Super User

Super User

“Ədəbiyyat və incəsənət” portalı “Qiraət saatı”nda Fəxrəddin Qasımoğlunun “Son gecə” detektiv romanının dərcinə başlayır. Öncədən deyirik, özü polis orqanlarında çalışan, ən dəhşətli, tükürpədici cinayətlərdən bilavasitə xəbər tuta bilən müəllifin romanı sizləri sonadək gərginlik içində saxlayacaq. Və siz bu romanı çox bəyənəcəksiniz.

 

 

23-cü dərc

 

* * *

Saat 00:45 idi. Cərrah qarşısındakı cansız bədənə baxıb,-Bunu yığışdır, on dəqiqədən sonra isə o birisini gətir, -deyə köməkçisinə əmr etdi.

Lazım olan orqanları çıxarıldıqdan sonra qurbanı ölümə məhkum olunduğundan digər cərrahi proseduralara ehtiyac qalmamışdı. Buna görə də əməliyyat cəmi əlli dəqiqə vaxt aparmışdı.

Onlar öz aralarında çox az, həm də hansısa xarici dildə danışırdılar. Daha doğrusu, təkcə həkim hərdən nəisə deyir, köməkçisi isə onun əmrlərini sözsüz yerinə yetirirdi.

Sifəti heç bir emosiya əks etdirməyən assistent yenə heç nə demədən gəncin cansız bədənini qucağına alaraq otaqdan çıxardı. Bir qədər irəlidə döşəməyə qoyub meyitləri yerləşdirmək üçün əvvəlcədən hazırladığı xüsusi qara kisələrdən birini götürdü.

 

* * *

Beynimi sakitləşdirmiş, fikirlərimi ardıcıllıqla düzməyə başlamışdım. Düşdüyüm vəziyyəti əsla həyəcan adlandırmaq olmazdı. Bu hiss ümumiyyətlə mənə yad idi. İndiyə qədər araşdırdığım cinayət işlərinin heç birində oxşar hisslər yaşamamış, son dərəcə soyuqqanlılıqla o işləri başa çatdırmışdım. Bu cinayətin araşdırmasında isə həm vaxtın azlığı məni sıxır, həm də sanki Nərmini xilas etməyə gecikəcəyimlə bağlı fikirlər ilk saatlardan rahatlıq vermirdi.

Deməli belə. Bütün versiyalarımı yoxladıqdan sonra onlardan ən arzuolunmazının, qızın insan orqanı alverçiləri tərəfindən qaçırıldığının üzərində dayandım. Həkimlərlə söhbətimdən məlum oldu ki, adətən belə insanları üç və ya dörd gün əməliyyata hazırlayır, onların bədəninə müxtəlif preparatlar, ən çox da mayelər yeridilir. Və ya dörd gün… Məhz bu “və ya” hər şeyi tərsinə qoyur, mənə son dərəcə lazım olan o dördüncü günü sual altına alırdı. Söhbət gənc bir qızın həyatını xilas etməkdən gedirdisə, bu müddəti belə işlərdə minimal müddət sayılan üç günlə hesablamalı, dördüncü gününsə heç adını da çəkməməliydim ki, mən elə belə etmişdim. Ancaq bu üç günün də tən yarısı keçdikdən sonra mənə müraciət olunmuşdu, qalan sutka yarım isə belə bir cinayətin açılması üçün sadəcə çox az vaxt idi.

Ancaq fakt faktlığında qalırdı, bu gün son, üçüncü gün hesab olunurdu. Son gün. Daha doğrusu, son saatlar, bəlkə də dəqiqələr. Bəlkə də artıq heç biri… Artıq dördüncü gün başlamışdı… Deməli son gün yox. Son gecə…

Olanları bir daha geriyə fırlayaq. Əlimizdə nə var? Qızı qaçıranın Babaxan olduğunu müəyyən etmişik. Bu işdə onunla olan sürücüdən kor-koranə istifadə edilmişdir və o, bu hadisələrin içərisində deyildir. Ancaq Tahir müəllimin evi qarşısında uşaqların dilənçiyə oxşatdıqları, Zabitənin sözlərindənsə əyyaş olduğu məlum olan sərgərdan böyük ehtimalla Babaxanın əlaltısıdır və belədirsə, deməli həm də cinayətkar dəstənin üzvüdür.

