
Super User
“Müşfiqdən soruşardım ki…” - EKSPRESS-SORĞU
Nigar Həsənzadə, “Ədəbiyyat və incəsənət”
Əgər sizə dünyasını dəyişən hər hansı bir kəsə zəng etmək şansı verilsə idi o adam kim olardı və ona nə deyərdiniz?
EKSPRESS-SORĞU-da bu dəfə məhz bu sualı qoymuşam və ona ən müxtəlif cavablar almaqdayam.
Mikayıl Müşfiqə zəng edərdim. Dilbəri sevmək necə hiss idi soruşardım.
Məhəmmədhüseyn Şəhriyara zəng edərdim. Sevgi sənin gözündə nədir belə, gecə
sevdiyinin xəyalına şeir yazdın? deyə soruşardım. “Yar qasidi” şeirini nəzərdə tuturam.
Mehman Əlirzayev.
Elə insanlar var ki, onları itirməyimizlə barışa bilmirik. Dünyadan köçmüş insanla əlaqə yaratmaq imkanım olsaydı...
Bilirəm ki, bu mümkün deyil və mümkün olsaydı birinci itirdiyim illərdəki Ülviyyə ilə əlaqə saxlayardım. Axı hər il geridə qalıb bir də təkrar yaşanmır. İtən ömrlərdəki o qızla danışardım... Ona birinci sualımsa: niyə tərki-dünyasan? - olardı. Bəlkə də, o da söyləyərdi ki, zamana bel bağlama, zamansızlıqda zaman axtarma...
Ülviyyə Əbülfətqızı
Ədəbiyyat və incəsənət”
(17.01.2024)
İrəvan mətbəxindən nümunələr - Pörtləmə tərəvəz məzəsi
Rubrikanı Könül aparır.
“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edəcəyik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır.
Bu gün sizlərə Pörtləmə tərəvəz məzəsinin hazırlanma qaydası təqdim ediləcək. Niyə də bu axşama hazırlamayasınız?
Lazım olan ərzaqlar:
Badımcan – 35 qr
Qabaq – 35 qr
Kök – 35 qr
Kartof – 35 qr
Pomidor – 35 qr
Qırmızı soğan – 16 qr
Ağ pendir (motal) – 16 qr
Kahı – 16 qr
Reyhan – 10 qr
Zeytun yağı –10 qr
Limon şirəsi – 5 qr
Duz – 4 qr
İstiot – 0,05 qr
QEYD: Bu məzə həm soyuq, həm də isti şəkildə süfrəyə verilə bilər. Ehtiyac olduqda yanında limon, zeytun yağı verilir. Müxtəlif növ tərəvəzlərdən istifadə edərək, müxtəlif çeşiddə bu məzəni hazırlamaq olar.
HAZIRLANMASI:
Tərəvəzlər təmizlənir, müxtəlif formada doğranır, duzlanır, duzlu suda və ya sobada pörtlədilir. Ələkdə suyu tam qurudulur. Ayrıca soğan bitki (zeytun və ya başqa) yağında rəngi dəyişənə qədər tovlanır (qovrulur). Pörtlədilmiş tərəvəzlərlə qarışdırılır. Samanvarı şəkildə doğranmış pomidorun ətli hissəsi, doğranmış kahı, xırda doğranmış reyhan, duz, istiot və limon suyu əlavə edilir, ehtiyatla qarışdırılır. Pay şəklində və ya buluda düzülür, zövqlə bəzənir, üzərinə kiçik kvadrat şəklində doğranmış pendir əlavə olunur və süfrəyə verilir.
“Ədəbiyyat və incəsənət”
(17.01.2024)
Unudulmaz sevgi şeirləri - Nigar Rəfibəyli, “Sənsiz”
Könül, “Ədəbiyyat və incəsənət”
Bu gün rubrikamda gözəl şairəmiz Nigar Rəfibəylinin yaradıcılığına müraciət edəcəyəm. Və onun çox məşhur “Sənsiz” şeirini sizlərə təqdim eləyəcəyəm.
Bilməyənlər üçün deyim ki, Nigar xanım bu şeiri ömür-gün yoldaşı Rəsul Rzaya həsr edib. O vaxtlar sevgilər saf, səmimi olardı, indiki kimi təmənnalı olmazdı. Nigar-Rəsul sevgisi isə dillər əzbəri idi.
