Super User

Super User

 

Mədəniyyət naziri Adil Kərimli aprelin 29-da Azərbaycanda səfərdə olan Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədri Yan Vanminin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir. 

 

Görüşdə çıxış edən Adil Kərimli iki ölkə arasındakı mədəni əlaqələrdən danışıb. Bildirib ki, dövlət başçılarının siyasi iradəsi ilə Azərbaycan və Çin arasında qarşılıqlı etimada əsaslanan etibarlı əlaqələr qurulub. Nazir ölkəmizin ildən-ilə genişlənən əlaqələrində mədəni əməkdaşlığın da xüsusi yerinin olduğunu vurğulayıb.

 

2023-cü ilin sentyabr ayında Çinə səfərini yada salan Adil Kərimli orada keçirilən görüşlərin əhəmiyyətini qeyd edib, qədim və zəngin Çin mədəniyyətinin onda dərin təəssürat doğurduğunu diqqətə çatdırıb.

 

Qeyd olunub ki, Heydər Əliyev Fondu ilə Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyası arasında qurulmuş yüksək səviyyəli əməkdaşlıq iki ölkə arasında mədəni əlaqələrin inkişafına da öz böyük töhfəsini verir.

 

Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədri Yan Vanmin rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə söz açıb. Diplomat Assosiasiya və ÇXR Mədəniyyət Nazirliyinin Heydər Əliyev Fondu və Azərbaycan Mədəniyyət Nazirliyi ilə əlaqələrinin daha da inkişafında maraqlı olduqlarını bildirib, bunun iki ölkə arasında əməkdaşlığın dərinləşməsinə öz müsbət təsirini göstərəcəyinə əminliyini ifadə edib.

 

Söhbət zamanı qarşılıqlı mədəniyyət günlərinin təşkili, mədəni irsin qorunması və təbliği, eləcə də digər sahələrdə əlaqələrin perspektivləri barədə fikir mübadiləsi aparılıb. Qonaq bu il növbəti dəfə keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının Sammiti ərəfəsində Azərbaycan Mədəniyyəti Günlərinin gerçəkləşdirilməsi təklifini səsləndirib.

 

Görüşdə ÇXR-in ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkili Din Tao da iştirak edib.

 

“Ədəbiyyat və incəsənət”

(29.04.2024)

Bazar ertəsi, 29 Aprel 2024 17:30

BİR SUAL, BİR CAVAB Elvin İntiqamoğlu ilə

 

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

SUAL

"Səssizlik ağacında dinclik meyvələri yetişər." ( A. Şopenhaur)

Elvin İntiqamoğlunun sükutunu pozan hansı amillər ola bilər? Onu özündən nə asanlıqla çıxara bilir?

 

CABAB

İlk növbədə bir məsələni qeyd edim ki, mən kimləsə fikir mübadiləsi aparanda çox vaxt dediklərimdən sonra nümunə çəkməyi xoşlayıram. Mənə elə gəlir ki, fikrimi hər hansısa misalla əsaslandırmasam, teorem aksiomsuz qalacaq və qarşı tərəf düzgün başa düşməyəcək. Bu faktı ona görə dedim ki, ümid edirəm siz də "məsələn"lərimdən bezməyəcəksiniz.

Suala gəldikdə, iki amil var ki, onlar məni çox zaman asanlıqla özümdən çıxarmağa qadirdir. Bunlardan birincisi, şəxsi həyatımla bağlı mənə ünvanlanmış lazımsız sual törəmələridir. Məsələn, biri soruşur ki: "Harada işləyirsən?", deyirəm: "Sumqayıt şəhər Poeziya Evi"ndə. Burası təbiidir və gözləniləndir. Sonra əlavə edir ki: "Nə qədər maaş alırsan?" və ya "Orada nə iş görürsən?" Baxın, bunlar artıq törəmələrdir. Maraqlı olan işləməyim və işlədiyim yerdir, ondan sonra deyəcəklərim bekarçılıqdan yaranan vaxt itkisidir.

İkincisi də, mənə aid olmayan işin israrla müsbət qarşılığı olmadan mənə tapşırılmasıdır. Hə, yəqin fikirləşirsiniz ki, kömək etmək mənim xarakterimə ziddir. Xeyr, elə deyil, israrla görüləsi iş "kömək" belə deyil, sadəcə səni "asılı" olduğun nələrləsə təngə gətirməkdir.

 

“Ədəbiyyat və incəsənət”

(29.04.2024)

Bazar ertəsi, 29 Aprel 2024 16:31

Bu da mənim Saudadem - ESSE

 

Kubra Quliyeva, “Ədəbiyyat və incəsənət”

 

Nə olardı getməyəydin? Nə olardı axı,

məni yarımcan etməsəydin? Tam ürəkdən güləndə yarıda kəsilməzdi mənim də, gülüşlərim, göz yaşımı içimə axıtmağa  məcbur olmazdım mən də. 

