Super User

Super User

Çərşənbə, 17 Yanvar 2024 19:13

Molla Nəsrəddinin sözü olmasın…

 

Yunus Oğuz yazır

 

“Ədəbiyyat və incəsənət” portalı Yunus Oğuzun növbəti felyetonunu təqdim edir. 

 

Bir gün Molla Nəsrəddin eşşəyinə minib bazara gedir. Oğlu da düşür eşşəyin qabağına. Məhəllənin lotuları bunu görüb məzələnirlər. Biri deyir:

– Utanmır, yekə kişidir. Özü eşşəyə minib, yazıq uşağı qoduq kimi salıb qabağına.

 

Molla bu sözü eşidib heyvanın üstündən düşüb oğlunu otuzdurur.

Yenə kimsə söz atır:

– Buna bax, e… Özü qoca kişidir, piyada gedir, cavan uşağı mindirib palanın üstünə.

Bu dəfə Nəsrəddin də minir eşşəyin üstünə. Lotular gülüşürlər. Atmaca davam edir:

– Vay, vay… Bunlara bax ,e… Dədə-bala miniblər eşşəyin üstünə. Yazıq heyvana əziyyət verirlər. Ayıbdır, vallah ayıbdır.

Molla hirslənir. Ata-oğul eşşəyin üstündən düşürlər. Bu dəfə Molla heyvanı alır çiyninə, üzünü lotulara tutaraq:

– Di, dincəlin, – deyir.

İndi, ay başınıza dönüm! Mollanın sözü olmasın, “Di, dincəlin!” Bir dənə şeyximiz var, düşmüsünüz onun üstünə. Guya ölkədə başqa problem yoxdur? Nə var, nə var deyib ki, İranın dini rəhbəri müharibə başlayanda fətva verib. Hə, nə olsun? A, kişilər, bu şeyximiz belə deyəndə millətçi qisim, elə deyəndə iranpərəstlər, öz fikrini də deyəndə hökumət düşür üstünə. Bəs, hörmətli şeyximiz neyləsin, nə desin? Lap, o kinodakı kimi oldu. Deyir: “Ay camaat, qoyun rejissorumuz kinosunu çəksin”.

Fətva aləmi qarışdırıb bir-birinə. Nə çox fətva veriləsi adam, qurum, ölkə var.

İranın Ermənistandakı səfirinin fətvadan xəbəri olmayıb, yoxsa vallahi-billahi, Kəlbəcər tərəfə ayaq da basmazdı.

Odey, Milli Məclis o deputatın fətvasını nə təhər verdisə, hələ də tərpənə bilmir. Gərək, o binava polisi döyəndə deyərdi ki, sənin fətvan verilib, ona görə döyülürsən. O yazıq da belə şeylərdən qorxub heç yerə şikayət etməzdi.

Elə belə deyərdi:

– Fətva verilibsə, vur, qadan alım! Ona canım fəda olsun!

Yoxsa durub gəlib “Fəxz elə ki, səni deputat döyüb”, – deyir. Belə şeylər olmaz, canım, gözüm! Hələ iclasda başqa bir deputat ona qahmar çıxıb. Bəh-bəh, gül dərib, gülab çəkib. Bəs sən bilmirdin ki, Milli Məclisin özü sənin yiyəndir? Belə sadə şeyləri bilməmiş olmazdın. Yüzdə yüz bilirəm ki, o deputatın fətvasını verən doxsan doqquz nəfərin yarısı əvvəllər onunla yeyib-içib. Bəz nə bilmişdiniz? Arada “Starıy dvor” restoranı pulsuz reklam olundu. Di gedin o məkana, yaydır, bir az dincəlin.

