Super User

Super User

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində şeir vaxtıdır, sizlərə Zülfiyyə Yaqubun şeirlərini təqdim edirik.

 

ŞƏRQİN ÇIÇƏYI

 

Öncə kölgələr sərinlədər ruhunu,
sonra küsüb gedən 
qaranlığın soyuqluğu barışar
titrəyən baxışınla.
Verər əllərinə ətəyini ayrılıq,
yapışarsan bərk-bərk.
Sən artıq sönmüş ümid,
o, səmitsiz bir külək...
Uçurar xəyalını,
qanadlı quş olarsan.
Səmadan bulud-bulud,
müammalı baxışla
öncə səssiz dayanıb,
sonra pıçıldayarsan:
''Şimal Buzlu Okean,
Gəl bir yerdə üşüyək!''
Səhralar gülümsəyər
bu çağrışa, nidaya,
qum selinin dilindən
səda qalxar səmaya:
“Qalın buz qatları da
günə yanır, deyəsən,
uç, get, Şərqin çiçəyi,
geri dönmə yerə sən”.

 

 

TANRININ SÖZ KİTABI

 

Gecəni dönüb-dolaşıb,
Söz çəkir azan vaxtına. 
Yarpaq-yarpaq ömür düşür 
Qələmin yazan vaxtına.

 

Kəpənək qanadlarında
Qırx nərgizəm, qırx bənövşə.
Qırx gizli qapıdan keçib
Tələsərdim bu görüşə. 

 

Deyirlər, ulduzum da var,
Mənə bənzər, öz yaşıdım.
Göylər tanrılaşan gündən
Sirrimi əl-əl daşıdım.

 

Yağış, qar, dolu şəklində
Bulud ovcumda dincəlir.
Toxumu qəlbimdə olan
Cismimdə ruhum cücərir.

 

Nə gizlinəm, nə aşikar, 
Layla səsi, sur səsiyəm.
Tanrının söz kitabında
Bir bənd şeir bəndəsiyəm.

 

 

VƏTƏN OLAN YUXULARIM

 

Anam məni qadın doğub,
Yuxuda əsgər oluram.
Hər gecə eyni səhnələr, 
Hər gecə eyni yuxular. 

Nə yolumdan çəkilirəm,
Nə ürəyimdə qorxu var.

Anam məni qadın doğub,
Yuxuda bayraq oluram.

Sancılıb Ana torpağa,
Dalğa-dağla ucalıram.
Şəhid qanına boyanıb
Zəfərimdən güc alıram.

 

Anam məni qadın doğub, 
Yuxuda torpaq oluram.
Ovuc-ovuc səpilirəm
Murovdağdan Şah dağına.

Dağ-dağ olub, çöl-çöl olub,
Vətən olub üz tuturam
Qarabağdan İrəvana...

Gələn yuxunun birində
Bir də şəhid ola bilsəm, 
Bir də şəhid ola bilsəm,
Oyatma məni, ay ana!

 

 

QAĞAYI NƏĞMƏSİ

 

Səma aydınlıqdı, dəniz bulanlıq...
Suların dibinə çökən qaranlıq
yatıb yuxusunu, sübh  oyanacaq. 
Orda – çox uzaqda,
lap uzaqlarda
dan yeri əyninə günəş geyinər,
sonra libasını yağış isladar.
Buludlar dənizə səpələndikcə
göylərin tamını balıqlar dadar...
“Səma aydınlıqdı, dəniz bulanlıq” –
deyir bu nəğməni bəxtsiz qağayı.
Sahibsiz qayıqlar, sınıq qayıqlar
baxıb gülümsəyir  günəş sayağı.

 

“Ədəbiyyat və incəsənət”

(15.03.2024)

 

 

Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”

 

Robin Şarmanın kitablarından bəyənib seçdiyim bəzi fikirləri əziz oxucularıma təqdim etməkdəyəm.

Robin Şarmanı həmkarlarından fərqləndirən əsas cəhətləri hansılardır? İlk öncə, onun klassik fəlsəfənin taftalogiya şəkli almış aforizmlərindən xeyli uzaqda dayanaraq müasir, 3-cü minillik fəlsəfəsini yaratmaq istəməsi cəhdi.

Robin Şarma yazır:

1.   Xoşbəxtlik gedib çıxacağın hansısa bir məkan deyil, bu, sənin özünün yaratdığın daxili haldır.

2.   Nə qədər ki, düz hərəkət etdiyini bilirsən, qoy səni başqalarının fikri narahat etməsin.

3.   Biz hamımız bu dünyaya hansısa bir vacib səbəbə görə gəlmişik. Öz keçmişinin əsiri olma. Öz gələcəyinin memarı ol.

4.   Olmağı arzuladığın insan olmaq heç vaxt gec deyil.

5.   Ağrı – müəllimdir, uğursuzluqsa uğura gedən düzgün yol. Gitarada çalmağı öyrənmək əvvəlcə bir neçə falş akkordlar götürmədən mümkün deyil. Eləcə də yelkənli qayıq sürməyi öyrənməkçün mütləq qayığı bir neçə dəfə əyməlisən.

6.   Bizim Yer kürəmizdə xaos yoxdur. Sizinlə baş verən hər bir şeyin özülü var, eləcə də hər bir baş verəcək şeyin. Başınıza nə gəlirsə, hər biri bir dərsdir. Odur ki, hər xürdalığı əhəmiyyətlilik ranqına qaldırmayın. Həyatdan həzz alın!

7.   Heç kəs sizin icazəniz olmadan sizi incidə və təhqir edə bilməz. Harmoniyanın qızıl açarlarından biri qarşınızda baş verən hadisələrə sizin interpretasiyanızdır.

8.   Hər şeyin öz səbəbi var. Hər şey hansısa məqsədçün baş verir və hər bir uğursuzluq özlüyündə bir dərsdir. Mən dərk etmişəm ki, həm şəxsi, həm peşəkar, və hətta, həm də mənəvi cəhətdən itkilərlə üzləşən insanlar öz şəxsiyyətlərinin üfüqlərini genişləndirmək bacarığına malikdirlər. İtkilər daxili inkişafa aparır və bol mənəvi zənginliklər gətirir. Heç vaxt keçmişiniz barədə təəssüflənməyin. Yaxşısı budur ki, ona yaxşı bir müəllim kimi yanaşın.