Yaxşı bəs, Babaxan qızı başqa yerdə gizlədirsə və ya qaçırdıqdan sonra onu kiməsə təhvil verərək bununla da öz işini bitirmişdirsə… Bu ərazi ilə də onu tamam başqa işləri bağlayırsa? Yox, düz gəlmir. Onun burada hər hansı bir işi, biznesi, yaşayış yeri olsaydı, sahə inspektorlarının gözündən yayınmazdı. Lap elə görüşdüyü qadın da. Polis bölməsindəki əməliyyat müşavirəsində iştirak etməyimin bir səbəbi də buna əmin olmaq idi. Babaxanı bu əraziyə bağlayan daimi bir səbəb yoxdur. O gah burada peyda olur, gah da uzun müddət buralara gəlmir. Bunu kapitan Qasımlı onun telefon koordinatlarının yerdəyişməsi tsiklləri ilə müəyyənləşdirməyə müvəffəq olub. Deməli, cəsarətlə demək olar ki, Babaxan haradasa buralardadır. Həmin məntiqlə Nərmin də.

Üstəlik də, nə maşınının, nə də özünün yerini müəyyən etmək olmur. Bu insan düşünülmüş şəkildə iz vermir. Maşınından istifadə etmir, mobil telefonunu söndürərək izlənə bilməməsi üçün hətta mobil nömrəsini də aparatdan ayırıb. İz verməməsi faktı da onun özünə qarşı yönəlmiş olur. Mən düz yoldayam. Yaxşı, bəs əlimdə olanlarla son hədəfi, həmin evin yerini necə müəyyən etməli?

Stop. Niyə bəs yalnız ev versiyasının üzərində dayanmışam? Bu da düzgun deyil. Bu ərazidəki hansısa obyektdən də belə məqsədlər üçün istifadə edilə bilər.

Baxışlarım maşının salonunun tavanında ilişib qalmışdı.

 

* * *

Həkimin dediyi on dəqiqə keçmişdi. Asissent birinci qurbanın cansız bədənini qara kisəyə yerləşdirmiş, növbəti qurbanın olduğu otağın qapısını açırdı.

Dəstədə hərənin konkret vəzifə bölgüsü var idi. Sonuncu meyiti də qablaşdırdıqdan sonra asissentin də işi bitmiş hesab olunacaq, həkimlə birlikdə buranı tərk edəcəkdilər.

Bundan sonrası Həsənağanın işi idi. O, öz maşınında gələrək şişmanın köməkliyi ilə bu cansız cəsədləri maşına yükləyib aparmalı, izləri itirməliydi.

Otağın qapısı səssizcə açıldı. Çarpayıda arxası qapıya tərəf uzanan kişi heç qapının açıldığını eşitmədi də. Asissent ona yaxınlaşıb çiyninə toxundu. Kişi uzandığı yerdə ona tərəf çevrilib gülümsədi. Asissent ardınca gəlməsini ona işarə edib qapıya tərəf getdi. Ona verilən dərmanların təsirindən bir növ zombiyə çevrilmiş kişi çarpayıdan qalxıb yöndəmsiz addımlarla onun ardıyca addımladı…

 

* * *

İlk dəfə idi ki, araşdırma zamanı yorğunluğun və yuxusuzluğun mənə güc gəlməsinə icazə vermişdim. Ancaq bu uzun çəkmədi və beynimi belə hallarda işləməyə başladığı rejimə kökləyə bildim.

