
Super User
Uğur üçün 15 keyfiyyət - PEŞƏKARLIQ
Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”
Əslində, uğur formulası ümumi olduğu qədər də spesifikdir, yəni bir xalq üçün lazım olan uğur qazanmaq keyfiyyətləri başqa bir xalq üçün aparıcı olmaya da bilər. Məsələn, Azərbaycanda (ümumən Şərqdə) uğur formulasında mental qayda-qanunlara, davranış tərzinə istinadı, möhkəm ailə faktorunun, nümunəvi tərbiyənin rolunun hegemonluğunu, milli kökə və dini mənsubiyyətə bağlılıq faktorunu spesifikliyə aid edə bilərik.
Mən öz şəxsi təcrübəm, eləcə də illərdir ki, davam edən müşahidələrim nəticəsində uğurun qazanılmasında aşağıdakı parametrləri xüsusi olaraq qabardardım:
9) Peşəkarlıq.
Peşəkarlıq və diletantlıq. İki ayrı-ayrı qütblər. XII əsrdə yaşamış dahi Azərbaycan şairi Nizami Gəncəvi demişkən: «Kamil bir palançı olsa da insan, yaxşıdır yarımçıq papaqçılıqdan». Peşəkar palançı olmaq diletant papaqçı olmaqdan daha şərəflidir, Nizami Gəncəvinin təbirincə.
Peşəkarlıq özünə güvəndir, güclü olmaqdır, sahənin bilicisi olmağındır, qabaqcıl təcrübə, məktəb keçmək anlamıdır, işdən həzz duymağındır.
Diletantlıq isə gözüqıpıqlıq, inamsızlıq, stress və əsəb gərginliyidir. Əksərən bir sahə üzrə təhsil alıb digər sahədə işləyənlər, yaxud da seçdikləri sahə üzrə vaxtında lazımi bilik və praktik təcrübə qazanmayanlar diletantlar ordusunu təşkil edirlər. Bu cür təsadüfi adamların işdə uğur qazanacağı, təbii ki, real görünə bilməz.
Uğura yol mütləq peşəkarlıqdan keçir, bu aksiomdur.
***
Öncəki günlər isə digər parametrləri açıqlamışdım:
1) Nümunəvi tərbiyə almaq.
Həyatda uğur qazanmaqçün nümunəvi ailədən çıxmaq, ziyalı, dünyagörüşlü, cəmiyyət üçün etiket sayıla biləcək valideynlərdən tərbiyə almaq əlavə, hətta deyərdim ki, çox böyük şərt və stimuldur. Sonrakı mərhələdə bağça və məktəb müəllimlərindən, kollektivdə ustad və qabaqcıllardan, cəmiyyətdə liderlərdən, örnək götürüləcək hər bir şəxsdən əxz edilən tərbiyə, xarakter formalaşdıracaq öyüd, nəsihət və vərdişlər fərdin tam kamilləşməsinə xidmət edir, bu da onun uğur yolunda daha qətiyyətli addımlar atmasına təsir göstərir.
Nümunəvi tərbiyə alan insan sonucda mütləq özü nümunəvi tərbiyəsi olan insana çevriləcək. Bu tip insan da öz növbəsində ətrafındakılara tərbiyəli olmaq mədəniyyətini aşılamağa başlayır, gələcək nəslin tərbiyə əxz edərək formalaşmasına təkan verir.
Primitiv bir misal çəkim. Tərbiyəli olmaq o demək deyil ki, hər hansı bir məclisdə yeməyi süfrəyə dağıtmayasan. Tərbiyəli olmaq odur ki, yanında əyləşən şəxs bunu edəndə onu pərt vəziyyətə salmamaq üçün özünü görməməzliyə vurasan.
2) Möhkəm ailəyə malik olmaq.
Uğura doğru yönələn gəncin möhkəm, sağlam ailədən çıxması, bir-birini anlamaq, bir-birinə güzəştə gedə bilmək üstünlüklü, münasibətlərin inam və etibar üzərində bərqərar olduğu, dedi-qodusuz, qanqaraçılıqdan uzaq, problemsiz ailənin üzvü olması da şərtdir. Belə ailə bütün qüvvələrini həyat hədəfinə yönəltməkdə, bir növ, sənin səfərbəredicin ola bilir.
Burada kişi-qadın münasibətləri də vacib detaldır. Fikri və arzuları üst-üstə düşən ərlə arvadın həyatı qədər gözəl həyat ola bilməz. Möhkəm ailə faktorunun təməlində ailə başçısının ağıllı siyasət yürütməsi (ailəni kiçik dövlət adlandırırlar) başlıca rol oynayır. Gənclər ailə həyatı qurarkən mütləq doğru seçim zərurətini də lazımınca dərk etməlidir. Hər cəhətdən bir-birini təmin edən cütlüklər ailə həyatı qurmalıdırlar. Hətta, belə bir deyim də var: çalış özünlə bir boyda olan arvad alasan, özündən hündürünü alsan ayaqları altında qalıb taptalana bilərsən.
3). Milli kök və dini mənsubiyyətə bağlılıq.
Hər bir fərd öz milli kökünə bağlanmalıdır, dininə hörmət etməlidir. Min illər boyu gələn adət-ənənələr, davranış qayda-qanunları, atalar sözləri, məsəllər və digər folklor nümunələri, oyunlar və ayinlər birləşərək fərdin milli xarakterini formalaşdırır.
Milli kökə bağlı insan öz qabında olan insandır, başqa qabda isə insan heç vaxt özünü rahat hiss eləyə bilməz.
Milli kökü, dini olmayanın istinad nöqtəsi olmaz. İnsan nə qədər kosmopolit olsa belə yenə milli xarakterini qorumalı, nə qədər ateist olsa belə yenə xalqının dini inanclarına hörmət etməlidir.
4) Yüksək səviyyəli təhsil ala bilmək.
Təbii ki, ibtidai təhsil almaq mütləqdir, amma mən ali təhsili də uğur etalonunun bir parçası hesab edirəm. Həyatda bilik qazanmaq təhsilsiz də mümkün ola bilər. Ancaq ali təhsil özündə təkcə biliyi ehtiva eləmir, o, həm də biliyin qavranması tərzidir, düşüncə tərzidir, bilikdən necə istifadə etmək təlimçisidir. Universiteti mühiti insanın dünyagörüşünün formalaşmasında ən başlıca faktorlardandır.\
5) Sağlamlıq və fiziki durumun qənaətbəxş vəziyyəti.
Bəşəriyyət tarixində insan üçün sağlamlıqdan vacib bir nəsnənin adını çəkə bilən şəxs hələ mövcud olmayıb, olmayacaq da. Məşhur deyimdir, sağlam bədəndə sağlam da ruh olar.
Fiziki durumu zəif olan, xəstə olan insanın uğura doğru yolu, təbii ki, əngəllənir. Öncə özünü sağalt, fiziki durumunun qeydinə qal, sonra uğur yoluna çıx.
Məncə, hər bir insan xəstələnib həkimə getmək əvəzinə xəstələnməmək üçün həkimə getməlidir. Sağlam həyat tərzi – sağlam qidalanmaq, fiziki hərəkətdə olmaq, zərərli vərdişlərdən uzaq durmaq, təbiətlə vəhdətə sığınmaq – bax bütün bunlar uğur qazanmaq istəyən insanın xarakterik xüsusiyyətləri olmalıdır.
6). Yaxşı əhatə dairəsinə malik olma.
Səni kimlər əhatə edir, dost-tanışların kimlərdir, komandan kimlərdən ibarətdir, bunlar çox əhəmiyyətli nəsnələrdir və uğur qazanmaq istəyən insançün çox vacib şərtlərdəndir. Və çox maraqlıdır ki, bütün liderlik konsepsiyalarında lider olmaq şərti tək özünün liderlik qabiliyyətindən, avtoritarlığından ibarət deyil, həm də ardıcıllarının, ətrafının, sənin idarəçiliyində olanların bu işdə sənə nə dərəcədə dəstək durmalarından, onların iş qabiliyyətlərindən, sənin onlarla münasibətdə nə qədər demokratikliyə önəm verməyindən asılıdır.
İnsanın yaxşı ətrafa malik olması anlayışı çox dərin anlayışdır, yaşadığın mənzili, avtomobilini, pal-paltarını ara-sıra dəyişdiyin kimi lazımi anda və lazımi məqamda ətrafını da dəyişə bilməyin çox vacibdir.
7) Bol mütaliə, qabaqcıl təcrübənin mənimsənilməsi üstünlüyü.
Bol mütaliəli olmaq, təbii ki, insanı kamilləşdirməkdə, onun nitq və qabiliyyətlərinin inkişafında, bilikli, ünsiyyətcil, hazırcavab olmağında əvəzsiz rol oynayır. Kitab həyat müəllimidir, ondan yalnız öyrənmək, bəhrələnmək mümkündür.
Hazırkı İnformasiya Kommunikasiya Texnologiyalarının hədsiz inkişafı dövründə bol informasiya almağın zəruriliyi hər kəsə bəllidir. Bilik və informasiya, haradasa, uğur qazanmaq istəyən müasir insanın iki qolu anlamındadır, iki qanadı anlamındadır.
Mütaliənin ikili xarakterini də nəzərə almaq yerinə düşərdi. Ümumi biliklər almaqla, dünya və təbiət, insan münasibətləri barədə bilgilər alıb kamilləşməklə yanaşı uğura doğru gedən insan spesifik biliklər almaqla məhz seçdiyi sənət, peşə yolu barədə zəruri bilgilər əldə edə bilir ki, bu da onun uğura doğru yolunu xeyli sürətləndirir.
8) Sevdiyin peşə ilə seçdiyin peşənin vəhdəti.
İnsan karyera quranda bilirsiniz, hansı halda daha uğurlu olur? Onun sevdiyi peşə ilə seçdiyi peşə eyni olsun. Heç vaxt insan sevmədiyi bir peşədə uğur qazana bilməz. Bu absurd bir şeydir, boşluqdur, xəyal qırıqlığıdır. Mən haradasa bunu gəncin birini sevib başqası ilə ailə həyatı qurmasına bənzədirəm.
Peşə seçəndə mütləq qəlbinizin səsinə qulaq asın, əziz gənclər. Valideyn təhriki, kiminsə təsiri sizi yolunuzdan sapındırmasın. Yalnız sevib zövq aldığınız peşədə uğurlu karyera qura bilərsiniz, bunu unutmayın.
“Ədəbiyyat və incəsənət”
(06.12.2023)
UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 18-ci sessiyası işə başlayıb
Botsvananın Kasane şəhərində UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 18-ci sessiyası işə başlayıb.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, dekabrın 9-dək keçiriləcək sessiyada 72 iştirakçı dövlət tərəfindən təqdim edilmiş 55 yeni elementin siyahıya salınmasına baxılacaq.
Bu sessiyada mədəniyyətin qorunması üzrə qlobal hüquqi arsenalını gücləndirmiş və genişləndirmiş UNESCO Konvensiyasının 20 illik yubileyi də qeyd ediləcək.
Bu sessiyada qurumun 181 iştirakçı dövlətini təmsil edən Komitənin 24 üzv dövləti Konvensiyanın Siyahılarına yazılmaq üçün ümumilikdə 55 namizədliyi, eləcə də Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına yazılmaq üçün 45 müraciəti araşdıracaq. Bəşəriyyətin Təcili Qorunmaya Ehtiyacı olan Qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi üçün 6 təklif və Yaxşı Mühafizə Təcrübələri Reyestrinə seçilmək üçün 4 təklif təqdim olunub.
Komitə həmçinin Paraqvay və Zimbabve tərəfindən təqdim edilmiş beynəlxalq maliyyə yardımı üçün 2 sorğu ilə bağlı qərar verəcək və əvvəllər sadalanan elementlərin statusu ilə bağlı bir sıra hesabatları araşdıracaq.
