
Super User
Fuad Axundovun iki yaradıcılıq görüşü keçirildi
Elə insanlar var ki, onları canlı ensiklopediya adlandırırlar. Belələrini saatlarca dinləyərsən, yorulmarsan, çox vacib məlumatlar əldə edərsən. Belə insanlardan biri də tarixçi, televiziya aparıcısı və bələdçi Fuad Axundovdur.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, martın 8-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası nəzdindəki Opera Studiyasında tarixçi, televiziya aparıcısı və bələdçi Fuad Axundovun iki yaradıcılıq görüşü təşkil edilmişdi. Hər iki görüş Beynəlxalq Qadınlar Gününə həsr edilmişdi.
1-ci görüş
“Məktəblilər üçün Bakının tarixi: Azərbaycanın yeddi ilk qaranquşu” mövzusuna həsr edilən birinci görüş saat 12:00-də baş tutdu. Gənc iştirakçılar müxtəlif sahələrdə böyük müvəffəqiyyətlər qazanmış ilk azərbaycanlı qadın pianoçu, rəssam, opera ifaçısı, balerina, heykəltəraş, aktrisa və kino rejissorunun həyat tarixi haqqında məlumat aldılar.
2-ci görüş
Saat 20.00-də başlanan “Köhnə Bakının birinci xanımları” adlı ikinci tədbir isə inqilabdan əvvəlki Bakı elitasının nümayəndələrinin həyat yoldaşlarının dramatik talelərinə həsr edilmişdi.
8 Mart gününün ruhuna tam uyğun bir tədbir baş tutdu. Ən azından, çoxumuzun əsla tanımadığımız, yaxud lap az tanıdığımız xanımlar barədə bilgilər aldıq.
“Ədəbiyyat və incəsənət”
(09.03.2023)
“Ağ kölgə” - Yusif Alper Oyar
“Dərgi içində dərgi” bölməsində Türkiyədə çıxan “Gənc ürəklər” dərgisindən sizlərə Humay Yılmazın çevirimində Yusif Alper Oyarın “Ağ kölgə” hekayəsini təqdim edəcəyik. Mavi köynəkli uşağın sirli-sehirli əhvalatı, düşünürük ki, sizi maraqlandıracaq.
İki-üç yaşlarında şirin bir qızcığaz külək olmadığı üçün gül şəkilli fırlanğıcını barmaqları ilə hərəkətə gətirirdi. Üzünə qonan sevinc ifadəsi bir saniyə çəkirdi, fırlanğıc fırlanıb dayanan kimi sevinci təkrar yaşamaq üçün onu yenidən hərləyirdi. Günəşin batmasına az qalsa da, qızın yaşadığı yaşıl şəhərdə Egeyin iyul istisi yandırıb-yaxırdı və fırlanğıcı hərəkətə gətirəcək külək o yana qalsın, nəfəs almağa hava çatmırdı.
Hər kəsin günün sonundakı ortaq təlaşlarından olan dondurma üsyanı başlayırdı. Kilo ilə evə almaq, yoxsa vaflili dondurma seçimləri müxtəlif insanları müxtəlif cür mübahisələrə sövq edir, sonda kompromisə gəlməyə çalışırdılar. Qızcığaz vaflili dondurmanı seçmişdi artıq. Uşaqlarını gəzdirməyə çıxara şəhər əhalisi mümkün qədər açıq havada qalmağa çalışırdı. Gənc bir oğlan öz aləmində idi, yəqin ki, evlənib ata olunca anlayacaqdı yan-yörəsindəkiləri, darıxırdı, saçlarının dağılıb-dağılmamağını bilmək üçün əlini tərli saçlarına çəkdi, həyatına yeni yol açacaq vidanın astanasında hiss edirdi özünü. Şirin qızcığaz oturacaqdan enib ördək yerişilə addımlamağa başlayanda gənc oğlan bir daha saatına, sonra göyə baxdı. Günəşin parlaq işığını gözlərinə toplamaq istəyirdi elə bil. Həyat – uzağı uzaq bilməklə gözəldir.
Avtobusun burnu avtovağzala girincə oğlan həmişəki kimi həyəcanlandı. Tez evə gedib yatmaq istəyirdi. Evə çatıb filmlərdə gördüyü yatağa atılma səhnəsini ifa edərək, tərs şəkildə yatağına sərildi. On-on beş dəqiqə sonra özünə gəlib telefonunu cərəyana keçirdi və günlərlə yatmamış kimi dərin yuxuya getdi. Yol yorğunu idi, ona görə yuxuya getməyi asan oldu. Yuxuda nə gördüyü sizin üçün maraqlıdırsa, bu sirri açmağa heç niyyətimiz yoxdur. Adətən, o da yuxuda gördüklərini xatırlamırdı. Xatırlayanda da qarşısındakının “xeyir olsun” ifadəsini eşidəndən sonra danışmağa başlayırdı. Oğlan yuxuların tilsiminə inanırdı.
Səhər yuxunun təsirindən uzaqlaşmamış yuxusunu yozmağa çalışırdı. Uzun-uzadı cümlələr qurmağa həvəsli deyildi, bir çığırtı ilə ifadə etmək istəyirdi, amma bunun bədbəxtlik gətirə biləcəyindən qorxurdu. Nigaranlığı on-on beş dəqiqə çəkirdi. Həyat qayğıları başını qarışdırır, yuxunun dərinliyinə getməyi unutdururdu.
