Super User

Super User

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Yaradıcı Həftə” çərçivəsində Azərbaycan Respublikası Kino Agentliyinin dəstəyi ilə “CINEMO” Mobil Film Festivalının açılış mərasimi keçiriləcək.

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, layihənin məqsədi Azərbaycanda gənclərin yaradıcı fəallığının dəstəklənməsi, onlar arasında mobil telefon vasitəsilə film istehsalının daha geniş tanıdılması, mobil çəkiliş sahəsində biliklərinin artırılması, istedadlı mobiloqraf və kinematoqrafların üzə çıxarılması, mobil filmin geniş imkanları vasitəsilə sosial dəyərlərin təbliği və istedadlı gənclər arasında yaradıcı əlaqələrin qurulmasıdır.

Tədbir dekabrın 1-də Nizami Kino Mərkəzində olacaq.

Festivala təqdim ediləcək mobil telefon vasitəsilə çəkilən filmlər münsiflər heyəti tərəfindən dəyərləndiriləcək və sonda qaliblər müəyyən olunacaq.

Festivalda iştirak şərtləri, filmlərə dair tələblər, mükafatlar və digər zəruri məlumatlar açılış mərasimində elan ediləcək, həmçinin festivalın rəsmi internet saytında cinemoff.com yayımlanacaq.

 

“Ədəbiyyat və incəsənət”

(01.12.2023)

“Yaradıcı Həftə" çərçivəsində Mədəniyyət Nazirliyinin dəstəyi ilə 1-3 dekabr tarixlərində Nizami Kino Mərkəzində “Cultech” (mədəniyyət sahəsində startaplar) və “GameTech” (oyun texnologiyaları) hakatonları keçiriləcək.   

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, “CulTech” hakatonu kreativ sektorda olan məsələlərə innovativ həll yolları tapmağa çalışan komandaları bir araya gətirən intensiv proqramdır. Müsabiqədə 48 saat müddətində komandalar mentor dəstəyi alacaq və öz yaradıcı və innovativ məhsullarının prototiplərini hazırlayacaqlar. Sonda hər bir komanda üç dəqiqə ərzində prototipi münsiflər heyətinə təqdim etmək imkanı əldə edəcək.

“CulTech” hakatonunda iştirak etmək üçün komanda şəklində müraciət olunmalıdır.

“GameTech” hakatonu zamanı iştirakçılar mentor dəstəyi alaraq öz yaradıcı və innovativ oyun layihələrini yaratmaq və nümayiş etdirmək üçün bir araya gələcəklər. 48 saat müddətində davam edəcək hakatonda oyun yaradıcılığı sahəsində fəaliyyət göstərən proqramçılar, dizaynerlər, rəssamlar, habelə bu sahədə həm təhsil alan tələbələr, həm də uzun illər fəaliyyət göstərən şirkətlərdə çalışan mütəxəssislər iştirak edəcək.

Dekabrın 3-də münsiflər heyətinin dəyərləndirməsinə əsasən qaliblər müəyyən ediləcək və onlara mükafatlar təqdim ediləcək.

Qeydiyyat üçün week.creative.az  səhifəsinə keçid edə bilərsiniz.

 

“Ədəbiyyat və incəsənət”

(01.12.2023)

“Yaradıcı Həftə” çərçivəsində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə bu gündən ayın 3-dək YARAT Müasir İncəsənət Məkanında “GƏL, YARAT” Yaradıcılıq üzrə Marafon təşkil olunacaq.  

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, marafon müxtəlif yaradıcı klasterlərdə birgə məhsul yaratmağa yönəlmiş kollektiv tədbirdir. Üç gün davam edəcək marafonda beş fərqli istiqamət (animasiya, kino, qrafik dizayn, teatr və 3D çap) müəyyən edilib. Hər istiqamət üzrə təcrübəli mentorların dəstəyi ilə komandalar öz məhsullarını hazırlayıb səhnədə təqdim edəcəklər.

