Super User

Super User

 

Xəyal Rzanın “Maya” filmi Mədəniyyət və İncəsənət Universitetində təqdim olundu

 

Cəmi bir neçə gün öncə Nizami Kino Mərkəzində premyerası olan, sonra ASAN könüllülərinə təqdim edilən və dərhal səs salan “Maya” sənədli filmi günümüzdə çox aktual olan bir mövzudan bəhs edir: Qarabağ müharibəsindən. Qaçqınlıq, şəhidlik, məhrumiyyət və təhdidlər - bunlarla yanaşı sınmamaq, əyilməmək çabaları… 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi, şair Xəyal Rzanın “Maya” filminin qəhrəmanı real həyatdandır, Ağdamdan qaçqın düşən, çox erkən yaşında özündən xeyli böyük bir ərəbə ərə verilən, sonra ailəsi dağılan, oğlu müharibədə şəhid olan bir qadının monoloqudur bu film. 

Filmə sosial sifariş hədsizdir. Elə bu səbəbdən də Mədəniyyət və incəsənət Universitetində filmin növbəti təqdimatı oldu. 

Filmə baxışdan sonra yaradıcı heyət və qonaqlar çıxış etdilər. Görkəmli ssenariçi və rejissor Oktay Mir Qasım, dramaturq Əli Əmirli, publisist Zenfira Məhərrəmli, yazıçı Varis öz təəssüratlarını bölüşdülər. Çıxışları filmin qəhrəmanı - Maya xanım yekunlaşdırdı. 

Qeyd edildi ki, filmin ssenari müəllifi və rejissoru Xəyal Rzanın Birinci və İkinci Qarabağ müharibəsinin təsiri altında qalan Azərbaycan qadınının keşməkeşli həyatından bəhs etməklə cəmiyyətə ötürdüyü mesajlar sınmamaq, əyilməmək, ayaqda durmağı bacarmaqdır. 

Qeyd edək ki, əməkdaşımız filmi izləyən tələbələrdən rəy öyrəndi, təəssürat eyni idi, hamı bəyənmiş, təsirlənmişdi. 

Filmin operatoru Rafiq Əliyev, operator assistenti Kənan Fərzəliyev, montaj rejissoru Aydan Əhmədova, prodüseri Tahir Tahiroviç, bədii rəhbəri görkəmli kinorejissor, Xalq artisti Oktay Mir Qasımdır.

“Bir gün bütün bağlı qapılar açılar. Bunun üçün sadəcə dözməyin, dözüb də mübarizə aparmağın yetərlidir” deyir “Maya” filmi. Və haqqına deyir.

Sonda onu da qeyd edək ki, Xəyal Rza Mədəniyyət və İncəsənət Universitetində ikinci ali təhsilini alır, bu cür ajiotaj yaratmış filmin onun sadəcə kurs işi olmasını nəzərə alsaq, deyə bilərik ki, kinomuza yeni və uğur vəd edən bir rejissor gəlir.

 

“Ədəbiyyat və incəsənət”

(09.03.2023)

Çərşənbə axşamı, 07 Mart 2023 18:06

Türk ölkələrinin Yazarlar Birliyi yaradıldı

 

Növbəti xəbərimiz Ankaradandır. “Ədəbiyyat və incəsənət” portalı Avrasiya Yazarlar Birliyinin başqanı Yakub Öməroğludan gələn məlumata istinadla xəbər verir ki, yeni bir qurum - TÜRKSOY-a üzv ölkələrin Yazarlar Birliyi qurulub. 

 

Birliyin Başqanlığına ilk olaraq Qazaxıstan  Yazarlar Birliyi Başqanı Ulugbek Yesdaulet seçilib.

Ankarada TÜRKSOY Baş Katibliyində qurulan toplantıya Azərbaycan, Qazaxıstan,  Qırğızıstan, Özbəkistan, Türkiyə dövlətlərinin    yazarlar birliklərinin və Avrasiya Yazarlar Birliyinin başqan ve təmsilçiləri qatılmışdı. Qeyd edək ki, Azərbaycabı toplantıda Azərbaycan Yazıçılar Birliyinin katibi Səlim Babullaoğlu təmsil edirdi. 

TÜRKSOY-un Baş Katibi Sultan Raevin sədrlik etdiyi toplantıda TÜRKSOY üzvləri ölkələri Yazarlar Birliyinin quruluş müqaviləsi  imzalandı. 

Türk Dünyası üçün çox əhəmiyyətli bir projedir, xeyirli olsun!

 

“Ədəbiyyat və incəsənət”

(07.03.2023)

Çərşənbə axşamı, 07 Mart 2023 14:21

Sensasiya: ilk süni intellekt olan dövlət müşaviri

 

“Ədəbiyyat və incəsənət”in eksperti Euronews-dan aldığı bu xəbərdən tam şok oldu. Rumıniyanın baş naziri Nikolae Çuke öz yeni köməkçisini - müşavirini ictimaiyyətə təqdim edib. Adı İon olan bu müşavir tam olaraq süni intellektlə çalışır. Bu xəbər də günün ən çox oxunan xəbəridir.

