillərini daha maraqlı və səmərəli keçirmələrinə şərait yaratmaqdır.

Düşərgə müddətində uşaqlar üçün maraqlı və əyləncəli oyunlar (futbol, həndbol, estafet oyunları və s.) keçirilib. Əməkdar artist, tarzən Səbuhi Cəfərov, Əməkdar mədəniyyət işçisi, aşıq Samirə Əliyeva, Əməkdar müəllim, xanəndə Qəzənfər Abbasov, rəssam Yusif Mirzə, qiraətçi Hüseynağa Aslanov və rəqqasə Tamilla Əliyeva tərəfindən ustad dərsləri təşkil edilib.

Günün sonunda isə uşaqlar ocaq ətrafında toplaşaraq öz istedadlarını nümayiş etdirəcəklər.

Qeyd edək ki, üç turdan ibarət, 21 nominasiyada üç yaş qrupu (6-9 yaş, 10-13 yaş və 14-17 yaş) üzrə keçirilən festivala respublikamızın bütün rayon və şəhərlərindən, o cümlədən Naxçıvan Muxtar Respublikasından 27 minədək iştirakçı müraciət edib. Peşəkar və həvəskar kateqoriyaları üzrə keçirilən festivalın birinci mərhələsi aprel-iyun aylarını əhatə edib. II mərhələ iyul-avqust aylarında reallaşacaq. Bu mərhələnin qalibləri final mərhələsinə iştirak hüququ əldə edəcəklər.

Final mərhələsinin sentyabr ayında Bakıda keçirilməsi nəzərdə tutulur. Finalın yeri, tarixi və vaxtı festivalın uif.az portalında, eləcə də kütləvi informasiya vasitələrində elan olunacaq.

Festivalın yekununda ən çox nominasiya üzrə iştirak etmiş və fəallıq göstərmiş şəhər və ya rayon növbəti il festivala ev sahibliyi hüququ qazanacaq.

 

“Ədəbiyyat və incəsənət”

(10.07.2023)

“Bütün dərsliklərdə, fəlsəfi təlimlərdə deyirlər ki, insan dünyaya gələndə ağ vərəqdir, valideynlərin, məktəb, dostların, mühit, həyat səni yazır. Bu fikir kökündən yanlışdır”.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu sözləri Çölçü Obasında rejissor Eltən Törəçinin aparıcısı olduğu “Çöldə yaşam öyüdləri” verilişində yazıçı, əməkdar jurnalist Varis deyib.

Niyə orta məktəbdə hamı ona “Məşhur Varis” deyirdi?

Uşaq yaşlarından qarşısına böyük hədəflər qoyan Varis kim olmaq istəyirdi?

Çölçü Obasında özünü Oğuz boylarının tamğaları arasında qədim Türk yurdunda hiss edən yazıçı, valideynlərindən, orta məktəb müəllimlərindən aldığı öyüdlərdən danışaraq, BDU-da oxuduğu illərdə Milli Azadlıq Hərakatına qatılmasını və bu vaxt başı üzərində qaldırdığı 3 rəngli Azərbaycan bayrağını ona anasının tikdiyini xatırlayıb.

Bəs uşaq yaşlarından yazıçılığa marağı olan Varis  necə jurnalist oldu?

Yazıçı Varisə Azərbaycanda yazıçı kimi ilk uğuru qazandıran “Sonuncu ölən ümidlərdir” kitabının hansı uğur hekayəsi var?

Çölçü Obasında Eltən Törəçi ilə Türk oxçuluğu bacarıqlarını sınayan yazıçı uğur qazanmağın 4 önəmli düsturunu açıqlayıb.

Xatırladaq ki, Qubada Çölçü Obasında çəkilən “Çöldə yaşam öyüdləri” verilişi Qafqaz TV tərəfindən  hazırlanır və Qafqaz TV-dən başqa ölkənin bir neçə efir məkanında yayımlanır.

“Çöldə yaşam öyüdləri” verilişində rejissor Eltən Törəçi ilə yazıçı Varisin söhbətinə  aşağıdakı linkdə keçid edərək izləyə bilərsiniz: https://www.youtube.com/watch?v=pvDP3bu3jho&t=2282s

 

“Ədəbiyyat və incəsənət”

(10.07.2023)

Günün fotosu: Gələn il Avroviziya Malmödə keçiriləcək

 

Gələn il qitənin əsas Mahnı Müsabiqəsi Malmödə keçiriləcək. Beləliklə, İsveçin cənub şəhəri paytaxt Stokholmla bərabərləşir, burada da artıq üç dəfə Avroviziya keçiriləcək.

 

“Ədəbiyyat və incəsənət” portalı “Euronews”a istinadən xəbər verir ki, 68-ci Avroviziya mahnı müsabiqəsi İsveçin üçüncü ən böyük şəhərində "Malmö Arena" da keçiriləcək. Bu seçimi Krallığın əsas televiziya kanalı SVT və Avropa Yayım Birliyi (AYB) etdi və bunu şəhərdə nümayəndə heyətlərinin, çəkiliş qruplarının və azarkeşlərin yerləşməsi üçün bütün lazımi infrastrukturun olması ilə izah etdi.

