Super User

Super User

“Ədəbiyyat və incəsənət”  portalı klassik poeziyamızın ünlülərindən olan Mirzə Şəfi Vazehin (1794-1852) indiyədək çap edilməmiş 65 lirik şeirinin dərcini davam edir.  Şeirlər Azad Yaşarın təqdimatında sizlərə çatdırılır.

 

“Ötən ilin noyabrında görkəmli şair, xəttat və pedaqoq Mirzə Şəfi Vazehin vəfatının 160-cı ili tamam oldu. Bu ildönümüylə bağlı oxucuların diqqətinə təqdim etdiyim silsilə şeirlər Fridrix fon Bodenştedin 1851-ci ildə Almaniyada nəşr olunan “Mirzə Şəfinin nəğmələri” kitabına salınmışdı.

Nüfuzlu dilçilərimizdən Fəxrəddin Veysəlli və Yusif Savalan tərəfindən edilən sətri tərcümələr əsasında onları yazıldığı vaxtdan təxminən 180 il sonra ədəbi irsimizə təkrar qazandırmağa çalışdım. Bu mətnlər M.Ş.Vazeh irsindən çevirdiyim 270 şeirin hələlik çap olunmayan qisminə daxildir.” (Azad Yaşar)

 

49

 

Bir oyuna, qumara yatırma var-yoxunu,

Udmaq qədər uduzmaq da var... unutma bunu.

 

50

 

Gölüylə məşhurdur Şiraz, ya meylə?

Hər kəsin içində var əndişəsi.

Bəlkə, Rüknəbada şöhrət gətirib

onun da Mozella adlı meşəsi?

 

Görünür, gözəllik deyilmiş səbəb,

dünyada nə qədər yer var... misilsiz!

Bütün yer üzündə tanınıb onlar

tək sənin,

tək sənin şerinlə, Hafiz.

 

Bütləri sən elə yıxdın, dağıtdın,

eşidən seyrinə gəldi Şirazın.

Qələmin, ilhamın sayəsində sən

kiçiyi böyütdün, şişirtdin azı.

 

Şeirinlə vəsf etdin sən o meşəni,

o çayı, sahili, gözəl şəhəri.

Sən necə öydünsə... mübarək oldu

adicə daşı da həmin yerlərin.

 

Gülü, şərabı var, şux qızları var,

Tiflis geri qalmaz ondan heç nədə.

Sənə minnətdardır, Şəfi, bu şəhər,

tapıbsa vəsfini nəğmələrində. 

 

Hafizin şeiriylə tanındı Şiraz,

Tiflissə Şəfiylə qovuşdu ünə. 

İkinci bir ömür qazandırıb o, 

nəfəsi dəyənə, gözü görənə.

 

Dağların qoynundan çağlayan o çay

şəhər bağlarına su və can verər.

Burda çiçəkləyən, yaşayan nə var,

özünü Şəfiyə bir borclu görər. 

 

Unutmaram əsla nazlı qızları,

onlardır təbimin eşqi, qüruru.

Mən vəsf etdim deyə,

piyalə gözlər,

o alma yanaqlar elə bərq vurur.

 

Cənnətdən müjdədir eşqdən, hüsndən,

güllərdən və meydən söz açan şeirim.

Ondan hali olan atar, unudar

bütün günahların, bütün təqsirin.

 

Özündən büt yapan, bütə çevrilən

kəslərin başına dünya olar dar.

Çəkilməz əzaba düçar olacaq

busəni, şərabı haram sayanlar.

 

Sənin nəğmələrin, ey Mirzə Şəfi,

səslənsin ölkədə qoy addımbaşı.

Gözəllik, saf niyyət olmalı çünki

bu təzə həyatın dostu, yoldaşı.

 

Bu yurdda yetişən gənclər hər yerdə

doğma şəhərinin başın dik edər.

Şəfinin şeiriylə Tiflisin namı

yayılar Kürümdən ta Reynə qədər. 

 

51

 

Bu Tiflis şəhərinin nazənin gözəlləri

yamanca aludədir hər cür bəzək-düzəyə.

Qaydadır: alınların bəzəyər zərdən kəmər,

əndamları bürünər məxmərə və ipəyə.

 

Zərif çəkmələrinin ipləri var – al-əlvan,

kəlağayılarısa bəyaz olar – qar kimi.

Uzun sözə hacət yox:

yaraşar, nə geysələr –

könlümü açmaz heç nə tiflisli qızlar kimi.

 

Arzum budur, seyr edim mən o şux gözəlləri

nənələrin geydiyi qədim əlbisələrdə.

Daş-qaşa gərək duymaz qulaqları, əlləri,

süni bər-bəzəklərə nə gərək var bu yerdə?!

 

Allah-təala veribsə zənənə boy-buxunu,

geyim-kecim işini gərək özü öyrənə.

Əgər bunda naşısa,

hansı şair xoşlanar

o sənəmdən...

lap ahıl şair olsa da yenə?!

 

 

52

 

Küçədə getdiyim vaxt məni saxlayan qadın

soruşdu: “Bilirsənmi yazı-pozu?” Dedim: “Hə”.

Dedi: “Onda mənə bir dua-zad yaz, qadası”.

Sordum: “Dərdinə çarə olar ki bu?” Dedi: “Hə”.

 

Tez qələmi əlimə aldım ki, nəsə yazım,

Dedi: “Yox, burda olmaz, gəl gedək bizim evə.

Sən orada edərsən dərdimə türkəçarə”.

