Super User

Super User

Bazar ertəsi, 09 Yanvar 2023 14:20

Seyid Yəhya Bakuvi türbəsi

 

“Ədəbiyyat və incəsənət” portalı sizlərin ölkəmizin ən gözəl memarlıq nümunələri ilə tanışlığınızı  davam etdirir. Bu dəfə yolumuz Bakıyadır. Gidimiz bizi İçərişəhərdə, Şirvanşahlar Sarayı Kompleksinin həyətində yerləşən Seyid Yəhya Bakuvi türbəsinə aparır.

 

Seyid Yəhya Bakuvi türbəsi dünya əhəmiyyətli memarlıq abidələri siyahısındadır. Türbənin tikilmə tarixi XV əsrin II yarısına aid edilir.

Türbədə Şirvanşah I Xəlilullahın dövründə saray alimi olmuş Seyid Yəhya Bakuvi dəfn edilib. Bakuvi sufi olduğuna görə türbəni  elmi ədəbiyyatda tez-tez "Dərviş məqbərəsi" kimi adlandırırlar.

Dərviş türbəsi piramidaya oxşar gümbəzlə örtülmüş balaca bir binadır. Bu gümbəz Bakı yaxınlığında, Şamaxı rayonunda və Azərbaycanın başqa rayonlarında olan türbələrin gümbəzinə oxşasa da, Abşeron abidələri içərisində bu sayaq yeganə abidə sayılır, çünki Abşeronun başqa türbələrinin gümbəzi adi formadadır.

Türbənin divarları və tağı yaxşı yonulmuş daşdan tikilib. Yeri gəlmişkən, pəncərənin taxta çərçivəni əvəz edən şəbəkələri də daşdan yonulub. 

Türbə orta həyətdə mərkəzi yer tutur. Türbə, həcmdə piramida şəkilli alaçıq kimi tamamlanıb, planda səkkizüzlü formaya malikdir. Türbənin daxili məkanı yeraltı sərdabəyə və yuxarı kameraya bölünür. 

İllərdir hər birimiz Şirvanşahlar Sarayı Kompleksini gəxirik, Seyid Yəhya Bakuvi türbəsini görürük, amma mahiyyətinə varmırıq ki, bu nə tikilidir. 

İndisə bildik.

 

“Ədəbiyyat və incəsənət”

(09.01.2023)

 

Ötüb keçən həftənin ən çox rezonans doğuran hadisələrindən biri İsveçlə bağlıdır. Bu şimal ölkəsində 5 il öncə baş verən bir hadisə öz acı nəticəsini vermişdi. Amma 5 ildən sonra yenidən təkrarlandı. Bahaçılıq, işsizlik, müharibə, pandemiya kimi səbəblər dünya əhalisini narahat etdiyi bir zamanda isveçliləri narahat edən məhz bu sözügedən ekoloji problemdir. 

 

“Ədəbiyyat və incəsənət” portalının bəhs etdiyi növbəti mövzu Euronews-in bir xəbər başlığıdır: İsveç ekoloqları həyəcan təbili çalırlar. 

İsveçin Skutşer əyalətində 2018-ci ildə yerli fabrikdə Baltik dənizinə şam yağının sızması hadisəsi baş vermiş, onun nəticələrini aradan qaldırmaq üçün xeyli vaxt və səy lazım olmuşdu. Və problemin bitdiyi zənn edilirdi. Amma budur, Baltik dənizinin səthi naməlum maddə kütləsi ilə dolub. Ötən həftə Botnik körfəzində İsveç və Finlandiya arasında 77 kvadrat kilometrlik böyük bir ləkə aşkar edilib — Yevledən Hernesanda qədər nəhəng bir ərazidə. Və mütəxəssislər müəyyən ediblər ki, söhbət yenidən şam yağından gedir. 

İsveç telekanalı SVT sızmanın ölkənin şimalına Piteoya şam yağı daşıyan bir gəmidən meydana gəldiyini irəli sürür. 

Bu maddə isti zamanı yapışqan və soyuq olduqda bərk halda olur. Şam yağı hələ ki su səthindədir, amma o yerə, çimərliklərə hoparsa, heyvanlara, bitkilərə və insanlara çox böyük təhlükə olacaq. 

