
Super User
“Azərkitab”da Turan Uğurun “Sətirlər” kitabı təqdim olundu
“Azərkitab” Kitab Təbliğatı Mərkəzində şair, ssenarist Turan Uğurun “Sətirlər” adlı kitabının təqdimatı olub.
Tanınmış yazıçı və şairlərin qatıldığı tədbirdə öncə müəllif imzalı kitabları oxuculara hədiyyə edib.
Qeyd edək ki, oxucular Turan Uğurla bir çox ssenari və müxtəlif səpkili şeirləri ilə son iki il yarım ərzində “Mədəniyyət” kanalından yayımlanan “Sətirlər” verilişindən tanışdırlar. Lakin bu dəfə həmin ssenarilərdə yer alan şair, yazıçı talelərini Xalq artisti Mehriban Zəkinin nəfis təqdimatı ilə deyil, şair, ssenarist Turan Uğurun qələmi ilə oxuyacaqlar. Kitabda Əhməd Cavada, Mikayıl Müşfiqə, İsmayıl Şıxlıya, Xəlil Rzaya, Anara, Sabir Rüstəmxanlıya, habelə Viktor Hüqoya, Aleksandr Dümaya, Anna Axmatovaya, Nəcib Fazilə, Qabriel Qarsia Markesə və digər ədiblərə həsr olunan maraqlı hekayətlər yer alıb.
Yazıçı-publisist Mustafa Çəmənli, yazıçı Azər Məmmədov və publisist Elçin Şıxlı müəllifin yaradıcılığından və kitabın məziyyətlərindən söz açaraq onun gördüyü işi yüksək qiymətləndiriblər. Çıxışlarda qeyd edilib ki, Turan Uğurun şeirləri, esseləri, həmçinin fransız dilindən etdiyi tərcümələri müntəzəm olaraq müxtəlif jurnallarda nəşr edilib. “Sətirlər” kitabı gənc yazarın oxucularla ilk görüşüdür.
Qeyd edək ki, kitab “Mücrü” nəşriyyatında çapdan çıxıb.
Haqq qismən də olsa öz yerini tutdu: Gəncədə istiqlal şairi Əhməd Cavadın barelyefi açıldı
Gəncədə istiqlal şairi, Azərbaycan himninin sözlərinin müəllifi Əhməd Cavadın barelyefinin açılışı olub. Barelyef şəhərin Heydər Əliyev prospektində, şairin yaşadığı binanın fasadında həkk edilib. Buna kimi o boyda şairdən yeganə yadigar yaşadığı binaya vurulmuş xatirə lövhəsi idi ki, onu da 2017-ci ildə təmir zamanı söküb atmışdılar.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, təntənəli açılış mərasimində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, şairin nəticəsi Cavad Axundzadə, AMEA-nın Gəncə bölməsinin sədri, akademik Fuad Əliyev, Azərbaycan Yazıçılar Birliyinin Gəncə bölməsinin sədri Xəzangül Hüseynova, “Cavad xan” Tarix və Mədəniyyət Fondunun vitse-prezidenti Müzadil Həsənov, idarə, müəssisə, təşkilat rəhbərləri və şəhər ictimaiyyəti nümayəndələri iştirak ediblər. Çıxışçılar Azərbaycan poeziyasında Əhməd Cavadın rolunu qiymətləndiriblər, onun vətəndaş poeziyasını vəsf ediblər. Xüsusən şairin müəllifi olduğu “Gəncəm, Hey!..” şeiri və ona bəstələnən mahnı səsləndiriləndə heç kəs bu qürurverici anlara biganə qala bilməyib.
Xatırladaq ki, Əhməd Cavad 1892-ci il mayın 5-də Gəncə qəzasının Şəmkir dairəsi, Seyfəli kəndində ruhani ailəsində dünyaya gəlib. Atası Məmmədəli axund olub. Azərbaycanın görkəmli tarixi simalarından biri kimi tanıdığımız Gəncə xanı Cavadxan axund Məmmədəlinin atası ilə yaxın idi və ailədə həmişə onun haqqında xoş söhbətlər gedərdi. Elə bu hörmət və ehtiramın əlaməti kimi Axund Məmmədəli oğlunun adını Cavad qoyub. Atasının vəfatından sonra Əhməd Cavad anası ilə bərabər 1906-cı ildə Gəncəyə köçüb. Onun bu şəhərə olan bağlılığı, saf sevgisi demək olar ki, əksər şeirlərində əks olunub. Məşhur mahnı var, “Gəncədən gəlirəm, yüküm xurmadı”, onu kim eşitməyib ki. O mahnının sözləri də Əhməd Cavadındır.