Sordum: “Sonra yanında qalımmı?” Tez dedi: “Hə”.

 

“Yaman uzun çəkdi bu gedişin, Mirzə Şəfi,

Barı oldumu nəfi?”

sorana şair dedi:

“Olmazmı heç?! Bəs nədir!” 

 


53

 

Dəli Kür axıb gedir ayaqlarım altında,

Günəşdə par-par yanır sapsarı dalğaları.

Qəlbim də açılıbdır çəməndəki güllərtək –

həyatda ən pis günüm belə olaydı barı!

 

Cünbüş vurur badəmdə Kaxetiya çaxırı,

xəyalımdan getməyir yarımın baxışları.

Al rəngli meydən içib, onu vəsf eyləyirəm –

həyatda ən pis günüm belə olaydı barı!

 

Günəş qüruba enir, hər yanı zülmət alır,

sevən qəlbimin nuru yarır qaranlıqları.

O da axan ulduztək qarışır məchulluğa –

həyatda ən pis günüm belə olaydı barı!

 

O qara gözlərində uyuyur Qara dəniz,

məni ora sürüklər hissim, ehtiraslarım.

Gəl qoynuma, sevgilim,

bir kimsə duyuq düşməz –

həyatda ən pis günüm belə olaydı barı!

 

 

54

 

Mənim xəlvət xanəmə

sən axşam gəl, gözəl yar.

Lap sübh tezdən də gəlsən,

yenə könlüm açılar.

Hansı vədə gəlsən, bil,

gözüm üstə yerin var.

 

“Ədəbiyyat və incəsənət”

(30.04.2024)

 

Ölkəmizdə Kino ssenarilərini dərc edən bir mətbu orqan, dərgi yoxdur. Ümumən, son illərdə heç dramaturji kitablar da nəşr edilmir. Kinoşünaslıq, kinotənqid sahələri də öz qürub dövrünü yaşayır. Bu da kinomuzun inkişaf strategiyasının ziddinədir.

Hazırda həm Mədəniyyət Nazirliyinin, həm də Kino Agentliyinin reallaşdırmaq istədikləri geniş fəaliyyət spektrində bu nöqsanların aradan götürülməsi də aparıcı rol oynayır.

Bu günlərdə “Elm və təhsil” nəşriyyatı tərəfindən tanınmış kinodramaturq, yazıçı, Azərbaycan Kini Agentliyinin direktoru Orxan Fikrətoğlunun “Kinocizgilər” adlı kitabı işıq üzü görəcək. Kitabda həm tammetrajlı, həm qısametrajlı bədii və sənədli film ssenariləri, ekran həlli üçün uyğunlaşdırılmış qısa hekayələr və novellalar yer alıb.

Bu gündən etibarən oxucularımızı “Kinocizgilər” kitabındakı yazılarla tanışlıq gözləyir. Xüsusən, kino sahəsi ilə maraqlananlar üçün, gənc ssenaristlər və rejissorlar üçün düşünürük ki, bu dərclər faydalı olacaq.

 

“TURAN” bədii film ssenarisini təqdim edirik.

 

Titr yazı. Bakı. 1918-ci il. 11 noyabr.

 Nuru paşa, Nazim bəy və Xan Xoyski Cəfər Cabbarlının kasıb, balaca daxmasına qonaq gəlib, saxsı kasalarda bozbaş yeyirlər...

Nazim bəy bozbaşı yeyə-yeyə yağlı olduğuna işarə edir...

Xan Xoyski: – Cəfər bu yağlı bozbaşları yeməkdən belə sinədəftər olub, yəqin, – deyir.

Nuru paşa ayağa qalxıb Cəfərin kasıb daxmasına baxır...

Onu yanına çağırıb bağrına basır...

Səhər Cəfər Cabbarlının anası Nuru paşanın onlara gön­dər­diyi hədiyyələri qapıda qəbul edir...

Hədiyyələr arasında nikelli çarpayı, iri daş güzgü xüsusilə nəzərə çarpır...

***

Titr yazı. 1921-ci il. Gürcüstan. Qarayazı.

“Agit teatr” Gürcüstanın Qarayazı bölgəsində yerli türk­lərə tamaşa göstərir...

Səhnə bu dəfə arabanın içində qurulub.

Arabanın üstündə ayaq üstə dayanmış Ravi-aşıq üzünü Kosaya tutub deyir: – Kosa, Şura hökuməti sənə nə verdi?

Kosa: – Arvad.

Ravi-aşıq: – Arvadı neynədin?

Kosa: – Torpağa dəyişdim...

Ravi-aşıq: – Torpağı neynədin, Kosa?

Kosa: – Kartof əkdim.

Ravi-aşıq: – Kartofu neynədin, ay Kosa?

Kosa: – Satıb yenə arvad aldım.

Tamaşaya baxan bir arvad ucadan: – Arvadı niyə əvvəldən satmışdın onda, a külbaş? – qışqırır...

O biri kəndlilər arvadın sözlərinə gülüşürlər...

Tamaşanı izləyən zəhmli sovet komissarı gözünü Ravi-aşığa ağardır.

Komissar: – Təbliğat aparan teatrın işi gülüş doğur­maq deyil, yerlərdə izahat aparıb hökuməti kəndlilərə sevdirməkdir. Yoldaş aktyorlar, bunu unutmayın. Türk paşalarını ifşa edən tamaşanız hanı bəs? Mən sizə bu tamaşanı göstərməyə icazə vermişdim. Başlayın, görək nə oyun çıxaracaqsız.