 

Anam üzüldüyümü görməsin deyə hər kədərlənəndə gözlərimi onun gözlərindən qaçırıb tavana zilləməzdim mən də. Gecələri yuxusuz qalıb, eyni mahnıya saatlarca qulaq  asıb səhər heç nə olmamış kimi davam eləməzdim mən də həyatıma. Yalanlarla təsəlli etməzdim özümü, gülüşüm hüznümü gizlətmək üçün yox, məni sevdiyini dərk etdiyim üçün olardı kaş.

Sevgi dedim mən az öncə? Məni sevdiyini vurğuladım hə! Bax necə alışdırdım özümü bir yalana. Mən necə inandırmışdım özümü sənin sevginə?

Mən özümlə neçə aydı savaş verirəm, sənin xəbərin var? Neçə aydı sevilmədiyimi qəbullanıb qəlbimi və qürurumu dirçəltməyə çalışıram, xəbərin var? Bilirsən, sən nə etdin mənə? Heç nə.

Öncə məni "bizdən olmaz"a inandırdın. Və qəbullandım mən bunu. Lakin hər dəfə mənə sığındın sən, yaralarını sardım, yaralarımdan saydım. Onun səndə necə yara açdığını bilmədiyim halda yaranı deşmək yerinə Allaha dua elədim dəfələrlə. Bilirsən nə istəmişdim Allahdan?

Qəribə gələ bilər sənə bəlkə, amma mən Allahdan sənin mənə yalan danışmış olmanı, hələ 15-16yaşın olanda həyatdan travma almış biri olmanın yalan olmasını istədim. Bax bu qədər sevmişdim mən səni. Yaralarını yaram kimi hiss edərək sevmişdim mən səni. Heç vaxt heç kimi sevmədiyim və sevməyəcəyim kimi.

Axmaqcasına, uşaqcasına, qırılaraq, utanaraq sevirdim səni. Və sənə yaxşı gəldiyimi görürdüm. 

Yadına düşür, saatlarla danışmağımız? Xatırlayırsan bir gecə zəngdə mövzu tapmırdıq danışmağa deyə səssizcə bir-birimizə dalıb getmişdik. Hər kəs “telefon  arxasından nə sevgi” deyərkən məni ən gözəl sən tanımışdın. Susqunluğumun da, dayanmadan danışmağımın da, adicə təbəssüm edişimin də mənasını sən bilirdin. O qədər gözəl idi ki, o duyğular. Mənə necə doğma idin özün, bilirsən heç? İnana bilmirdim mən heç nəyə, adi divara baxıb gülümsəyirdim saf halımla. Hələ aramız azca dəyən kimi içim-içimi yeyirdi bütün gün. Nə qədər üzülüb pis olurdumsa da, bir rahatlıq var idi içimdə hər zaman. Gələcəksən, yenə məni körpə uşağmışam kimi danlayıb barışacaqsan. Hər dəfə elə edirdin zatən.

Fərqinə varmadan bəlkə sən də, bağlanmışdın mənə.

Və bu dəfə o möhtəşəm vidalaşma mərasimi çatmışdı.

Sahil metrosu kim bilir kimlərin ayrılıqlarına şahid olmuşdu da, bizimki də üstünə  gəlmişdi ayrılıqların.

Yadına gəlir necə ayrıldığmız? Qucaqlaşaraq ayrılıdıq biz. Son dəfə görüşüb halallaşmışdıq..

Sonra nə oldu bəs? Nə oldu da?

Deyim sənə nə olduğunu. Adına ayrılıq dedik, amma olmadı, ayrı qala bilmədik. Hər gün olmasa belə həftə içi ya mesajlaşmalı, ya zəngləşməli idik. 

Hələ sənin əsgər gedəcəyini öyrənəndə nələr hiss etmişdim, bir bilsən. Yenə öz ampluanda, xoşuna gəlirdi sənə olan bağlılığım, sənə  həsrət gözlərimə. Utanıb gözlərimi qaçıranda xəfifcə təbəssüm edişinə nə deyim bəs? 

Biz bir araya gələ bilərdik yenə, yenə saatlarca danışıb uzun uzun dərdləşə bilərdik, amma olmadı. Həm də, o qədər dəyərə rəğmən sən məni anlamadan, dinləmədən heç bizə əlaqəsi olmayan bir məsələ üstündə 2-ci dəfə ayrılığa tərk etdin. Nə açıqlama verməyimi gözlədin, nə də mənə haqq vermək üçün dinləməyə cəhd göstərdin. Bəlkə də, çıxıb gedirdin deyə məni özündən tamamən soyudub uzağlaşdırmaq üçün silib getdin hər şeyi. Hətta aramızda qalan sonuncu xətir hörməti də silib getdin sən.