Bax, Tokioda idmançılarımız haqqında fətva verilməyib deyə, elə bil əl-qollarını bağlayıblar. A kişilər, ən titullu idmançılarımız belə mübarizə apara bilmirlər. Qurban olduğumun gücünü görürsünüz? Olimpiadanı izləmirsinizsə deyim. Üzgüçümüz az qalır suda batsın. Velosiped sürənimiz onu kürəyində aparır. Tataminin üstündə güləşçimizin kürəyi necə yerə vurulursa, qalxa bilmir. Qərara alır ki, güləş döşəyinin üstündə uzanıb bir qədər istirahət etsin. Karateçimiz ayağını rəqibinin boynuna necə qaldırıb qoyursa, sonradan nə illah edirsə, ayağını aşağı sala bilmir…

Günah onlarda deyil, günah onların rəhbərliyindədir. Fətvasız basa-basa o boyda yol gedirlər. Dincəlməyə getmişdinizsə, di dincəlin!

O gün Mirzə dostum zəng edib soruşur ki, tanış fətva verən molla var? Deyirəm ki, nə məsələdir?

Cavab verir ki, balalarından görəsən. Övladıma toy etmək istəyirəm. Deyirəm qabaqcadan xeyir-duasını alım. Çox keçməz ki, onlar da gəlib şadlıq saraylarına “toy mismarı”nı vuracaqlar. Bildirəcəklər ki, “molla kəbini” yoxdursa, evdə xeyir-bərəkət olmaz. Özü də mollalarımızın əlləri bir az aşağıdır. Çoxdandır “bərkgedən” məclis tutmurlar. Bəs eşitməmisən ki, xalq iki sənət yiyəsini dolandırır: Biri aşıqdır, müasir dildə desək manısdır, o biri də molladır. Biri toy sahibini dincəldir, o biri ölünü. Elə dincəldir ki, hər iki halda, həm toy sahibi, həm də ölü sahibi mərasimdən borcla çıxırlar. Di dincəlin!

Nə isə buna tanış bir mollanın telefon nömrəsi verib başımdan elədim.

Sonra qəzeti götürüb vərəqlədim ki, görüm ölkədə nə baş verir? Baxdım ki,  başqa bir Mirzə Daxili İşlər Nazirliyinə şikayət edib ki, bəs Beyləqan-Sabirabad yolunda yol polisi özlərinə fətva verib. Gələni soyur, gedənin cibinə pul qoyur. İndi heç kim gəlmir, hamı gedir.

Öz-özümə güldüm. Dedim ki, rəhmətliyin oğlu! Belə yol polisi təkcə sən dediyin yerdə deyil. Belə yol polisləri Salyanda, Qobustan rayonunda, Kürdəmir-Ucar yolunun üstündə də var. Onlar dolanışıq üçün deyil, dolaşıq üçün işləyirlər. Neyləsinlər fətvaları belə verilib. İstəsələr də, yoldan çıxa bilməzlər.

Əlqərəz, bu fətva ki, var, çox qəliz şeydir. Pul qazanmaq, vəzifəyə təyin olunmaq, gözdən düşmək istəyəndə də gərək fətvan yanında olsun, yoxsa əlli-ayaqlı, həmişəlik gedərsən dincəlməyə. Di dincəlin!

Mən də durum gedim. Görüm neyləyirəm? Heç dincəlməyin vaxtı deyil.

 

“Ədəbiyyat və incəsənət”

(17.01.2024)

 

Yanvarın 17-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin mənzil muzeyində jurnalist-tədqiqatçı, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Əlisəfdər Hüseynovun “Sadəcə Niyazi” və “Niyazi xatirələrdə” kitablarının təqdimatı olub.

AzərTAC xəbər verir ki, tədbirdə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova çıxış edərək hər iki kitabın musiqi ictimaiyyəti üçün bir töhfə olduğunu söyləyib.

A.Bayramova qeyd edib ki, “Niyazi xatirələrdə” kitabında dünyaşöhrətli dirijor, bəstəkar, ictimai xadim, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı Niyazi Tağızadə-Hacıbəyov haqqında 1987-ci ildə rus dilində işıq üzü görən “Maestro Niyazi. Xatirələr, məqalələr, məktublar” kitabının (tərtibçilər Həcər Hacıbəyova və Əsildar Hüseynov) “Xatirələr” bölməsinin rus dilindən ilk dəfə tərcüməsi təqdim olunur.

