Super User

Super User

Təqdim edir: Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”

 

 

 

Başı Səhənd çalmalı, 

Ətəyi Acıçaylı, 

Quzeyi qar ətirli, 

Güneyi çoban haraylı, 

Yayı firuzə köynəkli, 

Qışı bulud örpəkli, 

Yazı neysan yağışlı, 

Payızı ay yanaqlı, 

Ulduz baxışlı, 

Sinəsi ayna göllü, 

Bulaq zümzüməli, 

Dupduru kəhrizim mənim, 

Təbrizim mənim. 

 

II 

 

Bir zaman qala divarı tək 

kərpic-kərpic hörülən, 

Sonra küçə küçə, 

Məhəllə-məhəllə bölünən, 

Bağmeşə hüsnlü, 

Qarağac təravətli, 

Əmrəxiz vüqarlı, 

Sirxab sənətli, 

Ərk əzəmətli, 

Şəmsülimarə saraylı, 

Gecələri sakit, 

Gündüzləri harayı, 

Ay selim, ümmanım, 

Dənizim mənim, 

Təbrizim mənim. 

 

III 

 

Neçə ölkə, neçə şəhər dolaşan, 

Bir ucu hicrətdən o taya aşan, 

Tarixə qovuşan, 

tozlu, daşlı yolların 

görüşdüyü şəhər. 

Karvan-karvan qumrov səsilə oyamb hər səhər, 

Axşamlar aypara işığında yatan. 

Sinəsini güllə qabağına verib tarix yaradan. 

Məşrutə niyyətli, 

Azadlıq soraqlım, 

günəşim, gündüzüm mənim, 

Təbrizim mənim, 

 

IV 

 

Babamın babasının yadigarı, 

Qara gözlü, 

şirin sözlü 

gözəllərin, 

Qəhrəman oğulların diyarı. 

Keçmişi əzəmətli, 

bu günü həsrətli, 

gələcəyi ümid dolu, 

Bir əli yaraqda, 

Bir əli torpaqda, 

döyüşə-döyüşə yaşayan, 

həyatını, nemətini qoruyan, 

Şərəfini, şöhrətini qoruyan, 

iki gözüm mənim, 

Təbrizim mənim.. 

 

 

Nə vaxtdır, 

Gülüstan bağında olmamışam,. 

Ərkin tamaşasına dalmamışam, 

Gözlərimin önündədir 

Əmirbazarı, 

Şişəgər meydanı, 

Kəcil qapısı. 

Yadımdadır gördüklərimin hamısı. 

Gecələr xəyalımda, 

gündüzlər fikrimdəsən, 

hər dəqiqə, hər an. 

Yəqin sən də məni unutmamısan. 

Neçə xiyabanında, 

neçə meydanında 

Hələ də qalır izim mənim, 

Təbrizim mənim. 

 

VI 

 

Nağıllar nağılı, 

Həqiqətlər həqiqəti, 

Ömrümün acısı, şirini, 

kədəri, sevinci, 

şadlığı, möhnəti. 

Göz yaşıma şərik. 

gülüşümə ortaq, 

Gəncliyimi. 

dincliyimi 

əmanət qoyduğum, 

Hər zaman nəfəsini duyduğum, 

arxam, köməyim, dayağım, 

dünənim, bu günüm, sabahım, 

hamıdan doğmam,

Hamıdan yaxınım, 

əzizim mənim, 

Təbrizim mənim. 

 

VII 

 

Dünən döyüşdüm səninçin, 

cəbhə cəbhə, səngər-səngər. 

Sabah da döyüşərəm, 

əmr etsən əgər. 

Dözmərəm ürəyi nisgilli, 

alnıkölgəli olasan. 

Axı sən arxamda bir qalasan. 

Sənsiz mən kiməm? 

Mən nəyəm? 

Nə adım var, nə sanım var. 

"Üzüyü qaşıyla tanıyırlar",

Sənsən dünyaya tanıdan məni. 

Elimin, dilimin vətəni.

Harayım, səsim, sözüm mənim, 

Təbrizim mənim,

Təbrizim mənim.

 

“Ədəbiyyat və incəsənət”

(01.05.2024)

Çərşənbə, 01 May 2024 09:32

Komitə sədri şairi təbrik edib

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Fazil Mustafa tanınmış şair-publisist Ağacəfər Həsənlini 70 illik yubileyi ilə bağlı təbrik edib. “Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, komitə sədrinin yubilyara ünvanladığı məktubda deyilir:

 

“Hörmətli Ağacəfər müəllim!

Sizi 70 illik yubileyinizlə bağlı təbrik edir, möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları diləyirəm!

Siz uzun müddətli, səmərəli ədəbi-ictimai fəaliyyət göstərmiş, onlarla gənc yazara mənəvi dəstək göstərmiş aydınlarımızdansınız.

Yaradıcılığınız, müraciət etdiyiniz mövzular poeziyanın, ədəbiyyatın əzəli-əbədi mövzularını əhatə etməklə yanaşı, ən müxtəlif əməli fəaliyyət sahələrini, habelə örnək ömürləri, unudulmaz ünvanları ehtiva etməkdədir.