Kosa: – Bu dəqiqə.

Komissar: – Başlayın görüm.

İki aktyor onbaşı İzzətin qoluna girib arabanın qaba­ğına dartır. Onbaşı İzzəti görən kimi kəndlilər yerlərindən: “Necə də oxşayır”, “Elə bil bu dəqiqə türk ordusundan qaçıb gəlib”, – deyə qışqırışırlar.

Aktyorlardan biri onbaşı İzzəti tamaşaçılara təqdim edir.

Aktyor: – Bu adam sonuncu türk paşasıdır. O, fəhlə və kəndliləri anlamır. Onun tanıdığı, bizim tanıma­dığımız Allah­dır. O sizə qan tökməyi öyrədir, biz toxum əkməyi. O, sizə vuruş­­mağı öyrədir, biz barışmağı. Bu gün sizə turpla türkün nağılını danışacağam. Qulaq asın...

Arabanın qarşısına qara çarşablı aktrisa qarı çıxır.

Qarı arabaya söykənib cibindən iki qırmızı turp çıxardır.

Onları ovcuna qoyub kəndlilərə göstərir...

Ravi-aşıq nağılın gerisini danışır.

Ravi-aşıq: – Bu qarının adı Nazlıdır. O, turp əkib.

Qadın pantomim hərəkətlərlə yerdə turp əkir.

Arabaya ikinci aktyor yaxınlaşır. O, qoca kişi qrimin­də­dır.

Ravi-aşıq: – Bu qocanın adı Mazandır. O isə bil­məyib, səhvən türk paşası əkib.

 Aktyor onbaşı İzzəti qucağına alıb pantomim jestlərlə guya yerə basdırır.

Ravi-aşıq: – İllər keçib... Turp bitib, türk bitməyib.

Qadın aktrisa bol məhsul yığmış kimi əllərini geniş açıb yanını basa-basa arabanın başına dolanır...

Mazan rolunu oynayan kişi aktyor pantomim jestlərlə ağlayır.

Ravi-aşıq: – Hə, necəsən, Qoca Mazan? Bundan sonra nə əkəcəksən?

Mazan: – Mənə dərs oldu. Bundan sonra mən də turp əkəcəm.

Ravi-aşıq: – Mazan kişinin əhvalatı örnəkdir. Gə­ləcək tür­kün deyil. Sosialist gerçəkliyi keçmişinizi sizə unutdurur. Siz daha türk deyilsiniz.

Qarayazı türkləri gah əlini qoburlarına doğru aparıb zəhmlə tamaşaya baxan komissarın üzünə baxırlar, gah da Ravi-aşığa.

Hiss olunur ki, türklərin təhqir olunması onlara xoş gəlmir...

İri planda onbaşı İzzətin gözləri dolub...

Ravi-aşıq aranın qarışacağından qorxub bərkdən əl çal­ma­­ğa başlayır...

O biri aktyorlar da ona qoşulub əl çalırlar...

Tamaşadan bir mətləb anlamayan qırmızı komissar da ayağa qalxıb əl çalır...

Tamaşa bitəndən sonra bir ağsaqqal kəndli Ravi-aşığa yaxınlaşıb üzünə tüpürür.

Qoca kəndli: – Yediyin çörəyə tüpürüm... Adam da millə­tini satar? – deyir.

Ravi-aşıq: – Çox sağ ol, dədə, – deyir.

Qoca kəndli: – Nəyə görə sağ ol, ay axmaq?

Ravi-aşıq: – Ona görə ki, düşünürsən.

Qoca kəndli: – Sən düşün, bala... Kişi kimi ölə də bilmir­sən? – deyib qocafəndi yerişlə Ravi-aşıqdan uzaq­laşır.

 Qoca kəndlinin arxasınca baxan Ravi-aşığa onbaşı İzzət yaxınlaşır:

– Sənin işin çətin imiş. Savaş bundan çox asandır, aşıq... – deyir.

Aktyorlarla bərabər onbaşı İzzətlə Ravi-aşıq da ara­balara oturub kənd yolu ilə yırğalana-yırğalana gedirlər...

İkisi də susub...

 

***

Titr yazı. 15 sentyabr. 1918-ci il. Bakının alın­ması.

Nuru paşa Hökməli dağları üzərində durub şəhərə baxır.

Səhər hələ tam açılmayıb. Alatoranlıqdır.

Nazim bəy Nuru paşaya məruzə edir: – Gecə Nargin adasıyla şəhər arasında bir hərəkət vardı. Kəşfiyyat onların qaçmaqda olan ingilis əsgər və zabitləri olduğunu təsdiqlədi. Saat on otuzda üstündə İran bayrağı ilə yanaşı böyük bəyaz bayraq taxılmış qapalı minik avtomobilinin şəhərdən çıxmaq istədiyini gördük. Gələn avtomobildən İran konsulu ilə Bakı qərb cəbhəsinin erməni komandanı çıxdı. İngilis generalı Dens­tervil deyir ki, Bakını türklərin əlindən ala biləcək qüvvə yer üzündə yoxdur. On dördü-on beşi gecəsi bütün cəbhə boyu makinalı tüfənglərdən düşmən mövqelərinə atəş açmışıq.

Nuru paşa: – Səhər açılan kimi topçular da möv­qeləri bombalasın.

Mürsəl paşa Nuru paşaya məruzə edir: – Cəbhədə min nəfərlik azərbaycanlı qüvvəsi var. 210 tüfəng, altı top və bir zirehli qatar əmrinizə tabedir. Qazax, Gəncə, Zaqatala, Nuxa, Cavanşir, Ağdam, Salyan, Quba və Bakıətrafı süvari polis təşkilatları, silahlı könüllülər də səfərbərdir. Şəhərə girmək əmrini gözləyirlər.