 

“Ədəbiyyat və incəsənət”

(10.07.2023)

Rəsm qalereyası: A. Yans van Ostade, “Emalatxanada avtoportret”

“Ədəbiyyat və incəsənət” portalında dərc edilən Güney Azərbaycan ədiblərinin ən yaxşı nümunələrini diqqətinizə çatdırmaqdayıq. 

Portalımızın Güney Azərbaycan təmsilçisi Əli Çağlanln təqdimatında bu gün Əkbər İsmayili (Qalan) öz şeirləri ilə hüzurunuzdadır. 

O, bu dəfə “Gözlərində ölmək istirəm” söyləyəcək. 

 

 

DURDUQCA UZAQDA!

 

Durduqca uzaqda, uzaqlaşırsan,

Gözümdən, könlümdən, dünyamdan mənim.

Ayıqkən gəzirdin xəyallarımda,

İndisə qopmusan röyamdan mənim.

 

Mən səni sevirdim, bunu bilirsən,

Sən məni sevirdin, bilirəm bunu.

Yenildim qürura, sən təkəbbürə,

Amma mən içimdən silirdim bunu.

 

Mən səni sevirdim, seçməmişdim ki,

Bu üzdən yenə də sevəcəm səni.

Sadəcə qorxuram o gündən ki, mən,

Kənara qoymağa seçəcəm səni.

 

 

GÖZLƏRİNDƏ ÖLMƏK İSTİRƏM

 

Saçların dalğalı,

Dənizə bənzər

Gözlərin!

Gözlərin hər zaman, yaşadır məni

Yanaqların qırmızı,

Al alma kimi.

 

Qönçə dodaqların aldadır məni

Baxışın sehirli, baxışın ovçu.

Ov kimi bəndinə düşmək istirəm.

Bir ömür könlündə qul tək, əsir tək,

Hər zaman gözlərində ölmək istirəm.

 

“Ədəbiyyat və incəsənət”

(10.07.2023)

Bazar ertəsi, 10 İyul 2023 13:45

Primorsk teatrının qastrolu başa çatdı

Rusiyanın Vladivostok şəhərində fəaliyyət göstərən Maksim Qorki adına Primorsk Akademik Vilayət Dram Teatrı (bədii rəhbər Rusiyanın Xalq artisti, “Qızıl maska” mükafatı laureatı Yefim Zvenyatski) iyulun 1-dən 9-dək Bakıda qastrolda oldu.

 

Səfər “Heydər Əliyev İli” çərçivəsində və Azərbaycan peşəkar milli teatrının 150 illiyi münasibətilə Rusiya Federasiyası Primorsk Vilayəti Hökumətinin və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə reallaşmışdı. 

Primorsk Akademik Vilayət Dram Teatrı da bu il yubileyini, 90 yaşını qeyd edir. Uzaq Şərqdə, Sakit okeanın sahilində klassik rus psixoloji teatrı ənənələrini qoruyub saxlayan qocaman akademik teatrı Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının səhnəsində repertuarından seçmə 6 tamaşa göstərdi. 

Qastrol M.Bulqakovun məşhur romanı əsasında iki il əvvəl, teatrın 88-ci mövsümündə səhnəyə qoyulmuş “Master və Marqarita” tamaşası ilə (1-2 iyul) başladı. 

İyulun 4-də Vladivostok teatrı yəhudi yazıçısı Şolom-Aleyxemin əsərləri əsasında hazırlanmış və 20 ildir repertuarda olan “Anma duası”nı, iyulun 5-də A.Çexovun “İvanov” komediyasını (28 ildir repertuardadır) nümayiş etdirdi. 

6-7 iyulda əfsanəvi fransız müğənni Edit Piafın həyatından bəhs edən “Edit və onun şeytanları” musiqili-mistik melodramı, 8-də  isə ispan dramaturqu Lopa de Veqanın “Nə yardan doyur, nə əldən qoyur” komediyası Akademik Rus Dram Teatrının səhnəsində Bakı tamaşaçılarına təqdim olundu.

Primorsk Akademik Vilayət Dram Teatrının Bakı qastrolu rus yazıçısı V. Pikulun “Kreyserlər” tarixi romanı əsasında tamaşa ilə başa çatdı. 

Qeyd edək ki, “Edit və onun şeytanları” və “Kreyserlər” teatrın eksklüziv tamaşalarıdır, üstəlik, ilk dəfə Vladivostok teatrında səhnələşdirilən “Kreyserlər” Rusiya Federasiyası Hökumətinin mükafatına layiq görülüb.

“Master və Marqarita”, “Anma duası” və “Kreyserlər” tamaşalarında teatrın bütün truppası məşğuldur. Ümumilikdə Bakı qastroluna teatrın texniki işçiləri və Uzaq Şərq İncəsənət İnstitutunun tələbələri də daxil olmaqla 100 nəfərdən çox heyət gəlmişdi. Həmçinin bir neçə konteyner dekorasiya, geyim və avadanlıqlar gətirilmişdi. Primorsk Akademik Vilayət Dram Teatrının yaydığı məlumata görə, bu, yaradıcı kollektivin ən irimiqyaslı qastrol səfəri olub.

