
Super User
“Çox bahadır qiyməti” - Xeyrəddin Qocanın satirik hekayəsi
Yazıçı Xeyrəddin Qocanın satirik “Çox bahadır qiyməti” hekayəsi Gülüş Klubunun bugünkü buraxılışında diqqətinizə çatdırılır.
Çox bahadır qiyməti...
(Nəzirə)
Qonşuya qonaq getmişdim, oturub çaydan-zaddan içib, nərddən-zaddan oynayırdıq. Ev sahibinin arvadı gəldi ki, qardaş, Allahdan gizlin deyil, səndən niyə gizlədək, bəs, həftənin axırında qızımıza elçi gələcək, gəl, sən də iştirak elə. Zəhmət çəkmə, hər tədarükümüzü görmüşük, təkcə sənin iştirak eləməyin bizim üçün şərəfdir. Dedim ay bacı, qonşu deyilik, mütləq gələcəyəm. Təki xeyir iş olsun.
Həftə başa çatdı, elçilər gəldilər. Ayrı-ayrı ölkələrin diplomatları kimi oğlan adamları masanın bir tərəfində, biz də o biri tərəfində oturduq. Bir neçə dəqiqə sükutdan sonra oğlan atası dilləndi ki, bəs "sizdə zər var, bizdə zərgər", "sizdə bağ var, bizdə bağban", "sizdə qaş var, bizdə üzük" və sair və ilaxır. Oğlanın anası da dedi ki, sözün kəsəsi, qızınıza elçi gəlmişik, bir "mübarək" deyin, çıxaq gedək, toya hazırlaşaq.
Qonşumuz, yəni qızın atası söz aldı, görək nə dedi:
- Bacı, nə mübarəkbazlıqdır? Bizim də dostumuz var, düşmənimiz var. İlk dəfədir qapımızı açırsınız. Qoyun, bir götür-qoy edək.
Oğlan atası "biz sizi tələsdirmirik, nə istəyirsiniz deyin, biz də işimizi bilək" sözlərini nəzakətlə ifadə etməyə çalışsa da, alınmadı. Bu dəfə qız anası söz aldı:
- Qızı böyüdüb boya-başa çatdıran mənəm. Gərək başlıq verəsiniz.
- Ay bacı, nə başlıq? İndi on yeddinci əsr deyil ki! - Oğlan anası təəccüb etdi.
- Lap iyirmi ikinci əsr olsun, başlıq verməlisiniz, vəssalam!
Qızın atası onların sözünü kəsdi:
- Mən də qızın fundamental atasıyam. Mənim də öz tələblərim var.
Oğlan atası "buyur" deyən kimi, qız atası başladı, nə başladı:
- Sizi çox bərkə salmayacağam. Qonağım çox olacaq. Nə gətirməlisinizsə bir-bir sayım, siz yazın. On beş qoyun, on kisə qənd, iyirmi yeşik araq, on tay düyü, əlli kiloqram yağ, beş yüz adamlıq balıq, otuz kiloqram kürü, 50 kiloqram fındıq, iyirmi kiloqram çay - yaxşısından olsun - turşməzə Göyçay narı, narşərab da öz yerində. Qırx yeşik "Badamlı", ona uyğun "Koka-kola", "Fanta", iyirmi kiloqram pendir, o qədər də qatıq. Daha nə qaldı? Hə, musiqiçilərin də haqqını siz verməlisiniz.
Aldı qızın anası görək, nə dedi:
- Almaz bilərzik, mirvari boyunbağı, medalyon, saat, üzük də bahalısından olmalıdır. Qaldı pal-paltar məsələsi, onlarsız olmaz. İcra başçılarının, prokurorların, polis rəislərinin, nazirlərin arvadları necə geyinirsə, mənim qızım da elə geyinməlidir. Gözəl-göyçək qızdır, kimdən əskikdir?! Şubası, paltosu, plaşı, ayaqqabıları da bir-birindən gözəl olmalıdır. Yadımızdan çıxan xırda-xuruşları da sonra deyərik.
"Elçilər odlandılar: - Qız almırıq, vəssalam.
Çox bahadır qiyməti, biz almırıq, vəssalam".