Nigar Rəfibəyli
SƏNSİZ
Bir son bahar da düşdü
ömrümün təqvimindən,
Nə sənə məhəbbətim,
nə həsrətim azaldı.
Özüm də heç bilmirəm
niyə bir ömür boyu
Gözüm uzaq yollarda -
sənin yolunda qaldı.
Bir qocaman dağ olsan
səni vurub yıxardım.
Ürəyimdən ən incə
teli necə qopardım?
Dünyada gözəl də çox,
gözəl ürəklər də çox.
Şirin-şirin arzular,
incə diləklər də çox.
Bir sən oldun könlümün
yaxın dostu, həmdəmi.
Sən olmazsan tutmazdı
bəlkə əlim qələmi.
Sən olmazsan baharın
yazın ətri olmazdı.
Sən olmazsan bir dünya
sevinc belə çox azdı.
Baharın çiçəkləri
açıb solmasın sənsiz.
Ömrüm sənsiz olmasın,
şerim olmasın sənsiz.
“Ədəbiyyat və incəsənət”
(17.01.2024)
HƏFTƏNİN GÖZLƏNİLMƏZLİYİ - ABŞ-dakı səfirimizin mükafatlandırılması
Nihad Alimoğlu, “Ədəbiyyat və incəsənət”
Çərşənbədən çərşənbəyə izlədiyim yüzlərlə xəbər içində məni öz gözlənilməzliyi ilə ən çox çəkən xəbər məhz bu oldu: Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim beynəlxalq mükafata layiq görüldü. Burda yox a, elə ABŞ-ın özündə.
Demək, “32-ci Martin Lüter Kinqin həyatını və irsini beynəlxalq salamlama” adlı tədbirdə çıxış edən Xəzər İbrahim Martin Lüter Kinqin irsinin yalnız ABŞ-də deyil, eləcə də dünyanın hər yerində bu gün də əks olunduğunu qeyd edib.
Səfir M.L.Kinqin dünyadakı hər kəsin ümumi dəyəri olduğunu, onun fikirlərinin və fəaliyyətinin bütün dünyanı dəyişdirdiyini bildirib. Eyni zamanda, diplomat çıxışında Azərbaycan tarixində heç bir zaman insanlar arasında irqi və dini ayrı-seçkilyinin olmadağını vurğulayıb və ölkəmizin M.L.Kinq irsinin əsl izləyicilərindən olması ilə qürur hissi keçirdiyini qeyd edib.
Tədbirdə Martin Lüter Kinqin həyatına və irsinə həsr olunmuş bir sıra kateqoriyalar üzrə mükafatlar təqdim olunub. Tədbirə sədrlik edən Azərbaycanın ABŞ-də səfiri Xəzər İbrahim nüfuzlu “Martin Lüter Kinq Diplomatiya və Beynəlxalq Xidmət” mükafatı ilə təltif olunub.
Qeyd edək ki, mükafat bundan əvvəl bir sıra nüfuzlu şəxslərə, o cümlədən ABŞ-ın eks prezidenti Bil Klintona təqdim edilib.
Qərbdə Azərbaycan adına hər hansı dəyər almağımız çox önəmlidir, buna görə də beynəlxalq tədbirlərə qatılan hörmətli səfirimizi alqışlayıram.
Qapaq şəklində: Səfirimiz Xəzər İbrahim tədbirdə çıxış edərkən; iç şəkildə Martin Lüter Kinq.
“Ədəbiyyat və incəsənət”
(17.01.2024)
Bu gün “20 Yanvar – Qəhrəmanlıq salnaməsi” adlı sərgi açılır
Bu gün “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Suraxanı” gəmi-muzeyində xalqımızın milli müstəqillik, azadlıq uğrunda mübarizəsinin və yenilməz iradəsinin rəmzinə çevrilən 20 Yanvar faciəsinin 34-cü ildönümünə həsr olunmuş “20 Yanvar – Qəhrəmanlıq salnaməsi” adlı sərgi açılacaq.
QSC-dən verilən məlumata görə, yanvarın 21-dək davam edəcək sərginin məqsədi doğma yurdunun, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladlarını yad etmək, onların göstərdikləri şücaəti geniş auditoriyaya çatdırmaqdan ibarətdir.
