
Super User
“Unudulmuşlar” - Sevgililər gününə bir rekviyem
“Ədəbiyyat və incəsənət” portalı yazıçı Varisin “Metamorfoz” romanını təşkil edən hekayələrdən birini - “Unudulmuşlar”ı oxucularına təqdim edir, bütün sevənlərə unudulmamağı arzulayır.
Unudulmuşlar
Gördü ki, hərə öz kefindədir. Rəqs eləyirlər, lətifə söyləyib gülüşürlər, badə cingildədirlər... Astaca qapını aralayıb içki, tütün qoxulu o aləmdən qopdu, pilləkənlə həyətə düşdü.
Ay ipiri idi, hər yanı nura boyamışdı. Əvvəl elə bildi qar yağıb. Əyilib yerdən qar da götürmək istədi. Ancaq barmaqları torpağa sürtünəndə başa düşdü ki, bu təzə il də qarsız gəlir ömürlərinə.
Lap uzaqda nöqtə boyda işıq işarırdı. İşə bax. Sən demə, bunlardan savayı da Yeni ili bağda keçirən var imiş...
Siqaret yandırdı. Əvvəllər elə başa düşürdü ki, həyatda daimi heç nə yoxdur. Ona görə də öz uğursuzluqlarının əvvəl-axır qurtaracağına inanırdı... İndi bu inam da itmişdi...
Tənəklərin arası ilə bir-iki addım atdı. Birdən xışıltı eşidib diksindi və... yerində donub qaldı. Su quyusunun yanında bir qadın əllərini sinəsində çarpazlayıb dayanmışdı. Özü də paltarı elə bil daş-qaşdan idi, alışıb yanırdı.
Qadın onu görcək gülümsədi:
- Siz də çıxdız?
Tanıdı qadını. Lap küncdə, Raufun yanında oturan idi.
- Hə, gördüm hamı bir-birinə qarışıb, mənə məhəl qoyan yoxdur, çıxdım...
Qadın ah çəkdi:
- Elə mən də.
Bayaq ötəri baxdığı qadını indi diqqətlə süzdü. Gözəl idi. Ancaq hiss edilirdi ki, gözəlliyi artıq solmağa başlayıb.
Hətta ən gözəl çiçəyin belə solmağa məhkum olmasına həmişə təəssüflənərdi. İstəyirsən lap qızıl güldana qoy, xeyri yoxdur...
...Onu gördü ki, düz qadının qarşısındadır və sual verir:
- Bəs üşümürsüz? Əsl qış havası olmasa da, hər halda soyuqdur axı..?
Arabir küləyin vıyıltısı eşidilirdi. Kürkünü qadının çiyninə saldı. Qadın bir az dartındı:
- Özünüz geyinin, mən üşümürəm.
Sonra sakitləşdi:
- Çox sağ olun. İstəmirəm bir də palto üçün içəri girim.
Bir müddət Aya baxdılar. Qadın əlini uzatdı, guya tutacaqdı Ayı:
- Ömrümdə bu boyda Ay görməmişdim.
O da əlüstü dilləndi:
- Elə mən də.
Qadının bir addımlığında durmuşdu. Vurduğu ətirin bihuşedici qoxusu, həm də nəfəsi ona dəyəndə ürəyi uçundu, titrək səslə dedi:
- Olar sizdən bir söz soruşum?
- Lap beşini soruşun.
- Siz Tofiqin nəyisiz?
Qadın tutuldu. Dillənmədi. O, tez sözünü dəyişdi:
- Bəlkə yellənək?
Yelləncəyə qalxdılar. Yelləndikcə Ay, elə bil, dövrə vururdu başları üstündə.
Qadın az qala qışqıra-qışqıra soruşdu:
- Sizin adınız nədir?!
O da beləcə qışqırdı:
- Bayaq Tofiq bizi tanış elədi axı! Mənim adım Rüfətdir! Sizinki isə Sara!
Bir müddət yelləndilər. Rüfət qızının karuselləri xoşlamasından, oğlunun dəcəlliyindən, arvadının qayğılarından danışdı.
Sara dedi:
- Saxlayın, başım fırlanır.
Rüfət istəməsə də, bunu etməyə məcbur oldu.
Quyu daşının üstündə oturdular.
Sara barmağı ilə sanki daşın üstündə şəkil çəkə-çəkə soruşdu:
- Çoxdan evlisiz?
- Yeddi ildir. Bəs sizin ailəniz yoxdur?
Sara içini çəkdi:
- Bir qızım var, ərdədir.
Rüfət təəccübləndi. Üzündəki təəccüb qarışıq gülümsər ifadə ilə sual verdi:
- Bəlkə nəvəniz var?
Sara şəkil çəkməyi yığışdırdı:
- İnanmırsız? Özünüz bilin. Beş aydır ki, köçürmüşəm qızımı. Mənim otuz altı yaşım var. Siz deyən qədər də cavan deyiləm... Ərim isə ölüb... Mənim üçün...
Sonra köks ötürdü:
- Bəs nə əcəb arvadınız razı olub bura gəlməyinizə?
Rüfət də köks ötürdü:
- Qayınatamgilin ənənələri var, hər Yeni ili bütün ailə bir yerdə keçirir.
- Siz niyə getmədiz?
- Evləndiyim ili getdim, gördüyümü gördüm.