Açar haradasa yaxında idi. Bunu hiss edirdim. Hər şey bu gün bitməlidir. Ya elə, ya belə, ikinci variant yoxdur. Bu qızı tapacağıma özümə söz vermişəm və sözümü tutacağam. Mütləq tutacağam. Açar, açar, açar…

Fikirləş, Bəxtiyar, fikirləş… Əgər Babaxan iz vermirsə, onun axtarışları bu nöqtədən sonra divara dirənibsə, onda hələlik onu bir kənara qoymalı, məsələyə başqa tərəfdən yanaşmalıyam. Onda haradan… İndiyənəcən yürütdüyüm mülahizələrimin davamı kimi, haradasa yaxınlıqdakı hansısa ev və ya obyektdə, böyük ehtimalla isə zirzəmisində gizli cərrahiyyə otağı fəaliyyət göstərməlidir. Bu mütləqdir. Heç bir oğurlanmış adamı hansısa dövlət və ya özəl tibb müəssisəsində diqqəti cəlb etmədən əməliyyat etmək mümkün deyildir. Bu işə gedən adamlar əvvəlcədən hazırlıq görməli, kifayət qədər sərmayə qoymalı idilər. Bu halda isə, çəkilən xərcləri ödəmək və qazanc götürmək üçün söhbət artıq bir nəfərin deyil, mütəmadi olaraq oğurlanan insanların orqanlarının çıxarılmasından gedə bilər ki, bu da Nərmini qaçıran cinayətkar dəstənin necə təhlükəli və geniş şəbəkəyə malik olmasından xəbər verir. Yaxşı, bəs sonra? Deyək ki, yaxınlıqda belə bir gizli laboratoriya fəaliyyət göstərir. Onda yenə də bu laboratoriya hansısa məkanda olmalıdır. Məkanısa nüəyyən edə bilmirəm. Yenə də bu yerdə hər şey dalana dirənir. Fikirləş, detektiv, fikirləş. O yeri, məkanı necə tapmalı? Stop...

Qəfil ağlıma gələn fikirdən necə çevrildimsə, qolum maşının şüşəsinə dəyib tap elədi. Onsuz da, bayaqdan sızıldayan qolumda dəhşətli ağrı hiss elədim. Ancaq buna əhəmiyyət verməyib cəld maşından düşdüm.

-Dəmirli!

Beş-altı addım aralıda dayanmış Dəmirli, -Buradayam, -deyib yanıma qaçdı.

-De görüm, rayonun işıq idarəsinin bu əraziyə baxan müfəttişini tanıyırsanmı?

-Əlbəttə, ərazimdəki bütün dövlət qurumlarının əməkdaşları ilə birbaşa əlaqəm var.

Bu cavan oğlanın gələcəyi çox ümidverici idi.

-Harada yaşayır?

-Yaxınlıqda olur.

-Onda təcili onunla əlaqə saxla, əgər evdədirsə, tez bir maşına minib özünü buraya çatdırsın, taksi pulunu mən verəcəyəm. Uzaqdadırsa, onda telefonu mənə ötür. Zəng çatmırsa və ya cavab vermirsə, onda evinə getməli olacaqsan. Cəld əlaqə saxla, cəld.

Vaxtım nə qədər az olsa da, yaxında yaşadığını öyrəndikdən sonra işıq idarəsinin işçisi ilə üzbəüz danışmağa üstünlük verdim. Cavabından asılı olaraq, özünün burada olmaması sonradan daha böyük vaxt itkisinə səbəb ola bilərdi. Üstəlik də gecə idi, yollar boş olduğundan özünü bura tez çatdıracaqdı.

Saata baxdım. Artıq saat 00:57 idi. Dəmirli tez telefonunu çıxarıb hansısa düymələri basdı. Telefonundan gedən zəng səsi gecənin sakitliyində aşkar eşidilirdi.

Bircə yatmayaydı, bircə cavab verəydi. İndi beynimdən keçən ancaq bu kəlmələr idi. Hə, cavab ver görək…

Nəhayət, yeddinci zəngdən sonra yuxulu kişi səsi cavab verdi.

-Xeyir ola, ay Orxan, nəisə olub?

-Olub, Kamil müəllim, olub. Ərazidəyəm. Təcili köməyiniz lazımdır, bununçünsə vaxt itirmədən Mərdanın dükanının yanına gəlməlisiniz.