 

Təəccübləndiniz, deyilmi? Əlbəttə ki, ölkəmizə təşrif buyurmuş Sofiya adlı robot xatirinizdədir. Amma Sofiya İonun yanında özünü balaca uşaq aqil insanın yanında kimdirsə o cür hiss edə bilər. 

Bu kompüter-adamın işi rumin vətəndaşlarının fikrini öyrənmək, sosial medianı analiz eləmək, cəmiyyətin əhval-ruhiyyəsini duymaq olacaq. O, nazirliyin saytında insanlarla ünsiyyət də qura biləcək. 

Bu inanılmaz hadisəyə gəlin İonu dünyaya gətirən şəxs - onun “atası” Niku Sebenin rəyi prizmasından yanaşaq. Niku Sebe Trento Universitetinin kompüter elmləri üzrə professorudur. O deyir: 

-Xəbərdə bir fakt gizlədilib. İon həm də baş nazirin məsləhətçisi funksiyasını daşıyacaq. Bəli, qürurluyuq ki, dünyada ilk dəfə botun dövlət qulluğu postu tutması bizim aktivimizə yazılıb. 

Dünya hara gedir, əzizlərimiz?

Bu arada “Ədəbiyyat və incəsənət” portalı Azərbaycandakı Ukrayna Ticarət Evinin SMM qrupunun rəhbəri, IT mütəxəssisi Nicat Seyidovun da məsələ ilə bağlı fikrini alıb. Nicat Seyidov söyləyib:

-Əlbəttə, botun baş nazirə məsləhətçi olması IT texnologiyaları inkişafının yeni mərhələsidir. Amma problematik şeylər də var: rumınlar İonun sosial medianı izləməklə cəmiyyətin əhval-ruhiyyəsini öyrənəcəyinə əmindirlər. Halbuki, cəmiyyət tam olaraq sosial mediada təmsil olunmayıb. Demək, hər şey onların düşündüyü kimi olmaya da bilər. Və mən bura bir şeyi də əlavə etmək istəyirəm. Hazırda, botların sosial şəbəkələrə spam ötürməkləri, öz fikirlərini təsdiq etmək üçün trol ordusu yaradacaqları ehtimalı da yüksəkdir. Bu isə onların obyektivliyinə xələl gətirir.

 

Şəkildə: Baş nazir İonu təqdim edərkən. (Fotonun hüquqları: Euronews)

 

“Ədəbiyyat və incəsənət”

(07.03.2023)

 

Abbas Rzayevin 69 yaşı var. Teatr, o cümlədən balet vurğunudur. Sovet dönəmində bir ayağı bizim Opera və Balet Teatrında ikən digər ayağı Moskvanın Kiçik və Böyük Teatrlarında olub. Müstəqillik dönəmimizdə isə ən böyük arzusunu həyata keçirib, gedib Milanın La Skala teatrında Verdinin “Trubadur” operasını izləyib. Deyir ki, ayın 8-də Baklda əsl bayram ab-havası duyulacaq. “Sonalar gölü” (köhnə kişilər baleti köhnə adı ilə tanıyırlar) tarixin on ən şedevr baletlərindən biridir. 

Bəli, “Ədəbiyyat və incəsənət” portalı olaraq gün ərzində sizləri agah etdik ki, sabah - Qadınlar bayramı günündə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında dahi rus bəstəkatı Pyotr Çaykovskinin “Qu gölü” baletinin tamaşası nümayiş olunacaq. İş ondadır ki, teatr hər il 8 Mart – Beynəlxalq Qadınlar Günü ərəfəsində bu tamaşanı bayram hədiyyəsi kimi təqdim edir. Amma necə deyərlər, bu həna o hənadan deyil. Aydınlıq gətirək. 

“Qu gölü”nün builki tamaşası əvvəlkilərə bənzəməyəcək. Bu dəfə Opera və Balet Teatrının rəhbərliyi Sankt-Peterburqun Mariinski Teatrının ulduzlarını Bakıya dəvət edib.

Həmin gün tamaşada prima balerina Nadejda Batoyeva (Odetta-Odilliya) və Filip Styopin (Şahzadə Ziqfrid) çıxış edəcəklər.

Mariinski Teatrının ulduzları ilə yanaşı, yerli balet truppasının aparıcı solistləri – Əməkdar artistlər Samir Səmədov, Makar Ferştandt, Anar Mikayılov, Elmira Süleymanova, həmçinin Ayan Eyvazova, Timur Oduşev, Seymur Hadıyev, Samirə Məmmədova, Kamran Qurbanov və başqaları da səhnədə olacaqlar.

Tamaşanı Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru və musiqi rəhbəri, Əməkdar artist Əyyub Quliyev idarə edəcək.