Sara maraqla Rüfətin gözlərinin içinə baxdı:
- Nə gördüz ki?
- Heç... Xoşuma gəlmir onların məclisləri. Bacanaqlarım elə oturub-dururlar, guya bunlardan savayı kişi yoxdur. Yağlı yerdə işləyirlər də... Mənsə adicə televizor ustasıyam... Düzdür, mən də pis qazanmıram. Amma yenə də yanlarında hörmətim yoxdur. Ağzımı açan kimi sözümü kəsirlər. Yoldaşım da ayağımı tapdalayır ki, birdən artıq-əskik danışaram. Qayınatam onlara «can» deyir, mənə məhəl qoymur... Adama vəzifəyə, pula görə yox, insaniyyətə görə qiymət verilməlidir də, düzdü? Ancaq kimə deyirsən?! Hörmətsiz, qiymətsiz yaşamaqdan artıq usanmışam. Hər il yoldaşıma deyirəm, getmə. Ağlayır, dalaşır, küsür. Mən də dözmürəm, razı oluram. Uşaqları da aparır... Hər Yeni il axşamı mənim ən yalqız günüm olur. Bu gün də oturub televizora baxırdım. Gördüm, Tofiq zəng vurdu ki, bağa yığışırıq. Doğrusu, təəccübləndim. Bu qış vaxtı nə bağ? Ancaq razılaşdım. Uşaqları da çoxdan idi görmürdüm. Biz axı dörd dost olmuşuq: Tofiq, Rauf, Akif, bir də mən...
- Tofiq, Rauf, Akif, bir də Rüfət... Dördünüzün də adında «f» hərfi var ki.
- Hə? Heç fikir verməmişdim... Başqa hansı hərf var dördümüzün də adında?
- ... Məncə, heç biri.
Azacıq susdular. Sükutu Saranın səsi pozdu:
- Bir şey desəm, acığınız tutmaz?
- Əlbəttə tutmaz.
- Deyəsən, Tofiqlə aranız sərindir axı. Mən fikir verirdim, o biri dostlarınızla elədiyi zarafatları sizinlə eləmirdi...
Rüfət içini çəkdi:
- Vaxtilə Tofiqlə çox yaxın olmuşuq, bir həyətdə böyümüşük, uşaqlıq dostuyuq. Sonra Rauf çıxdı, Tofiqin mənə olan diqqətinin yarısından Raufa pay düşdü. Sonra Akif peyda oldu. Mən ali təhsil almamışam deyə, ya nədəndisə, bunlar bir-biriylə daha mehriban oldular... Beləcə, günlərin birində gördüm artıq adama çevrilmişəm, unudulmuşam. Başa düşürəm, bu gün niyə məni xatırlayıblar. Buna deyərlər, xala, xətrin qalmasın.
Yenə bir müddət susdular. İçəridəkilər əl çalır, ayaqlarını yerə döyürdülər. Sara dedi:
- Kefdədirlər.
Aşağı mərtəbənin pəncərələrini gur işıq bürümüşdü. Yuxarı mərtəbənin qaranlıq pəncərələrində isə Ayın işığı əks olunmuşdu.
Rüfət səsini yavaşıtdı:
- Keçmiş dostlar, keçmiş tanışlar, keçmiş məhəbbət... Məndə bunların hamısından olub. Sizdə bəs?
- ...
- Sizin keçmiş məhəbbətiniz olmayıb yəni?
Sara gözlərini işıqlı pəncərələrdən tən ortada olanına zilləmişdi. Rüfət isə, elə bil, öz-özünə danışırdı:
- Qabaqlar dəli-divanə idik. Sonra eşitdim ki, başqasını da sevib haçansa. Bunu özümə sığışdırmadım...
- ...
- Əslində hər bir kişinin evlənənədək bir neçə sevgisi olur. Amma siz qadınlar əksərən ilk sevginizə sadiq qalırsız...
Saranın gözü pəncərədən qopmurdu:
- Siz otaqdan çıxanda Tofiq rəqs eləyirdi?
Rüfət özü ilə söhbətinə ara verməli oldu:
- Gərək ki, yox... Rəqs eləyən yox idi. Söhbət eləyirdilər.
- Tofiq o qara donlu qızla söhbət eləyirdi?
- Fikir vermədim.
Sara durub var-gəl eləməyə başladı:
- Bir saata yaxındır ki, burdayam. Başı necə qarışıbsa, hələ də xəbəri yoxdur...
Rüfət bu barədə çox düşünmüşdü. İnsanlar bütün ömürləri boyu xoşbəxtlik gəzirlər, ancaq hey ağrıyla, əzabla, ölümlə üzləşirlər... Xoşbəxtliyin düzgün ünvanını bilən bir ovuc insan onu digərləri ilə bölüşmək istəmir...
Sara əsəbiləşdi:
- Siz kişilər hamınız beləsiz! Əvvəl yalvarırsız, diz çökürsüz, ələ keçirəndən sonra isə kobudlaşırsız, zəhərləyirsiz adamı. Bir səhv idi, əzabını çəkə-çəkə yaşayırdım. Bu da ömrümdə ikinci səhvim oldu. İndi də, yəqin, o qara donluya vurulub. Çünki o qızın, uzağı, iyirmi beş yaşı olar, çox gəncdir, təravətlidir... Niyə evlənmir? Gör neçəsinin həyatını zəhərləyib. Qoy bir az keçsin, o qara donludan da soyuyacaq. Gültək qoxlayıb tullayır qadınları. Vəhşidir, yırtıcıdır, əclafdır... Mən axmaqsa onu sevirəm... Bura da məni, yəqin, ona görə çağırıb ki, yeni sevdasından xəbər tutub rahat buraxım onu...