Siz uzun illər populyar KİV-lərdə məsul vəzifələrdə çalışmış, poeziyada olduğu kimi, publisistikada da öz yaradıcılıq kredonuza sadiq qalmısınız.

Sizin yaradıcılığınız haqqında çoxsaylı məqalələr yazılıb. Azərbaycan Dövlət Dillər Universitetinin dosenti Oqtay Abbasın bu günlərdə işıq üzü görmüş “Sözün sirdaşı” adlı kitabı da sizin yaradıcılığınıza ayna tutur. “Sözün sirdaşı”ında həyat yolunuzdan yaddaqalan məqamlara işıq salınır, şeirlərinizin, poemalarınızın, çoxsaylı publisistik yazılarınızın özünəxas  səciyyəsi ustalıqla yorumlanır. Siz özünüz də ədəbi nəsildaşlarınız öndə olmaqla onlarla yazarın ömrünə, yaradıcılığına dair maraqlı portret oçerklərlə çıxış etmisiniz.

Haqqınızda deyilən “Adı kimi...” yaraşdırması, sizi yaxından tanımayan amma yaradıcılığınıza bələd olan oxucularınızın da yəqinliyi kimi qəbul edilə bilər. Haqqınızda yazanlar doğma Lerikin təbiət gözəlliklərini – dağların qarını, ətəklərin barını öz qələminizlə kağıza köçürdüyünüzü məhəbbətlə vurğulayır. Haqlı olaraq, onu da vurğulayırlar ki, siz o gözəllikləri sadəcə təsvir və tərənnüm etmirsiniz, onlardan aldığınız zövqə məna qatırsınız. Lerikin uca dağlarının təmiz havası, suların səsi, dar dərələrin, yaşıl ormanların sirli nəfəsi sizin poeziyanızda, yazılarınızda, söhbətlərinizdə bütöv Azərbaycana məhəbbət, insanlığa sevgi, yaradılışın mahiyyətinin idrakı şəklində təzahür və təcalla edir.

Nə xoş təvafüqlükdür ki, 70 illik yubileyiniz “Yaşıl dünya naminə Həmrəylik ili”nə düşüb. – Siz KİV-lərdə bizi əhatə edən ətraf mühitin qayğısına qalınması, təbiətin qorunması və s. haqqında çıxışlar etmiş, yeri gəlincə “həyəcan təbili” çalmısınız. Belə qayğılanmalar sizi mənəvi ekologiya məsələlərinə gətirib çıxarmışdır.

İndiyədək 50-dən çox kitabınız gün üzü görüb, eləcə də, yüzlərlə kitabın redaktoru olmusunuz. Əsərləriniz müxtəlif xarici dillərə çevrilib.

Siz bir sıra beynəlxalq tədbirdə uğurla iştirak etmiş, o cümlədən Qaracaoğlan Poeziya Şöləninin baş ödülünə, TÜRKSOY-un və b. qurumların təltifinə layiq görülümüsünüz.

Sizi 70 illik yubileyiniz, ictimai və yaradıcılıq uğurlarınızla bağlı bir daha təbrik edir, Mədəniyyət Komitəsi adından ən xoş diləklərimi yetirirəm”! 

 

“Ədəbiyyat və incəsənət”

(01.05.2024)

Bu gün Bakıda “Sülh və qlobal təhlükəsizlik naminə dialoq: əməkdaşlıq və qarşılıqlı əlaqə” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu təşkil açılacaq. 

 

Qeyd edək ki, Prezident İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülmüş mədəniyyətlərarası dialoqa dair “Bakı Prosesi”nin tərkib hissəsi olan Forumun əsası 2011-ci ildə qoyulub.

Forumun əsas məqsədi mədəniyyətlərarası əməkdaşlıq və dialoqun təşviqi üçün mühüm beynəlxalq platforma kimi “Bakı Prosesi”nin rolunu möhkəmləndirməkdir.

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, forum Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, BMT-nin Sivilizasiyalar Alyansı (UNAOC), Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO), İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) və BMT-nin Ümumdünya Turizm Təşkilatının birgə tərəfdaşlığı ilə keçiriləcək.

 

Üç gün davam edəcək Forum çərçivəsində 12 panel müzakirə və 4 plenar sessiyanın keçirilməsi nəzərdə tutulur. Müzakirə olunacaq mövzular təhsil, gənclər, iqlim dəyişikliyi, süni intellekt, mədəni irsin mühafizəsi, qanunsuz miqrasiya və digər sahələri əhatə edir. 

Dünyanın 100-dən çox ölkəsinin aparıcı beynəlxalq təşkilatları, hökumət üzvləri, parlament sədrləri, müavinləri, beynəlxalq media nümayəndələri, beyin mərkəzləri, qeyri-hökumət təşkilatlarının qatıldığı forum iştirakçıları dünya üçün aktual olan çağırışlar və məsələləri müzakirə edəcəklər.

Forum çərçivəsində həmçinin bir sıra ölkələrdən 100-dən artıq dini liderin iştirakı ilə “Dinlərarası dialoq vasitəsilə etimadın möhkəmləndirilməsi” adlı plenar iclasın keçirilməsi də planlaşdırılır.

