
Super User
Azərbaycan Avropanın Aparıcı Mədəni və Aparıcı Ekskursiya destinasiyaları nominasiyalarında qalib olub
Azərbaycan “28-ci Dünya Səyahət Mükafatları” tədbirində 2021-ci il üzrə Avropanın Aparıcı Mədəni destinasiyası və Avropanın Aparıcı Ekskursiya destinasiyası nominasiyalarında birinci yerə layiq görülüb.
Dövlət Turizm Agentliyindən bildirilib ki, qaliblərin elan olunması mərasimi virtual formatda keçirilib.
Qlobal turizm və səyahət sənayesinin ən nüfuzlu mükafatlarının qalibi olmaqdan məmnun olduqlarını qeyd edən Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid bildirib ki, Azərbaycan ekskursiya və mədəni turizm üçün ideal destinasiyadır:
“Biz bütün bu gözəllikləri kəşf etmək üçün səfər edəcək turistləri ölkəmizdə qarşılamağı səbirsizliklə gözləyirik”.
Baş icraçı direktor Azərbaycan torpaqlarının işğaldan azad edilməsinin turizmin inkişafı istiqamətində yeni səhifə açdığını, Qarabağa xas turizm məhsullarının inkişaf etdirilməsinin, həmçinin bu regionda daxili və beynəlxalq turistlər üçün təcrübə və infrastrukturun təkmilləşdirilməsinin ATB-nin əsas fəaliyyət istiqamətlərindən biri olduğunu diqqətə çatdırıb.
Qeyd edək ki, Azərbaycanın zəngin mədəni müxtəlifliyi, tolerantlıq və multikulturalizm kimi dəyərlərinin turistlər arasında təbliğ edilməsi Azərbaycan Turizm Bürosunun əsas fəaliyyət istiqamətlərindən biridir.
ATB UNESCO-nun mədəni və qeyri-maddi irsi siyahısında olan mədəni və tarixi abidələrin, təcrübələrin təbliğatı, eləcə də dayanıqlı və ekoloji turistik məhsulların hazırlanması istiqamətində çoxsaylı layihələr həyata keçirməkdədir.
Bunlar arasında Qafqaz dağlarında piyada turizm marşrutlarının işarələnməsi, “Slou Fud” konsepsiyası çərçivəsində orqanik məhsulların üzə çıxarılması, ornitoloji turizm (quşların müşahidəsi), həmçinin infrastruktur layihələri var.
Qürurvericidir həqiqətən!
52 dilə tərcümə edilmiş “Əkizlər necə böyüdü” kitabı barədə
Səs-küy qoparan, “ən çox satılanlar” reytinqində yer alan kitabların təqdimatını davam etdiririk. Bu dəfə sizə İlahə Nəccarinin Milutin Djuriçkoviçin “Əkizlərin macəraları” kitabına yazdığı rəyini təqdim edirik.
Milutin Djuriçkoviç “Əkizlərin macəraları”
(Милутин Ђуричковић “Како су расли близанци”)
Əkizlər dünyaya cüt gəlirlər, buna görə də onlar arasında xüsusi bağlar olur. Əkizlərin hamiləlik dövrü, böyüdülməsi, hətta qidalanmaları da fərqli olur. Əkizlər anası olduğumdan dolayı harada onlar haqqında informasiya görsəm, dərhal öyrənməyə çalışıram, çünki mənimçün xüsusi önəm kəsb edir.
Əkizləri necə böyütmək lazımdır?! Onlara seçim etməyi necə öyrətmək olar? Onlar arasındakı bağlılığa şərait yaratmaq düzgündür, yoxsa uzaqlaşdırmaq? Onları necə geyindirmək lazımdır, cüt yoxsa fərqli? – bütün bu suallar əkiz valideyinlərini hər zaman düşünüdürür.