Dekabrın 3-də hazırlanan məhsulların dəyərləndirilməsi münsiflər heyəti tərəfindən həyata keçiriləcək və hər bir istiqamət üzrə qalib komanda mükafata layiq görüləcək.

Qeydiyyat üçün week.creative.az  səhifəsinə keçid edə bilərsiniz.

 

“Ədəbiyyat və incəsənət”

(01.12.2023)

Bəzən jurnalist müsahibindən söz ala bilmir. Necə edəsən ki, müsahibin danışsın? “Ədəbiyyat və incəsənət” portalı tanınmış tənqidçi Əsəd Cahangirlə “Ustad dərsləri” rubrikasını təqdim edir. Burada Əsəd Cahangirin müxtəlif illərdə götürdüyü ən maraqlı müsahibələr tarixi ardıcıllıqla təqdim olunur. Növbəti müsahib tanınmış bəstəkar Şəfiqə Axundovadır. Ondan müsahibə1998-ci ilin martında götürülüb.

 

 

“MƏN İBRAHİM TATLISƏSƏ ETİRAZIMI BİLDİRƏCƏM”

 

Müsahibimiz görkəmli bəstəkar, Əməkdar İncəsənət xadimi Şəfiqə Axundovadır.

 

-Şəfiqə xanım, siz Şərq musiqisi tarixində ilk opera müəllifi olan qadın bəstəkarsınız. 1971-cü ildə bəstələdiyiniz “Gəlin qaya”sı operası ilə musiqi tarixində inqilab eləmisiniz. Belə bir cəsarətli ideya hardan yarandı?

 

-Hər hansı bir sahədə yenilik etmək üçün sənə dayaq duran adamlar olmalıdır, tək əldən səs çıxmaz. Opera bəstələmək ideyasını mənə verən görkəmli yazıçımız, mərhum Süleyman Rəhimov oldu. O bir gün mənə zəng etdi ki, bir radio-pyes yazmışam, gəl ona musiqi bəstələ. Yazıçının “Gəlin qayası” adlı povesti əsasında eyniadlı musiqili ədəbi kompozosiya belə yarandı. Kompozisiyadan aşağıdakı misralara bəstələnmiş musiqi Süleyman Rəhimovun çox xoşuna gəldi:

 

Yenə də ayrılıq, yenə də hicran,

Çəkib qılıncını kəsdi yolları.

Qayanı çən aldı, dərəni duman,

Ələndi başıma dağların qarı.

 

Yazıçı əvvəlcə mənimlə söhbət elədi, sonra o vaxtkı Mədəniyyət naziri, qələm dostum, bəstəkar Rauf Hacıyevlə danışdı. Dedi ki, bu qızla müqavilə bağlayın, qoy şərq tarixində ilk opera bəstələyən qadın azərbaycanlı olsun. “Gəlin qayası” povesti əsasında bəstələdiyim eyniadlı operanın librettosunu şair İsgəndər Coşqun yazdı.

 

-Opera bəstələmək asan məsələ deyil, xüsusən də, ilk dəfə. Yəqin ki, sizin də çətinlikləriniz az olmayıb.

 

-Süleyman Rəhimov mənə elə inamla yanaşdı ki, işə çox böyük ruh yüksəkliyi ilə girişdim. 1971-ci ildə cəmi yeddi aya operanı yazıb bitirdim. Amma əsərin səhnələşdirilməsi bir neçə il çəkdi. 1973-cü ildə əsərə baxış keçirildi. Xalq artisti Azər Rzayevin bu işdə mənə yaxından köməyi oldu. Bütün operanı özüm tək oxudum. Pianinoda məni Çingiz Sadıqov müşayiət edirdi. Zalda oturanlar arasında Republika Qadınlar Cəmiyyətinin sədri Hökümə Sultanova, yazıçı Xalidə Hasilova da var idi. Əsər bəyənildi və qəbul edildi.