Əməkdaşımız “Qu gölü” barədə aşağıdakı bilgiləri əldə etmişdir:

Qu gölü (rus. Лебединое озеро – Lebedinoye ozero) — Pyotr Çaykovski tərəfindən 1875–1876-cı illərdə bəstələnmiş 20 opus nömrəli balet. Dörd pərdəli baletin ilk ssenarisi rus nağılı əsasında yazılmışdır. Sonda şahzadə Odetta şeytan tərəfindən qu quşuna çevirilir. İlk səhnələşdirməsinin xoreoqrafı Culus Reisincerdir. Baletin premyerası 4 mart (köhnə təqvimlə 20 fevral) 1877-ci ildə Moskvanın Bolşoy Teatrında keçirilmişdir. Balet ilkin musiqi və xoreoqrafiya əsasında bir çox balet truppaları tərəfindən müxtəlif versiyalarda səhnələşdirilmişdir. İmperator Baleti tərəfindən ilk səhnələşdirmə isə 15 yanvar 1895-ci ildə Marius Petipa və Lev İvanovun təqdimatında Sankt-Peterburqun Mariinski teatrında baş tutmuşdur. Bu səhnələşdirmə üçün Çaykovskinin qoyuluşu və Sankt-Peterburq İmperator Teatrının rəhbəri Rikkardo Driqonun təkmilləşdirilməsi ilə mümkün olmuşdur.

Və məhz tarixilik baxımından sabahkı tamaşanı məhz ilklər - Sankt-Peterburqun Mariinsk teatrı tərəfindən oynanması ona əlavə dəyər qatır.

“Ədəbiyyat və incəsənət” sizlərə xoş seyrlər arzu edir. 

 

Şəkildə: “Qu gölü” Paris Milli Operasında nümayiş edilərkən

 

“Ədəbiyyat və incəsənət”

(07.03.2023)

Çərşənbə axşamı, 07 Mart 2023 10:19

Bu gün Yel çərşənbəsidir

 

Küləklər şəhərində deyilənə görə ilin 300 günü külək əsir. Bu günsə külək bayramıdır - Novruzun üçüncü çərşənbəsi olan Yel çərşənbəsi qeyd edilir. Adətən xalq arasında “Külək oyadan çərşənbə”, “Küləkli çərşənbə”, “Yelli çərşənbə” kimi tanınan Yel çərşənbəsi Novruz qabağı ilaxır çərşənbələrin üçüncüsüdür.

 

“Ədəbiyyat və incəsənət” portalı bir müşahidəni diqqətinizə çatdırır. Adətən yel çərşənbəsi ərəfəsi çox şiddətli külək əsir. Elə bu gecə özünüz buna şahid oldunuz. 

Yel çərşənbəsi günündə əsən isti külək yazın gəlişindən xəbər verir. İnanclara görə, bu çərşənbədə külək oyanmış suyu, odu hərəkətə gətirir. Şifahi xalq yaradıcılığında yelin Tanrı olması ilə bağlı müxtəlif nəğmə, əfsanə, rəvayət, mif, inanc, məsəl və s. yaranmışdır. Novruz şənliklərində icra olunan “Yel baba” mərasimi öz kökü etibarilə qədim əcdadlarımızın yel Tanrısına etiqadı ilə bağlıdır.

Əski etiqadlarda qeyd edilmişdir ki, torpağın altında - “qara nəhrdə” yatmış dörd cür külək Yer üzərinə çıxaraq müxtəlif libaslarda özünü göstərir. Mifologiyamızda ağ yel - ağ, qara yel - qara, xəzri - göy, gilavar - qırmızı libasda təsvir edilir. Yel çərşənbəsi günü yel bu dörd yellə birləşib dünyanı dolaşır, ərzi gəzib oyanmış suyu, odu hərəkətə gətirərək yazın gəlişindən xəbər verir.

 

Yel Azərbaycan mifik təfəkküründə yol göstərən, bələdçi rolunu da yerinə yetirir. Yel baba (əksər hallarda əldən-ayaqdan düşmüş qoca sifətində peyda olur) qalın meşələrdə azıb mənzilini tapmaqda çətinlik çəkən xeyirxah insanların qarşısına çıxır, onlara bir yumaq verir və yumağı yerə atıb diyirlətməyi tələb edir. Yel babanın üfürməsi ilə yumaq açılır və azmışları mənzil başına çatdırır. Yel baba haqqındakı bu təsəvvür sonralar Fatma nənənin yumağı şəklində nağıllara keçməyibmi, keçib.

Yel çərşənbəsi günü tonqallar qalanır, evlərdə südlü plov və ya bulğur aşı bişirilir. Süfrəyə daha çox quru meyvə və dənli bitkilərdən hazırlanmış çərəzlər düzülür. Qadınlar axır çərşənbə üçün hazırlıq görürlər. Ev əşyaları təmizlənir, xalça-palaz çırpılır, yorğan-döşək havaya verilir. Xanımlar uşaqlar üçün təzə paltar biçib-tikir. Qız-gəlinlər qoz-fındığı ləpələyib şirniyyat hazırlığı tədarükü görürlər. Həmin gün bir qarış böyümüş səməninin ortasına qırmızı qumaş bağlanır.

Qeyd edək ki, martın 14-də axırıncı - Torpaq çərşənbəsi qeyd olunacaq. Novruz bayramı axşamı isə martın 20-nə təsadüf edəcək.

Xatırladaq ki, bu il üçün yaz fəslinin Azərbaycana gəlişi martın 21-i Bakı vaxtı ilə saat 01:24:24-ə təsadüf edəcək. Bu zaman gecə ilə gündüz bərabərləşir. Yaz fəslinin uzunluğu 92 gün 17 saat 33 dəqiqə 23 saniyə olacaq.

Novruzun müjdəçi olan Yel çərşənbəniz mübarək!