Nuru paşa: – Bir az susub içinizi dinləyin. Haqq uğrunda savaşırıq deyə, haqq bizimlədir.

Nuru paşa bir qədər susandan sonra onbaşı İzzətin ona sarı gətirdiyi atının belinə qalxır...

Nuru paşa qılıncını sıyırıb: “Haydı, igidlərim, irəli!” – qışqırır...

Bütün cəbhə boyu Qafqaz İslam Ordusu hücuma keçir...

Vertolyot çəkilişi...

Batal döyüş səhnələri...

Bakı günortaya yaxın Qafqaz İslam Ordusu tərəfin­dən tam azad edilir...

Azərbaycanın, Qafqaz İslam Ordusunun, Osmanlı dövlə­tinin bayraqları şəhər binalarının üstündə dalğa­lanır...

Şəhər əhalisi qələbəni bayram edir...

Döyüş meydanından şəhidləri yığan tibbi personal...

Axşama yaxın şəhəri tərk edən ingilis və bolşevik bir­ləşmələri...

Küçələrdə şadyanalıq...

Yanmış Həşimov mülkünün qabağı ilə at belində hərbi marşların müşayiəti ilə keçən Nuru paşa və Qafqaz İslam Ordusunun zabit heyəti...

Damlarda rəqs edən uşaqlar...

Neft buruqlarından asılan Osmanlı və Azərbaycan bayraqları...

 

 “Ədəbiyyat və incəsənət”

(30.04.2024)

 

 

 

 

“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzeti” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə Lənkəranda yaşayan şair Mübariz Süleymanlının şeirləri təqdim edilir. 

 

 

Əzizim

 

Ağrılarım ürəyimdə ağladı,

Baxışların gözlərimi dağladı.

Arzularım gecikəndə çağladı,

Küsəmmədim taleyimdən, əzizim.

 

Ümüdlərim ümüdümdən yanadı,

Bitişməyən yaralarım qanadı.

Tanıyanlar taleyimi qınadı,

Qarabaxtam bələyimdən, əzizim.

 

Gecələrim gündüzümlə tənimdi,

Sızıldayan dərdlərimə qənimdi...

Çəkdiklərim beşiyimdən mənimdi,

Yaralıyam ürəyimdən, əzizim.

 

Qıvrılmaqdan qırışıram neynəyim,

Ürəyimlə danışıram neynəyim.

Taleyimlə barışıram, neynəyim? -

İncimirəm mələyimdən, əzizim.

 

 

Eylər

 

Sevginin sönməyən isti nəfəsi,

Məhəbbət bağının sevgi nəğməsi...

Yaşamaq həvəsi, qurmaq həvəsi

Sevənin yolunu gülüstan eylər.

 

Aşiqin əzəldən könlü tox olar,

Canında, gözündə qorxu yox olar,

Yaşamaq həvəsi həddən çox olar,

Sevgisin ellərə bir dastan eylər.

 

İntizar çəkməkdən səbri daralar,

Yollara baxmaqdan gözü saralar,

Sığallı sözlər də qəlbi yaralar,

Getdiyi yerləri bir bustan eylər.

 

Səadət, sədaqət, təravət onda,

Cəsarət, mərhəmət, ibadət onda...

Arzuya, istəyə çatdığı anda

Aşiqin elini bir ostan eylər!..

 

 

Layla

 

Anaların nəfəsi

Tez isidər övladı...

Dünyanın şah nəğməsi

Ana səsi, layladı!

 

Layla dadına çatar,

Övladın hər çağında...

Bir məhəbbət boy atar

Ananın qucağında.

 

Möcüzəli, şəfalı,

Anaların əlidir!

Unudulmaz, vəfalı,

Baltək ana dilidir.

 

 

Mən səni sevmirəm ki

 

Mən səni sevmirəm ki,

Tellərini sevirəm!

Əllərimi isidən

Əllərini sevirəm.

 

Mən səni sevmirəm ki,

Məni dəli eyləyən...

Sözü şirin söyləyən

Dillərini sevirəm!

 

Mən səni sevmirəm ki,

Ömrə məna gətirən...

Səni mənə yetirən

Ellərini sevirəm!

 

Mən səni sevmirəm ki,

Məni divanə salan...

Eşqindən bihuş olan

Güllərini sevirəm!

 

Mən səni sevmirəm ki,

Bulaq kimi çağlayan...

Səni mənə bağlayan

İllərini sevirəm!

 

“Ədəbiyyat və incəsənət”

(30.04.2024)

Çərşənbə axşamı, 30 Aprel 2024 14:00

Koroğlu və Keçəl Həmzə

Sərtyel, “Ədəbiyyat və incəsənət”

 

1.

Sudan quru çıxmaq xüsusən yağışlar mövsümümdə çox çətindir.

 

2.

-Xahiş edirik xətdə qalın və operatorun sizi cavablandırmasını gözləyin. Sizin zənginiz bizim üçün çox vacibdir. 

Bunu deyib xanım qız çantasını yığıb, iş otağının qapısını bağlayıb evə yollandı.

Səhər o işə gələndə ilk işi xətdə gözləyən həmin şəxsə bu sözləri demək oldu:

-Xahiş edirik xətdə qalın və operatorun sizi cavablandırmasını gözləyin. Sizin zənginiz bizim üçün çox vacibdir. 