Hər bir ərazidə qəribə adları ilə və hansısa əlaməti ilə tanınan bir neçə obyekt olur. Hətta İsmayıllı rayonunda Qadirin obyekti kimi məşhurlaşmış yol kənarı kababxanalardan biri onun ölümündən sonra rəhmətlik Qadirin obyekti kimi tanınmaqda davam edir. Mən də bir dəfə orada oturmuşam. Meşənin içində yerləşən bu kababxananın nə adı, nə də əsas yoldan dönmək üçün bir nişanı yoxdur. Ancaq elə qarşıma çıxan birinci adamdan rəhmətlik Qadirin obyektini soruşan kimi mənə elə nişan verdi ki, iki kilometr getdikdən sonra daha bələdçiyə ehtiyac olmadan birbaşa həmin kababxanaya aparan yola döndüm. Görünür Mərdanın dükanı da nə iləsə məşhurdur ki, Dəmirli küçə və ya ünvan əvəzinə oranı nişan verdi.

-Baş üstə, geyinim çıxıram.

-Taksi ilə gəlin, vaxt çox azdır.

-Başa düşdüm, gəlirəm…

 

 

Davamı var

 

 “Ədəbiyyat və incəsənət”

(30.05.2023)

 

 

Çərşənbə axşamı, 30 May 2023 14:30

Milli Dram Teatrı Mingəçevirə qastroldadır

Azərbaycan Akademik Milli Dram Teatrının kollektivi mayın 29-da “Ah, bu uzun sevda yolu” tamaşasını Mingəçevir Dövlət Dram Teatrında nümayiş etdirib. Nümayiş Mədəniyyət Nazirliyinin Ümummilli Lider Heydər Əliyevin 100, Azərbaycan peşəkar milli teatrının yaranmasının 150 illiyinə həsr edilmiş silsilə tədbirlər çərçivəsində may ayı üçün regionlara təşkil olunan qastrol səfərləri çərçivəsində gerçəkləşib.

 

Dramaturq Əli Əmirlinin eyniadlı əsəri əsasında hazırlanan səhnə əsərinin bədii rəhbəri və quruluşçu rejissoru mərhum rejissorumuz, Xalq artisti Azər Paşa Nemətov, rejissoru Anar Sadıqov, rəssamı əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, bəstəkarı xalq artisti Siyavuş Kərimidir.

Səhnə əsəri Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanıb.

Rolları Əməkdar artistlər Anar Heybətov (Müşfiq), Münəvvər Əliyeva (Dilbər), Ayşad Məmmədov (Frençli kişi), Xalq artisti Hacı İsmayılov (Müdrik şair), aktyor Elnar Qarayev (Dost şair), Əməkdar artistlər Elşən Rüstəmov (Novator şair), Mehriban Xanlarova (Qadın şair), aktyorlar İlyas Əhmədov (Düşmən şair), Vüsal Mustafayev (Qorxaq şair), Xədicə Novruzlu (Gülər), Rada Nəsibova (Qadın) və Əməkdar artist Elşən Cəbrayılov (aparıcı) ifa ediblər.

 

“Ədəbiyyat və incəsənət”

(30.05.2023)

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu və Macarıstanın Ötvöş Lorand Universiteti arasında Əməkdaşlıq Memorandumu imzalanıb. Bu barədə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu məlumat verib.

 

Memorandumu Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu adından prezident Günay Əfəndiyeva, Ötvöş Lorand Universiteti adından isə rektor Laslo Borhi imzalayıblar.

Sənəd Fond və Universitet arasında Türk mədəni irsinin təbliğ edilməsi məqsədilə birgə layihələrin həyata keçirilməsi, Universitet nəzdində “Türk Dünyası üzrə Tədqiqat Mərkəzi”nin yaradılması, nəşrlərin birgə tərcümə edilməsi, təhsil müəssisəsinin bu istiqamətdə araşdırma aparan tələbələrinə dəstəyin göstərilməsi, memorandumun icrası ilə bağlı mütəmadi müzakirələrin aparılması kimi maddələri özündə ehtiva edir.

Memorandum gələcəkdə Fond və Universitet arasında Türk dünyasının zəngin mədəni irsinin qorunması və təşviq edilməsi sahəsində əməkdaşlığın daha da genişləndirilməsini nəzərdə tutur.

Qeyd edək ki, 1635-ci ildə əsası qoyulan Universitet Macarıstanın ən böyük və tanınmış təhsil ocaqlarından biridir. 25 000-nə yaxın tələbəsi olan universitetdə 38 bakalavriat, 96 magistr və 118 doktorant proqramı üzrə kadr hazırlığı aparılır.

