Super User

Super User

Xəbər verdiyimiz kimi, Qori Müəllimlər Seminariyasının Azərbaycan bölməsinin fəaliyyətə başlamasının 145-ci ildönümünə həsr edilmiş “Vətənimsən, Azərbaycan!” adlı müsabiqə elan edilib. Oxucularımızln müsabiqə şərtləri ilə bağlı daha geniş bilgi almaları istəklərini nəzərə alıb müsabiqə barədə daha geniş məlumat təqdim edirik. 

 

ADA Universiteti Qazax Mərkəzi/Qazax Müəllimlər Seminariyası Qori Müəllimlər Seminariyasının Azərbaycan bölməsinin fəaliyyətə başlamasının 145-ci ildönümünə həsr edilmiş “Vətənimsən, Azərbaycan!” adlı müsabiqəni 9-cu sinif şagirdləri arasında elan edir. 

Artıq ikinci dəfə təşkil olunan müsabiqənin əsas məqsədi şagirdlərin azərbaycançılıq ruhunda tərbiyə olunması, onların ölkəmizin tarixi, ana dili, Azərbaycan ədəbiyyatı, coğrafiyası və mədəniyyəti sahələrində biliklərinin artırılması, habelə şagirdlərin komanda şəklində çalışma bacarıqlarının inkişaf etdirilməsidir.

Qeyd edək ki, Qori Müəllimlər Seminariyası 1876-cı ildə Cənubi Qafqaz xalqları üçün ibtidai siniflərdə dərs keçmək üçün müəllimlərin hazırlanması məqsədilə yaradılıb. Seminariyanın Azərbaycan bölməsi isə 1879-cu ildə fəaliyyətə başlayıb. Bu bölmənin rəhbəri böyük maarifçi Aleksey Osipoviç Çernyayevski olmuşdur. Fəaliyyətdə olduğu dövr ərzində bu bölməni yüzlərlə azərbaycanlı gənc bitirmiş və maarif ənənələrinin ölkəmizdə yayılması, uşaqların məktəblərə cəlb olunmasında əvəzsiz xidmətləri olmuşdur. Məzunların arasında Firudin bəy Köçərli, Üzeyir bəy Hacıbəyli, Müslüm Maqomayev, Cəlil Məmmədquluzadə kimi dahi şəxslər də yer almışdır. Məhz bu səbəbdən, “Vətənimsən, Azərbaycan!” müsabiqəsi Qori Müəllimlər Seminariyasının Azərbaycan bölməsinin fəaliyyətə başlamasının 145-ci ildönümünə həsr olunmuşdur.

 

Müsabiqə 2024-2025-ci tədris ilində Qazax-Tovuz RTİ, Gəncə-Daşkəsən RTİ və Mərkəzi Aran RTİ-yə daxil olan ümumtəhsil məktəblərinin 9-cu sinif şagirdləri arasında təşkil edilir.

 

Qeydiyyat: Müsabiqəyə qeydiyyat onlayn qaydada həyata keçirilir. Bu zaman şagirdlər göstərilən linkə daxil olaraq lazımi xanalarda öz məlumatlarını dolduraraq, imtahan verəcəkləri imtahan mərkəzlərini seçə bilərlər.

 

Müsabiqənin təşkil edilmə qaydaları: 

 

Müsabiqə 2 mərhələdən ibarətdir

I mərhələ - rayon/şəhər daxili - Bu mərhələdə onlayn qeydiyyatdan keçmiş şagirdlər iştirak edir:

* Şagirdlərə 75 sualdan ibarət sual kitabçası təqdim olunur

* Suallar Azərbaycan tarixi, Ana dili, Azərbaycan ədəbiyyatı, coğrafiyası və mədəniyyətinə dair mövzuları əhatə edir. 

* Müvafiq olaraq, hər bir mövzu üzrə 15 sual təqdim olunur. 

* İmtahan 2 saat davam edir

* Bu mərhələdə hər bir regional təhsil idarəsi üzrə ən yaxşı nəticə göstərmiş 5 şagird növbəti mərhələyə keçir

 

Final Mərhələsi - Müsabiqənin final mərhələsi “Nə, Harada, Nə zaman” intellektual oyun formatında Qazax Müəllimlər Seminariyasında keçirilir:

* I turun qalibləri öz məktəblərində (qalibin özü daxil olmaqla) 5 nəfərdən ibarət komanda yığır. I turun qalibi komandaya kapitanlıq edir.

* Ümumilikdə 15 komanda formalaşdıqdan sonra final mərhələsi təşkil edilir.