O gedən getdilər...
“Ədəbiyyat və incəsənət”
(09.03.2023)
Əməkdar artist Yafəs Eyvazov vəfat edib
Tanınmış ud ifaçısı, Əməkdar artist Yafəs Eyvazov ötən gün vəfat edib. Bu barədə sənətçinin bacısı oğlu, Əməkdar artist Rəşad İlyasov özünün Facebook hesabında məlumat verib.
Sənətçi uzun müddət davam edən xəstəlikdən vəfat edib.
“Ədəbiyyat və incəsənət”
(09.03.2023)
Bakı Rəqs Çempionatının qalibləri müəyyən edilib
Azərbaycan Gənclər İttifaqı və Azərbaycan Rəqs Assosiasiyası tərəfindən təşkil edilmiş 2023-ci il Bakı Rəqs Çempionatının qalibləri müəyyən edilib. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı Oxu.az-a istinadən məlumat verir.
Çempionat solo, duet, kiçik qrup, qrup, ansambl və böyük ansambl nominasiyalarında keçirilib. Müsabiqədə Bakı və ölkənin regionlarının nümayəndələri iştirak ediblər.
"Keçirilən çempionatda həm tanış olan kollektivlərin, həm də özlərini göstərməyə qərar verən yenilərin çıxışlarını gördük. Hər nominasiyada ciddi rəqabət olub, lakin Folk Stayl ansambl nominasiyasında üç kollektivin rəqabəti xüsusilə fərqlənib. Hakimlər sona qədər ümumi fikrə gəlməyə çalışdılar və nəhayət, qərar verdilər. Beləliklə, mən “Azad rəqs” kollektivini, xüsusən onların bədii rəhbəri Rəhim Babayevi qələbə münasibətilə təbrik edirəm. Onlara böyük uğurlar arzulamaq istəyirəm. Həmçinin “Bakı Ritm Qrupu” ansamblını, Rəhman İmanovu və “Alov” ansamblını Emil Pənahovun rəhbərliyi altında qalib gəlmələri münasibətilə təbrik edirəm!", - deyə təşkilat komitəsinin sədri Əziz Əzizov bildirib.
Qran-pri qalibi isə Folklor Stilizasiya nominasiyasında Xaçmaz şəhər Uşaq İncəsənət məktəbinin solisti Lamiyə Hacızadə olub.
“Ədəbiyyat və incəsənət”
(09.03.2023)
Deyin görək bu adam hansı dildə danışırdı?
“Ədəbiyyat və incəsənət” portalı yazıçı-dramaturq Əyyub Qiyasın tanınmış teatr və kino xadimlərinin həyatlarından qələmə aldığı maraqlı anları təqdim edir. Növbəti təqdim edilən İlham Əskərovdur.
İLHAM ƏSKƏROV
(1958-1915)
***
“Susmuş vicdan” serialının çəkilişləri gedirdi, orada mən təhlükəsizlik xidməti generalını oynayırdım. Çəkilişlər Bakıda “Teleqüllə” deyilən ərazidə idi. Hamı yorğun olduğundan işdə bir qədər tələskənlik yaranmışdı. Cavan aktyorlardan biri də ümumiyyətlə rola hazır deyildi. Mən də müəlliflə bir kənarda oturub çay içirdim.
Aktyor tərəf-müqabilinə dedi:
– Aqşin, mən pataloku sənə iki saat vaxt ayıra bilərəm. Gəlsəm də çerez Binəqədi yolu gəlməliyəm, onsuz da uje problem yaranıb…
Bu vaxt müəllif çaydan bir qurtum içib:
– İlham müəllim, bunun ssenarisini kim yazıb görəsən? – xəbər aldı.
Ətrafa baxıb:
– Mənə dedilər sən yazmısan axı, – cavab verdim
– Yox, bu, mənim yazdığım deyil, bunu yazan məndən yaxşı yazıb…- dedi.
Sonradan həmin epizod bir də əvvəldən axıra qədər çəkildi.