 

“Ədəbiyyat və incəsənət”

(30.05.2023)

Moskvada, Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisindəki (XTNS) “Azərbaycan” pavilyonunda Azərbaycanın Müstəqillik Gününə həsr edilmiş kinonümayiş təşkil olunub.

 

AZƏRTAC xəbər verir ki, “Son iclas” filminin nümayişi “RetroSpektiva” kinoklubunda keçirilib. 

Tədbirin əsas məqsədi gənc müstəqil dövlətin hökuməti tərəfindən çətin şəraitdə hakimiyyətin ötürülməsi barədə qəti qərarın verildiyi Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) şanlı tarixinin son günlərinin ab-havasını duymağa kömək etməkdir. Filmdə AXC-nin banilərinin respublikanın suverenliyi uğrunda düşmənlərlə son günədək fədakar və inadcıl mübarizə aparmalarından söhbət açılır. Filmdə mühüm tarixi hadisəyə - Azərbaycan Xalq Cümhuriyyətindən uzun illər sonra Azərbaycanın dövlət müstəqilliyi qazanmasına xüsusi diqqət ayrılıb. 

“RetroSpektiva” kinoklubu XTNS-dəki “Azərbaycan” pavilyonunun və “Doğma Project” maarifləndirici platformanın birgə layihəsidir. Onun fəaliyyəti müasir Azərbaycan kino sənətinin tanınmasına yönəldilib.

 

“Ədəbiyyat və incəsənət”

(30.05.2023)

Braziliyanın paytaxt şəhərində Azərbaycanın Müstəqillik Günü münasibətilə diplomatik ziyafət, həmçinin Xalq artisti, ustad musiqiçi Ənvər Sadıxov ilə pianoçu bəstəkar, Əməkdar artist Emil Əfrasiyabın iştirakı ilə konsert təşkil olunub.

 

Azərbaycanın Braziliyadakı səfirliyindən AzərTAC-a bildirilib ki, tədbir Braziliyanın milli ordusunun orkestrinin təntənəli ifasında hər iki ölkənin Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. 

Çıxış edən səfir Rəşad Novruz ölkəmizin qədim adət-ənənələrə, zəngin təbii və insan sərvətlərinə, əzəmətli tarixə və möhkəm müstəqillik təməlinə malik olduğu barədə tədbir iştirakçılarına məlumat verib. Bu gün Azərbaycan dövlətinin başçısı İlham Əliyevin praqmatik xarici siyasəti və şəffaf dövlət idarəçiliyi nəticəsində ölkənin siyasəti, iqtisadiyyatı, mədəniyyəti, cəmiyyətinin ildən-ilə gücləndiyini bildirən səfir bu müdrik siyasi xəttin təməlində bir güclü iradənin, bir tarixi şəxsiyyətin durduğunu qeyd edib. O, bu xüsusda Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi, beynəlxalq səviyyədə mövqeyinin tanınması və xalqımızın rifahının təmin edilməsində əvəzsiz rol oynadığını vurğulayıb.

Daha sonra Braziliya-Azərbaycan Parlamentlərarası Dostluq qrupunun həmsədri senator Nelsinyo Trace və Braziliya Xarici İşlər Nazirliyinin yüksəkvəzifəli rəsmisi çıxış ediblər. Onlar öz çıxışlarında Azərbaycanın Braziliya üçün regionda əhəmiyyətli tərəfdaş olduğunu, ikitərəfli münasibətlərin daha da gücləndirilməsi üçün kifayət qədər siyasi iradə, resurs və imkanların olduğunu qeyd ediblər. Hər iki natiq 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin elan olunmasını ölkəmizin ilk müstəqillik addımı kimi dilə gətirib. Azərbaycan ilə bütün sahələrdə müsbət dinamikanın qorunmasının və xüsusilə parlamentlər arasında əlaqələrin gücləndirilməsinin vacibliyini vurğulayıblar.