“Ədəbiyyat və incəsənət”
(05.12.2023)
Həyatın sinonimləri və antonimləri
Kubra Quliyeva, “Ədəbiyyat və incəsənət”
Məktəb vaxtı bizə Azərbaycan dili müəllimimiz əlifbadan sonra sinonim və antonimləri öyrətməyə başladı və onları öyrəndikdən bəri məktəbin sonuncu sinifinə qədər istənilən dərslik və başqa dilçilik kitablarından yaxın və əks mənalı sözlərlə tanış olub onları demək olar ki, əzbərimizə həkk etdik.
Ancaq, məktəb həyatı antonim və sinonimlərlə dolu bir həyata atılacağımızla bağlı bir şeyi öyrətməmişdi.
Yəqin ki, bu işi həyat məktəbi öz üzərinə götürdü.
İlk öncə sinonimlərə öyrəşdik.
Məsələn, üzümüz güləndə hisslərimizi ifadə edərkən sevinmək və ya xoşbəxt olmaq arasında bir fərq qoymadıq, heç eyni cümlədə təkrarların olmasının cümlələrimizin bədiiliyini pozma nüansına da çox diqqət etmədik.
Enerjimizi artıran duyğular sayəsində sinonimlər çox da, önəmli olmadı. Bədiiliyə yox, hiss etdiklərimizə, yerindən çıxacaqmış kimi çırpınan qəlbimizə diqqət etdik.
Elə bu zaman, həyat antonimlərin dərsinin vaxtı çatdığından agah etdi bizi.
Elə ki, sevincimiz kədərə döndü, başladıq antonimin sinonimlərini tapmağa.
Kədər bizim üçün tək kədər olaraq yox, hüzn, üzüntü, qəm, qüssə, acı-ağrı, bəzən, hətta dərd və qubar ilə qardaş olub sevincə düşmən kəsildi.
Həyat öz dərsini çox gözəl keçən tələbkar müəllim kimi idi.
Öncə sinonim və antonimləri öyrətdi, sonra öyrətdiklərini izah etməmizi istədi.
Öncə sevinci yaşaddı, sonra kədəri.
Öncə güldürdü, sonra ağlatdı.
Öncə xoşbəxt hiss etdirdi, sonra bədbəxt.
Öncə ağıllı zənn etdik özümüzü, sonra axmaqlığımızla üzləşdik.
Və həyatın təzad və eynilikləri adlı birinci dərs mənə hisslərimi nəyin bahasına olursa olsun, hiss etməyəcəyim dərinliyə kimi yaşamağı öyrətdi.
Xoşbəxt olanda təzə doğulmuş körpə kimi anama sığınmağı, cənnəti onunla söhbət edib könlünü xoş tutmaqda və hər söhbətimizin son söhbətmiş kimi səmimi və içdən olması gərəkliyini anladım.
Sevincli olduğum hər saniyəm üçün şükr etməyi, sevincimi bölüşərək çoxaltmağı öyrəndim.
Kədərlənəndə isə bir küncə çəkilib, heç kimə heç nə bəlli etməməli olduğumu, səssizliyi və özümlə danışıb ayağa qalxa bilmək üçün əlimdəki bütün alternativləri dəyərləndirməyi öyrəndim.
Ağlayanda, güləndə, yorğun olanda və tam tərsi enerjim dolub-daşanda, qəzəblənəndə və hətta sakitlikdə belə özümdən qaçmamalı, sərhədlərimi keçməməli, istənilən hissi sonuncu hissizliyimə kimi yaşayıb ətrafa zərər vermədən özümü cilovlamağı öyrəndim.
Yenə də sinonimlərin içində təzadlar var idi.
Zənnimcə, yaxşı və ya pis, güclü və ya zəif, şən və ya hüznlü hisslərimin arasında fərq olsa da, əməllərimdə fərq qoymamalıydım, hər duyğunu dadmalı, lakin özünə və ətrafına zərər verəcək hala gəlmədən bir sonrakı duyğuya təslim olmalıdır insan.
Əks halda təzad və ya sinonim fərqi olmadan bütün duyğular bir anda cəhənnəmə çevirə bilər. Bütün həyatı boyu biz də, olarıq dərsdən kəsilən tələbə.
Bir halda ki, bizim kəsiləndən sonra təkrar imtahana girmə şansımız yoxdur, anı yaşayaraq ən pis duyğularımızda belə boğulmadan üzməyi, cənnət baxçası yaradan xoşluqlarda belə cənnət güllərini əzməməyi öyrənmək insan oğlunun həyat adlanan müəllimə verə biləcəyi tam ballıq yeganə cavabdır.
“Ədəbiyyat və incəsənət”
(05.12.2023)
“Amazon”un sabiq vitse-prezidenti “ASAN xidmət”də
Ölkəmizdə səfərdə olan “Amazon” şirkətinin sabiq vitse-prezidenti Paul Misener “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.
“Ədəbiyyat və incəsənət” portalı “ASAN xidmət”ə istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev qonağa “ASAN xidmət”, eləcə də Dövlət Agentliyinin digər fəaliyyət istiqamətləri ilə bağlı ətraflı məlumat verib.
Hazırda “ASAN xidmət” təcrübəsinin paylaşılması istiqamətində 20-dən çox ölkə və beynəlxalq təşkilatla əməkdaşlıq edildiyi diqqətə çatdırılıb.
Qonaq “ASAN xidmət” konsepsiyası, eləcə də Dövlət Agentliyi tərəfindən müxtəlif istiqamətlər üzrə həyata keçirilən fəaliyyətin onda yüksək təəssürat yaratdığını bildirib.
Görüş zamanı xidmətlərin göstərilməsi zamanı ən son innovasiya və texnologiyaların tətbiqi, dövlət xidmətlərinin gələcəyi ilə əlaqədar fikir mübadiləsi aparılıb.
Həmçinin qonaq “Bilim Bakı” mərkəzi, “ASAN İnnovativ İnkişaf Mərkəzi”, "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzi və “ABAD”ın fəaliyyəti ilə tanış olub .
“Ədəbiyyat və incəsənət”
(05.12.2023)
Xalq şairi Hüseyn Arifin qızı dünyasını dəyişib
Xalq şairi Hüseyn Arifin qızı Zöhrə Hüseynzadə bu gün səhər saatlarında uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına "Qazax" Xeyriyyə İctimai Birliyinin mətbuat katibi Səbinə Yusif məlumat verib.
Zöhrə xanımın ailə üzləri Ağstafa rayonunda dəfn olunub. Hal-hazırda mərhumun harada dəfn olunması haqqında danışıqlar gedir. Onun Ağstafa rayonunda, yaxud Bakı şəhərində dəfn olunması barədə yekun qərardan sonra dəfnin yeri haqqında məlumat veriləcək.
Hüseynzadə Zöhrə Arif qızı 1951-ci ilin 30 sentyabrda Qazax rayonunun Yenigün kəndində anadan olub. 1956-cı ildə ailəsi ilə birlikdə Bakıya köçüblər. Zöhrə Hüseynzadə Bakı şəhər 190 N-li tam orta məktəbini, Azərbaycan Tibb Universitetinin Müalicə-profılaktika fakültəsini bitirib. İlk illərdə 3 saylı şəhər xəstəxanasında həkim-kardioloq kimi çalışıb. 18 il Yasamal rayon Səhiyyə şöbəsinin müdiri vəzifəsində çalışıb. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının üzvü və YAP Yasamal rayon təşkilatı sədrinin müavini olub.
2000-ci ildən Respublika Klinik Xəstəxanasına baş həkim vəzifəsində çalışıb.
Zöhrə xanım yaşadığı ömür müddətində həm həkim kimi, həm də ictimai fəal kimi daim dövlətə, xalqa vicdanla xidmət edib.
Səbinə Yusif fürsət düşmüşkən,
"Qazax" Xeyriyyə İctimai Birliyi İdarə heyətinin sədri professor İlham Pirməmmədovun, İctimai Birliyin üzvlərinin, o cümlədən Qazax mahalının ziyalılarının Zöhrə xanımın vəfatı ilə əlaqədar olaraq ailə üzvlərinə, əzizlərinə dərin hüznlə verdikləri başsağlığını da səsləndirib.
Uca Allahdan mərhumun doğmalarına və yaxınlarına səbr, dözüm arzulayırıq. Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(05.12.2023)
Azad olunmuş doğma diyarda gənc şairin kitab təqdimatı
“Böyük Qayıdış" davam edir, bu dəfə kitab təqdimatıyla. Bu, azad edilmiş Aran Qarabağ torpaqlarında ilk ədəbiyyat tədbiri kimi tarixə düşdü. Tədbirin imzası isə əslən Zəngilan rayonundan olan və Sumqayıt ədəbi mühitini təmsil edən gənc şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü Elvin Əlizadə idi.
Elvin Əlizadənin “Ədəbiyyat və incəsənət” portalına verdiyi açıqlamaya görə,
“Böyük Qayıdış"ın rəmzinə çevrilmiş Zəngilan rayonunun Ağalı kəndində daha bir ilkə imza atılıb, Ağalı kənd tam orta məktəbində onun "-29" adlı şeirlər kitabının imza günü keçirilib.
Zəngilan ziyalılarından Ceyhun Həsənov tədbiri giriş sözü ilə açaraq gələn qonaqları salamlayıb. O, müəlliflə bağlı maraqlı məqamları bölüşüb, tədbiri aparmaq üçün sözü şair, AYB-nin mətbuat katibi, Beynəlxalq Türk Müəllifləri Birliyinin sədri Xəyal Rzaya verib.
Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Xəyal Rza Şərqi Zəngəzurun Azərbaycan ədəbi mühitinə bəxş etdiyi şəxslərdən, ölkənin ictimai həyatındakı əhəmiyyətindən söz açıb. O, bununla yanaşı, Elvin Əlizadənin mədəniyyət sahəsində göstərdiyi fəaliyyətindən bəhs edib.
“Qanun” nəşriyyatının redaktoru, yazıçı Əyyub Qiyas müəllifin Sumqayıt ədəbi mühitindəki rolundan, yaradıcılığındakı vətən mövzusu ilə bağlı məqamlardan danışıb, şairin "Zəngilan" şeirini səsləndirib.
Mədəniyyət İşçilərinin Həmkarlar İttifaqı Sumqayıt şəhər komitəsinin sədri Şahin Şəfiyev, şair Vüqar Rahi müəllif haqqında fikirlərini oxucularla bölüşüb, Zəngilana ilk dəfə səfər etməyin sevincini dilə gətiriblər.
Xanəndə Tural Salmanov müəllifin şeirlərinə bəstələnən mahnılar ifa edib, ifalar qonaqlar tərəfindən maraqla qarşılanıb.
Müəllifin atası, Ağalı kənd sakini Nurəddin Əliyev tədbirdə iştirak edən kənd sakinlərinə, Elvin Əlizadənin qələm dostlarına öz minnətdarlığını bildirib və oğlu ilə fəxr etdiyini vurğulayıb.
Sonda Elvin Əlizadə öz şeirlərindən səsləndirib, 2021-ci ildə Ağalı kəndinin təməlqoyma mərasimi zamanı Zəngilana ilk səfərərindən xatirələrini bölüşüb.
Müəllif tədbirin təşkil olunmasında əziyyəti keçən hər kəsə təşəkkürünü bildirib, kitabını oxucular üçün imzalayıb.
Bu isə gənc şairin şeirindən misralar:
Dostların qürur yeri, düşmənlərin göz dağı, Dalğalan göy üzündə, Azərbaycan bayrağı!
Sənə təzim etməkçün düzənliklər dağ olub. Şəhid qanına batan bu parça bayraq olub! Sən ən gözəl şeirsən, ən alovlu misrasan Parça dediyim nədir? Canımızdan parçasan!
