Super User

Super User

Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli Qazaxıstanın ölkəmizdəki səfiri Alim Bayel ilə görüşüb. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir. 

Görüşdə nazir Azərbaycan və qazax xalqlarının tarixi dostluq münasibətlərindən bəhs edərək ölkələrimiz arasında bir sıra sahələrdə olduğu kimi, mədəni əlaqələrin də inkişaf etdiyini vurğulayıb. Mədəniyyətin və incəsənətin müxtəlif sahələrində əməkdaşlığın daha da möhkəmləndirilməsi üçün birgə layihələrin həyata keçirilməsinin önəmi qeyd olunub.

Səfir Alim Bayel iki ölkə arasında əlaqələrin yüksək səviyyəsindən məmnunluğunu bildirib. Diplomat mədəniyyət sahəsində əməkdaşlığın dərinləşdirilməsinə töhfə verəcək geniş imkanların olduğunu vurğulayıb.

Görüşdə, həmçinin dekabrın 2-5-də ölkəmizdə keçiriləcək Qazaxıstan mədəniyyəti günləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

“Ədəbiyyat və incəsənət”

(01.12.2023)

 

Heyran Zöhrabova, "Ədəbiyyat və incəsənət" 

 

Və nəhayət payızın yavaş-yavaş qışla əvəzləndiyi, ilin son ayına - dekabr ayına gəlib çatdıq.

Gəlin birlikdə ölkə və dünya tarixində 1 dekabra təsadüf edən ən yaddaqalan hadisələrə bu dəfə bir başqa gözlə nəzər salaq. 

 

1 dekabr ölkə tariximizdə çox mühüm və əlamətdar bir gündür. 28 illik əsarətdən sonra nəhayət Laçın rayonu 2020-ci ilin bu günündə erməni işğalından azad edilmişdir.

2020-ci ildə baş verən  44 günlük vətən müharibəsindəki qalibiyyətdən sonra Azərbaycan prezidenti İlham Əliyevin, Rusiya prezidenti Vladimir Putinin və Ermənistan baş naziri Nikol Paşinyanın 2020-ci il noyabrın 10-da imzaladıqları bəyanata əsasən dekabr ayının 1- i Laçın rayonu Azərbaycana təhvil veridi.

Qeyd edək ki, Laçın rayonu 1992-ci ilin may ayında ermənilər tərəfindən işğal olunmuşdu.

İşğal zamanı 264 nəfər şəhid olmuş, 65 nəfər girov götürülmüş, 103 nəfər sağlamalığını itirib. 

Dünya tarixində isə 1 dekabr qara dərili Roza Parksın adı ilə bağlıdır.

1955-ci ildə ABŞ-da irqi ayrıseçkiliyin dövlət səviyyəsində hökm sürdüyü bir dövrdə Roza Parksın atdığı bir addım tarixi dəyişdi.

Belə ki, sözü gedən dövrdə ABŞ-ın bəzi əyalətlərində irqi ayrıseçkilik artıq son həddə çatmışdı. Buradakı avtobuslarda ağ dərililərlə qara dərililər eyni sırada otura bilməzdi. Ön oturacaqlarda sadəcə ağ dərililər əyləşə bilərdi, qara dərililər isə yalnız arxa oturacaqlarda əyləşməli idi. Orta sradakı oturacaqlar isə dəyişən statuslu idi. Bu oturacaqlarda ağ dərililərin sırası dolana qədər qara dərililər də əyləşə bilərdilər. Əgər bütün yerlər dolu olduğu zaman avtobusa bir ağ dərili minərdisə bu zaman qara dərili qalxıb öz yerini ağ dəriliyə verməli və özü ayaq üstə səfər etməliydi. Ayaq üstə duracaq yer də qalmadığı təqdirdə isə qaradərili avtobusdan enməli idi. Bunlarla yanaşı həmçinin qara dərililər ön qapıdan avtobusa qalxıb gediş haqqını ödədikdən sonra təkrar avtobusdan enərək arxa qapıdan minməli idilər. 

1955-ci ilin 1 dekabrında ABŞ-ın Alabama ştatının  Montqomeri şəhərində Roza Parks adlı 42 yaşlı qaradərili dərzi bir qadın axşam saat 6-da işdən çıxıb evə gedərkən mindiyi avtobusda ortadakı dəyişən statuslu oturacaqların birində əyləşir. 

Səfər zamanı sürücü dəyişən statusdakı oturacaqlarda oturan qara dərililərdən qalxıb yerlərini ağ dərililərə verməyi tələb edir. 