Forum iştirakçılarının işğaldan azad edilmiş ərazilərə səfəri, Ağdam və Şuşada iki xüsusi panel sessiyanın keçirilməsi də nəzərdə tutulur.

Qeyd edək ki, Bakıda ilk dəfə 2011-ci ildə keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu daha sonra 2013, 2015, 2017 və 2019-cu illərdə təşkil olunub. Ötən müddət ərzində Forumun coğrafiyası çox genişlənib, tədbirə qoşulan ölkə və qurumların sayı xeyli artıb. Forumlara ümumilikdə 10 mindən çox iştirakçı – hökumət rəsmiləri, beynəlxalq təşkilat və institutlardan rəhbər və nümayəndələr qatılıb. Eyni zamanda forumlar çərçivəsində 200-dən artıq müxtəlif formatlı və miqyaslı tədbirlər, plenar və panel müzakirələr, təqdimatlar təşkil olunub.

Bəşəriyyəti narahat edən çağırışların diqqət mərkəzinə çəkildiyi ötən beş Forum çərçivəsində aparılan müzakirələr, tərtib edilən sənədlər beynəlxalq təşkilatlar üçün əsas istinad rolunu oynayıb. 

Onu da əlavə edək ki, ötən dövr ərzində “Bakı Prosesi” mədəniyyətlərarası dialoqa dair vacib qlobal platforma kimi qəbul olunub.

 

“Ədəbiyyat və incəsənət”

(01.05.2024)

Aprelin 25-dən 30-dək Özbəkistanın Xivə şəhərində II “Lazgi” Beynəlxalq Festivalı keçirilib. Builki festivalda Azərbaycan, Fransa, Tacikistan, Türkmənistan, Qazaxıstan, Belarus, Rusiya, Türkiyə, Qırğızıstan, Serbiya, Braziliya, Pakistan, Cənubi Koreya, İndoneziya, Misir və İrandan kollektivlər iştirak edirlər.

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, beynəlxalq festivalda ölkəmizi təmsil edən Azərbaycan Dövlət Rəqs Ansamblı yüksək səhnə performansı ilə birinci yerə layiq görülüb.

 

Azərbaycan kollektivinə festivalın xatirə hədiyyəsi və 2500 dollar pul mükafatı verilib.

 

Qeyd edək ki, "Lazgi” rəqs festivalı ilk dəfə 2022-ci ildə 10 ölkədən rəqs sənəti ustalarının iştirakı ilə təşkil edilib. UNESCO-nun himayəsi altında keçirilən festival “Lazgi” rəqsinin qorunması və tanıdılması, ölkəyə turist axınının artırılması, Xarəzmin turizm potensialının nümayişi məqsədilə keçirilir. Festivalın qaydalarına görə, iştirakçılar öz xalq rəqslərini, həmçinin “Lazgi”nin bir nümunəsini ifa etməlidirlər.

 

Onu da əlavə edək ki, bu qədim rəqs UNESCO tərəfindən Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına salınıb.

 

“Ədəbiyyat və incəsənət”

(01.05.2024)

 

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Xəbər verdiyimiz kimi, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar  Türkiyədə işgüzar səfərdədir. 

Yazıçımız Türk Ədəbiyyatı Vaqfında keçirilən görüşdən sonra növbəti görüşünü İstanbul Kültür Universitetində  keçirib. 

Görüş barədə məlumatlanmaq üçün Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rzaya üz tutduq. Xəyal Rza bildirdi ki, “İki çağın yazarı: Anar” adlı görüşdə universitetin alim və müəllim heyəti və tələbələr iştirak ediblər.

Tədbirdə universitetin Filologiya fakültəsinin dekanı, professor Fatih Göksal Türk dünyasının böyük yazarı Anarın türkiyəli gənclərlə görüşünün əhəmiyyətindən söz açıb. Anara dəvəti qəbul etdiyi üçün təşəkkür edib və görüşdə iştirak edən gənclərin necə böyük və önəmli bir gün yaşadıqlarını bildirib.

Universitetin əməkdaşları Vahit Türk, İsa Kocakaplan çıxış edərək Anarın Türk dünyası ədəbiyyatlarının zənginləşməsi üçün gördüyü böyük işlərdən danışıblar.

Tədbirdə yazıçı-tərcüməçi İmdat Avşarın Xalq yazıçısının yaradıcılığı ilə bağlı geniş məruzəsi dinlənilib. O, gənclərə Türkiyənin və özəlliklə türk ədəbiyyatının Azərbaycandan necə göründüyünü anlamaq üçün mütləq Anarın əsərlərini oxumağı tövsiyə edib.

Mətbuat Şurasının sədri, AYB-nin sədr müavini Rəşad Məcid tələbələrə Anarın Türkiyə sevgisindən və əsərlərində bu böyük sevginin necə əks olunmasından bəhs edib.

“Qobustan” dərgisinin baş redaktoru Pərvin Nurəliyeva gənclərə Anar yaradıcılığında əks etdirilmiş xoşbəxtlik reseptlərindən danışıb.