Sevmirdin məni, amma mənsiz də boşluqda idin. Qorxaq idin sən və ilk qınamırdım da. Yenidən bağlanmaqdan, aşiq olmaqdan qorxurdun.

Səni yarı yolda qoyacağımdan qorxurdun bəlkə də.

Və gedişinlə başdan yaratdım mən özümü.

Artıq kimsəyə əhəmiyyət verə bilmirəm, kimsənin sevgi sözlükləri mənalı deyil mənim üçün. Qırılsam da, üzülsəm də, çox rahat rol oynayıb yaxşıyamlara inandırıram hər kəsi. Mənə bağlanmamağı, bir daha eyni duyğuları heç cür yaşaya bilməyəcəyimi çox gözəl öyrətdin sən. Həyatda mənə sevgidən əsl dərs verən Müəllim sən oldun.

Və bu hekayənin sonunda özümə təşəkkür edirəm.

Axı mən yanlış zamanda yanlış məkanda  yanlış insana ən doğru duyğularla tutulub öz həyatımın dönüm nöqtəsini öz əllərimlə yazmışdım.

 

“Ədəbiyyat və incəsənət”

(29.04.2024)

 

Aprelin 28-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında məşhur özbək yazıçısı İbrahim Sadıqovun “Molla Nəsrəddinin beş arvadı” ikihissəli komediyası teatrsevərlərin ixtiyarına verildi. 

 

Sözügedən tamaşada Türk dünyasının kamillik, müdriklik simvolu olan Molla Nəsrəddin və onun beş arvadından bəhs edilirdi. 

Səhnə əsərinin quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Əsgər Əsgərov, quruluşçu rəssamı Əməkdar rəssam Nabat Səmədovadır.

Tamaşaçılar tamaşanı rəğbətlə qarşıladılar.

 

“Ədəbiyyat və incəsənət”

(29.04.2024)

 

Rubrikanı Könül aparır. 

 

“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır. 

 

Bu gün sizlərə Ev ördəyi bozbaşının hazırlanma qaydasını təqdim edəcəyik.

 

DÜSTUR (nüsxə):

§ Ördək – 190 qr

§ Kərə yağı – 35 qr

§ Noxud – 30 qr

§ Soğan – 30 qr

§ Xırda soğan – 30 qr

§ Kartof – 70 qr

§ Pomidor – 60 qr

§ Təzə alça – 20 qr

(və ya quru alça – 10 qr)

§ Mərzə və ya reyhan qurusu – 3 qr

§ Sarıkök – 1 qr

§ Duz – 6 qr

§ İstiot – 0,05 qr

 

Xörək əlavəsi:

§ göyərti – 20 qr, sumaq – 10 qr, meyvə turşuları – 50 qr

 

HAZIRLANMASI:

Təmizlənmiş ördək ütülür, doğranır, yuyulur. Ördək bir gün ərzində duzlu suda saxlansa, daha yaxşı olar. Qazana qoyulur, üzərinə su əlavə olunur və bişirilir. Qaynadıqda kəfi alınır. Qazana bir ədəd qabıqlı baş soğan əlavə olunur. Ət bişənə yaxın soğan çıxarılır, ət sudan ayrılır və işgənəsi süzülür. Eyni qazanda yağ qızdırılır, ördək əti tərəvəzlərlə birlikdə tovlanır. Sonra qabığı təmizlənmiş pomidor, alça, duz, sarıkök, quru mərzə əlavə olunur, qarışdırılır, sonra isə ayrıca bişmiş noxud, işgənə əlavə olunur və bişməyə qoyulur. Hazır olduqda kasaya və ya dərin boşqaba çəkilir, üzərinə reyhan qurusu səpilir və süfrəyə verilir. Yanında tər göyərtilər, əzilmiş qırmızı baş soğan, sumaq, meyvə turşuları (məti) verilir.

Mövsümündə heyva da əlavə oluna bilər

 

“Ədəbiyyat və incəsənət”

(29.04.2024)

Bazar ertəsi, 29 Aprel 2024 14:30

Somalidən alınan inəklər

 

 

Sərtyel, “Ədəbiyyat və incəsənət”

 

1.

Qardaş, donuz əti ilə plov hansı mədəniyyətə aiddir, xristian, yoxsa müsəlman?

 

2.