Bu oturacaqlarda əyləşən qara dərililər bir-bir qalxıb yerlərini ağ dərililərə verdiyi bir zamanda Roza Parks avtobusda çox böyük təccüb doğuran bir davranış sərgiləyir. Roza az öncə onun yanında pəncərə qırağında əyləşən, lakin sürücünün qalxın əmrindən sonra yerindən qalxan qara dərili kişinin yerinə keçib oturur və laqeyd bir şəkildə sürücünün gözlərinin içinə baxır. Sürücü əsəbləşərək Parksdan niyə qalxmadıgını soruşduqda O, "Yerimi bir başqasına verməli olduğuma inanmıram" söyləyir.

Belə olduqda sürücü polis çağırır və Roza Parks həbs olunur. 5 dekabrda keçiriən məhkəmədə Roza Parks ictimaiyyət qaydalarına tabe olmadığı səbəbi ilə 14 dollarlıq cərimə cəzası alır. Məhkəmə günü şəhərin bütün qaradərili sakinləri oraya axışır. Və irqçi ayrıseçkiliyə qarşı böyük bir hərəkat başlayır. Uzun illər haqsızlığa məruz qalan qaradərililər öz haqlarının müdafiəsinə qalxır.

Sözü gedən hərəkata rəhbərliyi isə Martin Lüter Kinq edir.

Tam 381 gün boyunca Montqomeridə bir nəfər qara dərili belə avtobusa minmir. Hamı öz işinə, dərsinə, bir sözlə hər yerə  piyada gedir. Maşını olan qaradərililər digər qaradərililəri lazım olan ünvana avtobus gediş haqqısı qiymətinə  öz maşınları ilə aparırlar. Hətda qaradərililərin bu hərəkatına bəzi ağdərililər də qoşulur. Ağdərili ev xanımları da bu hərəkata dəstək olaraq eyni məbləğə qaradərililəri öz avtomobilləri ilə daşımağa başladı. Avtobus sərnişinlərinin 70%-dən çoxu qaradərili olduğu üçün avtobus şirkətləri böyük maddi ziyana uğradı.

Vəziyyətin belə olduğunu görən ağdərili irqçilər qaradərililərə hucumlar etməyə başlayırlar. Lakin, qara dərililər başladıqları mübarizədən vaz keçməyərək onu sona qədər davam etdirirlər. Və nəhayət 21 dekabr 1956 cı ildə məhkəmə qərarı ilə qaradərililər artıq avtobusda istədikləri yerə otura bilmək hüququ aldılar. 

Ağdərili irqçilərin bu qərar münasibəti çox sərt oldu. Onlar avtobuslara silahlı hucumlar təşkil etməyə başladılar. Roza Parks 1957-ci ildə ölüm hədələrinə məruz qalması, özünün və ailə üzvlərinin ağdərililər tərəfindən heç yerdə işə götürülməməsi səbəbindən əvvəl Vircinyaya daha sonra isə Detroitə köçməyə məcbur olur. Lakin Roza Parks başladığı mübarizəni burada da davam etdirir. 

Martin Lüter Kinqin rəhbərlik etdiyi etiraz dalğası isə getdikcə daha da genişlənir və nəhayət 1964-cü ildə dərinin rənginə görə ayrıseçkiliyə son qoyan vətəndaş hüquqları haqqında qanunun qəbul olunmasına nail olur.

Bundan sonra bu hərəkatın simvoluna çevrilən Roza Parks bir çox ad və medallars laiq görülür. 

O, Time jurnalı tərəfindən XX əsrin insan haqları müdafiəçisi seçilir. 

Roza Parks 2005-ci ildə vəfat edib, onun vəfat etdiyi gün Montqomeri və Detroitdə avtobuslardakı ilk oturacaqlara matəm lentləri bağlanıb. 

ABŞ-ın keçmiş dövlət katibi Konoliza Rays "Roza Parks olmasaydı mən dövlət katibi ola bilməzdim söyləmişdir.

Qeyd edək ki, başlıqdakı şəkli Roza Parks başlatdığı hərəkat uğurla nəticələndiyi zaman elə həmin avtobusda çəkdirmişdir. Və həmin avtobus da bu gün Henri Ford muzeyində saxlanılır.  Aşağıda gördüyünüz şəkildə Obamma həmin avtobusda və məhz həmin oturacaqda əyləşib. 