Əkizlər doğrudan çox maraqlıdırlar. Elə lap kiçik yaşlarından bir-birlərini dəstəkləyirlər. Misal üçün, mən Tuqaya hündürdən hirslənsəm, Altunay tez öz reaksiyasını bildirir. Və ya bir həftə biri sakit olur, digəri çılğın, növbəti ay biri daha çox yeyir, digəri az. Elə vaxtlar olur, hətta günbəgün öz hərəkətlərini bir-birlərinə ötürürlər.
Daim “Əkizləri necə böyütmək lazımdır?” – sualı ilə üz-üzə qalan əkizlər anası üçün “How the twins grew up” kitabının sadəcə adı nə qədər cəzbedicidir, artıq deməyə gərək yoxdur. Çox böyük maraqla səhifələdiyim bu əsərin ana dilimizə tərcümə edilmiş adını görəndə, açığı çox təəccübləndim. Nəşriyyat əsərin adını “Əkizlərin macəraları” kimi verib. Halbuki “Əkizlər necə böyüdü” adı daha gözəl idi. İstər orijinal serb dilində (Како су расли близанци), istər ingilis dilinə tərcümədə (How the twins grew up) kitabın adı daha uğurlu və uyğundur, nəinki tərcümə edilmiş formada. Bu Mənim subyektiv fikrimdir və oxucu rəyidir.
Gələk əsərin özünə: Əsərdə Milutin və Milan adlı əkiz qardaşların yaşantıları çox pozitiv və əyləncə dolu çalarlarla təsvir edilir. Bu kitab əkizlərin uşaqlıqları və ailəsi haqqında yumor dolu xatirələr toplusudur. Qısa hekayələrdən ibarət bu xatirələr oxucu üçün əkizlərin baxça, məktəb, gəzinti və ev xatirələrini canlandırır. Hekayələr qısa, amma təsirlidir, eyni zamanda oxucunu rahatlıqla güldürə bilir. Yumoru sevən və əkiz valideyinləri üçün əla mütaliə əsəridir.
Əkizlərin hiss və duyğularını, hadisələrə yanaşmalarını öyrənməyə xeyli dəstək olur. Bu hekayənin mütalisəindən sonra bir daha əmin oldum ki, əkizlər baş-başa qalmaq istədiklərinə görə, bir-birilə darıxmadıqlarına görə valideyinlərinə çox da bağlı olmurlar. Hətta əkizlərin ana-ata qucağında çox qalmamaqlarının səbəbi də onların əkiz olmasındadır.
Müəllif Milutin Djuriçkoviç milliyətcə serb əsillidir. Serb yazar əsərdəki əkizlərin bir tayıdır və özü də əkizlər atasıdır. Aydın olur ki, “Əkizlər necə böyüdü” kitabı orijinal bioqrafik nümunədir. 2011-ci ildə qələmə alınan bu kitab dünyanın 52 dilinə tərcümə edilib. Bir çox beynəlxalq mükafatlara layiq görülüb.
Müəllifin “Какав отац, такви близанци” və “Близанци и породични циркус” kitabları da ana dilimizə tərcümə edilsə çox sevinərdim.
İlahə Nəccari
“Oyaq gözəl” tamaşası yenidən səhnədə
Oktyabrın 29-da Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında “Oyaq gözəl” tamaşası nümayiş edilib.
Rusiyalı uşaq yazıçısı Vladimir İlyuxovun fransız yazıçısı Şarl Perronun “Yatmış gözəl” nağılından bəhrələnərək qələmə aldığı ikihissəli “Oyaq gözəl” pyesi əsasında hazırlanan eyniadlı tamaşa maraqlı nümunələrdəndir.
Teatrın gənc rejissoru Anar Məmmədovun quruluşunda hazırlanan səhnə əsərinin əsas qayəsini böyükləri dinləmək, qəhrəmanlıq, güclə ağlın bərabərliyi və məntiqə əsaslanmaqla bütün maneələrdən keçmənin mümkünlüyü təşkil edir.
Komik elementlərlə zəngin nağıl-tamaşa müasir üslubda hazırlandığından burada dövrün uşaqlarının yaxından tanıdığı və sevdiyi nağıl qəhrəmanlarının sintezinə nail olunub.
