
Super User
Yeni adlar sırasında kimlər var?
Mədəniyyət Nazirliyi milli musiqimizin qorunması, ifaçılıq sənətinin inkişafı və təbliği istiqamətində mühüm layihələr həyata keçirilir. Bu layihələr Azərbaycan musiqi mədəniyyətinin gənclər arasında təbliğini, musiqi və estetik zövqünün formalaşmasına dəstək olmağı hədəfləyir, istedadlı gənclərin üzə çıxmasına təkan verir, onların geniş auditoriyada tanınmasına yardımçı olur. Nazirliyin bu ilin mart ayından reallaşdırdığı “Yeni adlar” layihəsi də onlardan biridir. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı xəbər verir.
Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında “Yeni adlar” layihəsinin növbəti konserti keçiriləndə bu adlar əyani şəkildə təqdim edildi.
Musiqi axşamında Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin (dirijor – Orxan Həşimov) müşayiəti ilə gənc musiqiçilər – respublika və beynəlxalq müsabiqələr laureatları Vaqif Qurbanov (violonçel) və Elxan Niftiyev (piano) maraqlı proqramla çıxış etdilər.
Musiqi axşamının tamaşaçıları arasında Prezident Administrasiyası Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Mədəniyyət Nazirliyinin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsi Musiqi sektorunun müdiri Vüqar Hümbətov, mədəniyyət və incəsənət xadimləri, musiqisevərlər vardı.
Konsertdə Vaqif Qurbanovun ifasında Yozef Haydnın “Violonçel və orkestr üçün konsert”i, Elxan Niftiyevin təqdimatında isə Ferents Listin “Piano və orkestr üçün konsert” əsərləri alqışlarla qarşılandı. İstedadlı gənclər hər iki əsərin yüksək peşəkarlıqla tamaşaçılara çatdırılması üçün məharətlərini ortaya qoydular.
*
Vaqif Qurbanov 2006-ci ildə Bakı şəhərində dünyaya göz açıb. 2012-ci ildə Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin cello ixtisasına qəbul olunub. Hazırda həmin məktəbin XI sinfində təhsil alır. Təhsil aldığı illərdə bir çox müsabiqələrdə iştirak edən musiqiçi 2018-ci ildə ümummilli lider Heydər Əliyevin 95 illik yubileyinə həsr edilmiş III Respublika müsabiqəsində I yerə layiq görülüb. Bununla yanaşı, “Gələcəyin ulduzları” (Future Stars) IX Beynəlxalq klassik musiqi müsabiqəsi və “World Harmony” beynəlxalq müsabiqəsində I yeri qazanıb.
Gənc ifaçı Azərbaycandan kənarda da nailiyyətlər əldə edib. Yunanıstanda keçirilən “Stars of Greece” beynəlxalq müsabiqəsi, Çexiyada “Spring Symphony” müsabiqəsi və Ukraynada təşkil olunan “Sozvezdiye Europe-Asia –2021” beynəlxalq festivalında Qran-priyə layiq görülüb. O, həmçinin İtaliyada keçirilən “Racconto Di Primavera”, İspaniyada “World Art Games”, Rusiyada “Radio Golos Planeta”, “Zvezda efira”, Polşada “King’s peak international music competition”, “Rapsodia Polska” müsabiqələri və Finlandiyada təşkil olunan “Nordic Fest 2021” festivalında I yerləri qazanıb.
“Yeni adlar”ın digər iştirakçısı Elxan Niftiyev 1998-ci ildə Lənkəran şəhərində anadan olub. 2016-cı ildə Bülbül adına Orta İxtisas Musiqi Məktəbini piano sinfi üzrə fərqlənmə ilə bitirib. 2016-2020-ci illərdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında bakalavr, 2020-2022-ci illərdə isə magistr pilləsi üzrə təhsil alıb.
Elxan Bülbül adına məktəbdə təhsil aldığı illərdə (2009-2012) Pianoçuların Respublika müsabiqəsinin laureatı olub. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında təhsil aldığı dövrlərdə isə bir neçə dəfə solo konsert verib. Pianoçu 2017-ci ildə IX Qəbələ Beynəlxalq Musiqi Festivalında, eləcə də XII Qəbələ Musiqi Festivalında çıxış edib.