Bəli əziz oxucu bəzən illərlə davam edən haqsızlığa qarşı atılan  kiçik bir addımla bütöv bir tarixi dəyişir. 

 

"Ağın qaradan, qaranın da ağdan heç bir üstünlüyü yoxdur."

Məhəmməd peyğəmbər.

 

“Ədəbiyyat və incəsənət”

(01.12.2023)

Cümə, 01 Dekabr 2023 17:00

“Gedən qayltmaz” - ESSE

 

Gülnaz Talıbova, “Ədəbiyyat və incəsənət”

 

 

Payız idi. Yenə küləyi özüylə gətirmişdi.

Külək, niyə belə əsirsən, külək,

Niyə ümidimi kəsirsən, külək?!

Külək onu məndən aldı, özünə yoldaş edib əsməyə başladı. O isə heç müqavimət göstərmədən dönüb dedi:

-Artıq mən küləyəm, məni sınama. Mən özgəyəm, məni saxlama.

Axı doğmalaşmışdıq. Necə oldu ki, özgə olduq?

Mən qışqırdım:

 -Külək, məni yaralama. Onu məndən aralama.

Mənə sarı boylanan olmadı.

 

Ara-sıra mənə deyərdi: "Külək olsam, saçlarını daramağa qoyarsanmı?" 

Ancaq indi nəinki saçlarım, ən ağrılı orası idi ki, xəyallarım da pərişan olmuşdu.

Külək ümidimi kəsə bilmədi. Onların dalınca  qaçmağa başladım.

Ardınca o qədər yüyürdüm ki,

Qayıdıb özümə çata bilmədim.

 

Günlər keçdi. Otağımda oturmuşdum. Pəncərəni azacıq açıq saxlamışdım. Öz-özümə oxuyurdum:

-Pəncərəmin pərdəsini havalandıran rüzgar,

dənizləri köpük-köpük dalğalandıran rüzgar.

 Uzaqlardan səs gəldi:

 -Əs, əs, dəli küləyim, ol, mənim köməyim. De, ona sevgimi yenə necə söyləyim?

Bu səs mənə çox tanış idi. Az keçmədi ki, pəncərəm taybatay açıldı. Ah! Hansı üzlə otağıma daxil olmuşdu? Dili topuq çala-çala dedi:

-Bağışla, bağışla, məni bağışla.

Mənsə cavabında…

Mənsə cavabında söylədim ki:

 -Payızdan qayıtmaq olmaz bahara,

 sən mənim deyilsən, mənim deyilsən...

Gedən qayıtmaz. Qayıdışı da yersiz olar…

 

“Ədəbiyyat və incəsənət”

(01.12.2023)

 

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Yaradıcı Həftə” çərçivəsində dekabrın 3-də dünyanın ən böyük animasiya studiyası olan "The Walt Disney Studio"nun yaradılmasının 100 illiyi münasibətilə yubiley tədbiri keçiriləcək.

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, Nizami Kino Mərkəzində baş tutacaq tədbir Azərbaycan Animasiya Assosiasiyasının dəstəyi ilə reallaşacaq. Tədbir çərçivəsində saat 18:00-da “Mulan” (1998) filminin nümayişi nəzərdə tutulub.

1923-cü ildə Uolt Disney və Roy O.Disney tərəfindən qurulan “The Walt Disney Company” qısa müddətdə Amerika animasiyasında liderə çevrildi. İlk böyük uğuru 1928-ci ildə bu günə kimi də aktuallığını itirməyən “Mickey Mouse”la gəldi.

"Disney" 1937-ci ildə ilk tammetrajlı animasiya filmi olan "Ağca və yeddi cırtdan"la animasiyada inqilab etdi. Bugünkü gündə “Disney” filmləri, personajları və əyləncə parkları ilə tanınan multimedia nəhəngidir.

 

“Ədəbiyyat və incəsənət”

(01.12.2023)

 

Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Yaradıcı Həftə” çərçivəsində sabah - dekabrın 2-də Nizami Kino Mərkəzində Türk Dünyasının Yumor Festivalı keçiriləcək.

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, tədbir Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Tatarıstanın yumor dünyasının nümayəndələrini bir araya gətirəcək. Festivalda Türk dünyasının yumor ustaları “stand-up” janrında çıxışlar edəcək və sonda münsiflər heyətinin qiymətləndirməsinə əsasən ölkələrdən biri qalib seçiləcək.

Festival qarşılıqlı peşəkar və yaradıcı fəaliyyətin təşviq edilməsinə və bu sahədə birgə yaradıcı layihələrin həyata keçirilməsinə töhfə verəcək.

