
Super User
“Squid oyunu” “Netflix"ə 900 milyon dollar gəlir gətirəcək
Hər bölümünə ayrılıqda təxminən 2.4 milyon vəsait ayrılan Cənubi Koreya serialı “Squid oyunu”nun ümumi istehsalı 21.4 milyon dollara başa gəlib.
Xarici KİV-lər xəbər verir ki, dünyada 117 milyondan çox izləyici qazanan serialın “Netflix”ə 900 milyon dollar gəlir gətirəcəyi gözlənilir.
“Netflix”in 17 sentyabrda təqdimatına başladığı “Squid oyunu” serialı qısa müddətdə platformanın ən populyar yayımlarından biri olub.
Cənubi koreyalı rejissor və ssenarist Hvang Dong-hyukun çəkdiyi ekran əsəri bir dram serialıdır. Filmin konsepsiyasına görə, ailəsindən ayrılmış, borclu bir sürücü olan Seung Gi-hun böyük pul mükafatı qazanmaq üçün bir sıra uşaq oyunları oynamağa dəvət olunur. Təklifi qəbul edərək naməlum bir yerə aparılır və bir-birinə oxşar böyük borcları olan 455 digər oyunçu arasında özünü tapır. Oyunçular qırmızı kombinezonlu maskalı mühafizəçilər tərəfindən hər zaman nəzarət altında saxlanılır. Oyunçular tezliklə bu oyunlarda məğlubiyyətin ölümlə nəticələndiyini kəşf edirlər.
Varlıları ağladan Veronika Kastronun günü
19 oktyabra təsadüf edən əlamətdar hadisələri qeyd edirik:
19 oktyabr. “Öz həyatınınzı qiymətləndirin” günü
Hər kəs bir cür yaşayır, amma öz həyatımıza qiymət verərkən sankı pessimist və optimist olaraq iki yerə bölünməyimiz öz sözünü deyir. Hətta əla yaşayan pessimist belə narazılıq edir, pis gündə yaşayan optimist isə əla yaşadığını dilə gətirir. Bu da insanların öz həyatlarına obyektiv qiymət verməsini əngəlləyir.
Realda insanlar arzuladıqları kimi ömür sürə bilmirlər amma. Xüsusən onları məişət problemlərinin girdabına atan hakimiyyətlər ağ günlərini qara etməklə bir dəfə yaşanan həyatdan doyunca zövq almalarına imkan vermirlər. Yadıma bir rus lətifəsi düşdü:
Bir dəfə Mənzil İstismar Kontorunun əməkdaşı gəlib bir mənzilin qapısını döyür, soruşur, Sidorov burda yaşayır? Qapını açan deyir, yox. Ertəsi gün həmin əhvalat yenidən təkrarlanır, qapını açan kəs Sidorovun bu mənzildə yaşamadığını bildirir. Üçüncü dəfədə əməkdaş dəqiqləşdirmə aparıb fotoşəkillərinə də baxdıqdan sonra tam əminliklə həmin mənzilə gəlib yenidən qapını döyür. Növbəti “Sidorov bu mənzildə yaşayır” sualına qapını açan “yox” cavabı verəndə əməkdaş onun üstünə bozarır;
-Vətəndaş, siz niyə yalan danışırsız? Siz Sidorov deyisiz ki?
Deyir, Sidorovam.
-Bəs niyə soruşanda ki, Sidorov bu mənzildə yaşayır, deyirsiniz yox?
-Məgər bu yaşamaqdır?
19 oktyabr. Napoleonun qara günü
Bu gün farmasept və aptek işçiləri günüdür. Allah bizimkilərə insaf versin. Böyük Britaniyada elm bayramıdır, Oksfordşir günüdür, Oksford universitetinin yaradıcısı Müqəddəs Fridesvidin doğum günü şərəfinə bir gündür. Bədxah qonşularımız bu dəfə də raket-artilleriya qoşunları gününü qeyd edirlər. Ayə, qoymayın, üstümə İrasim gəlir. O ki qaldı ABŞ-a, onlarda bu gün Milli dəniz məhsulları ilə hazırlanan biskvit günüdür. Nuşi can.