 

-İlk tamaşanı necə xatırlayırsınız?

 

-İlk tamaşa 1974-cü ildə oldu. Əsas rolları Nəzakət Məmmədova, Arif Babayev, Baba Mirzəyev, Rübabə Muradova, Fürudin Mehdiyev, Leyla İbrahimova və başqaları ifa edirdilər. Dirijor Rauf Abdullayev, konsertmeyster Taleh Hacıyev idi. Tamaşa çox əla keçdi. İynə atsaydın, adam əlindən yerə düşməzdi. Teatr amfiteatra qədər adamla dolmuşdu. Sonralar bu tamaşada əsas rolları Səkinə İsmayılova və Səfurə Əzimi kimi sənətkarlar da ifa etdilər. Uzun illər tamaşanın quruluşçu rejissoru Ağakişi Kazımov oldu.

 

-Siz “Gəlin qayası” operasını yenidən tamaşaya hazırlayırsınız. Bu, nədən irəli gəldi?

 

-“Gəlin qayası” milli ruhda yazıldığından xalqın sevimli tamaşası olduğundan, vaxtaşırı olaraq onu yeni quruluşda təqdim etməyə ehtiyac olur. Hər yeni nəsil ifaçılar onu özünəməxsus şəkildə ifa edir. Hər yeni nəsil tamaşaçı da onu öz zamanına uyğun dərk və qəbul edir.

 

-Yeni tamaşada baş rolları kim oynayacaq?

 

-Əsas rolları Gülyaz Məmmədova, Baba Mirzəyev, Gülüstan Əliyeva və Şahlar Quliyev ifa edəcəklər. Allah qoysa, əsəri aprel ayında təhvil vermək fikrindəyik.

 

 

-Yeni opera yazmaq fikriniz varmı?

 

-Təəssüf ki, səhhətim, yaşım buna imkan vermir. Qoy bizim yolumuzu gənclər davam etdirsinlər.

 

-Oğlunuz Taleh də musiqi ilə məşğul olur.

 

-Talehin çox gözəl pianoçu istedadı var, eyni zamanda, mahnıalr da bəstələyir.

 

-Bir ana kimi Talehinizdən, ömrünü sənətə həsr etmiş bəstəkar kimi taleyinizdən razısınızmı?

 

-Oğlum məni çox sevir, ondan çox razıyam. Amma mənim yeganə qayğım oğlumla bağlıdır. Fikirləşirəm ki, başıma bir iş gəlsə, görəsən, Taleh necə olacaq. Onu bu dünyada tək qoyub getmək mənim ən böyük dərdim, ən ağrılı yerimdir. Bəstəkar kimi isə öz taleyimdən yerdən-göyə qədər razıyam. Haqqımda film çəkilir, xalq mahnılarımı sevirlər. Televiziya, radio, mətbuat məni tez-tez yad edir. Prezident cənabları mənə ömürlük fərqi təqaüd kəsib. Bir sənətkar kimi xoşbəxt olmaq üçün daha nə lazımdır ki?

 

-İlk mahnınızı xatırlayırsınızmı?

 

-“Gözəl oğlan” adlı ilk mahnımı sevimli müğənnimiz Sara Qədimova ifa edib. Sara xanım mənə bütün ömtrüm boyu maddi və mənivi dayaq olub. Sonralar mahnılarımı Şövkət Ələkbərova, Zeynəb xanlarova, Flora Kərimova, İslam Rzayev ifa ediblər. Hazırda Brilyant Dadaşova, Nüşabə Ələsgərli, Manana ifa edirlər. Son vaxtlar Alim Qasımovun mahnılarımı ifa etməsi çox xoşuma gəlir. Şairlərdən ən çox Bəxtiyar Vahabzadə ilə yaradıcılıq əlaqələrim olub. \

 

-Sizin Bəxtiyar Vahabzadənin şeirinə bəstələdiyiniz “Nədən oldu” mahnınız təkcə Azərbaycanda yox, Türkiyədə də hitə çevrilib. Mahnını türk musiqisinin imperatoru İbrahim Tatlısəs də ifa edir və çəkildiyi filmə daxil edib.