“Sadəcə Niyazi” kitabının müəllifi Əlisəfdər Hüseynov görkəmli sənətkarın ömür və sənət yolunun maraqlı məqamları haqqında məlumat verib. Qeyd edib ki, Niyazi bütün həyatı boyu Azərbaycan musiqisində yaranmış yeni əsərlərin təbliğində müstəsna xidmətlər göstərib.

Ə.Hüseynov Niyazinin musiqi aləmində bir ulduz kimi parladığını, istedadı və peşəkarlığı ilə yeni zirvələrə yüksəldiyini diqqətə çatdırıb.

Tədbirdə çıxış edən digər natiqlər Niyazinin həyat və yaradıcılığından söz açıblar. Bildirilib ki, Azərbaycan milli dirijorluq məktəbinin formalaşması onun adı ilə bağlıdır. Niyazinin yozumunda milli bəstəkarların bir çox əsərləri dünya musiqisinin qızıl fonduna daxil olub.

Çıxışlar muzeyin zəngin kolleksiyaları əsasında hazırlanmış maestro Niyazinin həyat və yaradıcılıq yolunu əks etdirən slayd-şou ilə müşayiət olunub.

Bədii hissədə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Xalq artisti Ülviyyə Hacıbəyova, musiqişünas və vokalçı Sevinc İbrahimovanın ifalarında Niyazinin əsərlərindən ibarət rəngarəng konsert proqramı təqdim edilib.

Sonda Niyazinin qohumu Sahib Qədimov tədbirin təşkilində əməyi keçən hər kəsə təşəkkür edib.

Niyazinin ilk böyük müvəffəqiyyəti 1938-ci ildə Moskvada keçirilən “Azərbaycan incəsənəti günləri”ndəki çıxışı ilə bağlıdır. O, Moskvada Üzeyir Hacıbəylinin “Koroğlu” və Müslüm Maqomayevin “Nərgiz” operalarına dirijorluq edərək həm həmin əsərlərə, həm də onların müəlliflərinə bir daha uğur qazandırıb. 
Maestronun gəncliyindən ömrünün sonuna qədər davam edən belə uğurlu çıxışları mədəniyyət tariximizə saysız-hesabsız nailiyyətlər bəxş edib. Onun adı həm də Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli simaları ilə birgə çəkilir. “Xosrov və Şirin” operası, “Zaqatala”, “Azərbaycan” süitaları, “Rast” simfonik muğamı və sair əsərlər Niyazinin qələminin məhsuludur. O, hətta 1986-cı ildə R.Taqorun süjeti əsasında yazdığı “Çitra” baletinə görə “Cəvahirləl Nehru” mükafatına layiq görülüb.

Maestro Niyazinin misilsiz xidmətləri daim xalqımız və dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. Ona olan xalq məhəbbəti bu gün də yaşayır. Maestronun mənzili 1994-cü ildən ev-muzeyi kimi fəaliyyət göstərir.

 

“Ədəbiyyat və incəsənət”

(17.01.2024)

Çərşənbə, 17 Yanvar 2024 17:30

Kişi hünərli xanım...

 

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Xarizmatik xanımdır, özünəməxsus bir sıra xüsusiyyətləri var ki, onu çoxlarından fərqləndirir. Polad iradəsi, çalışqanlığı ilə insanların diqqətini özünə asanlıqla çəkə bilir. Duyğusal və romantik bir xarekterə malikdir. İntuisiyası güclüdür. Gözəlliyin aşiqidir, təbii gözəlliyə böyük dəyər verir. İncə ruhu var, nəzakətli və zərifdir. Adamların xoşbəxtliyinə sevinməyi bacarır. Bütün həyatı boyu həm hər şeyin ən yaxşısına sahib olmaq istəyib və həm də ən yaxşısını nümunə göstərmək...

Namizədlik və doktorluq dissertasiyalarının mövzusu İranla bağlı olub, amma Azərbaycan Xalq Cümhuriyyətinin tarixini də unutmayıb. Bu istiqamətdə sanballı əsərlər yazaraq təqdim edib, Azərbaycan dövlətçiliyinə böyük xidmət göstərib...

Haqqında söhbət açdığım Solmaz Rüstəmova- Tohidi Bakı şəhərində dünyaya gəlib. Azərbaycan Dövlət Universitetini bitirib. Tarix elmləri doktoru, professor, AMEA- nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnsititutunun əməkdaşı. İranın tarixi və iqtisadiyyatı şöbəsinin aparıcı elmi işçisidir.