İnqrid Xostad - neft çirklənməsinin aradan qaldırılması üzrə ekspert söyləyir: 

“Maddənin nümunələri araşdırılır, onun məhz şam yağı olması hələ tam sübut olunmayıb. Həmin o dənizdəki sirli bir ləkənin görünüşü bir çox versiyalara səbəb olub. Onlardan birinə görə, bu, 1994-cü ildə dənizdə batmış "Estoniya" bərəsindəki  yanacağın sızması da ola bilər.”

Yeri gəlmişkən, cadugərlər də öz versiyalarını söyləyir, Baltik dənizindəki naməlum maddəni Allahdan insanlara göndərilən cəza hesab edirlər.

 

“Ədəbiyyat və incəsənət”

(09.01.2023)

Bazar ertəsi, 09 Yanvar 2023 13:30

Qızıl şah, qızıl yüzlük

 

“Bu il "Qızıl şah, qızıl yüzlük" adlı kulinariya çempionatı keçiriləcək. Çempionat  Azərbaycanin dünyadakı bu cür yarışlara çıxışını təmin edəcək. Burada yerli və əcnəbi mütəxəssis və hakimlər iştirakçıları qiymətləndirəcək. Çempionat Ulu Öndərin 100 illik yubileyinə həsr olunacaq".

 

Sitat Azərbaycan Kulinariya Mütəxəssisləri Assosiasiyasının ictimai təşkilatlarla iş üzrə sədr müavini Fərhad Aşurbəyliyə məxsusdur.

 

“Ədəbiyyat və incəsənət”

(09.01.2023)

 

Elman Eldaroğlu yazır

 

Deyir ki,- “Məncə, bu dünyada xoşbəxt olmağın ən asan yolu dəli olmaqdır. Amma dəlilər öz xoşbəxtliklərinin fərqinə vara bilərlərmi? Hər halda- “Çayı vurub keçən dəlinin fəlsəfəsi” ilə yaşamaq istəyi yaman cəzbedici görünür. Həmişə yarıgerçək, yarızarafat belə bir söz deyirəm:- Dünyada ən xoşbəxt insanlar dəlilərdir. Həyat fəlsəfəmdə mənim ən böyük qəhrəmanım ağıllı fikirləşənədək çayı vurub keçən dəlidir. Vaxtında düzgün qərar verməyi bacarmaq da bir gözəllikdir...”

 

Hədəfləri çoxdur. Əsas hədəfi Azərbaycanı dünyada təmsil etməkdir. Vətənimizin dünyadan intellektual, elm, hər hansı ixtira sahəsində geridə qalmasını istəmir. İstəyir ki, biz də dünyaya hansısa ideyalar verə bilək. Azərbaycanın yeraltı və yerüstü sərvətlərindən daha çox, ən böyük sərvəti insanlarının, insan kapitalının olduğuna əmindir. Məqsədi Azərbaycanda ideya bankını yaratmaq və azərbaycanlıların dünyaya verə biləcəyi ideyaların tapılmasına dəstək vermək, bu ideyaların ortaya çıxıb beynəlxalq müstəvidə işıq üzü görməsinə nail olmaqdır... 

“Bu gün Avropa bizdən mədəni cəhətdən deyil, maddi cəhətdən, insanların yaşam tərzinin daha yuxarı olmasına görə üstündür. Buna görə də bizim gənclərimiz özlərini amerikalılara və avropalılara oxşatmağa çalışırlar. Hesab edirlər ki, onlar bizdən daha ağıllıdırlar. Hər bir insan maddi olaraq daha yaxşı yaşayan insanı daha ağıllı və daha mədəni hesab edir. Bu absurddur. Bu gün Azərbaycana nifrət edən gənclər var. Kimsə bizdən  daha yaxşı yaşayır deyə, öz mentalitetinə, soykökünə nifrət etmək olmaz. Biz özümüzü sevməsək uğur qazana bilmərik. İnsan özünü sevməli, zəif cəhətlərini etiraf etməlidir. Düşünün, özünə hörmət etməyən insana başqası necə hörmət edə bilər? İnsan özünə qiymət verdiyi zaman güclü olur, pul qazana bilir, həyata möhkəm yapışır və s..”- söyləyir...

Sufilərə xas olan bəzi xusisiyyətlər onda da öz təcəssümünü tapıb. Qədim şamanlardan qopub gələn, əxz etdiyi vərdişləri həyat tərzində əks etdirir. Ox atmağı, yay tutmağı xoşlayır. Musiqini çox sevir.