Kinonun bir problemi də ondadır ki, 60-70 yaşlı rejissorlar gənclər barədə çəkirlər, gənclər isə Sovet dövründən.

 

3.

Uşaq vaxtı paltar alanda böyüyəcəyini nəzərə alıb böyük ölmü alardılar, yaşlaşanda isə arıqlayacağını nəzərə alaraq  kiçik ölçü alırlar.

 

4.

Mənzillə mehmanxananın fərqi nədədir? Birincidə daimi sakinlərdir, ikincidə saysız-hesabsız insanlar hey girib çıxırlar. 

Ürəklərin də mənzilı və mehmanxanası var. 

 

5.

Kənd Təsərrüfatı Nazirliyi Somalidən od qiymətinə “ət-süd” təyinatlı inəklər alıblar. Amma inəklər gəlib çıxanda məlum olub ki, bu inəklərdən bol ət-süd almaq istəyi gerçəkləşməyəcək. Belə ki, bu inəklər ət yeyib, üstündən süd içən inəklərmiş. 

 

6.

Qabaqlar hamı kəşfiyyatçı olmaq istəyirdi. İndi buranın əməkhaqlarını və oranın qonorarını gördükdən sonra hamı casus olmaq istəyir. 

 

7.

Qoca deputatlarımızdan biri Çe Qevaranın anım tədbirində çaşıb onin adını Çe Viaqra söylədi…

 

 

“Ədəbiyyat və incəsənət”

(29.04.2024)

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

 

Bu dəfə də "Yaradıcılıq emalatxanası”nın qapıları həvəslə və səbirsizliklə qonağımıza açıldı. Həmin qonağımız Azərbaycan Ədəbiyyatında xüsusi çəkisi olan, oxucuların zövqünü formalaşdıran, böyük ədəbi məktəb olan, türkçülük, turançılıq məsələsinə xüsusi yanaşan, "Tütək səsi", " Məhşər", "İdeal" və çox sevilən bir çox əsərlərin müəllifi olan unudulmaz Xalq yazıçısı İsa Muğannanın nəvəsi, gənc yazarımız Səma Muğannadır.

 

-Xoş gördük, əziz Səma xanım.

Yenicə işıq üzü görən " Qeyb olan uşaqlıq"  adlı 4- cü kitabınızın uğurlu olmasını diləyirik.

Səma xanım, Siz kiçik yaşlardan uğurlar qazanmısınız və bu uğurlar davam edir.

İstərdik, yeni kitabınıza daxil olan hekayələrin mövzuları haqqında bizə məlumat verəsiniz.

Səma xanım bu hekayələrdə nələri oxucularına çatdırmaq istəyir?

 

-Salam, Ülviyyə xanım, təşəkkür edirəm. "Qeyb olan uşaqlıq" kitabında bir roman və hekayələr yer almışdır. Kitabın adı romanın adından götürülüb.

"Qeyb olunan uşaqlıq" Səmanın itirdiyi, yaxud yaşamadığı uşaqlığı deyil, onun yaşamaq istədiyi və suallarına cavab tapmadığı yoludur. Romanın sonunda da bu sualın cavabını oxucuların öhdəsinə buraxır, özü cavablamır. Səmanın xarakterinə görə həmişə oxucu özü qərarı verir. Buna da səbəb odur ki, insan xarakterləri fərqlidir. Səmanın da qələmi həmişə fərqlilikləri sevir. Hekayələrim real həyatdan götürülüb, lakin həyatdan götürülsə də, adı üstündə mistik janrdadır. Bu mistikanın yer almasında da  gizli məqamlar yer almışdır. Səma oxucularının, düz yolda deyil, qabarıq yolda səyahət etməsini istəyir. Çətinliklərdən keçib, keçidləri aşıb açarı tapmağını istəyir. Hər bir yazının, hər bir hekayənin daxilində bir açar var və həmin açarı oxucu tapıb həmin hekayənin adı ilə birbaşa bağlayır. Məsələn: “Tanrı əmanətinin göz yaşları" və "Bənövşə və işıq qatarı". Bu iki hekayənin oxşarlıqları var. Belə deyək, "Bənövşə və işıq qatarı Səmaya işıq qatarını göstərmir, əslində işıq qatarı insandır, sadəcə, qatar formasındadır. Əsər ilə tanış olarkən oxucular bunu biləcək. Bənövşə isə çox gənc bir xanımdır. Amma zaman onu gənc göstərir, o xanım gənc deyil, bəlli bir yaşı var. Qatar isə onun heç vaxt görmədiyi bir insandır. O insan isə onun reallaşmayan arzusudur. Və bu qatara çatana qədər çətin yollardan keçir, işığı axtarır bu şəxs. Çünki işığı tapsa, istədiyini tapacaq. Səmanın da məqsədi bundan ibarətdir: həyatda özünü, ikinci mənini tapmaqdır

"Tanrı əmanətinin göz yaşları" hekayəsi də bu mövzudadır. O hekayədəki gənc qızın qucağındakı körpənin olması onun körpəsi olduğunu izah etmir,  o körpə məhz həmin gənc qızın uşaqlığıdır. Oxucularımıza maraqlı gələcək ki, niyə Səma o uşağı təsvir edir? "Qeyb olan uşaqlıq" romanı da bundan ibarətdir?  Söyləyim ki, xeyr və roman haqqında çox danışmaq istəmirəm.