Tədbir Azərbaycanın ən gözəl caz ənənələri ilə davam edib. İfaçılarımız tərəfindən “Yenilməz batalyon”, “İki dünya”, “Əhməd haradadır - popurri”, “Uzundərə rəqsi”, “Şərq və Qərb”, “Nueva” və Ulu Öndərin əbədi adı şərəfinə “Ataya məktub - ithaf” əsərləri ifa olunub. Əməkdar artist Emil Əfrasiyab “Ataya məktub” musiqisinin mahiyyəti barədə tədbir iştirakçılarına məlumat verib, bu əsəri Ulu Öndər Heydər Əliyevin şanlı xatirəsinə həsr etdiyini vurğulayıb.

Musiqiçilərin çıxışı tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb. 

Tədbirdə Prezident Lula da Silvanın nazir səlahiyyətli müşaviri, Braziliya Hökumətindən iki nazir müavini, bu ölkədə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, federal və bəzi ştatların yerli hökumət nümayəndələri, senatorlar və federal deputatlar, KİV nümayəndələri və tələbələr iştirak ediblər.

 

“Ədəbiyyat və incəsənət”

(30.05.2023)

Çərşənbə axşamı, 30 May 2023 12:15

Nigar Arif ispan radiosunda

İspan radiosunda - “Radio Eventos” da dünyanın müxtəlif ölkələrindən olan tanınmış şairlərin şeirləri ispanca tərcümədə Kolumbiyadan olan yazar - Laskiaf Amortegui- nin ifasında səsləndirilib. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, həmin 18 şair arasında Azərbaycan təmsilçisi, istedadlı gənc şair Nigar Arif də olub. Həmyerlimiz “Correr tras la infancia”(“Uşaqlığın dalınca”) şeiri ilə Azərbaycanı radio antalogiyasında təmsil edib.

 

“Ədəbiyyat və incəsənət”

(30.05.2023)

“İRS” beynəlxalq jurnalının ərəb dilində “İRS-Turas” adında növbəti sayı nəşr olunub. Jurnalın yeni sayı Azərbaycanın ərəb ölkələri ilə diplomatik, mədəni və iqtisadi əlaqələri haqqında baş redaktor Musa Mərcanlının yazısı ilə açılır. Ərəb tədqiqatçısı Əhməd Tarabikin məqaləsində bu əlaqələrin tarixi, ikitərəfli və çoxtərəfli münasibətlər daha geniş təhlil fonunda oxuculara çatdırılır.

 

Tanınmış jurnalist Umniya İbrahimin Azərbaycanın və Qafqazın mədəniyyət paytaxtı Şuşanın 28 ildən sonra düşmən tapdağından azad edildiyi, hazırda şəhərdə işğalın nəticələrinin aradan qaldırılması üçün fəal iş aparıldığı, Qarabağda tarixi abidələrin və memarlıq irsinin bərpasının həyata keçirildiyi haqqındakı məqaləsi ərəb oxucularının böyük marağına səbəb olacaq. Qarabağ mövzusunun davamı kimi tədqiqatçı Ömər Əhməd işğal olunmuş ərazilərin Ermənistan tərəfindən minalanması, bunun törətdiyi fəsadlar konkret faktlar və fotoşəkillərlə təqdim olunur. Məqalədə qeyd olunur ki, torpağa basdırılmış saysız-hesabsız minalar insanlıq əleyhinə cinayət olmaqla bərabər, onlarla dinc əhalinin ölümünə, şikəst olmasına gətirib çıxarıb. Çox böyük ərazidə basdırılmış minalara görə işğaldan azad edilmiş bölgələrdə insanların öz doğma yurdlarına dönməsi yubanır və müntəzəm faciələrə səbəb olur.

Bunlardan əlavə, Azərbaycanın yeganə ərəbdilli jurnalı olan İRS-Turasın bu sayında ölkənin milli mətbəxi haqqında ərəb müəllifi Suad Bəşirin, turizm potensialı barəsində Əhməd Sami Elaydinin məqalələri ərəb oxucularına Azərbaycan haqqında geniş bilgi verir. Jurnalın bu sayında digər maraqlı məqalələr də öz nəfis tərtibatı ilə diqqəti cəlb edir.

 

“Ədəbiyyat və incəsənət”

(30.05.2023)

“Ədəbiyyat və incəsənət” portalı Açıq portfel rubrikasının növbəti statistikasını Dövlət Turizm Agentliyinə istinadən verir. 