Şairin Cümhuriyyət dönəmindəki fəaliyyəti, qatı millətçi və türkçü olması, işğalçı bolşevik rejimini qəbul etməməsi onu qırmızı terrora yem edib. Repressiya qurbanı olan Əhməd Cavad 1937-ci il iyun ayının 4-də həbs edilib, həmin ilin oktyabr ayının 12-dən 13-nə keçən gecə Bakıda vəhşicəsinə güllələnib.
Nəhayət ki böyük Əhməd Cavadın xatirəsi əbədiləşdirildi. Təbii, bu alqışlanası hadisədir. İnsan buna sevinməyə bilməz. Amma həm də fəəssüflənirsən ki, Şaumyanlara abidə qoyan Sovet hakimiyyəti millətçi-istiqlalçı Əhməd Cavadlara düşmən kəsilmişdi, bu bəllidir. Amma Azərbaycan himninin müəllifinə müstəqil Azərbaycanda yalnız müstəqilliyin 30-cu ilində abidə də yox, barelyef qoyulması həm də təəssüfləndirici dərəcədə düşündürücüdür.
Sonda istərdik oxucularımıza Əhməd Cavadın bir şeirini təqdim edək. Bu şeiri şair Bakı bolşeviklər tərəfindən işğal ediləndən, Cümhuriyyət devriləndən cəmi bir neçə gün sonra - 1920-ci ilin 3 mayında Dərbənddə yazıb. İlk baxışda sevgi şeiridir, şairin sevgilisinə ithaf olunub. Müdhiş ayrılıqdan bəhs edir. Əslində isə şairin sevgilisi bir fərd deyil, qəlbi param-parça olmuş, yağı tapdağı altına düşmüş Azərbaycandır.
NƏ YAZIM
Nə yazım, ayrılıq nədir bilməzsən,
Nələr çəkdiyimi çəkənlər bilər.
Nə deyim, söz varmı dərdimə ölçü,
Sənsiz göz yaşları tökənlər bilər!
Sənsiz nədir Günəş, nədir qaranlıq?
Nədir günahımız biz ayrı qaldıq?
Işıqsız bir dünya yaşarmı artıq?
Gözünə qaranlıq çökənlər bilər!
Bəlkə sən anmadın mənim adımı?!
Bilməm xatirində yerim qaldımı?
Mən bir çiçək quşu – pozmam andımı,
Güllər bilməsə də, tikanlar bilər!
Ölkəmiz Boğaziçi Beynəlxalq Film Festivalında təmsil olunacaq
Oktyabrın 23-dən 30-dək İstanbulda 9-cu Boğaziçi Beynəlxalq Film Festivalı keçiriləcək.
Gənc prodüserlərə və rejissorlara yeni filmlər çəkmək üçün maddi və mənəvi dəstək yaratmaq məqsədi daşıyan festivalda Azərbaycan da təmsil olunacaq.
“Beynəlxalq qısametrajlı bədii film” bölməsində Teymur Hacıyevin “Axşama doğru” filmi mükafat uğrunda yarışacaq. Bu bölmədə Fransa, Çin, ABŞ, Rumıniya və digər ölkələrdən 9 film yer alıb. “Beynəlxalq qısametrajlı sənədli film” bölməsində isə Fariz Əhmədovun “Sonuncu” filmi mübarizəyə qoşulub. “Sonuncu” filmi də öz kateqoriyasında müxtəlif ölkələrdən 9 filmə qarşı yarışacaq.
Qeyd edək ki, festivalın “beynəlxalq bədii film” kateqoriyasının münsiflər heyətində azərbaycanlı rejissor Hilal Baydarov da var.
Ölkəmizdə yeni teatr yaradılıb
Azərbaycanda “Səhnə” adlı yeni teatr yaradılıb. Teatr “1 Səhnə” prodüser mərkəzinin nəzdində açılıb. Mərkəzin direktoru, aktyor Elçin Hacı bu barədə mediaya məlumat verərək teatrsevərləri təbrik edib.
“Səhnə” teatrının bədii rəhbəri Xəqani Əliyev yaradıcı kollektivin insanlarda teatra marağı daha da artıracağına inandığını bildirib.