Elxan Niftiyev Estoniyada keçirilən Şopen adına pianoçuların beynəlxalq müsabiqəsində, İngiltərədə pianoçuların beynəlxalq müsabiqəsində, Fransada Adilə Əliyeva adına pianoçuların beynəlxalq müsabiqəsində laureat olub.
“Şuşa mədəniyyətinin inciləri” layihəsində Süleyman Sani Axundov
Mədəniyyət Nazirliyinin “Şuşa mədəniyyətinin inciləri” layihəsi müxtəlif bölmələr üzrə təqdimatlarla davam edir. “Şuşa İli” münasibətilə həyata keçirilən layihənin “Şuşanın simaları” bölməsinin növbəti təqdimatı Süleyman Sani Axundova həsr olunub.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Süleyman Sani Axundov dramaturq, jurnalist, uşaq yazıçısı və pedaqoq kimi tanınır. Onun əsərləri bu gün də böyük maraqla oxunur.
Azərbaycan dramaturqu, nasir, maarif xadimi S.S.Axundov 1875-ci il oktyabrın 3-də Şuşa şəhərində anadan olub. 1885-1894-cü illərdə Qori Müəllimlər Seminariyasında təhsil aldıqdan sonra III dərəcəli rus-tatar məktəbində müəllim işləyib. 1920-1921-ci illərdə Qarabağ vilayətinin maarif şöbəsinin müdiri, 1922-1930-cu illərdə Bakıda məktəb müdiri vəzifələrində çalışıb. 1922-ci ildə Azərbaycan “Ədib və Şairlər” İttifaqının ilk sədri seçilmiş ədib ədəbi və pedaqoji fəaliyyətinə görə 1932-ci ildə "Əmək qəhrəmanı" adına layiq görülüb. 1921-1930-cu illər ərzində, keçmiş sovetlər ittifaqında Bakı Sovetinin üzvü olsa da, ömrünün sonuna kimi pedaqoji fəaliyyətlə məşğul olub, yazıçı, jurnalist kimi tanınıb. Onun XX əsr Azərbaycan uşaq ədəbiyyatının inkişafında böyük xidmətləri olub.
İlk əsəri "Tamahkar" komediyasi ilə tanınmış yazıçı bu əsərini böyük dramaturq Mirzə Fətəli Axundzadənin "Hacı Qara" əsərinin təsiri ilə qələmə alıb. Bundan başqa, yazıçı "Dibdat bəy", "Türk birliyi" komediyalarının, "Laçın yuvası", Qaranlıqdan işığa", "Şahsənəm və Gülpəri", "Səadət zəhmətdədir", "Molla Nəsrəddin Bakıda", "Eşq və intiqam" kimi pyeslərin və bir sıra uşaq əsərlərinin də müəllifidir. Bir nasir kimi 1905-ci ildə yazdığı "Qonaqlıq", "Kövkəbi-hürriyyət", "Yuxu" kimi hekayələri də müəllifin maraqlı hekayələrindəndir.
O, 1912-1914-cü illərdə “Qorxulu nağıllar” adı altında “Əhməd və Məleykə”, “Abbas və Zeynəb”, “Nurəddin”, “Qaraca qız”, “Əşrəf” hekayələrini yazıb. Bu hekayələrdə valideynlərini itirmiş uşaqların acı taleyindən söhbət açılır.
Onun XX əsr Azərbaycan uşaq ədəbiyyatının, inkişafında böyük xidmətləri var. 1920-ci ildən sonra yazdığı əsərlərdə də geriliyi və mühafizəkarlığı tənqid edən Süleyman Sani Axundov 1939-cu il martın 29-da vəfat edib.
Günün fotosu: Braziliya yeni prezident seçdi
Günün fotosu: Braziliya yeni prezident seçdi
Bu Luis Lulu da Silvadır. Avropa İttifaqı onu təbrik edib seçkinin ədalətli keçdiyini bildirdi.