“Ədəbiyyat və incəsənət”
(05.12.2023)
QİRAƏT SAATInda “Eşq mələhyi”
“Ədəbiyyat və incəsənət”in Qiraət saatı rubrikasında bu gündən etibarən siyasi romanlar müəllifi kimi tanıdığınız Adəm İsmayıl Bakuvinin bu dəfə eşq romanı ilə tanış olacaqsınız.
“Eşq mələyi” sizi bir başqa dünyaya aparacaq. Orada haqq ilə nahaq, yalan ilə həqiqət, namus ilə əxlaqsızlıq mübarizə aparır. Bu sayaq mübarizələrdə ədalət qalib gəlirmi?
Bu sualın cavabını romanı bitirərkən biləcəksiniz.
4-cü hissə
“Mən səni sevirəm”
Uşaqlıq xatirələri o qədər ürkək, o qədər utancaqdır ki... Danışdıqca üzünə qızartı çökür həmişə.
Rayon mərkəzindəki evləri ikimərtəbəliydi, kürsülüydü. Aşağı mərtəbədə mətbəx, zal, hamam otağıydı, yuxarıda isə yataq otaqları sıralanmışdı. Bir otaq ata-anasının, bir otaq qardaşının, bir otaq onunla bacısının idi, bir otaq da qonaqlar üçün nəzərdə tutulmuşdu. Bacısı Leyli Ülkərdən iki yaş balacaydı, qardaşı Xəyal isə iki yaş böyük. Bacısıyla onun otağı ən dib otaq idi. Çarpayıları yanaşı idi, Leyli uşaqkən qaranlıqdan qorxurdu deyə gecələr yatanda həmişə bacısının əlindən tutardı. İmkanlı ailə olsalar da, oyuncaqları az idi, atası lazım bilməzdi “mənasız şeylərə” pul xərcləsin. Olan oyuncaqları da üç-dörd dənə rezin oyuncaq idi, hansılar ki, barmaqla sıxanda səs çıxaran müxtəlifheyvan fiqurlarıydı. Siçan, it, tülkü, at...
Qonşu qızların gəlinciklərini görəndəhər dəfə ağlamsınır, analarından gəlincik tələb edirdilər. Hətta bir dəfə anaları naəlac qalaraq köhnə döşəkçənin böyür-başını kəsib insan fiquruna bənzədərək tikmişdi, başına da iplərdən saç pərçimləyib qızlarına vermişdi ki, buyurun, oynayın.
Qızların otağı evdə yeganə otaqdı ki, pəncərəsi yox idi. Bu, səbəbsiz deyildi, uşaqkən tez-tez anasına “niyə bacıyla mənim otağımın pəncərəsi yoxdur” gileyi edən Ülkər sualına cavabı anasından ala bilməsə də, atasının onlara münasibətindən duymuşdu, böyüdükcə sanki ətrafdakı müdhiş təhlükədən qızları göz bəbəyi kimi qorumağın zəruri olduğunu hər vəchlə sübut etməyə çalışan atası Mürvət qızlara göz verib, işıq vermirdi, “orda oturma, burda otur, ordan getmə, burdan get” tövsiyələri zaman keçdikcə topuqdan yuxarı geyinmə, saçını açıb tökmə, ucadan danışıb-gülmə kimi qadağalara keçmişdi. Nəbadə qızlar məktəbdən on dəqiqə gec gələydilər, bir mərəkə qopardı ki... Rayonun polis rəisi işləyən Mürvət işdə necə zəhmli idisə, evdə də beləydi, rayon əhli onu rəhmsiz, qansız, əzazil biri kimi tanıyırdı, adını çəkən yox idi, hamı onu soyadı ilə -- Qələndərov çağırırdı. Hətta həyat yoldaşı Zöhrə də onu Qələndərov deyə çağırırdı. Uşaqlar dəcəllik edəndə onları yerlərində oturtmaq üçün ən əsas vasitə bu kəlmələr olurdu: “Qələndərov gələndə deyəcəm”.
Ülkər böyüdükcə daha atasına “ata” deyə bilmirdi, “ata” sözündə o qədər doğmalıq, mehribanlıq, hüzur var ki... Ülkər öz sərt və kobud atasına bu sözləri yaraşdıra bilmirdi. Zaman keçdikcə onun üçün də atası dönüb Qələndərov olmuşdu.
Ülkər qızlar bulağından su içən kimi evlərinə elçilər axışmağa başladı.
Traktorist Səmədgil.
Buxalter Ərşadgil.
Dul Bikənin institutda oxuyan oğlu.
Poladın mağaza işlədən oğlu...
Ülkərin gözəlliyi bir ayrı gözəllik idi. Boyu, bədən quruluşu, sifət cizgiləri – hamısı ahəng təşkil edirdi. Şabalıdı saçları, iri gözləri, ətli dodaqları hüsnünə bir ayrı gözəllik verirdi. Əsmər idi, anasına çəkmişdi, sarıbəniz, atasına çəkən bacısından tamam fərqlənirdi. Ülkərin gözəlliyinin ondabiri də Leylidə yox idi, bununla belə, o da suyuşirin qız idi.
Bacıların bir fərqi də oxumağa münasibətlərində idi. Leyli səylə oxuyurdu, məktəbə getməyə həvəsli idi, Ülkərsə kitab üzü açmaq istəmirdi, qiymətləri yalnız atasının qorxusundan yazırdılar ona.
Bacıların bir ümumi cəhəti teleserial həvəskarları olmaları idi. Fürsət düşdümü, aşağı zala cumub özlərini verirdilər televizorun qabağına. Rayon poliklinikasında həkim işləyən analarının evdə olmadığı məqamlarda (ataları onsuz da evdə az-az tapılırdı) qızlar əsl toy-bayram əhvali-ruhiyyəsi ilə serialları seyr edərdilər. “Varlılar da ağlayır”, “Qvadelupa” kimi Latın Amerikası, “Aşkı-məmnu” kimi türk serialı ilə bərabər “Sənə inanıram” adlı yerli serialı da qaçırmır, elə olurdu ki, ardıcıl dörd-beş saat televizorun qarşısında pərçimlənirdilər. Sevgi və xəyanət, hüzur və iztirablar, xoşbəxtlik və bədbəxtlik təzadları onların yenicə formalaşan düşüncələrini əsir edirdi. Bacılar seriallardan “insan niyə yaşayır”, “nə uğrunda mücadilə edir”, “nəyə çatmaq istəyir” kimi dərslər alırdılar.
--Bacı, səncə, Əminənin ailə həyatında nəyi əskik idi?
--Heç nəyi.
--Bəs onda niyə Həmidə xəyanət etdi?
--Çünki valideyn tərbiyəsi pis olmuşdu.
-- Valideyn tərbiyəsi yaxşı olsaydı, etməzdi yəni?
--Əlbəttə ki, yox.
Bu sayaq dialoqlar tez-tez olurduaralarında. Leyli Ülkərə hey suallar ünvanlayır, o da böyük bacı missiyasına əməl edib bu sualları cavablandırırdı.
Atasının qızlar üçün qurduğu, özü demiş, “gestapo rejimi”nin əsas icraçısı evin oğlu idi. Ailənin ilki olan Xəyal atasının tapşırığı ilə qızlara göz verib, işıq vermir, məktəbdə daim onları izləyir, birlikdə dərsə gedib-gəlmələrini təmin edirdi. Uşaqları məktəbə sürücü aparıb-gətirirdi, qızlardan birinin dərsi tez qurtarsaydı belə, onun ağzı nəydi çıxıb təkbaşına, piyada evə getsin, qardaş-bacısını gözləməliydi ki, birlikdə maşınla evə getsinlər.
Xəyal qızları bəzən əsassız ittiham edirdi, “o oğlan niyə sənə baxdı”, “sən niyə orda dayanmışdın, özünü oğlanlara göstərirdin” kimi iradlar qızları bezdirirdi. Xəyal onlara dəfələrlə eyni sözləri təkrarlayırdı, “nəbadə birdən kimisə sevəsiniz, gözünüzü çıxararam”.
Xəyal məktəbi qurtaranda qızların əzab-əziyyətləri də xeyli bitmiş oldu. Bakıya – Polis Akademiyasına qəbul olunan Xəyal gedişi ilə qızların hürkü və qorxularının da əsas qismini özü ilə aparmış oldu. Qələndərov “Gənclik” metrostansiyası tərəfdə ikiotaqlı mənzil alıb atmışdı, Xəyal orada yaşamağa başladı.
Hamar yox, daşlı-kəsəkli yol macəra axtaran üçün həmişə cəlbedici olur, Ülkər üçün sevgi xüsusi bir önəm daşıyırdı, serialların sevgi yaşantıları onu özündən alıb aparır, həyatın ən gözəl neməti olan sevgi öz sirri-sehri ilə onu çəkirdi. Əcnəbi serialların öpüşmə səhnələri qəlbini riqqətə gətirir, içini titrədirdi, bu anlarda utandığından üzünü yana çevirən bacısından fərqli olaraq, o, tam diqqətlə, sonsuz həyəcanla səhnəni axıradək, göz qırpmadan izləyirdi. Ülkər öz ağ atlı oğlanını gözləyir, Qələndərovun diktaturasından qopacağı, üz-gözünə kosmetika vuracağı, saçlarını kəsəcəyi, dizdən yuxarı geyinəcəyi günləri səbirsizliklə gözləyirdi. Azad olmaq, ürəyi istəyən yerə rahatca gedib-gəlmək arzusundaydı Ülkər. Nəfəsini belə sanki icazəylə dərdiyi indiki dönəmdən qurtulmaqdan gözəl nə ola bilərdi axı?
Qonşuları, slavyan əsilli Marusya xaladan – Bərbad dayının həyat yoldaşından tez-tez eşitdiyi bir məsəl vardı. Marusya xala deyərdi ki, “zapretnıy plod vseqda sladen”, yəni qadağan olunmuş meyvə daha şirin olur. Sanki həyatda həqiqətən beləydi, uşaqlara nə qadağan olunurdusa,onlar məhz həmin şeyə can atırdılar.
Bir sinif yuxarıda Rüfət adında bir oğlan oxuyurdu, Ülkəri harada görsə, elə irilənmiş gözlərlə baxırdı ki... Anası məktəbin riyaziyyat müəlliməsiydi, Sofya müəllimə. Hörməti böyük idi məktəbdə. Rüfətə 9-cu sinifdə oxuyanadək hamı Sofya müəllimənin oğlu deyirdi, amma 9-cu sinifdə oxuyanda mənzərə dəyişdi. Rüfət Bakıda – Riyaziyyat üzrə Ümumrespublika olimpiadasında birincilik qazanandan sonra məktəbdə o qədər məşhurlaşdı ki, artıq Sofya müəlliməyə Rüfətin anası deməyə başladılar. Rüfətin diqqətini cəlb etmək qürurverici idi. Həm yaraşıqlı olasan, həm də bu qədər ağıllı olasan.
Özü də bilmədi haçandan həmin baxışlar üçün darıxdığını hiss etməyə başladığını. Kiminsə diqqətini cəlb etmək gözəldi, kimisə öz heyranına çevirmək ikiqat gözəldi.
Düzdür, sinif oğlanlarından da ona aşiq olanlar vardı, azı üç beləsi barədə xəbərdar idi Ülkər. Amma nə idisə, həmyaşı olan sinif yoldaşlarının onu sevməsini xeyli biganə qarşılamışdı, Rüfətin isə ona diqqət göstərməsi içini titrədir, hisslərinə hakim kəsilirdi. Bir dəfə məktəbin dəhlizində Rüfət ona yaxınlaşdı:
--Dərsdən çıxanda yuban, səninlə söhbət eləmək istəyirəm.
Ülkərin səsi titrədi. Təəssüf hissiylə dedi:
-- Yubana bilmərəm, qardaşım dalımca gələcək.