9.   Ağır zamanlar güclü liderləri yaradırlar.

10. Hər səhər güzgü qarşısında beş dəqiqə gülün. Gülüş bizim orqanizmimizdə bir çox faydalı elementləri aktivləşdirir. Gülüş həm də orqanizmi balanslaşdırılmış qaydaya qaytarır. Gülüş terapiyasından ən müxtəlif xəstəliklərin müalicəsi üçün müntəzəm istifadə olunur. Həm də o, həyat problemlərindən qoruyan möcüzəli dərmandır. 4 yaşlı uşaq orta hesabla gündə 500 dəfə gülür, böyük insan isə çətinliklə bunu 15 dəfə edir. Gülmək vərdişinizi geri qaytarın, sizin həyatınız daha canlı olacaq.

 

       Davamı da olacaq.

 

“Ədəbiyyat və incəsənət”

(15.03.2024)

 

 

 

 

“Ədəbiyyat və incəsənət” portalının REDAKSİYANIN POÇTUNDAN rubrikasında bu gün sizlərə Məmməd Məmmədlinin retrospektiv tərzdə yazdığı “27 yaşımda öləcəm...“ adlı hekayəsini təqdim edirik.

 

 

Xəstəxanaya çataçatda şəhərə qaranlıq çökdü, günün gündüzündə günəş qeybə çəkildi, ətrafda səs kəsildi. Dünyanın sonu gəldiyini düşündülər. Nə baş verdiyini anlamırdılar, bir anlıq nitqləri tutuldu. Emin canındakı xofu qovub bərkdən qışqırdı:

-Hə, təbrik edirəm, Allahın qəzəbinə gəldin! Cəhənnəmə getmək istəyirsən, mənsiz get! Həyatından bezmisən, mənim nə günahım var...

Coşqun mızıldandı, lakin heç nə demədi. Allahın günahkar bəndəsi başındakı qarma-qarışıqlığı sahmana salmağa çalışdı. Beynini ha çalışdırmaq istədi, heç nə alınmadı. Yazıq-yazıq onun üzünə baxdı, susdu.

Qarşıda yalnız beşmərtəbəli bir bina görünürdü. Aləm zülmətə dönsə də bulanıq, sarımtıl rəngdə bərq vuran xəstəxananı seçə bildilər. Gördüyü mənzərənin sehrinə düşən Coşqun “biz ora getməliyik!” – deyib, dostunun qolundan dartdı.

Xəstəxananın qapıları bağlı idi, ancaq hansısa qüvvə onları maqnit kimi içəri dartırdı. İzaholunmaz bir gücün qarşısında sanki hipnoz olurdular. Coşqun öz-özünə danışırmış kimi divardan yapışdı:

-Yuxarı çıxmaq lazımdı! – deyib, kərtənkələ təki dırmaşmağa başladı.

Coşqunun inadkarlığına etiraz edə bilməyən Emin də kərtənkələ yerişini aldı. Sanki fövqəltəbii bir varlıq ona görünməmiş güc verdi.

Xəstəxananın damında ürəkləri bulanır, canlarında yüksək hərarət hiss edirdilər. Coşqunun spontan hərəkətləri Emini özündən çıxarırdı. Həyatı elə bura qədər imiş... nə etdiyini anlamır, beynində pozuntular baş qaldırırdı. Düşüncələr içində kənara çəkilib, çarəsiz-çarəsiz hadisələrin gedişatını gözlədi. Bir dost kimi əlindən gələni etmişdi, bundan sonra artıq özü bilər...

Başlarının üstünü yadplanetli obyekt alanda qorxu canlarına elə sarmaşdı ki, yerlərində donub qaldılar. Nə gizlənə, nə də qaça bilirdilər. Təslim oldular...

Arada yaranan çəkisizlik ayaqlarını binanın damından üzdü.Onlar burula-burula naməlum obyektin içinə sovruldular...

***

Cimi Hendriksə qulaq asırdı. Payız günəşinin isitdiyi yarıqaranlıq otaqda boynunu büküb oturmuşdu.“Woodstock” festivalındakı konsertlərini dəfələrlə izləmişdi. Ən çox da 1969-cu ilin videoyazılarını dinləməyi sevirdi. Ağ stratokasterdə “FoxeyLady”mahnısını qıvrıla-qıvrıla ifa edən Hendriksi özü dəfələrlə dostlarının arasında təkrarlamışdı. Həmişə də Cimi Hendriks kimi şan-şöhrətli ifaçı olmağı arzulamışdı. Amma Coşqunu Bakının “Dejavu” rok-klubundan o yana tanımırdılar. Pis ifa etmirdi, musiqiyə ürəyini qoymuşdu, səhnədə özünü unudur, Hendriks kimi tamaşaçıların gözlərini qamaşdırırdı. Daha o qaradərilinin taleyini yaşamaq istəmirdi! Bu vaxt qapı döyüldü. Qalxmağa halı olmadığından elə oturduğu yerdən səsləndi:

-Gəl!

Emin içəri keçəndə gözlərinə inanmadı. Dostu onunla zarafat etmirdi. Coşqunun oturduğu divanın bir tərəfi al-qana boyanmışdı.

-Sən... Niyə özünü bu günə qoymusan?

-Emin, məni xəstəxanaya çatdır...

-Məsləhət görərdim, əvvəlcə başını yoxladasan. Heç utanırsan? Bir qaradərilinin üstündə özünü öldürmək ancaq sənin kimi axmağın ağlına gələrdi, - deyinə-deyinə ağıldan zayın qolundan tutub, ehmalca onu dikəltdi.

Xoşbəxtlikdən, xəstəxana yaxında idi. Yol boyu Emin ona həyatın astar üzünü başa salırdı.

-Sən bilirsənmi, insanın özünü öldürməsi Allah qarşısında işlətdiyi ən böyük günahıdır?

Coşqunun canından üşütmə keçdi.