Deyir ki,- “Musiqi əski Allahların dilidir. Mənə görə, musiqi bu dünyada insanların hansı dildə danışmasından aslı olmayaraq, bir-birini anladığı, hər kəsin paylaşa biləcəyi bir dildir. Bir fərd olaraq özümə icazə vermirəm ki, hansısa bir musiqi janrını dinləməyim. Muğamdan tutmuş caza, roka, repə kimi bütün musiqi janrlarını dinləyirəm...”

Qəribə adamdır, həyata özünəməxsus yanaşması var. Elə bil ideya dağarcığıdır, düşünüb yeni nəsə ortaya çıxarır. Daim yeni-yeni fikirlərin sorağındadır. Haraya baxırsa orada bir fəlsəfə axtarır. Hər axşam yatmamışdan qabaq özü-özünə hesabat verməyi adət edib. Nə etdim-nə etmədim? Yaxşılıq etdimmi, yoxsa yox? Özümü nə qədər inkişaf etdirdim?- kimi suallar hər axşam onu cavab verməyə vadar edir. Yaxşılıq etməyi xoşlayır. Xeyirxah olmaq fürsətinin ələ düşməsini xoşbəxtlik sanır. Hesab edir ki, insan özü üçün yaşayırsa, deməli var, mövcuddur. Əgər təkcə özünü yox, ətrafdakıları da sevindirməyə çalışırsa, məhz onda yaşayır. Çox sevdiyi bir cümləsi var:- "Heç vaxt əldə etmətikdlərini əldə etmək üçün, heç vaxt etmədiklərini etməlisən." Düşünür ki, uğur qazanmaq üçün həqiqətən də insan həyata sarılmalıdır, xoşbəxt olmaq və xoşbəxt etmək üçün həmişə bir səbəb tapmalıdır...

Haqqında söhbət açdığım Eltən Qədimbəyli (Törəçi) 1979-cu ildə Sədərək rayonunda dünyaya gəlib. 1995-1999-cu illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Univerisitetinin Teatr-Kino fakültəsində rejissorluq ixtisası üzrə bakalavr pilləsinə yiyələnib. 2009-cu ildə isə K.Karoqo adına Kiyev Dövlət Kino, Televiziya və Teatr Univerisitetində televiziya rejissoru ixtisası üzrə magistr səviyyəsinə yüksəlib. “Regional Televizyaların Proqram Prinsipləri” mövzusunda elmi iş üzərində işləyir. Bir neçə filmin və televiziya layihələrinin müəllifidir. “Qafqaz” Müstəqil Televiziya və Radio şirkətinin rəhbəridir. Əsası Azərbaycanda qoyulan “Çölçü” sosial klubunun yaradıcısıdır. KIV-də sosial mövzularda qələmə aldığı köşə yazıları və “YouTube” platformasında “Çölçü” verilişi ilə müntəzəm olaraq çıxış edir...

Yanvarın 7-sində Eltən Törəçinin 44 yaşı tamam oldu. Çalışdığı sahəyə yenilik gətirə və yeni bir cığır aça bilibsə, deməli qeyri-adi insandır. Necə deyərlər, təyyarəni ilk icad edən adam dahi olsa da, növbəti model təyyarələri icad edən adamlar da ondan geri qalmırlar. 

Öz sahəsində kreativliyi ilə fərqlənən, “İnsanlar seçillməyi yox, faydalı olmağı düşünməlidirlər”- devizi altında çalışan Eltən bəyi ad günü münasibəti ilə təbrik edir, möhkəm can sağlığı, yaradıcılıq uğurları arzulayırıq. 

Çox yaşasın!

 

“Ədəbiyyat və incəsənət”

(09.01.2023)

Bazar ertəsi, 09 Yanvar 2023 08:30

Bakıya yenə qar yağmadı

 

Malik Məmmədov yazır

 

Sinoptiklərin vədləri özünü doğrultdu. Ölkə ərazisində dünən hava kəskin soyudu. Sulu qar və qar yağdı, temperatur 0 dərəcəyə və ondan da aşağı düşdü.

Bakının cəmi 25 kilometrliyində olan Sumqayıt bəyaz qar örpəyinə büründü (fotoda), amma Bakı şəhəri yalnız sulu qarla kifayətlənəsi oldu. 

Uşaqlarınsa əlacı avtomobillərin üstündən azacıq qarı kürüyüb bir-birinin üzərinə atmaq oldu. 

Bakı, bakılılar qar həsrətindədirlər!

 

Foto müəllifindir.