1947-ci ilin bu günündə Ukrayna xalqı ağır bir gün keçirib, “satqın benderlər” adı altında 150 min ukraynalı Sibirə sürgün edilib. 1943-cü ildə Albert Şvarts streptomisin adlı məşhur antibiotiki kəşf edib. Fransız sərkərdəsi Napoleon Bonapart üçün 19 oktyabr xüsusən ağır gün olub. 1812-ci ilin bu günündə onun ordusu əlində saxladığı Moskvanı tərk etməli olub, 1813-cü ilin bu günündə isə onun ordusu Leypsiq altında “xalqlar döyüşü”nü uduzub.
19 oktyabr. Veronika Kastro günü
Veronika Kastro kimdir? Meksika aktrisası, müğınniisi, teleaparıcısı. Dünyanın bir çox yerlərində, o cümlədən Azərbaycanda evdar qadınların və əlbəttə ki, kmişilərinin sevimlisi. Bəli, söhbət uzun illər teleekranları zəbt etmiş “Varlılar da ağlayır” teleserialının baş rolunu – Marianna rolunu ifa edən şəxsdən gedir.
1952-ci ildə Meksikanın paytaxtı Mexiko şəhərində anadan olan Veronika ilk dəfə 16 yaşında "Caballero" jurnalında çılpaq göründü. Amma sonradan daha sivil parıldama yolunu seçdi. Marianna rolunu oynadığı “Varlılar da ağlayır” teleserialından sonra onun ulduzu parladı. Şöhrəti bütün Latın Amerikasına, İspaniyaya, Fransaya yayıldı. On il sonra isə daha bir serialla – bir zamanlar “Varlılar da ağlayır” teleserialı qədər sevib baxılan “Yabanı qızıl gül” serialı ilə şöhrətlənən Veronika artıq keçmiş SSRİ-də də bütün kişilərin sevimlisinə çevrildi. Kastro 1992-ci ildə Rusiyaya gələndə isə onu burada təntənə ilə qarşıladılar. On minlərlə pərəstişkarı başına toplaşmışdı.
Aktrisanın bir oğlu olmasına baxmayaraq, o, heç vaxt ərə getməyib, hələ də subaydır. Marianna rolundan götürdüyü dividentləri isə hələ də xərcləyir. Onun böyük biznesi var.
Varisin “11-20 oktyabrın təqvimi” yazısından
İsveçrədə üzərində “Xarıbülbül” əks olunmuş poçt markası buraxılıb
İsveçrədə Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 30 illiyi münasibətilə üzərində Zəfərin rəmzi “Xarıbülbül” təsviri olan poçt markası buraxılıb. Bu barədə razılaşma Azərbaycan səfirliyi ilə bu ölkənin dövlət poçt müəssisəsi olan “İsveçrə Poçt” Səhmdar Cəmiyyəti (“Schweizerische Post“ AG) arasında əldə edilib.
Azərbaycanın İsveçrədəki səfirliyindən AzərTAC-a verilən məlumatda bildirilir ki, həmin poçt markaları qeyri-kommersiya məqsədilə buraxılıb və səfirlik tərəfindən istifadə ediləcəkdir. Eyni zamanda bu markalar başqa maraqlı tərəflərə göndəriləcəkdir.
Azərbaycan Dövlət Rəqs Ansamblı Beynəlxalq Folklor Festivalında birinci yeri tutub
Azərbaycan Dövlət Rəqs Ansamblı Braziliyada keçirilən “Nueva Plata Beynəlxalq Folklor Festivalı”nın (FİDAF) qalibi seçilib.
AzərTAC xəbər verir ki, üç gün davam edən onlayn yarışda müxtəlif kateqoriyalar üzrə 18 qrup iştirak edib.
Festivalda ikinci yeri Çin Xalq Respublikasının “Beijing Dance Academy”, üçüncü yeri isə Moldovanın “Baletul Na țional JOC” qrupları tutub.
