Super User

Super User

“Ədəbiyyat və incəsənət” portalının Poertik Qiraət rubrikasında bu gün yenə də Elxan Yurdoğlunun şeiri təqdim ediləcək.

Xoş mütaliələr!

 

 

ŞAİR, YAĞIŞ, QUŞ BALALARI

 

Yağış pəncərəmdə quş balasıdır,

Hələ alışmayıb qanad çırpmağa.

Açıram ovcumda atılıb-düşür

Sevincdən ürəyim dönür bir dağa.

 

Yağış dimdikləyir ovuclarımı,

Uşaqtək sevinib çölə qaçıram.

Quş balalarına uçmaq öyrədir,

Qoşulub onlara mən də uçuram.

 

Elə bil çoxdandır bir küncdə küsən

İçimdən uşaqlıq inadım çıxır.

Hər tində, döngədə xatirələrim

Tutur əllərimdən – qanadım çıxır.

 

Sərçələr sevincək uçur yanımca,

Qopur qanadımdan bir lələk qələm.

Göylərə xoşbəxtlik şeiri yazıram,

Enirəm aprelin üzündən öpəm.

 

“Ədəbiyyat və incəsənət”

(05.01.2024)

 

Bildiyiniz kimi, ölkəmizdə ilk dəfə naşirlər forumu keçirildi. Azərbaycan Milli Elmlər Akademiyasında Azərbaycan Nəşriyyatlar Assosiasiyasının (ANAİB) təşkikatçılığı ilə baş tutan Azərbaycan Naşirlərinin I Forumu artıq tarixə qovuşdu. 

 

Ölkədə nəhəng kitab festivalları keçirən ANAİB hər tədbirində bir təşkilat üzvünü məsul edir və bu forumun da məsulu XAN nəşriyyatının direktoru Səbuhi Şahmursoy idi. 

“Ədəbiyyat və incəsənət” portalı Səbuhi Şahmursoydan forumun gətirəcəyi faydalarla bağlı gözləntilərini öyrənib. Müsahibimiz söyləyib: 

 

-Nəhayət ki, nəşriyyat işinin problemləri akademik tribunadan səslənməyə başladı. AMAİB sədri Şəmil Sadiqin ideyası və şəxsi təşəbbüsü, ANAİB-in əsas təşkilatçılığı ilə keçirilən Azərbaycan Naşirlərinin I Forumu bu mövzuda sistemləşmiş ilk tədbir idi. Forum giriş hissədən və nəşriyyat sahəsi üçün müzakirəsi vacib olan 5 paneldən ibarət idi:

1. Nəşriyyat menecmentliyi və kitab marketinqi;

2. Redaktə və tərcümə problemləri;

3. Müəllif hüquqları və beynəlxalq əməkdaşlıqlar;

4. Tərtibat, dizayn və qrafika;

5. Uşaq nəşrləri və yeni yanaşmalar.

Türkiyədən dəvət etdiyimiz mütəxəssislərin iştirakı forumu daha da yaddaqalan etdi. Təsəvvür edin, həmin gün, demək olar, yalnız problemlər sadalandı. Bəlkə, bu siyahının da sonuna çıxa bilmədik. Həll yollarını müzakirə etmək üçün bir gün çox qısa olsa da, bir sıra mövzuda bəzi təkliflər səsləndi. Məncə, əl-ələ verib qarşıdakı illərdə bütün sadalanan problemlərin öhdəsindən gələcəyik. İndi ANAİB-in işlərini alçaltmağa çalışan qüvvələr də iyrənc söhbətlərini bir yana atıb işin bir qulpundan yapışsa, bu həll yolları daha da qısalar. 

Azərbaycan Naşirlərinin I Forumuna təşrif buyuran, fəal iştirak edən həm moderator və spikerlərə, həm də dinləyici qismində iştirak edən insanlara təşəkkürümü bildirirəm. Bütün təşkilatçı və sponsorlara bolluca minnətdarlığım var.

 

“Ədəbiyyat və incəsənət”

(01.05.2024)

Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”

 

Ötən gün eyd etdik ki, «Qomeopatiya məni fərdi tibb növü kimi cəlb etdi. Onun əsas prinsipi xəstəliyi boğmaq yox, orqanizmin dinamik müvazinətinin bərpasıdır. Qomeopatiyanın həm xəstəliyə, həm də xəstəyə öz individual, unikal yanaşma tərzi var. Burada bütün dərmanlar təbii xammaldandır (otlardan, minerallardan, zəhərlərdən, həşəratlardan, heyvan ifrazatlarından)» yazan Sinelnikov Qomeopatiya üsulu ilə işləyərkən rəsmi tibb elminin müalicə edə bilmədiyi xəstəlikləri belə müalicə etməyə başlayıb.

Sinelnikov «İnsan şüurunun və şüuraltı proqramlaşdırmanın Bibliya modeli»ni yaradıb. Sinelnikovun gətirdiyi qaydalara diqqət edək:

1). Kainatda böyük gücü, enerjisi olan, şüurdan kənar reallıq mövcuddur;

2). İnsan şüuru Kainatın və Metofizik dərketmənin yalnız bir hissəsidir;

3).  Dünya dərkedilməyən və sirlidir, insan dünyaya və özünə tapmaca kimi baxmalıdır;

4). Bizim şüuraltımız bizim şüurumuz mövcud olan dünya modeli yaradır. Başqa sözlə, bizim şüurumuz şüuraltımızın bizə təqdim etdiyi hadisələrin müşahidəçisi və qiymətverənidir;

5). Bizim yaşadığımız reallıq modeli bizim şüuraltı proqramımıza müvafiqdir ki, bu da uşaqlıqdan formalaşır. Beləliklə, xaric daxilimizin inikasıdır;

6). Hər bir insan bu dünyada yaşamaqdan ibarət olan həyatının əsas məqsədini və funksiyasını şüuraltı həyata keçirir;

7). Bizim dünyamız bizim şəxsi fikirlərimizin xarici əksi kimi mövcuddur. Biz həyatda nəyə malikiksə, onları özümüz yaradırıq;

8). Sağlamlıq vəziyyətimizi, işimizi, insanlarla münasibətimizi, maddi vəziyyətimizi və s. dəyişmək üçün mütləq öz daxilimizə müraciət etməli, öz şüuraltı davranış proqramımızı, fikirlərimizi dəyişməliyik, kəsəsi, özümüz dəyişməliyik.