1995-ci ildən Niderlandın Sosial Tarix İnstitutunun Qafqaz üzrə, 2010-cu ildən Qafqaz və Orta Asiya üzrə nümayəndəsidir. Azərbaycan tarixinin tədqiqi sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb...

Deyir ki,- “Təbii, Cümhuriyyət dövrünün hətta peşəkar tarixçilər və mütəxəssislər tərəfindən də birmənalı dəyərləndirilməyən məsələləri, eləcə də Cümhuriyyət xadimlərinin bu və ya digər tarixi məqamlarda rolu və iştirakına dair fərqli nəzərləri var və bu da təbiidir. Amma bir qənaət şəksizdir! Bu insanların Azərbaycan adlanan Vətən, Azərbaycan adlanan dövlət və Azərbaycan adlanan xalq-millət qarşısında xidmətləri danılmazdır və bu qənaət saysız sənədlərlə təsdiq və sübut edilir. Bu təsdiq və sübut heç də yalnız tarixi sənədlərlə məhdudlaşmır. Ortada həmin şəxsiyyətlərin hər birinin öz həyat hekayəti var. Cümhuriyyət qurucuları vaxtilə məsuliyyətini və təhlükəsini anladıqları bir yükün altına girərkən yəqin ki, taleyin onlara heç də həmişə lütf etməyəcəyini göz önünə gətirmişdilər və bu yolda bütün məşəqqətlərə, hətta ölümə hazır idilər. Lakin tarixin “İstiqlalçılar” adlanan bütöv bir nəslə qarşı bu qədər ədalətsiz və amansız olacağını, adlarını həyatda saxlayıb, amma bu sevimli Vətənə, qurduqları Dövlətə, “azadlığın ləzzətini dadızdırdıqları” xalqa ömürlük həsrət qoyacağını bəlkə heç ağıllarına da gətirmirdilər…”

Onu Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadə başda olmaqla qürbət torpaqlarda dəfn olunan digər “qurucu babaların” nəşlərinin niyə Vətənə gətirilməməsi çox düşündürür və bununla barışa bilmir:

“Bu gün cismi faciəvi surətdə haralardasa Vətən torpağına qovuşmuş Nəsib bəy Yusifbəylidən başqa Cümhuriyyət xadimlərinin böyük əksəriyyətinin məzarları qürbətdədir. Yaxın Gürcüstan, qardaş Türkiyə və bir sıra Avropa ölkələri indiyədək qismətlərinə Vətəndən kənarda ölmək yazılmış Dövlət qurucularımızın məzarlarını bizlər üçün ƏMANƏT saxlayır. Məhz ƏMANƏT!

Bu, Məhəmməd Əmin Rəsulzadənin sözüdür və o nəslin həmin gerçəkliyə verdiyi təyinatdır. Bəs nə baş verir, zamanmı çox çəkdi? Məmləkətmi qurtulmadı? Millətmi mütəşəkkür çıxmadı? Azərbaycanlımı qədirbilən olmadı? Bəlkə illərdir deyilən, dərc olunan, təkrarlanan, xatırlanan sətirlərin məhz vəsiyyət – vəzifə olduğu anlamı yetişməyib hələ?”- söyləyir...

Çəkinmədən dilə gətirdiyi bu fikirləri dinlədikcə, bu xanımın nə qədər böyük bir insan olduğunun şahidi olursan. Və verdiyi sualları cavablandırmaq üçün nə qədər aciz olduğunun xəcalətini yaşayırsan…

Qəhrəmanlıq onun alın yazısıdır, ətaləti bir anda strategiyaya çevirməyi bacarır. Elə bu xüsusiyyətinə görə də seçilir, zirvədədir. Nə istədiyini yaxşı anlayır və hədəfə doğru cəsarətlə addımlayır. Sirli, qeyri-adi xarakterə malikdir, möcüzə yarada bilir. Aydın, səlist, məntiqli nitqi var, təsiredicidir. Yersiz müdaxiləni xoşlamır, amma haqsızlıq olan yerdə susmur, həqiqəti qorumağa üstünlük verir. Lazım olmadığı halda fikir söyləməsə də, ehtiyac olduğu təqdirdə səsini daha da ucaldır...