Xalq yazıçısı Anar tədbirin təşkilatçılarına təşəkkürünü bildirib və türk gənclərlə görüşün ondan ötrü xüsusi əhəmiyyət daşıdığını dilə gətirib. O, iki qardaş xalqın ədəbiyyatının daha da yaxınlaşması üçün belə görüşlərin əhəmiyyətli olduğunu vurğulayıb.

Sonda yazıçıya xatirə hədiyyəsi təqdim edilib, gənclər yazıçıya kitab imzaladıb, yaradıcılığı ətrafında müzakirələr aparıblar.

Türkiyəyə yaradıcılıq səfəri çərçivəsində Türk Ədəbiyyatı Vəqfi Xalq yazıçısı Anarı “Türk dünyasının ağsaqqalı” mükafatına layiq görüb.

Səfəri çərçivəsində Xalq yazıçısı Türkiyənin “Yeni şəfəq” qəzetinə, TRT telekanalına müsahibələr verib, həmçinin TVNET kanalının canlı efirində sualları cavablandırıb.

 

“Ədəbiyyat və incəsənət”

(30.04.2024)

Çərşənbə axşamı, 30 Aprel 2024 16:32

Heç unutmadıq! - Əkbər Qoşalı yazır

Bu gün aprelin 30-u. 

12 nəfərin - o cümlədən alimlərin, tələbələrin həlak olduğu, 13 nəfərin yaralandığı qanlı ADNA (ADNSU) terrorundan 15 il keçir. (30.04.2009, Bakı)... 

 

Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının, Cümhuriyyət Parlamentinin, keçmiş Zaqafqaziya Seyminin üzvü, Bakı şəhərinin qubernatoru Müseyib bəy Axıcanlının işğalçı bolşeviklər tərəfindən Nargin adasında güllələnməsindən 104 il keçir (Müseyib bəy Qəhrəman bəy oğlu Əxicanov; 12.10.1892, Tomarxanlı, Cəlilabad – 30.04.1920, Nargin, Bakı; 28 yaş)... 

 

Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri, Sarbon Universitetinin məzunu, Azərbaycanın ilk hüquq professoru Mustafa ağa Vəkilovun sürgündə haqqa qovuşmasından 81 il keçir (Mustafa ağa Məmməd ağa oğlu Vəkilov; 25.01.1899, Tiflis - 30.04.1943, Vojayol, Ust-Vım, Komi; 44 yaş)...

 

Azərbaycanın Milli Qəhrəmanı, Şuşa özünümüdafiə batalyonunun komandiri Ramiz Bulud oğlu Qəmbərovun şəhid olmasından 32 il keçir (02.07.1962, Şuşa - 30.04.1992, Şuşa; 30 yaş)...

 

Azərbaycan Ordusunun zabiti, "Azərbaycan Bayrağı" ordenli leytenant İntiqam Həsən oğlu Camaləddinovun şəhid olmasından 30 il keçir (05.09.1971, Muxas, Oğuz – 30.04.1994, Qapanlı, Tərtər; 23 yaş)... 

Ruhlarına dərin sayğılar!

 

Il Qarabağ müharibəsindəki tarixi Zəfərimiz, öz ərazi bütövlüyünü, suverenliyini bərpa etmiş güclü və müstəqil dövlətimizin varlığı bütün dönəmlərdəki şəhidlərimizin ruhuna bəngü şadlıq bəxş edir. Dövlətimizin bayrağı uca olsun!

 

“Ədəbiyyat və incəsənət”

(30.04.2024)

 

Mayın 4-də Heydər Əliyev Mərkəzində “20 ilin sədası” konsert proqramı təqdim olunacaq.

 

AzərTAC xəbər verir ki, konsert həm iştirakçıları, həm də repertuarı ilə rəmzi məna daşıyır. Belə ki, bu il yaranmasının 20 ili tamam olan Heydər Əliyev Fondu fəaliyyəti dövründə hər zaman gənc istedadlara, mədəniyyət və incəsənət sahəsinin inkişafına dəstək göstərib, mədəniyyətimizin geniş təbliğinə yönələn layihələr həyata keçirib.

 

Heydər Əliyev Fondu istər gənclərimizin təhsil almasına, istərsə də beynəlxalq müsabiqə və festivallarda iştirakına dəstək olub. Fondun ayrı-ayrı sahələrdəki layihələri, o cümlədən muğam müsabiqələri, milli, klassik və caz musiqisi ilə bağlı layihələri, müxtəlif musiqi festivalları yeni istedadların üzə çıxarılmasına, onların inkişafına təkan verib.

 

Mayın 4-dəki konsert proqramında da məhz bu incəsənət xadimləri - Heydər Əliyev Fondunun yaradıcılıqlarında iz qoyduğu, dönüş və sıçrayış yaratdığı, dəstək göstərdiyi mədəniyyət və incəsənət xadimləri - Azər Zadə (tenor), Azər Zeynalov (tenor), Ceyla Seyidova (violin), Elçin Əzizov (bariton), Emil Əfrasiyab (piano), Elvin Hoca Qəniyev (violin), Fərhad Bədəlbəyli (piano), İsfar Sarabski (piano), Mirələm Mirələmov (xanəndə), Murad Adıgözəlzadə (piano), Samir Cəfərov (tenor), Təyyar Bayramov (xanəndə) və digərləri çıxış edəcəklər.