Foto: Euronews
Ümid Nəccari təltif olunub
Güneyli soydaşımız, istedadlı şair Ümid Nəccari UNESCO və Beynəlxalq Mədəniyyət Assosiasiyası “The Cafe of Ideas” tərəfindən "Böyük İskəndər Medalı" ilə təltif olunub.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu barədə şair öz facebook hesabında məlumat verib.
Azərbaycanlı yazıçılar ermənilərin iç üzünü Moskvada açdılar
Moskvada, İSP nəşriyyatında Azərbaycan yazıçıları Varisin və Əlibala Məhərrəmzadənin “A.M.İ.N.” adlı romanları işıq üzü görüb. Özü də nəşriyyat hesabına, Rusiyada çox bəyənilən “Müasir Proza Kolleksiyası” seriyasından, günümüz üçün kifayət qədər sanballı tirajla – 5000 nüsxədə. Roman alpinistlərin dağ zirvəsinə yüksəlməsi fonunda Qarabağ müharibəsinin gizlinlərindən danışır, o gizlinlərdən ki, MDB məkanının oxucuları əksərən onlardan xəbərsizdir. Seriyanın tərtibçisi Oksana Kovalevskyaya, nəşrin məsul redaktoru Yekaterina Şinkarenkodur. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı İSP nəşriyyatının rəsmi saytına istinadən xəbər verir.
Rusiyanın Qarabağ müharibəsində tutduğu mövqe təbii ki, hər bir azərbaycanlıya məlumdur. Kreml siyasətinin ayrı-ayrı məqamlarda erməni lobbisinin maraqları ilə uzlaşması uzun illərdir ki, Azərbaycan ictimaiyyətini narahat edir. Bu siyasətə elə həmin siyasətin vətənində əks mövqe sərgiləmək təbii ki, Azərbaycan üçün çox vacibdir. Və bu əks mövqe əgər olduqca güclü silah sayılan ədəbiyyatda, incəsənətdə sərgilənirsə, onun ikiqat effektindən danışmaq lazımdır.
“Bir gün üst-üstə yığılaraq günah dağın yarananda onun zirvəsindən üzüaşağı yuvarlanmaq zamanın yetişəcək. Barı savabların da tapılsın ki, pərqu kimi yerə döşənib səni parça-parça olmaqdan xilas etsinlər” üst yazısı ilə başlayan romanin dörd qəhrəmanı var, romanın adı da onların adlarının baş hərflərindən ibarətdir. Bakının Kubinka məhəlləsində yaşayan üçü azərbaycanlı, biri də yəhudi olan bu dörd gənc Qarabağ müharibəsinin ilk illərində könüllü olaraq cəbhəyə yollanmaq fikrinə düşürlər. Bir neçə il öncə - Qarabağ problemi yenicə başlayanda isə o vaxt məktəbli olan dostlar Şahdağın zirvəsinə qalxaraq o yüksəklikdə Ulu yaradandan Azərbaycanın haqq işində qələbə qazanmasını arzu etmişdilər.
Hər şey də bax bu iki niyyətin üzərində cəmləşib.
Roman o qədər maraqlı, süjet o qədər çəkicidir ki, rusiyalı naşirlər bu marağın naminə hər hansı siyasi təzyiqə məruz qalacaqlarını belə gözə alaraq onu çap etmək riskinə gediblər. Əlbəttə ki, bu, kifayət qədər diqqətçəkən faktdır.
Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun əziz xatirəsinə ithaf edilən bu roman hazırda Rusiyanın kitab mağazalarında, habelə nüfuzlu LitRes elektron kitab platforması başda olmaqla əksər platformalarda satışdadır.
Azərbaycanlı oxucular üçün də xoş töhfə var. Cari ilin sonunadək roman “Azərkitab” nəşr evində Azərbaycan dilində Akademik Nizami Cəfərovun “Katarsis” adlı önsözü ilə işıq üzü görəcək.