El arasında belə bir ifadə var- “Kişi qeyrətli qadındır.” Bəli, haqqında sevə-sevə söhbət etdiyim Solmaz Rüstəmova- Tohidi məhz əsl kişi qeyrətli xanımdır. İnanır ki, gələcək nəsillər bizdən daha bacarıqlı, daha inadkar olacaqlar, bizim görə bilmədiyimiz işləri onlar başa çatdıracaqlar. Və bir gün “qurucu babalarımız”ın nəşləri Ana Vətənə gətiriləcək...

 

“Ədəbiyyat və incəsənət”

(17.01.2024)

 

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən “İrsimizi tanıyaq, tanıdaq” müsabiqəsinin qaliblərinin müəyyənləşdirilməsi üçün ekspert komissiyasının iclası olub.

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, iclasın nəticələrini əks etdirən protokola əsasən təqdim olunan videoçarxlar keyfiyyət baxımından qənaətbəxş olmadığına və müsabiqə şərtlərinə cavab vermədiyinə görə qaliblərin müəyyənləşdirilməsi mümkün olmayıb.

Müsabiqə Azərbaycanın qədim tarixi və zəngin mədəniyyətinin təbliği, incəsənətə, milli-mənəvi dəyərlərə, adət-ənənələrimizə hörmətin qorunub saxlanılması və inkişaf etdirilməsi, yeni yaradıcı qüvvələri prosesə cəlb etmək məqsədilə təşkil olunub.

 

 “Ədəbiyyat və incəsənət”

(17.01.2024)

Müəllifi İslam Məmmədov olan "Cənubi Azərbaycan uşaq oyunları" adlı yeni kitab Türkiyənin Avrasiya Yazıçılar Birliyinə aid “Bengü” yayın evində çap olunub. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına Avrasiya Yazıçılar Birliyinin başqanı Yaqup Ömeroğlu məlumat verib. 

 

Uşaq oyunları həm də bir mədəniyyət sahəsidir. Bu kitab da bu sahədə həm milli mədəniyyətin elementi, həm də gələcəkdə onun daşıyıcısı olan uşaq oyunlarının  əhəmiyyətini anlamaq və dünyanın rəqəmsallaşdırıldığı, dövlətlərin qloballaşdığı bir dövrdə nəsli kəsilməkdə olan oyunları qeyd etmək üçün hazırlanmış bir nümunədir. Əsərdə Cənubi Azərbaycan uşaq oyunları skrininq və kompilyasiya yolu ilə toplanmış, əsərin ikinci hissəsində əlifba sırası ilə təsnif edilmiş, birinci hissədə isə bu oyunlar elmi cəhətdən öyrənilmiş və oyunların əhəmiyyətini müxtəlif nöqteyi-nəzərdən çatdırmağa cəhd edilmişdir. 

İş həm də elmi nəticələrin qiymətləndirilməsi və müzakirəsi, eləcə də uşaqlar üçün faydalı oyun nümunələrinin kollektiv şəkildə təqdim edilməsi baxımından valideynlər üçün faydalı resurs hesab olunur.

Oyunun uşaq və uşaqlıq üçün faydaları haqqında ətraflı danışmağa ehtiyac görsək də, qısaca bunları söyləmək olar: o, ictimai həyatın bir hissəsi olacaq, gələcəkdə qərar qəbul edən şəxs olacaq, gələcək nəsli tam formalaşdıracaq. 

Və bugünkü uşaqların sağlam tərbiyəsini oyun və müxtəlif üsullarla təmin edə bilərik. 

Unutmayaq ki, uşaqlar gələcəyi bizim əlimizdə olan dəyərli, dəyərli və vacib varlıqlardır. Onlar üçün edilə biləcək hər hansı bir iş buna dəyər!