* Finala çatmış 15 komanda təyin olunmuş vaxtda Qazax Müəllimlər Seminariyasında müsabiqənin final mərhələsində iştirak edir. 

* İnteraktiv oyun şəklində keçirilən bu mərhələdə komandalara moderator tərəfindən ümumilikdə 20 sual səsləndirilir.

* Hər bir sualı cavablandırmaq üçün şagirdlərə/komandaya 2 dəqiqə vaxt verilir. Yarışın sonunda ən yüksək nəticə göstərən 3 komanda qalib olur. 

* Ən yüksək nəticələri göstərmiş komandalar, müvafiq olaraq, I, II və III yerlərə layiq görülüb hədiyyə və sertifikatlarla mükafatlandırılır.

 

Müraciət üçün Onlayn Ərizə formasını doldurmaq lazımdır.

Qeydiyyat 15 noyabr 2024-cü il tarixinədək aparılacaqdır. Əlaqə üçün: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.   

Qeyd: Onlayn ərziəni tam doldurmayan namizədlərin müraciətinə baxılmayacaq. 

 

“Ədəbiyyat və incəsənət”

(04.11.2024)

Noyabrın 19-20-də Sankt-Peterburqdakı Tavriya sarayında “Moda Birliyi” üçüncü beynəlxalq forumu keçiriləcək.

 

AzərTAC tədbirin rəsmi saytına istinadla xəbər verir ki, forumun məqsədləri postsovet məkanının zəngin mədəni irsi haqqında biliklərin yayılması, mədəniyyətlərarası əlaqələrin və iqtisadi qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsi, yüngül sənayenin inkişafı yolunda mövcud inzibati maneələrin aradan qaldırılması ilə bağlı problemlərin həllindən ibarətdir.

 

Tədbirdə MDB ölkələrinin sənaye müəssisələrinin və moda biznesinin, peşəkar assosiasiya və birliklərin, aidiyyəti nazirlik və idarələrin, təhsil müəssisələrinin nümayəndələri bir araya gələcək.

 

Bu il tədbir iştirakçılarını geniş proqram gözləyir: ənənəvi treklərə - iqtisadiyyat, istehsal, yaradıcı sənaye, kadrlar, mədəni ənənələr - yeniləri əlavə olunacaq: gözəllik və sağlamlıq, moda turizmi. Forum çərçivəsində xüsusi elan edilmiş müsabiqənin qalibi də daxil olmaqla MDB ölkələrinin görkəmli və gənc dizaynerlərinin kolleksiyalarının təqdim olunacağı moda nümayişləri keçiriləcək.

 

Foruma hazırlıq çərçivəsində Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistanın dövlət orqanlarının, uyğun assosiasiyaların, istehsal sektorunun, elmi və biznes icmalarının nümayəndələrinin daxil olduğu işçi qrup yaradılıb.

 

Noyabrın 10-da Tavriya sarayının Yekaterina zalında Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Türkmənistan və Özbəkistan dizaynerlərinin kolleksiyalarından ibarət böyük nümayiş keçiriləcək. Azərbaycandan məşhur modelyerlər Anara Zakirli, Natavan Əliyeva, həmçinin Yelena Poqirnitskaya (Belarus), Kayrolla Abişev (Qazaxıstan), Aysalkın Ismailova (Qırğızıstan), Liliya Kiselenko (Rusiya), Vays Asoyev və Laylo Habibi (Tacikistan), Selbi Sultanova (Türkmənistan), Dilrabo Mamarahimova, İrina Şaripova və Şoyista Babamirzayeva (Özbəkistan) öz kolleksiyalarını təqdim edəcəklər. Eyni zamanda, Azərbaycandan olan istedadlı modelyer Zümrüd Mirzəliyeva builki moda forumunda öz kolleksiyasını nümayiş etdirəcək.

 

Tədbir MDB Parlamentlərarası Assambleyası (PA) tərəfindən Rusiya Federasiyası Mədəniyyət Nazirliyi, Sənaye və Ticarət Nazirliyi, Təbii Sərvətlər və Ekologiya Nazirliyi, eləcə də Avrasiya Qadınlar Forumunun dəstəyi ilə keçirilir.