 

3.

Evdə hər şeyi mənim əvəzimə həyat yoldaşım, işdə müdirim, ölkədə prezidentim həll edir. Mənim özümün həll etdiyim yeganə şey isə krossvorddur. 

 

4.

Arxivlər açıldı. Sən demə, Koroğlu Qıratı geri qaytaracağı təqdirdə Keçəl Həmzəyə başında tük əkdirməyi boyun olubmuş. 

 

5.

Həqiqəti deyən ya həbsxanada, ya dəlixanada, ya da məzarda olar.

 

“Ədəbiyyat və incəsənət”

(30.04.2024)

Çərşənbə axşamı, 30 Aprel 2024 11:33

Mağazadan qovulan qadına rekviyem - AKTUAL

Kubra Quliyeva, “Ədəbiyyat və incəsənət”

 

Aktualda bu gün:

Sosial medianı son ərəfələrdə aktiv izləyə bilməsəm də, bir çox mövzuların dildən dilə dolaşması istəməsəm belə artıq mənj də narahat etməyə başlayır. Düşünürəm ki, bir çoxunuz bu yaxınlarda geyiminə görə marketdən qovulan qadının gündəmə gəlməsindən xəbərdarsınız. Məlumatsız olanlar üçün qısa bir məlumat özəti keçmək istəyərdim: hadisə Bakıda mağazalardan birində geyimi açıq olduğu üçün başqa müştəri tərəfindən qovulan xanımın gündəmdə müzakirə yaratmasından ibarətdir. 

Mən bu məsələyə öz növbəmdə iki aspektdən yanaşmaq istəyirəm və buna görə həm özümə həm də siz oxucularıma iki sual verəcəyəm. Öncəliklə sualım xanımın başqa bir həmcinsi və eyni səviyyədə olub sadəcə pulunu verib istədiyini olacaq qadın tərəfindən qovulmasını nə dərəcə düzgün hesab etmək olar? 

Bir digər sualım isə xanımın yarıçılpaq küçədə gəzməsi nə dərəcə doğrudur?

Mən ilk cavabımı ikinci suala vermək istəyirəm. Daha öncələrdə geyimin əxlaq ölçüsü olub olmaması barədə öz fikirlərimi yazdığım bir məqalədə vurğulamışdım ki, geyim əxlaq ölçüsü deyil, lakin əxlaq geyimin ölçüsünü tənzimləyə biləcək bir göstəricidir. 

Hər zaman vurğuladığım kimi yenə qeyd edirəm, mən feminist biri deyiləm, ancaq çox sevdiyim bir cümlədən yola çıxaraq demək istəyirəm ki, daşı ən günahsız olan atmalıdır. Bu gün geyiminə görə fahişə dediyimiz xanımı daş-qalaq edəcək qədər özündə haqq görən bir qism kütlə var ki, daim özlərini Avropa ilə müqaisə edir və ya Amerikanın hər hansısa ştatında yüksək səviyyədə yaşam standartı ilə Azərbaycanın ortastatistik həyat standartlarını eyni tərəziyə qoyub narazıçılıq edir. Və ilk sualıma cavab verərək sırf əqidə, din, dil, irq, cins, geyim üzərindən insanları alçalda biləcək haqqı özlərində görən insanların baxış bucağına da müəyyən dərəcə açıqlıq gətirəcəyəm. Bəli, düz deyirsiniz, mən də sizinlə razıyam, xanımın geyimi ictimai asayiş üçün xeyli vulqar görünsə belə, bizim bəh-bəhlə danışdığımız Avropada, xüsusilə, İngiltərə, Almaniya, İtalyada ictimai asayişə nəzarət edən polis sistemləri qanunvericiklə müəyyən olunmuş səviyyədə geyim forma və standartları tətbiq edir və bu standartlardan kənara çıxan şəxslər müəyyən məbləğlərdə cərimələndiyi üçün hər kəs sərbəst şəkildə müəyyən normalarda geyim standartlarını nəzərə alaraq heç kimin həyatına qarışmadan, öz hədəf və prinsipləri uğruna çalışaraq başqa millət və milliyyətlərlə yarış etmək əvəzinə xoşbəxt olmağı, kin güdməməyi, lazımsız məsələlər üzərindən diqqət çəkməməyi seçirlər.

Kiçik bir xatırlatma: burun nəfəs almağa, gözlər görməyə, beyin düşünməyə, dil danışmağa yarandığı halda çənə və dodaqlar gözlərin görüb burunumuzun işinin olmayacağı yerlərdə zatən biraz düşünən kimi formatlaşdırmasını unudan beyində yaranan düşüncələri dilimizdə dolaşdırıb ağızda bişirilməmiş halda çıxıb cəmiyyəti qınayıb aşağılamaqdan başqa bir işə yaramayan zaman susmaq və susa bilməyənləri susdura bilmək üçün insana lütf olunub. 

Həyat xoşbəxtliyi axtarmağı unudub yaşamaqdan xoşbəxt olmağa başladığımız zaman bizi xoşbəxt hiss etdirir. 

Və yarışmadan yaşamaq diləyi ilə!

 

“Ədəbiyyat və incəsənət”

(30.04.2024)

Təqdim edir: Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”

 

Mən hicranla dolu ömür sürmüşəm, 

Min əzab çəkmişəm, min qəm görmüşəm. 

Axıb neysan kimi gözümün yaşı, 

Nələr çəkdirməmiş mənə bu aləm. 