Səma əslində insanların daxilindəki uşağı göstərmək istəyir. Yazıçının qələmə aldığı bütün əsərləri ona çox doğmadır, onu ayıra bilmir.

Amma mənə "Tanrı əmanətinin göz yaşları" hekayəsi çox doğmadır.  Çünki körpə Tanrının əmanəti idi və onun göz yaşları axıdılarsa, demək, həmin gənc qız məhv olardı. Çünki bir insan göz yaşı damlayarsa, deməli, onun ömründən çox yarpaq tökülmüşdür.

Oxucularıma onu çatdırmaq istəyərdim ki, ən birinci, məni həqiqətən tanısınlar. Çoxları məni çox duyğusal, bir az sakit, bir az təlatümlü tanıyır, amma bəziləri də içimdə fırtınanın aşıb-daşdığını söyləyir.

Əslində mən düşünürəm ki, Səmanın qələmi necə onunla dostdursa, fırtına və sakitlik də bir- biri ilə dostdur. Mən həmişə vurğulayıram, siyah- bəyaz həmişə bir- birinə yaraşır, amma bir-birinə zidd rənglərdir. Düşünürük ki, fırtına və sakitlik necə dost ola bilər? Bəli, ola bilər. Fırtınanı insanlar anlamır, sakitlikdən də insanlar qaçır, niyə? Səma bunu çatdırmaq istəyir oxucularına. Onu anlatmaq istəyir ki, fırtına gəldiyi zamanda fırtınanın arxasınca getmək yerinə ona sarılıb, nəvaziş göstərmək lazımdır, amma sakitlik gələn zamanda fırtınadan qaçmaq olmaz, elə misal çəkdiyim kimi qələmimlə söhbət etdiyim zamanda fırtına birdən elə gəlir ki, qələmi də qırıb parça- parça etmək istəyir.

İnsan özü də bir parça kimidir. Qəlbi ki parçalandı, artıq onu düzəltmək çox çətindir. Ona görə mən həmişə fırtına gəldiyi zamanda sakitliyi arzulayıram. Sakitlik də gecədir. Baxın,  fırtına, sakitlik, gecə- gündüz, siyah- bəyaz. 

Səma gecələri daha  çox sevir, tənhadımı? Xeyr, çünki qələmi gecə ilə söhbəti sevir. Səma insanlardan deyil də, onu anlamayan insanlardan qaçır. Demək istədiyim budur ki, insanlar fırtınadan qaçır, sakitliyə getmək istəyir. Amma Səmanın bu əsərini oxuduqdan sonra oxucular fırtına ilə sakitliyin  bir- birinə bənzəməsini, yaxşı dost olmasını anlayacaqlar, onlar bir- birinə dəstək olmağı bacarırlar. Səma əslində onların dostluğu üçün deyil, öz yazılarında sevgini, insanlığı, dəstəyi, insan mənəviyyatının zənginliyini göstərmək istəyib. Təkcə dildə deyilən sözlər deyil, qələmdə oxuduğunuz sözlərin məhz gözlərdə gizləndiyini oxuculara çatdırmaq istəyib.

 

“Ədəbiyyat və incəsənət”

(29.04.2024)

Qoşqar İsmayılzadə, “Ədəbiyyat və incəsənət”

 

 

 

Restorandayam, müşahidə edirəm: Bir tərəfdə dünyagörüşlü, zəkasəl və mədəni inqilaba nail olmuş, sağlam düşüncəli və sağlam ruhlu, başı kofe içərək həyat yoldaşı ilə söhbətə qarışan Amerikan intillegenti, digər tərəfdə isə mental təcavüzlə, zehinsəl aclıqla, mağara düşüncəsi ilə qəlibləşmiş 50-li, 60-lı yaşlarda, bəstəboy, qarınlı, siqaret çəkməkdən saralmış əllər, dişlər, daim yerində sayan düşüncələrdən qırışmış üz cizgiləri və vaxtından əvvəl ağaran saçları olan, başı ənənəvi yağlı, duzlu, qarından əlavə gözlərin doymasına qarışan sıravi Azərbaycan fərdi. Söylənən masalardan biraz yuxarı da qlobal "TikTok" fenomeni, mini "TikTok qlamurları" görüntü kokteylləri ilə ətrafdakı ac hərfləri cəzb etməkdədir. Çoxları kimi restoran mədəniyyətindən xəbərsiz olub da, hər gəlişdə görüntü yaradacaq bir məhsulla, saatlarla oturub onlayn platformada canlı açaraq, özünü bir şey zənn edən tiplərdən.  