-Sən bu hərəkəti eliyəndə heç ata-ananı düşündün? – Emin davam etdi. –Məlumun olsun ki, səndən fərqli, Cimi Hendriks özünü öldürməyib. Sən yaxşı ifaçısan, amma başqasının yolunu gedirsən. Bu, səni məşhur etməyəcək... bunu birdəfəlik qulağında sırğa elə...

Coşqun ağzına su alıbmış kimi yazıq-yazıq dostunun üzünə baxırdı. Susmağı ilə sanki Eminin fikirləri ilə razılaşırdı.

Qəflətən hava qaraldı, günəş yoxa çıxdı. Küçələrdən insanlar, maşınlar qeybə çəkildi. Dostların canına vic-vicə düşdü...

***

Gitarasını səsgücləndiriciyə qoşub 70-ci illərin dəbdə olan rok mahnılarını çalırdı. Səsi o qədər qaldırmışdı ki, küçədəkilər səs gələn tərəfə baxır, narazı-narazı ötüb keçirdilər. Qonşularsa bu dəliqanlı gitaraçının musiqisinə çoxdan öyrəncəli idilər. Həftəsonu dostlarını başına yığan Coşqun 27 yaşını qeyd etmək üçün bu dəfə evində “parti” keçirirdi. Dostları da deyib-gülür, qızlı-oğlanlı oynayır, kresloda yayxanıb “Xırdalan” pivəsindən içə-içə Coşqunun ifasına qulaq asırdı. Kefləri saz idi... O qədər siqaret üfürmüşdülər ki, günəş işığı içəri düşməyə çətinlik çəkirdi. Coşqun da Hendriks kimi qıvrılır, gitaranı boyunun arxasında çalırdı, hərdən də simlərini dişi ilə tərpədirdi. Üç saatlıq “səs-küydən” sonra qonaqlar dağılışdı.

Coşqun günü “yaxşı” başa vurmağı planlamışdı. Görəsən həyatı bu gün bitsəydi, necə olardı? Odur ki, Cimi Hendriksin “Woodstock”dakı konsertlərini qoşub divanda özünə yer elədi. Damağında “Marlboro”, bir əlində də pivə şüşəsindən yapışan dəliqanlı gənc həyatını vərəqləməyə başladı. Öləndən sonra yaddaşlarda qalacağına inanırdı. “27-lər klubu”nun üzvü olmaq ümidi ilə cibindəki “lezvanı” çıxartdı. Kağızını cırıb qolun bükülən yerindən astaca sürtdü. Həmən dərisi açıldı... ağappaq damarı üzə çıxdı... İkinci cəhddən sonra içəridə axan tünd qırmızı mayeni azadlığa buraxdı. Qan fəvvarə təki elə fışqırdı ki, divanı, yeri, hətta tavanı belə qırmızı rəngə boyadı. Damağındakı siqareti buraxmadan qanı ilə çəkdiyi mənzərəyə tamaşa edirdi...

Qanın təzyiqi düşdü, fəvvarənin gücü azaldı, ancaq o, huşunu itirmədi...

“Qəribədir niyə ölmürəm bəs?” – deyə ağlından keçirdi. Bir anda ölmək fikrindən daşındı. Anladı ki, ömür insana verilən taledir və o, bu taleni yaşamalıdır. “Görünür vaxtım hələ çatmayıb...” – öz-özünə dedi.

Mobil telefonla dostuna zəng vurdu.

-Emin, damarımı kəsmişəm, tez məni həkimə apar, - deyib, telefonu bağladı.

Televizorda“FoxeyLady” mahnısını ifa edən Cimi Hendriks ağ gitarası ilə tamaşaçıları coşdururdu, ancaq Coşqun üçün indi bunun heç bir əhəmiyyəti yox idi...

***

Coşqun yuxudan ayılıb adəti üzrə səhərin siftəsinə siqaretini yandırdı. Tüstülədə-tüstülədə başını pəncərədən çıxarıb yoldan keçən maşınlara, işə tələsən adamlara baxdı. Günəş düz gözünə düşürdü. Kefi kökdür. Necədə olmasın, axı bu gün 27 yaşı tamam olurdu. Özəl günündə valideynlərini qohumlarıgilə yollayıb “parti” keçirmək üçün dostlarını evə çağırdı. Yeyib-içmək, siqaret, bir də gitara... necə deyərlər, budəfəki ad günü yaddaqalan olacaqdı. Emini də unutmadı. Telefonla zəng vurub dəvətinin məqsədini açıqladı:

-Şimal maralı, necəsən? – o, dostunu belə çağırırdı. – Sənə bir sualım var. Sən “27-lər klubu” haqqında nə bilirsən?

-Coşqun, sən elə bir vaxtda zəng vurdun ki...əlimdə işim var, sonra danışarıq.

-Yox e, sən bilirsən ki, Cimi Hendriks,Cennis Coplin, Emi Vaynhaus, Morrison, Kurt Kobeyn...

-Hansı Kurt Kobeyn, “Nirvana” qrupundakını deyirsən?

-Bəli dostum, özüdür ki, var. Onların hamısı 27 yaşda ölüb. Mənim də bu gün 27 yaşım tamam olur. Odur ki, səni “parti”mə dəvət edirəm.

-Nəsə mənə tam aydın olmadı. Əvvəla təbrik edirəm, 100 yaşa. Amma sənin “27-lər klubu” ilə nə əlaqən? Bəlkə, kluba üzv olmaq istəyirsən?

-Bəli dostum, düz başa düşdün. Mən bu gün dostlarımla vidalaşıram.

-Nəsə gözümə “yaxşı” dəyirsən. Amma mən bu gün məşğulam. Sabah bir yerdə oturarıq, – deyib telefonu bağladı.

Coşqunun kefi saz idi, Hendriksin gitarası kimi... Odur ki, küncə qoyduğu ağ stratokasterini götürüb divanda yerini rahatladı. Gitarasını kökləyib, “Mi” simini “Re”yə endirdi. Bu gün “ağır parti” olacaqdı, bütün dostları ilə yaxşı əylənəcəkdi...

 

“Ədəbiyyat və incəsənət”

(15.03.2024)

 

 

“Ədəbiyyat və incəsənət” portalı Azərbaycan Yazıçılar Birliyinin üzvü Coşqun Xəliloğlunun “Şəhidlər barədə şeirlər” silsiləsini təqdim edir. Bu gün Ramil Quliyevə  həsr edilmiş şeirlə tanış olacaqsınız.