Davamı da olacaq.

 

“Ədəbiyyat və incəsənət”

(01.05.2024)

 

Çərşənbə, 01 May 2024 16:04

“Nar ağacı” - KƏNAN HACININ HEKAYƏSİ

“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzeti” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə istedadlı nasir Kənan Hacının “Nar ağacı” hekayəsi təqdim edilir. 

 

 

Səxavət Sahilə ithaf edirəm!

 

Gülöyşə narın budaqları Zəbulla kişigilin damına doğru əyilmişdi. Sinəsini Günəşin istisinə sərmiş ağacın, sanki damarlarında qan qaynayırdı və bu qanı budaqlardan sallanmış meyvələrə ötürürdü. Ələ-ovuca sığmayan narları yuxarıdan Günəş, aşağıdan isə taxtapuşun dəmirinin istisi yetişdirirdi. Bu damın altında dərilmək üçün tələsən bir yetişmiş meyvə də vardı...

İsi hər dəfə darıxanda babasıgilə üz tuturdu, köhnə nərdivanla dama dırmaşıb doyunca nar yeyirdi, ağzı-burnu, üst-başı şirə-mala olandan sonra aşağı enib həyətdə ora-bura qaçan Kurkurla - keçiylə oynayırdı. Kurkur da Allahın bəlası idi, adam görən kimi mələyə-mələyə ardınca düşüb ondan əl çəkəsi deyildi. İsi taxta qapını aralayıb içəri adlayan kimi Kurkur qabağına yüyürüb öz balaca dostuyla salamlaşdı. Nar ağacının yetişmiş meyvələri uzaqdan adama "gəl-gəl" deyirdi. İsi isə bu dəfə nar sevdasında deyildi... Onun bu həyətə gəlməkdə qəsdi başqa idi.

Babası eyvanda oturub qəlyan tüstülədirdi, nənəsi isə əlində süpürgə və xəkəndazla həyəti süpürürdü. İsi Kurkurun qabağında bir-iki dəfə dombalaq aşdı, keçi kəsik-kəsik mələdi, sanki oğlanın hərəkətinə uğunurdu. İsi ilə Kurkur dost idilər. İsi babasına möhkəm-möhkəm tapşırmışdı ki, nəbadə, Kurkuru kəsib-eləyəsiniz, gecəylə gəlib bu evi yandıraram. İsi dostunun buynuzundan tutub yüngülcə silkələdi:

- Kef elə, Kurkur. Bir adam sənə toxuna bilməz, canını alaram. 

Kurkur razılıqla başını tərpədəndən sonra arxayın-arxayın həyətin o başındakı otluğa üz tutdu. İsi babasına, nənəsinə məhəl qoymayıb eyvana sarı deyil, evin arxa tərəfinə keçdi. Baba mızıldandı:

- Bərəkallah! Buna hələ salam verməyi öyrətməyiblər? Ay balam, bu uşağa nolub? Yaman havalı-havalı gəzir.

Nənənin, deyəsən, qulağı ağır eşidirdi, heç başını qovzamadı. Nar ağacının taxtapuşa uzanan budaqları İsini özünə doğru çəkirdi. Ən dadlı meyvə isə aşağıda - taxtapuşun altından həyətə pəncərəsi olan balaca otaqda idi.

Esmira İsigilin qonşuluğunda yaşayırdı. Qız hər dəfə məhəllədən gəlib keçəndə İsinin ürəyinin döyüntüsü artırdı, içində izaholunmaz hisslər oyanırdı. Uşaq özünü itirirdi, dili söz tutmurdu. Esmira İsiyə baxıb gülümsəyir, başına sığal çəkib ötürdü. Bu səssiz qarşılaşmalar İsinin içində nəğməyə dönürdü. Bu nəğməni özündən başqa eşidən olmurdu. Qızın sağlam bədənindən qopan ətir oğlanı əməlli-başlı sehrləyirdi. Bu, İsinin dünyada ilk sirri idi. İsi uşaq olsa da, sirr saxlamağı yaxşı bacarırdı. Qızın bu sirdən xəbəri vardımı, yoxdumu, bunun özü də sirri-Xuda idi.

İndi Esmira həmin bu taxtapuşun altındakı balaca otaqda idi. İsi onu qaçıran oğlanı da tanıyırdı. Oğlan qızı qaçırıb babasıgilə gətirmişdi. İsinin babası etibarlı adam idi və oğlanın babası ilə möhkəm dost idilər. Müharibədə almanlara qarşı birlikdə vuruşmuşdular. İsinin babası sağ-salamat qayıdıb gəlsə də, qızı qaçıran oğlanın babası sağ ayağını müharibəyə bağışlamışdı. Deyilənə görə, qızı oğlana verməyiblər, qız da qoşulub qaçıb. İndi qızı top-tüfənglə də geri qaytarmaq mümkün deyildi. İsinin babası kənddə sayılıb-seçilən adam idi. Hal-qəziyyədən də xəbərdar idi, qızı evində gizlətməyə özü razılıq vermişdi.

Çatlamış narın şirəsi axıb qabığına hopmuşdu. Şalvarının balağını dizinin kündəsinə qədər çəkmiş İsi gözucu taxtapuşdan aşağı boylandı. Başı gicəlləndi, az qaldı kəlləsi üstə taxtapuşdan aşağı dığırlansın. Tez nar ağacının budağından yapışdı, budaq möhkəm idi, müvazinətini düzəltdi. Günəşin altında narlar yaqut kimi işıq saçırdı. Digər narlar isə sürüşərək taxtapuşun kənarındakı novçaya yığılmışdı. Narların küskün görkəminə baxanda ürəyi sızladı. İndi onların yan-yörəsində qarışqalar dolaşırdı. İsi qaçırılmış qızı novçanın küncünə diyirlənmiş nara bənzətdi. Elə bu damdaca bapbalaca ürəyində babasına qarşı nifrət cücərməyə başladı: "Öz dostuna da xəyanət elədi bu qoca".

Taxtapuş quzulamışdı, yağan yağışlar onun rəngini yuyub aparmışdı. Nar ağacı isə əvvəlki gözəlliyində idi. İsi həmişə bu dama çıxanda üst-başı bulaşana qədər, doyunca nar yeyərdi. Bu dəfə çatlamış narlar eyninə deyildi, xırdaca ürəyi nar kimi çatlamışdı.