“Ədəbiyyat və incəsənət”
(09.03.2022)
Xalça Muzeyində batika üzrə mühazirə olacaq
Martın 11-də Azərbaycan Milli Xalça Muzeyində Əməkdar rəssam İnna Kostinanın “Göyün yeddinci qatı” adlı fərdi yubiley sərgisi çərçivəsində batika üzrə mühazirə keçiriləcək.
Qeyd edək ki, mühazirə İnna Kostina tərəfindən rus dilində təqdim olunacaq.
İştirak üçün öncədən https://forms.gle/Sx6YeA2sWY7hhh7T7 linkinə müraciət edərək qeydiyyatdan keçmək olar.
“Ədəbiyyat və incəsənət”
(09.03.2023)
Bu gün Heydər Əliyev Mərkəzində “Yerlə göy arasında” adlı sərgi açılır
Bu gün Heydər Əliyev Mərkəzində “Yerlə göy arasında” adlı Azərbaycan-Latviya birgə incəsənət sərgisi açılır.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Latviyanın ölkəmizdəki səfirliyi ilə birgə təşkil olunan sərgi dahi şair Mövlana Cəlaləddin Ruminin poeziyasını əhatə edir. XIII əsrdə yaşayıb yaratmış Ruminin ideyaları mənəvi yüksəliş və kamilliyə çatmağa həsr olunub. Latviyadan İeva Krumina və dünyaşöhrətli fotoqraf Reza Deqatinin əsərlərinin nümayiş olunacağı sərgi aprelin 3-dək davam edəcək.
Tanınmış rəssam İeva Krumina Latviya Rəssamlıq Akademiyasının Tekstil şöbəsinin müdiridir. O, Latviya Rəssamlar İttifaqının və Latviya Tekstil Rəssamları Assosiasiyasının üzvüdür. İeva Krumina məşhur latviyalı şair və yazıçı İmants Ziedonisin “Sevgisiz yaşama, sevgisiz heç nəyin önəmi yoxdur” sözlərinə əsaslanır, xalqlar arasında oxşar, ümumi çalarları öyrənməyə çalışır. Onun hər bir sənət əsərinə baxanda özümüzü o sənət əsərində görürük. Onun sənət əsərləri insanlara dünyamızı sevgi sapları ilə təmir etmək ismarışını çatdırır.
REZA kimi tanınan dünyaşöhrətli fotojurnalist Reza Deqati müharibələri, hərbi münaqişələri, eləcə də bəşəriyyətin gözəlliklərini işıqlandırır. Onun işləri “National Geographic”, “Time”, “Stern”, “Newsweek”, “Paris Match” jurnallarında yer alıb. O, 30 kitabın müəllifi və bir çox mükafatların sahibidir. Rezanın Ruminin ideyalarını, mistik rəqslə dövrə vuran, yerlə göy arasındakı enerji dövranı mövzusunu çatdıran əsəri 1994-cü ildə “National Geographic” jurnalının üz qabığında yer alıb. O, Fransanın “Xidmətlərə görə” kavaler ordeninə və Azərbaycanın “Dostluq” ordeninə layiq görülüb.
“Ədəbiyyat və incəsənət”
(09.03.2023)
“Sənə yağış dərirəm…” - Əlizadə Nur
“Ədəbiyyat və incəsənət” portalının Poetik qiraət rubrikasının daimi aparıcısı Əlizadə Nuri bu dəfə sizlər üçün “yağış dərəcək”…
Sənə ocaq çatıram-
Misraların ahından.
Yağış dərirəm sənə,
Buludun budağından…
Sənə şeir tikirəm,
Ürəyimin sapıyla.
Cənnət qururam sənə
Cəhənnəm əzabıyla…
Yüz il duran deyiləm,
Sizin elçi daşından.
Sənə üzük yonuram
Çiçəklərin qaşından…
Sənin üzünə baxıb,
Ayı da danmaq olar.
Səndən ömür düzəldib
Min il yaşamaq olar.
Gör harda tapdım səni-
Güllərin nəfəsində.
Bir nəğmə yazdım sənə,
Axan çayın səsindən…
…Sənə ocaq çatıram-
Misraların ahından.