Teatrın ilk işi Mirzə Fətəli Axundzadənin “Hekayəti-müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah cadukuni-məşhur” əsərinin motivləri əsasında hazırlanan “Bir dəfə Qarabağda” adlı etno-muzikl janrında tamaşa olacaq. Tamaşa oktyabrın 30-31-də Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində təqdim olunacaq. Biletləri iticket.az saytından əldə etmək olar.
Tamaşanın rejissoru Elvin Mirzəyev, bəstəkarı Azər Hacıəsgərli, şeirlərin müəllifi Eminquey Akifdir. Rolları Elçin Hacı, Əhliman Ərşadlı, Ramil Məmmədov, Mətanət Eres, Abdulla Elşadlı, İranə Kərimova, Ülvi Haşim və Ruhiyyə Yəhyayeva canlandıracaq. Tamaşada səsləndirilən musiqilər qədim milli musiqi alətlərindən ibarət “Əsrlərin sədası” ansamblına məxsusdur. Ansamblın bədii rəhbəri Məmmədəli Məmmədovdur.
Ramiz Qusarçaylıdan payız lövhəsi
Ustad şair Ramiz Qusarçaylının yeni yazdığı “Payız şəkli” şeirini oxucularımıza təqdim edirik. İlmə-ilmə toxunan bu payız lövhəsi, düşünürük ki, oxucularımızın xoşuna gələcək.
PAYIZ ŞƏKLİ
Nə gözəl əsərdi bu,
Boyalar yumru-yumru.
Zirvələr yastı-yastı
Qayalar yumru-yumru.
Boz talada göy yamaq,
Kövşən sarı, yol dümağ,
Cığırlar yumaq-yumaq
Tayalar yumru-yumru.
Xəzəllər xışıl-xışıl,
İlğımlar işıl-işıl,
Mürgülər mışıl-mışıl
Röyalar yumru-yumru.
Burda hər şey tül kimi,
Daş da açıb gül kimi,
Çıxarıb ürəyimi
Soyalar yumru-yumru.
Gözü dolub payızın,
Rəngi qaçıb bir qızın,
Sevgilər uzun-uzun
Dünyalar yumru-yumru.
Bu günə hansı əlamətdar hadisələr təsadüf edir?
16 oktyabr. Ümumdünya anestezioloq günü
Ağrıya qarşı hamı həssasdır. Ən mürəkkəb tibbi müdaxilələrdə “narkoz” deyə tanıdığımız anestezioloji preparat ağrının şiddətini azaldaraq, yaxud tam kəsərək bizim bu müdaxilələrə tab gətirməyimizə yardımçı olur. Bu prosesi icra edən mütəxəssislər anestezioloqlardır ki bu gün də onların günüdür. Tarixin ilk belə mütəxəssisi qədim yunan təbibi və filosofu Dioskorid hesab olunur, o, eramızdan əvvəl 1-ci əsrdə Roma ordusunda təbiblik edərkən imperator Nerona məruzə edib ki, mandraqordan hazırlanmış yuxugətirici və ağrıkəsici məlhəmləri yaralı əsgərlərə içirdəndən sonra onların üzərində cərrahi əməliyyat aparmaq daha rahat və asan olur. 1846-cı ilin 16 oktyabrında isə amerikalı stomatoloq və cərrah Uilyam Morton ümumi narkoz düzəltmək üçün anesteziyadan ilk dəfə istifadəni publikaya göstərib.
Anestezioloqları təbrik etməyəkmi? Edək. Yetər ki onu da deyək ki, mədəniyyət xadimləri də cəmiyyətin anestezioloqlarıdır, onlar ədəbiyyat, musiqi, kino kimi janrlarla mənəvi insan ağrılarını keyləşdirməyə borcludurlar. Keyləşdirə bilirlərmi, bax bu ayrıca söhbətin mövzusudur.
16 oktyabr. Ümumdünya sağlam qidalanmaq günü
Həmən bu gün fəst-fud yeməkdən, qazlı şirin içkilər içməkdən, tütün və alkoqoldan uzaq durun. Bircə günsə bunu edin. Süfrələrdən uzaq düşmüş təbii ərzaq düzün süfrəyə. Nehrə yağı, camış qaymağı, şanı balı, kənd yumurtası, xaş-xaşlı şor yeyin səhər-səhər, günortaya unudulmuş dədə-baba yeməklərindən hazırladın, məsələn, birinciyə əvəlikli isti. İkinciyə səbzi-qovurma. Üstündən təzə sıxılmış nar, yaxud üzüm çirəsi için. Bəh-bəh. Şam yeməyinə də bir cam camış qatığı ilə təzə inək südünü qarışdırıb təzə təndir çörəyi ilə birlikdə doğramac edib gözünüzə təpin. Bundan sağlam qidanı ağlınıza belə gətirməyin. (Bunları əldə etməyin göydən ulduz qoparmaq qədər çətin olduğunu üzümə vurmayın, siz öz canınız).