 

-İbrahim Tatlısəs mənim mahnımı icazəsiz, anonim mahnı kimi oxuyur. Mənim bundan xəbərim yox idi. Zəng vurub mənə deyibər ki, sizin “Nədən oldu” mahnınız İbrahimin “Qara yosma” filmində iki dəfə oxunur.

 

-İbrahim Tatlısəs bu yaxınlarda Bakıya gələcək. Onunla bu barədə söhbət edəcəksinizmi?

 

-Mən İbrahimlə görüşəcəm və ona öz etirazımı bildirəcəm.

 

-Tәsәvvür edin ki, seһrli xalçaya minib başqa planetә gedirsiniz. Sizә özünüzlə yalnız bir şey götürmәyә icazә verirlәr. Nәyi seçәrdiniz?

 

-Oğlum Talehi götürərdim.

 

“Ədəbiyyat və incəsənət”

(01.12.2023)

 

 

 

 

 

 

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı dekabrda maraqlı səhnə əsərləri ilə çıxış edəcək.

Teatrın dekabr ayı üçün repertuarını təqdim edirik:

 

9 dekabr - “Mən dəyərəm min cavana”

10 dekabr - “Leyli və Məcnun”

15 dekabr - “Paris Notr- Dama ithaf”

17 dekabr - “Amerikalı kürəkən”

19 dekabr - “Qorxma, biz səninləyik”

20 dekabr - “Qorxma, biz səninləyik”

21 dekabr - “Qorxma, biz səninləyik”

22 dekabr - “Baladaşın toy hamamı”

29 dekabr - “Yeni il” tamaşası

30 dekabr- “Yeni il” tamaşası, “Sən elə bir zirvəsən!”

31 dekabr- “Yeni il” tamaşası

 

“Ədəbiyyat və incəsənət”

(01.12.2023)

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində yaşı 35-ədək olan şairlərin şeirlərinin dərcini davam etdiririk. Bu gün növbə Şəhanə Müşfiqindir.


 

 

Şahanə MÜŞFİQ

 

 

ELƏ GƏLDİN Kİ...

 

Bir səhər bir ömrü dəyişə bilərmiş,

Xəbərim yoxdu.

Günüylə, günəşiylə,

Saatı, dəqiqəsiylə,

Küçədən şütüyən maşınları,

İnterneti axsaq kompüteri,

Barmaqlarımı məngənəsinə həbs edən məqalələri,

İş yerimin qapısı ağzında yemək gəzən pişiyi,

Pəncərəm önündə dən axtaran sərçələri...

ilə adidən adi bir gündü o gün.

Yenə də tələsirdim, hara, nəyəsə.

Saatın dəqiqəsini tutdum,

Məqalənin son nöqtəsini qoydum,

Kompüteri söndürdüm,

Sərçələrə gülümsəyib pişiyin yanından keçdim,

Küçədəki maşınları ötdüm...

Planımdakı yerə,

Bilmədiyim ömrə doğru yol aldım.

Sənə imiş qaçaqaçım,

Sənə imiş gəlişim,

Xəbərim yoxdu.

Gözləmədiyim, ummadığım zamanda qarşılaşdıq iki yad doğma kimi.

Günəşin ziyasıyla nurlanan dünya kimi

Nura qərq oldu dünyam

Gözlərinin gecəsindən doğan günəşlə...

Mən səni axtarmırdım ki,

Aramadığım səhərlərdə,

Rast olmadığım günlərdə,

Yolum düşməyən təqvimlərdə gəldin ömrümə.

Elə gəldin ki, “get” deməyə cəsarətim,

“Qal” deməyə gücüm olmadı.

Gözlədim,

Gözlədim ki, anlayasan susqunluğumu,

Gözlədim ki, görəsən əllərimi...