İnan ki, əyilər dağların başı 

Əgər dərdlərimi ona söyləsəm. 

Fəqət qurtarmışam dardan, çətindən 

Tək sənin eşqinlə, vətən, ey vətən. 

 

Ömrümün gəncliyi bir çiçək oldu, 

Vaxtsız tufanların əlində soldu. 

Qanunlar bağladı qoluma zəncir, 

Məni ayırdılar doğma elimdən. 

Özüm də bilmədim günahım nədir, 

Fəqət dedilər ki, müqəssirəm mən.

Daddım zəmanənin hər möhnətindən, 

Sənin xatirinçin, vətən, ey vətən. 

 

Keçdi aylar, illər, zaman da döndü, 

Yüzillik bir həyat bir anda döndü. 

Yenə də başlandı haqq savaşları, 

Xalqım at oynatdı, silah götürdü. 

Silib yanağına axan yaşları, 

İnsanlar yurduma pənah gətirdi. 

Ölkələr danışdı rəşadətindən, 

Düşdün dildən-dilə, vətən, ey vətən. 

 

Deməyin bunlar ki, bir xatiratdır, 

Yox, mənim ömrümdür, bu bir həyatdır. 

Onun hər sətrində ürək qanım var, 

Könlüm dincəlməyir onu anmasa. 

Bunu yaxşı demiş bizim babalar: 

"Gözdən yaş çıxmayır ürək yanmasa". 

Bir kədər duysan da hər söhbətimdən, 

Sənin həsrətindir, vətən, ey vətən. 

 

Qoy düşmən deməsin uzaqdayam mən, 

Yox, məni böyüdən torpaqdayam mən. 

Onun nəfəsilə qızınır sinəm, 

Sevib əzizləyir bu dağlar məni. 

Mən böyük Babəkin nişanəsiyəm, 

Əyməz bu yaralar, bu dağlar məni. 

Hər gün ilham alıb məhəbbətindən, 

Artır qüdrətimiz, vətən, ey vətən. 

 

Atamın səngəri məzarı oldu,

Üstünə bir qırıq kərpic qoyuldu. 

Dostları süngüylə qazdı: "Mücahid". 

Mənim də "Fədai" qalacaq adım. 

Sabahkı döyüşə olmasam şahid, 

Başqa bir ad ilə yenə övladım 

O gün vuruşacaq.... Bil, bu zülmətdən

Qurtaracaq səni, vətən, ey vətən.

 

“Ədəbiyyat və incəsənət”

(30.04.2024)

Ülviyyə, “Ədəbiyyat və incəsənət”

 

Poeziyamızda bir ad var. Bu ad bizə gözəl lirik şeirlər bəxş edir, eləcə də ədəbiyyatımızın təbliği yolunda təqdirəlayiq işlər görür. Onun 70 illik yibiley tədbiri keçirildi. 

 

Təfsilatı:

Laçın şəhərində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin və Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin təşkilatçılığı ilə Azərbaycan Yazıçılar Birliyinin Bədii Ədəbiyyatı Təbliğ Bürosunun direktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair, publisist Nazim Əhmədlinin 70 illik yubileyi keçirildi. 

Tədbir barədə Nazim Əhmədlidən bilgilər aldıq. 
İlk öncə tədbir iştirakçıları şəhidlərinin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Daha sonra qonaqlar şairin həyat və yaradıcılığını əks etdirən 20-dən çox kitabın yer aldığı sərgi ilə tanış olublar.

Nazim Əhmədli bir sıra beynəlxalq təşkilatların tədbirlərində ölkəmizi ləyaqətlə təmsil edib. Şeirləri, hekayələri respublika mətbuatında müntəzəm dərc olunub və rus, çeçen, alman, ingilis, yapon dillərinə tərcümə edilib, Türkiyə, özbək türkcələrində işıq üzü görüb. Nazim Əhməd yerli yazarların xaricdə də yayımlanmasına bacardıqa kömək edir. Məsələn, “Krımın səsi” dərgisində müntəzəm həmyerlilərimizin ədəbi nümunələrinə yer ayrılır. 
Elm, ədəbiyyat və incəsənət xadimlərinin iştirakı ilə keçirilən tədbirdə Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Rəhimoğlu, Azərbaycan Yazıçılar Birliyinin Moskva bölməsinin katibi, şair Nəsib Nəbioğlu, naşir Səbuhi Aslanov, AMEA-nın əməkdaşı, filologiya elmləri doktoru Esmira Fuad və başqaları Nazim Əhmədlinin yaradıcılığından söz açıblar, şairlə bağlı xatirələrini bölüşüb, onun şeirlərini oxuyublar.

Sonda şair həm müəllifi olduğu və həm də başqa yazarların kitablarını Laçında fəaliyyət göstərən "Simurq" kitabxanasına hədiyyə edib.


 

bir gün mən də bulud olum

 

bir gün mən də bulud olum,


göy üzündən baxım sənə;


sonra  qaralım, bozarım,


guruldayım yağım sənə;

 

əllərini uzat göyə,


yağma-yağma deyə-deyə;


mən də qoşulum küləyə


toxunsun ayağım sənə;

 

sonra dönüm işıq olum,


baxım sənə, aşiq olum;


yaşıl bir sarmaşıq olum,


dolansın budağım sənə;

 

bir az saral, bir az da sol,


bir az kövrəl, bir az da dol;


sonra bir şirin bulaq ol


qurusun dodağım sənə.

 

Düz tapdınız. Nazim Əhmədlinin şeiridir. Urvatlı şeir heç vaxt onu yazan şairi kölgədə saxlamaz.