16 oktyabr. “Sonuncu mogikan”
Ümumdünya ərzaq günüdür həm də bu gün. Soyuducusu ərzağa tamarzı insanlara yetər ki, bir-iki ərzaq alıb verəsiniz. Şef günüdür. Müdirləri təbrik etmək təvəqqe olunur. Bunu etməsəniz də olar. Əksər müdirlər onsuz da tabeçiliklərində olan işçilərinin hüquqlarını pozub özləri üçün cənnəti bu dünyada təmin edirlər. Allerqoloq günü. Pis bəladır, Allah qorusun sizi, allerqoloqlara işiniz düşməsin. Mən burdaca sizə bu mərəzin ən ağlagəlməz növü barədə danışmaq istəyirəm. Çiyələkdən, sitrusdan, göbələkdən allergiyası olanlar var, tozdan, günəşdən allergiyası olanlar var. Deməzsənmiş, pul əskinaslarından da allergiya mümkündür. Adam var ki, əli pula toxunanda bədəni səpib alışıb-yanır. Mən bu mövzuda bir hekayə də yazmışam, “Sonuncu mogikan” adlanır. İnternetdə adını yazsanız çıxacaq, oxuya bilərsiniz. Ümumdünya onurğa günüdür. Onurğanızı qoruyun mütləq. Evsiz pişiklər günüdür. Rastınıza çıxan küçə pişiklərinə bir şey verin yesinlər. Bədnam qonşularımızda mətbuat günüdür. Qaraya ağ, ağa qara yazmaq üzrə ixtisaslaşmış erməni mətbuatı bu gün ən böyük yalançıları mükafatlandıracaq. ABŞ bəs neynəyəcək? Milli likyör gününü qeyd edəcək. Vur ki vurasan.
Varisin “11-20 oktyabrın təqvimi” yazısından
İkinci Azərbaycan Beynəlxalq Vokalçılar Festivalına həsr olunmuş konfrans keçirilib
“Ölkəmizin mədəni həyatında Azərbaycan klassik vokalçılar festivalı bir bayrama çevrilib. Festival ilk dəfə 2019-cu ildə Azərbaycan Vokalçılar Festivalı adı ilə təşkil olunub. Dövlətimizin dəstəyi ilə baş tutan budəfəki festival artıq beynəlxalq statusu alıb. Bu, o deməkdir ki, müstəqil Azərbaycanın klassik ifaçıları artıq dünyanın tanınmış musiqiçiləri ilə eyni səhnəni bölüşəcəklər.”
AzərTAC xəbər verir ki, bu fikirləri Heydər Əliyev Sarayının rəhbəri, Əməkdar artist Ramil Qasımov oktyabrın 15-də Heydər Əliyev Sarayında II Azərbaycan Beynəlxalq Vokalçılar Festivalına həsr olunmuş konfransda deyib.
Bildirib ki, ölkəmizdə keçirilən irimiqyaslı festivallar, müsabiqələr dövlətimizin diqqət və qayğısı sayəsində gerçəkləşir. Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən Qəbələ Beynəlxalq Musiqi Festivalı, Şəki İpək Yolu Festivalı ilə yanaşı, digər festivalların hər biri klassik musiqimizin təbliğinə xidmət edir. İnanıram ki, beynəlxalq vokalçılar festivalı da neçə-neçə istedadlı gəncin üzə çıxmasına və bu janra məhəbbətin daha da artmasına xidmət edəcək.
Festivalın proqramı barədə məlumat verən Ramil Qasımov bildirib ki, Mədəniyyət və İncəsənət Universitetində Rəşid Behbudovun repertuarından mahnılar dinləniləcək, Bakı Musiqi Akademiyasının tələbələrinin ifasında klassiklərimizin musiqiləri səslənəcək, Dövlət Xor Kapellasının çıxışı olacaq. Festivalda bir neçə mədəniyyət ocağının iştirak edəcəyini bildirən Əməkdar artist bağlanış mərasiminin Heydər Əliyev Sarayında keçiriləcəyini söyləyib.