“Ən yaxşı xoreoqrafiya” mükafatına Macarıstandan “Duna Art ansamblı” layiq görülüb. Münsiflər heyətinin qərarına əsasən ən yaxşı mahnını Moldavanın “Baletul Na țional JOC” qrupu səsləndirib. Geyim kateqoriyası üzrə birinci yerdə filippinli “Leyte Kalipayan Dance Company” qərarlaşıb. Münsiflər heyəti xüsusi mükafatı Meksikanın Quadalaxara Universitetinin “Folklor Balet qrupu”na təqdim edib. Festivalın fəxri adına isə Slovakiyadan “Pulse-Poddukel bədii ansamblı” layiq görülüb.
Bu ilin yeniliyi olan “Atalar sözlərini qoruyanlar” mükafatı Fransanın Polinezya adalarından “Tamariki Poerani” və Madaqaskardan “Benja Gazy” qruplarına verilib.
İbrahim Tatlısəsinin toyda gəlininə çox bahalı qızıl kəmər hədiyyə etməsi xəbəri reytinq birincisi olub
Şənbə-bazar günlərində Türkiyədə maqazin xəbərləri arasında reytinq birincisi İbrahim Tatlısəsin oğlu İdo Tatlısəsə toy etməsi və toy məclisində gəlini Yasemin Şafkatlıya bahalı hədiyyə etməsi olub. SH xəbər ajansı toyun əks-sədası barədə yazsa da hədiyyə olunan qızıl kəmərin qiymətindən bəhs etmir.
Amma sosial mediada gəzib dolaşan xəbərlərə görə, müğənninin gəlininin belinə öz əlləri ilə taxdığı kəmərin təxminən 500000 türk lirəsi qiyməti var.
“Ulduz” jurnalının qocaman rəssamı Ədalət Həsən təltif olunub
"Ulduz" jurnalının bədii redaktoru, görkəmli rəssam Ədalət Həsənin bu il 85 yaşı tamam olur. Bu münasibətlə yubilyarı qəbul edən Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar tanınmış fırça ustasının həyat və fəaliyyətindən söz açıb, onu namuslu və istedadlı sənətkar kimi xarakterizə edib. Onun 1967-ci ildən bu günəcən çalışdığı "Ulduz" jurnalının bədii tərtibatındakı xidmətlərini yüksək qiymətləndirib.
Anar yubilyara xoş arzularını bildirməklə yubilyara Azərbaycan Yazıçılar Birliyinin Fəxri Diplomunu və pul mükafatı da təqdim edib.
“Sevdiklərinizin sizinlə olan hər anını dəyərləndirin”
Sosial şəbəkədə tanınmış Azərbaycan şairi, mərhum Nüsrət Kəsəmənlinin oğlu Rəşad Kəsəmənli atası barədə xatirəsini bölüşüb. Həmin xatirəni oxucularımıza təqdim edirik:
Yəqin ki bu daşı çoxunuz görmüsünüz Filarmoniyayanın arxasındakı parkda. O daş orda uzun illərdir ki var. Hətta park yenidən abadlaşdırıldıqdan sonra da həmin bu daşı elə demək olar ki, əvvəl durduğu yerə qoyublar. Uşaqlığımın xatirəsidir. Hər dəfə yanından keçəndə qəribə hisslər keçirirəm. Çünki uşaq vaxtı atam bizi o parka tez-tez aparardı, dondurma yeməyə. Sonra da parkda atamla oynayardıq. Bir dəfə atamla oynayanda onu tapa bilmədim və ağlamağa başladım. Atam həmin bu daşın arxasından çıxıb məni qucaqladı. O qədər sevinmişdim ki. 2003-cü ilin oktyabr ayının 15-i isə atam həmişəlik "daşın" arxasında gizləndi. Beləliklə də bu gizlənqaç oyunu mənim məğlubiyyətimlə bitdi. İndi də hər dəfə o parkdan keçəndə atamın daşın arxasından çıxıb mənə sarılacağını gözləyirəm. Sevdiklərinizin sizinlə olan hər anını dəyərləndiririn. Bir gün xatirəyə çevriləndə toxunduqları ən ucuz əşyalar belə sizə doğma olacaq, amma onları əvəz etməyəcək.
Səni çox sevirəm Atam. Bir gün axirətdə görüşmək ümidiylə.... ALLAH rəhmət eləsin!