 

Bir az keçdi...

TikTok qlamurlarımız getmək qərarına gəldilər. Podiumvari gediş, geyimin cazibəsi, estetik bədənin orijinallığı vəhdətli şəkildə ac beyinləri hərəkətə gətirdi. Gözlər bir anlıq kilidləndi. Gözlərinin doymasına fokuslanan "day day", bu dəfə onunla da kifayətlənməyərək "The Mask" filmindəki Jim Kerry-in rolunu ifa etmək qərarına gəldi. Eləcə də, digər masalardakı şəxslər kimi. Təkcə, Amerikan intillegentinin gözü oynamamış, tükü tərpənməmişdi. Çünki, beyin aclıq baxımından doymuş, mənəvi cəhətdən nirvanaya yaxınlaşmışdı. 

Gözlərim növbəti mövzunun axtarışındaykən, ağ saçlara zillənmişdi. Beynimdə Azərbaycanlı fərdinin saçındakı ağ tüklərlə, ingilis fərdindəki ağ tüklərin müqayisəsi gedirdi. Bilirəm, bilirəm sərsəm düşüncədi, amma, fəlsəfi tərəfi də məni cəzb etmişdi. Bir saçın ağarması normal qaydada genetiklik, rəngləndirici piqmentlərin orijinallığına və digər səbəblərə əsaslanır. 

Bizdə bu saç ağarma prosesi əsəb, stres fikir, qidalanma, qeyri-sağlam həyat şəraitinə dayanıb, vaxtından əvvəl ağarıb tökülməyə başlayırsa, qeyd olunan intillegentimizdə isə normal qaydada vaxtı çatanda bu proses başlayır. Yalnız bizim cəmiyyətdə qarınlı, "balkonlu" adam obrazına uyğun aforizm də yaratmaq olar. 

 

Evi eyvansız, kişini qarınsız təsəvvür etmək artıq bizim cəmiyyətdə, qeyri - məqbul sayılır. 

 

Nəysə, söhbəti haradan haraya gətirdim mən, heç özüm də bilmədim. Bu dəfəki qonaqlarım amerikalılar idi. Yenə, yüksək zövq və mədəniyyət olduqca valehedici təsir bağışlayırdı.  Onu bilirəm ki, danışacaq mövzularımız olduqdca, çox və eyni zamanda acınacaqlıdır. Bəs çıxış yolu yoxdur ?

Əlbəttə var !

- Maariflənməkdir! Ancaq, "Mir Yusif Ağa" kimi məzəmmət edənlərimiz olmasa. 

 

“Ədəbiyyat və incəsənət”

(29.04.2024)

Bazar ertəsi, 29 Aprel 2024 13:03

“Mənim Saudade'm" - ESSE

Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”

 

"İnsan içindəki ağrıları öldürmək üçün yazır, kimin üçünsə yox.

Sənin haqqında yazacam, sonra da bu ağrılı xatirəm ürəyimdən çıxacaq..."

Anar Yaşaroğlu - Saudade'm 

 

Üşüyürəm yenə.. Çox üşüyürəm..

Üşüyən bədənim deyil əslində, çünki çöldə hava çox gözəldir.

Hətta ən sevdiyim havalardır deyə bilərəm. İlk bahar, masmavi səmada pərən-pərən olmuş bəmbəyaz buludların arasında parlayıb zərif şüalarından ətrafa sovqat paylayan sımsıcaq narıncı günəş, xəfif əsib yeni açmş alça, şaftalı çiçəklərinin ləçəklərini qoparıb sanki baharın gəldiyi yollara səpələyən külək və bir budaqdan digərinə uçuşaraq səs-səsə verib şən cəh-cəhlə nəğmə oxuyan quşların səsinə çayda quruldayan qurbağa səsləri də qarışacaq axşam çağı.

Hələ bir azdan bu avaza tənbəl cırcıramalar da şərik çıxacaqlar. Sonra külək alça və şaftalı çiçəklərinin ləçəklərinin artıq bitdiyini görəndə növbə yeni açılmış naringi çiçəklərinə gələcək.. 