 

2022-ci ilin aprel ayı ilə müqayisədə bu ilin aprel ayında Səudiyyə Ərəbistanından olan ziyarətçi sayında 3 dəfə artım müşahidə olunub. Eyni zamanda Səudiyyə Ərəbistanı cari ilin aprel ayında ölkəmizə həyata keçirilən uçuşların statistikasında ilk beşlikdə yer alır. 2023-cü ilin ilk dörd ayının statistikasına əsasən isə Səudiyyə Ərəbistandan olan ziyarətçilər 10-cu yerdə qərarlaşıb. 

Hədəf bazarlar sırasında Yaxın Şərq ölkələri arasında Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər və İsrail əsas hədəf ölkələr kimi müəyyənləşdirilib. Hazırda Səudiyyə Ərəbistanının “Flynas” hava yolları şirkəti Bakı və Ər-Riyad arasında birbaşa reyslər həyata keçirir. Bu həftə Azərbaycan Turizm Bürosu Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən beynəlxalq “Riyad Səyahət Sərgisi”ndə də iştirak edib.

 

“Ədəbiyyat və incəsənət”

(30.05.2023)

“Ədəbiyyat və incəsənət” portalı Mətbuat Şurasının sədri, Azərbaycan Yazıçılar Birliyi sədrinin müavini Rəşad Məcidin “Vətən sevgisiylə çırpınan ürək” yazısını təqdim edir.

 

Azərbaycan Prezidenti İlham Əliyevin  Kəlbəcər və Laçında iştirak etdiyi çoxsaylı açılış və təməlqoyma mərasimlərini, 30 ildən sonra yurduna dönən laçınlılarla görüşünü, söylədiyi fikirləri, verdiyi mesajları izləyəndə adam həm heyrətlənir, həm də qürur hissi keçirir.

Kadrlarda gözə dəyən tozlu, palçıqlı maşınlar da Kəlbəcər yolunun özünəməxsusluğunu, relyefin çətinliyini xatırlatmaqla səfərin yükü və ağırlığından xəbər verir. İki gündə 20-dən artıq tədbir! Vətən sevgisi və qalibiyyət Ruhu olmadan bunları təkcə enerji hesabına reallaşdırmaq mümkünsüzdür. Cənab Prezidentin bu sonsuz Vətən sevgisi, tükənməz enerjisi bütün ölkəyə sirayət edir, ətrafı, insanları da bürüyür və fəxarət, qürur hissi doğurur.

Mayın 10-da Ümummilli liderin doğum günündə Şuşadan etdiyi müraciətində “...Bu Zəfər, eyni zamanda, hər birimizin üzərinə əlavə məsuliyyət qoyur. Biz bu Zəfərə layiq olmalıyıq” - deyən Ali Baş Komandan qeyri-adi enerjisi və sarsılmaz Ruhuyla Zəfərimizin ən layiqli davamçısı olduğunu hər gün, hər an hiss elətdirir.

Hələ 10 il əvvəl - 2013-cü ildə cənab Prezidentin qarşısında çıxış edərkən demişdim:

“Bu gün inanırıq ki, Sizin rəhbərliyinizlə, Sizin Ali Baş Komandanlığınızla Azərbaycan torpaqları işğaldan azad olunacaq, Azərbaycan bayrağı Şuşada dalğalanacaq...

Biz buna inanırıq. 

Bu inama əsas verən Sizin qurduğunuz, yaratdığınız qüdrətli Azərbaycandır, gördüyünüz böyük işlərdir, reallaşdırdığınız arzulardır, gerçəkləşdirdiyiniz xəyallardır.

...Gördüyünüz böyük işlərə, bu ağayana, təmkinli görünüşünüzün arxasında Vətən sevgisi ilə çırpınan ürəyinizə görə Sizə dərin təşəkkürümü bildirirəm. Allah Vətənimizi qorusun, Allah Sizi qorusun!”

Bütün bu möcüzəvi fəaliyyətin özəyində Vətən sevgisiylə çırpınan ürəyin durduğuna isə hər gün bir daha əmin oluruq - elə bu iki gündə əmin olduğumuz kimi.