Bir gün oğlan sübh namazından bir saat əvvəl qışqıraraq yuxudan hövlnak oyandı. Yuxusunu bütün incəliyilə xatırlayırdı. Yuxusunda gördüyü yer tanış məkana bənzəyirdi, amma burada heç qarşılaşmadığı bir şeylə qarşılaşmışdı: ağ kölgə... Elə bir kölgə ki, özünü izləmir, oğlanın getdiyi hər yerdə onu qayğıkeşliklə, bir az da qəmgin qarşılayırdı. İlk dəfə qədim binaların arasında dolaşarkən məscidin qarşısında görmüşdü ağ kölgəni. Kölgənin hüzurunda bir rahatlıq hiss etmiş, ağ kölgəni təcəssüm etdirə bilmədiyi halda həyatına uyğun bir hekayə sezmişdi.
Yuxuda məkanlar tez-tez dəyişirdi, həsir döşəkçənin üzərində oturduğu halda, az sonra dar küçədə nəfəssiz qaldığını hiss etdi, qarışıq kaman səsi əbəs yerə hüznünü dağıtmağa cəhd edirdi. Ağ kölgə qəmginliyini buraxıb şəfqətlə oğlana yanaşdı, oğlan quş civiltiləri arasında ceyranın məsum baxışları ilə qarşılaşdı. Ağ kölgə sonuncu dəfə bürcün başından oğlanla danışmağa başladı. Oğlan qala bürcünə çıxa bilmədiyi üçün kölgə narazılıqla onu bir gölün sahilinə çağırdı. Gölün qoxusu oğlanın burnuna xoş gəldi, gözünə oymalı taxta çəpər görünməyə başlayanda yuxudan oyandı. Gün boyu həyatına bənzəyən yuxunu fikirləşdi. Hiss etdi ki, bu yuxu hələm-hələm yadından çıxmayacaq, amma artıq çığırtıların bədbəxtlik gətirə biləcəyindən qorxmurdu.
Üzündən zəhrimar yağan bir nənə və mavi köynəkli uşaq məzarlıqda dolaşıq addımlarla irəliləyirdi. Qəbiristanın çıxışında gənc oğlan uşağın baxışlarıyla toqquşdu. Nənə dəcəllik edən uşağı söyüb başına bir qapaz ilişdirdi. Oğlan bayaqdan onlara baxırdı, yaşlı qadının uşaqla rəftarı ürəyini ağrıtdı, müdaxilə etmək istədi, lakin yanındakı yoldaşı mane oldu.
İki saat sonra ikindi namazı qılmaq üçün məscidə gedəndə yenə də mavi köynəkli uşağa rast gəldi. Bu dəfə qaramat sifətli nənəsi yanında yox idi və uşaq bu fürsəti layiqincə dəyərləndirməyə çalışaraq, məscidin bu başından o başına qaçırdı. Qəribədir ki, uşaq qaçdığı halda oğlan onun gözlərini görə bilirdi. Oğlan hələ heyrətdə ikən məscidi bəzəyən çinilərin naxışlarının rəngarəng alovlarla məscidin içərisinə axdığını gördü. Hafizin "Duxan" surəsinin iyirmi üçüncü ayəsindən sonra qiraətin müşayiətilə rəngli alovlar bütövləşir, məscidin içərisinə televizorlarda göstərilildiyi kimi tüstü ilə dolmurdu, əksinə ortalığa aydınlıq çökürdü.
Oğlan hafizin qiraətini sona qədər dinlədi. Anidən döş qəfəsində kəskin ağrı başladı. Başını döndərə bilmir və bundan təlaşlanırdı. Ağ kölgəni məscidin qapısının ağzında görə biləcəyinə ümid edib çıxışa sarı qaçdı. Qapını açar-açmaz eşitdiyi “xoş gəldin” kəlməsindən sonra başı dönməyə başladı və ürəklənib:”Xoş gördük”, – dedi.
“Ədəbiyyat və incəsənət”
(09.03.2023)
Musiqili Teatrda “Premyeralar paradı” davam edir
Xəbər verdiyimiz kimi, Azərbaycan Dövlət Akademik Musiqili Teatrı milli teatrımızın yaranmasının 150 illiyi münasibətilə “Premyeralar paradı” layihəsi çərçivəsində üç yeni tamaşa təqdim etməyi planlaşdırmışdı. Layihə çərçivəsində təqdim olunacaq “Nəğməmə inan"ın premyerası ötən gün baş tutdu. Premyera barədə ayrıva yazı dərc edəcəyik. Rus dilində olan tamaşa martın 11-də təkrar nümayiş olunacaq.
Xalq artisti, görkəmli bəstəkar Polad Bülbüloğlunun musiqiləri əsasında hazırlanan “Nəğməmə inan” tamaşasının quruluşçu rejissoru teatrın baş rejissoru Cavid İmamverdiyev, quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Vüsal Rəhim, quruluşçu baletmeysteri Əməkdar artist Nigar Şahmuradova, xormeysteri Əməkdar artist Vaqif Məstanovdur. Komediya janrında hazırlanan tamaşa aaf sevgi hisslərinin tərənnümünə həsr edilib.
Bu gün - martın 9-da "Kimyagər (Azərbaycan dilində), 10-da isə “Anamın kitabı” (ingiliscə) nümayiş olunacaq. Tamaşalar axşam saat 19:00-da başlayacaq.