 

Daha ətraflı məlumat üçün; https://www.benguyayinlari.com/urun/guney-azerbaycan-cocuk-oyunlari

 

“Ədəbiyyat və incəsənət”

(17.01.2024)

Poetik Qiraətdə bu gün sizlərə şair, pedaqoq və sosioloq kimi tanıdığımız Əhməd Qəşəmoğlunun siyasi lirika dəftərindın bir şeirini təqdim edirik. “Kukla teatrındakı uşaqlar”a xitab edir şair. 

 

Kukla teatrındakı uşaqlar

 

Kukla teatrında uşaqlara

tamaşa göstərəndə,

inanır onlar

şəkillərinin, oyuncaqların,

yeridiyinə, danışdığına,

küsdüyünə, barışdığına...

 

Hərdən uğunub gedirlər,

hərdən ah çəkirlər,

dərd çəkirlər, ağlayırlar...

 

Ağıllarına da gəlmir

hər oyuncağın, hər şəklin

bağlandığı, sallandığı ipləri

əlində oynadanlardır

tamaşa yaradanlar...

 

Dünyanın güc mərkəzləri,

bic mərkəzləri tez-tez

yeni-yeni kukla tamaşaları qururlar

yer üzü adlı səhnədə,

uşaqlara bənzəyən böyüklərsə

bu tamaşaların sehriylə

nağıllar danışır, yuxular görür,

hərəsi bir məhlədə...

 

“Ədəbiyyat və incəsənət”

(17.01.2024)

Çərşənbə, 17 Yanvar 2024 14:00

Qızıl balıq qripi

Sərtyel, “Ədəbiyyat və incəsənət”

 

RUSSAYAĞI

Bu gün mən uşaqlarıma demokratiya öyrətdim, onlara yeməyə pitsa və baxmağa film seçməyi öyrətdim.

Amma sonra özüm istədiyim pitsanı və filmi seçdim. Axı pulu verən özüməm. 

 

İNGİLİSSAYAĞI

Ona görə axmaq deyilsən ki, məsələni həll edə bilmirsən. Ona görə axmaqsan ki, məsələnin həllinə girişmisən. 

 

AZƏRBAYCANSAYAĞI

Səni pyedestaldan aşağı salmaq üçün çox əllər uzanacaq. 

 

GÜRCÜSAYAĞI

Qrafomaniya - yaradıcı impotensiyaya qəlb satiriazisini yapmanın nəticəsidir.

 

ÇİNSAYAĞI

Quş qripi gəldi, quş əti ucuzlaşdı, donuz qripi gəldi, donuz əti ucuzlaşdı. Kaş ki, nərə, yaxud qızıl balıq qripi də olaydı. 

 

ƏRƏBSAYAĞI

Yaxşı söhbət iş saatını yarıbayarı azaldar. 

 

ERMƏNİSAYAĞI

Qara ağardır, ağ qaraldır. Təmiz çirkləndirir, çirkli təmizləyir. Siz dünya tarixinin qısa kursunu dinlədiniz. 

 

“Ədəbiyyat və incəsənət”

(17.01.2024)

Könül, “Ədəbiyyat və incəsənət”

 

Xalq şairi Vahid Əziz! Lirikanın ən dərinliyini, fikir yükünün ən ağırlığını, poetik gözəlliyin ən təkrarsızını ortaya qoyan bir şairimizdir Vahid Əziz. Onun vəyənpərvərlik mövzusu da tükənməzdir. 

Onun bütün yaradıcılığı gözəldir, bizsə son illər yazdığı şeirlərindən seçmələr edəcəyik. Bu oxuyacağınız şeir 2014-cü ildə yazılıb. 

 

Mən...

 

Dedilər: “Yazıqsan, oda düşərsən!”,

səsimi ucaltdım söz vaxtımda mən,

yurda göz yetirib, vaxtı düşünsən –

dünyanın xoşbaxtı, bədbaxtı da mən.

 

Tutulub Cənnətin xan buğdasıynan

Adəm eşq yaşadı qabırğasıynan,

millət oynadıqca Əlifbasıynan –

yadlaşdım öz doğma paytaxtımda mən.

 

hər kəs bu cahana bir cür variddi,

bir ağrım ağlatdı, biri kiritdi,

tüstüm kor elədi, istim əritdi –

küllüyə atıldım köz vaxtımda mən.