Hə...

Kimi gözdən, kimi ürəkdən, kimi gülüşdən sevər.

Mən də əllərdən sevdim.

Əllərinin qabarında açan xoşbəxtlik çiçəklərinə su verdim öpüşlərimlə,

O çiçəklərlə bəzəndi saçlarım hər gecə, hər səhər.

Sevdim səni.

Sorğusuz, sualsız,

Gözləntisiz sevdim.

Mən səni sevmək üçün yox,

Sənin üçün sevdim...

 

 

***

 

Yadam özümə…

Bu külək özünə oxşamır nəsə,

Əhvalı dəyişib, halı dəyişib.

Hara əsdiyini özü də bilmir,

Cığırı dəyişib, yolu dəyişib.

 

Bu küçə heç tanış gəlmədi mənə,

Necə səssizlikdir, necə qaranlıq.

Yoxmu bu küçədə Allah bəndəsi,

Dayanıb dinləsə məni bir anlıq?

 

Bu yollar nə qədər yaddır, İlahi,

Əvvəl heç düşməyib yolum bu yola.

Sonu haralardır, hara aparır?

Nə yolla özümü salım bu yola?

 

Mən ki tanımıram bu adamları,

Nə yaman soyuqlar, nə yaman yadlar.

Sanki bu dünyada yaşamırlar heç,

Bəlkə, yaşamaqdan daha doyublar?

 

Güzgüdən boylanan o adam kimdir?

Gözləri nə qədər kədərli baxır.

Həyat pərçimlənib sanki gözünə,

Ordan damla-damla torpağa axır.

 

Tanıya bilmirəm daha heç kimi,

Özüm də yad oldum özümə, Allah!

Daha istəmirəm xatirə, yaddaş,

Məni heç qaytarma özümə, Allah!

 

 

ÜŞÜMƏYİN RESEPTİ

 

Üşümək nədir, bilirsənmi?!

Qışın soyuğuna,

Küləyin səsinə,

Yağışın nəminə,

İldırımın dəhşətinə,

Qarın bəyazlığına üşüməyi demirəm;

Səssizliyə,

Ümidsizliyə,

Təkliyə,

Gedənlərə,

Bir də heç zaman dönməyəcəklərə,

Göz yaşlarına,

Gözündən asılan baxışlarına,

Çarəsizliyə üşümək...

Adamı için-için yandırar,

Bir ilıq gecədə –

İsti yorğan-döşəyinin içində düşər canına,

Ürəyini dondurar,

Nəfəsindən Onsuzluğun ətri gələr,

Əllərində heç duymadığın əllərinin hərarəti üşüyər,

İslaq saçlarından süzülər

heç görmədiyin gözlərinin yaşı,

Elə bilərsən saçlarında yurd salıb baxışı...

Zamansızdır,

Məkansızdır üşümək...

Günəşin nurundan imdad olmaz

içində qış bəsləyənə,

Tanrının ədalət payına heyrət;

Üşüyə-üşüyə yanıb kül olmaq yazılıbmış

birisinin alın dəftərinə...

 

 

DARIXAN QADIN

 

Nə üzlü qonaqmış bu darıxmaq da,

Fikrimdən qovuram, qəlbimdən gəlir.

İndi bahar fəsli deyil, mən bilən,

Bəs necə burnumda qoxun güllənir?

 

Belə darıxmağı kim icad edib?

Görüm darıxmaqdan məntək boğulsun...

Sənsiz gözlərim də yolun itirib,

Gəl ki, yazıqlar da “evə yığılsın”...

 

Xoşbəxt günümüzdən xatirə şəkil –

Gözümün kökütək saralıb indi.

Yollar da üstümə sənsiz qayıdır,

Görüm zəhrimara qalsın həsrəti!

 

Boyumdan yekədi, əynimə gendi,

İçində itmişəm bu darıxmağın.