 

Qeyd edək ki, tədbir ilk dəfə 2022-ci ilin oktyabrında bütün Birlik ölkələrinin nümayəndələrinin iştirakı ilə keçirilib. Forumun yekunlarına əsasən, MDB PA Şurasının 2022-ci il oktyabrın 27-də Səmərqənddə keçirilən iclasında Birlik dövlətlərinin parlament rəhbərləri “Moda Birliyi” beynəlxalq forumunun formatının yüngül sənaye sahəsində təcrübə, rəy və ekspert məlumatlarının mübadiləsi üçün daimi illik platformaya çevrilməsi barədə yekdil qərar qəbul ediblər.

 

“Ədəbiyyat və incəsənət”

(04.11.2024)

Azərbaycan noyabrın 1-dən 8-dək Minskdə “Keyfiyyət nişanlı kino” devizi altında keçirilən XXX Minsk Beynəlxalq “Listapad” Kinofestivalında təmsil olunur.

 

AzərTAC kinofestivalın saytına istinadla xəbər verir ki, yubiley film festivalı Belarus kinosunun 100 illiyi və festivalın 30 illiyinə həsr olunub.

 

Azərbaycanı kinofestivalda “Gənclərin kinosu” müsabiqəsinin münsiflər heyətinin sədri kimi prodüser, rejissor, ssenarist Cavid İmamverdiyev təmsil edir. Onunla birlikdə filmləri İsveçrədən olan rejissor və sənədli film prodüseri Domeniko Lukkini və belaruslu rejissor Kirill Xaletski qiymətləndirəcək.

 

Bildirilir ki, festivala artıq 112 ölkədən 2200-dən çox müraciət daxil olub. Tamaşaçılara dünyanın müxtəlif yerlərindən ən yaxşı filmlərin daxil edildiyi yeddi müsabiqə proqramı təqdim ediləcək.

 

Bu il “Listapad” kinofestivalı qürurla iki müsabiqənin təkrar keçiriləcəyini elan edir. Milli müsabiqədə istedadlı Belarus rejissorlarının yaratdığı 23 film, milli kino məktəbi müsabiqəsində isə aparıcı kino universitetlərindən tələbələrin 15 seçilmiş işi təqdim olunacaq.

 

Əsas bədii film müsabiqəsi tamaşaçılara 24 ölkədən 18 film təqdim edəcək. Onların arasında 2024-cü ildə Kann Film Festivalında Qran-Priyə layiq görülmüş Hindistan rejissoru Payala Kapadianın “Bizə işıqlı görünən hər şey” dramı var.

 

Sənədli film kateqoriyasında 7 ölkədən 12 əsər əsas mükafatlara namizəd olacaq. Animasiya şedevrləri də festivalda öz yerini tapacaq: bu kateqoriyada 24 ölkədən 50 film təqdim olunacaq.

 

Bununla yanaşı, 17 ölkədən 11 filmin özünü və ailəsini tapmaq üçün yeni perspektivlər təqdim edəcəyi “Gənclərin kinosu” müsabiqəsi də keçiriləcək. 2024-cü ildə bu istiqamət gənc istedadların potensialının açılmasını, ölkələrin birləşməsini əks etdirir.

 

Gənc tamaşaçılar üçün kinofestivalda 6 ölkədən 8 filmin nümayiş olunacağı “Listapadzik” müsabiqəsi də olacaq. Burada uşaq və gənclər filmlərinin tamaşaçıları üçün yeni ekran əsərləri təqdim ediləcək. Müsabiqə zamanı “Belarusfilm” milli kinostudiyası tərəfindən istehsal olunmuş “Sirin quşu. Slavyan əfsanələrinin qanadları” filminin premyerası olacaq.

 

“Ədəbiyyat və incəsənət”

(04.11.2024)

Noyabrın 2-də Beynəlxalq Muğam Mərkəzində Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə tanınmış alim və pedaqoq, istedadlı şair və ictimai xadim, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) prorektoru, professor Mahirə Nağıqızının yaradıcılığına həsr edilmiş poeziya gecəsi keçirilib.

 

AzərTAC xəbər verir ki, tədbirdə əvvəlcə Mahirə Nağıqızının həyat və fəaliyyətini özündə əks etdirən videoçarx nümayiş olunub.

 

Sonra tədbirdə çıxış edən Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı Mahirə Nağıqızının zəngin söz dünyasından, yaradıcılığının özünəməxsus cəhətlərindən danışıb, onun pedaqoq, istedadlı şair, vətənpərvər ziyalı və tanınmış alim olduğunu bildirib.