Səs-küy lap yaxınlaşdı. Qapını açmışdılar. Sara ümidlə ora baxdı. Ancaq tez də bağladılar. O, üzü pəncərəyə tərəf donub qaldı.
...Görəsən, neçə saat idi həyətə çıxdığı? Rüfət bədəninin soyuqdan gizildədiyini indi hiss elədi, durdu, gəzinməyə başladı. Tənəklərin arası ilə bir xeyli getdi. Son dəfə bu bağda nə vaxt olmuşdu? Gərək ki, yeddi-səkkiz il əvvəl. Subay vaxtları idi. Tofiqin 07-si 1 (VAZ avtomobili növü) ilə gəlmişdilər, hələ cip almamışdı Tofiq. Onda bax, bu yola daş döşənməmişdi... Bu talvar da yox idi...
Geri qayıdanda Saranı ağlayan gördü.
- ... Anam vardı, dözürdüm. İndi hər şeydən əlim üzülüb. Harda qoca görürəmsə, ürəyim yerindən qopur. Elə bilirəm, anamdır qarşımdakı. İstəyirəm hey qulluq eləyim ona... Qonşuluqda bir qarı var. Həmişə əlindən tuturam. Bir dəfə dedi: «Xoşbəxt ol». Qulaqlarıma inanmadım, soruşdum: «Nə deyirsən?» Bir də təkrar elədi. Dedim, mən hara, xoşbəxtlik hara?! Yolkanı qurmuşdum. Biskvitli tort da bişirmişdim. Üstünə kremlə «Yeni iliniz mübarək!» yazmışdım. Dedim, qızımla kürəkən gələrlər, birlikdə oturarıq. Qudamgil məni bəyənmirlər. Tofiqlə tanışlığıma görə. Onların aləmində dul qadının ixtiyarı yoxdur təzədən kiminləsə münasibət qursun... Qoymadılar qızı. Bəlkə də heç özünün meyli olmadı. Zəng eləyib yeni ilimi təbrik elədi, vəssalam. Getdim qarının dalınca. Osa qulaq yoldaşım olardı. Gördüm, onun da oğlu dalınca gəlib. Dedim, bəxtəvər başına. Heç olmasa, bayramdan-bayrama yada düşür... İki il qabaq yeni ili üçümüz qarşılamışdıq: anam, mən, qızım. Keçən il qızımla mən idik. Bu il isə tək qaldım... Televizor da işləmir. Oturub bikef-bikef yolkaya baxırdım ki, bir də sənin Tofiqin zəng elədi...
«Televizor işləmir» kəlməsi sanki Rüfəti yerindən tərpətdi:
- Niyə göstərmir televizorunuz?
- Nə bilim, ağarır, ancaq səs-filan yoxdur...
Rüfət gözlərində azacıq işıq, dərhal dilləndi:
- Bildim nədəndir, bircə dəqiqəyə düzəldərdim onu...
Qapı yenə açıldı. Sara yenə ümidlə ora boylandı. Qapı bağlananda gümüşü qol saatına baxa-baxa soruşdu:
- Şəhərə neçə saatlıq yoldur?
- Qırx-qırx beş dəqiqəlik... Uzağı bir saatlıq.
- Yeni ilə isə üç saat yarım qalıb...
Rüfət yenə siqaret yandırdı. Qəribə işdir: insanlar hər yeni il axşamı deyirlər, gülürlər, şənlik eləyirlər... Bəs qazandıqları nədir axı? Əslində ömürlərindən bir il də itirirlər. Yəni itkiyə şad olmaq düzgündür? Ölün ölür, durub toy-bayram edirsən?
Az sonra özlüyündə təsdiqlədi ki, «bu il mənə düşmədi, gələn il, yəqin, düşərli olar» imitasiyası hamı üçün daimi inanca çevrilib.
...Sara bir də təkrar elədi:
- Bəlkə, gedək?
Rüfət dinmədi.
- Niyə susursuz?! Qoy başa düşsünlər ki, bizim də hissiyyatımız var. Siz televizoru düzəldərsiz, mən də sizi torta qonaq edərəm. Mənim tortlarım çox dadlı çıxır. Kim yeyirsə, barmaqlarını yalayır...
Rüfətin qolundan yapışdı:
- Siz Allah, gəlin gedək.
Rüfət yüngülcə dartındı:
- Olmaz axı, yaxşı düşməz...
Sara incikliyini gizlətmədən ondan aralandı:
- Bəs, sizcə, onların hərəkəti yaxşı düşür?! Bu nə hörmətsizlikdir adama göstərirlər?!
Hərdən nədənsə insanların yalan söyləməyə, başqa bir obraza girməyə məcbur olması Rüfəti daim narahat edirdi. Bu gün səni qane edən, sənə sərfəli olan münasibət artıq sabah ağır bir buxova çevrilir, yeni münasibətlərə doğru yönəlmiş daş-kəsəkli, palçıqlı yolunda sənə maneçilik törədir... Ondan qopmağa məcbur olursan, ayağına dolaşan dəmir zəncir kimi tapdalayıb, palçıqda qoyub gedirsən... Amma bununla yanaşı, «yaxşı çıxmaz» düşüncəsi ilə bu elədiklərini gizləmək məntiqsizliyinə də əl atırsan... Çılpaq ikən özünü paltarlı göstərdiyini zənn edirsən...