Qayıt, duman gözlüm, qayıt, yubanma,

Yolunda boy atıb “Darıxan qadın”.

 

 

AYRILAQ...

 

Bu ayrılıq heç xoşuma gəlmədi,

Gəl barışaq, sonra yenə ayrılaq.

Bircə dəfə ayrılmağın nə dadı,

Təkrar-təkrar, dönə-dönə ayrılaq.

 

Belə ayrılığa mən necə dözüm?!

Gərək gözlərindən ayrıla gözüm.

İnadkar qəlbimə yetməyir sözüm,

Əlim küssün əllərinə, ayrılaq...

 

Alışmasın öpüşünə yanağım,

Unutsun adını gərək dodağım.

Səssiz getmə, tutulacaq qulağım,

Çıxaq zilə, düşək bəmə, ayrılaq.

 

Gəl tələsmə, ayaq saxla bir anlıq,

Göz yaşımı qoy çantana yavanlıq.

Deyirlər ki, soyuq olur ayrılıq,

Həsrətini sər üstümə, ayrılaq...

 

...bu ayrılıq heç xoşuma gəlmədi,

Gəl barışaq, sonra yenə ayrılaq.

Bircə dəfə ayrılmağın nə dadı,

Təkrar-təkrar, dönə-dönə ayrılaq!

 

 

GÜNAH DAŞIYIRAM…

 

Müharibə şəkilləri asılıb

gözlərimlə dünyanın arasında.

Güllələnmiş körpənin “ana” hayqırtışı

bəzəyir qulaqlarımı –

Sırğa əvəzi.

Şəhidlərin qanı dolanıb nişan barmağıma,

Matəm rəngiylə bəzənib toy çadırım.

Övladı qollarında can verən ananın,

Yolunmuş saçlarıdır başımdakı duvağım.

Günahsız qurbanların naləsi qopur

vağzalı sədalı qara zurnadan.

Zülm, işgəncə dolub yatağıma,

Qarnına süngü keçirilmiş gəlinin,

“Günah”ını daşıyıram bətnimdə.

Onun ahu-fəryadını,

Ahını daşıyıram bətnimdə.

Dırnaqlarımın arasına dolub

“Siyasət” adlı əjdahanın süfrəsindəki

sümüklərlə bəslənən torpaq.

…və mən – qələmlə silahın arasında can verən zavallı!

 

 

“Ədəbiyyat və incəsənət”

(01.12.2023)

 

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı dekabrda maraqlı səhnə əsərləri ilə çıxış edəcək.

Teatrın dekabr ayı üçün repertuarını təqdim edirik:

 

2 dekabr - “Sülh Messası” oratoriyası

6 dekabr - “Leyli və Məcnun” operası

10 dekabr - “Toska” operası

13 dekabr - “Şelkunçik” baleti

16 dekabr - “Traviata” operası

22 dekabr - “Viva-Puççini” konserti

28 dekabr - “Məhəbbət əfsanəsi” baleti

30 dekabr - “Zoluşka” operası

 

“Ədəbiyyat və incəsənət”

(01.12.2023)

“Ədəbiyyat və incəsənət” portalının Poetik qiraət rubrikasında bu gün sizlərlə tanınmış şair Əkbər Qoşalı “Göy üzünə ulduz səp…” şeiri ilə görüşür.

 

*

Göy üzünə ulduz səp,

Naxış olsun, İlahi.

Arxamca bir cam su səp,

Yağış olsun, İlahi…

 

“Qaranlıqlar yarılsın”,

Nə sorğun var sorulsun;

Axırımız durulsun,

Alxış olsun, İlahi.

 

Xatirəmi ağ saxla, 

Gözlərimi sağ saxla,

Qoy keçmişdən sabaha

Baxış olsun, İlahi.

 

“Ədəbiyyat və incəsənət”

(01.12.2023)

Bu gün - dekabrın 1-də saat 12-də Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda Xalq şairi Məmməd Arazın 90 illik yubileyinə həsr olunmuş tədbir keçiriləcək.