“Varislə Əlibala Məhərrəmzadənin birgə yaradıcılıq axtarışlarının son dərəcə uğurlu məhsulu olan “A.M.İ.N.” romanı zəmanəmiz üçün olduqca aktual problemlərə nüfuz etməklə yanaşı, zəngin həyat hadisələrini eyni bir məcraya gətirərək onlara məhz arxaik (və əbədi!) mənəvi-əxlaqi prinsiplər əsasında geniş şərh vermək cəhdləri ilə böyük maraq doğurur. Roman həm birnəfəsə oxunur, həm də elə ilk oxunuşdan oxucunun bütün varlığına hakim kəsilmək iqtidarında olan güclü bədii-estetik aura yaradır ki, bunu təsvir edilən hadisələrin gur işıq altında verilməsi, xarakterlərin təqdiminin istər mənfi, istərsə də müsbət “poza”lardakı sadəlövhlüyə varacaq qədər səmimiliyi, təhkiyənin nağıl-dastan plastikası konteksində yeri gəldikcə baş qaldıran, ümumi ideyanın açılmasına təkan verən psixoloji dramatizmi şərtləndirir.”
Bu isə akademikin önsözündən başlanğıcıdır.
Önsözün sonluğunu da diqqətinizə çatdırırıq: “...Və şübhə etmirəm ki, istedadlı qələm adamlarımızın bu birgə yaradıcılıq uğuru yalnız vətəndə deyil, onun hüdudlarından uzaqlarda da məmnunluqla qarşılanacaqdır”.
Hörmətli akademikimiz təbii ki, yanılmayıb. Romanın öncə vətəndə deyil, onun hüdudlarından kənarda - özü də ən çox ehtiyac duyulan coğrafiyada çap olunması əlbəttə ki, əsl uğurdur.
Əkbər Qoşalı Qazaxıstanda “Türk Dünyasının 2040 vizyonu” seminarında çıxış edib
Türk dünyasının 2040-cı il hədəflərini, baxışını ifadə edəcək önəmli addımları müəyyənləşdirmək üçün Türk Dövlətləri Təşkilatına üzv ölkələrin alimləri, araşdırmaçı yazarları, ictmai xadimlər, QHT və KİV təmsilçiləri Xoca Əhməd Yəsəvi adına Uluslararası Türk-Qazax Universitetinin Türküstan Qərargahında bir araya gəlib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Azərbaycan Respublikası Milli Məclisi Mədəniyyət Komitəsinin eksperti, Beynəlxalq “Alaş” Ədəbiyyat mükafatı laureatı Əkbər Qoşalı seminarın Ədəbiyyat və İncəsənət sessiyasında çıxış edib. Onun çıxış etdiyi sessiyadan başqa daha 8 sessiya (Tarix, Siyasi-Beynəlxalq münasibətlər, Enerji, İqtisadiyyat, Hüquq, Səhiyyə, Dil, Turizm) təşkil olunub.
Türk Dünyasının 2040 hədəfləri baxımından Ədəbiyyat və İncəsənət üzrə baxışlarını bölüşən Əkbər Qoşalı Azərbaycan ədəbiyyatşünaslarının ünlü “Ortaq keçmişdən ortaq gələcəyə” kəlamının işığında öz fikirlərini bölüşüb, təkliflərlə çıxış edib. O, həmçinin “Türk xalqları ədəbiyyatı dövrləşməsi”nə dair özünün irəli sürdüyü konsepsiyanı açıqlayıb.
Ə.Qoşalı seminarda iştirak edən Avrasiya Yazarlar Birliyi başqanı Dr. Yaqub Öməroğlu, Qazaxıstan Yazıçılar Birliyi başqanı Uluqbek Esdevlet, Özbəkistanın Xalq şairi Xurşid Dövran, Qırğızıstanın keçmiş Dövlət katibi, akademik Osmankun İbrahimov, TÜRKSOY Baş katibinin keçmiş müavini Prof.Dr. Fırat Purtaş, evsahibi universitetin prorektoru Dos.Dr. Əsgər Turgambayev, bu universitetdə təhsil alan Azərbaycanlı tələbələr və b. ilə görüşüb, qarşılıqlı maraq doğuran məsələlərdə fikir mübadiləsi aparıb.