Belədə Rüfət ətrafa baxıb, sanki izlənilmədiklərinə əmin olduqdan sonra kövrək səslə çox şirin sözlər söylədi:
--Sən mənim doğan günəşimsən. Mən səni sevirəm.
Elə bil göy guruldadı, şimşək çaxdı. Sanki külək qopdu, ətrafda nə vardısa, qabağına qatıb aparmağa başladı. Elə bil yağış yağdı, aləmi selə-suya bürüdü. Necə gözəl kəlmələrdir, necə sehrli, sirli, əsrarəngiz, adamı özündən alıb uzaqlara aparan sözlərdir “səni sevirəm” kəlmələri.
Ülkər donub qaldı. Bəli, bilirdi ki, Rüfət ona biganə deyil, amma düzü, ondan belə tez sevgi etirafı gözləmirdi. Axı hələ məktəbli idilər, Rüfət on birinciydi, o isə onuncu. Üstəlik, məşhur Rüfəti hamı elm və bilik dalınca düşdüyündən, texniki elmə həvəsi olduğundan quru, sxematik bir adam kimi tanıyırdı. Bu boyda duyğusallıq, romantika haradan idi onda? Tam gözlənilməz idi bu.
Bilmədi nə desin. Sinif qızlarının baxışlarına tuş gəlib tələsik Rüfətdən ayrıldı. O gündən Rüfəti içində “canım” deyə çağırmağa başladı. Bütün şəkəri-balı yığıb bu “canım” kəlməsində topladı, xoşbəxtlərin xoşbəxti sandı özünü.
Yerə-göyə sığmırdı, özünü qəribə bir aləmdə hiss edirdi. Sanki yolla yox, buludların üstüylə gedirdi... Buludlar da ona azlıq edirdi...Xəyalında göy üzünün daha da dərinliklərinə varır, ulduzların arasıyla gəzirdi...Ülkərçün dünya büsbütün al-əlvan rənglərə bürünmüşdü. Yaşamaq o qədər gözəldi ki, doya-doya yaşayırdı hər anını.
Bir gün Rüfət ona üzərində ürək həkk olunmuş bir açarqabı hədiyyə etdi. Bu qırmızı ürək, Ülkər sanırdı ki, onların ikisinin ürəkləridir, birləşib. Açarqabını əlindən yerə qoymurdu(Sonralar isə həmişə ona qızılgüllər hədiyyə edəcəkdi Rüfət...).
Bir gün də qızlar gəldilər ki, Sofya müəllimə müəllimlər otağındadır, səni görmək istəyir. Həyəcanla, sıxıla-sıxıla ora getdi. Yaxşı ki, müəllimlər otağında ikisi idilər, başqa adam yox idi.
-- Salam, qızım.
-- Salam, Sofya müəllimə.
-- Sən bilirsən də, bizim Rüfətin sənə gözü düşüb. Düzdür, hələ çox gəncsiz. İndi sizin dərs oxumaq, gələcək karyeranızı qurmaq barədə düşünən vaxtınızdır. Amma Rüfət elə fenomenal uşaqdır ki, nəyi nə zaman etməyi gözəl bilir. Mən müdaxilə edib ona “sevmək hələ tezdir” iradını verə bilmirəm. Bilirsən, qızım, bax mən həm yaşınızın az olmasına görə Rüfətin aşiq olmasına bəraət vermirəm, həm də, incimə, sizin ailə ilə qohum olmaq mənimçün arzulanan deyil. Anan yaxşı qadındır, amma atan yaxşı adam deyil. Yenə deyirəm, incimə, amma Qələndərovun necə birisi olması rayonda heç kəsdə şübhə doğurmur. Onun kəsdiyi başa sorğu yoxdur. Bütün bunlara baxmayaraq, mən oğlumun seçiminə müdaxilə etmək fikrindən uzağam. Ailəni siz qurursuz, Ülkərlə Rüfət qurur, Sofyayla Qələndərov qurmur ki... Səni çağırdım ki, deyim, oğlumun hissləri çox saf hisslərdir. Sən uşaqsan, həyatın necə qəddar və sərt olmasından bixəbərsən. Həyatda kimin kim olmasını bəzən təsəvvür etmək olmur. İlk baxışda ən mədəni, ən savadlı ailələrdən elə tərbiyəsiz, nadürüst övlad çıxır ki... Qız heç vaxt ərə gedəndə bilmir ki, əri sabah narkoman, alkoqolik, qumarbaz, arvadbaz olacaq, ya olmayacaq. Oğlan da arvad alanda bilmir ki, arvadı qızlığında nə işlər törədib. Hansı suçları daşıyır. Bütün bunlar gələcək ailələr üçün təhlükə mənbəyidir, qızım. Amma sən bilirsən ki, Rüfət idealdır, safdır, kristal kimi təmizdir. Belə bir oğlanın səni sevməsi böyük xoşbəxtlikdir. Mən sənə xeyir-dua verirəm, demək istəyirəm ki, Rüfətin fikri ciddidir, biz valideynləri də onun hissləri ilə oynamadan bu istəyinə hə demişik, balam universitetə qəbul olunan kimi gəlib sənin “həri”ni alacam.
Pislər niyə yaranır? Qələndərov kimilər niyə dünyaya gəlirlər? Bu sayaq insanlar necə olur ki, pislikləri özlərində cəmləyib, yaxşı hər nə varsa, ona tabu qoyurlar? Onları yəni adi ana doğmurmu? Adi ata əkmirmi? Niyə müqəddəs kitab olan “Quranı-Kərim”in ziddinə olaraq onlar halala haram qatır, bu haramın günahından, cəhənnəm əzablarından qorxub çəkinmirlər?
Ülkər hələ bilmirdi ki, bu gün haqqında bu cür düşündüyü doğma atası sabah daha pis olacaq, daha böyük günahlar törədəcək.
“Ədəbiyyat və incəsənət”
(05.12.2023)
Uğur üçün 15 keyfiyyət - Sevdiyin peşə ilə seçdiyin peşənin vəhdəti
Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”
Əslində, uğur formulası ümumi olduğu qədər də spesifikdir, yəni bir xalq üçün lazım olan uğur qazanmaq keyfiyyətləri başqa bir xalq üçün aparıcı olmaya da bilər. Məsələn, Azərbaycanda (ümumən Şərqdə) uğur formulasında mental qayda-qanunlara, davranış tərzinə istinadı, möhkəm ailə faktorunun, nümunəvi tərbiyənin rolunun hegemonluğunu, milli kökə və dini mənsubiyyətə bağlılıq faktorunu spesifikliyə aid edə bilərik.
Mən öz şəxsi təcrübəm, eləcə də illərdir ki, davam edən müşahidələrim nəticəsində uğurun qazanılmasında aşağıdakı parametrləri xüsusi olaraq qabardardım:
8) Sevdiyin peşə ilə seçdiyin peşənin vəhdəti.
İnsan karyera quranda bilirsiniz, hansı halda daha uğurlu olur? Onun sevdiyi peşə ilə seçdiyi peşə eyni olsun. Heç vaxt insan sevmədiyi bir peşədə uğur qazana bilməz. Bu absurd bir şeydir, boşluqdur, xəyal qırıqlığıdır. Mən haradasa bunu gəncin birini sevib başqası ilə ailə həyatı qurmasına bənzədirəm.
Peşə seçəndə mütləq qəlbinizin səsinə qulaq asın, əziz gənclər. Valideyn təhriki, kiminsə təsiri sizi yolunuzdan sapındırmasın. Yalnız sevib zövq aldığınız peşədə uğurlu karyera qura bilərsiniz, bunu unutmayın.
***
Öncəki günlər isə digər parametrləri açıqlamışdım:
1) Nümunəvi tərbiyə almaq.
Həyatda uğur qazanmaqçün nümunəvi ailədən çıxmaq, ziyalı, dünyagörüşlü, cəmiyyət üçün etiket sayıla biləcək valideynlərdən tərbiyə almaq əlavə, hətta deyərdim ki, çox böyük şərt və stimuldur. Sonrakı mərhələdə bağça və məktəb müəllimlərindən, kollektivdə ustad və qabaqcıllardan, cəmiyyətdə liderlərdən, örnək götürüləcək hər bir şəxsdən əxz edilən tərbiyə, xarakter formalaşdıracaq öyüd, nəsihət və vərdişlər fərdin tam kamilləşməsinə xidmət edir, bu da onun uğur yolunda daha qətiyyətli addımlar atmasına təsir göstərir.
Nümunəvi tərbiyə alan insan sonucda mütləq özü nümunəvi tərbiyəsi olan insana çevriləcək. Bu tip insan da öz növbəsində ətrafındakılara tərbiyəli olmaq mədəniyyətini aşılamağa başlayır, gələcək nəslin tərbiyə əxz edərək formalaşmasına təkan verir.
Primitiv bir misal çəkim. Tərbiyəli olmaq o demək deyil ki, hər hansı bir məclisdə yeməyi süfrəyə dağıtmayasan. Tərbiyəli olmaq odur ki, yanında əyləşən şəxs bunu edəndə onu pərt vəziyyətə salmamaq üçün özünü görməməzliyə vurasan.
2) Möhkəm ailəyə malik olmaq.
Uğura doğru yönələn gəncin möhkəm, sağlam ailədən çıxması, bir-birini anlamaq, bir-birinə güzəştə gedə bilmək üstünlüklü, münasibətlərin inam və etibar üzərində bərqərar olduğu, dedi-qodusuz, qanqaraçılıqdan uzaq, problemsiz ailənin üzvü olması da şərtdir. Belə ailə bütün qüvvələrini həyat hədəfinə yönəltməkdə, bir növ, sənin səfərbəredicin ola bilir.
Burada kişi-qadın münasibətləri də vacib detaldır. Fikri və arzuları üst-üstə düşən ərlə arvadın həyatı qədər gözəl həyat ola bilməz. Möhkəm ailə faktorunun təməlində ailə başçısının ağıllı siyasət yürütməsi (ailəni kiçik dövlət adlandırırlar) başlıca rol oynayır. Gənclər ailə həyatı qurarkən mütləq doğru seçim zərurətini də lazımınca dərk etməlidir. Hər cəhətdən bir-birini təmin edən cütlüklər ailə həyatı qurmalıdırlar. Hətta, belə bir deyim də var: çalış özünlə bir boyda olan arvad alasan, özündən hündürünü alsan ayaqları altında qalıb taptalana bilərsən.
3). Milli kök və dini mənsubiyyətə bağlılıq.
Hər bir fərd öz milli kökünə bağlanmalıdır, dininə hörmət etməlidir. Min illər boyu gələn adət-ənənələr, davranış qayda-qanunları, atalar sözləri, məsəllər və digər folklor nümunələri, oyunlar və ayinlər birləşərək fərdin milli xarakterini formalaşdırır.
Milli kökə bağlı insan öz qabında olan insandır, başqa qabda isə insan heç vaxt özünü rahat hiss eləyə bilməz.
Milli kökü, dini olmayanın istinad nöqtəsi olmaz. İnsan nə qədər kosmopolit olsa belə yenə milli xarakterini qorumalı, nə qədər ateist olsa belə yenə xalqının dini inanclarına hörmət etməlidir.
4) Yüksək səviyyəli təhsil ala bilmək.
Təbii ki, ibtidai təhsil almaq mütləqdir, amma mən ali təhsili də uğur etalonunun bir parçası hesab edirəm. Həyatda bilik qazanmaq təhsilsiz də mümkün ola bilər. Ancaq ali təhsil özündə təkcə biliyi ehtiva eləmir, o, həm də biliyin qavranması tərzidir, düşüncə tərzidir, bilikdən necə istifadə etmək təlimçisidir. Universiteti mühiti insanın dünyagörüşünün formalaşmasında ən başlıca faktorlardandır.\
5) Sağlamlıq və fiziki durumun qənaətbəxş vəziyyəti.