 

Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə 20 illik fəaliyyətində Ulu Öndər Heydər Əliyevin ideyalarına əsaslanan, elm və təhsil, səhiyyə, sosial və digər sahələrdəki önəmli layihələri ilə mühüm nailiyyətlərə imza atan, ən əsası isə insanların sevgi və inamını qazanan Heydər Əliyev Fondunun gördüyü işlərdə milli-mədəni, mənəvi dəyərlərimizin qorunub saxlanılması, onların təbliği xüsusi önəm kəsb edir. Heydər Əliyev Fondu ötən illərdə mədəniyyət sahəsinin inkişafına öz töhfələrini verib və Fondun 20 illiyi ərəfəsində keçirilən konsert də həmin uğurların kiçik bir hissəsinin nümayişi sayıla bilər.

 

“Ədəbiyyat və incəsənət”

(30.04.2024)

Çərşənbə axşamı, 30 Aprel 2024 12:09

30 Aprel Beynəlxalq Caz Günüdür

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Vaqif Mustafazadə, Əzizə Mustafazadə, Şahin Novrəsli… Əlbəttə ki, bu ad sadalanmasından yanılmadınız, söhbət cazdan gedir. 

 

Hər il aprelin 30-u dünyada Beynəlxalq Caz Günü kimi qeyd edilir. Bu günün tarixçəsi isə 

2012-ci ildən başlayır. Həmin vaxt UNESCO tərəfindən elan edilən bu gün dünyanın cazsevər ölkələrində keçirilən konsert proqramları ilə yadda qalır. Əlamətdar gün hər il dünyanın 190 ölkəsində qeyd olunur.

 

Bildiyiniz kimi, mədəniyyətdə caz əsri deyilən bir termin də var. Amerika yazıçısı Frensis Skott Fitsjerald ABŞ tarixində ən əhəmiyyətli dövre - 1-ci dünya müharibəsinin sonundan (1918) və Böyük Depressiyanın başlanğıcına (1929) qədərki illəri belə adlandırır, çünki o dpvrdə caz musiqisi o qədər populyar imiş ki, bütün evlərə daxil olurmuş. 

Beynəlxalq Caz Günü münasibətilə dəyirmi masalar, caz improvizələrinə dair ustad dərsləri, habelə caz mövzusu ilə bağlı müxtəlif tədbirlər təşkil olunur. Bu tədbirlər cazın vətəni hesab edilən Yeni Orleanın Konqo meydanında xüsusi konsert proqramı ilə davam etdirilir.

Dünyada Azərbaycan cazının özünəməxsus yeri var. Bunu ölkəmizdə keçirilən beynəlxalq caz festivallarına olan maraq bir daha sübut edir. Amerika cazı və muğam musiqisi üzərində qurulan Azərbaycan cazının bünövrəsi 30-cu illərin sonunda Niyazi və Tofiq Quliyevin yaratdığı “Dövlət Cazı” adı ilə tanınan Dövlət Estrada Orkestri tərəfindən qoyulub. Azərbaycanda estrada və caz musiqisinin ikinci həyatı Rafiq Babayevin yaratdığı “Qaya” ansamblı ilə başlayıb. Bu ansambl keçmiş SSRİ-də böyük şöhrət qazanmışdı. Vaqif Mustafazadə dövrü isə Azərbaycanda cazın intibah dövrü hesab edilə bilər. Virtuoz musiqiçi muğamla cazın sintezini yaradıb. Özündən sonra onun yolunu qızı Əzizə Mustafazadə davam etdirir və yeni nailiyyətlərə imza atır.

Böyük təməllər üzərində qurulmuş Azərbaycan cazı indi gənc ifaçıların timsalında daha da inkişaf edir. Beynəlxalq Montre Caz Festivalının qalibi İsfar Sarabskinin adını çəkmək yetərlidir ki, Azərbaycanda caz ənənəsinin necə yaşadığının şahidi olasan. Həmçinin Rain Sultanov, Salman Qənbərov, Emil Əfrasiyaboğlu, Şahin Növrəsli kimi tanınmış ifaçılar bu ənənələri uğurla davam etdirirlər.

Yetər ki, bu gün hər birimiz caz musiqisi dinləyib bu günün təntənəsinə qoşulaq.

 

“Ədəbiyyat və incəsənət”

(30.04.2024)

Çərşənbə axşamı, 30 Aprel 2024 15:28

İudanın öpüşü - ŞƏR NİYƏ DOĞULUR?

 

“Ədəbiyyat və incəsənət” portalının bugünkü didaktika dərsini şair, publisist Salman Qaralar aparır. Ümid edirik ki, faydalananlar çox olacaq.