“Kimyagər” tamaşası görkəmli dramaturq Mirzə Fətəli Axundzadənin “Hekayəti-Molla İbrahimxəlil kimyagər” əsəri əsasında hazırlanıb. Tamaşanın musiqisi Xalq artisti, bəstəkar Səyavuş Kərimiyə məxsusdur. Əməkdar incəsənət xadimi Bəhram Osmanovun quruluşunda səhnəyə qoyulan bu tamaşanın ikinci rejissoru Elməddin Dadaşov, quruluşçu rəssamı Sevinc Həsənova, xormeysteri Əməkdar artist Vaqıf Məstanov, rejissor assistenti Tamilla Aslanovadır.
Musiqili Teatrda Mədəniyyət Nazirliyinin layihəsi olan “Anamın kitabı" tamaşası isə Azərbaycan dramaturgiyasının klassik nümunələrindən olan Cəlil Məmmədquluzadənin "Anamın kitabı" əsəri əsasında hazırlanıb. Səhnə əsərinin quruluşçu rejissoru İradə Gözəlova, tərcümə edəni Tərlan Rəsulov, quruluşçu rəssamı Vüsal Rəhim, videomühəndisi Murad Həsənovdur. Döyüş səhnələrinin və rəqslərin quruluşu Xalq artisti Pərviz Məmmədrzayev və rejissor Zaur Əliyevə aiddir.
Biletləri şəhərin bütün mərkəzləşdirilmiş kassalarından, “ASAN xidmət” mərkəzlərindən, eləcə də “İticket.az” saytından əldə etmək mümkündür.
“Ədəbiyyat və incəsənət”
(09.03.2023)
Hər şey barədə əvvəlcədən razılaşın - Uorren Baffetdən 13 Uğur qazanmaq qaydası
Professor Əlibala Məhərrəmzadə “Ev tapşırığı: Uğur düsturunu tapacağıq” layihəsini sizlərə təqdim edir. Bu dəfəki mövzumuz böyük uğrlar sərgiləmiş Uorren Baffetin uğur qazanmaq qaydalarıdır. Qaydalar 13-dür. Hər buraxılışımızda sizlərə 1 yeni qayda verərək əvvəlkiləri də təkrarən saxlayırıq ki, biliyiniz daha təkmil və mükəmməl olsun.
Beləliklə 6-cı qayda.
Hər şey barədə əvvəlcədən razılaşın
«İstənilən işi başlayanda dərhal maliyyə məsələsində razılaşın. Bunu etməsəniz, böyük ehtimalla siz aldadılacaqsınız. Bu dərsi mən yeniyetməlik vaxtımda əxz eləmişəm. Necəsə, mənim babam məndən və dostumdan mağazasını təmizləməyi xahiş etmişdi. Biz 5 saat ərzində süpürgələrlə işlədik, yeşikləri daşıdıq. İş qurtaranda babam bizim ikimizə cəmi 90 sent ödədi. Həmin anda şəraitin ədalətsizliyindən mən çox sarsılmışdım».
Əvvəlki qaydalar bunlar idi:
Unutmayın – həmişə özünə investisiya qoymaq lazımdır!
«Hər gün öz xarakterinzin zəif cəhətləri üzərində çalışın, onları daha yaxşı edin, öz qabiliyyət və bacarıqlarınızı inkişaf etdirin. Özünə investisiya qoymaq həmişə universitetlərə təhsil haqqı ödəmək anlamında deyil. Mənim iki diplomum var, amma mən onları çərçivəyə salıb divardan asmıram. Mən hətta bilmirəm ki, onları hara qoymuşam».
«Yox!» deməyi öyrənin
«Siz «yox» deməyi öyrənməsəniz, heç vaxt öz zamanınızı tam olaraq idarə edə, ona nəzarət edə bilməyəcəksiniz».
Heç vaxt başqalarına qulaq asmayın
«Çalışın, başqalarının düşüncəsinə əsaslanan qərar qəbul etməyəsiniz. Karyeramın əvvəlində mənə yalnız uğursuzluq vəd edirdilər. Hətta mən investorlardan 100 min dollar toplamağı bacaranda da həmin şəxslərin fikirləri dəyişməmişdi. Təsəvvür edin, 10 ildən sonra bu pullar mənə 100 milyon dollar gətirəndə onların sifətlərinin ifadələri nə cür oldu.
Özünüzə yalnız öz daxili şkalanız ilə qiymət verin!»
Cəld və məhsuldar hərəkət edin
«Qərarı çox uzadıb çox düşünməyin. Həmişə çalışın, hər şeyin məğzini cəld, zamanında anlayasınız. Sonradan başa düşəcəksiniz ki, bu, pul qazanmağın yeganə vasitəsidir».
Çalışın, öz gəlirlərinizi təkrar investisiyaya qoyasınız
«Öz ilk biznesinizlə qazandığınız pulu çalışın xərcləməyəsiniz, işin inkişafına qoyasınız. Haçansa mən dostumla bərbərxanada oyun avtomatı quraşdırıb bir qədər pul qazanmışdım. Amma bu pulu digər yeniyetmələr kimi xərcləmədik, dövriyyəyə buraxdıq. Nəticədə, 26 yaşda artıq mənim 1,4 milyon dollarım var idi».
7-ci qayda “Ən xırda şeylərə belə diqqət edin və onlardan öz maraqlarınız üçün istifadə eləyin” olacaq.