 

Şəkildə: “Kreyserlər” tamaşasından səhnə

 

“Ədəbiyyat və incəsənət”

(10.07.2023)

Bu gün Azərbaycan Dövlət Akademik Musiqili Teatrı Şəki Dövlət Dram Teatrında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 və peşəkar milli teatrımızın 150 illiyi ilə əlaqədar "Sən elə bir zirvəsən!..." tamaşası ilə çıxış edəcək.

 

Teatrın mətbuat xidmətinin məlumatına görə, Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilən layihənin rəhbəri teatrın direktoru Əməkdar incəsənət xadimi Əliqismət Lalayev, ssenari müəllifi Əməkdar artist Mübariz Həmidov, quruluşçu rejissoru Cavid İmamverdiyev, quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, xormeysteri Əməkdar artist Vaqif Məstanov, baletmeysteri Əməkdar artist Emin Əliyev, rejissor assistenti Afər Tağıyevadır. 

Musiqili tarixi-esse kimi hazırlanan bu səhnə əsərində teatrın solistləri Əməkdar artistlər Fərid Əliyev, Səidə Şərifəliyeva, Prezident mükafatçıları Mehriban Zaliyeva, Səmədzadə Xasiyev, aktyorlar Aydan Həsənova, Hidayət Əliyev, Şaban Cəfərov, Türkel Tariqpeyma, Emin Zeynallı, həmçinin teatrın xor və balet heyətinin üzvləri iştirak edəcəklər. 

Xatırladaq ki, Musiqili Teatrın bu tamaşası iyunun 19-da Gəncədə də nümayiş olunub.

 

“Ədəbiyyat və incəsənət”

(10.07.2023)

Həqiqi ədəbiyyat biliciləri üçün Eurasian Creative Guild təsisatından super təklif var! Əfsanəvi Amerika yazıçısı Harriet Beecher-Stounun yazdığı "Tom dayının daxması" nadir antik kitabının (Uncle Tom’s Cabin; or, Life Among the Lowly) sahibi olmaq üçün unikal fürsətiniz yaranıb. Bundan ötrü online hərracda iştirak edə bilərsiniz. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, kitab 1898-ci ildə, yəni 125 il əvvəl Londonda nəşr edilmişdir. 

"Tom dayının daxması" XIX əsrin ən çox satılan romanı və müqəddəs “Bibliya” kitabından sonra ikinci ən çox satılan kitabdır.

Auksion bir həftədir davam edir və bu gün - iyulun 10-da başa çatacaq. Auksionun başlanğıc qiyməti 1 funt sterlinq müəyyənləşib, siz də öz təkliflərinizi göndərmək istəyirsinizsə, “Ədəbiyyat və incəsənət” portalının email ünvanına yazın və sizə auksionun şərtləri, eləcə də vatsapp nömrəsi təqdim ediləcək. 

Sonda ən böyük məbləğ təklif edənə kitab satılacaq. Hərracın qalibinə kitab istəyinə görə ya poçtla göndəriləcək, ya da, Londonda və ya digər seçilmiş şəhərdə şəxsən təqdim ediləcək. 

Eurasian Creative Guild təsisatı bundan öncə Elvis Presliyə məxsus pul sikkəsini online auksionda satmaq təcrübəsinə malikdit, hərraclardan əldə edilən vəsait mədəniyyətin təbliği işlərinə xərclənir.

 

“Ədəbiyyat və incəsənət”

(10.07.2023)

Bu gün Bakıdakı Rus evində “Ravnovesiye” rəsm və heykəltəraşlıq əsərlərinin sərgisi açılacaq.

Bakılı sənətsevərlərin diqqətinə heykəltəraş Vladimir Amodeo və rəssam Alla Şaxmatovanın əsərləri təqdim olunacaq.

 

Bakıdakı Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin mətbuat xidmətinin məlumatına görə, Alla Şaxmatova Samara Dövlət İncəsənət Muzeyinin direktoru, çoxsaylı sərgi, festival, mədəni və təhsil tədbir və proqramların iştirakçısı və təşkilatçısıdır. Vladimir Amodeo isə əsərləri Rusiyanın müxtəlif şəhərləri, o cümlədən Samara, Lipetsk, Tambov, Yaltada geniş təqdim olunan heykəltəraşdır.

Sərgi saat 19:00-da açılacaq.

Giriş pulsuzdur.

 

“Ədəbiyyat və incəsənət”

(10.07.2023)

İyulun 20-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrının 113-cü teatr mövsümünün bağlanış mərasimi olacaq. 

Bu barədə teatrın mətbuat xidmətinin rəhbəri Fəridə Rüstəmova məlumat yayıb. 

 

“Mövsümə Ulu Öndər Heydər Əliyevin 100 illik, Peşəkar Milli Teatrın 150 illik yubileyi ilə əlaqədar “Sən elə bir zirvəsən” tamaşası ilə yekun vurulacaq”, - deyə o bildirib.

 

“Ədəbiyyat və incəsənət”

(10.07.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.