
Super User
“Çiçəklər” qanuni sahiblərinə qaytarıldı
Müəlliflik hüququ Belçikanın Kral İncəsənət Muzeyinə məxsus olan Lovis Korintin “Çiçəklər” rəsmi öz qanuni sahiblərinə qaytarılmışdır.
Bu barədə “Ədəbiyyat və incəsənət” portalı Euronews-a istinadən məlumat verir.
Əsərin qanuni sahibləri isə Qustav və Emma Mayerin varisləridir. 40-cı illərdə faşistlərin qorxusundan Almaniyadan qaçan ər-arvad evlərindəki bu bahalı əşyanı özləri ilə apara bilməmişdilər, faşistlər rəsm
əsərini müsadirə etmiş, sonradan rəsm əsəri nə yollasa Belçika muzeyinə düşmüşdü.
Beləliklə, Mayerlər birdən-birə hədsiz varlanmışlar. Rəsmin qiyməti milyonlarla avroyla ölçülür.
“Mənim ağ göyərçinim” tamaşası Xocalı qurbanlarının xatirəsinə ithaf edilir
Bu gün Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yazıçı-dramaturq Tamara Vəliyevanın “Mənim ağ göyərçinim” əsəri əsasında səhnələşdirilən eyniadlı tamaşa nümayiş olunacaq.
Xocalı faciəsinin 30-cu ildönümü münasibətilə təqdim olunacaq səhnə əsərinin süjeti azadlıq və müstəqillik uğrunda canlarını qurban vermiş gənclərin nakam həyat hekayəsi əsasında qurulub.
Tamaşanın quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova, quruluşçu rəssamı Gürcüstanın tanınmış rəssamı, Tumanaşvili adına Teatrın baş rəssamı Şota Qlurjidze, musiqi tərtibatçısı Vladimir Neverovdur.
Səhnə əsərində rolları Əməkdar artistlər Nəsibə Eldarova, Rahib Əliyev, aktyorlar Təhminə Məmmədova, Asya Atakişiyeva, Mirzağa Mirzəyev, Eşqin Quliyev, Məsumə Babayeva, Kərəm Hadızadə, Zülfiyyə Alhüseynova, Xalidə Şərifova, Ədalət Əbdülsəməd və başqaları ifa edirlər.
Radikal islamçılar FOX telekanalında gedən yarışmanı dayandırmağa nail oldular
Melis Sezen, Eda Ese, Alican Yücesoy və Doğu Dəmirkolun çıxış etdiyi “Sən kimsən” yarışması yanvar ayında ekranlara çıxmışdı. FOX TV telekanalında yayımlanan müsabiqə radikal dindarların, guya kafir simvolların olması səbəbi ilə tənqid obyektinə çevrilib. Müsabiqənin prodüseri Fatih Aksoy bu yaxınlarda məcburən finala çıxmağa hazırlaşdıqlarını elan edib.
“Ədəbiyyat və incəsənət” portalı SonDakika ajansına istinadən məlumat verir ki, Fatih Aksoy müsabiqənin taleyindən danışaraq deyib: "Biz etdiklərimiz dünyanın 50 ölkəsində nümayiş olunan formatı götürməkdir və burada nümayiş etməkdir. Yanvar ayında başladıq və tam mövsüm keçmək əzmi ilə bu işi gördük, amma 2,50 reytinqini aldığımız zaman bu haqsız təpkilərlə üzləşdik, kanalla danışdıq və yarışmanı dayandırmaq qərarına gəldik. Bu, pis proqram deyildi, lakin o, Türkiyədə sərt rəqabətə tab gətirmədi. Biz tezliklə final keçirəcəyik. Biz finalı bir qədər erkən keçirəcəyik”.
İcazə verin, “Türkiyə bu cür hara gedir” sualını verək.
Rus dissident yazıçısı Soljenitsinin arxivi 4,4 milyon rubla satılıb
Rusiyanın disident yazıçısı Aleksandr Soljenitsinin arxivi hərracda 4,4 milyon rubla satılıb.