İsi ayağı altında hənirti duydu, aşağı baxdı. Esmira him-cimlə nar istəyirdi. İsi budaqdakı ən iri narı bir andaca qoparıb ikiyə böldü, nar dənələri üzüaşağı töküldü. Qız gülümsədi. İsi parçalanmış narı ona verdi, qız narı ləzzətlə yeməyə başladı, göyərçin əlləri, ağzı, yanaqları, ağappaq donunun ətəyi, bir də ayağı altındakı mələfə qan rənginə boyandı.

 

*

İsi bu dəfə müvazinətini saxlaya bilmədi, tappıltı ilə taxtapuşun üstünə yıxıldı. Yetişmiş narlar dolu kimi üstünə töküldü, sanki onu daşa basırdılar,  nar ağacının yarpaqları bir andaca saralıb İsinin başına səpələndi. Ağac lümlüt qaldı. İsi, sanki bir andaca yazdan payıza düşdü, canını üşütmə aldı, əlləriylə çiyinlərini qucaqlayıb büzüşdü. Taxtapuşun üstündə, nar ağacının altında İsinin xəyallarını müsadirə etmək mümkün deyildi. Onu yuxu apardı, nədisə, bir də gördü ki, başının üstündəki ağac çiçəkləyib, qollarını tərpətmək istədi, baxdı ki, qolları da ağappaq ləçəklərə bürünüb. O, nar ağacının bir parçasına çevrilmişdi. Tumurcuqların hərəsi bir nazlı mələyə çevrilib İsinin xeyli vaxtdan bəri ürəyində gizli oxuduğu nəğməni xoş avazla oxumağa başladılar. İsinin sirrini açıb aləmə faş etdilər. Mələklər oxuduqca İsinin ayaqları da ağac kimi kök atıb taxtapuşun altına, yerin dərinliyinə doğru uzanmağa başladı, qolları ağacın budaqları kimi taxtapuşun hər tərəfinə doğru uzandı. İsi qocaman bir nar ağacına çevrilib evi büsbütün əhatə etdi. Baba da, nənə də, Esmira da indi bu ağacın içində idi.

Həyətdə qarışqa qoşunu nizami ordu kimi nar ağacına hücuma keçməyə hazırlaşırdı. Kurkur çaşqın halda həyətdə ora-bura qaçır, elə hey mələyirdi. Keçinin harayını eşidən yox idi.

Evin dərinliklərindən İsinin uçunan səsi eşidilirdi:

- Sən mənimsən, mənimsən... Səni heç kəsə vermərəm, vermərəəəm!..  

 

*

İsi gözlərini açanda başının üstündə yenə nar ağacını gördü. Hava da əməllicə soyumuşdu. Novçaya ilişib qalmış narlara qarışqalar daraşmışdı. İsinin bədəni qarışqa yuvasına dönmüşdü. Babası yuxarı qalxıb nəvəsini qucağına götürdü və birtəhər aşağı düşürtdü. Nənə ərini danlayırdı:

- Bayaqdan bir baxmırsan ki, bu gədə necə oldu? Uşağım naxoşdiycey. Tez ol, apar kiçik otağa.

Əllərini İsinin qollarına toxunduran arvad diksindi:

- Vaxsey, bədəni buz kimidir ki! Tez ol, apar içəri! Sirkəynən, keçi piyiynən ovuşdurum uşağı. Yoxsa, soyuq canına işləyəcək.  

- Uşaq döyül e, bəladır, bəla! - baba deyinə-deyinə İsini içəri apardı.

İsi damda nar rəngli yuxu görəndə oğlan gəlib qızı aparmışdı. İsini qızın gizlədildiyi otağa aparıb üstünü mələfə ilə örtdülər. İsi qeyri-ixtiyari yan-yörəsinə, mələfəyə, yatağın içinə baxdı; nar ləkəsinin bircə zərrəsini də görmədi. Baba ilə nəvə ha illah elədilər, İsi onlarla bir kəlmə də kəsmədi. Üzünü divara çevirib susdu.

Qocalar axşam tez yatırdılar. İsi onları yuxuya verib yerindən qalxdı və həyətə çıxdı. Çevrilib taxtapuşun üstündəki nar ağacına baxdı.

İsi bir də heç vaxt bu həyətə dönmədi.

 

“Ədəbiyyat və incəsənət”

(01.05.2024)

Çərşənbə, 01 May 2024 15:39

BİR SUAL, BİR CAVAB Faiq Hüseynbəyli ilə

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

SUAL

Xoş gördük, axşamın xeyirli olsun,

Necəsən bu axşam?...

Salam, ay divar!..

Gəl bir az dərdləşək, şeir oxuyum,

Atam-anam divar, balam ay divar.

(Faiq Hüseynbəyli)

 

"Yolların ən mübarəki insanı özünə çatdıran yoldur."

(Əbu Turxan)

 

Dəyərli şairimiz, deyəsən, bu təxəyyülünüzdəki divar bizləri özümüzə qaytaran, uzaqlaşmağa qoymayan, sədd çəkən divardır, elə deyilmi? Bu divarın sirri nədədir?

 

CAVAB:

“Söz var ki, kəsdirir başı, söz var ki, kəsər savaşı"- deyir Şah İsmayıl Xətai. Bu mənada, "divar" sözü də çoxşaxəlidi. Divar arzularla insan arasında sərhəd də ola bilər, sizin qeyd etdiyiniz kimi, insanı özünə, keçmişinə qaytaran, milli şüurundan, mənliyindən ayrılmağa qoymayan sədd də. Divarın bir üzü məhbəsdi, hansı ki, azadlığını məhdudlaşdırır, bir üzü Vətəndir, evdir, ocaqdır, hansı ki, azadlığı üçün canından-qanından keçirsən, qoruyursan, uğrunda şəhid olursan.

 

Ədəbiyyat və incəsənət”

(01.05.2024)

Rubrikanı Könül aparır. 

 

“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır. 

 

Bu gün sizlərə Toyuq ətindən küftənin  hazırlanma qaydasını təqdim edəcəyik.