Layihə çərçivəsində “20 Yanvar – Rəssamların gözü ilə” adlı rəsm sərgisi ilə yanaşı, gəmi-muzeyin “Dəyərlərdə həmrəylik, inkişafa sadiqlik" zalında Qanlı Yanvar qurbanlarına aid şəxsi əşyalar, arxiv sənədlər, o cümlədən faciəni özündə əks etdirən müxtəlif materiallardan ibarət sərgi də təşkil olunacaq. Burada həmin gün dənizdə haqq savaşında ölüm-dirim mübarizəsi aparan dənizçilər haqqında məlumatlar da yer alacaq.
Ziyarətçilər “Sabit Orucov” gəmisinə məxsus eksponatlarla yanaşı, hadisələr zamanı yaradılan “Kapitanlar şurası”nın 7 üzvündən biri, o dövrkü SSRİ hərbi naziri Dmitri Yazovla görüşən Müzəffər Əliyevə aid şəxsi əşyalarla da tanış ola biləcəklər.
Sərgi ərzində ASCO-nun təşəbbüsü ilə çəkilən və quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Elxan Cəfərov olan “20 yanvarda doğulanlar” bədii-sənədli film ziyarətçilərə təqdim ediləcək. 20 Yanvarda dənizdə yaşanan hadisələri, dənizçilərin göstərdiyi qəhrəmanlıqları özündə əks etdirən ekran işi saat hər gün 7 dəfə nümayiş olunacaq.
“Ədəbiyyat və incəsənət”
(17.01.2024)
Bir direktor, bir şagird layihəsində Canpolad Rüstəmov və İnci Qasımzadə
Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
Naxçıvan şəhər 13 nömrəli tam orta məktəbdın növbəti təqdimatımıza başlayırıq. Direktorumuz Canpolad Rüstəmov, şagirdimizsə İnci Qasımzadədir.
DİREKTOR
Naxçıvan şəhər 13 nömrəli tam orta məktəbin direktoru Rüstəmov Canpolad Müseyib oğlu. 27.01.1960 -cı ildə Şahbuz rayonu Kənd Şahbuz kəndində anadan olmuşdur. 1968 -ci ildə Şahbuz kənd orta məktəbinin 1-ci sinifinə qəbul olmuş, 1977 -ci ildə həmin məktəbin 10 -cu sinifin bitirmişdir. 1982 -ci ildə Nax DPİ -nin riyaziyyat və Fizika fakültəsinə qəbul olmuş, 1987 -ci ildə institutu bitirmişdir. 1988 -ci ildə məktəbdən kənar müəssəsədə dərnək rəhbəri işləmişdir. Həmin ildən Kosmik tədqiqqatlar elm istehsal birliyi "Araz" Naxçıvan bölməsində aparıcı mühəndis vəzifəsində çalışmış, 1992 -ci ildən Naxçıvan peşə litseyində tədris işləri üzrə direktor müavini işləmişdir. 2002 -ci ildən Naxçıvan şəhər 15 nömrəli orta məktəbdə təlim -tərbiyə işlər üzrə direktor müavini vəzifəsini daşımış, 2011 -ci ildə Naxçıvan şəhər 13 nömrəli tam orta məktəbinə direktor vəzifəsinə təyin edilmişdir. Hal - hazırda həmin məktəbdə direktorluq fəaliyyətini davam etdirir.
ŞAGİRD
Mən Qasımzadə inci Anar qızı 2008-ci ildə Naxçıvan şəhərində dünyaya göz açmışam. 2014-cü ildə Naxçıvan şəhər Heydər Əliyev adına tam orta məktəbin 1-ci sinfinə daxil olmuşam. Hal-hazırda 13 nömrəli tam orta məktəbin 10-cu sinfində təhsil alıram. Məqsədim Bakı Dövlət Universitetində komputer fakültəsində təhsil almaqdır.