Bu barədə rus mediası məlumat yayıb.
Məlumata görə, müəllifin hərraca çıxarılan və imzası ilə yazılmış “Qulaq arxipelaqı” romanı 350 min rubl başlanğıc qiyməti ilə 1,3 milyon rubla satılıb.
Ümumilikdə, hərrac zamanı arxivin qiyməti 1,76 milyon rubldan 4,4 milyon rubla yüksəlib. Arxivə avtoqraflar, müəllif yazıları daxildir.
4,4 milyon Azərbaycan manatı ilə təqribən 194 min manatdır.
Zəfər tariximizin ədəbiyyatda təbliğinə dair yeni layihənin icrasına başlanılıb
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Türk Dünyası İnfo” İctimai Birliyi tərəfindən “Zəfər duyğularının ədəbiyyatda və nəşrlərdə təzahürü” adlı layihənin icrasına start verilib. 3 ay müddətinə həyata keçiriləcək bu layihə xalqımızın taleyində, tarixində, ərazi bütövlüyümüzün bərpasında mühüm əhəmiyyətli Vətən müharibəsində qazandığımız böyük Zəfərin tariximizin ölkəmizdə və türk dünyasında yaradılan müasir ədəbi-bədii əsərlərdə necə əksini tapması və milli özünüdərk prosesinə təsirlərindən bəhs edir.
“Türk Dünyası İnfo” İctimai Birliyinin sədri Dəyanət Osmanlı AzərTAC-a bildirilib ki, Azərbaycan xalqının müasir taleyində və tarixində böyük dönüş yaradan Vətən müharibəsində qazanılan Qələbə XX əsrin ən bariz faktı olmaqla, bizim milli düşüncəmizdə, o cümlədən, mədəni düşüncəmizdə yeni, başlıca strateji paradiqmanı da müəyyənləşdirmiş oldu. Bu qürurlu tarixi olayların timsalında Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin yürütdüyü böyük siyasətin nəticəsi olaraq, qalib xalqın qalib mədəniyyəti, ədəbiyyatı, elmi yaranmalı, ədəbi-estetik cəhətdən əlaqəli şəkildə inkişaf etməlidir: “Uzun illər erməni işğalında qalıb çözülməz beynəlxalq münaqişə düyününə düşən doğma Qarabağı azad etmək ruhu hər bir Azərbaycan insanının varlığının məqsədi olub. Eyni zamanda xalqımızın Vətən müharibəsindəki mübarizliyi, həmrəyliyi mənəviyyatımızda yeniləşmə təməlidir. Ədəbiyyatımızda torpaqlarımızın müdafiəsi uğrunda birliyini, əzmini, sevgisini nümayiş etdirən azərbaycanlı obrazı Vətən müharibəsinin elə ilk günlərindən mətbuatda görünməyə başladı. Qarabağ ədəbi-bədii salnaməsinin yeni səhifəsi də tariximizin bu həlledici anından ibarətdir. Vətən müharibəsinin ədəbi-bədii düşüncədə təsirləri təkcə Qarabağ mövzusu ilə kifayətlənmir, keçmişə, bu günə və gələcəyə baxışlarımızın daha optimal koordinatlarının müəyyənləşməsində, mədəni düşüncəmizi yeni mərhələyə, yeni üfüqlərə keçməsi şərtlərini və məsuliyyətini şərtləndirir”.
Bildirib ki, Vətən müharibəsindəki qalibiyyət tariximiz yeni nəsillərin milli ruhunda, dilində, adət-ənənəsində, vətənpərvərlik duyğuların, eləcə də müasir dünyada yaşayan bütün azərbaycanlıların həyatının, gələcəyinin ən aktual stimuluna çevrilməsində ədəbiyyatın müstəsna rolu var: “Vətən müharibəsində Zəfər tariximizdən bəhs edən, Azərbaycanda və türk dünyasında yaradılan ədəbi-bədii əsərləri toplamaq, ən yaxşılarını seçmək, mükafatlandırmaq və bu poetik nümunələrdən ibarət sanballı bir antologiya hazırlamaq İctimai Birliyin qarşısına qoyduğu məqsədlərdən biridir. Bununla da müharibə mövzusunda ədəbiyyatın inkişafına dəstək verməyi nəzərdə tutub”.