 

DÜSTUR 

§ Toyuq filesi – 130 qr

§ Kartof – 125 qr

§ Düyü – 22 qr

§ Yumurta – 40 qr

§ Soğan – 17 qr

§ Un – 22 qr

§ Albuxara – 11 qr

§ Alça qurusu – 11 qr

§ Duz – 4 qr

§ İstiot – 0,05 qr

Xörək əlavəsi:

§ keşniş – 10 qr

 

HAZIRLANMASI:

Toyuğun döş əti yuyulur, doğranır. Xırda doğranılmış soğan, bişirilmiş kartof, düyü, yumurta, un ətlə qarış- dırılır. Hazırlanmış ət kütləsindən küftələr düzəldilir, içərisinə albuxa- ra və ya alça qurusu qoyulur, hinduş- kanın işgənəsində bişirilir. Süfrəyə veriləndə üzərinə keşniş səpilir.

 

“Ədəbiyyat və incəsənət”

(01.05.2024)

“Ədəbiyyat və incəsənət” portalı tanınmış tənqidçi Əsəd Cahangirlə “Ustad dərsləri” rubrikasının təqdimini davam edir. Burada Əsəd Cahangirin müxtəlif illərdə götürdüyü ən maraqlı müsahibələr tarixi ardıcıllıqla təqdim olunur. Yaşar Nuri ilə   müsahibə 09.06.1998 tarixində götürülüb.

 

KOMEDİYA ƏN BÖYÜK CİDDİLİKDİR

 

Sevimli aktyorumuz, Xalq artisti Yaşar Nuri yubiley sayımızda bizә bunu arzu etdi.

-Yaşar müәllim, necәsiniz, işlәriniz necә gedir?

-Çox yorğunam. Eyni vaxtda bir neçә filmə çəkilirәm: Ramiz Hәsәnoğlunun ‘Nigarançılıq", Eldar Quliyevin “Ah, bu gözәl, gözәl, gözəl dünya", Lütfi Mәmmәdbәyovun “Yağışdan sonra", Vaqif Mustafayevin Yerlә göy arasında", Mәraһim Fәrzәlibәyovun “Günәşdәn doğanlar" filmlәrindә. Bir dә sentyabrda Әmir Pәһlәvan “Spasibo"ya bәnzәr nә isә bir film çәkәcәk, mәni dә ora dәvәt edәcәk (Havanı ciyәrlәrinә çәkәrәk). Necә yaxşı һavadır! Cavan vaxtı görüşə belә tutqun һavalarda gedәrdik, tanış-biliş görmәsin. Çünki belә һavada küçәyә çıxan az olur.

-İlk mәһәbbәtinizi xatırlayırsınız?

-İlk mәһәbbәt orta mәktәbdә oxuyanda olur. Mәnim başım qarışıb oxumağa. Yaxşı oxuyan olmuşam.

-Bәs, nә әcәb elm dalınca getmәdiniz?

-Qismәt, tale mәsәlәsi var. Atamın 4 övladından һeç biri onun sәnәtini davam etdirib aktyor olmadı, çöp mәnә düşdü.

-Sizin atanız Mәmmәdsadıq Nuriyev tanınmış aktyor olub. Sənətə gәlişinizdә onun rolu olubmu?

-Atam aktyor olmasa idi, yәqin ki, mәn bu sənətə gәlmәzdim. Uşaq vaxtlarımda tez-tez atamla birlikdə teatra gedərdim. O, Musiqili Komediya teatrında işləyirdi. Axşam Ağası Mәşәdibәyov və Mәһәrrәm Әlizadәnin “Toy kimindir?” tamaşası olmalı idi. Birdәn mәlum oldu ki, Qoşunun oğlu Tapdıq rolunun ifaçısı xәstәlәnib. Rolu verdilәr mәnә. Respublikanın Әmәkdar artisti İbraһim Hüseynov mәnimlә sәһnәdә bir neçә dәfә mәşq etdi. Sonra qәrara gәldilәr ki, sözlәrimi yazıb әzbәrlәyim. Hə qәdәr axtardılarsa, bir parça kağız tapmadılar. Axırda rolun sözlәrini atamın ev üçün bazarlıq etdiyi torbanın üstünә yazdılar. O qәdәr һәvәslәnmişdim ki, evә çatana qədәr sözlәri әzbәrlәdim. Axşam tamaşada oynadım. Atam Qoşunun rolunu Lütfәli Abdullayev vә İbraһim Hüseynov ifa edirdilәr. Sonralar bu rolu Sәyavuş Aslan da oynadı. Sәһnәyә gәlişim belә olub. Heç bir il keçmәdi “Hacı Qara”da Bәdәli oynadım.

-Atanız niyә sizin qәdәr populyarlıq qazana bilmәdi?

-Mәnә һәmişә bu sualı verәndә deyirәm ki, sənət zәrdir, bәxtәbәxtdir. Atam da, Fazil Salayev dә istedadlı aktyorlar olsalar da, Allaһın onlara verdiyi talant sәviyyәsindә iş görә bilmәdilәr. Görünür, Allaһla һesablaşmaq lazımdar.

-Sizin o Kişi ilә ilə münasibәtlәriniz nә yerdәdir?

-Hәr gecә yerimә girәndә deyirәm ki, ay Allaһ, günaһımdan keç. Qonşu arvad bunu eşidib deyib ki, görәsәn, onun nә günaһı var ki, һәr gün Allaһa belә yalvarır.

-Sizin dә Sәyavuş Aslan kimi Haçı olmaq fikriniz yoxdur ki?

-Mәn Sovetskidә doğulmuşam. Bibim Qayaxanım 40 il mollalıq edib. Allaһ nә vaxt buyursa, Hәcc ziyarәtinә onda gedәcәyәm.

-Sizә xalq arasında әn böyük sevğini Elçin muәllim obrazı qazandırıb. Özünüz bu işinizdәn razısınızmı?

-Bu suala tamaşaçılar çavab veriblәr. Bu tamaşadan sonra evә, teatra yüzlәrlә mәktub gәlmәyә başladı. Elə rollarım olub ki, mәn daһa çox mәktub gozlәmişәm: İsi Məlikzadənin “Qatarda” tamaşasında Dadaşov, İslam Sәfәrlinin “Göz hәkimi”ndә Hәsәnağa. Amma görünür, Elçin daһa uğurlu alınıb.

-Anarın “Evlәri köndәlәn yar” tamaşasında tamadaları biabır etdiniz. Tamada dostlarınız sizdәn küsmәdilәr ki?   