Bəşəriyyət tarixində insan üçün sağlamlıqdan vacib bir nəsnənin adını çəkə bilən şəxs hələ mövcud olmayıb, olmayacaq da. Məşhur deyimdir, sağlam bədəndə sağlam da ruh olar.
Fiziki durumu zəif olan, xəstə olan insanın uğura doğru yolu, təbii ki, əngəllənir. Öncə özünü sağalt, fiziki durumunun qeydinə qal, sonra uğur yoluna çıx.
Məncə, hər bir insan xəstələnib həkimə getmək əvəzinə xəstələnməmək üçün həkimə getməlidir. Sağlam həyat tərzi – sağlam qidalanmaq, fiziki hərəkətdə olmaq, zərərli vərdişlərdən uzaq durmaq, təbiətlə vəhdətə sığınmaq – bax bütün bunlar uğur qazanmaq istəyən insanın xarakterik xüsusiyyətləri olmalıdır.
6). Yaxşı əhatə dairəsinə malik olma.
Səni kimlər əhatə edir, dost-tanışların kimlərdir, komandan kimlərdən ibarətdir, bunlar çox əhəmiyyətli nəsnələrdir və uğur qazanmaq istəyən insançün çox vacib şərtlərdəndir. Və çox maraqlıdır ki, bütün liderlik konsepsiyalarında lider olmaq şərti tək özünün liderlik qabiliyyətindən, avtoritarlığından ibarət deyil, həm də ardıcıllarının, ətrafının, sənin idarəçiliyində olanların bu işdə sənə nə dərəcədə dəstək durmalarından, onların iş qabiliyyətlərindən, sənin onlarla münasibətdə nə qədər demokratikliyə önəm verməyindən asılıdır.
İnsanın yaxşı ətrafa malik olması anlayışı çox dərin anlayışdır, yaşadığın mənzili, avtomobilini, pal-paltarını ara-sıra dəyişdiyin kimi lazımi anda və lazımi məqamda ətrafını da dəyişə bilməyin çox vacibdir.
7) Bol mütaliə, qabaqcıl təcrübənin mənimsənilməsi üstünlüyü.
Bol mütaliəli olmaq, təbii ki, insanı kamilləşdirməkdə, onun nitq və qabiliyyətlərinin inkişafında, bilikli, ünsiyyətcil, hazırcavab olmağında əvəzsiz rol oynayır. Kitab həyat müəllimidir, ondan yalnız öyrənmək, bəhrələnmək mümkündür.
Hazırkı İnformasiya Kommunikasiya Texnologiyalarının hədsiz inkişafı dövründə bol informasiya almağın zəruriliyi hər kəsə bəllidir. Bilik və informasiya, haradasa, uğur qazanmaq istəyən müasir insanın iki qolu anlamındadır, iki qanadı anlamındadır.
Mütaliənin ikili xarakterini də nəzərə almaq yerinə düşərdi. Ümumi biliklər almaqla, dünya və təbiət, insan münasibətləri barədə bilgilər alıb kamilləşməklə yanaşı uğura doğru gedən insan spesifik biliklər almaqla məhz seçdiyi sənət, peşə yolu barədə zəruri bilgilər əldə edə bilir ki, bu da onun uğura doğru yolunu xeyli sürətləndirir.
“Ədəbiyyat və incəsənət”
(05.12.2023)
Heydər Əliyev: “Gözəl sənətkarımız çoxdur, amma Zeynəbdən gözəli yoxdur”.
Bəzən jurnalist müsahibindən söz ala bilmir. Necə edəsən ki, müsahibin danışsın? “Ədəbiyyat və incəsənət” portalı tanınmış tənqidçi Əsəd Cahangirlə “Ustad dərsləri” rubrikasını təqdim edir. Burada Əsəd Cahangirin müxtəlif illərdə götürdüyü ən maraqlı müsahibələr tarixi ardıcıllıqla təqdim olunur. Növbəti müsahib tanınmış müğənni Zeynəb Xanlarovadır. Ondan müsahibə1998-ci ilin martında götürülüb.
“MƏNƏ BU SƏSİ VERƏN ALLAHA BORCLUYAM ”
“Gözəl sənətkarımız çoxdur, amma Zeynəbdən gözəli yoxdur”. Bu sözləri Xalq şairi Süleyman Rüstəmin yubiley gecəsinin sonunda Respublika Prezidenti Heydər Əliyev cənabları dedi.
-Zeynəb xanım, sizəqədərki müğənnilər səhnədə donuq, hərəkətsiz, statik idi. Siz rəqs elementləri, dinamizim, şənlik, şuxluqla səciyyələnən mahnı ifaçılığının əsasını qoymaqla səhnədə inqilab elədiniz. Bu, sizin səhnəyə çxdığınız 50-ci ilərin sonu, 60-cı illərin əvvəllərində elə də sadə məsələ deyildi. Belə bir cəsarətli ideya sizdə hardan yarandı?
-Bəlkə də, səhnədə etdiyim hərəkətlər özümün belə xoşuma gəlmirdi. Mən yeniliyi orjinallıq göstərmək, başqalarından fərqlənmək, şöhrət qazanmaq naminə etməmişəm. Bu, sanki mənim şüurumdan, iradəmdən asılı deyildi, içimdən gələn bir şey idi.
-Novruz şənliyindəki çıxışınız münasibətilə Prezidentin sizi təbrik etdiyini eşidib çox şad olduq.
-Prezident zəng vurub məni təbrik edəndə dedim ki, cənab Prezident, çox sağ olun ki, səbr göstərib proqrama axıracan baxmısınız. Çünki mənim çıxışım proqramın lap sonunda idi. Özünəməxsus bir zarafatla dedi ki, plovun qazmağını axıra saxlayarlar.
-Gəlin bir az ötən illərə qayıdaq - 60-cı illərin sonu, 70-ci illərin əvvəllərinə. O illərə ki, siz Türkiyədə dalbadal iki dəfə qastrolda olmuş və türk dinləyiclərinin böyük rəğbətini qazanmışdınız. Həmin illərdə çəkilən, Türkan Şorayın baş rolu oynadığı “Arım, balım, pətəyim” filminin qəhrəmanı müğənni Zeynəbin geyimi, saç düzümü, hərəkətləri o vaxtkı Zeynəb Xanlarovanı çox xatırladır. Bu nədən irəli gəlirdi?
-Məni o vaxtlar Türkiyədə artıq yaxşı tanıyırdılar. Türkan Şorayla şəklimizi hər yerdə cüt vurur və şəkillərin altında “İki sultan” sözlərini yazırdılar. Deyirdilər ki, biz bir-birimizə bənzəyirik. Konkret olaraq o film haqqında isə dəqiq bir söz deyə bilmərəm.
-Artıq neçə illərdir ki, səhnədə sultanlıq edirsiniz, gəzmədiyiniz ölkə qalmayıb, neçə-neçə bəstəkarla işləmiş, yüzlərlə mahnı ifa etmisiniz. Ürəyinizdə qalan mahnı varmı?
-(gülür) O qədər... mahnılar qurtarır bəyəm? Mahnı mənim ömrümdür, onlar qurtarsa, ömrüm başa çatar.
-Sizin haqqınızda Arif Qaziyevin rejissorluğu ilə çəkilən “Salam, Zeynəb” televiziya filmi çoxmilyonlu tamaşaçı kütləsi arasında vaxtilə böyük rezonans doğurmuşdu. O filmi son vaxtlar nədənsə göstərmirlər. Görəsən, televiziya son illər Zeynəbin “Salam”ını niyə almır?
-Bu sualı Nizami Xudiyevə (ovaxtkı Az.TV sədri –red.) vermək lazımdır. Mən kimdənsə nəyisə xahiş etməyə adət etməmişəm. Həmişə məndən xahiş ediblər. Doğrudur, deyirlər ki, indi dövran dəyişir, ancaq insan gərək dəyişməsin.
-Ölkə Prezidentinin sənətçilərə olan hüsn-təvəccöhündən istifadə edib hamı təntənəli yubileylər keçirir. Amma siz nədənsə yubileyinizi qeyd etmədiniz.
-Yubileylərini qeyd edənlər inciməsinlər, məncə, millətin bu ağır günündə yubiley yeri deyil. Mən bilirəm ki, yubiley keçirsəm, Prezident gələcək, əlavə maliyyə israfı və vaxt tələb olunacaq. İndi bizim problemlərimiz çoxdur, əhali çadırlarda yaşayır, pulun xərclənməsi üçün daha vacib işlər var.
-20 Yanvar şəhidlərinin ili çıxana qədər səhnəyə çıxmadınız. Çoxsaylı pərəstişkarlarınız bundan çox üzülmüşdü. Heç səhnəni tərk etmək istədiyiniz anlar olubmu?
-Mən səhnəni ancaq öləndə tərk edə bilərəm. Çünki səhnə mənim həyatımdır, hər şeyi səhnəyə qurban vermişəm.
-Siz toylara getməyən çox azsaylı müğənnilərdən biri, bəlkə də, yeganə müğənnisiniz. Səhnəyə ilk çıxan vaxtlar maddi durumunuz da o qədər yaxşı olmayıb. Nə əcəb, toylara getmirdiniz?
-Atama söz vermişdim ki, içki məclislərində, toylarda oxumayacam. Bu sözümə əməl edərək, indiyədək ən yüksək pul müqabilində belə bir dəfə də olsun toya getməmişəm, fikirləşmişəm ki, məndən sonra oğullarım başı uca gəzsinlər.
-Siz dünyada çox az müğənniyə nəsib olan bir ümumxalq sevgisi qazanmısınız. Buna necə nail ola bildiniz? Bunun sirri nədədir?
-Mən özümü həmişə sadə aparmışam, xalqa yuxarıdan aşağı baxmamışam. Rəsmi hökumət konsertlərində oxuduğum paltarla sadə əmək admlarının da qarşısında çıxış etmişəm. Yəqin məni buna görə sevirlər.
-Sənətdən uca nə var sizin üçün?
-Anam. Mən hər şeyi qurban verdiyim sənətimi anama qurban edərdim (kövrəlir) Küçədə yaşamağa da razıyam, təki anam sağ olaydı. Anamın dünyasını dəyişdiyi bu beş ildə elə bir gün olmayıb ki, mən onun qəbrini ziyarət etməyim.
-Siz kazinoların bağlanması barədə öz səsini ucaldan, ilk deputatsınız. Amma başqa deputatlar bu məsələdə səsinizə səs vermədilər...
-Mənim kazinolara qarşı etirazıma dəhşətli bir hadisə səbəb oldu. Qonşuluğumuzda bir professor yaşayırdı. Onun ailəsi nələri vardısa satıb, bir maşın almışdı. Cavan bir oğulları vardı, şirnikib gedib kazinoya, uduzub. Axırda maşını qoyub qumara, onu da uduzub. Sonra da gedib özünü asıb. Neçə-neçə belə ailələr var ki, kazinolar onların səadətini məhv edib. Kazinolarda menyu göstərəndə qızların şəklini də göstərirdilər ki, hansını istəyirsənsə, seç. Gör, müsəlmançılıq hara gedib çıxmışdı! Sağ olsun Prezidentimizi, fərman verdi, kazinolar bağlandı.
-Deyirlər ki, siz Bakıda bir dəfə də olsun, metro qatarına minməmisiniz...
-(gülür) Heç küçələri tanıyıram ki... Məni aparıb Bayılın bir yerində buraxsan, azıb qalaram oralarda. Düzü, buna görə utanıram.
-Gözəl, istedadlı, ünlü, sevimlisiniz... Həyatda nə ilə fəxr edirsiniz?
-Oğullarımın tərbiyəsi ilə.
-Övladlarınız nə əcəb sənətinizi davam etdirmədilər?
-Onların hər ikisinin musiqi istedadı var. Amma sənət dalınca getmədilər. Böyük oğlum prokuror köməkçisi işləyir, ikincisi ali təhsil alır.