Yura dövrün aləmi: Hökmranlıq” filminin yeni treyleri
“Universal Pictures” şirkəti “Yura dövrün aləmi: Hökmranlıq” filminin yeni treylerini yayımlayıb.
TASS agentliyi xəbər verir ki, filmdə hadisələr dinozavrların sərbəst buraxıldığı əvvəlki hissədəki hadisələrdən dörd il sonra cərəyan edir.
Rollarda Kris Pratt, Mamudu Ati, Lora Dern, Brays Dallas Hovard, Ceff Qoldblum və başqaları çəkilib. Filmin rejissoru Kolin Trevorroudur.
Filmin Rusiya premyerası iyunun 9-na planlaşdırılıb.
“Akademik Mirzə İbrahimov” biblioqrafiyası nəşr olunub
M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından “Akademik Mirzə İbrahimov” biblioqrafiyasını nəşr etdirib.
Görkəmli Azərbaycan yazıçısı, dramaturq və ictimai xadim Mirzə İbrahimov haqqında ilk biblioqrafiya yazıçının anadan olmasının 55 illiyi əlaqədar 1966-cı ildə, ikinci biblioqrafiya isə yazıçının anadan olmasının 100 illiyi əlaqədar tərtib edilib.
Azərbaycan Milli Kitabxanasının “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından tərtib etdiyi “Akademik Mirzə İbrahimov” fundamental biblioqrafiyası isə Azərbaycanın görkəmli yazıçısı, dramaturq, ədəbiyyatşünas və publisisti, ictimai-siyasi xadim Mirzə İbrahimovun anadan olmasının 110 illiyinə həsr edilib.
Kitabxanadan AzərTAC-a bildirilib ki, biblioqrafiyanın elmi redaktoru professor, Əməkdar mədəniyyət işçisi Kərim Tahirov, “Ön söz” müəllifi isə akademik, Əməkdar elm xadimi İsa Həbibbəylidir.
Azərbaycan Milli Kitabxanasının hazırladığı bu fundamental biblioqrafiya 1930-2021-ci illərin materiallarını əhatə edir. Biblioqrafiyada Mirzə İbrahimovun kitabları, dərsliklərdə, məcmuələrdə, dövri mətbuatda çap olunmuş əsərləri, yazıçının həyat və yaradıcılığını əks etdirən ədəbiyyat öz əksini tapıb. Materiallar Azərbaycan, rus və başqa dillər üzrə verilib. Biblioqrafiyada ədibin əsərləri, həyat və yaradıcılığı haqqında material, habelə onun dünyanın ən zəngin kitabxanalarında mühafizə olunan nəşrləri öz əksini tapıb. Biblioqrafik göstəricidə ədəbiyyat xronoloji qaydada qruplaşdırılıb, xronoloji çərçivə daxilində isə əlifba sırası gözlənilib. Biblioqrafiyada ilk dəfə yazıçının dünyanın ən zəngin kitabxanalarında mühafizə olunan nəşrləri “Mirzə İbrahimov dünya kitabxanalarında” və “Mirzə İbrahimov dünya universitet kitabxanalarında” bölmələrində öz əksini tapıb.
Azərbaycanın Xalq yazıçısı Mirzə İbrahimov qüdrətli nasir və dramaturq olmaqla bərabər, həm də görkəmli ictimai xadim, tanınmış tənqidçi və ədəbiyyatşünasdır. O, zəngin bədii yaradıcılığı ilə yanaşı, ana dilinin, milli-mənəvi dəyərlərin qorunması uğrunda mübarizə aparmış vətəndaş yazıçıdır.