-Mәnim sәnәtim biabır etmәk deyil, yaratmaqdır.

-Milli Teatra gәlişiniz necә olub?

-Mәn o vaxtlar radio vә televiziyada görkәmli sәnәtkarlarla birlikdә çıxış edirdim. Tәdris teatrının aktyoru idim. Әli Zeјnalov bir gün mәnә dedi ki, Tofiq Kazımov sәni axtarır. Gәldim teatra. Tofiq müәllim Vampilovun "Övlad" tamaşasında Silva rolunu verdi mәnә. Bu rolla da mәn teatra aktyor götürüldüm. 1974-cü ildәn bu günә qәdәr bu teatrın aktyoruyam.

-Niyә “ciddi”, dramatik rollar oynamırsınız?

-Mәncә, komediya әn böјүk ciddilikdir. Mәnim haqqımda yazan jurnalistlәrdәn biri mәqalәni elә belә dә adlandırmışdı: “Komediya әn böyük ciddilikdir”.

-Atanız sizin aktyorluğunuza necә qiymәt verirdi?

-Heç vaxt demәzdi ki, sәndәn јaxşı aktyor olacaq. Mәn bundan pәrt olardım. Tamaşa qurtaran kimi qaçardım evә ki görüm nә deyәcәk? Elәcә baxıb, һeç nә demәzdi. Axıra yaxın, yataqda olanda bir dәfә dedi ki, sәndәn aktyor olacaq.

-“Yarımştat” tamaşasındakı Musik obrazının һәyatda prototipi varmı?

-Aktyor bәzәn obrazın xarakterinin һәr cәһәtini rast gәldiyi bir adamdan götürür. Mәn sirk müdirinin tez-tez “şey-zad” demәyini mәrһum rejissor Әliһeydәr Әlәkbәrovdan götürmüşәm. Tәlәbә idik. Ostrovskinin “Günaһsız müqәssirlәr”ini diplom işinәһazırlayırdıq. Әliһeydәr müәllim obrazı mәnә başa salmaq üçün dedi ki, Yaşar, sәn gәrәk şeyi elә zad elәyәsәn ki, şeydәn bir zad çıxa bilsin. Qәribәdir ki, bu sözlәrlә mәn onun nә demәk istәdiyini başa düşdüm vә obraz alındı. Sonra mәn bu ifadәdәn "Yarımştat" tamaşasında istifadә etdim.

-Bu qәdәr gәrgin işlәmәyә necә vaxt çatdırırsınız?

-Cәmi 3 saat yatıram.

-Yenidәn gәnclik illәrinә qayıtmaq istәrdinizmi?

-Yox, һәr yaş dövrünün öz gözәlliyi var. Aktyor gәrәk tamaşaçının gözü qabağında yaşa dolsun, qoçalsın.

-Deyirlәr, guya Yaşar müәllim son vaxtlar yerindә sayır.

-Tәxminәn 15 gün qabaq bir jurnalist qız zәng vurub deyir ki, Yaşar müәllim, niyә son vaxtlar xırda rollar oynayırsınız? Bizim nә oynamağımız rejissorlardan asılıdır. Bir dә bir ilә yaxındır ki, “Qurbanәli bәy“ tamaşasında Qurbanәli bәy rolunu һazırlayıram. Tamaşaçı isә gözlәmir, darıxır. Әlbәttә, buna görә çox sağ olsunlar.

-Düşmәniniz, paxılınız var?

-Mәnim elә işlәrlә mәşğul olmağa vaxtım yoxdur, boş vaxtlarımda bilirәm nәişlә mәşğul olmaq gәrәkdir. Bir dә ki, bәrk qaçan atın dalınca toz qopar.

-Heç arxanızca toz qopur?

-Hiss etmәmişәm. Etsәm dә,һeç vaxt üzә vurmaram. Üzә vursam, mәn dә olaram elә o xislәtdә.

-Tәsәvvür edin ki, seһrli xalçaya minib başqa planetәgedirsiniz. Sizә özünüzlə yalnız bir şey götürmәyә icazә verirlәr. Nәyi seçәrdiniz?

-Ailәmi götürәrdim.

-Ailә üzvlәriniz barәdә nә deyә bilәrsiniz?

-İki qızım var. Böyük qızım Ülviyyә bu günlәrdә Universitetin һüquq fakültәsini bitirdi. Kiçik qızım Ülkәr İncәsәnәt Universitetinin menecerlik fakültәsindә oxuyur.

-Әn yaxın dostunuz kimdir?

-Tәk qalanda özüm.

-Bәs, tәk olmayanda.

-Kim sәһvlәrini üzümә deyirsә, o.

-Niyә son vaxtlar Firәngiz Mütәllimova ilә yöndaş olmursunuz?

-Elә indicә rejissor Tariyel Vәliyevlәһbәt etmişik. Gülnar vә Elçini tamaşaçılarla yeni görüş gözlәyir.

-Mәtbuata münasibәtiniz...

-Arzu edәrdim ki, sensasiya xatirinә yalan yazmasınlar. Bir dәfә bir jurnalist götürüb yazıb ki, Yaşar Nuriyev maşını divara vurub. Heç ömrümdә maşın sürməmişәm.

-Maşınınız yoxdur?

-Na maşınım var, nә bağım.

-Hәyatınızda әn qәribәһadisә.

-Fәxri ad alanda tanımadığım bir xanım mәnә belә bir bayatı yazıb göndәrmişdi:

Әziziyәm Yaşardı,

Vurdum, gözü yaşardı,

Meymun güzgüyә baxdı,

Elә bildi Yaşardı.

 

 “Ədəbiyyat və incəsənət”

(01.05.2024)

 

 

 

 

 

“Ədəbiyyat və incəsənət” portalının media dəstəyi ilə Azərbaycan Ədəbiyyat Fondunun  Bakı Şəhəri Üzrə Təhsil İdarəsi ilə birgə “Bir direktor, bir şagird” adlı layihəsinin məqsədi nümunəvi məktəblərimizi, istedadlı şagirdlərimizi üzə çıxarmaq, onların ədəbiyyata olan marağına diqqət yönəltməkdir. Hazırda təqdimatda Bakı şəhəri Məktəb Lisey Kompleksidir.