Onu da vurğulayaq ki, seminar Türk Dövlətləri Təşkilatı, Türkiyə Mədəniyyət-Turizm Nazirliyi, Türkiyə Cümhuriyyətinin Atatürk Mədəniyyət, Dil və Tarix Yüksək Qurumu, Türk Tarix Qurumu, Əhməd Yəsəvi Universiteti və TİKA-nın dəstəyi ilə keçirilib. “Türk Dünyası 2040 Vizyonu” Əsas Bəlgəsinin qəbul edildiyini ilk dəfə Türkiyənin Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan ötən ilin noyabrında İstanbulda keçirilmiş Türk Dövlətləri Təşkilatının Zirvə Toplantısında duyurmuşdu. Türküstan seminarında irəli sürülmüş önəmli təkliflər Türk Dövlətləri Təşkilatının gələn ay Səmərqənddə keçiriləcək növbəti Zirvə Toplantısına təqdim olunacaq.
Qeyd edək ki, ikigünlük seminarın açılış törənində Prof. Dr. Cengiz Tomar (Hoca Əhməd Yəsəvi adına Uluslararası Türk-Qazax Universitetinin rektor vəkili), Dr. Janar Temirbekova (Xoca Əhməd Yəsəvi adına Uluslararası Türk-Qazax Universitetinin rektoru), Prof.Dr. Birol Çetin (Türkiyə Tarix Qurumunun başqanı), Prof.Dr. Muhittin Şimşek (Xoca Əhməd Yəsəvi adına Uluslararası Türk-Qazax Universiteti Mütəvəlli Heyətinin başqanı), Ömər Kocaman (Türk Dövlətləri Təşkilatı Baş Katibinin müavini), İkram Adırbek (Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının üzvü) və başqaları çıxış edib.
Sabir Rüstəmxanlı milli ideoloji sistemimizdə iz qoymaq istəyir
Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlının yeni kitabı nəşr olunub. “Vətəndaşlığın əlifbası” adlanan irihəcmli bu əsər məzmununa, toxunduğu mövzulara görə “Ömür kitabı”nın davamı sayıla bilər.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, elmi-fəlsəfi fikirlər, xalqımızın taleyi ilə bağlı təhlillər, Vətənlə, millətlə bağlı düşüncələr toplanan bu kitab çağdaş Azərbaycanın ideoloji fikrınə əvəzsiz töhfədir.
Xalq şairi özü kitab haqda deyir: “Vətəndaşlığın əlifbası” Yurd və Yurddaşlıq haqqında düşüncələrimdən doğub. Etno-psixologiya, milli ruh üzərində elmi araşdırma deyildir, öz həyat təcrübəmdən doğan sonuc və arzulardır. Bu düşüncələri oxuculara paylaşmağa dəyərmi? Bu sual məni uzun müddət düşündürüb. Sonda “hər damlada bir həyat, hər sözdə bir hikmət var!” deyimini xatırladım. Kimsəyə ziyanı dəyməz”.
Kitabın özünü bu ölkənin vətəndaşı sayan hər kəs üçün maraqlı olacağı şübhəsizdir.
“Vətəndaşlığın əlifbası” “Qanun” nəşriyyatında çıxıb, “Əli və Nino” kitab mağazaları şəbəkəsində satışdadır.
Qənirə Paşayevanın özbək dilində nəşr olunan kitablarının imza mərasimi keçirilib
Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevanın müəllifi, həmmüəllifi, layihə rəhbəri olduğu və özbək dilinə uyğunlaşdırılmış bir neçə yeni kitabının Özbəkistanda imza mərasimi keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, imza mərasimi Özbəkistanda keçirilən Azərbaycan Mədəniyyəti və ədəbiyyati günləri çərçivəsində, qardaş ölkənin Nəvai şəhərində təşkil edilib.