ESSE
“Əshabi Kəhf ziyarətgahı”
Azərbaycanda inanclı insanların pənah apardığı məşhur ziyarətgah coxdur. Onlardan biri də “Əshabi Kəhf” mağarasıdır. “Əshabi Kəhf” təkcə ziyarətgah deyil, həm də Azərbaycanının ən qədim tarixi abidələrindən biridir. Təsadüfü deyil ki, İslamın müqəddəs kitabı “Qurani-Kərim”də də “Əshabi Kəhf” adı çəkilir. Buranı ziyarət etmək üçün heç bir yaş məhdudiyyəti yoxdur. “Əshabi Kəhf” ziyarətgahının dəqiq ziyarət vaxtı da yoxdur. Bura ilin istənilən vaxtında getmək olar. “Əshabi Kəhf”-ə ziyarətə getmək orada qurban kəsmək savab əməl hesab olunur.
“Əshabi Kəhf” mağarasının quruluşu, təbii coğrafi şəraiti buranın ilkin yaşayış məskənlərindən biri olmasını söyləməyə əsas verir. Mağarada daş kitabə də var. Beləliklə, inanclara görə “Əshabi Kəhf” ziyarətgahı daha cox mənəvi təmizlənmə və Allaha yaxınlaşma yeridir. Aşağıdan yuxarıya doğru ziyarət edərək qalxan insan dünyəvi aləmdən ayrılır, sanki rəbbani məqama daxil olur, özünü bağışlanmışlardan sayır.
Bu mağara ilə bağlı maraqlı rəvayətlər də yaranmışdır. Rəvayətlərə görə, Allahdan üz çevirib bütlərə tapınan Dağ Yunis adlı hökmdarın zülmünə dözə bilməyən vəzir Təmirxan bir neçə dostu ilə zülmdən qurtarmaq üçün dağlara sığınmaq istəyi ilə şəhərdən qaçır. Yolda onlara zülmdən cana doyan və ümidini bir olan Allaha bağladığını deyən hökmdarın çobanı da qoşulur. Bu vaxt çobanın iti də qaçanların ardınca gəlir. Lakin onlar itin səs salacağından ehtiyatlanırlar. İti heç bir vasitə ilə qova bilməyən çoban məcbur olub onun əvvəlcə bir, sonra isə digər ayağını sındırır. Bu zaman insan kimi dil açan it də zülmdən qaçdığını bildirir. Mağarada onları dərin yuxu aparır ayılanda anlayırlar ki, üç yüz il yatıblar.
Sonra əllərini Allaha açıb yalvarırlar ki, qeyb olsunlar.
Allah onları eşidir, mağaranın girəcəyində, sol tərəfdə " Yeddi kimsənə" deyilən yerdə onlar qeybə çəkilirlər.
Bu gün Naxçıvan folklorunda "Əshabi-kəhf"lə bağlı atalar sözləri və zərbül məsəllər, bayatılar vardır və bu mağara hələ çoxlarını öz sirri ilə cəzb edəcəkdir.
“Ədəbiyyat və incəsənət”
(17.01.2024)
Gəncə Dövlət Filarmoniyasında Mirzə Şəfi Vazehə həsr olunan gecə keçirilib
Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının “Gəncə və gəncəlilər” layihəsi çərçivəsində görkəmli Azərbaycan şairi və mütəfəkkiri Mirzə Şəfi Vazehin anadan olmasının 230 illiyi münasibətilə ədəbi-bədii gecə keçirilib.
Filarmoniyadan AzərTAC-a bildirilib ki, tədbirdən əvvəl qonaqlar Mirzə Şəfi Vazehin həyat və yaradıcılığını əks etdirən sərgi ilə tanış olublar.
Gecədə şairin qəzəlləri səsləndirilib, muğam-xoreoqrafik kompozisiyası nümayiş olunub.
Gəncə şəhərində ilk dəfə keçirilən və böyük maraqla qarşılanan ədəbi-bədii gecə qeyri-adiliyi ilə yadda qalıb.
“Ədəbiyyat və incəsənət”
(17.01.2024)
“Qonağımız var” layihəsi çərçivəsində növbəti görüş Natiq Rəsulzadə ilə olub
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Xocasən qəsəbə klubunda "Qonağımız var" layihəsi çərçivəsində Azərbaycanın Əməkdar incəsənət xadimi, “Şöhrət” ordenli, Xalq yazıçısı Natiq Rəsulzadə ilə görüş keçirilib.