 

“Ədəbiyyat və incəsənət” portalı AYB katibliyinə istinadən xəbər verir ki, tədbirdən öncə, saat 11-də Fəxri Xiyabanda şairin məzarı ziyarət olunacaq.

Bütün Məmməd Araz pərəstişkarları dəvətlidir.

Böyük şair barədə plduqca dəyərli fikirlər səsləndiriləcək.

 

“Ədəbiyyat və incəsənət”

(01. 12.2023)

Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”
 

Əslində, uğur formulası ümumi olduğu qədər də spesifikdir, yəni bir xalq üçün lazım olan uğur qazanmaq keyfiyyətləri başqa bir xalq üçün aparıcı olmaya da bilər. Məsələn, Azərbaycanda (ümumən Şərqdə) uğur formulasında mental qayda-qanunlara, davranış tərzinə istinadı, möhkəm ailə faktorunun, nümunəvi tərbiyənin rolunun hegemonluğunu, milli kökə və dini mənsubiyyətə bağlılıq faktorunu spesifikliyə aid edə bilərik.

Mən öz şəxsi təcrübəm, eləcə də illərdir ki, davam edən müşahidələrim nəticəsində uğurun qazanılmasında aşağıdakı parametrləri xüsusi olaraq qabardardım:

6). Yaxşı əhatə dairəsinə malik olmaq

Səni kimlər əhatə edir, dost-tanışların kimlərdir, komandan kimlərdən ibarətdir, bunlar çox əhəmiyyətli nəsnələrdir və uğur qazanmaq istəyən insançün çox vacib şərtlərdəndir. Və çox maraqlıdır ki, bütün liderlik konsepsiyalarında lider olmaq şərti tək özünün liderlik qabiliyyətindən, avtoritarlığından ibarət deyil, həm də ardıcıllarının, ətrafının, sənin idarəçiliyində olanların bu işdə sənə nə dərəcədə dəstək durmalarından, onların iş qabiliyyətlərindən, sənin onlarla münasibətdə nə qədər demokratikliyə önəm verməyindən asılıdır.

İnsanın yaxşı ətrafa malik olması anlayışı çox dərin anlayışdır, yaşadığın mənzili, avtomobilini, pal-paltarını ara-sıra dəyişdiyin kimi lazımi anda və lazımi məqamda ətrafını da dəyişə bilməyin çox vacibdir.

 

***

Öncəki günlər isə digər parametrləri açıqlamışdım:

1) Nümunəvi tərbiyə almaq.

Həyatda uğur qazanmaqçün nümunəvi ailədən çıxmaq, ziyalı, dünyagörüşlü, cəmiyyət üçün etiket sayıla biləcək valideynlərdən tərbiyə almaq əlavə, hətta deyərdim ki, çox böyük şərt və stimuldur. Sonrakı mərhələdə bağça və məktəb müəllimlərindən, kollektivdə ustad və qabaqcıllardan, cəmiyyətdə liderlərdən, örnək götürüləcək hər bir şəxsdən əxz edilən tərbiyə, xarakter formalaşdıracaq öyüd, nəsihət və vərdişlər fərdin tam kamilləşməsinə xidmət edir, bu da onun uğur yolunda daha qətiyyətli addımlar atmasına təsir göstərir.

Nümunəvi tərbiyə alan insan sonucda mütləq özü nümunəvi tərbiyəsi olan insana çevriləcək. Bu tip insan da öz növbəsində ətrafındakılara tərbiyəli olmaq mədəniyyətini aşılamağa başlayır, gələcək nəslin tərbiyə əxz edərək formalaşmasına təkan verir.

Primitiv bir misal çəkim. Tərbiyəli olmaq o demək deyil ki, hər hansı bir məclisdə yeməyi süfrəyə dağıtmayasan. Tərbiyəli olmaq odur ki, yanında əyləşən şəxs bunu edəndə onu pərt vəziyyətə salmamaq üçün özünü görməməzliyə vurasan.