 

         

RAMIL NURALI OĞLU QULİYEV

(28.01.1981.-30.09.2020.)

 

Kürdəmir rayonunun Qarasu kəndindən olan, Azərbaycan Silahlı Qüvvələrinin baş giziri, Qarabağ uğrunda Vətən müharibəsinin şəhidi

 

 

 VURÜŞDU DƏYANƏTLƏ

 

Uşaqlıq arzusuydu, hərbçi oldu Ramil,

Çalışdı, ordumuzda, olsun, peşəkar, kamil.

Hər işi, tapşırığı vaxtında bitirirdi,

Hərbi xidmət Ramilə  şan-şöhrət gətirirdi.

 

Orduda xidmət etmək hamı bilir, çətindir,

Sonacan dözüb duran,  həqiqətən mətindir.

Hərbçilər arasında dürüst, ləyaqətliydi.

Təlimlərdə, məşqlərdə  cəsur mətanətliydi.

 

Qəzəbdən alışırdı; -Torpağım işğaldadır,

Bu dünya hara  baxır, bəs həqiqət hardadır?

Həyatını, ömrünü həsr etmişdi hərbiyə,

Neçə cavan əsgərə   vermişdi o, tərbiyə.

 

Saf, təmiz insanlara hər bir yerdə inam var,

Zabitlər də Ramilə edirdilər etibar.

Dəfələrlə Ramil  almış idi mükafat,

Təşəkkür, Tərifnamə,  Fəxri-Fərman, nərd, saat.

 

Müharibə başladı, “İrəli” - döyüşlərə,

Düşməndən azad olsun  meşə, cığır, dağ, dərə.

Qələbə bizimlədir, qardaşlarım, söylədi,

Ramil dostlarıyla düşməni  məhv eylədi.

 

Füzuli uğrunda o, döyüşdü qətiyyətlə,

Qorxmayaraq ölümdən, vuruşdu dəyanətlə.

Canını fəda etdi  doğma torpağımıza,

Qanı yerdə qalmadı, baxın bayrağımıza.

 

Dalğalanır Şuşada  necə də vüqar ilə,

Ürəyimiz döyünür  sonsuz iftixar ilə.

Ramilin üç övladı  xalqıma əmanətdir,

Xalq üçün yaşamağın özü bir səadətdir.

Onlar ataları tək Vətəni sevəcəklər,

Xeyirxah işlər görüb daim yüksələcəklər.

 

“Ədəbiyyat və incəsənət”

(15.03.2024)

 

 

 

 

 

 

Sadiq Qarayev, “Ədəbiyyat və incəsənət” üçün

 

Yaza bilən də, bilməyən də üzünü tutdu Anara, onunla müqayisə edilməyə, ya qısqanmağa, ya tərifləməyə, yaltaqlanmağa, ya da daş atmağa...

 

Onu bir azərbaycanlı yazıçı, ziyalı kimi ürəkdən tərifləyənlər, qürur duyanlar, nələrsə gözləyib, ümidində üzülüb tənqid edənlər də oldu.

Hər iki zümrəyə alqış düşür, çünki arqumentlər və hisslər, düşüncələr təbii idi.

Onu uca görüb paxıllıqdan tənqid edənlər, ya nəsə umub tərif edənlər də oldu.

Bunlar sünilər idi, hər qurumda, hər yerdə var. Çox təhlükəli kateqoriyadılar.

Bu yerdə deyim ki, ilk vaxtlar AYB- yə gedəndə bir neçə nəfərdən eşitdim ki, Anar haqqında bu məqaləni, o şeri, bu hekayəni yazmışam, mənə qəribə gəlmişdi..  Niyə bu qədər adam məhz ondan yazmalıdı, başqa yazıçı yoxdu, ya iş kəsiblər bunlara?

Anar Şuşada oturdu divanda, müzakirələr başladı.

Bir qrup dedi yaxşı edib, digərləri dedi elə bil şəhəri bu alıb. Necə oturmalıydı ki? Qısılıb ya bardaş qurub? Qalib ölkənin ziyalısı kimi oturmuşdu. ALLAH şəhidlərimizə rəhmət eləsin.

Belə bir müzakirə də var, bir qrup deyir Anarın ətrafındakılar vəzifədə saxlayıb ondan istifadə edir, digər qrup deyir ki, Anar onların hərəsindən bir cür istifadə edir. 

Digərləri də qalıb girinc ki, görəsən hansı düz deyir...

Anar qurultaya getdi, yenidən seçildi. Dedilər, yaşlıdı, niyə seçildi? Bu neçənci dəfədir, belə olmaz!

Bir tərəfdən də səslər gəldi ki, təcrübəsi, nüfuzu, yaradıcılığı bunu zəruri və haqq edir. O olmasa AYB dağılar.

Anarın əvəzinə başqası seçilsə nə dəyişəckdi? Əmin olun ki, heç nə.

Ya seçilməsəydi, lap elə AYB dağılsaydı nə olacaqdı? Hər halda dünya da dağılmayacaqdı.

Bəs bütün bunların fonunda Anar kimdir?

Azərbaycan xalqının yetişdirdiyi dəyərli azərbaycanlılardan biri, görkəmli yazıçı, anadan istedadlı, bəy kimi doğulan bir ziyalı.

Onun ətrafında baş verən hadisələr, söz- söhbətlər ağı-qarasıyla, gecəsi- gündüzü ilə işığa məxsus olan xassələrdir.

İşığın yaşı olmur.

 

“Ədəbiyyat və incəsənət”

(15.03.2024)

Cümə axşamı, 14 Mart 2024 17:00

POETİK QİRAƏTdə “Özümdən keçdim”

 

Poetik Qiraətdə bu gün sizlərlə rubrikamızda arabir görünən Tahir Talıblının şeirini təqdim edirik, şair “Özümdən keçdim” deyir. 

Hər şey qayıdır özünə

Hər zərrə tamına çəkir

Ölümdü, sevgidi, dərddi

O da adamına çəkir.

Çox poetik və çox lirik. Əminik ki, bəyənəcəksiniz. 