İdarədən AzərTAC-a bildirilib ki, əvvəlcə Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Xalq yazıçısı haqqında məlumat verilib. Qeyd edilib ki, "İntihar edənin gündəliyi", "Yağışlı bayram", "Adacıq" kimi geniş oxucu rəğbəti qazanmış əsərlərin müəllifi olan Natiq Rəsulzadənin ssenariləri əsasında "Mələklərə inanmayın", "Bayramda yağış", "Biz qayıdacağıq" kimi onlarla maraqlı filmlər çəkilib. Onun əsərləri bir çox xarici dildə dünyanın müxtəlif ölkələrində çap olunub və nüfuzlu milli və beynəlxalq ədəbi mükafatlara layiq görülüb.
Natiq Rəsulzadə çıxışında tələbəlik illərindən, jurnalist fəaliyyətindən, çoxşaxəli yaradıcılığından danışıb, auditoriyanın suallarına ətraflı cavab verib.
“Ədəbiyyat və incəsənət”
(17.01.2024)
Yaxşı insan - ESSE
Hümbət Həsənoğlu, “Ədəbiyyat və incəsənət” üçün
Misirdə öz əcəli ilə Hüseyn əl Karni adlı bir adam vəfat edib. Niyə öz əcəli ilə yazdım? Çünki o, min yetmiş adam üçün əcəl olub, min yetmiş insanın hamısını şəxsən öldürüb. Yox, o, cinayətkar olmayıb, heç kimdən də bu yolla qisas almayıb. O, bunu rəsmi dövlət qulluğunda işləyərək, maaş alaraq, hər öldürülənə görə də əlavə mükafat alaraq edib. Hüseyn əl Karni cəllad işləyirmiş. Əmək kitabçasında da yazılmış imiş, vəzifəsi-cəllad.
Qohumları, dostları, qonşuları, onun haqqında yaxşı fikirdə olublar. Xoşxassiyətli, hamıya əl tutmağa çalışan, mərhəmətli, bir sözlə, yaxşı insan olub. Deyirlər ki, onun yas məclisinə də çox insan gəlibmiş.
Bəşər tarixi göstərir ki, cəmiyyətdə cəza mexanizmi olmalıdır, çünki cəzaya layiq insanlar- cinayətkarlar həmişə mövcuddur. Yüngül cinayətə görə yüngül cəza, ağır cinayətə görə isə ağır cəza, lap ağır cinayətə görə isə ölüm hökmü. Bax bu məqamda cəlladsız keçinmək mümkün deyil. Bir nəfər olmalıdır ki, cəmiyyət və qanun adından bu işi yerinə yetirsin. Məhz belə məqamlara da Hüseyn əl Karnini dəvət edirmişlər və o da vicdanla öz işini icra edirmiş.
Əlbəttə, həmin cəllad yaxşı insan olsa, yaxşıdır, elə Hüseyn əl Karni kimi. Ümumiyyətlə, hər işi yaxşı insan görsə, yaxşıdır.
“Ədəbiyyat və incəsənət”
(17.01.2024)
Sevgi bəzən qışda açan nərgiz çiçəyinə bənzəyir..
Heyran Zöhrabova, "Ədəbiyyat və incəsənət"
Nərgiz çiçəyini nədənsə sevgisində aldanmış qadınlara bənzədirəm həmişə..
Bahar çiçəyi, bahar müjdəçisi olan nərgiz adətən qışda bir neçə günlük xoş keçən, gözəl, günəşli havaya aldanıb tezdən çiçək açar və sonra da yağan qarın altında qalaraq əzilib yanar.
Sevgi bəzən qışda açan o nərgiz çiçəyinə bənzəyir.
İnsan da çox zaman çiçək misalı bir neçə müddətlik xoş münasibətə aldanıb sevər, könül verib bağlanar. Lakin sonra bir gün qarşısındakının gerçək xisləti çıxar ortaya və bir neçə müddətlik olan o xoş münasibətə aldanış bir ömrü iztirab, zillət içində keçirməyə bais olar.
Çiçək qarın altında əzilib yandığı kimi, insan da bu aldanışa görə peşmanlıq duyar və bəzən bu sadəcə bir peşmanlıqla da ötüşməz. Təəssüf ki, çox gec olar və bu səhvə görə hətta bütün həyatı məhv olar. Ömrünə yoldaş seçdiyi insan ona bir ömür boyu yoldaş deyil də peşmanlıq və əzab-əziyyət olar...
“Ədəbiyyat və incəsənət”
(17.01.2024)