 

“Ədəbiyyat və incəsənət”

(01.12.2023)

 

Azərbaycan Dövlət Kukla Teatrı dekabr günlərində maraqlı səhnə əsərləri ilə çıxış edəcək.

Teatrın dekabr ayı üçün repertuarını təqdim edirik:

 

1 dekabr- “Karlson”

2 dekabr- “Turp”

2 dekabr- “Şəngülüm, Məngülüm”

3 dekabr- “Pinokkionun sərgüzəştləri”

8 dekabr- “Əlibaba və qırx quldur”

8 dekabr- “Çipollino”

9 dekabr- “Üç donuz balası”

9 dekabr- “Maşa və ayı”

10 dekabr- “Ağca və yeddi cırtdan”

10 dekabr- “Üç cəsur”

15 dekabr- “Oyaq gözəl”

15 dekabr- “Qoğal”

16 dekabr- “Ağ babanın nağılı”

16 dekabr- “Pişiyin evi”

17 dekabr- “Qızıl balıq”

17 dekabr- “Durna balığı”

22 dekabr- “Leyləyin hədiyyəsi”

22 dekabr- “Çipollino”

23 dekabr- “Düyməcik”

24 dekabr- “Cırtdan”

24 dekabr- “Qoğal”

29 dekabr- “Qış nağılı”

30 dekabr- “Qış nağılı”

31 dekabr- “Qış nağılı”

Biletləri şəhərin kassaları və iticket.az saytından əldə etmək olar.

 

“Ədəbiyyat və incəsənət”

(01.12.2023)

 

Dekabrın 2-də Şuşa Dövlət Musiqili Dram Teatrının səhnəsində balacalar üçün “Qırmızı papaq” tamaşası nümayiş olunacaq.

Uşaqlara maraqlı anlar bəxş edəcək səhnə əsəri balacaların bədii-estetik zövqünün formalaşması, eyni zamanda, onlarda kiçik yaşlarından yaradıcı sənətə məhəbbət və maraq aşılamaq məqsədilə hazırlanıb.

 

Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.

 

“Ədəbiyyat və incəsənət”

(01.12.2023)

Könül, “Ədəbiyyat və incəsənət”

 

Rubrikamızda Azərbaycan poeziyasının ən çox səs salmış, ən çox oxunan və əzbərlənən şeirlərini təqdim etməkdəyik. Unudulmaz sevgi şairimiz Nüsrət Kəsəmənlinin “Daha nağıllara inanmıram mən” şeirinin növbəsidir. 

 

Çapıb öz atını Ağatlı getdi,

Atları şimşəkdən qanadlı getdi,

Uşaq yaddaşımı qanatdı getdi,

Daha nağıllara inanmıram mən.

 

Nənəmin inamı, dərdli nağıllar,

Namərdə aldatdı mərdi nağıllar,

Bizi yuxulara verdi nağıllar,

Daha nağıllara inanmıram mən.

 

Uşaq ovutmağa bir noğul idi,

Sözlərdə yaşayan bir ağıl idi,

Yaxşı adamlar da bir nağıl idi,

Daha nağıllara inanmıram mən...

 

“Sim-sim”i sözlə yox, zorla açdılar,

Tilsimi min cürə yolla açdılar,

Him-cimi möhürlü qolla açdılar,

Daha nağıllara inanmıram nəm.

 

Fatmalar ayağı kəndirdə qalmır,

Xəmrimiz küt gedir, təndirdə qalmır,

Qarğalar tülküyə daha aldanmır,

Daha nağıllara inanmıram mən.

 

Acı həqiqətlər bal dadır indi,

Arısı olmayan bal satır indi,

Keçəli saçlılar aldadır indi,

Daha nağıllara inanmıram mən.

 

Elə yuxularda atlar kişnədi,

Divləri qazana saldım, bişmədi,

Gözlədim göylərdən alma düşmədi,

Daha nağıllara inanmıram mən!

 

“Ədəbiyyat və incəsənət”

(01.12.2023)

 

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində portalımızın Güney təmsilçisi Əli Çağla bu dəfə sizlərə Əli Qayıbın    şeirlərini təqdim edir. 

 

Əli Qayıb

Şeirlərində Qayıb təxəllüsü aparan Əli Rəştbər, 1980-cı ildə Qaradağın Gal kəndində dünya göz açıbdır. Atası Məhəmmədin kənddən köçməsi ilə 1990-cı ildə Urmu şəhərinə daşınırlar.