Biblioqrafiya ədəbiyyatşünas alimlər, tədqiqatçılar, kitabxanaçı‒biblioqraflar və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
Biblioqrafik göstərici ilə tanış olmaq istəyənlər http://anl.az/down/M.ibrahimov.pdf linkindən istifadə edə bilərlər.
Almaniyanın paytaxtında nüfuzlu “Berlinale” festivalına start verildi
“Sərt pandemiya qaydalarına tam riayət edəcəyik” deyə zəmanət verərək təşkilatçılar Almaniyanın paytaxtı Berlin şəhərində Avropanın ən nüfuzlu üç kino forumundan biri olan (digərləri Venesiya və Kann festivalları) “Berlinale” Beynəlxalq Film Festivalının açılışını etdilər.
“Ədəbiyyat və incəsənət” portalı RFİ saytına istinadən məlumat verir ki, 72-ci “Berlinale”nin əsas proqramında 27 tammetrajlı film (16 bədii, 11 sənədli), “Forum Special” proqramında isə 14 ekran əsəri var. Bundan əlavə, festivalın “Encounters”, “Generation 14+”, “Berlinale Series Market” kimi proqram və bölmələri də var.
Pandemiya ilə əlaqədar “Berlinale” formatını bir qədər dəyişib. Festivalın əsas müsabiqə filmlərinin (“Qızıl ayı” və “Gümüş ayı” uğrunda yarışanlar) nümayişi fevralın 16-dək keçiriləcək. Mükafatların təqdimetmə mərasimi də həmin gün olacaq. Bundan sonra isə fevralın 20-dək bütün “Berlinale” kinoteatrlarında festivalın filmlərinin təkrar nümayişi təşkil olunacaq. Pandemiya şərtlərinə görə “Berlinale” kinoteatrlarının tutumu 50 faizə qədər azaldılıb.
İndi isə açılış filmi barədə. Bu, “Peter fon Kant” filmidir. Film Rayner Verner Fissbinderin məşhur “Peter fon Kantın acı göz yaşları” filminə çəkilmiş remeykdir. Hadisələr 1972-ci ildə baş verir. Normal qəhrəmanlarla yanaşı homoseksual və lezbiyan qəhrəmanlar da filmdə “at oynadırlar”.
Təbii ki, alman filmidir. Özlərini sevən almanlar öz festivallarını nəyə görə əcnəbi filmi ilə açsınlar ki?
“Yalanlar göz qamaşdırdı” - Əlizadə Nurinin yeni şeiri
Bu ömür bir qazan qardı...
Yoxdu bu qəmin yiyəsi,
Götür qoy gözün üstünə.
Sinəmdəki yaraları
Kim sərib duzun üstünə?
Bu dəryanı kim daşdırdı?
Nə qum qaldı, nə daş durdu.
Yalanlar göz qamaşdırdı-
Getmədik düzün üstünə.
Səs deyil hər haray- həşir,
Canımız bir sevda nəşi.
Tuta bilmədik günəşi,
Yıxıdı tozun üstünə.
Yerdi əsən, yeldi əsən?
Axsaq imiş o tələsən.
Qələm yorulub deyəsən,
Əyilib sözün üstünə.
Qəfəs deyil, amma dardı,
Yer üzü damar- damardı...
Bu ömür bir qazan qardı-
Qoymuşuq közün üstünə...
Mədəniyyət Nazirliyinin nümayəndələri ƏSA Teatrının kollektivi ilə görüşüb
Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev, nazirliyin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin müdiri Fərəh Acalova, teatr sektorunun müdiri Könül Cəfərova və baş məsləhətçi Emin Əliyev "Çıxış yoxdur” tamaşasının nümayişindən sonra ƏSA Teatrının kollektivi ilə görüşüblər.
Görüşdə mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev tamaşanın xarici festivallarda ölkəmizi təmsil edə biləcəyini və ƏSA Teatrının qastrol səfərləri həyata keçirməsinin zəruri olduğunu qeyd edib.
Teatr kollektivi göstərilən diqqətə görə Mədəniyyət Nazirliyinə öz təşəkkürlərini bildirib.