 

Dadıb bağ-bağçanın kal meyvəsini

Atardı başına nənəm səsini;

Hələ də qanmıram fəlsəfəsini,

Deyərdi: “Dul qaldım qız vaxtımda mən”.

 

Yerinə nə üçün yetmir gileyim,

O qədər müşkülmü ərz elədiyim?!

Bilərdim qədrini öyüd verənin,

İndi yaşasaydım yaz vaxtımda mən.

 

Arzum, Vahid ƏZİZ, çatsın hər kəsə;

Adımı ucaltdın heykəldəndisə,

Bir də ki, Əzrayıl dalımca gəlsə –

Xəcalət çəkməyim az vaxtımda mən...

 

“Ədəbiyyat və incəsənət”

(17.01.2024)

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində portalımızın Güney təmsilçisi Əli Çağla bu dəfə sizlərə Mehdi Qəmsizin   şeirlərini  təqdim edir.

 

 

Mehdi Qəmsiz

 Qəmsiz kimi tanınan Mehdi Tiğzən 2000-ci ilin mart ayında Təbriz şəhərində doğulmuşdur.

 

ATA

 

Əlimdən üzüldü bütün varlığım,

Əllərim gözümdə ağlaya bildim.

Əlini əlimdə tuta bilmədim,

Durmadan könlümü dağlaya bildim.

 

Zəng açıb titrədin, oyaldanmadın,

Ürəyinlə yatan sonuncu sözü.

Alışdım, gözümdən yaşam ələndi,

Bu kəz ayrılığın sonuncu üzü.

 

Nə var uzaqlarda, yerin xoşdumu?!

Arxanca işığın paylayır gözüm.

Yaşımı azdan az demişdin mənə,

Bu yaşda yaşama necə mən dözüm?!

 

Ovcumda su oldun, axdın əlimdən,

Əlimi bərkidib tuta bilmədim.

İşıq sürətində dalınca qaçdım,

Yenə də mən sənə çata bilmədim.

 

Kimsə inanmayır getmisən deyə,

Yaxşı insanlar da gedərlər bəyə?

Oğlunun bəyliyin geydirməmişdən,

Özündən əyninə kəfənmi geyə?!

 

Öz yetim, söz yetim, hər nə var yetim,

Dünyamı alıbsan, dünyasın satan.

Sərildim qəbrinə dostlarım dedi:

“Qalx, başın sağ olsun, inciyər atan.”

 

“Ədəbiyyat və incəsənət”

(17.01.2024)

Nigar Həsənzadə, “Ədəbiyyat və incəsənət”

 

Əgər sizə dünyasını dəyişən hər hansı bir kəsə zəng etmək şansı verilsə idi o adam kim olardı və ona nə deyərdiniz?

EKSPRESS-SORĞU-da bu dəfə məhz bu sualı qoymuşam və ona ən müxtəlif cavablar almaqdayam. 

 

Mikayıl Müşfiqə zəng edərdim. Dilbəri sevmək necə hiss idi soruşardım. 

Məhəmmədhüseyn Şəhriyara zəng edərdim. Sevgi sənin gözündə nədir belə, gecə

sevdiyinin xəyalına şeir yazdın? deyə soruşardım. “Yar qasidi” şeirini nəzərdə tuturam. 

Mehman Əlirzayev.

 

Elə insanlar var ki, onları itirməyimizlə barışa bilmirik. Dünyadan köçmüş insanla əlaqə yaratmaq imkanım olsaydı...

Bilirəm ki, bu mümkün deyil və mümkün olsaydı birinci itirdiyim illərdəki Ülviyyə ilə əlaqə saxlayardım. Axı hər il geridə qalıb bir də təkrar yaşanmır. İtən ömrlərdəki o qızla danışardım... Ona birinci sualımsa: niyə tərki-dünyasan? - olardı. Bəlkə də, o da söyləyərdi ki, zamana bel bağlama, zamansızlıqda zaman axtarma...

Ülviyyə Əbülfətqızı

 

Ədəbiyyat və incəsənət”

(17.01.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.