 

“Ədəbiyyat və incəsənət”

(07.03.2023)

Azərbaycan Dövlət Uşaq Filarmoniyasında 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş “Sizin üçün” adlı konsert proqramı təşkil edilib. 

 

Zəngin musiqi nömrələri ilə seçilən konsert proqramında milli və müxtəlif xalqların mahnı və rəqsləri təqdim olunub, bəstəkar mahnıları səsləndirilib.

Dövlət Uşaq Filarmoniyasının yaydığı məlumata görə, konsertdə filarmoniyanın  “Musiqili Uşaq Teatrı”, müxtəlif yaş qruplarından ibarət “Şəms” uşaq xoru, vokal sinfi, rəqs kollektivləri bir-birindən rəngarəng, maraqlı nömrələrlə çıxış edib. 

“Musiqili Uşaq Teatrı”nın balaca qəhrəmanları öz səhnəciklərində nənələri, anaları bayram münasibətilə təbrik etməyi də unutmayıblar. Həmçinin vokal sinfi “Ana” mahnısı, “Şəms” uşaq xoru “Nənə”, “Ana” mahnıları, rəqs kollektivləri isə eyni məzmunlu rəqslərlə Beynəlxalq Qadınlar Gününü təbrik ediblər. 

Qeyd edək ki, hər zaman olduğu kimi budəfəki konsert proqramı da tamaşaçıların aramsız alqışları ilə sona çatıb.

 

“Ədəbiyyat və incəsənət”

(07.03.2023)

Çərşənbə axşamı, 07 Mart 2023 15:30

Bizi kimlər öldürür?

AQTA-nın Maştağa reydinə sözardı

 

Bəli, kimisi ev şəraitində vannada limonad düzəldir, kimisi heyvan leşindən kolbasa istehsal edir. Və bu zir-zibili də bizə yedizdirirlər, içizdirirlər. “Ədəbiyyat və incəsənət” portalının yazarı Malik Məmmədovu bu yazını yazmağa bir fakt vadar edib. Nə fakt? 

 

Qida Təhlükəsizliyi Agentliyi qida təhlükəsizliyinin təmin edilməsi və istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirməklə növbəti bir cinayəti (bəli, bizcə bunun adı belədir) aşkarlayıb. 

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsinin yaydığı məlumata görə, Bakının Sabunçu rayonunda Maştağa qəsəbəsi, Sabir küçəsi, döngə 3, ev 42B ünvanında fiziki şəxs Hüseynov Ramiz Məcnun oğluna məxsus süd məhsullarının emalı müəssisəsində yoxlama aparılıb. 

Yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinə, temperatur rejiminə və texnoloji ardıcıllıq prinsipinə əməl olunmadığı, döşəmə və divar səthlərinin asan təmizlənən və dezinfeksiya işlərinin aparılmasının mümkünlüyünü təmin edən materiallarla üzlənmədiyi, işçi heyətin soyunub-geyinmə otaqları ilə təmin edilmədiyi və tibbi müayinədən keçmədiyi aşkar edilib. 

Eyni zamanda quru xammalların saxlanılması anbarında üzərində qanunvericiliyə uyğun markalanma aparılmamış ümumi çəkisi 29,7 kiloqram quru xammallar, hazır məhsullar saxlanılan soyuducu kamerada üzərində qanunvericiliyə uyğun markalanma aparılmamış süd məhsulları müəyyən edilib. Eyni zamanda məhsullara dair etiketlərə baxış keçirilərkən məhsulların tərkibinə əlavə edilən bütün xammallar barədə məlumatların əks olunmadığı məlum olub.

Müəssisədə istehsal edilən məhsullardan nümunələr götürülərək müayinələrinin aparılması məqsədilə Qida Təhlükəsizliyi İnstitutunun Milli Referens Laboratoriyasına təqdim edilib. Və əmin olun ki, bu məhsulların hamısı toksinlə zəngindir. 

İçərinin antisanitariyası isə ürək bulandırıb. 

Aşkar edilmiş faktlarla bağlı qanunvericiliyə uyğun tədbirlər görülüb, sahibkar barəsində inzibati protokol tərtib edilib, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.

Buyurun, bizə süd məhsulu sırıyan müəssisənin fotolarına baxın. Bizi kimlər öldürür? Özünə gün-güzaran qurmaq üçün bu yola əl atan ramizlər. 

Ekspert Ziya Quliyev portalımıza mövcud fakt ilə bağlı bu şərhi verib:

-Vəziyyət çox acınacaqlıdır. Qanunda boşluq tapıb bu şəxslər bizim həyatımızı riskə atırlar. Qida Təhlükəsizliyi Agentliyinin bu cür qəti addımlar atması təqdirəlayiqdir. Hələliksə biz istehlakçılar yalnız inanılmış brendlərin məhsullarını alaq, tanımadığımız VÖEN-li işbazların toruna düşməyək.