 

“Ədəbiyyat və incəsənət”

(09.01.2023)

Bazar ertəsi, 09 Yanvar 2023 12:45

Günün mədəniyyət lətifəsi

 

“Ədəbiyyat və incəsənət” günün mədəniyyət lətifəsini təqdim edir. Lətifə mərhum kaman ustamız, çox baməzə insan olmuş (mədəniyyət tariximizdə ikinci belə baməzə şəxsin şair Hüseyn Arif olduğu söylənilir) Habil Əliyev barəsindədir, odur ki, bunu lətifə yox, olmuş hadisə də hesab edə bilərik. 

 

Liftsürən

 

Gənc kamança ifaçılarından biri Habil Əliyevin də olduğu xarici qastrol səfərində ustaya özünü şirin salmaq istəyir. Habil Əliyev hara gedirsə düşür onun dalınca, liftə minəndə də əl çəkmir, ustadın mərtəbəsinin düyməsini özü basır. 

Bir dəfə hamının yanında həmin gənc Habil Əliyevdən soruşur:

- Ustad, mən necə kamança çalıram?

Habil Əliyev gülümsəyərək deyir:

- Necə kamança çaldığını deyə bilmərəm, oğul, amma iki-üç gündü babat lift sürürsən.

 

“Ədəbiyyat və incəsənət”

(09.01.2023)

Nüfuzlu Euronews yola saldığımız 2022-ci ilin ən yaxşı fotolarını müəyyənləşdirib. Burada Rusiyanın Ukraynaya təcavüzündən tutmuş İrandakı antihökümət yürüşlərinə, Tur de Frans yarışmalarınadək hər şey var. Yola saldığımız il hadisələr baxımından o qədər zəngin olub ki, fotoqraflar fotokameralarını futlyara salmağa macal tapmayıblar. 

Həmin fotoları ardıcıllıqla “Ədəbiyyat və incəsənət” portalı oxucularına təqdim edir.

 

ABŞ-ın Pitsburq şəhərindəki uçmuş körpü. 28 yanvar, 2022-ci il. Körpü uçarkən onun üzəri ilə sərnişin avtobusu və avtomobillər gedirmiş. 

Foto: Gene J. Puskar/AP

 

“Ədəbiyyat və incəsənət”

(09.01.2023)

Bazar ertəsi, 09 Yanvar 2023 12:15

51 bədii-sənədli film!

 

Ana televiziyamız olan AzTV-nin bir özəlliyi də ondan ibarətdir ki, bu televiziya böyük film istehsalçısıdır və zaman-zaman burada hətta kinomuzun Qızıl Fondunu təşkil edən bədii və sənədli fiımlər istehsal olunur. Bu ənənə hazırda da davam etdirilir. 

 

AzTV-nin Bədii-sənədli filmlər studiyasında 2022-ci ildə nə az, nə çox, düz 51 bədii-sənədli film istehsal olunub. Bu, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin yaydığı rəsmi məlumatdır. 

Bundan əlavə, AzTV Vətən müharibəsinin ikinci ildönümünə də öz töhfəsini verib. Belə ki, 44 günlük Vətən müharibəsinin ildönümü münasibətilə 69 sayda videoçarx hazırlanıb və müxtəlif resurslarda paylaşılıb. Bundan başqa, şəhidlərə və qazilərə həsr olunmuş qısametrajlı bədii-sənədli filmlər də istehsal edilib. 

Qurumun Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin digər məlumatında deyilir ki, ötən il “Mədəniyyət” TV-də 8 yeni kino layihəsi hazırlanıb və efirə verilib.

Qədəm qoyduğumuz 2023-cü ildə də Ana televiziyamız öz ənənələrinə sadiq qalacaq, tamaşaçıları yeni film layihələri ilə sevindirəcək. Bə bu sırada, çox şübhəsiz, Azərbaycanın ilk çoxseriyalı tarixi bədii filmi - “Atabəylər: Şəmsəddin Eldəniz” ön sırada dayanacaq.

 

“Ədəbiyyat və incəsənət”

(09.01.2023)

Professor Əlibala Məhərrəmzadə “Ev tapşırığı: Uğur düsturunu tapacağıq”  layihəsini sizlərə təqdim edir

 

 

Uğur üçün lazım olan keyfiyyətlər arasında biz bol informasiya almağın, mütaliənin necə vacib olmasını da sadalamışdıq. Statistik hesablamalara görə hər bir uğurlu insanın il ərzində orta hesabla 19 kitab oxuduğunu da sizin diqqətinizə çatdırmışdım.