“Ədəbiyyat və incəsənət”
(09.03.2023)
Bu gün Xətai Sənət Mərkəzində “Hisslər və rəsmlər” sərgisi açılacaq
Bu gün Xətai Sənət Mərkəzində “Hisslər və rəsmlər” adlı təsviri sənət sərgisi açılacaq.
Mərkəzdən verilən məlumata görə, sərgi Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə gerçəkləşəcək.
Sərgi həvəskar rəssamlar və rəssamlığı ikinci peşə sayanların yaradıcılıqlarını stimullaşdırmaqla bərabər, ümumən təsviri sənət nümunələrinə ictimai marağın artırılmasına xidmət etmək məqsədi daşıyır. Əsəri seçilmiş müəlliflərə sertifikat təqdim olunacaq. Tamaşaçıların seçdiyi ən yaxşı əsərin müəllifi də hədiyyə ilə təltif olunacaq.
“Ədəbiyyat və incəsənət”
(09.03.2023)
“Mərmər soyuğu” filmi Fransada 3 mükafat qazanıb
Fransanın Vesoul şəhərində 29-cu Asiya Filmləri Beynəlxalq Festivalının (Festival International des Cinémas d'Asie) mükafatlandırma mərasimi keçirilib. Festival Azərbaycan kinosuna uğur qazandırıb. Təfsilatı xəbərdə.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Azərbaycanfilm” kinostudiyası, İctimai Televiziya, Bakı Media Mərkəzi və Fransanın “Arizona Films” şirkətlərinin birgə istehsalı olan “Mərmər soyuğu” tammetrajlı bədii filmi festivalın 3 mükafatına layiq görülüb: Beynəlxalq Jürinin Böyük Mükafatı, NETPAC Jürisinin mükafatı və Marc Haaz jüri mükafatlarıdır. Festivalda filmi rejissor Asif Rüstəmov təmsil edir.
Uğursuz rəssam və sevgilisinin qarışıq münasibətlərindən bəhs edən filmdə həbsdən evə qayıdan ata oğlunun həyatına müdaxilə etməyə çalışır.
Filmin baş prodüseri Arzu Əliyeva, ssenari müəllifləri Asif Rüstəmov və holland həmkarı Roelof Jan Minneboo, rejissoru Asif Rüstəmov, quruluşçu operatorları Oktay Namazov və Adil Abbasov, quruluşçu rəssamı isə Rafiq Nəsirovdur. Prodüserlər Fariz Əhmədov, Orman Əliyev və Guillaume de Seille, kreativ prodüser isə İradə Bağırzadədir. Baş rollarda Elşən Əsgərov, Natəvan Abbaslı və Xalq artisti Qurban İsmayılov çəkiliblər.
Qeyd edək ki, filmin festival marşrutu mart ayı ərzində davam edəcək. “Mərmər soyuğu” 16-31 mart tarixlərində Bolqarıstanın paytaxtı Sofiya şəhərində keçiriləcək 27-ci Sofiya Beynəlxalq Film Festivalının beynəlxalq müsabiqə proqramında yarışacaq.
“Mərmər soyuğu” filmi dünya premyerasını 2022-ci ilin noyabr ayında PÖFF Tallin Qara Gecələr Film Festivalında edib. Festivalın əsas müsabiqə proqramında “Ən yaxşı aktyor” (Qurban İsmayılov) mükafatına layiq görülüb. 2022-ci ildə “Mərmər soyuğu” Hindistanın Qoa şəhərində keçirilən 53-cü Hindistan Beynəlxalq Film Festivalının əsas proqramında və 16-cı Avrasiya Beynəlxalq Film Festivalında da iştirak edib. Sonuncu festivalda film “Ən yaxşı rejissor” (Asif Rüstəmov) mükafatına layiq görülüb.
“Ədəbiyyat və incəsənət”
(09.03.2023)
“Şair tanrı tərəfindən ona yazılan hər bir yazını bir qəza-qədər olaraq qəbul edir...” - güneyli tənqidçi Hümmət Şahbazi
“Ədəbiyyat və incəsənət” portalının sevilən “Güneydən gələn səslər” rubrikasında portalımızın Güney Azərbaycan təmsilçiləri Əli Çağla və Vida Heşməti oxucularımızı güneyli yazarlarımızla hər həftə tanış edirlər. Bu dəfə sizlərə Hümmət Şahbazinin ədəbi tənqidə aid məqaləsi təqdim edilir.
Hümmət Şahbazi - Şair, yazar, ədəbiyyatşünas kimi tanınmış Hümmət Şahbazi 1971-ci ildə Muğanın Üngüt mahalının Nəriman kəndində anadan olmuşdur. Şeir və ədəbiyyata 16 yaşından marağını göstərmişdir. Onun “Azərbaycan çağdaş şeirinin tənqidi”,”Hekayənin imkanları”, “Modernitə və modernlik”, “Postmodernizmin durumu” kimi kitabları çap olunmuşdur.
Onun məqalələri, tərcümə etdiyi kitablar da nəşr edilmişdir.
Şeirimizdə tanrının halları
Fridrix Nitsşe «Tanrını öldürür». «Tanrının ölümü» ilə «İnsanın dirilməsi»-nə imza atır. Beləliklə, yer üzü tanrısız qalmır, bu dəfə, «insan» tanrı olur. Demək «insan» yeni əsrin həyat fəlsəfəsinə çevrilirdi. Bunun nümunəvi fəlsəfəsini böyük miqyasda «var-oluşculuq» [egzistansiyalizm] da görürük. Bu axımın düşüncəsində insan hətta özündən öncəki fəlsəfədə ən zirvələrdə duran «Tanrı» anlayışıından da yüksəklərə ucalır. Bu, Nitsşenin anlayışında fövqəl-insan (üst-insan) adlanırdı.