 

“Ədəbiyyat və incəsənət”

(07.03.2023)

“Ədəbiyyat və incəsənət” portalı olaraq bütün qadınları təbrik edirik. Sovet dönəmində qoşa bayram vardı, 23 fevral kişilər günü, 8 mart qadınlar günü kimi qeyd edilirdi. Kişilər bayramlarından məhrum oldular, çünki 23 fevral günü əslində işğalçı sovet ordusunun yaranışı günüydü, o ordunun ki, 1920-ci ildə bizim müstəqil dövlətimizi işöal etmişdi. Bəs 8 mart gününün məğzi nədir? Və necə oldu ki, bu günü kommunist ehkamlarını uçurub dağıdan xalqımız hələ də bayram edir? Beləliklə, portalımız 8 mart - Beynəlxalq Qadınlar Günü barədə arayış təqdim edir.

 

Beynəlxalq Qadınlar Günü hər il 8 mart tarixində qeyd olunan Beynəlxalq İşçi Qadınlar Günü olaraq da tanınan, qadınların iqtisadi, ictimai və siyasi mübarizəsini, habelə ümumi olaraq qadınlara qarşı nəzakət, sevgi və məhəbbətin tərənnümünü ənənəvi hala gətirmiş bir bayramdır. Və bəri başdan deyək ki, bu bayramın da kökündə 23 fevralda olduğu kimi kommunist ideologiyaaı durur. Amma tək bu yox. Onu təqvimdə möhkəmləndirən yəhudiliklə bağlılığıdır.

8 mart postsovet respublikalarında, habelə Anqola, Burkina-Faso, Qvineya-Bisau, Komboca, Çin, Konqo, Laos, Makedonya, Monqolustan, Nepal, Şimali Koreya və Uqandada qeyri-iş günü sayılır. BMT də 8 martı beynəlxalq qadınlar günü kimi tanıyıb.

Qadınların kişilərlə bərabər hüquqlu olmaq uğrunda apardığı mübarizənin təmsili başlanğıcı olaraq, 8 mart 1857-ci ildə ABŞ-ın Nyu-York şəhərində geyim sektorunda çalışan yüzlərlə qadının aşağı maaşa, uzun çalışma saatlarına, eyni zamanda pis iş şəraitinə etiraz olaraq tətil etməsi qəbul edilir. Lakin polis aksiyanın uzun sürməsinə izin verməyərək nümayişi dağıtdı.

8 mart 1908-ci ildə ildə Nyu York Sosial-Demokrat Qadın Təşkilatının çağırışı ilə 15 min qadın, daha qısa çalışma saatı, kişilərlə bərabər əmək haqqı və səsvermə hüququ üçün nümayiş keçirdi. Nümayişdə ayrıca ilk dəfə olaraq dekret icazəsi istəyən qadınların şüarı “Çörək və Gül” idi. Çörək həyat eşqini, qarın toxluğunu, gül isə daha rifah həyat tərzini ifadə edirdi.

İlk Qadınlar Günü mərasimi 1909-cu ilin 28 fevralında Nyu Yorkda baş tutmuşdur; bu Amerika Sosialist partiyası tərəfindən Beynəlxalq Qadın Tikiş İşçiləri Birliyinin 1908-ci ilki tətilinin yada salınması münasibətilə təşkil olunmuşdu.

1909-cu ildə isə Avropadaki qadınlar, fevral ayının son bazar gününü, fevralın 28-ni ilk qadın günü olaraq keçirdi.

1910-cu ildə 1857-ci il hadisələrdən 52 il sonra Danimarkanın Kopenhagen şəhərində keçirilən Qadın Sosialist İnternasyonalının qurultayında 1857-ci ilin 8 martında Nyu-Yorkda başlayan mübarizənin, qadın hüquqlarının genişləndirilməsi və qadın həmrəyliyinin simvolu olaraq Klara Setkin adlı bir alman sosialist qadını, Amerikada 8 martda yandırılaraq öldürülən 129 qadın işçinin xatirəsinə hər il 8 mart gününün Dünya Qadınlar Günü olması təklifini etdi və bu təklif qəbul edildi.

Bəzi tarixçilərin fikrincə, 8 martın təqvimə qırmızı rəqəmlərlə düşməsinin səbəblərini bilmək üçün 1910-cu ildə həmin günün bayram kimi qeyd olunması təşəbbüsünü irəli sürmüş Klara Setkinin şəxsiyyətinə, xüsusən onun milli mənsubiyyətinə nəzər salmaq lazımdır. Yəhudi Klara Setkinin təklif etdiyi 8 Mart günü 1910-cu ildə yəhudilərin Purim bayramı ilə üst-üstə düşürdü (yəhudi təqvimində Purim bayramının yeri dəyişir). Purim bayramı isə yəhudilərdə qadın ağlı, eyni zamanda bu millətin özünümüdafiə haqlarını simvolizə edir. 

Bibilya rəvayətlərinə görə, miladdan əvvəl 480-ci ildə yəhudilərin Babil əsarətindən qurtulmasından sonra arzu edənlərin Qüdsə qayıtmasına icazə verilib. Amma “özünü tutmuş” yəhudilər bunun üçün tələsmirdilər. Bu vəziyyət iranlıları getdikcə daha çox narahat etməyə başlayırdı. İran ordusunun baş komandanı Aman İran şahı Kserksin yanına gedərək vəziyyəti ona danışır. Kserks isə bütün yəhudiləri qırmağı qərara alır. Kserksin arvadı, özünün yəhudi olduğunu hamıdan gizli saxlayan Esfir ərinin qəbul etdiyi qərarı dəyişdirməyə nail olur. Nəticədə İran şahının çıxardığı qərarda yəhudilərin deyil, onların düşmənlərinin öldürülməsi nəzərdə tutulur.