 

"Mahirə xanımın yaradıcılığında müxtəlif mövzular əks olunur. Bunlar vətən sevgisi, təbiət, ilahi məhəbbət, insanın ruh aləmi mövzularıdır. Lakin onun poeziyasında ən diqqətçəkən məqamlardan biri Vətənə olan sevgisidir. O, Vətən torpağının hər qarışını sevgi ilə tərənnüm edir. Mahirə xanımın yaradıcılığında Qarabağın 30 il müddətində işğal altında olduğu dövrdə elə bir guşəsi yoxdur ki, onunla bağlı şeir və ya hekayəsi olmasın. Bu gün isə artıq Qarabağ azaddır, Azərbaycanın ərazi bütövlüyü bərpa olunub və bu tarixi zəfər Mahirə xanımın yaradıcılığında yeni bir mərhələnin başlanğıcıdır", - deyə M.İbrahimqızı diqqətə çatdırıb.

 

Tədbirdə digər çıxış edənlər Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli, ADPU-nun rektoru, professor Cəfər Cəfərov, Azərbaycan Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov, Milli Məclisin deputatı Hikmət Babaoğlu Mahirə xanımın yaradıcılığı haqqında fikirlərini bölüşüblər. Bildirilib ki, Mahirə xanım bu gün elmi fəaliyyəti ilə bərabər, ölkənin ictimai həyatında da fəal iştirak edir. Onun Qərbi Azərbaycan İcmasının fəaliyyətində də çox böyük əməyi var və Qərbi Azərbaycan həqiqətlərinin ölkə daxilində və xaricində təşviq edilməsi istiqamətində intensiv fəaliyyət göstərir.

 

Çıxış edənlər vurğulayıblar ki, çoxşaxəli və məhsuldar fəaliyyəti ilə tanınan professor 60-dan çox elmi əsərin, monoqrafiyanın, tədqiqat əsərlərinin müəllifidir. Bildirilib ki, bu əsərlərin bir çoxu müxtəlif dillərdə, xarici ölkələrdə nəşr edilib və tədris edilir.

 

Qeyd edək ki, müasir Azərbaycan poeziyasında imzası ilə tanınan və sevilən şair Mahirə Nağıqızı Türk dünyasının bir sıra universitetlərinin fəxri professorudur. Onun 70-dən çox şeirinə musiqi bəstələnib.

 

Tədbirdə şairin müəllifi olduğu şeirlər səsləndirilib.

 

Sonda çıxış edən Mahirə Nağıqızı təşkil olunmuş gecəni öz yaradıcılığının hesabatı kimi dəyərləndirib, elmi fəaliyyətinə göstərilən diqqətə görə minnətdarlığını bildirib.

 

Tədbir bədii hissə ilə davam edib.

 

Qeyd edək ki, ədəbiyyatşünas alim, elm və maarif təşkilatçısı kimi Mahirə xanım həm də Qərbi Azərbaycan Televiziyasında “Ziyalı” elmi-publisistik verilişin müəllifidir.

 

“Ədəbiyyat və incəsənət”

(04.11.2024)

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində noyabrın 15-də Bakıda mədəniyyətə əsaslanan iqlim fəaliyyəti üzrə 2-ci Yüksək Səviyyəli Nazirlər Dialoqu keçiriləcək.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Mədəniyyət Nazirliyindən AzərTAC-ın sorğusuna cavab olaraq bildirilib ki, dialoqun COP29 Mavi zonasında 90 dəqiqə ərzində baş tutması planlaşdırılır.

 

Birləşmiş Ərəb Əmirlikləri, Braziliya və Azərbaycanın mədəniyyət nazirliklərinin təşkilatçılığı ilə tədbirdə nazirlər, nazir müavinləri və beynəlxalq təşkilat rəhbərləri iştirak edəcəklər. Bu tədbirdə ekspert və qeyri-hökumət təşkilatı nümayəndələri ilə birgə 120-yə yaxın qonağın iştirakı gözlənilir. Yüksək səviyyəli dialoq mədəniyyəti, o cümlədən incəsənət və irsi iqlim fəaliyyəti gündəliyinə daxil etmək üçün beynəlxalq konsensusa nail olmağa çalışacaq.

 

COP29 çərçivəsində Azərbaycan pavilyonunda Mədəniyyətə Əsaslanan İqlim Fəaliyyətinin Dostları Qrupu, UNESCO, Azərbaycan, BƏƏ və Braziliya Mədəniyyət nazirliklərinin birgə təşkilatçılığı ilə yan tədbirin keçirilməsi, həmçinin tədbirdə Azərbaycanın təşəbbüsü olan Culture for Climate (C4C) layihəsinin təqdimatı da nəzərdə tutulur.