Qəza-qədərçi məzmunlu şeirlərimiz daha çox divan şeirindəözünü göstərir. Bu kimi şeirlərin başında «Tanrı» anlayışı durur. Divan şeirində, bugünkü ortalıq anlayışda olduğu kimi, hər bir şey taleyi, tanrıya bağlı qəza-qədərçiliklə
dəyərləndirmə aktuallıq daşıyır.
Tanrıya müraciət etmək dörd istiqamətdə nəticələnir şeirimizdə ümumiyətlə:
A) Tanrı ilə barışmaq
B) Tanrıdan asılı olmaq
C) Tanrıya qəzəblənmək
D) Tanrıya üsyan.
Ara vermədən deyim ki, ilk iki xüsusiyyət ümumiyətlə divan şeirinə aiddir. Hərçənd onun çalarlarını yeni çağ şeirimizdə də görürük. Üçüncü və dördüncü keyfiyyət isə, daha çox yeni çağ şeirimizdə özünü göstərir. Yeni çağda tanrıya qəzəblənmə məsələsi, tanrıdan üz döndərmə məsələsi ilə əvəz olunur. Nəticədə isə «tanrıya üsyan» məsələsi yaranır və «tanrı ilə barışmaq» məsələsi qəza qədərçi anlayışla eyni qapıya çıxır. Bunun əsas motivini insanların əlacsız qalaraq, tanrı qapısına gedib onunla tamami ilə barışmaq təşkil edir. Poetik
nümunələr buna göstərmək istəriksə, divan şeirində olan «münacat»ları göstərə bilərik. Bu kimi janrlarda, şair əlacsız qaldığı məqamı duyduqda sanki tanrı tərəfindən ona yazılan hər bir yazını bir qəza-qədər olaraq qəbul edir və bununla
tanrı ilə barışığa çıxır.
İkinci məsələ isə: Sofizmdə özünü göstərir. Sofilər, hər bir şeyi tanrıdan asılı bilirlər. İnsana aid olan dərd-kədər, həyat-ölüm, qüssə-şən, və... Tanrının bəxş etdiyi gözəlliklərdir. Doğru oxudunuz: Gözəlliklər. Bu məqamda, dərd, ölüm, kədər kimi üzücü hallar insan üçün xoş anlardır. Naqis insan, tanrıdan asılı olan bu sınaqlardan uğurcasına keçdikdə «kamil insan» olur. Bu isə insanın tanrısal məqamı deməkdir. Tanrısal məqam isə, insanı tanrıdan asılı edir. Tanrıya qəzəblənmək isə, şeirimizin bütün hallarında özünü göstərir. Tanrıya asılı
olduqda, hər şey şirindir. Ona görə tanrıya şikayətlənmə yoxdur. Tanrıya qəzəblənmək isə kökü şikayətlənmə ilə başlayır. Özünü yalqız görən, mənəvi tənhalıqda heç bir nəticə ala bilməyən insan, ya özünü qınayır ya da tanrını. Bunların hər ikisinin çıxış yolu isə tanrıya qəzəblənmə ilə nəticələnir. Bu
hallar bəzən yalvarışlı münacatlarda, bəzən zarıltılı sofizmdə, bəzən dünyanın gedişatından narazı qalan bunların hər ikisində və hətta tanrıya üsyan zamanında baş verir.
Tanrıya üsyan etmək isə, ümumiyətlə «aydınlanma» dönəmindən başlayaraq daha çox real faktları məniməsəyərək özünü göstərir. Bu dönəmdə insan nə özünə qapılır, nə yalvarır, nə də qəzəblənir. Sadəcə özünü haqlı bilərək
mövhümatı kanara vurur; və real faktlar üzərində davranmağa çalışır. Bu isə onu çox zamanda tanrının həyatda rolu olmadığı nəticəsinə gətirib çıxarır. Bu, onun dünyaya obyektiv baxışından irəli gəlirdi. Beləliklə dünyanı yenidən qurmaq məqsədi ilə, bütün tarix boyu kökləndiyi özül inancları sındırmağa qəsd etdiyi anda, tanrıya olan özül inancı da sarsıtmağa başladı.
İxtisarla divan-çağdaş şeirimizin dünya görüşlərinin fərqlərini səsləndirmək istəsək belə bir ümumi nəticəyə çata bilərik:
Dünyanı fani sanan şairin son sığınacaq yeri tanrıya üz tutmaqdır. Belə olmadıqda onun əhvalını yalnız ümidsizlik çulğayaraq fərdi duyğularının içinə yuvarlanacaqdır. Bu əski şeir düşüncəsinin özəyi sayılırdı. Dünyanı, həyatı fani sanmaq, ona görə də yalnız tanrının ətəyindən yapışmaq. Çağdaş dönəmdə də xüsusi ilə modernizmin bəzi qollarında səslənən mənəviyyatsızlıq ön sıraya keçir. Ancaq onlar bu bucaqdan həyatı, dünyanı fani bilmirdilər. Elə bu mövqelərinə görə də insanın mənəvi həyatının çökməsinin carçısı olaraq
yaşatmaq istəyirdilər. Daha doğrusu, insana maddi həyatın gərəkli olmasını vurğuladıqları halda, mənəvi həyatın da insan bütövlüyünün yetkinləşməsində önəmli rolu olduğunu da vurğulayırdılar.