Amma naringi çiçəklərinin sadəcə ləçəklərini deyil, eyni zamanda o fövqaladə xoş qoxusunu da yayacaq ətrafa. Yağışlar yağıb, çəmənlər yaşıllaşıb, güllər çiçək açacaq. Dağ zirvələrindəki buzlar əriyib çaylar suyla doyacaq, bir-birinin əlindən tutub dərsdən evə yüyürən şən uşaqlartək axıb dənizə qovuşacaqlar.

Belə gözəl havada necə, niyə üşüsün ki insan?!

Açığı, cismimi üşüdən hava deyil, cismimi üşüdən içində bir küncə qısılıb üşüyən ruhumdur.

Ruhun üşüməsi isə maddi havadan deyil, mənəvi havalardan asılıdır.

Mən əvvəllər də üşüyərdim, amma sən həyatıma girənə qədər, ondan sonra isə heç belə üşüməmişdim. Əvvəllər məni üşüdən şeylər başqa idi. İçində həbs olduğum həyatın qaranlıq və soyuğu idi, başqa dillə desək bəlkə də elə sənin həyatımda var olmayışın idi məni üşüdən.  İndi isə bir zamanlar həyatımda var olan sənin yoxluğunun soyuğu üşüdür məni..

Sən qaranlıqlar içində qalmış ruhuma vaqe olan günəş idin, varlığın qızmar bir günəş kimi isidirdi mənim ruhumu.

Sənin sevgin ətrafdan gözlə görünməsə belə, mənim ruhumla hiss etdiyim ən gözəl duyğu və ən güclü bir çənbər idi sanki mənə. Savaşlarımda məni qoruyan dəmir zireh, kimsələrin aşıb mənə zərər verə bilməyəcəyi polad kimi möhkəm bir sərhəd kimiydi.

Simurqun lələyi kimi ələ düşməz və onun göz yaşları qədər şəfalıydı sənin sevgin. Sağaldırdı ruhumdakı yaraları. Hətta illərlə içimdə yığılıb aysberqə dönmüş nifrət buzlarını əritməyə də müvəffəq olmuşdu.

Hiss etdiyim diqqətin, qayğın var idi deyə, heç nə duruş gətirə bilmirdi qarşımda, elə güclü qılmışdı ki, bu sevgin məni.

Amma bütün bunlarla yanaşı eyni zamanda da bir vaqeiyyət idin sən, həm də gözardı edilə bilinməyəcək qədər böyük bir vaqeiyyət..

Amma aramızda hər nə qədər maddi cəhətdən bizim üçün böyük və aşılması da bir az müşkül olan məsafələr olsa da,  uzaqda da olsa, bir yerlərdə var olduğunu, məni sevdiyini, o qocaman qəlbinin bəzən məni düşünərək döyündüyünü bilmək belə ruhumu isidir, məni yaşadır, məni xoşbəxt edirdi.

Fəqət indi isə aramızda maddi məsafələrdən daha böyük olan və aşılması da müşkül deyil də, demək olar ki, imkansız olan mənəvi məsafələr var artıq.

Axı ən böyük məsafə iki bədən deyil, iki qəlb arasında olandır..

Və bizim qəlblərimiz arasında uçurum var indi..

Sən gəlişinlə günəş kimi doğmuşdun mənim həyatıma, gedişin qürub kimi olmadı amma..

Günəşin hər bir gedişi öz içində bir ümid daşıyır, açılacaq sabahda yenidən doğmaq ümidi. Fəqət sən bütün ümidləri bir dəfəlik qıraraq getdin. Kiçicik belə olsa, bir qayıdıb gəlmək ümidi qoymadın mənə ki, o ümidə tutunub yaşayım..

Sən günəş kimi getmədin, sən sönən ocaq kimi getdin, hansı ki, istisinə qızınırdım.. 

O sıcaqlıqdan sadəcə üşüyən həsrət və soyumuş boz kül qaldı geriyə, hansı ki, bir azca istilik duyaram, bir az qızınaram deyə hər gün dönə-dönə eşələyib içində bir yerlərdə bəlkə hələ də sönməmiş kiçik bir qığılcım, öləzimiş belə olsa kiçik bir köz axtardığım xatirə qalağı..

Amma hər nə qədər axtarsam da bir ovuc isti küldən savayı heç nə tapmıram o soyuq kül təpəciyinin içində və o da soyumasın deyə daha da qurdalamadan örtürəm üstünü..

Gəlişin, həyatımda var oluşun  çox şey qatdı mənə, amma deyəsən gedişin və yoxluğun ondan daha çox şey qatacaq.

Bəlkə də ömürlük həsrətim olacaqsan mənim, bəlkə yazılarıma ilham..