Birhissəli uşaq tamaşasının bəstəkarı Əməkdar incəsənət xadimi Cahangir Zülfüqarov, rəssamı Əfşan Əsədovadır.
Quba Azərbaycanın tanınmış rəssamlarını bir hətfə ərzində “Art Zone Week” layihəsində bir araya gətirdi
Azərbaycan rəngkarlığında son illərin ən möhtəşəm layihəsi baş tutub. Oktyabrın 23-də tanınmış rəssamlarımızın iştirakı ilə Quba şəhərində “Şahdağ Quba - Truskovets Medical Sanatorium” mərkəzində bir həftə öncə başlamış “Art Zone Week” rəngkarlıq simpoziumuna yekun vurulub.
Artıq üçüncü dəfə keçirilən “Art Zone Week” Simpoziumu Dövlət Turizm Agentliyinin, “Shahdag Guba - Truskovets Medical Sanatorium” Mərkəzinin və “Savalan ASPİ” şirkətinin təşkilati dəstəyi ilə həyata keçirilir.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, budəfəki simpoziumun 44 günlük Vətən Müharibəsindəki zəfərin ildönümü ərəfəsində keçirilməsi heç də təsadüfi deyildi. Layihənin rəhbəri olan tanınmış jurnalist Şakir Eminbəylinin təbirincə desək, “Bu qalibiyyətdən ilhamlanan rəssamlar Vətən torpaqları uğrunda müqəddəs savaşa qalxan oğullarımızın qəhrəmanlığını vəsf edən mövzulara üstünlük verdilər. Eyni zamanda mədəniyyət və sosial yönümlü bu layihənin məqsədlərindən biri də rəssamların gözü ilə bölgənin turizm infrastrukturu, tarixi abidələri, unikal coğrafiyası ilə tanış olaraq onları fərqli formada təbliğ və təşviq etmək idi”.
Bu cəhətdən yanaşsaq, layihənin uğur qazandığını bəri başdan söyləmək mümkündür.
Qeyd edək ki, simpoziumda Azərbaycanın əməkdar rəssamları Vüqar Muradov, Eldar Qurbanov, Yelena Haqverdiyeva, İrina Eldarova, Məmmədhüseyn Hüseynov, tanınmış rəssamlar İlqar Tahiri, Anar Hüseynzadə, Emin Əskərov, Azər Əliyev, Rafail Aliyev, Diana Aliyeva, Raida Mustafayeva, Ramina Saadatxan, Elşən Qaraca və Adil Yusif iştitrak edirdilər (1-ci foto).
Rəssamların bir həftə ərzində çəkdikləri rəsmlərdən ibarət sərgidə ən öndə qoyulmuş, ölçücə ən böyük rəsm “Azad olmaq üçün yarananlar” adlanır (2-ci foto və qapaq fotosu). Ramina Saadatxanın bu fotosu hardasa rəssamların xarakterini ifadə edir, rəssam üçün təbiətin qoynu tam azadlıq hissləri yaratmırmı, yaradır. O ki qaldı Azərbaycanın dilbər guşəsi Quba ola.
Quba ilə Trutskavets - Azərbaycanın və Ukraynanın iki potensial cəhətdən ən böyük turizm məkanlarının qardaşlaşmış şəhərlər elan olunmaları, bu münasibətlə Qubada ultramüasir “Şahdağ Quba - Truskovets Medical Sanatorium” şəfa ocağının fəaliyyətə başlaması və məhz bu ocağın rəssamların simpoziumuna qucaq açması səbəbindən simpoziumun qala-bağlanış gecəsində Ukraynanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vladislav Kanevski də öz xanımı ilə iştirak edib. Səfir rəsmlərə böyük maraqla tamaşa edərkən (3-cü foto) qeyd eləyib ki, “Sərgidə nümayiş olunan rəsm əsərləri çox canlı və rəngarəngdirlər, onların mövzu və janr baxımımdan müxtəlif olması sərgiyə bir ayrı rəng qatır, bir ayrı özəllik verir”.