Qeyd: Orfoqrafiyaya toxunulmamışdır.
“Ədəbiyyat və incəsənət”
(09.03.2023)
“Nəfəs” Amerikada, “Çılpaq" Estoniyada
Azərbaycan kinosu sərhədlər aşmaqdadır. “Ədəbiyyat və incəsənət”in növbəti xəbəri iki filmimizin beynəlxalq nümayişi barədədir. “Nəfəs” filmi Amerikada, “Çılpaq" fiımi isə Estoniyada nümayiş olunub.
Gəlin öncə kinodramaturq Ülviyyə Heydərovanın bu açıqlamasına diqqət edək:
-Böyük qürur hissi ilə kinorejissor Elmar Bayramovla uğurumuzu sizinlə bölüşürük. Amerikada yaşayan kinorejissor Elmar Bayramovla həmmüəllifi olduğum "Nəfəs" tammetrajlı bədii filmi nəhayət böyük ekrana çıxdı. Film ilk dəfə Nyu-Yorkun qədim "Village East by Angelika" kinoteatrında Diasporla İş üzrə Dövlət Komitəsinin, Heydər Əliyev Fondunun dəstəyi ilə nümayiş etdirildi. Ekran əsəri vaxtilə müharibədə əsir düşmüş, işğaldan azad olunmuş kəndinə çox illər sonra qayıdan, hər daşı, suyu, torpağı, ağacı ona bütün keçmişini xatırladan insandan bəhs edir. "Nəfəs" müharibədə əsir düşmüş insanların əziz xatirəsinə ithaf olunub.
Qeyd edək ki, bu ekran əsərinin quruluşçu rejissoru və prodüseri Elmar Bayramov, ssenari müəllifi Ülviyyə Heydərova, Elmar Bayramov, təsvir rejissoru Ruslan Ağazadədir. "Nəfəs" filmində Vüsal Hacıqədir, Rasim Cəfər, Tural Əhməd, Günay Əhməd çəkiliblər.
İndi isə gəlin Nyu-Yorkdan Estoniyanın paytaxtı Tallin şəhərinə adlayaq. Orada Baltik Film Akademiyasının (BFA) Supernova zalında azərbaycanlı rejissor Hikmət Rəhimovun "Çılpaq" filmi nümayiş olunub. Rejissor Hikmət Rəhimovun açıqlamasına görə, nümayişdə BFA-nın tələbə və müəllim heyəti, mədəniyyət sahəsinin nümayəndələri və kinosevərlər, Estoniyada yaşayan azərbaycanlılar iştirak ediblər.
BFA-nın layihə rəhbəri Elaro Lend və Supernova zalın kuratoru Jaak Lohmus qonaqları salamlayaraq, filmin Estoniyada nümayişini mühüm hadisə kimi dəyərləndiriblər. Qeyd olunub ki, belə təqdimatlar nümayişlər həm də xalqların bir-birini tanımasına dəstək olur və mədəniyyətləri yaxınlaşdırır.
Sonra filmin Estoniyada nümayişini təşkil edən Karyera Təhsil Akademiyasının həmsədrləri Sənəm Əliyeva və Kadir Tanış ekran əsəri barədə məlumat veriblər. Filmin rejissoru Hikmət Rəhimov film barədə fikirlərini bildirərək bu günə qədər bu ekran əsərinin Kann, İstanbul və Praqa film festivallarında yüksək mükafatlara layiq görüldüyünü diqqətə çatdırıb.
Tədbirdə filmin rejissoru iştirakçıların suallarını da cavablandırıb.
Qeyd edək ki, İctimai Televiziyanın məhsulu olan “Çılpaq" filminin nümayişi İctimai TV, Karyera Təhsil Akademiyası və BFA-nın işbirliyi ilə "Kino sənəti birləşdirir və öyrədir" layihəsi çərçivəsində göstərilib.
“Ədəbiyyat və incəsənət” portalı sizə milli kinomuz barədə 2 sevindirici xəbəri çatdırdı. Amma bu hələ hamısı deyil. Daha möhtəşəm xəbəri isə Fransadan almışıq.
Fransanın Vesoul şəhərində 29-cu Asiya Filmləri Beynəlxalq Festivalının (Festival International des Cinémas d'Asie) mükafatlandırma mərasimi keçirilib. Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Azərbaycanfilm” kinostudiyası, İctimai Televiziya, Bakı Media Mərkəzi və Fransanın “Arizona Films” şirkətlərinin birgə istehsalı olan “Mərmər soyuğu” tammetrajlı bədii filmi birdən-birə festivalın 3 mükafatına layiq görülüb. Təfsilatı növbəti xəbərlərdə olacaq.
“Ədəbiyyat və incəsənət”
(09.03.2023)
Zurab Pataradzenin azərbaycanca gözəl çıxışı, parıltılı Jeep, bir də sevincli simalar
“Azeri Business Award 2022” mükafatının təqdimat mərasimi keçirildi
Dünyanın ayrı-ayrı ölkələrində biznes uğurlarının ilbəil monitorinqi aparılır, uğurlu şirkətlər mükafatlandırılır, partnyorluq əlaqələri genişlənir, beynəlxalq sferaya çıxışa təkan verilir. Məsələn, baş ofisi Brüsseldə yerləşən Euromarket, baş ofisi Madriddə yerləşən BİD kimi mükafatlandırma şirkətləri var ki, onlar da beynəlxalq miqyasda uğurlara qiymət verirlər. Nə yaxşı ki, bizim Azərbaycanımızda da biznesdə uğur qazananları mükafatlandırma mərasimləri keçirilir. Düz 12 ildir ki, ölkəmizdə ilin yekunlarına görə “Azeri Business Award” milli mükafatları təqdim olunur. “Ədəbiyyat və incəsənət” portalının növbəti reportajı növbəti belə təqdimat barədədir.