...Rüfətin içəri girməyi ilə çıxmağı bir-iki dəqiqə çəkdi:
- Bu da paltonuz. Yaxşı ki, təkcə sizin paltonuzun rəngi ağdır, yoxsa çaşıb qalardım... Heyif ki, görən oldu...
Ay bir az da irilənmiş, hava bir qədər soyumuşdu. Kanalın qırağı ilə gedirdilər. Yol kələ-kötür idi. Sara büdrədikcə Rüfət onun qolundan yapışırdı.
- ... Siz televizoru düzəldərsiz, mən də çayı qoyaram qızmağa. Xörək çəkərəm, tortu kəsərəm. Qab-qacağım elə düzülüdür.
Rüfət öskürdü.
- Deyəsən, sizə soyuq dəydi? Hər şey məndən oldu, kürkünüzü əlinizdən aldım...
- Boş şeydir.
- İstəsəniz, belinizə banka qoyaram. Lap keçi piyi ilə ovaram...
Üzü üstə uzanıb. Kürəyiylə yumşaq, ipisti barmaqlar gəzir...
Rüfət nəsə bir hərarət duyurdu, bədəninə xoş bir gizilti gəlmişdi. Kefi duruldu, özünü naza da qoydu:
- ... Bəri başdan bildirim: mən hind çayını xoşlamıram, heyif deyil bizim Lənkəran çayı!
- Bəs xörəklərdən nəyi xoşlayırsız?
- Fərqi yoxdur. İndiyə kimi mənim sifarişim ilə xörək bişməyib.
- Nə danışırsız?! Ərim möhkəm yeyib-içən idi. Demək olar, günüm mətbəxdə keçirdi. Özü də nə gəldi yeməzdi, komanda verirdi: Piti bişir... Küftə-bozbaş istəyirəm... Langet hazırla... Eh, elədiklərim burnundan gəlsin... Qədrimi bilmədi...
Rüfətin içində dilinə gətirməyə çətinlik çəkdiyi «Niyə ayrıldız ki» sualı baş qaldırmışdı. Bir də, onu çox maraqlandırırdı, Sara Tofiqlə harada və necə tanış olmuşdu...
Kanal uzandıqca uzanırdı...
Sara xeyli susandan sonra dilləndi:
- Eybi yox. Bu gün sizin sifarişinizlə xörək bişər. Çəkili ətim də var, sousluq ətim də. Üstəlik, toyuğum da var. Mən sevimli xörəyinizi bişirərəm, siz də alboma baxarsız. Qızımın hər il ad günündə şəklini çəkdirmişəm. On səkkiz dənə şəkil. Dostunuz da xoşlayırdı şəkillərə baxmağı...
Sara ah çəkdi... Üzündəki bayaqkı donuq ifadə yenidən geri qayıtdı.
Bir qədər də irəlilədilər. Döngəni başa vuranda uzaqdan şəhərin işıqları göründü. Rüfət sevincək qışqırdı:
- Odey, mikrorayonun işıqları... Ev indi istidir... Musiqi mərkəziniz olmamış olmaz. Rəqs eləməyi bacarırsız?
Sara arxaya baxırdı:
- Deyirsiz paltonu götürəndə görən oldu?
Rüfətin addımları birdən-birə ağırlaşdı. O, məyusluqla: - Oldu, - söylədi.
Sakitcə getməkdə idilər. Ara-sıra küləyin vıyıltısı eşidilirdi. Sara tez-tez büdrəyirdi...
Birdən arxadan siqnal səsi gəldi. Avtomobil işığını onların üstünə salmışdı. Saranın səsi titrədi:
- Odur...
Rüfət də içini çəkdi:
- Hə.
Şəhərə xeyli yaxınlaşmışdılar. Sara Rüfətin qolundan yapışdı:
- Gəlin qaçaq.
- Olmaz axı...
- Yox, olar. Qoy görsün ki, mən əşya deyiləm. Qoy görsün ki, ondan qaçıram, ona nifrət eləyirəm...
- Yaxşı, siz nifrət edib qaça bilərsiz. Axı mənim qaçmağım yaxşı çıxmaz.
- Xahiş edirəm.
- Uşaqlıq etmiş olaram...
- Yalvarıram...
Doğrudan da qaçmağa başladılar...
Deyəsən, avtomobil də sürətini artırdı. Sara nəfəsini dərə bilməsə də, qırıq-qırıq sözlər söyləyirdi:
- Dəli olur indi... Qoy olsun...
Sonra dayandı:
- Yazıqdır... Qoy gəlib çatsın. Bu kələ-kötür yolda biz ondan bərk gedirik...
Rüfət də dayanmalı oldu. Onun gözündə bir aləm uçub dağılırdı: isti otaq, ağaran, ancaq səsi çıxmayan televizor, bəzədilmiş küknar, biskvitli tort, türd dəmlənmiş çay...
İçində bir qəzəb yaranmışdı yaxınlaşmaqda olan avtomobilə. Əlinə keçənlə onu xıncım-xıncım eləməyə hazır idi.