 

Qeyd edək ki, Mədəniyyət Nazirliyi COP29-a hazırlıq çərçivəsində cari ilin ötən dövründə bir çox tədbirlər təşkil edib. Bunlara UNESCO Baş Qərargahında Mədəniyyət Nazirliyi tərəfindən COP29 çərçivəsində həyata keçiriləcək mədəniyyət məzmunlu tədbirlərə dair təqdimat, “COP29 və Mədəniyyət: İqlim dəyişikliyinin mədəni ölçüləri” adlı konfransı, VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda ətraf mühitin mühafizəsi və iqlim dəyişmələrinin mədəni irsə təsirinə dair panel və plenar sessiyalar, Ağdam şəhərində baş tutmuş “Minaların və partlamamış hərbi sursatların mədəni mülkiyyətə təsiri”nə həsr olunmuş Xüsusi Konfrans, “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş “Azərbaycan ekologiyası” adlı biblioqrafiya kitabının təqdimatı, eləcə də irili-xırdalı 10-larla tədbir daxildir.

 

“Ədəbiyyat və incəsənət”

(04.11.2024)

30 oktyabr 2024-cü il tarixində "Green Hackathon 2024" layihəsinin yekun tədbiri keçirilib.

Final prosesində komandalar yaşıl texnologiya, ağıllı kənd təsərrüfatı, yaşıl enerji və yaşıl iqtisadiyyat sahələrində innovativ həllər təklifləri ilə bağlı münsiflər heyəti qarşısında çıxış dəstəkləyir. Ümumilikdə 20 komanda iki gün ərzində mentorların yaradılması ilə bağlı ideyalarının prototiplərini hazırlayıblar. 

Tədbirdə Azərbaycan Respublikasının Prezidentinin Sosial Yanında Vətəndaşlara Xidmət və Dövlət İnnovasiyalar üzrə Dövlət İnnovasiyaları üzrə sədr müavini Ceyhun Salmanov, AİB-nin ölkə üzrə direktoru Sunniya Durrani-Jamal, iqtisadiyyat nazirinin birinci köməkçisi Elnur Əliyev və digər qonaqlar çıxışı.

“Ədəbiyyat və incəsənət” portalı Agentliyə əlavə xəbər verir ki, bankın “Greenix” komandası I yerə, “Envirominds” komandası II yerə, “AgroGuard” komandası III yerə layiq görülüb. Qalib komandalar pul mükafatı və təhsil vauçerləri ilə təltif olunublar. 

Tədbir çərçivəsində yerli və beynəlxalq ekspertlərin layihələri ilə "Dayanıqlı gələcək üçün yaşıl texnologiyalar layihəsi" adlı panel müzakirələr aparır. Müzakirədə müxtəlif yaşıl innovasiya həlləri və texnoloji trendlərin Azərbaycan üçün zərərli təsiri artır. Ekspertlər, xüsusi təcrübələrin tətbiqi imkanları ilə bağlı bölüşdürülmələr.

 

“Ədəbiyyat və İncəsənət”

(01.11.2024)

Cümə, 01 Noyabr 2024 20:36

Noyabrın 1-i onun günüdür…

 

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Tarix elmləri doktoru Nəsiman Yaqublunun ölüm xəbərini alanda özünü saxlaya bilməyib, hönkür-hönkür ağlayıb. "Nə danışırsız, o, mənim canım-ciyərim idi"- deyib...

Soyuqqanlı görünsə də içində bir vulkan qaynayır. Hər kəs onu duya bilməz, ancaq hissləri açıq kəslər bu sakit görünüşün arxasında gizlənən qeyri-adi enerjili şəxsiyyəti anlaya bilər. Güclü xarakterə malikdir, itaət etməyi xoşlamır. Romantik, duyğusal, mənalı adamdır. Qürurlu, məğrur və nəzakətlidir.

Nüfuzedici nəzərləri var, sığal kimidir, könülləri oxşaya bilir. Dözümlüdür, müdhiş bir iradə gücünə sahibdir. Son dərəcə həssas və diqqətlidir. Bir xoş sözdən kövrələ, bir acı kəlmədən inciyə bilər…