Vokalçılar festivalında “Bizi də tanıyın” konsert proqramı təqdim olunub
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi və Heydər Əliyev Sarayının təşkilatçılığı ilə keçirilən “II Azərbaycan Beynəlxalq Vokalçılar Festivalı” çərçivəsində Bakı şəhər Mədəniyyət Baş İdarəsi ilə birgə “Bizi də tanıyın” konsert proqramı təqdim olunub.
Heydər Əliyev Sarayından bildirilib ki, Beynəlxalq Muğam Mərkəzində baş tutan konsert proqramında müxtəlif musiqi məktəblərinin şagirdləri tanınmış bəstəkarların əsərlərini ifa ediblər.
Tədbir tamaşaçılar tərəfindən böyük maraqla və alqışlarla qarşılanıb.
Gənc dramaturq Ülviyyə Heydərovanın benefisi
Sumqayıt Dövlət Dram Teatrı uzun fasilədən sonra yenidən pərdələrini tamaşaçılarının üzünə açıb.
Gənc dramaturq Ülviyyə Heydərovanın "Uşaqlıq" pyesi əsasında hazırlanan eyni adlı tamaşa tamaşaçıların ixtiyarına verilib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, quruluşçu rejissoru Xalq artisti Firudin Məhərrəmov olan, İlahə Səfərovanın yaratdığı obrazla yaddaşlara həkk olan tamaşa böyük rəğbətlə qarşılanıb. Tamaşanı seyr edən ayrı-ayrı mədəniyyət xadimləri həm dramaturqun, həm də yaradıcı heyətin işini yüksək qiymətləndiriblər.
Daha bir xoş sürprizlə gənc dramaturq tamaşadan sonra üzləşib. Məlum olub ki, Azərbaycan prezidentinin təltif etdiyi mədəniyyət xadimləri arasında onun da adı var. Ülviyyə Heydərova “Tərəqqi” medalı ilə təltif olunub.
Gənc dramaturqa daha böyük uğurlar arzusuyla “Yolun həmişə açıq olsun” deyirik!
“Xoşbəxtlliklə “təltif olunmağa” çalışmaq özünü aldatmaq üçün ən ümumi və banal bir yoldur” – dünyaşöhrətli psixoterapevt Rafael Monelli
Məşhur italyan psixoterapevti Rafael Morelli son dövrlər trenddədir. Onun “Özünüqiymətləndirmə. Öz həyatınızı yaşamağın 5 qaydası. İndi” kitabı bütün satış reytinqlərini qırmaqdadır. “Ədəbiyyat və incəsənət” portalı sevimli oxucuları üçün kitabın qısa icmalını hazırlayaraq təqdim edir. Xüsusən hazırkı bu gərgin, stressli dönəmdə düşünürük ki, məşhur psixoterapevtin tövsiyyələri oxucularımız üçün faydalı olacaq. İtaliyalı psixoterapevt bizi daha az təhlil etməyə və daha çox hiss etməyə çağırır. Paradoksaldır, deyilmi? "Eyni səhvi törətməkdən qorxmayın, - Morelli deyir, - həyatda eyni səhvlər olmur, axı biz artıq dünən və ya bir il əvvəlki deyilik”. Gəlin doktorun insanın özünə və ətrafındakı digər insanlara sağlam sevgi münasibətləri haqqında müdrik çağırışlarına diqqət edək.
1. Xəstəliklərimizin əksəriyyəti özümüzlə necə davrandığımızdan yaranır. Bədənimiz həmişə nə edəcəyini bilir. O hey bizə deyir, deyir, bizə hər şeyi deyir, - hətta bizim istəmədiyimiz və sözlə deyə bilmədiyimiz bir şeyləri, hətta özümüz eşitmək istəmədiyimiz və ya ifadə edə bilmədiyimiz bir şeyləri belə bizə deyir. Sadəcə, onu diqqətlə dinləməyimiz gərəkdir.
2. Ağrıdan qurtulmağa çalışdığımız zaman biz yalnız onu gücləndiririk. Problemlər haqqında daim düşünmək onları xroniki edir.
3. Heç kim sevgiyə ehtiyac duymur, çünki məhəbbət artıq bizim içimizdədir, yalnız məsələ şəffaflıq məsələsidir.
4.Qürur və qorxu keçmiş inciklikləri unutmağımıza mane olur. Biz bizə pis münasibət göstərmək amacında olan insanlarla tanış olmaq riski edirik. Nəticədə də biz məhz belələri ilə rastlaşırıq. Bu qapalı dairə mütləq parçalanmalıdır.