Haşiyəyə çıxaraq bildirmək istəyirik ki, bu gün təqdim edəcəyimiz esse - Fatimə Əmralının "Xəyal etdiyin hər şey gerçəkdir” essesi olduqca mükəmməldir və portalın redaksiya heyəti onu hədsiz bəyənib. 

 

Layihəni təqdim edir: Ülviyyə Əbülfəzqızı

 

 

DİREKTOR:

 

Quliyeva Esmira Mahmud qızı 15.10.1975-ci ildə Cəbrayıl rayonunda anadan olmuşdur. Tam orta təhsilini 1982-1992-ci illərdə Cəbrayıl rayonu C.Əhmədov adına orta məktəbdə almışdır. 1992-1995-ci illərdə 2 saylı baza tibb məktəbində tibb bacısı ixtisası üzrə təhsil almışdır. 1994-1998-ci illərdə bakalavr təhsilini N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunda riyaziyyat ixtisası üzrə almışdır.

​2001-2015-ci illərdə Cəbrayıl rayon Əmirvarlı kənd tam orta məktəbində riyaziyyat-informatika fənn müəllimi vəzifəsində çalışmışdır.

​2004-cü ildə AZMİCROSOFT  LRS-də MS Office proqramlar paketi üzrə kursda iştirak etmişdir, 2005-ci ildə Norveç Qaçqınlar Şurasının Bakıda keçirdiyi Gender və QİÇS mövzusunda  seminarda iştirak etmişdir.

2006-2015-ci illərdə 12 saylı Bakı Peşə Məktəbində İKT fənləri üzrə saathesabı müəllim işləmişdir. 2012-2013-cü illərdə Demokratik Gənclər İctimai Birliyində təlimçi, 2013-cü ildə Qafqaz Universiteti və  "Inkişaf" təhsil mərkəzində Ümumi təhsil səviyyəsi üzrə yeni fənn kurikulumları-informatika fənni üzrə təlimçi, 2013-2014-cü illərdə Edumedya-da “Tədris prosesində Promethean İnteraktiv Texnologiyalarından istifadə üzrə” təlimçi kimi çalışmışdır.

2012-ci il 7-15 fevral aralığında Demokratik Gənclər İB və Hollandiyanın Yaşıl İKT Fondunun təşkil etdiyi “Kompyuter Texnologiyalarının Tədris Prosesində Tətbiqi və Kompyuter Şəbəkəsinin əsasları” mövzusunda təlimdə iştirak etmişdir.

2012-ci il aprel-iyun aylarında Demokratik Gənclər Birliyi və Norveç İnsan Hüquqları evinin təşkil etdiyi “Region məktəblərində İnsan Hüquqlarının Tədrisi” mövzusunda seminarda iştirak etmişdir.

2012-ci il avqust ayında XXI əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin keçirdiyi “Ümumi orta təhsil səviyyəsində yeni fənn kurikulumlarının tətbiqi” mövzusunda seminarda 1-ci dərəcəyə layiq görülmüşdür.

2012-ci il oktyabr ayında UNİCEF  “Ümumi orta təhsil səviyyəsində yeni fənn kurikumlarının tətbiqi və fəal təlim” üzrə öyrədənlərin öyrədəni təlim kursunda iştirak etmişdir. 

2012-ci il oktyabrda Kurikulum mərkəzinin təşkil etdiyi “İnternet Texnologiyalarından Tədris Prosesində İstifadə Qaydaları” kursunda 1-ci dərəcəyə layiq görülmüşdür.

2012-ci il noyabr ayında Demokratik Gənclər birliyinin təşkil etdiyi “İnternet Texnologiyalarından Tədris Prosesində İstifadə Qaydaları” kursunda 1-ci dərəcəyə layiq görülmüşdür.

2012-ci il dekabr ayında Biləsuvar rayonu ərazisində yerləşən məcburi köçkün qəsəbəsində Meqasoft LTD və Demokratik Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə Regionlarda gənclərə Dəstək layihəsi çərçivəsində keçirilən kompüter kursunda könüllü təlimçi kimi iştirak etmişdir.

2013-cü il fevral ayında Demokratik Gənclər İctimai Birliyi və Amerikan Beynəlxalq Təlim Mərkəzinin keçirdiyi “Metodiki Mərkəzin İdarə olunması  üçün işçilərin Peşəkarlıq Səviyyəsinin Artırılması” mövzusunda təlim kursunda iştirak etmişdir.

2013-cü il fevral ayında AZFORUM-un təşkil etdiyi “Motivasiya və İnnovasiya”, “Sosial Servislərdən Effektiv istifadə” mövzusunda təlim kurlarında iştirak etmişdir.

2013-cü il aprel-may aylarında Multimedia Mərkəzinin “İnternet texnologiyalarının və sosial servislərin tədris prosesində rolu” mövzusunda təlim kursunda fəal iştirak etmişdir.

2013-cü il 29 dekabrda Azərbaycan Respublikası Təhsil Şurasının təşkil etdiyi Pedaqoji kadrların metodiki, elmi-nəzəri və təcrübi hazırlığının təkmilləşdirilməsi məqsədilə həyata keçirilən “Öyrədənlərin öyədilməsi” layihəsi çərçivəsində “Elektron tədris resurslarının hazırlanması və tətbiqi  qaydaları” üzrə kursda iştirak etmişdir.

2013-cü il iyun ayında Demokratik Gənclər İctimai Birliyinin təşkil etdiyi “Müasir cəmiyyətin qarşısında duran məsələlərin həllində və cəmiyyətin ictimai məlumatlılığının artırılmasında Bloqçuluğun təbliği” təlim kursunda təlimçi kimi iştirak etmişdir.

2013-cü ildən hal-hazıraqədər Ümumtəhsil  məktəbləri üçün hazırlanmış riyaziyyat dərsliklərinin qiymətləndirilməsində  ekspert kimi fəaliyyət göstərir.

2013-2014-cü illərdə “İLİN ƏN YAXŞI MÜƏLLİMİ” müsabiqəsinin qalibi, 2014-cü ildə AMİM tərəfindən keçirilən “Direktorlar üçün strateji planlaşma” modulunu müvəffəqiyyətlə bitirdiyinə görə sertifikat almışdır.

2014-cü ildə “Bugünün və sabahın direktorları” kursunu müvəffəqiyyətlə bitirmişdir.