Tədbirdə Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Sənətşünasıq üzrə fəlsəfə doktoru, dosent Nərgiz Hüseynova “Azərbaycan vokal sənətinin inkişaf mərhələləri” mövzusunda çıxış edib. Bildirib ki, Azərbaycanda vokal ifaçılıq sənəti XIX əsrin sonu XX əsrin əvvəllərinə təsadüf edir. O zamanlar Bakıda Rusiya və digər ölkələrdən gələn truppalar çıxış edirdi. Onların çıxışları Azərbaycanda vokal sənətinə də marağı artırırdı. Azərbaycan Opera və Balet Teatrının fəaliyyəti sonradan vokal sənətinin inkişafına səbəb olub. Yeni-yeni vokalçıların meydana gəlməsinə təsir edib. Bunun nəticəsində Azərbaycanda bəstəkarlıq məktəbi formalaşmağa başlayıb, opera tamaşaları səhnəyə qoyulub. Bu səbəbdə də Şərqdə ilk opera tamaşası məhz Azərbaycanda yaranıb.
Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızı “Bülbül Azərbaycan vokal sənətinin banisidir” mövzusunda çıxış edib. Bildirib ki, böyük sənətkar Bülbül zəngin yaradıcılıq yolu keçib və özünün çoxşaxəli fəaliyyəti ilə Azərbaycanın musiqi mədəniyyəti tarixində silinməz izlər qoyub. Onun Şərqlə Qərbin musiqi ənənələrinin qovuşuğunda novatorcasına yüksək məharətlə canlandırdığı rəngarəng obrazlar ifaçılıq sənətinin bənzərsiz nümunələridir. Milli musiqi xəzinəsi incilərinin qorunub saxlanılması və gələcək nəsillərə çatdırılmasında Bülbülün müstəsna xidmətləri vardır.
Bülbülün böyük şəxsiyyət, böyük sənətkar, Azərbaycan professional vokal sənətinin banisi olduğunu deyən S.Təhmirazqızı bildirib ki, onun ifasında səslənən xalq mahnıları, muğam, klassik opera partiyaları Azərbaycan musiqisinin qızıl fondunu təşkil edir.
Sənətşünaslıq üzrə fəlsəfə doktoru Məryəm Babayeva Rəşid Behbudov yaradıcılığına toxunub. Onun xalq mahnılarının mahir ifaçısı olduğunu söyləyib.
Konfrans məruzələrlə davam edib.
Bu gün görkəmli bəstəkar Ramiz Mustafayevin 95 illik yubileyidir
Ramiz Hacı oğlu Mustafayev 1926-cı il oktyabr ayının 16-da Türkmənistan Respublikasının Cərcou şəhərində anadan olub. Bir il sonra ailəsi Bakıya köçüb. Uşaq yaşlarından teatra böyük həvəs göstərən Ramiz Mustafayev 15 yaşına qədər müxtəlif özfəaliyyət dram dərnəklərində fəal iştirak edib. 1941-ci ildə Bakı teatr texnikumunun aktyorluq şöbəsinə daxil olub, əvvəl Gənc Tamaşaçılar Teatrında, texnikumu bitirdikdən sonra isə Azərbaycan Dövlət Akademik Dram Teatrında aktyorluq edib. Vokal sənətinə olan həvəsi onu 1948-ci ildə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasına gətirib, burada professor Bülbülün vokal sinfində sənətin sirlərinə yiyələnib. Ardınca bəstəkarlığın da sirlərinə yiyələnib. Seçimi elə bəstəkarlıq olaraq da qalıb. 50 ildən artıq yaradıcılığı dövründə bəstəkar musiqinin müxtəlif janrlarında dəyərli əsərlər yaradıb. O, 6 opera, 5 musiqili komediya, 9 oratoriya, 7 kantata, 5 vokal-simfonik poema, 8 simfoniya yazıb, 500-ə qədər mahnı və romansların, 200-dən artıq xalq mahnılarının xor üçün işləmələrinin müəllifi olub. Bəstəkarın ən uğurlu səhnə əsəri Səməd Vurğunun eyniadlı dramı əsasında yazılmış “Vaqif” operası sayılır. Bu operaya görə bəstəkar 1962-ci ildə Gənc Bəstəkarların Ümumittifaq Müsabiqəsində laureat adını qazanıb.