“Buta Palace” sarayında biznes sahəsində 2022-ci ilin yekunları üzrə “Azeri Business Award” milli mükafatının təqdimat mərasimi yenə də bol ovasiya ilə, xoş ovqatla keçirildi.
Möhtəşəm tədbirdə Azərbaycanda akkreditə olunan diplomatik korpusun təmsilçiləri, o cümlədən Gürcüstan, Moldova, Belçika və Rumıniyanın səfirləri, dövlət qurumlarının, aparıcı şirkətlərin nümayəndələri, yüksək səviyyəli menecerlər, iqtisadiyyatın müxtəlif sahələrinin təmsilçiləri və KİV nümayəndələri iştirak edirdilər.
Ləziz təamlı süfrələrin ətrafında əyləşmiş qonaqlar və laureatlar maraqla səhnədə baş verənləri izləməkdəydilər.
Laureatlar iqtisadiyyatın qeyri-neft sektorunun – tibb, tikinti, logistika, quşçuluq, media və digər sahələrin nümayəndələri idi. Onlar barədə az sonra.
Hələliksə onu deyək ki, “Azeri Business Award” mükafatının partnyorları ölkənin avtomobil bazarında söz sahiblərindən olan “Avtolüks Azərbaycan” MMC və “Faberlic” brendiydi, tədbirin dost şirkətləri isə “Ganja Sharab”, “Hillside”, “Kobi Sno”, “Alison’s Atelier”, “NS design”, “Bizon”, “Art Gallery by Rauf Janibekov” və “King’ Style” Tie & Parfum” idilər.
Təltifetmə mərasimindən əvvəl “Azeri Business Award” mükafatına laureat şirkətlərin mal və xidmətlərinin təqdimatı baş tutdu. Bundan başqa, “Azeri Business Award” mükafatının partnyoru “Avtolüks Azərbaycan” MMC tamamilə yenilənmiş “Jeep Grand Cherokee” avtomobilinin təqdimatını keçirdi. Elə bu yeni avtomobil modelinin gözqamaşdırıcı parıltısı atmosferində də 2022-ci ilin yekunları üzrə “Azeri Business Award” milli mükafatının təqdimatı oldu.
Ən birinci səhnəyə Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze (qapaq şəklində) dəvət olundu, o, iqtisadi və ticari əlaqələrin inkişafına verdiyi töhfəyə görə əsas mükafata layiq görüldu. Cənab Pataradzenin azərbaycanca çıxışı çox bəyənildi və bol qlqışlar aldı.
“Qranit QP” şirkətinin rəhbəri Rübabə Mürşüdovaya dağ-mədən sahəsində ilin iş adamı mükafatı verildi. Plastik və estetik cərrah Günel Bayramlı plastik-estetik cərrahiyyə sahəsində əldə etdiyi yüksək nəticələrə görə təltif olundu. “Camal LTD”nin “Iceland” brendi dondurma istehsalı, “SƏBA” ASC ilin quşçuluq şirkəti, “Biləsuvar Aqro” süd məhsulları və kərə yağı istehsalı, “FAB Boya və Kimya Sənayesi” ilin keyfiyyətli boya istehsalçısı, “Crystal Beton” ilin beton istehsalçısı elan edilərək mükafata layiq görüldülər.
Həmçinin Milli İdman Tibb və Reabilitasiya Elmi-Praktiki İnstitutu (MİTRİ) tibb və reabilitasiya sahəsində əldə etdiyi yüksək nəticələrə görə təltif olundu. “Voltaj Elektrik Quraşdırma və Təmir Tikinti” keyfiyyətli tərəfdaş, “LV Caspian Limited” ilin logistika şirkəti, “ByCafeCity” restoranlar şəbəkəsi müştəri seçimi, “AZPRINT” ilin mətbəəsi, “KATV1” ilin kabel televiziyası operatoru, “İydə Perfumery” ilin parfümeri, “Bakı OTIS Lift” sərnişin və yük lift avadanlıqlarının satışı, quraşdırılması və servisi sahəsinin lideri nominasiyalarında qalib elan olundular. Azərbaycan Dövlət İnformasiya Agentliyi – AzərTAC ilin informasiya agentliyi mükafatına layiq görüldü.