2015-2020-ci illərdə Bakı şəhəri 129 nömrəli tam orta məktəbdə direktor vəzifəsində çalışmışdır. 2020-ci ildən hal-hazıraqədər Bakı şəhəri Məktəb Lisey Kompleksində direktor vəzifəsində çalışır.

2017, 2020, 2023-cü illərdə BŞTİ tərəfindən fəxri fərmana layiq görülmüşdür. 2020, 2022-ci illərdə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı BŞTİ Həmkarlar İttifaqı komitəsi tərəfindən fəxri fərmana layiq görülmüşdür.

Təhsildə İnkişaf və İnnovasiyalar üzrə III, IV, VI, VII Qrant müsabiqələrində qalib olmuşdur.

 

ŞAGİRD:

 

Mən Fatimə Xosrov qızı Əmralı 10 mart 2007-ci ildə Şamaxı şəhərində anadan olmuşam. 2013-cü ildə Bakı şəhər Məktəb-Lisey Kompleksinin 1-ci sinfinə daxil olmuşam. 2021-ci ildə Fizika, riyaziyyat və informatika təmayüllü respublika liseyinin 9-cu sinfinə daxil olmuşam. 2022-ci ildə

Bakı Atatürk liseyinin 10-cu sinfinə daxil olmuşam. Hazırda Məktəb-Lisey Kompleksinin 11-ci sinfində oxuyuram. 10 mart 2024-cü ildə keçirilən buraxılış imtahanından 296 bal toplamışam.

12 iyun 2019-cu ildə Lütfi Zadə adına Məktəblilərarası IV Məntiq Olimpiadasında respublika birinciliyi ilə mükafatlandırılmışam.

12 mart 2022-ci ildə KENKEN Beynəlxalq Olimpiadasında qızıl medala layiq görülmüşəm.

20 iyul 2022-ci ildə DərsEvi kursunda 4 aylıq İngilis dili kursunu bitirərək B1+ səviyyə sertifikatı əldə etmişəm.

14 yanvar 2023-cü ildə Yunus Emre Enstitüsü tərəfindən keçirilən Türkcə Yetərlilik imtahanında 93 bal toplayaraq C1 səviyyə sertifikatına layiq görülmüşəm.

29 may 2023-cü ildə Ulusal Antalya Matematik Olimpiadasından bürünc medal əldə etmişəm.

11 iyun 2023-cü ildə Honq Konq Beynəlxalq Olimpiadasında bürünc medala layiq görülmüşəm.

2023-cü ildə Pangea Riyaziyyat Olimpiadasında Gümüş medal sertifikatı əldə etmişəm.

12 noyabr 2023-cü ildə keçirilən TR-YÖS imtahanından 488.39 bal toplayaraq dünya 11-cisi olmuşam.

 

ESSE:

 

"Xəyal etdiyin hər şey gerçəkdir”

 

Bu il gələcək həyatım haqqında qayğılarım var ikən qarşıma Pablo Pikassonun bir

cümləsi çıxdı: “Xəyal etdiyin hər şey gerçəkdir”. Bu cümlə məni uzun müddət

düşündürdü. Bu ifadə sənətkarın yaradıcı baxış bucağını və sənət anlayışını ifadə etmək üçün istifadə olunmuşdur. Pikassonun bu sözü ilə xəyal gücünün gerçəkliklə bağlı olduğunu vurğuladığı düşünülür, ancaq bu ifadə sadəcə incəsənətlə məhdud deyil,

ümümiyyətlə, həyatın müxtəlif sahələrində də məna qazana bilər.

Hər şeydən öncə, xəyal etmək, insanın potensialını kəşf etməsinə imkan verən güclü bir möhvumdur. Xəyal gücü, yeni fikirlərin və innovasiyaların əmələ gəlməsinə şərait yaradır.

Bir insan xəyal edə bildiyi hər şeyi gerçəkləşdirə biləcək potensiala sahibdir, çünki xəyal gücü sərhədləri aşır, imkanları genişləndirir.

Xəyal etməyin gücü, incəsənətlə bərabər eyni zamanda, texnologiya, ədəbiyyat və daha bir çox sahədə də öz əksini tapır. Misal üçün, bir alim kəşfini xəyal etməzdən əvvəl gerçəkləşdirə bilməz. Bir müəllif hekayəsini və xarakterlərini xəyal edərək kitablarını yaza bilər. Bir sənətkar iç dünyasındakıları çölə vurur və yeni bir əsər yaradır.

Xəyal etmək sadəcə gerçəkləşmiş və ya gerçəkləşəcək olan şeylərlə məhdud deyildir.

Xəyal gücü, alternativ həqiqətlər və fantastik dünyalar yarada bilər. Buna görə, bu güc insanların sadəcə mövcud durumla yetinməyib, daha yaxşısını əldə edə biləcəkləri bir vasitədir.

Nəticə olaraq, insanlar potensiallarını və xəyallarını məhdudlaşdırmamalıdırlar. Xəyal gücü insanların sadəcə var olan gerçəkliyi dəyişmələrinə deyil, eyni zamanda gələcəyi

şəkilləndirmələrinə də imkan verir. Bu gün mən tibb təhsili almaq və gələcəkdə insanlara yaxşılığı toxuna biləcək bir həkim olmaq arzusundayam. Xəyallarımı gerçəkləşdirmək üçün bu yolda əmin addımlarla irəliləyir və bir gün hazırda zehnimi bəzəyən bu xəyalların

gerçək olacağına inanıram.

 

“Ədəbiyyat və incəsənət”

(01.05.2024)

“Ədəbiyyat və incəsənət”  portalı klassik poeziyamızın ünlülərindən olan Mirzə Şəfi Vazehin (1794-1852) indiyədək çap edilməmiş 65 lirik şeirinin dərcini davam edir.  Şeirlər Azad Yaşarın təqdimatında sizlərə çatdırılır.


 

“Ötən ilin noyabrında görkəmli şair, xəttat və pedaqoq Mirzə Şəfi Vazehin vəfatının 160-cı ili tamam oldu. Bu ildönümüylə bağlı oxucuların diqqətinə təqdim etdiyim silsilə şeirlər Fridrix fon Bodenştedin 1851-ci ildə Almaniyada nəşr olunan “Mirzə Şəfinin nəğmələri” kitabına salınmışdı.