 

Ələstdə “bəli” deyən sübhana baş endirir...”
Aşıq Ələsgər

 

Addadım, keçdim özümnən

Tapdım düşüncəmdə səni.

Su kimi axıb üzünnən

Gördüm təkdə, cəmdə səni.

 

Gəlirsən gizli, açdıqca

Sirsən, sehirsən açdıqca

Mən özümü tanıdıqca

Tanımışam həm də səni.

 

Ya çatmazda, çatardayam,

Ya gendəyəm, ya dardayam

Heç bilməsəm də hardayam

Çağırram hər dəmdə səni.

 

Sevgindi qəzəb köpürür

Dönüb özünə qayıdır.

Ruhları tanrı üfürür

Sonda özünə qayıdır.

 

Hər şey qayıdır özünə

Hər zərrə tamına çəkir

Ölümdü, sevgidi, dərddi

O da adamına çəkir.

 

Dünya sirrədən sıyrılıb

Hələ sirrərə tablaşır

Kişi qadınnan ayrılıb

Gəlib qadında tamlaşır.


 

Ədəbiyyat və incəsənət”

(14.03.2024)

Cümə axşamı, 14 Mart 2024 15:00

Beşmərtəbəli evin altıncı mərtəbəsi varmı?

Könül, “Ədəbiyyat və incəsənət”

 

Mən onun əsərlərini uşaqlıqdan sevirəm. Onun yaratdığı Təhminə və Zaur isə adi obrazlar səviyyəsindən çoxdan çıxıblar, bir mif, əfsanəyə çevriliblər. 

 

Bu gün Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarın 86 yaşı tamam olur. Anar yazdığı əsərləri ilə nəinki ölkəmizin, bütün türk dünyasının sevimli yazıçısı kimi tanınır. Təsadüfi deyil ki, türk dünyasında ona Dədə Anar deyirlər.  Onun çoxşaxəli yaradıcılığı, bədii və publisistik əsərləri, kinofilmləri xalqa sədaqətlə xidmət еtmək nümunəsidir.

 

Anar 1938-ci il martın 14-də Bakıda tanınmış Xalq şairləri Rəsul Rza və Nigar Rəfibəylinin ailəsində dünyaya gəlib. Anar, eyni zamanda, Azərbaycanın məşhur ictimai və dövlət xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin ilk səhiyyə naziri və Gəncə şəhərinin general-qubernatoru olmuş Xudadat bəy Rəfibəylinin nəvəsidir. O, 1955-ci ildə hazırda Bülbülün adını daşıyan musiqi məktəbini bitirərək, Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olub. Universiteti bitirdikdən sonra Nizami adına Ədəbiyyat muzeyində kiçik elmi işçi, Dövlət Radio və Televiziya Komitəsində redaktor işləyib. Radioda çalışdığı vaxtda “Axşam görüşləri”, “Tərcümə saatı”, “Səslər muzeyi” kimi daimi verilişlərin əsasını qoyub.

1962-1964-cü illərdə Moskvada Ali Ssenari kurslarında, 1971-1972-ci illərdə Rejissor emalatxanasında təhsilini davam etdirib. 1964-1967-ci illərdə Dövlət Radio və Televiziya Komitəsində Uşaq şöbəsinin, daha sonra İncəsənət şöbəsinin müdiri vəzifəsində çalışıb.

İlk bədii yazıları olan “İki dəniz” hekayəsini və Amerika həyatından bəhs edən pyesini 1952-ci ildə Şuşada yazıb. Mətbu əsərləri isə 1960-cı ildə “Azərbaycan” jurnalının dekabr nömrəsində dərc olunmuş “Keçən ilin son gecəsi” və “Bayram həsrətində” hekayələridir. “Bayram həsrətində” adlı ilk kitabı 1963-cü ildə Bakıda çapdan çıxıb.

Azərbaycan dilində və başqa dillərdə 120-dən artıq nəsr, dram, publisistika, esse, şeir və bədii-bioqrafik kitabları nəşr edilib. Bakıda Azərbaycan dilində yeddicildliyi, rus dilində beşcildliyi və dünyanın müxtəlif ölkələrində kitabları çap olunub.

“Ağ liman”, “Beş mərtəbəli evin altıncı mərtəbəsi”, “Macal”, “Dantenin yubileyi”, “Əlaqə”,” Otel otağı”, “Ağ qoç, qara qoç”, “Göz muncuğu”, “Keçən ilin son gecəsi”, “Asqılıqda işləyən qadının söhbəti”, “Mən, sən, o və telefon”, “Gürcü familiyası”, “O gecənin səhəri”, “Qırmızı limuzin”, “Vahimə”, “Yaxşı padşahın nağılı” adlı povest, roman və hekayələri, “Molla Nəsrəddin 66” satirik hekayələr silsiləsi qırxa yaxın dilə çevrilib.

Ulu Öndər Heydər Əliyevə həsr olunmuş “Unudulmaz görüşlər” kitabının, Nazim Hikmət haqqında Azərbaycanda və Türkiyədə nəşr edilmiş “Kərəm kimi” sənədli romanının, valideynlərini itirdiyi ağır günlərə həsr olunmuş “Sizsiz” xatirə romanının, Ənvər Məmmədxanlıya həsr olunmuş “Həyatım ağrıyır” xatirə povestinin, Rəsul Rzanın həyat və yaradıcılığı barədə “Mübarizə bu gün də var” kitablarının müəllifidir.

Azərbaycan, türk, rus və dünya klassik və çağdaş yazıçıları, sənət adamları haqqında onlarla esse, memuar xarakterli yazıların müəllifidir. Ən qədimlərdən bu günə qədər Azərbaycan ədəbiyyatına, musiqisinə, təsviri, tətbiqi sənətinə, memarlığına, teatr və kinosuna, mətbuatına, elminə, tarixinə həsr olunmuş yazıları toplanmış üçcildlik “LİK (Literatura, İskusstvo, Kultura) Azerbaydjana” kitabı rus dilində nəşr olunub. Bakıda çap olunmuş ikicildlik “Min beş yüz ilin oğuz şeiri” və Ankarada nəşr edilmiş “Min ilin yüz şairi” antologiyalarının tərtibçisi, “Dədə Qorqud ensiklopediyası”nın təşəbbüskarı və “Ön söz” müəllifidir.