Deyir ki,- “Mən sürügündə anadan olmuşam və bunun necə bir həyat olduğunu yaxşı bilirəm. Uşaqlıqda, yeniyetmə yaşlarımda bu cür şeylərə fikir vermirdim. Oxuduğum məktəbdə çeçenlər, almanlar, koreyalılar, belaruslar, bir sözlə müxtəlif xalqların nümayəndələri var idi. Həmin vaxtlar onların, elə öz valideynlərimin də sürgün olunduğunu dərk etmirdim. O illər valideynlərimiz çox əziyyət çəkiblər. Onlar olduqca ağır həyat yaşayıblar. Məktəbli idim və öz qayğılarım var idi. Məktəbi bitirdikdən sonra başqalarına açıq olan yerlər, bizim üçün bağlı olduğunu görəndə, yalnız bundan sonra sürgündə olduğumuzun fərqinə vara bildim…”

Çox çətinliklərə dözüb. Necə deyərlər, uşaqlıq illərini bir qarnı ac, bir qarnı tox keçirib. “Xalq düşməni” damğasının ağrı-acısını yaşayıb. Tənələrə, təqiblərə məruz qalıb. Fəqət eşitdiyi tənələrdən, təqiblərdən sarsılmayıb, əksinə gələcəyə böyük ümidlərlə baxıb…

Haqqında söhbət açdığım Rais Rəsulzadə 1946-cı ildə Qazaxstanda dünyaya gəlib. Azərbaycan Xalq Cümhuriyyətinin banısı Məhəmməd Əmin Rəsulzadənin oğlu Azərdən olan nəvəsidir. Üç yaşında olarkən anası vəfat edib. Orta təhsilini Qazaxstanda bitirdikdən sonra, Azərbaycana üz tutub. 1969-cu ilədək Əzim Əzimzadə adına rəssamlıq məktəbində təhsilini davam etdirib. Elə o vaxtdan da Bakıda yaşayır. 1972-1977-ci illərdə ali təhsil alıb. Bir il orta məktəblərin birində pedaqoji fəaliyyətlə məşğul olub. 1978-ci ildə indiki Azərbaycan Dövlət Pedaqoji Universitetin “Rəsm, heykəltaraşlıq və boyakarlıq” kafedrasında əvvəlcə müəllim, sonra baş müəllim işləyib. 2002-ci ildə “Azərbaycan Respublikasının əməkdar rəssamı” fəxri adına layiq görülüb.

800-dən çox rəsm əsərinin müəllifidir. Əsərləri Azərbaycan və digər ölkələrin rəsm qalereyalarında saxlanılır.

2009-cu ildən “Azərbaycan Siyasi Repressiya Qurbanları Assosiasiyası”na rəhbərlik edir…

“Babam Məhəmməd Əmin Rəsulzadə böyük siyasətçi olsa da, mənim heç zaman siyasətə marağım olmayıb. Profesional siyasətlə məşğul olmaq üçün gərək insan bu sahəyə köklənsin. Bu baxımdan siyasi fəaliyyət böyük məsuliyyət tələb edir. Yəni sən təkcə özünün deyil, həmçinin kütlənin, xalqın, dövlətin taleyini həll edirsən. Müəyyən ideyalarla çıxış edir və camaatla ünsiyyətdə olursan. Onları düzgün yönəltmək üçün gecə-gündüz bu istiqamətdə çalışmalısan. Belə olduğu halda da digər işlərə vaxt qalmır. Ya o yanlıq, ya da bu yanlıq olmalıdır. Mən əgər siyasətlə məşğul olsaydım, o zaman rəssamlığa vaxt ayıra bilməzdim.”- söyləyir…

Xeyli gözəl xüsusiyyətləri var. Dostluqda vəfalıdır- hər adama bel bağlamasa da, kiminləsə dost oldusa, son nəfəsinədək ona sadiq qalacaq. Çox danışmağı sevmir. Çünki demək istədiklərini gözləri ilə ifadə edə bilir. Onun bir baxışından sevgisini və ya nifrətini anlamaq olur. Fiziki olduğu qədər, mənəvi baxımdan da güclüdür. Heç bir zaman özünü aldatmır. Həqiqət acı da olsa, üz-üzə gəlməkdən çəkinmir. Tənqidi qəbul etmək qabiliyyəti və analiz tutumu sayəsində mükəmməlləşə bilib. Gələcəyi öncədən görə bilən insandır. Təxminləri adətən sonradan gerçəkləşir. Müşahidə qabiliyyəti yüksək səviyyədədir, gözlərindən heçnə yayınmır. Bir sözlə, məntiqi zəkasını təxəyyül və hissilə tarazlaşdıra bildiyi üçün şanslı adamdır.