Yağış dərirəm sənə,
Buludun budağından…
“Ədəbiyyat və incəsənət”
(09.03.2023)
“Qisas” – Aydın Tağıyevin hekayəsi
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə “Biri ikisində” layihəsində bu gün növbədə Nəsr vaxtıdır, Aydın Tağıyevin hekayələri ilə tanışlıqdır. Bu gün ilk – “Qisas” hekayəsi dərc ediləcək.
Amma öncə kiçik bir müqəddimə də olacaq.
Bir yazar kimi, yazdığını mətbuatda görən bir müəllif sevincini mənə ilk dəfə bəxş edənlərdən biri də məhz “Ulduz” jurnalı olub. 1975-ci ilin 2-ci sayında Şabranın (keçmiş Dəvəçinin) ucqar bir dağ kəndində, Pirəbədildə müəllim işlərkən “İlk hekayələr” guşəsindəki “Buz heykəllər əriyir...” hekayəmin sevincini hələ də yaşayıram, hərçənd ki, ötən müddət ərzində az qala 50-yə yaxın kitabım çıxıb. İlk hekayəm “Ulduz”da çap olunarkən jurnala redaktorluq edən, “Can nənə, bir nağıl de” şeirinin müəllifi (bu şeir o vaxt mən məktəbli ikən ədəbiyyat müntəxabatlarına salınmışdı, indi varmı, bilmirəm...) Əhməd Cəmilin, sonralar dərgiyə baş redaktorluq edən, jurnalın qapısını – səhifələrini yazdıqlarıma müntəzəm xətir-hörmətlə açan Yusif Səmədoğlunun, ali məktəbdə müəllimim olmuş Abbas Abdullanın, unudulmaz, əziz dostum Ələkbər Salahzadənin “Ulduz”un – haqq dünyasına qovuşmuş mərhum baş redaktorlarının ruhları şad olsun.
Hörmətlə Aydın Tağıyev. 70 yaşının tamamı günündə yazılıb.
QİSAS
Kənd uzun müddət idi ki, düşmən mühasirəsində idi. Qocanı-qarını, qızı-gəlini, oğul-uşağı naxələf qonşunun qəfil hücumundan qoruyub xilas etmək üçün əli silah tutanlar yalvar-yaxar onları kənddən çıxarmağa razı salmış, özləri isə torpaqlarının keşiyində dayanmışdılar.
Ancaq nə vaxtdan bəri səngərdə duran, düşmənə qan udduran bir igid oğul nə qədər dil töküb yalvar-yaxar etmişdisə də, tərs atasını evini tərk etməyə məcbur edə bilməmişdi, anası da kişinin yanında qalmışdı...
Yer-göy od tutub yanırdı. Qulaqları nə qədər ağır eşitsə də, qoca ilə qarı artıq yaxından gələn top-tüfəng səsini aydınca eşidirdilər. Qarı təlaşa düşsə də, kişinin heç tükü də tərpənmirdi. Amma toranlaşan gözləri qapıda qalmışdı. Elə bil keçmiş vaxtlarda olduğu kimi qapının yenə də aramla döyüləcəyini, yerindən qalxmamışdan əvvəl isti bir səslə “hər kimsən, buyur, buyur” – deyib sonra da ehtiramla özünün də qonaq qabağına gedəcəyini gözləyirdi. Təpiklənən qapı zərblə açıldı.
– Ha-ha-ha... Bərkdən qəhqəhə çəkən bir saqqallı şəstlə əlindəkini – güllə ilə düz ortasından deşilib al qana boyanmış bir köynəyi qoca ilə qarının qarşısına atdı.
– Axır ki, hayıfımızı yerdə qoymadığımız oğlunuzun köynəyidir, – dedi – Yuyun qanını, sərib qurudun... Asın gözünüzün qabağından... ha-ha-ha... Dığa uğunub getdi.
Qarı yerindəcə quruyub qaldı, oğlunun qanlı köynəyinə baxa-baxa dizləri büküldü, yerə çökdü. Birdən-birə daş heykələ dönən qocasa elə bil ayılıb özünə gəldi. Üzünü dığaya tutub cingiltili bir səslə:
– Yox, qanı qanla yuyarlar, deyə yaralı aslan kimi nərildədi. Dizlərinə taqət, qollarına güc hardan gəldi, heç özü də bilmədi. Birdən qəfil yerindən sıçrayıb divardan asılmış qoşalüləni sinəsinə sıxdı. Dolu tüfəng nə vaxtdan bəri idi ki, ayaq üstdə idi. Bu qəfil hücumdan özünü itirmiş dığanın gözləri bərələ qalmışdı. Tüfəng guruldadı.