Əksər reytinq sıralamalarında yer alan «bizneçdə və peşəkar fəaliyyətdə uğur qazanmaq» mövzusunda ən populyar motivasiya bestsellerləri arasından sizinçün seçdiyim 10-luqdakı kitablara bir-bir şərh verməyi davam edirəm.

 

Toni Şey. «Xoşbəxtlik gətirərək. Sıfırdan milyardadək

Öncə sadaladığım digər 5 kitabdan fərqli olaraq bu kitab konkret əhvalatlardan bəhs edir. Yəqin ki, Zappos adlı kompaniyanın adını eşitmisiniz. Son dövrün ən gənc milyardçısı, amerikalı Toni Şey bu kitaba topladığı əhvalatlarda öz avtobioqrafiyasını qeyd edir, doqquz yaşından biznesə necə başlamasını, Zappos-u necə qurmasını açıqlayır, bu kompaniyanın öz əməkdaşlarına firavanlıq, müştərilərə isə bol rahatçılıq gətirməsi sirlərini açır, kompaniyasının fəaliyyəti dövründəki inanılmaz uğurları (təkcə birini qeyd edim: 1998-ci ildə onun yaratdığı LinkExchange adlı banner mübadiləsi şəbəkəsini Microsoft 265 milyon dollara satın alıb), eləcə də səhvləri, kuryoz hadisələri göstərir. Toni Şey bu kitabında həm də müasir dövrdə kompaniyaların qurulması, fəaliyyəti, möhkəm biznesin qurulması qayda-qanunlarını şərh edir.

Toni Şeyin xoşbəxtlik anlayışı isə baxın belədir: «Mən həyatımın ən xoşbəxt anlarının siyahısını tutdum və başa düşdüm ki, bu anların heç biri  pulla bağlı deyil. Mən dərk etdim ki, özümü ətrafıma komanda toplayanda, qurub yaradanda xoşbəxt saymışam. Səhər ertəyədək dostlarımla təmasda olanda, onlarla Günəşin doğmasını seyr edəndə xoşbəxt olmuşam. Sinif yoldaşlarımla məktəbdə oyunlar oynayanda özümü xoşbəxt hiss etmişəm, sirkəyə qoyulmuş xiyar yeyəndə özümü xoşbəxt hiss etmişəm».

Bəli, bəli! Məhz belə!

 

“Ədəbiyyatvə incəsənət

(09.01.2023)

 

Bazar ertəsi, 09 Yanvar 2023 11:45

Marionet Leyli və marionet Məcnun

 

Şənbə günü Bakı Marionet teatrında “Leyli və Məcnun” tamaşası nümayiş olunub. Tamaşaya bir gün qalmış artıq itiscet.az saytında “biletlər satılıb” qeydinin verilməsi tamaşaya həddən artıq marağın olmasına bir sübutdur.

 

Tamaşa “qara kabinet” üslubunda hazırlanmışdı. Bu cür quruluşun texniki özəlliklərinə görə, tamaşaçılar aşağıdakı şərtlərə birmənalı riayət edirlər: a) gecikməmək (gecikdiyi təqdirdə tamaşaçı zala buraxılmır); b) yaş həddini gözləmək (yaşı 12-dən az olan uşaqlar zala buraxılmır); c) telefon və s. işıqlanan cihazları söndürmək (hətta cüzi ekran işığı tamaşanı pozur). 

Adətən bizim tamaşaçılar mobil telefonsuz zalda otura bilmirlər, zəng edir, mesajlaşır, fotolar çəkirlər. “Qara kabinet” üslubunda isə qaydalara riayət etmək şərtdir. 

Keçək tamaşaya. “Leyli və Məcnun” ürkək, vəfalı, dünyalara sığmayan bir eşqin taleyindən bəhs edir. İki gənc – Leyli və Məcnun, bir-birini canından artıq sevsələr də, bu dünyada arzularına qovuşmaq onlara nəsib olmur... 

Klassik Avropa ədəbiyyatının Tristan və İzolda, Romeo və Cülyetta kimi obrazlarının Leyli və Məcnun ilə birbaşa analogiyası da tamaşada diqqət çəkirdi.

Bir sözlə, Marionet teatrına bu modern klassika nümayişinə görə minnətdarlıq düşür.

 

“Ədəbiyyat və incəsənət”

(09.01.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.