Saranın səsi isə sanki lap uzaqdan gəlirdi:
- Mən onun dalımca gələcəyinə arxayın idim. Baxarsız necə peşmançılıq çəkəcək... O bilir, gözəl bilir ki, qara donlu yaşca məndən cavan olsa da, mənim heç yerə atılan dırnağım da ola bilməz...
Susub avtomobilin gəlib çatmasını gözlədilər. Bu bir an bir il qədər uzun oldu elə bil.
... Avtomobil Saranın qarşısında dayandı. Öncə Sara fərqinə vardı ki, bu, Tofiqin «Prado»su deyil. İçindən bir ağrı keçdi. Dərhal də ümidləndi, ola bilərdi həyətdə bir neçə maşın olduğundan, Tofiq öz avtomobilini çıxara bilməmiş, qonaqlardan birininkini sürüb gəlmişdi... Ancaq...
Tanımadıqları kök bir kişi başını çıxarıb təəssüflə dedi:
- Qaçmağınızdan bildim ki, bərk üşüyürsüz... Ancaq, vallah, yerimiz yoxdur... Özümüz güclə sığışmışıq... Dedik, Yeni il qabağı gəlib bağda bir kabab çəkək...
Rüfət avtomobili ötüb keçəndən bir müddət sonrayadək baxışları ilə müşayiət etdi. Arxa «stop»ların qırmızı işığı tam görünməz olduqdan sonra içini çəkdi, Sara səmtə çevrilib titrək səslə dedi:
- Bəlkə qayıdaq?
Sara yol kənarındakı yastı daşın üstündə oturub hıçqıra-hıçqıra ağlayırdı. Göz yaşları Ay işığında bərq vururdu.
Günün fotosu: İspaniyada və Fransada 1,3 milyon toyuq məhv edilmişdir
Günün fotosu:
İspaniyada və Fransada 1,3 milyon toyuq məhv edilmişdir
H5 N1 - Quş qripi təhlükəsinə görə epidemiyanın Ispaniyadakı ocağında -Valyadoliddəki quş fabrikində 130000 toyuq məhv edilmişdir. Xatırladaq ki, quş qripi Avropada tüğyan edir, az öncə Fransada 1,2 milyon toyuq eyni aqibətlə üzləşib.
Foto: Euronews
Rus yazıçısı Stanislav Lipatov Stalin Muzeyini yaratdı - bu, çox qorxulu tendensiyadır
Bir müddət öncə - 2 avqust 2021-ci ildə Omsk şəhərində Stalin Muzeyi yaradıldı. Dekabrın 18-də İş adamları klubunda muzeyin təqdimatı keçirildi. Layihənin təşəbbüskarı və təsisçisi – Stanislav Petroviç Lipatovdur, yazıçıdır, Beynəlmiləl Yazıçılar İttifaqının üzvüdür, üstəlik, kazak general-mayoru, Elm və incəsənət üzrə Petrovsk Akademiyasının həqiqi üzvü, Rusiya Federasiyası Hərbi Elmlər Akademiyasının müxbir üzvüdür.
“Ədəbiyyat və incəsənət” portalı Beynəlmiləl Yazıçılar İttifaqının rəsmi saytına istinadən məlumat verir ki, fevralın 13-də media mənsubları ilə görüş keçirən Stanislav Lipatov Böyük Vətən müharibəsinə həsr olunmuş tarixi-publisistik işlərin müəllifidir. Muzeyində Stalinin əsərlərinin toplusu, plakatlar, barelyeflər, portretlər və kiçik heykəllər yer alıb.
Hal-hazırda muzey Omskda, Böyük oktyabrın 10 illiyi küçəsində, 136 kvm sahəsi olan ərazidə yerləşir. Muzeyin "muzey-Stalin.RF" saytı da yaradılıb.
Stanislav Lipatov media vasitəsi ilə muzeyin taleyi ilə maraqlanan hər kəsə müraciət edib ki, mükafatlar, orden-medallar, nişanlar, fotoşəkillər, rəsm işləri, sertifikatlar, diplomlar, sənədlər, açıqcalar, qəzet-jurnallar, kitablar - bir sözlə, Stalin dövrünə aid istənilən bir nəsnə verməklə hər bir kəs Vətən naminə, “xalqlar atası” Stalin naminə Rusiyaya fayda verə bilər.
Stalin Lipatovun tədqiqatlarında Rusiyanı ürəkdən sevən görkəmli şəxsiyyət, lider kimi görünür. Üstəlik, SSRİ-ni qorxunc faşizm dövründə qoruyub saxlayan, dəmir yumruğu ilə Rusiyadan qopmağa çalışan xalqlara dərs verən bir başçıdır. Lipatov Rusiya hakimiyyətini Stalin ideyalarına sadiq olmağa, imperiyanı bərpa etməyə çağırır, bir sözlə.
Əsərlərinə görə dəfələrlə ədəbi mükafatlara layiq görülməsi, Muzeyinin Rusiya Federasiyasının İctimai Mükafatlar Şurası rəyasət heyətinin qərarına əsasən I dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi Rusiyanın ədəbi və siyasi dairələrinin Lipatovun velikorus şovinizminə söykənən imperialist ambisiyalarına şərik çıxmalarından xəbər verir.
Bu isə, razılaşın ki, çox qorxulu tendensiyadır.