Tezliklə yəhudilər antisemit iranlıları darmadağın edərək Amanın qulağını kəsirlər. Yeri gəlmişkən, indiyədək yəhudilər Purim bayramında Amanın qulağını rəmzləşdirən üçbucaq şirniyyat növü bişirirlər. Çox güman ki, Klara Setkinin təklifinin əsasında şəxsi maraqlar durub. İnqilabi hərəkatın da öz bayramlarının olması istəyi aydındır. Məsləkdaşlarını həvəsləndirmək, fəhlə kişilərlə yanaşı, qadınları da mübarizəyə qatmaq ağıllı və effektli ideya idi.

1911-ci ildə Kopenhagen qərarından sonra ilk dəfə olaraq 19 martda Avstriya, Danimarka, Almaniya və İsveçrə də bu bayram qeyd edilmişdir.

1914-cü ildə Rusiyada Beynəlxalq Qadınlar Günü martın 8-də baş tutdu, böyül ehtimalla ona görə ki, həmin gün bazar günü idi və beləliklə bu bütün ölkələrdə həmişə martın 8-i qeyd olunur. 1914-cü ildə həmin Günün mərasimi qadınların 1918-ci ilə kimi qazana bilmədikləri seçki hüququna həsr olundu. 1914-cü ilin 8 martında Londonda Boudan Trafalqar meydanına doğru qadınların seçki hüququna dəstək yürüşü oldu. Silvia Pankurst (Sylvia Pankhurst) Çaring Kross stansiyasının qarşısında, nitq söyləməkçün Trafalqar meydanına gedərkən həbs olunmuşdu. 1917-ci il, fevralın son bazar günü (Yeni Stillə martın 8-nə düşür) Sankt-Peterbuqda Qadınlar Gününün qutlama nümayişləri Fevral İnqilabının əsasını qoydu. Həmin gün qadınlar Sankt-Peterburqda “Çörək və Sülh” üçün, I Dünya Müharibəsinin, Rusiyadakı ərzaq qıtlığının və Çarizmin son bulmasını tələb edərək tətilə çıxdılar. Lev Trotski yazırdı, “23 fevral (8 mart) Beynəlxalq Qadınlar günü idi və üfüqdə yeni mitinqlər və aksyalar görünürdü. Amma biz təsəvvür etmirdik ki, bu Qadınlar Günü inqilabın inaqurasiyası ola bilər. İnqilabi aksiyalar öncədən görünürdü amma tarixsiz şəkildə. Lakin səhər, əks göstərişlərə baxmayaraq tekstil işçiləri bir neçə fabrikdə işi tərk elədilər və tətilə dəstək verilməsini xahiş etməkçün öz nümayəndələrini göndərdilər… bu kütləvi tətilə apardı… hamı küçəyə axışdı”.

Oktyabr inqilabından sonra Bolşevik Aleksandra Kollontay  və Vladimir Lenin bunu SSRİ-də rəsmi bayram elan etdilər amma 1965-ci ilə kimi iş günü idi. 8 may 1965-ci il fərmanıyla SSRİ Ali Sovetinin Rəyasət Heyəti SSRİ-də Beynəlxalq Qadınlar Gününü qeyri-iş günü elan etdi, “kommunist quruluşundaSovet qadınının görkəmli ləyaqətinin xatırlanmasıyla, Böyük Vətən Müharibəsi zamanı vətənin müdafiəsilə, onların ön və arxa cəbhədəki qəhramanlıq və fədakarlıqlarıyla və həmçinin insanlar arasındakı dostluğun möhkəmləndirilməsinə qadınların böyük töhvəsini vurğulamaqla və sülh uğrunda mübarizəylə. Amma yenə də, qadınlar günü başqa bayramlar kimi keçirilməlidir”.

1917-ci ildə Çar Rusiyasında qadınlar, pis həyat tərzinə qarşı “çörək və sülh” adlı nümayiş keçirdilər. 8 mart günü olan bu tətil, daha sonra digər Avropa ölkələrində də qeyd edilməyə başlandı.

1975-ci il dünya qadınları üçün xüsusi əhəmiyyət daşıyır. Məhz bu il, Beynəlxalq Qadınlar ili olaraq tarixə düşdü. Həmin ilin beynəlxalq qadın ili elan edilməsindən sonra BMT-də 1975-ci ilin 8 martını ilk dəfə Beynəlxalq Qadınlar Günü olaraq keçirildi. İki il sonra 1977-ci ildə isə nəhayət Birləşmiş Millətlər Təşkilatının Ümumi Qurultayında 8 mart, qadın hüquqları və beynəlxalq sülh günü olaraq qəbul edildi.

Beynəlxalq Qadınlar Günü eyni zamanda qadın hüquqlarının genişləndirilməsinin və bu günkü qadının daha azad olmasının tarixi səbəblərinin xatırlanması üçün də xüsusi gündür. Bütün bunları nəzərə alaraq, demək olar ki, 8 mart, sadəcə, qadınlar günü yox, qadın-inqilabçılar günüdür.