Babası ilə fəxr edir, Onun xidmətlərindən qürur duyur…

Deyir ki,- “Nə qədər ki, Azərbaycan tarixi var, Məhəmməd Əmin Rəsulzadə var və olacaq. Onu tariximizdən silmək mümkün deyil. Rəsulzadə Azərbaycan dövlətinin qurucusudur. Rəsulzadə Azərbaycan xalqının çox böyük, görkəmli simalarından biridir. Böyük dövlət xadimidir. Rəsulzadə Azərbaycan bayrağının yaradıcısıdır. Azərbaycançılıq ideyasının atasıdır və Azərbaycan azadlıq ideologiyasının, azadlıq məfkurəsinin banisidir. Və həmin məfkurə elə indi də inkişaf edir. Nəhayət Rəsulzadə böyük demokratiya ideyalarının müəllifidir, dünyəvi simadır. Bunu onun nəvəsiyəm deyə demirəm. Siz də onun nəvəsisiniz. Rəsulzadə fəxrimizdir, tariximizdir və onu dərindən öyrənmək vacibdir. Bir-iki cümlə ilə onu tanıtmaq yerinə düşməz, ona hörmətsizlik olar. Rəsulzadə həqiqətən böyük simadır. Hər birimizin fəxridir. Onunla dostluq edən Seyid Tağızadə deyirdi ki,- Rəsulzadə dürüst, qüvvətli məntiq sahibi, sözü bütöv, öz ideyalarına böyük inam bəsləyən biri idi və axırda əlavə edir ki, belələrinə bizim zamanda nəinki şərqdə, hətta dünyada rast gəlinməz. Belə şəxsiyyəti olan xalq xoşbəxtdir…”

Bəli, xalqımız xoşbəxtdir ki, onun Məhəmməd Əmini var. Haqqında söhbət açdığım rəssam Rais Rəsulzadə isə ikiqat xoşbəxtdir. Çünki damarlarında Məhəmməd Əmin Rəsulzadənin qanını daşıyır…

Bu gün - noyabrın 1-i 78 yaşı tamam olur. Bu münasibətlə onu təbrik edir, möhkəm can sağlığı, ağrı-acısız günlər arzulayıram.

 

“Ədəbiyyat və incəsənət”

(01.11.2024)

 

Almaniyanın Berlin şəhərində Azərbaycan Bəstəkarlar İttifaqının yaranmasının 90 illiyi qeyd olunub. Yubley münasibəti ilə Berlindəki Mədəniyyət Mərkəzində klassik Azərbaycan musiqilərinin səsləndirildiyi gecə keçirilib.

“Ədəbiyyat və incəsənət” portalına Diasporla iş üzrə Dövlət Komitəsindən daxil olan məlumata görə, gecədə elm və mədəniyyət xadimləri, Almaniyada yaşayan Azərbaycan, türk və digər icmaların üzvləri, media nümayəndələri iştirak edib.

Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə dahi Üzeyir Hacıbəylinin Azərbaycan musiqisinin inkişafındakı xidmətlərinin bariz nümunəsi olan Bəstəkarlar İttifaqının ötən 90 ildə uğurlu inkişaf yolu keçdiyini söyləyib. Məhz bu səbəbdən qurumun yubileyinin ölkəmizdə və xaricdə böyük təntənə ilə qeyd edildiyini bildirib.

Tədbir konsert proqramı ilə davam edib.

Xalq artisti Fəxrəddin Kərimovun bədii rəhbərliyi ilə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin, Əməkdar artist, Prezident mükafatçısı İnarə Babayevanın ifalarında Azərbaycan klassik musiqisinin banisi Üzeyir Hacıbəyovun, Fikrət Əmirovun, Qara Qarayevin, Asəf Zeynallının, Musa Mirzəyevin və Firəngiz Əlizadənin əsərləri səsləndirilib.

 

“Ədəbiyyat və incəsənət”

(01.11.2024)

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Oktyabrın 31-də ADPU-nun Quba filialında Azәrbaycan Yazıçılar Birliyi Әdәbiyyat Fondunun və  Azәrbaycan Respublikası Mәdәniyyәt Nazirliyinin birgə təşkilatçılığı ilə  “Yeniyetmә vә gәnclәrdә mütaliә mәdәniyyәtinin formalaşdırılması” layihәsinin təqdimat mərasimi keçirilib. 

 

Tədbir ADPU-nun Quba filialı Heydər Əliyev Lektoriyasının müdiri Nəhayət Şirinovanın moderatorluğu ilə baş tutub. 