-Şeyxlə qohum olmaq istədiyinizi deyirdilər...
-Bu, şaiyədir. Deyirlər guya İbrahim Tatlısəsi də mən dəvət etmişəm ki, oğlumun toyunda oxusun. Guya xaricdən taksiləri də mən gətirtmişəm. Belə şaiyələr çox olub. Yetmişinci illərdə Türkiyədə xəbər yayılmışdı ki, guya Türkiyədə olanda “türküm, türküm” dediyimə görə, Bakıya qayıdandan sonra evimdə məni tapança ilə vurublar. Moskvadan zəng etdilər, məni təcili ikinci dəfə Türkiyəyə göndərdilər ki, bunun şaiyə olduğunu orada bilsinlər.
-Nənə olacağınız sizi qorxutmur ki?
-(gülür)Yox, niyə qorxutsun ki? Təkcə “nənə” sözündən qorxuram. Mənə “nənə” desələr, gərək səhnəyə çıxmayam.
-Siz Sovet rejimi dövründə xarici ölkələrə saysız-hesabsız qastrol səfərlərinə gedirdiniz. Bu, indi çox sadə bir iş olsa da, o vaxtlar mürəkkəb məsələ idi.
-Elə bil, daxilimdən gələn bir səs həmişə necə hərəkət etmək lazım gəldiyini mənə diqtə edir və məni səhv hərəkətlərdən qoruyurdu. İmkan vermirdilər ki, bir nəfər xarici vətəndaşla, xüsusən də, türklərlə kəlmə kəsim. Moskva bizim sədaqətimizə etibar etmirdi.
-Əfqanıstan müharibəsi zamanı ora qastrol səfərinə getmişdiniz. Ordan qayıdandan sonra Moskva televiziyasına intervyü verdiniz, çox keçmədi ki, sənət sahəsi üzrə ən yüksək fəxri ada - SSRİ Xalq artisti adına layiq görüldünüz. Ad almağınıza baxmayaraq, müharibə zonasına qastrola getmək təhlükəli deyildimi?
-Məndən qabaq ora Alla Puqaçovanı, Kabzonu dəvət etsələr də, onlar getməmişdilər. O vaxt orada vəziyyət, doğrudan da, çox pis idi. Hər şey ola bilərdi. Amma mən qorxaqlıq göstərməyi özümə yaraşdırmadım, dəvət etdilər, etiraz etmədim. Konsert zamanı işıqlar qəfil söndü, qaranlıqda mikrafonsuz oxumaqda davam etdim. Rus generalları bu cəsarətimə heyran qalmışdılar.
-Sizə deputat kimi müraciət edənlərə kömək edə bilirsinizmi?
-Respublikanın hər yerindən mənə müraciət edənlər olur. Tərtərdən bir qadının oğlunu döyüş bölgəsinə göndərəndə bir həftə gecikmişdi. Buna görə oğlanı həbs etmişdilər. Ana gözüyaşlı mənə üz tutmuşdu. Ramiz müəllimdən xahiş etdim ki, oğlunu ananın göz yaşlarına bağışlasınlar. O da sağ olsun, sözümü yerə salmadı, işi xətm elədilər, oğlanı buraxdılar. Yüzlərlə belə adama kömək etmişəm.
-Opera səhnəsində Əsli rolunun ən yaxşı ifaçısı hesab olunursunuz. Qarabağ problemi qalxandan bəri bu əsər repertuardan çıxarılıb. Buna sizin münasibətiniz necədir?
-Məncə, bu əsərdə erməni keşişinin mənfi sifətləri ifşa olunur. Odur ki, bu əsəri oynamaq nəinki lazımdır, hətta vacibdir.
-Mahnılarınızdan birində deyirdiniz:
Gəzir ölkələri nəğməm dünyada,
Dünyanın xoşbəxti mənəm dünyada!
Özünüzü yenə də dünyanın xoşbəxti hesab edirsinizmi?
-Xoşbəxtəm, ona görə ki, tərbiyəli övladlarım, yaxşı həyat yoldaşım var. Azərbaycan xalqının qızıyam. Heydər Əliyev kimi prezidentimiz var. Yeganə dərdim odur ki, xalq çadırlarda yaşayır, torpaqlarımızın bir hissəsi işğal olunub...
-Gənc müğənnilərdən ifasını bəyəndiyiniz varmı?
-Toylara getmək müğənniləri xarab edir. Bilirəm ki, yaşamaq çətindir, dolanmaq olmur. Amma bizim vaxtımızda da asan deyildi. Altmış manatlıq palto geymək mənim üçün böyük bir sevinc idi. Amma mən toylara getməkdən imtina edirdim.
-Həyatınızda ən xoşbəxt gün hansı olub?
-(fikrə gedir) Heydər Əliyev cənablarının yenidən hakimiyyətə qayıtdığı gün. Anamın vəfatından sonra mənim ilham mənbəyim Heydər Əliyevdir.
-Gələcək planlarınız barədə nə deyə bilərsiniz...
-Ayın 3-də Daşkəndə qastrol səfərim var. Növbəti qastrolum İsveçədir. Oradan qayıdandan sonra isə Hollandiyaya yola düşəcəyəm. Amma orada deputat kimi iştirak edəcəm.
-Təsəvvür edin ki, sehrli xalçaya minib başqa bir planetə uçursunuz, bir daha geri dönməyəcəksiniz. Sizə özünüzlə yalnız bir şeyi götürməyə icazə verirlər. Nəyi seçərdiniz?
-Anam sağ olsaydı, anamı götürərdim. Anamın dəfn olunduğu torpağı isə qoyub heç yerə getmərəm.
-40 ildir səhnədə sultanlıq edirsiniz. Qeyri-adi uğurlarınıza görə özünüzü kimə borclu sayırsınız?
-Allaha. Çünki mənə bu səsi verən odur.
“Ədəbiyyat və incəsənət”
(05.12.2023)
BİRİ İKİSİNDƏ –Sergey Lukyanenkonun “Çin alışdırıcıları satan qızcığaz” hekayəsi
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində bu gün sizlərə Seyfəddin Hüseynlinin tərcüməsində rus fantast yazıçısı Sergey Lukyanenkonun “Çin alışdırıcıları satan qızcığaz” hekayəsi təqdim edilir
Sergey Vasilyeviç Lukyanenko (1968) fantast yazıçı, “Aelita”, “EuroCon”, “Aleksandr Qrin” və başqa mükafatların laureatıdır.
Qazaxıstanın Qaratau şəhərində həkimlər ailəsində doğulub. Alma-Atada tibb institutunu bitirdikdən sonra psixiatr işləyib, “Dünyalar” fantastika jurnalının redaktoru olub. İlk hekayələri 1988-ci ildə dərc edilib. “Qırx adanın cəngavərləri” və “Atom yuxusu” əsərləri ilə tanınmağa başlayıb. “Fəlsəfi-kosmik opera” da adlandırılan “Röya xətti”, “İllüziya imperatorları”, “Yuxu kölgələri”, “Bu gün, ana!”, “Yer planetindən olan lord” kimi trilogiyalarına, “İnikaslar labirinti” romanına və “Keşikçilər”, “Razılaşma” kimi digər əsərlərinə görə dövrümüzün ən tanınmış fantastlarından biri sayılır.
Öz yaradıcılıq metodunu “kəskin davranışlar fantastikası” adlandırır. Kosmik savaşlar və əlbəyaxa döyüşlər, kiberxuliqanlıq motivlərinə xüsusi meyil göstərir. Tənqidçilərin fikrincə, Lukyanenko kiberxuliqanlıq mövzulu əsərlərini onların ənənəvi problematikasına (insan və süni intellekt) əxlaqi məqamlar əlavə edərək işləməsi ilə seçilir.
Sergey LUKYANENKO
ÇİN ALIŞDIRICILARI SATAN QIZCIĞAZ
Məşhur moskvalı heykəltəraş Surab Zeretelinin* nesuke (yapon miniatür oyma-heykəltəraşlıq nümunələridir – tərc.) toplamaq şakəri olduğunu az adam bilər. Əslində, heç bir ayıb cəhəti olmayan bu hobbisini o nədənsə heç kimə bildirmir.
Moskva havasının anlaşılmaz rəftarı sayəsində, uğurlu təsadüflə dekabrın otuz birinə tuş gələn o qarlı-şaxtalı axşamda Valeri Krılov Puşkin meydanının yaxınlığındakı əntiq əşyalar salonunun önündə dayanıb indicə aldığı nesukeni süzürdü.
Nesuke elə Rusiyada da nesukedir. Beş santimetr boyunda, ağacdan, yaxud fil sümüyündən düzəldilən heykəlcik-breloka, hələ cibin nə demək olduğundan xəbərsiz yaponlar, açar, qəlyan, xarakiri üçün xırdaca bıçaq və digər yararlı əşyalar keçirərmişlər.Sonra onu kəmərlərinə bənd edib, öz sərvətini yolüstü hər kəsə göstərərək, qürurla yeriyərmişlər. Bir sözlə, indilərdə bu, qətiyyən heç nəyə yaramayan, elə onun üçün də bahalığı qıcıq doğuran bir əşyadır.
Amma əgər əlvan metalllar əridilən yığcam zavodun sahibisənsə və Moskvada satış üçün bazara hədsiz ehtiyacın varsa, monumental heykəltəraşlıq ustası olan bir dost göydəndüşmə fürsət deməkdir. Təkcə elə bürüncü götürsək, böyük heykəltəraş onu bütün salamat Moskva zavodlarının cəmindən artıq işlədir! Gələcək müştərinin diqqətini çəkmək üçün ən yaxşı üsul isə onun zəif damarını tutmaq, yəni indiki halda ona nesuke hədiyyə etməkdir.
Bunu da deməliyik ki, incəsənət kimi həssas sahədə və ondan da zərif olan kolleksiyaçılıqda pul hər qapını açmır. Gecəlik vazonlar toplayan birisinin önünə çamadan-çamadan dollar səpələsən də, çox sevdiyi əşyadan – Böyük Fridrixin qatlanıb-açılan səfər qarşokundan vaz keçməz.
Nesuke məsələsi də belədir. Pulu olmaq azdır, gərək qismətini quyruğundan yaxalayasan, imkanlı, öz ehtirasını səngitmək üçün hər şeyə hazır olan o biri kolleksionerləri qabaqlayasan.
Valerinin bəxti bir qədər gətirmişdi.Necəsini və niyəsini qurdalamayaq, çünki bəxt təsadüfi şey deyil. Hər necə olmuşdusa da, indi o öz köhnə “Pejo”sunun yanında dayanaraq əlindəki yapon brelokunu məmnunluq və ikrahın qarışdığı nəzərlərlə süzürdü: adətən, sızanağını bacarıqla sıxıb boşaltmış adam belə baxar.
Nesuke balaca, toppuşyanaq, parçaya bürünüb önündə məcməyi tutmuş bir qızcığaz fiquru idi. Məcməyidə güclə seçilən xırda, uzunsov şeylər vardı.Kataloqda bu nesukenin adı “Susi satan qızcığaz” idi.
– Susi-pusi, – Valeri donquldandı. – Heç olmasa düzgün yazın...
Evə getmək vaxtı idi: əynini dəyişib azacıq konyak içəcək, sonra da sürücünü çağırıb o xoş, hər adamın tanımadığı məkana yollanacaq, yapon rəqiblərin məhsulunu məşhur heykəltəraşa orada təqdim edəcəkdi. Arvadı ilə qızını Valeri hələ bir həftə bundan öncə Yeni il tətili üçün Parisə göndərmişdi. Buna görə də Yeni il gecəsi onun üçün hay-küylü, bol içkili, yaxud da, əksinə, romantik və həyəcanlı yekunlaşa bilərdi. İşadamı olan kəslər təkcə ailələrini göndərmirlər xaricə – bəzən özləri də istirahətə gedirlər...