Durmadan, dayanmadan Qarabağın, Şərqi Zəngəzurun dirçəldilməsinə, abadlığına çalışan Prezidentin fəaliyyətini, Kəlbəcər və Laçındakı heyrətamiz quruculuq işlərini, 30 ildən sonra yurduna dönən laçınlıların alqış və dualarını həyəcansız izləmək mümkün deyil.

Var olun, Cənab Prezident!

Sizinlə qürur duyuruq!

Tanrı Vətənimizi, Xalqımızı, Sizi qorusun!..

 

“Ədəbiyyat və incəsənət”

(30.05.2023)

“Ədəbiyyat və incəsənət” portalı Mətbuat Şurasının sədri, Azərbaycan Yazıçılar Birliyi sədrinin müavini Rəşad Məcidin “Vətən sevgisiylə çırpınan ürək” yazısını təqdim edir.

 

Azərbaycan Prezidenti İlham Əliyevin  Kəlbəcər və Laçında iştirak etdiyi çoxsaylı açılış və təməlqoyma mərasimlərini, 30 ildən sonra yurduna dönən laçınlılarla görüşünü, söylədiyi fikirləri, verdiyi mesajları izləyəndə adam həm heyrətlənir, həm də qürur hissi keçirir.

Kadrlarda gözə dəyən tozlu, palçıqlı maşınlar da Kəlbəcər yolunun özünəməxsusluğunu, relyefin çətinliyini xatırlatmaqla səfərin yükü və ağırlığından xəbər verir. İki gündə 20-dən artıq tədbir! Vətən sevgisi və qalibiyyət Ruhu olmadan bunları təkcə enerji hesabına reallaşdırmaq mümkünsüzdür. Cənab Prezidentin bu sonsuz Vətən sevgisi, tükənməz enerjisi bütün ölkəyə sirayət edir, ətrafı, insanları da bürüyür və fəxarət, qürur hissi doğurur.

Mayın 10-da Ümummilli liderin doğum günündə Şuşadan etdiyi müraciətində “...Bu Zəfər, eyni zamanda, hər birimizin üzərinə əlavə məsuliyyət qoyur. Biz bu Zəfərə layiq olmalıyıq” - deyən Ali Baş Komandan qeyri-adi enerjisi və sarsılmaz Ruhuyla Zəfərimizin ən layiqli davamçısı olduğunu hər gün, hər an hiss elətdirir.

Hələ 10 il əvvəl - 2013-cü ildə cənab Prezidentin qarşısında çıxış edərkən demişdim:

“Bu gün inanırıq ki, Sizin rəhbərliyinizlə, Sizin Ali Baş Komandanlığınızla Azərbaycan torpaqları işğaldan azad olunacaq, Azərbaycan bayrağı Şuşada dalğalanacaq...

Biz buna inanırıq. 

Bu inama əsas verən Sizin qurduğunuz, yaratdığınız qüdrətli Azərbaycandır, gördüyünüz böyük işlərdir, reallaşdırdığınız arzulardır, gerçəkləşdirdiyiniz xəyallardır.

...Gördüyünüz böyük işlərə, bu ağayana, təmkinli görünüşünüzün arxasında Vətən sevgisi ilə çırpınan ürəyinizə görə Sizə dərin təşəkkürümü bildirirəm. Allah Vətənimizi qorusun, Allah Sizi qorusun!”

Bütün bu möcüzəvi fəaliyyətin özəyində Vətən sevgisiylə çırpınan ürəyin durduğuna isə hər gün bir daha əmin oluruq - elə bu iki gündə əmin olduğumuz kimi.

Durmadan, dayanmadan Qarabağın, Şərqi Zəngəzurun dirçəldilməsinə, abadlığına çalışan Prezidentin fəaliyyətini, Kəlbəcər və Laçındakı heyrətamiz quruculuq işlərini, 30 ildən sonra yurduna dönən laçınlıların alqış və dualarını həyəcansız izləmək mümkün deyil.

Var olun, Cənab Prezident!

Sizinlə qürur duyuruq!

Tanrı Vətənimizi, Xalqımızı, Sizi qorusun!..

 

“Ədəbiyyat və incəsənət”

(30.05.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.