Yubileyin mübarək, Nazim Əhmədli!

 

“Ədəbiyyat və incəsənət”

(30.04.2024)

Çərşənbə axşamı, 30 Aprel 2024 12:00

“Dörd tabut” – Əli Bağışın hekayəsi

“Ədəbiyyat və incəsənət” portalı Əli Bağışın “Dörd tabut” hekayəsini təqdim edir.

 

 

 

“Qızıl saraylarda fərman verildi,

Tarix gəldi keçdi ac komalardan”

B. Vahabzadə.

 

Əri onu - Sonanı atıb Rusiyaya qazanc dalınca gedəndə Nihadının 2 yaşı vardı.

And-aman etmişdi ki, gedib özünə yer eləsin, qayıdıb gələcək, öz əzizlərini aparacaqdı ora.

Sonanın içində bir hiss yaranmışdı ki, o - Səttar bir daha qayıtmayacaq və onu bir daha görməyəcək.

Vaxt vardı, kənd cavanlarının çoxunun vurulduğu, dəli-divanəsi olduğu Sona üçün maqnitafonlarda Qədirin “Sona bülbüllər”i yorulub-yorulub heydən düşənəcən oxunardı.

Sona isə nə yanıqlı səsə fikir verərdi, nə də ona yanıqlı-yanıqlı baxan kənd oğlanlarına.

Və bir gün Sonanı sevənlərdən Səttarın (Səttar da boylu-buxunlu, atıb-tutan, vurub-yıxan bir oğul idi ha…) anası uzun tumanının ətəyindən tutub, onların taxta qapısından içəri girib Səttarın tərifini toz basmış küçələrdən göyün yeddinci qatına qaldırmış, Sonanın anasının qızından “hə”cavabı yerinə aldığı “özünüz bilərsiniz”indən sonra da elə göyün yeddinci qatına qaldırdığı oğluna  şad xəbəri çatdırmaq üçün göyün yeddinci qatına qanadlanmışdı.

Elə o gündən Qədirin “Sona bülbüllər”i o kəndin tozlu-torpaqlı küçələrindən birdəfəlik uçub getmişdilər - Sonanın dərdindən dəli-divanə olan cavanlar kimi.

Sonanın dərdindən dəli-divanə olanlardan biri Yanıq Kərəm kimi yanan Kərəm də bir bənd şeir yazıb bacısına - Gülgəzə vermişdi ki, mütləq Sonaya çatdırsın.

Bacısı da o dörd misranı oxumuşdu və heç nə başa düşməmişdi. Nə səkkizillik ortabab təhsili, nə baxdığı hind filmləri, nə də ki Meksika serialları köməyinə gəlmişdi:

 

Səni dəs gora verdilər,

Gəlin getdin, qız gəldin.

Elə bir ilə verdilər,

Yaz getdin, payız gəldin.

 

Vəssalam.

Sona da Gülgəz kimi heç nə başa düşməmişdi və eləcə kağızı parça-parça edib vermişdi yellərin ağzına…

O gün, bu gün Kərəmi görən olmamışdı…

 

“Ədəbiyyat və incəsənət”

(30.04.2024)

 

Rubrikanı Könül aparır. 

 

“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır. 

 

Bu gün sizlərə Hindtoyuğu ətindən küftənin  hazırlanma qaydasını təqdim edəcəyik.

 

 DÜSTUR:

§ Hindtoyuğu filesi – 130 qr

§ Kartof – 125 qr

§ Düyü – 22 qr

§ Yumurta – 40 qr

§ Soğan – 17 qr

§ Un – 22 qr

§ Albuxara – 11 qr

§ Alça qurusu – 11 qr

§ Duz – 4 qr

§ İstiot – 0,05 qr

Xörək əlavəsi:

§ keşniş – 10 qr

 

HAZIRLANMASI:

Hindtoyuğunun döş əti yuyulur, doğranır. Xırda doğranılmış soğan, bişirilmiş kartof, düyü, yumurta, un ətlə qarışdırılır. Hazırlanmış ət kütləsindən küftələr düzəldilir, içərisinə albuxara və ya alça qurusu qoyulur, hindtoyuğunun işgənəsində bişirilir. Süfrəyə veriləndə üzərinə keşniş səpilir.

 

“Ədəbiyyat və incəsənət”

(30.04.2024)

Habil Yaşar, “Ədəbiyyat və incəsənət”

 

Qardaş Türkiyənin dəyərli yazarları ilə müsahibələrim davam etməkdədir. Bu dəfəki müsahibim yazıçı Seher Yılmaz Çerçi

xanımdır.

 

-Xoş gördük, Seher Yılmaz Çerçi xanım, necəsiniz? Zəhmət olmasa öncə özünüz haqqında məlumat verərdiniz.

 

-Salam. İlk öncə bu gözəl fürsətə görə sizə təşəkkür etmək istəyirəm. Günlər məktəb, tələbələr və yeni kitab həyəcanı ilə keçməkdədir. İlk öncə özümü sizə bir az təqdim edim. Mən Seher YILMAZ ÇERÇİ. 1978-ci ildə Alanyada anadan olmuşam. Universitetə qədər məktəb həyatımı orada keçirdim. Çanaqqalada məktəbəqədər müəllimlik təhsili almışam. 24 ildir dərs deyirəm. Müxtəlif şəhərlərdə işləmişəm. Son 17 ildir ki, Ankarada yaşayıram. Bir oğlum, iki pişiyim və bir itim var. Uşaqları, kitabları və heyvanları sevirəm.