“Azeri Business Award” 2022 mükafatının laureatları
Zurab Pataradze, Gürcüstanın Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri – Ticari və iqtisadi əlaqələrin inkişafına verdiyi töhfəyə görə
Rübabə Mürşüdova, “Qranit QP” şirkətinin rəhbəri – Dağ-mədən sahəsində ilin iş adamı
Günel Bayramlı, plastik və estetik cərrah – Plastik-estetik cərrahiyyəsi sahəsində əldə etdiyi yüksək nəticələrə görə
Camal LTD, “İceland” brendi – Dondurma istehsalı sahəsinin lideri
SƏBA ASC – İlin quşçuluq şirkəti
Biləsuvar Aqro – Süd məhsulları və kərə yağı istehsalı sahəsində ilin şirkəti
FAB Boya və Kimya Sənayesi – İlin keyfiyyətli boya istehsalçısı
Crystal Beton – İlin beton istehsalçısı
Milli İdman Tibb və Reabilitasiya Elmi-Praktiki İnstitutu (MİTRİ) – Tibb və reabilitasiya sahəsində əldə etdiyi yüksək nəticələrə görə
Voltaj Elektrik Quraşdırma və Təmir Tikinti – Keyfiyyətli tərəfdaş
LV Caspian Limited – İlin logistika şirkəti
ByCafeCity, restoranlar şəbəkəsi – Müştəri seçimi
AZPRINT – İlin mətbəəsi
KATV1 – İlin kabel televiziyası operatoru
İydə Perfumery – İlin parfümeri
Bakı OTIS Lift – Sərnişin və yük lift avadanlıqlarının satışı, quraşdırılması və servisi sahəsinin lideri
Azərtac Dövlət İnformasiya Agentliyi – İlin informasiya agentliyi
Hamı mükafatını aldıqdan və təşkilatçılara minnətdarlıq ifadə etdikdən sonra mərasim
canlı musiqinin müşayiəti ilə davam etdi.
Əməkdaşımız isə sizlər üçün “Azeri Business Award” mükafatının təsisçisi barədə arayış əldə etməklə məşğul oldu.
Demək, mükafatın təsisçisi Azərbaycanda 12 ildir uğurla fəaliyyət göstərən “Business Time” aylıq işgüzar jurnalıdır. Bu jurnal Azərbaycanda iqtisadiyyat və biznes sahəsində aparıcı dövri nəşrdir.
“Business Time” şirkətlərə çevik və müasir idarəetmə qərarlarının səmərəli tətbiq edilməsində və rəqabət qabiliyyətini artırmağın yollarının axtarışında milli biznesə yardım göstərir. Öz sahəsi üzrə aparıcı ekspertlərin cəlb edilməsi ilə yazılan informasiya və analitik materiallar vasitəsilə oxucuları ölkə iqtisadiyyatında gedən aktual və maraqlı proseslərlə tanış edir.
“Azeri Business Award” biznes sahəsində Milli mükafatın ilk təqdimat mərasimi 2009-cu ildə baş tutub və Azərbaycanda biznes sahəsində keçirilən ən nüfuzlu tədbirlərdən biri hesab olunur. O, ən yaxşı təşkilatları və şirkətləri nümunə kimi göstərir, milli biznesin yeni imicini yaradır həmçinin ölkədə işgüzar etikanın yeni standartlarının inkişafına yardım edir.
Mükafat milli biznesin yeni simasını formalaşdıran, Azərbaycan bazarının ən parlaq və dinamik iştirakçılarına təqdim edilir. Qaliblərin müəyyən edilməsində əsas amil kimi namizədlərin fəaliyyətindəki artım tempi götürülür.
Bir sözlə, çox faydalı iş görürlər.
Qalibləri təbrik edir, biznesimizə çiçəklənmə arzulayırıq.
“Ədəbiyyat və incəsənət”
(09.03.2023)
Varşavada Azərbaycan tarı barədə ustad dərsi təşkil olunub
Azərbaycanın Polşadakı səfirliyinin təşəbbüsü ilə Polşanın Frederik Şopen adına Musiqi Universitetində Azərbaycanın Əməkdar artisti Sahib Paşazadənin ustad dərsi keçirilib. Ustad dərsində sözügedən universitetin tələbə və müəllim heyəti iştirak edib.
Ölkəmizin Polşadakı səfirliyindən AzərTAC-a bildiriblər ki, S.Paşazadə iştirakçılara Azərbaycanın milli irs nümunələrindən olan tar barədə ətraflı məlumat verib, xüsusilə xalq mahnıları zamanı, muğamların ifasında tarın müşayiətinin vacibliyi barədə danışıb. İfaçı XIX əsrin II yarısında tarın quruluşuna Mirzə Sadıq Əsəd oğlu tərəfindən dəyişikliklər edilməsi, onun simlərinin sayının artırılaraq 5-dən 11-ə çatdırılması, həmçinin tarın tutma qaydasında dəyişikliklər olunaraq onun diz üstündən sinəyə qaldırılması barədə məlumat verib.
XX əsrdə daha güclü inkişaf mərhələsinə qədəm qoymuş müasir tar ifaçılığına diqqət çəkən S.Paşazadə əsası Ü.Hacıbəyov tərəfindən qoyulmuş notlu ifaçılıq məktəbində tarın texniki və bədii imkanlarının daha da artmasını qeyd edib.
Ustad sənətkar tədbir iştirakçılarını, həmçinin UNESCO-nun Qeyri-maddi mədəni irsin Reprezentativ Siyahısına daxil edilmiş Azərbaycan muğamları barədə də ətraflı məlumatlandırıb. O muğam janrları, muğam məktəbləri, muğam dəsgahları barədə maraqlı mühazirə ilə çıxış edib.
Ustad dərsi, eyni zamanda, ölkəmizin tanınmış piano ifaçısı Səidə Tağızadənin müşayiəti ilə aparılıb, Azərbaycanın klassik və xalq musiqilərindən parçaların səsləndirilməsi ilə davam etdirilib.
Sonda seminar iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
“Ədəbiyyat və incəsənət”
(09.03.2023)