Düyü unundan dürməklər (Valerinin nəzərində həm dadsız, həm ağır yeməkdir) gəzdirən yeniyetmə yapon qızcığaza baxa-baxa, Krılov bir siqaret çıxartdı. Sükan arxasında çəkməyi xoşlamırdı.
– Əmican, alışdırıcı götürün, – çəkingən bir səs gəldi qulağına.
Valeri dönüb baxdı. Səkidə balaca bir qız dayanmışdı, on yaşında olardı.
Əynindəki neylon gödəkcə ona çox gen və istənilən adam üçün həddən artıq çirkli idi. Gödəkcənin yuxarısından böyüklərə məxsus enli şərf dolamışdı. Yundan toxunma papaq qoymuşdu.
Şaxtadan göyərən xırdaca əllərində ayaqqabı qutusunun qapağını tutmuşdu. Qar ələnən karton parçasının üstündə rəngbərəng Çin alışdırıcıları vardı.
– Özümdə var, – Valeri hörüldədi. Metro ilə axırıncı dəfə üç il əvvəl getmişdi, küçədə də dilənçilərlə, səfillərlə az-az rastlaşırdı. Ola bilsin, bu səbəbdən də belələri onda, hətta qıcıq da yox, xəfif çiyrinmə, isti duş almaq meyli oyadırdı.
Qızcığaz inada düşüb yaxındaca dayanmışdı.
Valeri əlini cibinə saldı ki, bəlkə, bu balaca dilənçi ondakı alışdırıcı görəndən sonra çəkilib gedər öz yoluyla. Amma tərslikdən alışdırıcı tapılmaq bilmədi.
Qızcığaz dərindən nəfəs alıb ovcunun içiylə burnunu sildi.
– Neçəyədi alışdırıcıların? – deyə hörüldədi Valeri. Sədəqə verməmək kimi bir prinsipi vardı, yad uşaqları sevməzdi, amma indi bu qızcığazla pul-əmtəə münasibətlərinə girməyə qərar verdi. Siqaret çəkməyi get-gedə lap bərk istəyirdi: siqaret çıxarıb alışdırıcı tapmayanda belə olur həmişə.
– On... – qızcığaz astadan dilləndi.
– On... – Krılov tərəddüd içində bunu deyib indi də xırda pul üçün cibini eşələməyə başladı. – Şaxtada niyə əyninazik gəzirsən? Soyuqlayıb ölərsən!
Öyüd-nəsihət saxta çıxdı, özü də hiss etdi bunu. Aydın məsələdir, zavallı uşaq keyfindən gəzib alışdırıcı satmır ki.
– Qəşəng kukladır, – qızcığaz qəfil Krılovun əlindəki nesukeni görüb dedi.
– Hə, hə, qəşəngdir... – Krılov birdən nesuke ilə bu dilənçi qızcığaz arasında qəribə oxşarlıq sezərək təəccübləndi. Yeri gəlsə, “Susi satan qızcığaz”ın adını “Çin alışdırıcıları satan qızcığaz” da qoymaq olardı, hərçənd o əyyamda alışdırıcı yox imiş. Amma məsələ bunda da deyildi! Sifətcə çox oxşardılar!
Vəsvəsədən qurtulmaq üçün Krılov, iznsiz-filansız, qızcığazın çiynindən tutaraq üzünü vitrindən düşən işığa sarı çevirdi. Çöməlib oturdu önündə. İrəli uzatdığı əlindəki nesuke ilə qızcığazın sifətini bir də tutuşdurdu.
Nə qəribədir! Elə bil bu olub poza verən!
– İşə bir bax, – Valerini heyrət götürmüşdü, – əsrlər ötür, adamlar dəyişilmirlər... Belə çıxır, yaponlar əvvəl adama oxşayırmışlar?!
– Mənim heç kuklam olmayıb, – qızcığaz o an yazıq-yazıq dilləndi.
Valeri mıqqıldadı, cibindən bir dənə yüzlük çıxarıb alışdırıcıların arasına qoydu:
– Get gir “Uşaq aləmi”nə, balası. Özünə kukla al...
Kukla neçəyə olur ki? Valeri birdən-birə təəccüb içində anladı ki, bundan xəbəri yoxdur. Öz qızı bu səfildən azca böyük olar, otağı doludur oyuncaqla...
Amma bəyəm birdən-ikiyə ona oyuncaq alıb ki? Ya arvadı alıb, ya dayə...
– Götür, “Barbi” alarsan özünə, – Krılov qəti səslə bunu deyib kartonun üstünə beş yüz rubl atdı. Yeni il axşamı yaxşı işlər görmək vacibsə, xırdaçılığın nə yeri var?!
– Mən bunu istəyirəm, – gözlərini nesukedən çəkməyən qızcığaz dirəşdi.
Valeri gülümsünüb başını buladı:
– Yox, balası. Bu kuklanın qiyməti... çox bahadır yəni. Sən özünə bir kukla al, get ananın yanına.
– Bağışlayın ki, bu qədər israr edirəm, – əlindəki kartonu endirən qızcığaz gözlənilmədən üdüləyib tökdü. Donub kartona yapışmış alışdırıcıların biri də yerə düşmədi heç. – Ancaq hazırkı fövqəladə şərait məni bu əziz gündə sizin səxavət və mərhəmətinizdən mümkün qədər çox bəhrələnməyə vadar edir.
Hələ də yandıra bilmədiyi siqaret Krılovun ağzından düşdü. Tez qalxıb maşınına doğru addımladı.
– Bəlkə, mən münasib gün seçməmişəm? – qızcığaz onun arxasınca soruşdu. – Axı sizdə təqvim dolaşıqdır, Miladı iki dəfə qeyd edirsiniz, ona görə də iki bayramın tən ortasındakı günü seçdim...
– Zırrama, – Krılov bircə kəlmə deyib maşınına sığındı. Motoru işə salandan sonra nesukeni tələm-tələsik dürtdü cibinə. Qızcığazı çəp-çəp süzdü, o da buna baxaraq dodaqaltı nəsə pıçıldayırdı. – Zırramalıqdır, ya da qarabasma. Ancaq burası da var: kimdə?..
Qızcığaz gözdən itmişdi. Var idi – yox olmuşdu.
– Elə məndə, – Krılov bu fikrə gələndə bütün bədəni titrədi. Bu nə bəladır belə? Nəsildə-kökdə başdanxarab olmayıb...
Maşını yavaşca yerindən götürdü.
– Siz tamamilə sağlamsınız, – arxadan eşidildi bu. – Hərçənd...
Krılov hövlnak əyləci basdı. Qanrılıb baxdı.
Qızcığaz arxa oturacaqda əyləşmiş, əlindəki kartonu yenə o cür bərk-bərk tutmuşdu. Məsum uşaq nəzərlərilə baxırdı Krılova.
– Babasilin yüngül halı, təzə baş qaldıran prostatit, öd kisənizdə qatılaşma. Başqa heç nə, – bayaqkı sözlərini təkrarladı qızcığaz, – tamamilə sağlamsınız! Demək, belə, namünasib məqam seçdiyim üçün üzr istəyirəm. Amma mən bu Yeni il axşamı – üstəlik, təqviminiz üzrə iki Miladın düz ortasında – xeyirxah işlər tutmağa son dərəcə meyilli görürəm sizi...
– Sən kimsən axı belə? – Krılov qeyzlə səsləndi. – Maşına necə minmisən?
– Mən balaca bir qızam. Fəzada özüm üçün yerdəyişmə etmişəm. Eşidirsiniz məni?
– Sən niyə belə danışırsan? Balaca qızlar bu cür danışmırlar!
Qızcığaz köks ötürdü:
– Nitqim çətin anlaşılır? Xahiş edirəm, möhkəm olun! Vəziyyət çox sadədir: mən gələcəkdənəm!..
Valeri başını tərpətdi:
– Aha. Mən isə Marsdan...
– Oxşamırsınız, – qızcığaz aman vermədi. – Beləliklə, mən gələcəkdən gəlmişəm, zamanda səyahət edirəm. Dəqiq tarixi bilməyiniz vacib deyil.
Krılovu yüngül bir həvəs bürüdü:
– “Gələcəkdənəm” deyirsən?Fantastika, eləmi? Əlbəttə, inanıram!Burada, bizdə hər tərəf doludur zaman səyahətçiləri ilə. Addım atdınmı – onlarla burun-buruna gəlirsən.
– Bax, düz danışmırsınız, – qızcığaz incik danışdı. – Daha burada zaman səyahətçiləri qalmayıb. Kinayəniz də yersizdir!
– Əgər sən gələcəkdən gəlmisənsə və bu barədə belə rahat danışırsansa, onda niyə zaman səyahətçiləri haqqında kimsənin məlumatı yoxdur? Niyə daha onlara rast gəlmirik?
– Axı sizin dövrünüzə səyahət edən olmur, – qızcığaz onun sözünü ağzında qoydu. – Burada maraqlı nə var? Ekologiya korlanıb, qida keyfiyyətsizdir, insanlar bədxahdırlar, mədəni səviyyə aşağıdır, savaşlar zövqsüzdür... Hamı antik Yunanıstana, Orta Əsrlərə, qədim Çinə və Yaponiyaya üz tutur... Bax oralar gözəldir!
Krılov cavab verməyə söz tapmadı.
– Beləliklə, – qızcığaz sözünün ardını gətirdi, – mən adi bir zaman səyahətçisiyəm. On yaşım var. Bu sizə birtəhər gəlməsin, əqli cəhətdən yetkin insan kimiyəm.
– İnanmıram, – Krılov qətiyyətlə dilləndi.
Qızcığaz yenə havaya qarışıb yoxa çıxdı. Və yan oturacaqda peyda oldu.
– Hipnozdur, – Krılov öz gümanını dilə gətirdi.
Maşın silkələnib yavaş-yavaş göyə yüksəldi.Qarlı küçələr aşağıda qaldı, külək vıyıldadı, Moskva onlardan altda işıqlar sayrışan nəhəng xəritə kimi açılıb-yayıldı.
– Bu da hipnozdur? – qızcığaz maraq xətrinə soruşdu. – Onda çıxın buradan. – Krılov başını buladı.
– Çox yaxşı, – qızcığaz sevincək dedi. Üzünə azacıq qızartı gəlmişdi. – İndi mənə inanırsınızmı? Yoxsa başqa da nəsə lazımdır?
– İnanıram, – pıçıldadı Krılov. – Qız, ay qız... orada, gələcəkdə necədir vəziyyət?
– Söz ola bilməz! – qızcığaz müxtəsər cavab verdi. – Hə, belə, Valeri Pavloviç. Sizdən bir xahişim oldu. Mənə – əsrlərin zülmətində yol azmış qızcığaza Milad hədiyyəsi verəcəksinizmi?
– Nesukeni? – Krılov dəqiqləşdirmək istədi.
– Ihı, – qızcığaz gülümsədi.
Krılov bir neçə saniyə dillənmədi. Sonra isə bağırdı:
– Sən nə çərənləyirsən? Hansı hədiyyədən dəm vurursan? Nesukedən? Heç bilirsən, o mənə necə baha başa gəlib? Pullar cəhənnəmə... Elə bilirsən, Moskva doludur bu cür nadir nesukelərlə? Mən bu gün onu bir heykəltəraşa hədiyyə etməliyəm! Əvəzində, bəlkə, o da mənim zavodumdan bürünc alar! Beləcə, işlərim yoluna düşər! Alınmasa, vəssalam, başımı götürüb gedəm gərək.
– Bu nesuke mənə çox lazımdır! – qızcığaz nazik səslə çımxırdı. – Verin onu mənə!
– Əvəzində başqasını gətir, – Krılov çözüm təklif etdi. – Yaponiyaya fitilləmək səndən ötrü çətin deyil, düzdür? İki yüz il əvvəlin nesukesini alıb gətirirsən Moskvaya, verirsən onu mənə... Sənə nə oldu?