“Ədəbiyyat və incəsənət”
(09.03.2023)
Beynəlxalq Konfransda Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolundan danışılıb
Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim Texas ştatının Hyuston şəhərində illik əsasda təşkil olunan və ABŞ, o cümlədən bir çox ölkələrdən yüksək səviyyəli dövlət və özəl sektor nümayəndələrinin iştirakı ilə keçirilən “CERAWeek” Enerji konfransının 41-ci illik sessiyasında iştirak edib.
Azərbaycanın ABŞ-dakı səfirliyinin məlumatınd bildirilir ki, səfir Enerji konfransı çərçivəsində təşkil olunmuş “Enerji təchizat mənbələri və nəqliyyat marşrutlari üzrə dəyişən perspektivlər” adlı plenar sessiyada çıxış edib.
Diplomat Azərbaycanın enerji siyasəti, neft, qaz, o cümlədən alternativ enerji mənbələri sahələrindəki potensialı, ölkəmiz tərəfindən həyata keçirilmiş genişmiqyaslı enerji infrastruktur layihələri və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın rolu barədə iştirakçıları məlumatlandırıb, onların qeyd edilən sahələrlə bağlı sualları cavablandırılıb.
“Ədəbiyyat və incəsənət”
(09.03.2023)
Milli Dialoq Platforması qadınlara ünvanlanıb
“Qadın Gündəliyi” adlı Milli Dialoq Platformasının ictimaiyyətə təqdim olunması ilə bağlı konfrans keçirilib. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məlumatına istinad edir.
Dövlət qurumları, diplomatik korpus, qadın və gender təşkilatları, hökumət rəsmiləri, beynəlxalq tərəfdaşlar, digər maraqlı tərəflərin iştirakı ilə keçirilən tədbirdə gender bərabərliyi və qadınların səlahiyyətləndirilməsi, qadın liderliyi və qadınların siyasi, iqtisadi, sosial, mədəni məsələlərdə qərarların qəbul edilməsi proseslərində təmsilçiliyi müzakirə edilib.
FemACT Azərbaycan Qadın Fondunun təsisçisi Pərvanə Məmmədova Azərbaycanda “Qadın Gündəliyi”nin müəyyən edilməsi üzrə Milli Dialoq Prosesinin yaradılması məqsədi haqqında məlumat verib. Platformanın təqdimat mərasiminin Beynəlxalq Qadınlar Gününə həsr olunmasını xüsusi qeyd edən P.Məmmədova deyib ki, qeyri-hökumət təşkilatları, gender məsələləri üzrə ekspertlər, qadın koorporativləri, icma əsaslı lider və kənd qadınlarının iştirakı ilə formalaşmış Platformanın tərkibində doqquz işçi qrupu yaradılıb.
O, Azərbaycanda gender bərabərliyi, qadınların səlahiyyətləndirilməsi və inkişafı üzrə fəaliyyət göstərən vətəndaş cəmiyyətinin səyləri nəticəsində bir ildən artıqdır ki, “Qadın Gündəliyi” Milli Dialoq Platformasının yaranması ilə bağlı çoxsaylı tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb. P.Məmmədova bildirib ki, konsolidasiya edilmiş sənəd gender sahəsi üzrə fəaliyyət göstərən vətəndaş cəmiyyəti təşkilatları və hökumət qurumları arasında dialoqun başlanması ilə qadınların cəmiyyətin bütün sahələri üzrə faydalı iştirakçılığını stimullaşdıracaq.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova qadınların öz hüquqlarını əldə etmək, bu hüquqlardan istifadə və onun nəticəsində qazanılan nailiyyətlərini bildirmək baxımından yaranan Beynəlxalq Qadınlar Günü münasibətilə bütün qadınları təbrik edib.