Dağlıq Qarabağda sülhməramlı kimi yerləşdikdən sonra orada torpağın qanuni sahibi kimi davranan, Krımı və Donbası ələ keçirərək bütün Ukraynanı işğalla qorxudan, Gürcüstandan, Moldovadan ərazilər qoparan rus əsgəri bu gün Lipatovkimilərinin yazdıqları ədəbiyyatla, Jirinovskikimilərinin təlqin etdiyi siyasətlə təlimatlandırılır.
Gerçəkdən, narahatedici məqamdır.
Gəncliyə töhfə: “Nizami Gəncəvi irsi və gənclik" kitabının təqdimatı keçirilib
Azərbaycan Prezidenti yanında Gənclər Fondunun dəstəyi və Dünya Gənc Türk Yazarlar Birliyinin təşkilatçılığı ilə həyata keçirilən "Nizami Gəncəvi irsi və gənclik" adlı layihə çərçivəsində eyniadlı kitabın təqdimat mərasimi keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı DGTYB mətbuat xidmətinə istinadən xəbər verir ki, tədbirdə alimlər, tanınmış yazarlar, yeni nəsil araşdırmaçıları, ədəbiyyatsevərlər, gənc oxucular iştirak ediblər. Gəncliyə Yardım Fondunun akt zalında baş tutan tədbirdə fondun əməkdaşı Eldar Kərimov qonaqları salamlayıb, şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının və Türkiyə Respublikasının dövlət himnləri səsləndirilib.
Bundan sonra DGTYB-nin başqanı, layihənin rəhbəri İntiqam Yaşar tədbiri açıq elan edərək, iştirakçılara təşəkkürünü bildirib, işıq üzü görən kitabda yer alan müəllifləri təbrik edib. Nizami Gəncəvi ilində görülən işlərin davamı kimi yeni nəsil araşdırmaçılarının və yazarların yazılarından ibarət çap olunmuş bu kitabın ədəbi ictimaiyyət üçün mühüm əhəmiyyətə malik olduğunu vurgulayıb. Kitabın redaktorunun tanınmış alim filologiya üzrə fəlsəfə doktoru, dosent Səadət Şıxıyeva, ekspertinin Milli Məclisin Mədəniyyət komitəsinin eksperti, şair-publisist Əkbər Qoşalı, tərtibatçı-dizaynerinin DGTYB-nin İH üzvü Sərvər Kamranlı olduğunu bildirib. Bundan sonra o qonaqlara çıxış üçün söz verib. Tədbirdə çıxış edən Milli Məclisin Mədəniyyət komitəsinin eksperti , şair-publisist Əkbər Qoşalı çap olunmuş kitabın məziyyətlərindən bəhs edərək Nizami Gəncəvi irsinin xalqımızın düşüncə, mənəviyyat yaddaşında böyük əhəmiyyətə malik olduğunu vurğulayıb. Fəlsəfi elmlər üzrə fəlsəfə doktoru Mail Yaqub Nizami Gəncəvi yaradıcılığını geniş şəkildə təhlil edib, böyük şairin insan mənəviyyatının kamilliyinə yol açan əsərlər yaratmaqla böyük bir xəzinə qoyub getdiyini diqqətə çadırıb. Gəncliyə Yardım Fondunun Prezidenti Əhməd Tecim isə çıxışında Türk Dünyasının bütövlüyündə, kamilliyində Nizami Gəncəvi kimi böyük şəxsiyyətlərin əsərlərinin ən böyük yol xəritəsi, könül coğrafiyalarının bütövlüyünə işıq olduğunu söyləyib.
Daha sonra kitabda yazıları yer alan müəlliflərdən Dünya Gənc Türk Yazarlar Birliyinin İdarə Heyətinin üzvü Elmin Nuri, AYB-nin üzvü Aygün Yaşar, filologiya üzrə fəlsəfə doktoru, dosent Nərgiz İsmayılova, kinoşunas-yazar Ceyhun Mirzəli, AMEA-nın dissertantı Orxan İsayev, ADPU-nun Quba filialının müəllimi Nuranə Allahverdiyeva, gənc yazarlar Ümid Nəccari, Yusif Nazim, icimaiyyət nümayəndələri Gülnarə Vəlixanlı, Arzu Əliyeva çıxış edərək Nizami Gəncəvi yaradıcılığı və layihənin əhəmiyyəti haqda fikirlərini bölüşüblər.
Tədbirin sonunda "Nizami Gəncəvi irsi və gənclik" kitabı oxuculara paylanılıb, müəlliflər və tədbir iştirakçıları müvafiq diplomlarla təltif olunublar.
Yazıçı Əfqan 92 yaşında vəfat edib
Yazıçı-dramaturq, Əməkdar incəsənət xadimi Əfqan (Əfqan Əsgərov) vəfat edib.
Bu barədə Azərbaycan Yazıçılar Birliyindən bildirilib.
Xatırladaq ki, 1929-cu ildə Salyan rayonunda anadan olmuş Əfqanın 92 yaşı var idi.
Mərhumun cənazəsi ötən gün H.Seyidbəyli küçəsi, 30 ünvanından götürülüb. Dəfn Yasamal qəbiristanlığında baş tutub.
Allah rəhmət eləsin!
Polşalı rejissor Frans Kafkanın həyatından bəhs edən film çəkəcək
Polşa kinematoqrafının böyük rus yazıçısı Dostoyevski barədə film çəkməsi barədə oxucularımızı məlumatlandırmışdıq.