Əməkdar rəssam Eldar Qurbanovun ilk baxışda uşaq rəsmlərini xatırladan, amma dərindən nüfuz etdikcə bu primitiv görünüşlü insanların ötürdükləri enerji və mesajların, gizli fəlsəfənin dərinlikləri duyulan rəsmləri (4-cü foto) böyük maraq doğurur.
Rəssamlar ailəsi - Rafail Aliyev və Diana Aliyeva öz natürmortları ilə (5-ci və 6-cı fotolar) rənglərlə canlılığın bir vəhdətini ortaya qoyublar.
Əməkdar rəssam, Azərbaycanın müasir Van Qoqu adlandırılan Vüqar Muradov isə öz möhtəşəm triosu ilə (7-ci foto) tamaşaçıların heyranlığına səbəb olmaqdadır. Qubaya gələsən, Quba almasını çəkməyəsən? Quba alması Vüqar Muradovun triosunun ortasınsa qərarlaşaraq onun fırçasından çox canlı çıxıb, sanki indicə diyirlənib kətandan kənara düşəcək.
Qala gecədə bu əsrarəngiz “Art Zone Week” həftəsinin hesabatı da verilib: Simpozium boyu rəssamlar rəsm əsərləri çəkməklə yanaşı Quba rayonunun orta məktəblərinin bütün yaş həddini əhatə edən və rəssamlığa həvəsi olan gənclərə “Ustad dərsləri” keçiblər. Eləcə də sənətşünas Elçin Şamili dünya rəngkarlıq sənəti ilə bağlı leksiya ilə çıxış edib. Qubanın görməli yerlərinə ekskursiya, eyni zamanda “Şahdağ Quba - Truskovets Medical Sanatorium” şəfa ocağında müayinə olunmaq, qəbul edilən bərpaedici fizioterapiya, ozonoterapiya, hovuz və spa xidmətləri rəssamlara hədsiz rahatlıq, zövq və yaradıcılıq ilhamı verib.
Qala gecədə tədbirə qatılan Quba gənclərinə, sanatoriya personalına, sanatoriyada dincələn qonaqlara, eləcə də rəssamlara ədəbiyyatın və rəssamlığın bir-biri ilə bağlılığı mövzusunda əyləncəli vktorina da təqdim edili , viktorinada qalib gələnlərə tədbirdə iştirak edən yazıçı Əlibala Məhərrəmzadənin imzaladığı, hazırda ən çox oxunan kitablar sırasında yer alan “Çovdar çörəyi” kitabı hədiyyə olunub. Daha sonra xalq artisti Malik Mənsurovun rəhbərlik etdiyi “Naz-nazı” muğam qrupu yaddaqalan konsert proqramı ilə çıxış edib. Xüsusən xanəndələr
Nurlan Namazov və Günay İmamverdiyevanın ifa etdikləri
“Qarabağ şikəstəsi” tamaşaçıların gurultulu alqışlarına səbəb olub.
Elə bu yerdə oxucularımıza bəyan edirik ki, rəssamların ərsəyə gətirdikləri sənət əsərləri yanvar ayının ortalarına qədər “Şahdağ Quba Truskavets Medical Sanatorium” Mərkəzinin sərgi
salonunda nümayiş olunacaq. Qubalılar, bölgəyə gələn qonaqlar gəlib bu gözəlliklərlə baş-başa qala biləcəklər.
Hər bir gözəllik zamanla öz vaxtını bitirsə belə yaddaşlarda həkk olunur, qoyduğu xatirəylə illəri adlayıb keçir. Rəssamların Quba simpoziumu da eynən. Rəssamlar bir tablonu hər biri ovcuna rəng sürtüb əl izini qoymaqla birlikdə ərsəyə gətirdilər (8-ci foto). Bu, həm də rəmzi məna daşıyırdı. Onlar öz izlərini qoyurdular. Həm hərfi, həm də simvolik mənada.