O qeyd edib ki, bizim bütün istiqamətlərdə fəaliyyətimiz insana, onun mənafeyinə, təhlükəsizliyinə yönəlsə də, imkanlarımız onları bundan məhrum edən səbəblərin aradan qaldırılmasına yönəlir.
Şanlı Qələbədən sonra Azərbaycanın ərazi bütövlüyünün təmin edildiyini bildirən sədr münaqişə dövründə hüquqları pozulmuş qadın və uşaqların ailələri ilə birgə öz yurd-yuvalarına qayıtmaları üçün genişmiqyaslı işlərin həyata keçirildiyini bildirib. O, Azərbaycanın bütün qanunvericiliyində mükəmməl şəkildə təsbit olunan hüquqların imkanlara və nəticələrə çevrilməsi istiqamətində həyata keçirilən çalışmaların səmərə verəcəyinə inamını ifadə edib.
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev vurğulayıb ki, Azərbaycan dövləti olaraq, siyasətimizdə hər zaman qadınların rolunun, onların fəaliyyətinin daha da genişləndirilməsini rəhbər tutmuşuq. Azərbaycan qanunvericiliyində qadın hüquqları tam şəkildə təsbit olunub, hər hansı ayrı-seçkiliyə yol verilməməsinə dair müddəalar təsdiqlənib. Nazirin sözlərinə görə ötən il nazirlik tərəfindən 30 mindən çox qadına aktiv məşğulluq tədbirləri təqdim edilib ki, buraya həm işədüzəltmə, həm özünüməşğulluq proqramı, peşə hazırlığı proqramı, ictimai işlər proqramı və digər müxtəlif proqramlar daxildir.
Elm və təhsil nazirinin müavini İdris İsayev gender bərabərliyinin təmin olunmasının beynəlxalq gündəliyə daxil edilmiş bir məsələ kimi həm də ölkəmizin qoşulduğu Dayanıqlı İnkişaf Məqsədlərindən birini təşkil etdiyini qeyd edib. Nazir müavini əlavə edib ki, bu istiqamətdə hər bir dövlət, o cümlədən Azərbaycan dayanıqlı və sistemli tədbirlər həyata keçirir. O, təhsilin gündəlikdə nəzərdə tutulan məsələlərin həllində ən vacib və həlledici məqam olduğunu bildirib, ölkə təhsilində qadın və kişilərin hüquqlarının bərabər olduğunu söyləyib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin kütləvi informasiya vasitələri ilə iş və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elşad Hacıyev birgə tədbirlər sayəsində cəmiyyəti narahat edən zorakılıq hadisələrinin qarşısının alınması istiqamətində çevik və operativ fəaliyyət həyata keçirildiyini bildirib. O, maarifləndirmə tədbirlərinin regionlarda da gücləndirilməsinin vacibliyini vurğulayaraq qeyd edib ki, qadın hüquqlarının qorunması bütün cəmiyyətin işidir. Qadın məsələləri milli yox, bəşəri məsələdir və bütün dünya ölkələri üçün aktualdır.
Daha sonra çıxış edən BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva, Böyük Britaniyanın ölkəmizdəki səfiri Fergus Auld, Avropa İttifaqının Azərbaycandakı səfiri Piter Mixalko, Niderlandın Azərbaycandakı səfiri Pauline Eizame, İsveçin Azərbaycandakı səfiri Tobias Lorentson gender bərabərliyinin qlobal gündəlikdə olan məsələ olduğunu vurğulayaraq, hər kəsi qadınların fundamental hüquqlarının qorunması və onların fəaliyyətinin dəstəklənməsi naminə səyləri birləşdirməyə çağırıblar.
BP-nin Azərbaycan, Gürcüstan, Türkiyə regionunda insanlar və korporativ mədəniyyət üzrə vitse-prezidenti Elnarə Məmmədova təmsil etdiyi qurumun fəaliyyətində qadınların roluna verilən qiymət və dəstəyi vurğulayıb.
Tədbir “Azərbaycanda Qadın Gündəliyinin əsas prioritetləri və tövsiyələri” mövzusu üzrə panel müzakirələrlə davam edib.
“Ədəbiyyat və incəsənət”
(09.03.2023)