TASS agentliyinə istinadən bildiririk ki, “Oskar” mükafatına namizəd olan polşalı rejissor Aqneşka Holland XX əsrin ən az tədqiq edilən və ən qəribə tale yaşayan yazıçılarından biri olan Frans Kafkanın bioqrafiyasını ekranlaşdıracaq.
Adı “Kafka” olacaq filmin çəkilişlərinə yaxın zamanlarda başlanılacaq. Təbii ki, filmin ən dramatik hissəsi Frans Kafka- Yelena münasibətləri, Kafkanın 40 yaşında dünyadan köçməsinə səbəb olan ağır xəstəliyinin gətirdiyi məhrumiyyətlərdir.
Xatırladaq ki, Frans Kafka 19-cu əsrin sonları, 20-ci əsrin əvvəllərində yaşamış yəhudi əsilli çex yazıçısıdır. “Çevrilmə” povesti ilə dünya şöhrəti tapmış yazıçını Azərbaycanda da sevə-sevə oxuyurlar.
Şəkillərdə: Frans Kafka (qapaq şəkli) və Aqneşka Holland (alt şəkil).
Ukraynada Nizami Gəncəvinin “Xəmsə” poemalar toplusunun və bədii albomunun təqdimatı olub
Ukraynanın Dnepr şəhərində dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə Ukrayna dilinə tərcümə olunmuş “Xəmsə” poemalar toplusundan ibarət kitabın və bədii albomun təqdimat mərasimi keçirilib.
AzərTAC xəbər verir ki, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), Azərbaycanın Ukraynadakı səfirliyi və Dnepropetrovsk Vilayəti Azərbaycanlıları Konqresinin (DVAK) təşəbbüsü və təşkilatçılığı ilə keçirilən tədbirdə TÜRKSOY-un baş katibi Düsen Kaseinov, ölkəmizin Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Elmira Axundova, Dnepr Texniki Milli Universitetinin rektoru Oleksandr Azyukovski, DVAK-ın sədri Nəcəf Əhmədov diaspor üzvləri, soydaşlarımız, şəhərin fəalları iştirak ediblər.
Dnepr Texniki Milli Universitetinin nəzdində yaradılan Ukrayna-Azərbaycan Mədəniyyət və İş Mərkəzində təşkil olunan tədbirdən əvvəl universitetin rektoru ilə görüş keçirilib. Görüşdə bu cür beynəlxalq mədəni tədbirlərin keçirilməsinin xalqlar arasında körpünün yaradılmasına xidmət etdiyi vurğulanıb.
Tədbirdə çıxış edən TÜRKSOY-un baş katibi Düsen Kaseinov bildirib ki, Nizami Gəncəvinin yaradıcılığı bütün dünya üçün tükənməz ədəbi xəzinədir. Bu mədəni xəzinə dünyada daim təbliğ edilməlidir. Düsen Kaseinov Nizami Gəncəviyə həsr olunan tədbirlərə TÜRKSOY tərəfindən böyük dəstək verildiyini və bundan sonra da bu istiqamətdə işlərin davam etdiriləcəyini bildirib.
Prezident İlham Əliyevin 2021-ci ilin Azərbaycanda “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Sərəncamını xatırladan səfir Elmira Axundova vurğulayıb ki, TÜRKSOY hər zaman Azərbaycanın görkəmli simalarına, eləcə də Nizami Gəncəvi şəxsiyyətinə diqqət göstərib. Səfirliyin “Nizami Gəncəvi İli” çərçivəsində gördüyü işlərdən danışan Elmira Axundova deyib ki, Ukraynanın ikinci böyük şəhəri olan Xarkovda Nizami Gəncəvinin abidəsi ucaldılıb. Bundan başqa, Heydər Əliyev Fondunun dəstəyi və təşəbbüsü ilə Ukraynanın paytaxtı Kiyev şəhərinin mərkəzi hissəsində, Taras Şevçenko adına Kiyev Milli Universitetinin Nəbatat bağında Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin heykəl kompozisiyası ucaldılacaq.
“Nizami Gəncəvi bütün türk dünyasının, bəşəriyyətin dahi şairidir və türk dünyasının belə böyük şəxsiyyətlərinin dünyada daha geniş tanıdılması bizim üzərimizə düşən vəzifədir”, - deyə səfir əlavə edib.
Dnepropetrovsk Vilayəti Azərbaycanlıları Konqresinin sədri Nəcəf Əhmədov isə diqqətə çatdırıb ki, belə tədbirlərin ölkənin iri şəhərlərindən olan Dneprdə keçirilməsi onlar üçün xüsusi əhəmiyyət daşıyır. O, bu cür tədbirlərin davamlı olacağını bildirib.
Tədbir zamanı TÜRKSOY tərəfindən Ukraynanın tanınmış azərbaycanlı heykəltəraşı, bu ölkənin Xalq rəssamı Katib Məmmədova və Ukrayna Prezidenti tərəfindən mədəniyyət, ədəbiyyat və incəsənət sahəsində ölkənin ən yüksək dövlət mükafatı - Taras Şevçenko adına Milli Mükafata layiq görülmüş yeganə azərbaycanlı, yazıçı Qriqori Hüseynova “Nizami Gəncəvi” medalı təqdim olunub.