Əli Qayıbın hazırda üç kitabı ışıq üzü görübdür, onların adı: “Yol ağlasın” 2015, “Susqun fəryadıyam mən bu torpağın” 2017, “Salam olsun ozanlara” 2020.

Əli Qayıb bir mütərcim və yazar kimi də fəaliyyət göstərir. Onun hekayələri Güney  Azərbaycanın gündəliklərində və jurnallarında nəşr edilibdir.

 

AĞLAMAZDIM

 

Bilsəydim kədərim incidir səni,

Ürəyim dolanda heç ağlamazdım.

Vədəsiz küləklər ömür bağımın_

Yarpağın yolanda heç ağlamazdım.

 

Bilsəydim payıza bir isti sözsən,

Şaxtaya sazağa alovlu közsən,

Bilsəydim qışımda yoluma gözsən,

Baharım solanda heç ağlamazdım.

 

Nə varsa azadlıq, bütün dustaqlar,

Sənin əllərində olsa ıxtıyar.

Bilsəydim Qayıbın sən kimisi var,

Anamdan olanda heç ağlamazdım.

 

“Ədəbiyyat və incəsənət”

(01.12.2023)

Leyla Səfərova, “Ədəbiyyat və incəsənət”

 

Son zamanlar sözlərimin mənası yoxmuş kimi hiss edirəm bir az. Səbəbini sorğulayarkən daldım xəyallara, xatirələrə. Keçmişdən gələcəyə xəyallardan, ümidlərdən qurulan bir körpü düşün. Bir tərəfində sağda sən, solda mən. Və digər tərəfində isə gələcəklə bağlı qurduğumuz xəyallar və o xəyallarda yaşatdığımız qızımız. Sonra o körpünün bir ucunu buraxan sən, düşün.

Çıxıram o boş xəyalların zindanından artıq. Xəzan qoxusu var burnumda, gedişindən bəri unutmuşam yağışdan sonra gələn torpaq qoxusuna bənzər ətrini. Amma hələ də dinlədiyim mahnılar ilk səni xatırladır mənə. 

Ali Ashikarın da dediyi kimi, əvvəlkitək doğma deyiləm sənə. Hətta keçmişdən daha yadam son zamanlar. Yad etmək... Nə qəribədir. Bir zamanlar birlikdə gələcəyi xəyal etdiyin insanı indi tək yad etmək... Əvvəlkitək gözəl, saf deyil heç nə. Ətrafa baxıram, sevgilər boş, sevgilər yox... Mən yoluna qoya bilmirəm heç nəyi o tarixdən bəri. Dəqiqəsi dəqiqəsinə yadımdadır hər an, hər saniyə. Hər söz, hər cümlə. Yenə gecə saatları idi. Yenə həsrət qoxurdu hava. Yenə ağlayırdı göyüzü. Yağış yağırdı. Sanki buludlar sənə səslənirdi. "Demə. Bitirmə, getmə!" Deyə. Amma olmadı, nə dünya bacardı sənin sözlərinin qarşısında durmağı, nə mən bacardım eşitdiklərimin önündə gözyaşlarımı saxlamağı. 

Dayan! Mənə gecələrdən danış. Unutmaq istəyirəm bu pis anları, xatirələri. Xəyalını qurduğumuz qızımızdan, onun saçlarını necə hörəcəyindən danış. Mən də sənə isti kofenə neçə qaşıq şəkər atmağımı istədiyini soruşum. Xəyal olaraq qalacağını bilə bilə danışaq gələcəkdən. 

Sonra yenə dönək o körpüyə. Bütün qırıq taxtaları təmir edək əl birliyi ilə. İplərini bərkidək. Yıxılmasın xəyallarımız. Düşməsin uçurum aşağı...

Bizə yaraşmayan şeylər var, sevgilim. Ayrılıq kimi, həsrət kimi. Araya girən məsafələr kimi. Ulduzlar kimi. Ulduzları sevmirəm əvvəlkitək. Onlar ayırdı əllərini əllərimdən. Bir gecə yarısı, səssiz-sədasız, ayırdı əllərinin soyuqluğunu əllərimin istisindən.  Bəlkə də elə "günahkar ulduzlar"dır. Bəlkə də mənəm. 

Sən demiş kimi də varam, gəl, mənə gecələrdən danış. Mən yenə yazım əvvəlkitək.

 

“Ədəbiyyat və incəsənət”

(01.12.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.