Sumqayıt 30-31 oktyabr tarixlərində keçiriləcək kitab bayramına hazırlaşır
Gənclər şəhəri Sumqayıtda kitabın təbliği sahəsində növbəti addım atılır. 30-31 oktyabr tarixlərində “Azərbaycan Nəşriyyatları” İctimai Birliyinin təşkilatçılığı ilə şəhərdə “I Sumqayıt Kitab Sərgisi” (ANİB-2021) təşkil olunacaq. İştirakçı nəşriyyat və kitab mağazalarının sayı artdığı üçün kitab sərgisı ənənəvi olaraq keçirildiyi Sumqayıt Dövlət Dram teatrında deyil, “Kimyaçı” Mədəniyyət Sarayına keçiriləcək.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Zəfər Bayramına həsr edilən sərgidə ölkənin 30-dan artıq nəşriyyatı və bir neçə kitab evi iştirak edəcək. Sərgidə bütün nəşriyyatlar tərəfindən kitablara 50%-dək endirim tətbiq olunacaq. Eyni zamanda sərgi müddətində məşhur şair və yazıçıların da iştirakı ilə təqdimatlar, imza mərasimlər, şeir gecələri, uşaqlar üçün nağıl saatları, rəssamların əsərlərindən ibarət sərginin təşkili və konsert proqramlarının keçirilməsi planlaşdırılır. ANİB-in innovativ layihəsi olan “Öz kitabını sat” guşəsi öz kitabını təqdim etmək istəyən müəlliflər üçün nəzərdə tutulub. “Qarabağa kitabla gedirik” stendində isə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yaradılacaq kitabxana fondlarına dəstək məqsədilə bədii və elmi-kütləvi ədəbiyyat nümunələrinin toplanılması aksiyası həyata keçiriləcək. Bu aksiyada hər kəsin iştirakı arzuolunandır.
Sərgi hər iki gündə saat 10:00-dan 19:00-dək davam edəcək. Təşkilatçılar şəhərin bütün kitabsevərlərini kitabla ünsiyyət üçün yaranmış bu gözəl fürsətdən yararlanmağa çağırırlar.
Qeyd edək ki, “Azərbaycan Nəşriyyatları” İctimai Birliyi tərəfindən növbəti sərginin noyabr ayında Nizami yurdu Gəncə şəhərində keçirilməsi planlaşdırılır.
Bu dəyərli fəaliyyətinə görə ANİB-ə uğurlar arzulamaqla portalımız da öz adından sumqayıtlıları və şəhərin qonaqlarını “l Sumqayıt kitab sərgi”sinə dəvət edir. Çox maraqlı olacaq.
“Qara balığın nağılı” tamaşasının premyerası olub
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “Qara balığın nağılı” tamaşasının premyerası olub.
AzərTAC xəbər verir ki, Səməd Behrənginin məşhur “Balaca qara balıq” mənzum nağılı əsasında hazırlanan tamaşanın səhnələşdirəni Həmidə Rüstəmova, quruluşçu rejissoru Namiq Ağayev, quruluşçu rəssamı İqbal Əliyevdir.
Musiqi tərtibatlı birhissəli tamaşada rolları Cavid İbrahimov, Aygül Ağayeva və Ramiz Qəmbərov ifa ediblər.
Tamaşada "Balaca qara balıq" nəyinsə yanlış getdiyini düşünür. Mövcud yaşam tərzinin tətbiq etdiyi mənasız qadağalardan çıxmaq və hər kəsin çəkinmədən, qorxmadan istədiyi hər bir şeyə malik ola bildiyi böyük dünyaya can atır. Əbədi həqiqətlərin ardınca köklənir. O, arxdan çıxıb , öz həqiqi dünyasına qovuşmaq istəyir. Ətrafdakı balıqlar isə onun bu istəyini əsla anlamırlar. Lakin yeniliyə, daim axtarışa can atan hər bir kəsin qarşılaşdığı problemlə - mühafizəkarların tənəsi və anasının yalvarışları ilə üz-üzə qalır. Artıq seçim etməlidir : ya anasının getməməsi haqqında olan yalvarışlarına diqqət edib qaranlıq dünyada digərləri kimi hər gün daha da qaranlıqlaşmalı, ya da bütün yalvarışlara, bütün tənələrə baxmayaraq düzgün bildiyini etməli – işıqlı dünyaya doğru addım ataraq həyatını bütünlüklə dəyişdirməlidir. İradəsinin və ağlının birləşmiş gücü ilə kiçik dünyasını tərk edərək mübarizlik çırağını yandırır. Bu çırağın işığı ilə keçdiyi hər yerdə özünə tərəfdarlar toplayır, onun bu hərəkəti digər balaca balıqları da cəsarətləndirir...