Sonra universitetin rektoru Aleksandr Azyukovskiy səfir Elmira Axundova, Düsen Kaseinov və Nəcəf Əhmədovu təşəkkürnamə ilə təltif edib.
Tədbirdə, eyni zamanda, Nizami Gəncəvi yaradıcılığı ilə bağlı esse müsabiqəsinin qalibləri Dnepropetrovsk Vilayəti Azərbaycanlıları Konqresi tərəfindən mükafatlandırılıb.
Sonra tədbir bədii hissə ilə davam edib.
Qeyd edək ki, Ukrayna dilinə tərcümə olunmuş “Xəmsə” epik şeirlər toplusundan ibarət kitab Azərbaycanın Ukraynadakı səfirliyi, bədii albom isə TÜRKSOY tərəfindən hazırlanıb.
“Şairin heykəli edamdır” deyən Ramiz Qusarçaylının yeni şeiri
Heykəl
Şirin heykəli qurddu,
Qurdun heykəli dovşan.
Dovşanın heykəli otdu,
Otun heykəli yovşan.
Tülkünün heykəli hiylədi,
Hiylənin heykəli oyun.
Oyunun heykəli töylədi
Töylənin heykəli qoyun.
Atın heykəli ulaqdı,
Ulağın heykəli palan.
Palanın heykəli dolaqdı
Dolağın heykəli yalan.
Harının heykəli tamahdı,
Tamahın heykəli nadan.
Nadanın heykəli günahdı
Günahın heykəli adam.
Göyün heykəli buluddu,
Buludun heykəli duman.
Dumanın heykəli sükutdu,
Sükutun heykəli tufan.
Dağın heykəli yaylaqdı,
Yaylağın heykəli oylaq.
Oylağın heykəli oymaqdı
Oymağın heykəli maymaq.
Dənizin heykəli sahildi,
Sahilin heykəli hasar.
Hasarın heykəli cahildi
Cahilin heykəli azar.
Dünyanın heykəli bəşərdi,
Bəşərin heykəli insan.
İnsanın heykəli şərdi,
Şərin heykəli şeytan.
Rusun heykəli tankdı,
Tankın heykəli qarət.
Qarətin heykəli bankdı
Bankın heykəli sərvət.
Sözün heykəli fikirdi,
Fikrin heykəli nida.
Şeirin heykəli sehrdi,
Şairin heykəli edam.
Mənim heykəlim Şuşadı,
Şuşanın heykəli Bayraq.
Bayrağın heykəli Vətəndi
Vətənin heykəli torpaq!
Venesiya tibbi maskaları karnaval maskalarına dəyişib
İtaliya hökuməti cümə günü Venesiya şəhərinin küçələrində maskaların məcburi daşınmasını ləğv edib və Laqun adaları digər şəhərlərə qoşulub adi həyat normalarına keçib. Belə ki, iki il ərzində Venesiyaya ilk dəfə bayram təşkil etmək və turistləri dəvət etmək icazəsi verilib.
“Ədəbiyyat və incəsənət” portalı Euronews-a istinadən məlumat verir ki, İtaliyada hər il keçirilən Venesiya karnavalı öz işinə başlayıb.
Maskalı karnaval da adlanan Venesiya karnavalı martın 1-dək davam edəcək. Gülüş və tamaşa ilə bol olan bayram əhval-ruhiyyəli karnavalın əsas atributu, təbii ki, maskalardır. Karnaval üçün libaslar isə adətən bir il öncədən sifariş olunur.
Builki karnavalda iştirak etmək üçün 80 minədək insan Venesiya şəhərinə gəlib. Onlardan 30 mini əcnəbilərdir.
Bu il karnaval bəzi ənənəvi tədbirlərsiz keçiriləcək. Məsələn, "uçuş mələyi" və “kostyum” müsabiqələri olmayacaq. Amma bu, ümumi ruha xələl gətirməyəcək.
Xatırladaq ki, 1268-ci ildən bəri qeyd olunan Venesiya karnavalının təməli Pagan mədəniyyətinin baharına təsadüf edir. Müəyyən vaxtlarda qadağan olunan karnaval 1979-cu ildən bəri hər il qeyd edilir. Əvvəllər sosial sinif ayrıseçkiliyini aradan qaldırmaq üçün istifadə olunan maskalar indi Venesiya karnavalının ayrılmaz tərkib hissəsinə çevrilib. Karnavalın keçirildiyi vaxt turistlərin Venesiyanı ən çox ziyarət etdiyi dövrdür.
Xatırladaq ki, 2020-ci ildə Venesiya karnavalı 23 fevralda - İtaliyada kovid-19-dan ölümün ilk hadisəsi təsdiqləndikdən üç gün sonra kəsilmişdi. 2021-ci ildə koronavirus pandemiyası səbəbindən ümumiyyətlə keçirilməmişdi.
Budur, karnaval Venesiyaya qayıdıb.
Venesiyalılar üçün bu karnaval əvvəlki xoşbəxt dövrlərə qayıdışın simvoludur. Hamının üzündən bəxtəvərçilik yağır.
Günün fotosu: İran inqilabın 43-cü ildönümünü qeyd edir
Günün fotosu: İran inqilabın 43-cü ildönümünü qeyd edir
İranın şəhərləri bayram libasına bürünüb. İranlılar islam inqilabının 43-cü ildönümünü qeyd edirlər.
Foto: Euronews