Qərbdə Beynəlxalq Qadınlar Günü ilk dəfə məşhur bir hadisə kimi 1977-ci ildən sonra, Birləşmiş Millətlərin Baş Assambleyası üzv ölkələri 8 martın BMT-nin dünya sülhü və qadın azadlıqları Günü kimi qəbul olunmasına dəvət etdikdən sonra müşahidə olunmuşdur.

Nə isə. Çox uzatmayaq. Təqvimdə ayrıca qadın gününün olmasına biz - “Ədəbiyyat və incəsənət”in kişi əmıkdaşları əsla narazı deyilik. Bir daha bayramınızı təbrik edirik, əziz qadınlar!

 

“Ədəbiyyat və incəsənət”

(07.03.2023)

Çərşənbə axşamı, 07 Mart 2023 17:00

Həmidə Ömərova: “Köpək oğlunun 100 manatı”

“Ədəbiyyat  və incəsənət” portalı yazıçı-dramaturq Əyyub Qiyasın tanınmış teatr və kino xadimlərinin həyatlarından qələmə aldığı maraqlı anları təqdim edir. Növbəti təqdim edilən Həmidə Ömərovadır.

 

HƏMİDƏ ÖMƏROVA

(1957)

***

Tələbə vaxtı kurs yoldaşlarımızdan biri yataqxananın operatorundan evə zəng vurmuşdu:

– Ata, pulum qurtarıb, mənə təcili 100 manat pul göndər.

– Alo… alo… fuu… fuuu… a bala, heç nə eşitmirəm.

– Aaataaa, 100 manat göndər, pulum qurtarıb…

– Alo… fuu… alo… eşitmirəm heç nə.

Bu yerdə operator özündən asılı olmayaraq xəttə girib:

– Qəribədir, mən hər şeyi çox yaxşı eşidirəm axı, – dedi.

Qızın atası xəttin o üzündən:

– Eşidirsən, lap yaxşı, onda uşağa 100 manat pul göndər, pulu qurtarıb, – deyəndə, tələbə yoldaşımız:

– Ata, məni eşitməsən də, operatoru eşitdin, pulu gözləyirəm! – deyib, dəstəyi asdı.

 

 “Ədəbiyyat və incəsənət”

(07.03.2022)

Türk dünyasının tanınmış oğlu, uzun illər Beynəlxalq Türk Akademiyasına başçılıq etmiş, hazırda Qazaxıstan Respublikasının İnformasiya və İctimai İnkişaf naziri Darxan Kıdıralının fəaliyyəti “Ədəbiyyat və incəsənət” portalının oxucularına yaxşı tanışdır. Akademya barədə ilk mənbədən mütəmadi yazılar dərc etmişik. Türk xalqlarının birləşməsi amalına xidmət edən, onları daha da gücləndirən nəzəriyyələr bizə qol-qanad verib. Amma bu dəfə onu şəxsiyyət kimi tanımağımız gərəkiyir. Əməkdaşımız Aida Eyvazlının “Onun adı Darxan” adlı yazısının dərcini başa çatdırırıq. Bu gün sizə yazının 3-cü hissəsini təqdim edirik.

 

Azərbaycan Türk dünyasının döyünən ürəyidir

Akademik , Darxan Kıdıralı Vətən, xalq, elm adına işə başladığı hər yerdə cığır açdı, yol açdı. Özünə mənəvi müəllim hesab etdiyi İsmayıl Qaspralının “İşdə, dildə, fikirdə birlik” devizini Beynəlxalq türk Akademiyasına gətirdi. Adı unudulmaqda olan, repressiyaya uğrayan böyük fikir və elm adamlarının əsərlərinin, şəxsiyyətlərinin üstündən sovet torunu sildi, tozunu təmizlədi. Macar yazıçısı Mandoku Konurun böyük kitabxanasını Akademiyaya gətidi. İndi Beynəlxalq türk Akademiyası ititrilmiş türk yazılaı ilə dolu bir xəzinədir. Darxan Kıdıralının rəhbərliyi 5 il müddətində keçirilən “Böyük Çöl” forumu bütün türk dünyası araşdırmaçıları üçün görüş, fikir mübadiləsi yeri oldu. Burada türk dünyası bilən elm adamlarının görüşlri nəicəsində yeni ideyalar, yeni yollar müəyyənləşdi. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Astanada keçirilən son sammitində dövlət başçılarının qərarına uyğun olaraq, Beynəlxalq Türk Akademiyası qarşısında “Ortaq türk tarixi”, “Ortaq türk ədəbiyyatı” və “Ortaq türk coğrafiyası” dərsliklərinin hazırlanması məsələsi qoyuldu və nəticə əldə edildi. Bu gün Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan məktəblərində, eləcə də Akademiyanın müşahidəçi üzvü olan Macarıstanda bu dərsliklər orta məktəblərdə uğurla tətbiq edilir. Məqsəd isə, əlimizdən alınan tariximizi, pozulan tariximizi, ədəbiyyatımızı, pozulan birliyimizi yenidən işığa çıxarmaq və yaşatmaqdır.
Akademik İsa Həbibbəylinin sözünə qüvvət olaraq qeyd etmək istərdim ki, Darxan Kıdıralı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 2017-ci ildə "Dostluq Ordeni"nə layiq görülüb.  O günləri xatırlayanda həmsöhbətim dedi ki:

-Azərbaycan prezidenti cənab İlham Əliyevdən aldığım mükafat Türk dünyasına verilən dəyərdir. Bu dəyəri doğrultmağa, yaşatmağa çalışmaq isə bizə bir könül və əməl  borcudur. Hörmətli prezident  İlham Əliyevlə görüşəndə  BTA-nın nəşri olan Qoç abidələri kitabını hədiyyə etdim. Qoç başları, hakimiyyətin, qoyun başları və heykəlləri ruzi –bərəkətin, quzu artımın, çoxalmanın simgəsidir. Qurd sərbəstliyin və azadlığın, aslan gücün rəmzidir. Prezident İlham Əliyevi bu simgələr çox maraqlandırdı və bildirdi ki, həmin daş abidələrdən Azərbaycanda da vardır.  Və əlavə etdi ki, bu abidlər bir daha sübut edir ki, bizim tariximiz eynidir. Tanrı Azərbaycan xalqına güc verdi. 2020-ci ildə öz tarixi torpaqlarını geri almağa başladı. Azərbaycan Türk dünyasının döyünən ürəyidir. Mənim Azərbaycanda, Özbəkistanda, Qırğızıstanda, Macarıstanda, Türkiyədə dostlarımızn sayı kəndimizdə tanıdığım adamlardan çoxdur.

 

Qazaxlar yaxşı adam öləndə deyirlər ki, “Kaytış boldı!”

Böyük Çölün oğlu, Bozkır oğlu Türk dünyasının elminə birgəlik bəxş etdi. Bu illər ərzində özü Astanada yaşasa da, getdiyi uzaq və məsuliyyətli  səfərlərdən geri dönəndə anası Qəndgül xanımın qoruduğu ocağa gələrdi. Deyirdi ki, yalnız onun dizlərinin üstünə başımı qoyandan sonra, bütün yorğunluğum unudulur və yaratmaq, işləmək üçün gücüm çoxalır.

Təəccüblü  bir məqam var idi ki, ana  uzun illər boyu hətta, böyük oğlu Darxanın da evinə belə  bir günlük də olsun qonaq gəlməmişdi.Oğlunun əkidi ilə bir dəfə 2020-ci ildə COVİD pandemiyası tüğyan edəndə, Darxan anasını Astanaya gətirməyə razı sala bilmişdi. Bir də  ki ötən ilin dekabr ayında ananın səhhəti pozulanda, onu evinə gətirdi. Lakin 31 dekabrda ana elə sevimli oğlunun qolları arasında "kaytış boldı". Qəndgül ana 1 yanvarda dünyaya gəlmişdi. 2023-cü ilin  1 yanvarında isə övladlar böyük qardaşın evində yığışıb ananın doğum gününü qeyd edəcəkdilər. 71 yaşı tamam olan günü Ananı dəfn edəndən sonra isə göydən günəş boylanacaqdı. Tufan da, boran da sozalıb gedəcəkdi. Qazaxlar yaxşı adam öləndə deyirlər ki, “Kaytış boldı!”-yəni “qayıtdı!”. Qəndgül ana da Tanrının yanına gülə-gülə, ağrısız qayıtmışdı.

Tanrı yaratdığı bəndəsi Qəndgül üçün güllü-şəkərli həyat verməsə də, övladları böyüyəndən sonra, Darxan bəyin işığına təkcə digər üç övladı deyil, bütöv türk dünyası işıqlandı. Haraya getdisə, özü ilə müəllimə anasından və acı həyatdan aldığı dərsləri şirin və sakit tərzdə anlatdı Darxan bəy. İndi ocağında  4 oğlu 1 qızı böyüyür.

Günümüzn Kul Tegini, Türk dünyası alimlərini, elm adamlarını bir yerə toplaya bilən Darxan Kıdıralı haqqında yazmaqla nə sözüm bitər, nə söhbətim. Bilirəm ki, oxucularımız da işıq kimi dostrlarının ürəyinə yayılan  Böyük Çöl oğlunun haqqında yazdıqlarımı sevə-sevə oxuyacaqlar. Bu yazıdakı fikrimi isə Napil Bazılxanın və  akademik İsa Həbibbəylinin sözləri ilə bitirmək istəyirəm:

Napil Bazılxan:

"Darxan  Kıdıralı  Türk Akademiyasının dərəcəsini yüksəltdi və Beynəlxalq hüquq təməlini də, dərəcəsini də sağlamlaşdırdı, bu onun böyük zəhmətləri sayəsində başa gəldi. O Türk dünyası üçün  çox möhtəşəm işlər görmüş  böyük bir elm adamı və bacarıqlı diplomatdır.

İsa Həbibbəyli, akademik:

Türk dünyasının böyük oğlu, Qazaxıstan ölkəsinin tanınmış siması Darxan Kıdırəlinin çoxcəhətli səmərəli fəaliyyəti daha parlaq sabahlara gedən yollara gur işıq salır.

 

 “Ədəbiyyat və incəsənət”

(07.03.2023)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.