Görkəmli bəstəkarın yaradıcılığı dövlət tərəfindən yüksək qiymətləndirilib, o, 1973-cü ildə Azərbaycanın “Əməkdar incəsənət xadimi”, 1987-ci ildə “Xalq artisti” fəxri adlarına layiq görülüb. 2001-ci ildə “Şöhrət” ordeni ilə təltif olunub. Ramiz Mustafayev 2008-ci il aprel ayının 10-da Bakı şəhərində vəfat edib. Ruhu şad olsun!
AYB-nin qurultayının gələn il Vaqif Poeziya Günləri ərəfəsində keçirilməsi qərara alınıb
Azərbaycan Yazıçılar Birliyi (AYB) katibliyinin növbəti toplantısında birliyin pandemiya səbəbindən təxirə salınmış XIII Qurultayının tarixi müzakirə edilib.
AYB.az saytı xəbər verir ki, toplantıda qurultayın 2022-ci ildə, yaz aylarında Şuşada, Vaqif Poeziya Günləri ərəfəsində keçirilməsi qərara alınıb. Qurultaya hazırlıq işləri ilə bağlı təkliflər səsləndirilib. Seksiyalara məruzələrin hazırlanmasının tapşırılmasına və məruzələrin yanvar ayında müzakirə edilməsinə, qurultay nümayəndələrinin yanvar ayından etibarən seçilməsinə qərar verilib. Toplantıda seksiyalara yeni təyinatlar da müzakirə edilib. Səyyad Aran nəsr seksiyasının, Kamran Nəzirili tərcümə seksiyasının sədri, İbrahim İlyaslı isə poeziya seksiyası sədrinin müavini təyin edilib.
Daha sonra Yazıçılar Birliyi üzvlərinin üzvlük haqlarının vaxtında ödənilməsi məsələsi müzakirə edilib. Qeyd edilib ki, üzvlük haqları borcunun silinməsinə baxmayaraq, 2020-2021-ci il üçün üzvlük haqlarını ödəməyən çoxsaylı üzvlər var. Bu üzvlərə xəbərdarlıq edilməsinə, üç il üzvlük haqlarını ödəməyən üzvlərin birliyin sıralarından xaric edilməsinə, üzvlük haqlarının ödənilməsinin asanlaşdırılması üçün Yazıçılar Birliyinin bank kartının elanlarda qeyd edilməsinə qərar verilib.
Romada, Palatsio Madamada prestijli Ruşkin mükafatı laureatları elan edildi
“Ədəbiyyat və incəsənət” portalı TASS agentliyinə istinadən xəbər verir ki, İtaliya və Rusiyadan olan ədəbiyyat və incəsənət xadimləri Beynəlxalq Puşkin mükafatı laureatları olmuşlar.
Cümə axşamı onların adları Romada, Respublika Senatının iqamətgahı Palazzo Madamada elan edilib. Bu gün Romada dördüncü dəfə Rus evində keçiriləcək mükafatların təqdimedilmə mərasimi Fyodor Dostoyevskinin anadan olmasının 200 illiyinə həsr olunub (1821-1881).
Rejissor Andrey Konçalovski, Rusiya Rəssamlıq Akademiyasının prezidenti Zurab Tsereteli, aktyor Sergey Bezrukov və rəssam İqor Ladojanin - Beynəlxalq Puşkin mükafatının Rusiyadan olan laureatları bu şəxslərdir. Və hər dörd laureatın mükafata layiq görülən işinin motivində İtaliya dayanıb.
Konçalovski 2019-cu ildə çəkilmiş "Günah” filminə görə mükafata layiq görülüb. 14 həftə ərzində çəkiliş Roma, Florensiya və Karrara da daxil olmaqla İtaliyanın müxtəlif şəhərlərində aparılıb.
Sereteli mükafata İtaliyada ucaltdığı üç heykələ görə, Bezrukova ifa etdiyi rollarına görə, Ladojanin isə italyan peyzajları olan bir sıra rəsmlərinə görə layiq görülüb.
İtaliyalılardan isə şair Françeska Mariya Ricky "Həyat addımları" kitabına görə, həmçinin tərcüməçilər-slavistlər Culiya de Florio, Aliçe Farina və Elena Fred Pireddin Dostoyevskinin əsərlərini italyan dilinə tərcümə etdiklərinə görə mükafata layiq görülmüşlər.
Qeyd edək ki, bu xəbər bu gün üçün dünya üzrə əsas art xəbərlər sırasında ön yerdədir.