Filialın direktoru, fizika elmləri doktoru, dosent Yusif Alıyev tədbiri açaraq gənc nəslin formalaşmasında kitabın, mütaliənin, ədəbiyyatın əvəzsiz rolunu ön plana çəkib və mütaliənin faydasından, gənclərin gələcək həyatlarındankı tərbiyəvi rolundan danışıb. Tələbələrdə mütaliəyə maraq oyatmaq üçün universitetdə görülən işlərdən, yaradılan şəraitdən, bu sayaq tədbirlərin keçirilməsi zəririliyindən bəhs edib.

Daha sonra Ədəbiyyat Fondunun Baş Direktoru, yazıçı, layihənin rəhbəri Varis Yolçiyevə söz verilib. O öz çıxışında  2024-cü ildә Mədəniyyət Nazirliyi tərəfindən “Qeyri-hökumәt tәşkilatları üçün qrant müsabiqәsi” elan olunmasını və  qalibin Ədəbiyyat Fondunun “Yeniyetmә vә gәnclәrdә mütaliә mәdәniyyәtinin formalaşdırılması” layihəsinin olduğunu qeyd edib. Varis Yolçiyev onu da diqqətə çatdırıb ki, günümüzdә böyük әhәmiyyәt kәsb edәn bu layihәnin birinci mәrhәlәsindә gәnclәr üçün mütaliәnin faydaları barәdә yaddaş kitabçası olan “Mütaliə mədəniyyətini necə formalaşdırmalı” kitabı vә onların mütaliəsi üçün isə “Sizin üçün seçdik” adlı müasir әdәbiyyat antologiyası nәşr edilib. İkinci mərhələdə isə Bakıda, Sumqayıtda, Gəncədə və Qubada hədəf auditoriyası ilə görüşlər keçirilir, mütaliənin faydaları barədə mühazirələr oxunur, kitablar hədiyyə edilir. 

Daha sonra Azərbaycan Yazıçılar Birliyinin Quba bölməsinin sədri, şair Ramiz Qusarçaylı çıxış edərək bölgədə ədəbiyyatın bugünkü mənzərəsi, gənclərdə ədəbiyyata sevgi oyatmaq üçün görülən işlər barədə söz açıb. 

Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı, şair İntiqam Yaşar çağdaş günümüzdə türk dövlətlərində mütaliəyə maraq oyadan yeni metodlardan, gənc şair və yazıçıların ədəbiyyata verdikləri töhfələrdən bəhs edib. 

Quba Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Saməddin Nəsirov bölgədə kitabxanaların fədakar zəhmətindən, hazırkı internet əsrində kağız kitablara oxucu marağı oyatmaq üçün gördükləri işlərdən bəhs edib. 

Daha sonra Qubanın ağsaqqalı, filialın Filologiya kafedrasının baş müəllimi Eyvaz Şeydayev keçmişdə və indi kitaba olan marağı müqayisəli şəkildə təhlil edib, günümüzdə gənclərə mütaliə sevgisi yaratmaq üçün qarşıda dayanan əsas vəzifələrdən bəhs edib. 

Quba ədəbi mühitinin seçilən  nümayəndələrindən Ayaz Səlimxanoğlunun, eləcə də gənc yazarlar, filialın istedadlı tələbələrindən olan gənc şair Günəş İskəndərov və qiraətçi Aynur Əliverdiyevanın çıxışları dinlənilib. 

Tədbir interaktiv sual-cavab formasında davam edib, sonda hər bir tədbir iştirakçısına “Mütaliə mədəniyyətini necə formalaşdırmalı” və “Sizin üçün seçdik” kitabları hədiyyə edilib.

Tədbir xatirə şəklinin çəkilməsi ilə başa çatıb.

 

“Ədəbiyyat və incəsənət”

(01.11.2024)

“Ədəbiyyat və incəsənət” portalı Elçin Zahiroğlunun çox vacib, maraqlı bir xəbərini təqdim edir. 

 

Mən ölsəm sən, büti-şəngül, 

sürahi eyləmə qülqül,

Nə qülqül? Qülqüli-badə. 

Nə badə? Badeyi-əhmər. 

 

İlk anadilli qəzəllər yazmış şair kimi tanıdığımız və cəmi 3 qəzəli məlum olan İzzəddin Həsənoğlunun 367 səhifəlik kitabı tapılıb. Özü də tərtəmiz azərbaycanca. Bu kitabı son illərə qədər Türkiyədə yaşamış azərbaycanlı professor Seyfəddin Altaylı tapıb və üzərində 14 il işlədikdən sonra çap etdirib. 

Ədəbiyyat və dil tariximizlə bağlı böyük hadisədir. 

 

“Ədəbiyyat və incəsənət”

(01.11.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.