Aktyorların məharətli çıxışı tamaşanı daha da baxımlı edib, səhnə əsəri maraqla qarşılanıb.
Azərbaycan Misirdə keçiriləcək folklor musiqi festivalında təmsil olunur
Misirin İsmailiyə şəhərində 21-ci Beynəlxalq Folklor Festivalı keçirilir.
8 ölkənin folklor nümunələrinin – mahnı və rəqslərini təqdim ediləcəyi festivalda ölkəmizi “Cəngi” estrada və folklor ansamblı təmsil edir.
Oktyabrın 24-də İsmailiyə şəhərinin mərkəzi meydanında Azərbaycan, İordaniya, Meksika, Sudan, Nepal, İndoneziya, Konqo və Fələstin, habelə Misirin 17 vilayətinin folklor qruplarının keçid mərasimi baş tutub. Daha sonra incəsənət ustaları şəhərin Konqres Mərkəzində keçiriləcək açılış mərasimində iştirak ediblər.
Yardımlıda kinosevərlər üçün töhvə hazırlanır
O cümlədən bölgə əhalisinə Azərbaycan mədəniyyətini təbliğ edən “Yardımlı Xeyriyyə Cəmiyyəti” üzümüzə gələn ay bu dəfə kinosevərləri sevindirəcək.
Cəmiyyətin sədri Elman Mustafayevin “Ədəbiyyat və incəsənət” portalına verdiyi məlumata görə, noyabrın 14-ü saat 12:00-da Yardımlı rayon Mərkəzi Mədəniyyət Evində tanınmış jurnalist-publisist Arif Əliyevin ssenari müəllifi olduğu, mərhum rejissor Rövşən Almuradlının ərsəyə gətirdiyi “Əsgərlər unudulanda ölürlər” filminin nümayişini keçirəcək.
Həmin gün üç görkəmli ziyalı - professor Qulu Meherremli, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlinski və tanınmış publisist Arif Əliyev Yardımlı ictimaiyyətinin qonağı olacaqlar, ictimaiyyəti düşündürən sualları cavablandıracaqlar.
Təşkilatçılar yardımlıları bu tədbirdə iştirak etməyə dəvət edir.
“Əsgərlər unudulanda ölürlər” filminin qısa məzmununu oxucularımıza çatdırırıq:
Filmdə 1920-ci ildə Azərbaycana təcavüz etmiş 70 minlik XI Qırmızı Ordunun qarşısına birinci çıxan və son nəfəsinədək düşmən qarşısından çəkilməyən Yalama qarnizonunun 350 igid əsgərinin taleyindən bəhs edilir. Xatırladaq ki, qarnizonun 350 əsgəri 70 minlik işğalçı ordunun zərbəsi qarşısında Yalama döyüşü zamanı iki saat duruş gətirmiş və son nəfəsinə qədər mövqeyindən çəkilməmişdir.
“Eurovision 2022”nin iştirakçı ölkələri açıqlanıb
İtaliyanın Turin şəhərinin ev sahibliyi ilə gələn ilin mayında keçiriləcək 66-cı “Eurovision” mahnı müsabiqəsində 41 ölkə iştirak edəcək.
AzərTAC xəbər verir ki, Avropa Yayım Birliyi (EBU) və İtaliyanın “Rai” televiziya kanalının təşkilatçılığı ilə keçiriləcək dünyanın ən böyük canlı musiqi tədbirinin yarımfinalları 2022-ci il mayın 10-12-də olacaq. “Eurovision 2022”nin finalı isə mayın 14-də İtaliyanın ən böyük qapalı arenalarından olan “PalaOlimpico”da keçiriləcək.