2) Möhkəm ailəyə malik olmaq.

Uğura doğru yönələn gəncin möhkəm, sağlam ailədən çıxması, bir-birini anlamaq, bir-birinə güzəştə gedə bilmək üstünlüklü, münasibətlərin inam və etibar üzərində bərqərar olduğu, dedi-qodusuz, qanqaraçılıqdan uzaq, problemsiz ailənin üzvü olması da şərtdir. Belə ailə bütün qüvvələrini həyat hədəfinə yönəltməkdə, bir növ, sənin səfərbəredicin ola bilir.

Burada kişi-qadın münasibətləri də vacib detaldır. Fikri və arzuları üst-üstə düşən ərlə arvadın həyatı qədər gözəl həyat ola bilməz. Möhkəm ailə faktorunun təməlində ailə başçısının ağıllı siyasət yürütməsi (ailəni kiçik dövlət adlandırırlar) başlıca rol oynayır. Gənclər ailə həyatı qurarkən mütləq doğru seçim zərurətini də lazımınca dərk etməlidir. Hər cəhətdən bir-birini təmin edən cütlüklər ailə həyatı qurmalıdırlar. Hətta, belə bir deyim də var: çalış özünlə bir boyda olan arvad alasan, özündən hündürünü alsan ayaqları altında qalıb taptalana bilərsən.

3). Milli kök və dini mənsubiyyətə bağlılıq.

Hər bir fərd öz milli kökünə bağlanmalıdır, dininə hörmət etməlidir. Min illər boyu gələn adət-ənənələr, davranış qayda-qanunları, atalar sözləri, məsəllər və digər folklor nümunələri, oyunlar və ayinlər birləşərək fərdin milli xarakterini formalaşdırır.

Milli kökə bağlı insan öz qabında olan insandır, başqa qabda isə insan heç vaxt özünü rahat hiss eləyə bilməz.

Milli kökü, dini olmayanın istinad nöqtəsi olmaz. İnsan nə qədər kosmopolit olsa belə yenə milli xarakterini qorumalı, nə qədər ateist olsa belə yenə xalqının dini inanclarına hörmət etməlidir.

4) Yüksək səviyyəli təhsil ala bilmək.

Təbii ki, ibtidai təhsil almaq mütləqdir, amma mən ali təhsili də uğur etalonunun bir parçası hesab edirəm. Həyatda bilik qazanmaq təhsilsiz də mümkün ola bilər. Ancaq ali təhsil özündə təkcə biliyi ehtiva eləmir, o, həm də biliyin qavranması tərzidir, düşüncə tərzidir, bilikdən necə istifadə etmək təlimçisidir. Universiteti mühiti insanın dünyagörüşünün formalaşmasında ən başlıca faktorlardandır.\

5) Sağlamlıq və fiziki durumun qənaətbəxş vəziyyəti.

Bəşəriyyət tarixində insan üçün sağlamlıqdan vacib bir nəsnənin adını çəkə bilən şəxs hələ mövcud olmayıb, olmayacaq da. Məşhur deyimdir, sağlam bədəndə sağlam da ruh olar.

Fiziki durumu zəif olan, xəstə olan insanın uğura doğru yolu, təbii ki, əngəllənir. Öncə özünü sağalt, fiziki durumunun qeydinə qal, sonra uğur yoluna çıx.

Məncə, hər bir insan xəstələnib həkimə getmək əvəzinə xəstələnməmək üçün həkimə getməlidir. Sağlam həyat tərzi – sağlam qidalanmaq, fiziki hərəkətdə olmaq, zərərli vərdişlərdən uzaq durmaq, təbiətlə vəhdətə sığınmaq – bax bütün bunlar uğur qazanmaq istəyən insanın xarakterik xüsusiyyətləri olmalıdır.

 

“Ədəbiyyat və incəsənət”

(01.12.2023)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.