 

 

Orta məktəb illərinin çoxunu, xüsusən də son 4-5 ilini bədii əsər oxumağa sərf etmişəm. 4 illik ali təhsil illərini, 43 illik iş fəaliyyətini də bura əlavə etsək, həyatım bədii əsərlər oxumaqla keçmişdir, desəm, yanılmarıq. 

 

50 ildən çoxdur ki, həm elm, ədəb, mərifət, xeyirxahlıq öyrənirəm, həm də öyrədirəm. Keçdiyim ömür yoluna baxanda, əməllərimin düzlüyünü yəqin edəndə könlüm məmnun olduğu kimi, cismim də rahat olur. Mərdiməzarlıq etmədiyim, biliyimi, təcrübəmi əsirgəmədiyim üçün əlimi vicdanımın üstünə qoyub rahat nəfəs ala bilirəm. Başqalarına bilik nuru paylaşdıqca könlümün də, gözümün də nuru artır.

Bir gün belə fasilə vermədiyim əmək fəaliyyətimin 7 ilini müəllim, 18 ilini direktor, 18 ilini isə dövlət qulluqçusu kimi təhsil sahəsinə sərf etmişəm. 1993–2012-ci illərdə işdən sonra repititorluq etmişəm. 20 il ərzində evimdə bilik öyrətdiyim uşaqlardan ya ümumiyyətlə, pul almamışam, ya da bəzilərinin valideynləri cuzi məbləğ ödəyiblər. Sultan Məcid Qənizadə demişkən, qazancım millətin məhəbbəti olmuşdur; bir də özümün də, qardaş-bacılarımın da, bəzi imkansız ata-anaların balalarının da təhsil almağı.

Elmin, yoxsa var-dövlətin faydalı olduğunu soruşanlara İmam Əli (ə) bir-birindən fərqli olan, ancaq əsaslandırılmış cavablar verir. Elmin daha xeyirli olması səbəblərindən İmam Əli (ə) aşağıdakıları göstərmişdir:

– Maldan infaq edəndə azalır, amma elmdən infaq etdikdə, yəni başqalarına öyrətdikdə daha da artır;

– Zaman keçdikcə mal köhnəlir, amma elm köhnəlmir;

– Var-dövlət ölüncəyə qədər sahibi ilə qalır, amma elm həm bu dünyada, həm də o dünyada onunladır;

– Mal-dövlət insanın qəlbini qəddar edir, amma elm insanın qəlbini nuraniləşdirir;

– Malı sən qorumalısan, amma elm səni qoruyur.

Bir neçə il əvvəl avtobus dayanacağında bir qız və bir oğlan böyük bir sevinclə məni qucaqlayıb üzümdən öpdülər. Öyrəndim ki, bu bacı-qardaşa 1981–1984-cü illərdə dərs keçmişəm. O vaxt balaca uşaqlar olan bu gəncləri mən tanımasam da, onlar məni tanımışdılar. Sanki mənə dünyanı bağışladılar. Başqa yaxşı nümunələr də gətirmək olar. Ancaq elə bir hadisə ilə də qarşılaşmışam ki, həyata olan ümidim üzülüb, insana olan inamım çiliklənib. S.Vurğun yazırdı: “Ehtiyac qul eylər qəhrəmanı da”. Bir yaxın adamımın iş ehtiyacını ödəmək üçün keçmiş şagirdlərimdən birinə müraciət etdim. Sən demə namərd səni nəinki körpüsündən keçirməzmiş, səni körpünün üstündən çaya atarmış. Atdı da. Çay məni apardıqca körpünün üstündən doyunca baxdı da.

Xəyal məni uzaqlara apardı. Şeirləri 300 ildən artıq bir müddətdə xalqın dilindən düşməyən Dəllək Muradın “Eyləmə” rədifli ustadnaməsinin sözləri könlümdən dilimə süzülüb axdı.

 

Qadir Allah, budu səndən diləyim,

Sən mərdi namərdə möhtac eyləmə.

Qeybi xəzinəndən yetir ruzisin,

Sən mərdi namərdə möhtac eyləmə.

 

Görünür, insanın təbiətində bir asilik, naqislik var, müəyyən məqamlarda iblisə uyaraq fitnə-fəsad törətmək həvəsi də var. Buna görə də atalar, “alim olmaq asandır, adam olmaq çətin”, – demişlər. İnsanlar çox olsa da, adam olanı azdır. İnsan psixologiyasını gözəl bilən Sücaət yazırdı:

 

Qəlbə toxunmasa, yaşaya bilməz,

Zülmün çırağının yağıdır insan.

Könül, ehtiyatla dolan dünyada,

Unutma, zəhərdir, ağıdır insan.

 

...Sücaət, ürəklər qorxusuz vurmur,

Gözlərin sevinci gözlərdə durmur.

Quş da yuvasını yaxından qurmur,

Bilir ki, xaniman dağıdır insan.