5. Yaşaya biləcəyimiz ən gözəl sevgi özümüzə olan sevgidir: yalnız bundan sonra biz azadlığı dərk edə bilərik və gizli dühamız bizi təəccübləndirərək həqiqətən getmək istədiyimiz yerə aparacaq.
6. Illüziyalar sevgini zəhərli edərək bizə ağrı yaşadırlar, onlar qəlbin ən böyük düşmənidirlər, onlar şeytandırlar. İllüziyalar bizim içimizdə oturan, sağlam sevgini "Qanunlar və Məcəllələr" ilə əvəz edən inanclardır.
7. Təbii və hətta çılğın olun, sevdiyiniz, bəyəndiyiniz şeyləri həyatınıza cəlb edin və sizin rahatlıq və genişlik məkanınıza müdaxilə edən, sizi boz, darıxdırıcı bir həyat yaşamağa məcbur edən insanlardan uzaq durun.
8. Yanlış yaşanan sevgi çıxılmazlıqlarla, naəlaclıqlarla və stereotiplərlə doludur. Bütün dolğunluğu ilə, tamamilə qəbul olunmadığı üçün o, bədəni və əqli xəstə edir.
9. Əgər siz sevirsinizsə, şərhlərsiz qarşınızdakının daxilində baş verən hər şeyi müşahidə edə biləcəksiniz. Sevgi hər birimizin unikallığını dərk etməkdən rişələnir, çiçəklənir.
10. Həyatınızdakı hər bir yeniliyi hansısa bir gözləntilər və özünətəlqinlər olmadan qarşılayın. Həyatın hər anında biz sanki yenidən doğuluruq, bu səbəbdən də biz heç vaxt eyni səhvləri etmirik. Hər dəfə sanki ilk dəfəmizdir. Bu dəqiqədə biz dünənki kimi deyilik axı, xeyli dəyişilmişik.
11. Depressiya – beyinin daha heç kəsi eşitmək istəməyən halıdır, sizin “Mən”inizin sizi orijinallığa daşıyan nəsnələrdən kənarlaşdırmaq cəhdidir, sizi sosial cəhətdən məqbul modellərə doğru hərəkət etdirmək cəhdidir.
12. Hər dəfə biz problemlərdən qurtulmağı planlaşdırdığımız zaman onları yalnız gücləndiririk. Yaşadığımızdan daha yaxşı gələcək həyat haqqında düşüncələr bizi qeyri-müəyyən, kövrək və gücsüz edir. Biz rifah əldə edəcəyimiz zaman ətrafımızdakı insanların bizimlə daha yaxşı davranmağa başlayacaqları, hər şeyin dəyişəcəyi ilə bağlı illərdir şikayət edə bilərik. Bu, böyük bir yanlışlıqdır! Bizi ağrıdan, əslində kənardakı təsirlər deyil, daxilimizdə baş verənlərdir, öz intuisiyamıza etibar etməməyimizdir. O, həqiqətən nə lazım olduğunu yaxşı bilir.
13. İndi bizim üçün yaxşı olan yalnız indi mövcuddur. Bizim həmişə eyni cür olacağımızı, hər şeyin də eyni cür qalacağını düşünməyimiz kökündən səhvdir.
14. Mümkün həyat həzzlərinizi də təxirə salmayın, onlar da devalvasiyaya məruz qalırlar. Başqa cür olmağa çalışmaq, xoşbəxtlliklə “təltif olunmağa” çalışmaq özünü aldatmaq üçün ən ümumi və banal bir yoldur.
15. Siz əziyyət çəkmək üçün doğulmamısınız. Ağrılardan əzilmiş halda yox, yenilənmiş halda çıxmağı öyrənin.
16. Başqalarının sizi qınamasından bilirsiniz niyə qorxursunuz? Çünki özünüzü çox tez-tez mühakimə edirsiniz.
17. Bu doğru deyil ki, sizin həyatınızda heç nə baş vermir. Sadəcə, siz proseslərə lazım olan tərəfdən baxmırsınız.