Anarın səkkiz pyesi - “Keçən ilin son gecəsi”, “Qaravəlli”, “Adamın adamı”, quruluşunu Tofiq Kazımov verdiyi və Azərbaycanın Dövlət mükafatına layiq görülmüş “Şəhərin yay günləri” tamaşası, “Səhra yuxuları”, “Sizi deyib gəlmişəm”, “Təhminə və Zaur”, “Telefon gecələri” ölkəmizdə və dünyanın müxtəlif ölkələrinin teatrlarında səhnəyə qoyulub, tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Görkəmli bəstəkar Fikrət Əmirovun “Nəsimi dastanı” baletinin, Vasif Adıgözəlovun “Aldın payını, çağır dayını” musiqili komediyasının librettosu Anara məxsusdur.

Anar bir sıra televiziya tamaşalarının, filmlərinin və sənədli filmlərin -“Evləri köndələn yar”, “Nigarançılıq”, “Bu - Səttar Bəhlulzadədir”, “Bu - Cavaddır”, “Daş saatın səsi”, “Dədə Qorqud dünyası”, “Çinar ömrü” və s. ssenari müəllifidir. Onun ssenariləri əsasında “Torpaq. Dəniz. Od. Səma”, “Gün keçdi”, “Dədə Qorqud”, “Ötən ilin son gecəsi”, “İmtahan”, “Əlaqə”, “Təhminə”, “Otel otağı”, “Cavid ömrü”, “Sübhün səfiri” tammetrajlı bədii filmlər çəkilib. “Dantenin yubileyi” filmini öz ssenarisi əsasında Anar və Gülbəniz Əzimzadə çəkib. Anar həm də hər biri iki seriyalı olan “Üzeyir ömrü” və “Qəm pəncərəsi” filmlərinin ssenari müəllifi və quruluşçu rejissorudur.

Əsərləri ölkəmizdən kənarlarda da kinematoqrafçıların diqqətini cəlb edib. “Mən, sən, o və telefon” hekayəsi əsasında “Mosfilm”də “Hər axşam 11-də” filmi çəkilib və həmin hekayə Türkiyədə də ekranlaşdırılıb. Türkiyədə “Dantenin yubileyi” povesti əsasında “Aktyorun əsgisi” adlı bədii film çəkilib. Moskvada mərkəzi televiziyası “Mən, sən, o və telefon” hekayəsini və iki müxtəlif quruluşda “Keçən ilin son gecəsi” hekayəsini ekranlaşdıraraq nümayiş etdirib.

Yazıçı haqqında Bakıda Azərbaycan və rus dillərində onlarla kitab, Türkiyədə, Rumıniyada da kitablar nəşr olunub. Onun yaradıcılığına Azərbaycan, Türkiyə, İran, Moskva, MDB, Avropa və ərəb ölkələrində ümumi sayı yüzlərlə ölçülən məqalələr, resenziyalar, dissertasiya və monoqrafiyalar həsr edilib.

Rejissor Ramiz Həsənoğlu müxtəlif illərdə Anara həsr olunmuş “Anarla üz-üzə” və “Anarlı anlar” televiziya filmləri çəkib. Anarın sözlərinə Emin Sabitoğlu, Xəyyam Mirzəzadə, Cavanşir Quliyev mahnılar bəstələyiblər.

Anarın yaradıcılığı və fəaliyyəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. O, Azərbaycanın yüksək ordenləri - “İstiqlal” və “Şərəf” ordenləri ilə təltif edilib.

Bu gün Anar Azərbaycan Yazıçılar Birliyinə sədrlik edir, elə ad günündə də iş başındadır, kabinetində çoxsaylı təbrikləri qəbul edir.

Doğum gününüz mübarək, sevimli yazıçım!

 

“Ədəbiyyat və incəsənət”

(14.03.2024)

 

Bu günlərdə Bakı Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasının əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Aygün Zəkinin “Azərbaycan dramaturgiyasında “atalar və oğullar” problemi” adlı monoqrafiyası nəşr olunmuşdur. Azərnəşrin yayınladığı monoqrafiyada XIX əsrin axırı – XX yüzilin əvvəllərində Azərbaycan dramaturgiyasında bəhs olunan problem sistemli şəkildə təhlil olunmuşdur.

 

“Ədəbiyyat və incəsənət” portalna Filologiya elmləri doktoru, professor Vaqif Sultanlının verdiyi məlumata görə, monoqrafiyada Mirzə Fətəli Axundzadə ilə yanaşı, XIX əsrin sonu – XX yüzin əvvəllərində Azərbaycan dramaturgiyasının inkişafında mühüm rol oynamış Nəcəf bəy Vəzirov, Cəlil Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyev, Nəriman Nərimanov, Hüseyn Cavid və başqa dramatuqların milli ədəbiyyatın dəyərli örnəklərini ərsəyə gətirən pyesləri araşdırma obyektinə çevrilmişdir.

Tədqiqatçı adı çəkilən dramatuqların müxtəlif əsərlərində yaradılmış obraz və xarakterləri dönəmin, mühitin problemləri fonunda nəsillərarası qarşıdrmanın fərqli rakurslarından təqdim etmişdir.

Müəllif araşdırmaya çəkilən mövzunun Azərbaycan ədəbiyyatı tarixindəki rolunu və önəmini vurğulamaqla qalmamış, onun folklordan qaynaqlanan örnəklərinə diqqət yetirmiş, klassik yazılı mətnlərdə, divan ədəbiyyatında nə şəkildə bədii təcəssümünü tapdığını dəyərləndirməyə çalışmışdır.