 

Ömrünün böyük əksəriyyətini şagird, müəllim, valideynlərlə ünsiyyətdə keçirən bir şəxs kimi bəzi insanların yaltaqlığa, satqınlığa, ziyankarlığa meyilli olduğunu yaxşı bilirəm. Bu yaramaz hərəkətlərin irsi xüsusiyyətlərdən də qaynaqlana biləcəyinə, yaşadığı həyat tərzindən, şəraitindən də yaranacağına normal baxıram. Əqrəbin ibnəsi hər an tuta bilər. Ancaq dərs dediyin, gələcək uğuruna, karyerasına məsləhət verdiyin, sevindiyin şəxsin sənə hücum etməsi ağrılıdır. Həm də öz adıyla yox, başqasının adı ilə. Namərdcəsinə. Həm də özündən vəzifəcə böyük, şərəf, ləyaqətcə aşağı iki nadanın, ailəsini idarə edə bilməyən iki nadürüstün, iki nanəcibin “məsləhəti” – fitnəsi ilə.

Allah belə şagirdi, belə qohumu heç kimin qarşısına çıxartmasın. Heyhat, belələri dünən də var idi, bu gün də var, sabah da olacaq. Təsəlli budur ki, tarixə nəzər yetirəndə pislərlə bərabər yaxşıların, namərdlərlə bərabər mərdlərin də olmasıdır. Məmməd Araz demişkən:

 

Yüz də çevir, min də ələ torpağı,

Namərd ilə mərd yanaşı göyərdi.

 

Mirzə Şəfi Vazeh Gəncədə dərs deyən zaman balaca Fətəliyə biliklə bərabər, münasib iş, sənət seçmək üçün düzgün istiqamət də verir. Zaman keçir, Mirzə Fətəli Axundzadə həm Tiflisdə qəza məktəbində müəllim, həm də Qafqaz canişinin baş dəftərxanasında mütərcim işləyir. Mirzə Şəfinin Gəncənin mürtəce din xadimləri mühitində çəkdiyi mənəvi sıxıntıdan xəbərdar olan M.F.Axundzadə Azəbaycan dili müəllimliyindən çıxır və öz yerini sevimli müəllimi M.Ş.Vazehə təklif edir.

Müəllimə münasibətin ən yaxşı örnəklərindən birini Əmir Teymurun həyatında müşahidə edə bilərik. Böyük hökmdar insanları vaxtaşırı qəbul edir, onların şikayətlətini dinləyirmiş. Saray qaydalarına görə gələnlər Əmirin qarşısında diz çöküb onun ətəyindən öpərmişlər. Qəbulun sonuna yaxın içəri yaşlı bir kişi daxil olur, hökmdarın xələtinin ətəyindən öpmək istəyir. Teymur cəld bir hərəkətlə ayağa qalxır, gələn adamın əyilməsinə imkan vermir, özü qocanın titrəyən əlindən öpür və onu hörmətlə öz taxtında əyləşdirir.

Saray əhlinin heyrətdə qaldığını görən Teymur bu məsələyə özü aydınlıq gətirir, qocanın qarşısında baş əyərək deyir:

– Bu kişi mənim müəllimimdir.

Qurani-Kərimin hər cümləsinin 7 mənasını izah edən Əmir Teymur 35 illik hakimiyyəti dövründə 27 ölkəni bir bayraq altında birləşdirmişdir. Qur-Əmir (Gori-Əmir) məqbərəsini öz sağlığında tikdirmiş və vəsiyyətinə görə müəllimi Mir Seyid Barakin ayaqları altında dəfn edilmişdir.

Təəsüf ki, böyük məqam sahibi olan şəxslərin heç də hamısı böyüklük məqamında dayanmağı bacarmamışlar. Ailə daxilində də namərdlik, nakişilik, xəyanət, cinayət edənlər olub, cəmiyyət içində də.

Üç oğlundan birini – Səlimi taxt-tacına varis təyin edən türk sultanı Bəyazid elə həmin oğlu tərəfindən zəhərlənərək öldürülmüşdür.

Roma imperatoru Yuli Sezara 40-dan çox xəncər yarası vuraraq öldürən şəxslərdən biri də onun saraya gətirdiyi, addım-addım irəli çəkdiyi Brut olmuşdur. O vaxtdan bu günə qədər də “Brut, sən də?” məsəli xəyanətin, satqınlığın simvolu kimi ədəbi, tarixi qaynaqlarda işlənməkdədir.

Bu tip insanlar etdikləri əməllərin tez-gec öz qarşılarına çıxacaqlarını unudurlar. Öz əməllərinin cəzalarını çəkməyə başlayanda isə artıq gec olur, sonrakı peşmanlıq fayda vermir.

Şirvanşahlar sarayında Məliküş-şüəara olan (şairlər şahı) Əbül-Üla Gəncəvi gənc və istedadlı şair Əfzələddin Xaqaninin tanınması, şöhrət qazanması üçün şərait yaradır. Zaman keçir, Məniçöhrün, Axsitanın rəğbətini qazanan Ə.Xaqani Əbül-Ülanı xəyanətdə suçlayır, onun vəzifədən azad olunub özünün Məliküş-şüəara təyin olunmasına nail olur. Xaqaninin əkdiyi toxumlar bir müddət sonra cücərir, boy verir, əməllərinin cavabı özünə qayıdır. Onun özünü Şəbəran qalasında dövlət zindanına salırlar.