Mütəfəkkir şair Əlişir Nəvainin adını daşıyan vilayətdə kitablarının təqdimat və imza mərasiminin keçirilməsindən qürur duyduğunu bildirən Q.Paşayeva təqdim olunan kitablar haqqında ayrı-ayrılıqda məlumat verib, onların səciyyəvi xüsusiyyətlərindən söz açıb.
“Sizə təqdim olunan kitablar Azərbaycanın zəngin mədəniyyəti, klassiklərimizin yaradıcılığı, ölkəmizin həqiqətləri və ortaq dəyərlərimiz haqqında məlumatlardan, mülahizələrdən, yaradıcılıq örnəklərindən ibarətdir. Onu da deməyi özümə borc bilirəm ki, imza mərasiminin “Özbəkistanda Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri” çərçivəsində, Azərbaycanın və Özbəkistanın dəyərli ziyalıları, yaradıcı insanları və tələbə-gənclərin iştirakı ilə keçirilməsi mənim üçün xüsusilə xoşdur. İnanıram ki, bugünkü təqdimat və imza mərasimi yeni əlaqələrin təsisinə vəsilə olacaq”, - deyə Milli Məclisin Mədəniyyət komitəsinin sədri bildirib.
Sonra Qənirə Paşayeva həmmüəllifi, müəllifi, layihə rəhbəri olduğu kitablarını oxucular üçün imzalayıb, öz ürək sözlərini yazıb.
“Nə? Harada? Nə zaman?” 77 komanda ilə starta çıxıb
Yeni Azərbaycan Partiyasının (YAP) təsis edilməsinin 30 illiyinə həsr olunmuş “Nə? Harada? Nə zaman?” intellektual oyununa start verilib. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına YAP-dan məlumat verilib.
“Azərbaycan İntellektual Klublar Assosiasiyası” İctimai Birliyi ilə əməkdaşlıq çərçivəsində YAP yerli təşkilatlarını və Gənclər Birliyini təmsil edən 77 komandanın iştirakı ilə keçirilən intellektual oyunun seçmə mərhələsi üzrə yarışlar Bakı, Quba, Şəki, Şəmkir, Ağcabədi, Masallı və Göyçayda təşkil olunub.
Komandaları ümumilikdə təmsil edən 616 nəfər gənc Heydər Əliyevin həyat və fəaliyyəti, Yeni Azərbaycan Partiyasının 30 illik tarixi, 44 günlük Vətən müharibəsində qazanılmış tarixi qələbə və ölkəmizin müasir tarixində baş verən mühüm hadisələrlə əlaqədar sualları cavablandırıblar.
Hər qrup üzrə 3 qalib komanda (ümumilikdə 21 komanda) 6 noyabr tarixində Gülüstan Sarayında keçiriləcək final mərhələsində I-III yerlər üzrə mübarizə aparacaqlar.
Ərəb mediası Şuşada “Dədə Qorqud Türk Dünyası Film Festivalı” keçiriləcəyi barədə xəbəri yayımlayıb
Əlcəzairin “Əl Hərir” və ərəb ölkələrinin vahid “Tourismnews” portallarında Şuşada “Dədə Qorqud Türk Dünyası Film Festivalı” keçiriləcəyi barədə AzərTAC-ın xəbəri yayımlanıb.
Xəbərdə qeyd olunub ki, festivalın Şuşada keçiriləcəyi barədə məlumat verən Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Ahmet Misbah Demircan tədbirin təşkilində məqsədin ortaq film istehsalı və türk respublikalarının nazirlərinin bir araya gəlməsi olduğunu deyib.
Ərəbdilli oxucuların diqqətinə çatdırılıb ki, festivalda Azərbaycandan 22, Özbəkistandan 43, Qırğızıstandan 23, Qazaxıstandan 21, Türkmənistandan 5 və muxtar respublikalardan 17 kino mütəxəssisi iştirak edəcək.
Tədbirə, həmçinin türk kino sənayesinin tanınmış prodüserləri, rejissorları, ssenaristləri və aktyorlarından ibarət 200-ə yaxın qonaq dəvət olunub.