Professor Vaqif Sultanlı kitaba yazdığı “Dramaturji konfliktə çevrilən əbədi qarşidurma elmi-nəzəri təhlil axarında” adlı ön sözdə araşdırılan mövzu bağlı qənaətlərini aşağıdakı kimi ümumiləşdirir:

“Problemin indiyə qədər diqqətdən kənarda qalması, daha doğrusu əhatəli şəkildə araşdırılmaması müəyyən səbəblərlə bağlıdır. Hər şeydən öncə, sovet siyasi rejimi dönəmində mənəvi-əxlaqi dəyərlərə söykənən bəlli problemlərin təhlili və şərhi ideoloji stereotiplərlə yasaqlandığından obyektiv səpkili araşdırmalara imkan verilməmişdir. Əksər hallarda isə nəsillərarası ziddiyyətlərin lüzumsuz olaraq sinfi məcraya yönəldilməsi, köhnəliklə təzəliyin sosial qarşıdurmasına çəkilməsi və bu bağlamda keçmişlə gələcəyin üz-üzə qoyulması aparılan araşdırmalarda yanlış, yaxud birtərəfli sonuclara varılmasına səbəb olmuşdur”.

Monoqrafiyada “atalar və oğullar” problemi milli yaddaş və özgələşmə, xalq və hakimiyyət konflikti məsələləri ilə əlaqəli şəkildə dəyərləndirilmişdir.

 

“Ədəbiyyat və incəsənət”

(14.03.2024)

 

“Ədəbiyyat və incəsənət” portalı Nilufər Hacılının Türkiyə mətbuatına istinadən  hazırladığı “Nuri Bilgə Ceylanın sevdiyi 10 film”i sıra ilə təqdim edir. 

 

Türkiyəli rejissor və ssenarist Nuri Bilgə Ceylan 26 yanvar 1959-cu ildə İstanbulda anadan olub. Atası Mehmet Emin Ceylan aqrar sənaye mühəndisi, anası Fatma Ceylan evdar qadın olub. Orta məktəbi bitirdikdən sonra Nuri Boğaziçi Universitetinin "Elektrotexnika" fakültəsinə daxil olub. 8 illik tələbəlik həyatından sonra, nəhayət ki, məzun ola bilib.

1997-ci ildən bəri çəkdiyi bədii filmlərlə bir çox mükafatlar qazanaraq beynəlxalq səviyyədə tanınıb. Rejissorun çəkdiyi "Qış yuxusu" filmi 2014-cü ildə Kann Beynəlxalq Kinofestivalında "Qızıl Palma Budağı" mükafatına layiq görülüb və kino tarixində bu mükafatı alan ikinci türk filmi olub.

Rejissorun filmlərindən beşi "Ən Yaxşı Beynəlxalq Film Akademiyası" mükafatına Türkiyənin namizədi olaraq seçilib.

Nuri Bilgə Ceylan ssenarist, aktrisa və fotoqraf olan Ebru Ceylanla evlidir. Cütlüyün 2 övladı var.

 

Rejissorun ən yaxşı hesab etdiyi 10 filmi təqdim edirik.

 

10. "Utanc" (1968), İnqmar Berqman

 

İnqmar Berqmanın bu filmi müharibə əsnasında insanların nə cür reaksiyalar verdiklərini araşdırdığı psixoloji araşdırmadır. Film işğalçı qüvvələrin gəldiyi Qotlənddə baş verir. Yan və Eva Rozenberq vətəndaş müharibəsindən sonra sülh içində yaşamaq üçün bir adaya yerləşirlər. Ancaq əsgər dolu bir təyyarənin qəzaya uğrayıb yaşadıqları adaya düşməsi ilə onların dincliyi pozulur. Bütün əsgərlər adanı döyüş bölgəsinə çevirərkən həyatlarını təhlükə altında görən gənc cütlük başqa yerə qaçmaq istəyir. Ancaq tutularaq üsyançı əsgərlərə yardım etməkdə ittiham olunurlar. Polkovnik Yakobi adanı müdafiə edən ordunun başçısıdır və onlara kömək edəcək. Bunun qarşılığında onlardan bir şey tələb edir. Əgər Eva ilə birlikdə ola biləcəksə, onların getməyinə heç bir maneə olmayacaq.

 

Şəkildə: Filmdən kadr

 

“Ədəbiyyat və incəsənət”

(14.03.2024)

 

Varis, “Ədəbiyyat və incəsənət”

 

Kiminsə haqqında yazı yazmağı xoşlamıram. Deyəsən, Vaqif Səmədoğludan başqa, heç kəs barədə yazmamışam da. Amma bu dəfə yazmaq istəyim o qədər güclü oldu ki, onu boğa bilmədim.

 

Səksəninci illərdə orta məktəbdə oxuyanda sevib-sevilən vaxtlarımız idi, sinfimizdə hər birimiz "Beşmərtəbəli evin altıncı mərtəbəsi"ni təkrar-təkrar oxumaqdan doymazdıq. Bir dəfə bunu Anara da etiraf etdim ki, bu əsəri yeniyetməliyimdə və sonrakı illərdə düz doqquz dəfə oxumuşam.

Mənə Anarı elə bu roman sevdirdi, sonradan onun qələmindən çıxan hər bir əsəri səbirsizliklə gözlədim, su kimi içdim. Eləcə də dövrünün tanınan ədəbiyyatşünası olan və çox erkən yaşlarımda itirdiyim atam Musa Yolçuyevdən eşitdiyim bu kəlmələr: "Bizim Vaqifin (Vaqif Səmədoğlu bizim qohumumuzdur) şeirləri, Anarın da hekayələri qoymadı məni şair, yazıçı olum". Yaşıdı olan bu böyük ədiblərin yazdıqlarının gücünü görüb atam bədii əsərlərini çap etdirməmişdi, ədəbiyyatşünas olaraq qalmışdı.

Anara olan simpatiyamın bir səbəbi də çox səmimi olmasıdır. Heç unutmaram, mən Mədəniyyət Nazirliyinin "Qızıl kəlmə" mükafatını qazananda Anar çıxış edib laureatları təbrik edərkən haqqımda belə söyləmişdi: "Gördüm, nəvəmin əlindən bir kitab düşmür. Soruşdum, nə kitabdır elə, əlindən düşmür. Dedi, Varisin kitabıdır, indi bütün gənclər Varisi oxuyur". Və əlavə etmişdi ki, "Görürsünüz də, nəvəm məni oxumur, amma Varisi oxuyur".

İndiki xoş sözü bir-birindən əsirgəmək dəbində, razılaşın ki, çoxumuz Anar kimi etməzdik.