Nüfuzlu dilçilərimizdən Fəxrəddin Veysəlli və Yusif Savalan tərəfindən edilən sətri tərcümələr əsasında onları yazıldığı vaxtdan təxminən 180 il sonra ədəbi irsimizə təkrar qazandırmağa çalışdım. Bu mətnlər M.Ş.Vazeh irsindən çevirdiyim 270 şeirin hələlik çap olunmayan qisminə daxildir.” (Azad Yaşar)

 

 

 

55

 

Sizə nəsihətimdir:

Baxın, günü sabahdan

günaha bulaşmasın heç bir bəndə nahaqdan.

 

Şirin sözə, xoş üzə gərək duyulmadıqca,

günahkarı əfv etmək sayılacaqdır bica.

 

Əğyar bir yol tapıbsa yarın dodaqlarına,

onlar saf busələrlə

gərək kirdən arına.

 

 

56   Fatiməyə

 

Gözəl, sənin mah camalın

Günəşə: “Sən çıxma!” deyir.

Hərçənd günəş batan kimi 

soyuq çökür hər ürəyə.

Gecə üşütməyək deyə,

o da göydə yanan deyil.

 

Ancaq içim yansın deyə,

vacib deyil görəm üzün,

çünki sənin ay qabağın

xəyalımdan gedən deyil,

qibləsidir ömrümüzün.

 

Mən hicrindən alışaram,

sən... soyuq-soyuq baxarsan.

Sən – rahatsan, mənsə – nalan,

yandırdınsa, özün də yan!

Məni xoşbəxt elədinsə,

barı sən də ol şadiman.

 

 

57

 

Sənə baş çəkdiyimdə gecənin bir aləmi

o pərğu əllərinə toxundurub əlimi,

ehmalca öpürəmsə sənin al dodağından,

özünü çox da naza qoyma, sevgili canan.

 

Tək səni sevməkdirsə amalım da, işim də,

aləmə əyandırsa sənə pərəstişim də,

onda mənə halaldır,

sən gəl, heç salma səsə –

həm əlinə iznsiz təmasım,

həm də busən.

 

Öpüşün gətirdikcə ilhamı ehtizaza,

könlümdən axan sözlər düzülər ağ kağıza.

Hər dəfə oxşadıqca o göyərçin əlləri, 

könlümdən keçər dadım... ləbindəki şəkkəri.

 

 

58

 

Gəl mənə bəhs eyləmə zamandan və məkandan,

çünki onlar qeyb olur röyada, ya yuxuda.

Ya da eşqə düşərək, vüsala qovuş ki, sən,

bəlkə, könlün... zaman və məkan hissin unuda.

 

 

59

 

Kainatın nə qədər dönən səyyarəsi var,

qədimdən təkrarlayar seçilən tək güzarı.

Cismi xakdan yoğrulan insan da gəzər-tozar,

ən sonda daşa dönər – boylar qara məzarı.

 

Gülüstanda çiçəklər açılar çesid-çeşid,

möhlət bitcək... onlar da tökər öz ləçəklərin.

Ta əzəldən belədir bu fələyin gərdişi:

güclü, cavan məxluqlar basıb yeyər o birin.

 

Yavaş-yavaş qüruba enir ömür günəşim,

razıyam – hər varlığın əvvəli var, sonu var.

Gec-tez peşkəş ömürü geri alır Yaradan,

görən, eşqsiz ölənlər... bu həyatdan nə anlar?!

 

 

60

 

Duzlu bir zarafatım məclisə xoş gələndə

tez dillənir söhbətə dəxli olmayan bəndə:

 

“O sözü sən ağzımdan qapdın...

fələk də gördü,

mən də elə bu saat tam onu düşünürdüm!”

 

Baş qoşma, Mirzə Şəfi,

sənin işin budur, bu –

həyatdan almalısan yazacağın mövzunu.

 

Onsuz da müdrikliklə keçib bütün həyatın,

məşhurdur el-obada şux sözün, ixtilatın.

 

“Ədəbiyyat və incəsənət”

(01.05.2024)

 

Çərşənbə, 01 May 2024 13:30

Beş manat

Jalə İslam, “Ədəbiyyat və incəsənət”

 

Ah! həyatdan əlini biryolluq üzmək nə qədər çətin, həm də nə qədər asan idi. Ya da necə də doyumsuz idik. Necə də bədbəxt və necə də xürrəm idik. Amma necə də nəfəssiz və bir o qədər də qüvvətli idik. 

 

Keçən dəfə bir şəxs ilə söhbət edərkən bir cümləsi diqqətimi çəkdi. Deyirdi ki, pisliyə can qurban. Bunu deyərək sözünə davam edir və səbəblərini izah edirdi. Üzümə baxaraq -Bu yolun sonu onsuz alovlu torpaq və cəhənnəm vadisidir, belə olan halda yaxşılıqlarımla niyə vaxtımı boş yerə itirim,- deyərək cibindəki son pula içki aldı və məndən ayrılaraq öz yoluna davam etdi. Mən isə otuz qəpik puluma yoldaş olsun deyə əlimi bütün ciblərimdə gəzdirərək on qəpik axtarırdım. Məlum məsələdir ki, avtobus qırx qəpikdir və əgər o on qəpiyi tapmasam, xalqımın düşüncə tərzindən öz qabıma müəyyən qədər mən də qoyduğum üçün beş manatımın başını pozmaq istəmirəm. Və... mən o on qəpiyi tapa bilmirəm. Çantanın dibindən bir beş, bir  də üç qəpik tapıram. Məlum məsələdir ki, onlar da işimə yaramır.

Beynimdə iki variant var :

1.Pisliyə can qurban. 

2.Beş manatın başını poz! 

 

Nəysə bir az yaxınlıqda olan mağazaya baxıb birinci variantı düşünürəm. Sonra müsəlman olduğum və içimdə hələ də vicdan duyğusunu axtarıb tapıram. Həmçinin on qəpikdən tez tapdığımı düşünüb sevinirəm. Ya da zəngin bir əhatəm olmadığı üçün etdiyim əməllərin nəticələrinə özüm dayanmalı olduğumu anlayıb, öz içimdən özümə, -Öl yerində, heç sənə lazımdır?! -deyirəm. Nəticə isə budur ki, o beş manat artıq yoxdur və nə olursa, o beş manatın başı pozulduqdan sonra olur...

 

“Ədəbiyyat və incəsənət”

(01.05.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.