Qızcığaz astadan hönkürüb ağlayır, göz yaşlarını kirli ovcuyla silirdi. Maşın təhlükəli tərzdə silkələnməyə başladı.
– Ey, özünü ələ al sən! – Krılov təşvişə düşüb qışıqırdı. –Al, sil getsin... – deyərək qızcığaza təmiz burun dəsmalı uzatdı. – Mənim nesukem sənin nəyinə gərəkdir? Axı sən o cür xarüqələrə qadirsən!
– O... heç də sizin deyil... – göz yaşları içində mızıldandı qızcığaz. – Onu mənim atam yonub – sümükdən.
Müdriklər necə deyib: qadın ağlamayınca haqlı çıxmaz. Bu qayda balaca qızlara da aid imiş. Krılov xəcalət hissi keçirirdi.
– Mənim deyilmiş... Ondan ötrü pul xərcləmişəm mən, – deyə təpindi qızcığaza. – Qulaq as, sən ki əsl möcüzələr yaradırsan, bəs nə yapışmısan məndən? Özün üçün nesuke oğurlayarsan, ya haradansa götürərsən, məsələ bitər...
– Bacarmaram! – qızcığaz incik tərzdə çımxırdı. – İş də elə bundadır!
Dolaşıq izahatdan Valeri bunu anladı ki, zaman səyahətçilərinin hamısına xarakteri kəskin dəyişən xüsusi iynələr vurulur. Həmin iynədən sonra səyahətçilər özlərinin geridə qalan əcdadlarını öldürə, qarət edə, yaxud başqa hansısa formada incidə bilmirlər. Yalnız özünümüdafiə cəhdi istisnadır...
– Bax əgər siz məni vursanız, yaxud dişləsəniz... – qızcığazın bu mızıldanmasında bir ümid sezildi.
– Bah! – Krılov hirsləndi. – Sən məni kiminlə qarışdırırsan? Mənim səni vurmaq niyyətim yoxdur, dişləməyimdən isə heç söhbət gedə bilməz!
– Heyif, – qızcığaz köks ötürdü. – Elə olsa, mən nesukeni sizin o duyğusuz əllərinizdən qoparıb ala bilərdim...
Qəribə də olsa, bu açıq etiraf Valerini sakitləşdirdi.
– Ay qız, axı niyə məhz bu nesukeni istəyirsən? – deyə soruşdu. Siqaret çıxardıb götürdüyü Çin alışdırıcısı ilə yandırdı. – Nə yapışmısan yaxamdan?
Qızcığaz başladı danışmağa. Demə, bir vaxt atası ilə on səkkizinci əsr İngiltərəsinə Milad tətili üçün gediblərmiş. Amma atası İngiltərədə darıxır və üz tutur on səkkizinci əsr Yaponiyasına. Vədə ötüb keçsə də, Yaponiyadan geri dönmür. Qızcığaz anlayır ki, atasının başına bir iş gəlib. Yəqin, zaman maşını xarab olub, belə hallar olur arada.
– Bəs xilasedicilər yoxdur sizdə? – Krılov təəccüblənmişdi.
– Yox. Zamanda səyahətin bütün ağırlığı, cəfası hər kəsin öz öhdəsinə düşür, – qızcığaz bu cür açıqladı. – Azıb-itənləri xilas etmək zamanda ziddiyyət yarada bilər!
Atası geri dönmədikdə qızcığaz özü evə qayıda bilərmiş. Amma çox istəyirmiş ki, atasını xilas etsin. Fikrindən keçib ki, görəsən, atası orada nə ilə dolanacaq? Qarət qətl yolverilməzdir, oranın elmlərinə yiyələnmək də onun kimi. Bax onda qızcığazın ağlına gəlir ki, axı atasının sümükdən oyma fiqurlar düzəltməyə həvəsi vardı. Deməli, nesukelər düzəldəcəkdi. Harada olduğu bilinsin deyə də hər nesukedə anaxronizmə yol verəcək, yəni mövcud zamana uyğun gəlməyən bir işarə qoyacaqdı. Zəkalı qızcığaz o cür nesukeleri axtarmağa başlayıb və axırda bir dənəsini tapıb: həmin bunu – Krılovun aldığını.
– Anladım! – Valeri bərkdən dilləndi. – Amma bu, “Susi satan” deyil, “Çin alışdırıcıları satan qızcığaz”dır!
– Yox, bunlar alışdırıcı deyil,– qəti etiraz etdi qızcığaz. – Bu... sizdə heç o cür söz yoxdur. Bunlar kiçicik şeylərdir, başqa... daha böyük... hələ bu söz də yoxdur... Daha böyüklərini düzəltmək üçündür bunlar.
Krılov nesukeni cibindən çıxartdı. Şübhəli nəzərlərlə gözdən keçirib dedi:
– Hə, nə olsun? Tutalım, bunu sənin atan düzəldib. Öz yerini bildirib ki, kömək gəlsin, eləmi? İndi get atanı xilas elə də. Başqa nə lazımdır axı sənə?
– Nesuke! Onu zaman maşınındakı xüsusi qutuya qoymalıyam! – səsini qaldırdı qızcığaz. – Onda zaman maşını bu nesukenin oyulub düzəldildiyi yerə yönələcək, mən də atamı xilas edəcəyəm!
– Bəs nesuke? – Krılov cavabı təxmin etsə də, yenə dəqiqləşdirmək istədi.
– Atomlara parçalanacaq.
– Uyğun gələn başqa nesukelər yoxdur? – deyə soruşdu Krılov.
– Başa düşün, axı başqaları ola bilməz! Olarsa, demək, mən atamı xilas edə bilməmişəm! Deməli, o, ömrü boyu qədim Yaponiyada qalıb!
– İşə düşdük, – Krılov köks ötürdü.
Qızcığaz da köks ötürüb qətiyyətlə dedi:
– Ya siz bu nesukeni mənə verirsiniz, gedib atamı qurtarıram, ya da xəsislik edirsiniz, atam həlak olur.
– Ay qızım, axı mən də müflis olmaq üzrəyəm, – Krılov açıq danışdı. – Yox, sənin atana ürəyim yanır mənim... Sən özün də cəsur qızsan...
Zaman səyahətçisi yenə sızıldadı.
– Barı pullarımı qaytar! – Krılov yalvarış tərzinə keçdi. – Ya da başqa bir nesuke ver mənə!
– Pul nə gəzir məndə, – qızcığazı ağlamaq tutdu. – Sizə veriləsi bir şeyim də yoxdur. Heç lotereyada hansı biletin tutacağını da deyə bilmərəm.
– Qadağandır? – Krılov anlayışlı tövrlə soruşdu.
– Qədim dövr lotereyalarına heç vaxt marağımız olmayıb... – deyə açıqladı qızcığaz.
Krılov susurdu.Eh, o cür planı vardı!Hədiyyə verəcəyi nadir nesuke... dostyana söhbət... sərfəli razılaşma... böyük qazanc...
– Get, xilas elə atanı, – deyərək qədim yapon brelokunu qızcığaza uzatdı. – Ancaq əvvəlcə maşınımı yerə endir!
Qızcığazın çöhrəsi parladı:
– Sağ olun! Var olun! Mən bilirdim ki, iki Milad arasındakı bayram axşamında insanlar mehribanlaşırlar və gerçək möcüzələr baş verir!
Krılovun yanağına yöndəmsiz bir öpüş qondurub qeybə çəkildi.
Maşın, əvvəlki kimi, əntiq əşyalar salonunun yanında dayanmışdı. Amma ayaqaltıya birdəfəlik alışdırıclar səpələnmişdi.
– Gerçək möcüzələrmiş... – Krılov təəssüflə söyləndi. – Baxır kimdən ötrü.
Onun bütün planları puça çıxmışdı. Hamısı da sırtıq bir qızcığazın və onun səfeh atasının ucbatından... Turistlərimə bax mənim! Buralı deyillərmiş, maşın xarab olubmuş...
Maşınını işə salıb, niyəsini heç özü də bilmədən, çarəsiz halda gecə klubuna sürdü..
İndi necə olsun, məşhur heykəltəraşla bu Yeni il axşamı elə-belə, hədiyyəsiz-filansız münasibət qurmağa cəhd etsin? Havayı söhbətdir. Ancaq hər halda, cəhd etmək lazım gələcək...
Krılov duracaqda yer seçib maşını saxlamışdı artıq, o an arxa oturacaqdan xəfif bir öskürək eşitdi.
– Yenə? – hövlnak səslənib geri qanrıldı.
Maşında daha iki nəfər vardı: bu dəfə əynində tünd-sarı don, qırmızı ipək atmalıq olan həmin qızcığaz və qara dar şalvar, ala-bula gençiyin arxalıq geyinmiş bir kişi.
– Yaraşıqlıdırmı mənim kazamim (“kazami” – yapon mifik-fantastik, mədəniyyətin xüsusən animasiya filmlərində məşhur qəhrəman obrazıdır – tərc)? – qızcığaz sevincək qışqırdı.
Kişi isə qızına tərs-tərs baxıb dilləndi:
– Sağ olun, Valeri-san (“san” – yaponlarda ehtiram ifadə edən xitab kəlməsidir – tərc.).Mənim xilasım üçün böyük fədakarlıq göstərmisiniz...Domo ariqato qodzaimas (yaponca ənənəvi təşəkkür ifadəsidir, təxminən “Sizə qəlbən minnətdaram” anlamı verir – tərc.)
– Yaxşı, bəsdirin... elə bir şey deyil... – utandı Krılov. – Bayramdır, hər halda...
– Biz geriyə – gələcəyə qayıtmalıyıq, – dedi kişi. – Ancaq sizə təşəkkürümü bildirmədən olmazdı. Bu kiçik hədiyyəmizi qəbul edin, Valeri-san! Mən bu nesukeni çox nüfuzlu bir məmur üçün oyub düzəltmişdim, amma qat-qat artıq sevinclə sizə təqdim edirəm!
Krılov kiçicik fiquru ondan alan kimi kişi ilə qızcığaz baş əyib qeyb oldular. Bu dəfə, deyəsən, həmişəlik.
– Necə yəni... – Krılov nesukeni süzə-süzə pıçıldadı. – Necə yəni... qurtuldum yoxsa?
Bu nesuke, görünür, müəllifin öz təsviri idi: yapon qiyafəli hündür və arıq bir kişi. Ancaq əlində pivə şüşəsi vardı!
– Anaxronizmdir... – Krılov söyləndi. – "Pivə şüşəsi tutmuş kişi”...Mən bunu nə üzlə hədiyyə edəcəm?
Məyus-məyus güldü. Möcüzə... bayram... Yaxşılıq edirsənsə, əvəzini umma!
Hərçənd...
Krılov nesukeni bir də diqqətlə gözdən keçirdi.
O “qızcığaz”a nəsə anlaşılmaz bir ad qoymuşdular axı – "Susi satan qızcığaz”...
Əsas məsələ vaxtında düzgün bir ad qoymaqdır. Onda adam özü əşya ilə təqdimat arasında bir uyğunluq tapacaq! Moskvalı monumentalist-heykəltəraş da öz işində belə hallarla tez-tez üzləşmiş olar!
– Həvəngdəstəli kişi... – Krılov bu adın səslənişini yoxladı. – Yox. Yaxşısı budur – “Həvəngdəstəli kimyagər!” Naməlum sənətkarın əl işi...
Maşınından düşdü – nesuke də əlində.
Hər şey yaxşı olmalıydı.
Belə bir axşamda hamının ürəyi yumşalır!
-----
*Gürcüəsilli məşhur heykəltəraş Zurab Seretelinin ad və soyadının baş hərfləri hekayədə zarafatyana əvəzlənib.
“Ədəbiyyat və incəsənət”
(05.12.2023)