Müasir Azərbaycan nəsrinin ən görkəmli nümayəndələrindən biri olan Anar bəlkə hansısa bir hegemon, arxalı xalqın nümayəndəsi olsaydı, indi dünyanın dörd bir tərəfində on milyon tirajlarla kitabları satılardı, Nobel, Buker kimi ödüllərə layiq görülərdi. Bir baxın, tək "Mən, sən, o və telefon", "Gürcü familiyası" hekayələri onun nəsrinin necə möhtəşəm, yenilməz olmasını iddia eləməyə yetərlidir. Anarın "Sizsiz"i isə, məncə, ülvi məhəbbətə ucaldılmış ən gözəl abidədir.

Və ilk dəfə onu da etiraf edim ki, doxsanıncı illərdə yazdığım, 2008-ci ildə çap olunan debüt romanım - "Sonuncu ölən ümidlərdir" "Beşmərtəbəli evin altıncı mərtəbəsi"nin təsiri ilə yazılıb. Mən bu təsiri, hətta qəhrəmanların bu romana necə aludə olmaları təsviri ilə büruzə də vermişəm. On min tirajla çıxan, sonradan altı dəfə təkrar nəşr olunan, Bakı Kitab Klubunun araşdırması nəticəsində müasir Azərbaycanda "Ən çox satılan kitab" elan olunan, hər il minlərlə pirat nüsxələri çap olunmaqda davam edən və həqiqətən də məni tanıtdıran bu romanın bu cür sevilməsində ondakı Anar izləri, heç şübhəsiz, böyük rol oynayıb.

Kinoşünas Ayaz Salayev iddia edir ki, rejissor Nora Efronun çəkdiyi və baş rolda məşhur Hollivud kinoulduzu Tom Henksin oynadığı "You've Got Mail" ("Sizə məktub var") filminin ssenarisi Anarın "Mən, sən, o və telefon" əsəri əsasında qurulub. Ayaz Salayevin bu fikrə gəlməsinə adıçəkilən hekayənin Amerikada çap olunması da əsas verib. Və mən şübhə etmirəm ki, Anar yaradıcılığı dünyada neçə-neçə romanlara, filmlərə ideya verib, mövzu verib.

Çox təəssüf ki, bu gün cəmiyyətdə mənəvi deqradasiya baş alıb gedir, Nizamiyə, Füzuliyə daş atanlar Anarı da, digər tanınmışları da daşlayırlar. Hətta bəzən elə olur ki, ömrünün hər dəqiqəsinin misilsiz sərvət olduğu bir dönəmdə Anar bu sərvətini ona hücum edənlərə, ona həcv yazanlara cavab verməyə xərcləmiş olur.

Biz heç vaxt dəyərlərimizə layiqincə qiymət verə bilmirik. Şeytana daş atıb müsəlmanlaşma ayini indi bizdə məşhura daş atıb məşhurlaşma şəklini alıb.

Anar altmışıncı - yetmişinci illərdə parlamağa başlayan mədəniyyət pleadasının - poeziyada Vaqif Səmədoğlu, kinoda Rüstəm İbrahimbəyov, musiqidə Emin Sabitoğlu, rəssamlıqda Toğrul Nərimanbəyov kimi korifeylər nəslinin nəsrdəki sonuncu mogikanıdır. Ona yenə də məhsuldar yazıb yaratmağı, qalmış bütün arzularının həyata keçməsini arzulayıram.

Və istəyirəm yazımı Anarın çox illər əvvəl həyat yoldaşı Zemfira xanıma ünvanladığı bir ithafnaməsi ilə bitirim. Məncə, burada Anar hər şeydən öncə bir insan, bir ömür-gün yoldaşı, bir valideyn kimi görünür. Axı bütün digər sevgilər insanın öz doğmalarına ünvanlanan böyük sevgisinin bətnindən doğur.

Ən gözəl əsərimsən!!!

Zemfirama

Zaman nə tez ötüşdü,

Lap mat qalmışam özüm.

Düz qırx il bundan qabaq

Olub toyumuz bizim.

Bu qırx il necə keçdi?

Elə bil qırx il deyil,

Qırx gün, qırx gecə keçdi.

İl illərə qalandı,

Sevgi, intizar, kədər,

Sevinc, fərəh, itkilər

Bir-birinə calandı.

Bəs bu qoca dünyada

Nələr keçib-gedəndi,

Nələr hər vaxt qalandı?

Pul, sərvət toplamadıq,

Var-dövlət qazanmadıq

Həyatımız boyunca.

Ölkələri, elləri

gəzdik, gördük doyunca.

Paxıllıqla üzləşdik,

Haqsızlıqla rastlaşdıq,

Nə beynimiz pas atdı,

Nə qəlbimiz daşlaşdı.

Haçansa, qırx il sonra

(kaş ki, belə olaydı)

dünyayla vidalaşıb,

ömür sərhədin aşıb,

çəkiləndə qeybə biz

O biri dünyada da

bir vuracaq qəlbimiz.

Burda bizdən nə qalar?

Namuslu, ləyaqətli,

alnıaçıq balalar,

şirin-şəkər nəvələr,

Ağ vərəqlər üstündə

çəkdiyimiz əzablar -

Yazdığımız kitablar,

Bir də xatirələrdə

Yaşayacaq eşqimiz -

hərarətli, pak, təmiz...

45-in payızında

səni ilk gördüyüm gün

necəydinsə - eləsən,

Söylə bunun sirrini,

Necə qaldın belə sən?

Hələ axşam düşməyib

Bu qaralan qaş deyil.

Yaz ötüb, yay bitsə də,

Payız - hələ qış deyil.

Qış gəlsə də, gəlsin qoy

Qış günü deyildimi

Hədiyyəsiz-filansız,

bizim unudulmaz toy?

Sən vəfalı sevgilim,

İlin dörd fəslində də

baharımsan, yazımsan.

Mənim alın yazımsan,

Hələ də yazmadığım

Ən gözəl əsərimsən,

Yazacağım yazımsan.

Yaxında, ya uzaqda

Səni hər zaman anar

Köhnə məktəb yoldaşın -

Həyat yoldaşın

Anar.

 

“Ədəbiyyat və incəsənət”

(14.03.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.