Builki müsabiqə ilə müqayisədə gələn il iştirakçı ölkələrin sayı 39-dan 41-ə yüksələcək. Həmin 41 ölkənin 36-sı yarımfinallarda yarışacaq. Fransa, Almaniya, İspaniya, Böyük Britaniya və ev sahibi İtaliya isə birbaşa finaldan yarışmaya qoşulacaq.
“Eurovision 2022”də iştirak edəcək ölkələr və yayım hüququna malik televiziya kanalları aşağıdakı kimidir. Azərbaycan (“İctimai TV”), Almaniya (“ARD”/”NDR”), Albaniya (“RTSH”), Avstraliya (“SBS”), Avstriya (“ORF”), Belçika (“RTBF”), Bolqarıstan (“BNT”), Böyük Britaniya (“BBC”), Çexiya (“CT”), Danimarka (“DR”), Estoniya (“ERR”), Finlandiya (“YLE”), Fransa (“FT”), Gürcüstan (“GPB”), Yunanıstan (“ERT”), İslandiya (“RUV”), İrlandiya (“RTE”), İsrail (“KAN”), İtaliya (“Rai”), Kipr (“CyBC”), Latviya (“LTV”), Litva (“LRT”), Malta (“PBS”), Moldova (“TRM”), Monteneqro (“RTCG”), Niderland (“AVROTROS”), Norveç (“NRK”), Polşa (“TVP”), Portuqaliya (“RTP”), Rumıniya (“TVR”), Rusiya (“RTR”), San Marino (“RTV”), Serbiya (“RTS”), Sloveniya (“RTVSLO”), Şimali Makedoniya (“MKRTV”), İspaniya (“TVE”), İsveç (“SVT”), İsveçrə (“SRG SSR”), Xorvatiya (“HRT”), Ukrayna (“UA:PBC”), Ermənistan (“AMPTV”).
Qeyd edək ki, “Eurovision” mahnı müsabiqəsi 31 ildən sonra yenidən İtaliyada keçiriləcək. İtaliya “Zitti e buona” mahnısı ilə 1990-cı ildən bəri ilk dəfə bu il “Eurovision” müsabiqəsinin qalibi olub. İtaliya artıq üçüncü dəfə (1965-ci ildə Neapol, 1991-ci ildə Roma) “Eurovision” mahnı müsabiqəsinə ev sahibliyi edəcək.
“28” filminin Haaqada təqdimat olub
Haaqa şəhərinin “Valliant” teatrında “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyi Assosiasiyasının təşkilatçılığı, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Xatirə Sərdarqızının müəllifi olduğu “28” filminin təqdimatı olub.
AzərTAC xəbər verir ki, filmin təqdimatında ölkəmizin Niderland Krallığındakı səfiri Fikrət Axundov, yerli ictimaiyyətin, eləcə də bu ölkədə yaşayan Azərbaycan diasporasının nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyi Assosiasiyasının sədri Mayisə Ağamirzəyeva açaraq film haqqında qısa məlumat verib.
Səfir Fikrət Axundov Azərbaycan, xüsusilə də onun mədəniyyət paytaxtı olan Şuşa haqqında danışıb.
Filmin müəllifi Xatirə Sərdarqızı doğma şəhərinə 28 illik həsrətindən söz açaraq, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Rəşadətli Ordumuzun azad etdiyi torpaqlarımıza, uşaqlıq xatirələrini qoyduğu Şuşadakı evlərinə qayıdışından danışıb. 28 illik həsrətdən sonra döndüyü doğma şəhərinə ilk gəlişində keçirdiyi hissləri bölüşüb.
Filmin nümayişindən sonra fikir mübadiləsi aparılıb, filmi seyr edənlər təəssüratlarını bölüşüblər.
Tədbir Muğam Televiziya müsabiqəsinin qalibi Güllü Muradovanın ifasında muğam konserti ilə davam edib.