 

-Ədəbiyyata gəlişiniz haqqında məlumat verə bilərsinizmi?

 

-Düzünü desəm, ədəbiyyata gəlişim bir az qəfil və sürətli oldu. Uşaqlıqdan həmişə yaxşı oxumuşam. Həmişə oxumağı çox sevmişəm. Kaş dünyada yazılan hər kitabı oxuya bilmək istədiyim zamanlar oldu. Oxumağa belə güclü həvəs. Çünki hər kitab başqa dünyalara açılan bir qapı idi. Amma uşaq vaxtı bir gün kitab çıxarım deyə xəyalım yox idi. Ya da cəsarətim. Kitab yazmaq həvəsim karyerama başlayanda və uşaq kitabları ilə çox vaxt keçirəndə formalaşdı.

 

-Uşaq kitablarınızln adlarını çəkə bilərsinizmi?

 

-Dediyim kimi, peşə həyatım boyu həmişə uşaq kitablarını izləmişəm. Tələbələrimin də kitabsevər olmasına çox önəm verirəm. Onların müxtəlif, əyləncəli və yüksək keyfiyyətli uşaq kitablarına çıxışının olmasını təmin edirəm. İllər keçdikcə beynimdə bəzi fikirlər yarandı və yazmaq qərarına gəldim. Xüsusilə mühit və təbiət məsələlərində. Bunlar önəm verdiyim və uşaqlarla tez-tez işlədiyimiz mövzulardır. Beləliklə, ilk kitabım “Bu Kapak Konuşuyor” və bir ay əvvəl işıq üzü görən ikinci kitabım “Pelerinsiz Kahraman” canlandı. Hər ikisi də ətraf mühitin çirklənməsi, tullantılar və təkrar emalı problemlərindən bəhs edən və uşaqları darıxdırmadan bu problemlərə diqqəti cəlb etməyə çalışan illüstrasiyalı uşaq kitablarıdır.

 

-Zaman sizin üçün nə ifadə edir?

 

-Zaman. Əlimizlə tuta bilmirik, gözümüzlə görə bilmirik, amma onun bizim üçün çox dəyərli olduğunu deyirik. Bəzən onun çox sürətli getdiyini düşündüyümüz üçün kədərlənirik, bəzən isə çox yavaş keçdiyini düşünürük. Nə qədər sürətlə keçdiyindən çox necə keçdiyi önəmlidir deyə düşünürəm. Doğulduğumuz zaman hamımız üçün müəyyən bir müddət müəyyən edilir, lakin onu doldurmaq bizim əlimizdədir.

 

-Türkiyədə oxuma səviyyəsi sizi qane edirmi? 

 

-Türkiyədə oxuma nisbəti və insanların oxumağa marağı ilə bağlı təəssüf ki, bu vəziyyət məni qane etmir. Çünki oxuma faizi çox aşağıdır. İnsanlar kitaba, mütaliəyə lazımi dəyəri vermirlər. Təbii ki, bunların hamısı təhsil səviyyəsi və maliyyə imkanları ilə düz mütənasibdir. Uşaqlara kitabları sevdirməkdə də güclü rəqibimiz var: Rəqəmsal dünya.

Təəssüf ki, texnologiya asılılığı çox vaxt kitablara olan sevginin önünə keçir.

 

-Azərbaycan ədəbiyyatını izləyirsinizmi? 

 

-Təəssüf ki, mən hələ Azərbaycan ədəbiyyatı ilə o qədər də tanış deyiləm. Sosial şəbəkələrdə eşitdiyim adlar var, amma yeni nəsil gənc yazarları deyim…

 

-Bir dahi yazıçıyla görüşmək imkanınız olsaydı kiminlə görüşmək istərdiniz?

 

-Bir ad düşünmədim, amma etiraf etməliyəm ki, bu, əslində mənim çox köhnə arzumdur. Xüsusilə dünya klassikası sayılan kitabların müəllifləri ilə tanış olmaq istərdim. Həqiqətən ustadım, bu kitabları necə yazmısınız, bu necə istedad, bu necə xəyaldır deyə soruşmaq istərdim. 

Hətta yazıçının təxəyyülünün ardınca gedə bilmək kimi fantastik arzularım da var idi. Yazarkən nə düşündüyünü, nə hiss etdiyini, hansı əhval-ruhiyyədə yazdığını bilmək istərdim.

 

-Bir yazar olaraq digər yazarlara məsləhətləriniz nədir?

 

-Əslində hələ özümü tam olaraq yazıçı kimi adlandıra bilmirəm. Sadəcə yazıram deyim. Bu çox uzun bir yoldur. Bu, səbr tələb edən, həyəcanlı və eyni zamanda yorucu bir yoldur. Bəzən tədbirlərdə məndən “kitab yazmaq üçün nə etməliyəm” deyə soruşurlar.

Hər şeydən əvvəl çox yaxşı oxucu olmaq lazımdır. Klassiklərdən tutmuş yeni nəşrlərə, uşaq kitablarına, hekayələrə... Nə qədər çox oxusaq, ruhumuz bir o qədər qidalanır. Klişe səslənə bilər, amma həyatı izləmək və yaxşı müşahidəçi olmaq da vacibdir. Bəlkə də axtardığımız mövzu tam yanımızdadır və biz bundan xəbərsizik. Məncə, detallara baxmaq və görmək çox vacibdir.

 

“Ədəbiyyat və incəsənət”

(30.04.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.