Osho:  "Sevgi insanı dəyişdirir, buna görə də səni yüksəklərə qaldıracaq bir şeyi, sənin ötəndə olan bir şeyi sev",- deyir.

Mən də səndən sonra çox dəyişdim. Mən  ən xırda şeylərin belə qədrini biləcək, amma eyni zamanda da heçnəyi itirməkdən qorxmayacaq qədər itirmiş bir insanam artıq.

Əvvəllər hər nə qədər, mən heçnəyi itirməkdən qorxmuram, mən itirməkdən qorxduğum hər şeyi sərbəst buraxdım desəm də, əslində isə içimdə bir gün səni itirməkdən çox qorxurdum..

Amma indi daha həqiqətən də qorxmuram, çünki qorxulası birsey qalmadı daha, zatən itirdim artıq...

Və mən getdikcə yavaş- yavaş dəyişirəm biraz torpağa bənzəyirəm, çoxca səmaya..

Bir insanı o edən daha çox qazandıqları deyil itirdikləri, olanları deyil olmayanları, varlar deyil yoxluqlar olur həmişə.

Deyirlər insanı yaşamağa, yaşatmağa inkişaf etməyə vadar edən olanları deyil, çox vaxt olmayanları olur. Çox vaxt əlimizdə olmayanlar bizi vadar edir və bizə təkan verir ki, biz nələrsə qazanaq və özümüzü inkişaf etdirək.

Bu mövzuda imkansız, amma bir o qədər də onlara yaradıcılıqlarnda böyük bir müvəffəqiyyət gətirmiş sevgilərindən misal verərək Özdəmir Asəf, Məhəmmədhüseyn Şəhriyar kimi daha bir çox ədibin adını qeyd edə bilərik.

Lakin bilmirəm sənin yoxluğunla, səni itirməyimlə qazandıqlarım sənə bədəl olacaqmı?

Mən sənin yoxluğunun mənə qazandıracaqlarını istəyirəmmi məgər? 

Amma istəsəm də, istəməsəm də bu artıq danılmaz bir gerçəkdir ki, biz səninlə "Biz" deyil, "Sən" və "Mən"ik artıq.

Sən artıq mənim son qürubum, sən mənim 

saudademsən..

Yoxluğun bir qara boşluqdur içimdə

İçdən-içə boğur, udur məni

Sən bir yaşsan artıq gözlərimdə 

Həsrət məndən damla-damla alır səni..

 

“Ədəbiyyat və incəsənət”

(29.04.2024)

“Ədəbiyyat və incəsənət” portalı Poeziya  guşəsində Təranə Dəmirin yeni şeirlərini diqqətinizə çatdırır. 

 

1.

Əynimdə dekabrdan qalma ömür,

Ürəyimdə iyun həsrəti.

Bircə çimdik ümidlə gedirəm üzüyoxuşa.

Çilik-çilik olmuş arzular baş-başa verib arxamca ulaşır.

Geriyə baxmağa nə gücüm qalıb, nə cəsarətim.

Dünən, bu gün mənimdi... hələ ki...

Bəs sabah?

...Gözümdə bütün rənglər bir-birinə qarışır

Budaq-budaq, yarpaq-yarpaq...

 

2.

Bir şeir asıb özünü hecadan,

Qafiyələr ağlaşır başı üstündə.

Ayağının altında varaq,

Boğazında qələm,

Nəfəsi  kəsilir  söz-söz, cümlə-cümlə.

Azadlığa açılır qapısı qorxuların.

Hardasa bir ütüsüz, bərsiz-bəzəksiz ,

Evsiz-eşiksiz  sevgi  yapışır  gecənin yaş köynəyindən..

 

3.

Gecə yenə qaşqabağını töküb durub,

Kim bilir nə acığı var dünyaya.

 Buludlar bir tərəfdə bardaş qurub oturub.

Ulduzlar qorxusundan qaçıb gizlənib qayanın arxasında .

Külək qudurub,

Gör necə ulayır gecənin başı üstündə 

ac yalquzaq tək.

Torpaq bir qat qabıqdan,

Ağaclar yarpaqdan çıxır.

Dəniz yaxasını açıb qaçır sahilə ,

Sahil qalır dənizin altında dalğa-dalğa, ləpə-ləpə.

Bir şair tənhalığın acığını varaqdan çıxır .

Təzə abzasdan köhnə yaralar boylanır,

Hamısının da üstü açıq.

"Bircə səhər açılsaydı"-deməyə də adamın dili gəlmir.

Qaranlığın dibindən bapbalaca işıq süzülür alayarımçıq...

Nağıl kimi...

 

“Ədəbiyyat və incəsənət”

(29.04.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.