İuda (Yəhuda) İsa peyğəmbərin 12 həvarisindən biri olmuşdur. Ehtimal olunur ki, bu kiçik, ilk xristian cəmiyyətinin xəzinədarlığı da etibarlı, hörmətli bir həvari kimi İudaya həvalə edilmişdir.

Gecə vaxtı İsa peyğəmbər 12 həvarisi ilə masa arxasında əyləşir. Həvarilərə deyir ki, onunla birlikdə əyləşən, çörəyini eyni qabdakı yeməyə batıran tələbələrindən biri onu satacaq. Məclisdə ümumi çaşqınlıq yaranır. İsa Peyğəmbər deyir: “Əgər sən bunu etməyi düşünmüsənsə, tələs, gecikmə”.

İuda onu satmağa gedir və bu işin müqabilində 30 gümüş pul alır.

İsa peyğəmbər Eleon dağına gecələmək üçün yola düşəndə İuda romalıların əsgər dəstəsini ora aparır. İsanı onlara tanıtmaq üçün peyğəmbərə yaxınlaşır və öpür.

İsa peyğəmbər deyir:

– İuda, sən bu öpüşünlə insan övladına xəyanət edirsən.

İsa peyğəmbəri çarmıxa çəkirlər. Xristianlar bu öpüşü satqın öpüşü adlandırırlar. İudanın da sonrakı taleyi yaxşı olmur, özünü asır. Boynunu kəndirə keçirəndə kəndir İudanın ağırlığına dözməyərək qırılır, yıxılan İudanın daxili orqanları yerə dağılır.

Eyy sən-zəmanənin Brutu, sənin əcadadın əlinə xəncər alıb himayədarını özü doğradı. Sən niyə onun qədər də olmadın. Öz ata-babanın adını qoyub başqa adla, başqa soyadla xəyanətlə meydanına çıxdın? Öz adını, soyadını yazmağa qorxdunmu, utandınmı?

Eyy sən-zəmanənin İudası, dodağındakı təbəssümün, əlindəki istiliyin nədən yarandı? Bildinmi? Bilmirsənsə, deyim, bil. İçindəki zəhərdən, beynindəki fəsaddan. Fitnə yelinə uçmaq həvəsindən. Kürsünü qorumaqdan ötrü özündən böyüklərə əyilmək xislətindən.

Eyy Brutlar, eyy İudalar!

Tövbə qapısı hər zaman açıqdır. Nə qədər ki, gec deyil, tövbə edin. Bizim əfv etməyimizdən öncə yaradanın əfvini qazanmağa çalışın. Mən onsuzda əfv etmişəm. Elə həmin gündən, həmin andan əfv etmişəm. “Əgər biri öz pisliyindən əl çəkmirsə, mən niyə öz yaxşılığımdan əl çəkməliyəm?”.

 

“Ədəbiyyat və incəsənət”

(30.04.2024)

Çərşənbə axşamı, 30 Aprel 2024 15:03

BİR SUAL, BİR CAVAB Şamil Ənvəroğlu ilə

 

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

SUAL

Şamil bəy,  Nitsşe fəlsəfəsinə görə paxıllıq biz onu bələdçi kimi istifadə etdiyimiz müddətdə ziyansızdır. Sizcə, az da olsa, daxilimizdə paxıllıq hissi olmalıdırmı?

 

 CAVAB

Nitsşe 1883-cü ildə yazmağa başladığı "Zərdüşt belə deyirdi" fəlsəfi əsərində "üst insan", "fövqəl insan" anlayışlarını elmə gətirərək qeyd edir ki, insanın üst insana çevrilməsi üçün mövcud dəyərləri və inanc sistemlərini öz həyatından silməsi gərəkdir.

Əvəzində isə, öz dəyərlərini, öz zövqünü, öz azadlığını və öz düşüncə tərzini yaratmalıdır. Və bu yolda acı çəkməkdən əsla çəkinməməli, hətta yaşadığı hər bir ağrı-acını həyatının əsas təkanverici qüvvəsi saymalıdır...

Mənim həyatıma yön verən üç böyük dahidən biri olan Nitsşenin paxıllıqla bağlı fikrini bir balaca dəyişərək sağlam rəqabət hissini ön plana çıxarmaq istərdim.

Mənə elə gəlir ki, sağlam rəqabət olan yerdə inkişaf da olacaq, dostluq da, səmimiyyət də...

Paxıllıq insanı içindən yeyən qurd kimidir.

"Paxıl insan artmaz" deyimi boşuna deyilməyib. 

İstənilən halda, insanın bir başqasına və ya özünə ziyan verən hər hansı bir duyğusu varsa, bu hiss zamanla insanın mənəvi məhvinə gətirib çıxarır və insanı ruhu ölmüş bir quru bədənə çevirir.

Ona görə də, hər bir insana daşıya biləcəyi yükü, bacara biləcəyi işi, sevə və sevilə biləcəyi insanı, yaşaya biləcəyi həyatı arzu edirəm.

 

“Ədəbiyyat və incəsənət”

(30.04.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.